Ədəbi əcdadlarınızı Nabokov, Borxes, Kalvino olduğunu deyirsiniz. Ötən həftələrdə Seymur Baycan onların yazdıqlarını ədəbiyyat hesab etmirəm demişdi. Bu kontekstdə ədəbiyyat sizin üçün nədir və nə deyil?
“Ədəbiyyat nədir?” sualı çox böyük sualdır, buna cavab vermək bir günün, bir müsahibənin işi deyil. Amma madam ki, soruşursunuz, onsuz da, dəfələrlə yazdığım bəzi məsələləri zəruri əlavələrlə təkrarlamaq məcburiyyətindəyəm. Kim bilir, bəlkə, bu dəfə dediklərim özünə bir ünvan tapdı.
İncəsənət tarixində ən böyük paradiqma dəyişikliyi XX əsrin sonlarında baş verib. Sənət əsərləri bütün əsrlərdə təxminən eyni mexanizmlə yaradılır; hər bir sənətkar əsərini təxminən belə qurur: konkret tarixi şəraitdəki insan reallığını qavrayır və həmin insanın həyatla, digər insanlarla, təbiətlə, kosmosla bağlı verdiyi suallara bədii-fəlsəfi cavablar axtarır. Məsələn, orta əsrlərdə qotik kilsələr tikən memar öz əsərini başı göylərə dəyən əzəmətli qüllələrlə bəzəyirdisə, bu, mənanın yeganə daşıyısı sayılan Allaha işarə idi. Amma, tutalım, XIX əsrin naturalist müəllifi bir yarpağın ağacdan düşməyini saniyəbəsaniyə təsvir edərkən, dekartçı rasionalizmin diqtəsi altında gözlə gördüyü reallığa sadiq qalmağa çalışırdı. Fransız romançı, nəzəriyyəçi Mişel Byutor “Romançılıq haqqında esselər” kitabında dəqiq yazır: “Müxtəlif reallıqlara müxtəlif ifadə formaları uyğun gəlir.”
Elmi düşüncənin ön planda olduğu Maarifçilik epoxasından XX əsrin əvvəllərinə qədər ədəbiyyatın estetikası Nyuton fizikasının parametrlərinə uyğun olub. Düzdür, arada mistik, transsendental, romantik meyllər də olub, amma ümumən baxanda, əksər mətnlərdə determinist, pozitivist dünyagörüşünün izlərini görürük. Bəzi nəzəriyyəçilərin “maarifçi moderniti” dediyi bu dövr prinsiplər erasıdır. Müəlliflər oxucunu maarifləndirməyə, tərbiyələndirməyə çalışırlar. Bu dövrün yazıçısı oxucuya düzgün yol göstərməyə məsuldur. Çünki o, həm “məna”nın, həm də gerçəkliyin yaradıcısı kimi ilahi statusdadır, yəni burda müəllif-tanrının başlıca vəzifəsi öz oxucu “bəndə”lərinə həqiqəti bəyan etməkdir.
XIX əsrdə Lüdviq Feyerbaxın, Karl Marksın konturlarını cızdığı yeni dünyanın dəyərlər şkalasında maddiyat üstə çıxmağa başlasa da, fərd hələ tamam yoxa çıxmamışdı. Bu tip ədəbiyyat Aristoteldən gələn mimetik estetikanın davamı olmaqla yanaşı, öz nüvəsinə dövrün materialist fəlsəfəsindən də bəzi şeylər götürərək “Realizm” adı altında təsnifləşdirilir. “Realizm” maarifçi modernitinin ədəbiyyatdakı təzahürüdür.
XX əsrin əvvəllərində “realizm”in bir əsr ərzində leqallaşmış prinsiplərini alt-üst edən hadisələr baş verdi. Artıq çağdaş sənətçilərin dünyaya baxışı, reallıq anlayışı tamam fərqli idi. XX əsrin birinci yarısında modern fizikanın kəşfləri, Freydin psixoanaliz təlimi, böyük elmi-texniki sıçrayışlar, iqtisadi təlatümlər, imperialist meyllər insan və həyat haqqında ənənəvi kanonları sıradan çıxartdı. XX əsrin təxminən 70-80-ci illərində isə estetik müstəvidə daha radikal paradiqma dəyişikliyi baş verəcəkdi. Kvant fizikasının təklif etdiyi ehtimal, qeyri-müəyyənlik, nisbilik kimi determinizmdən kənara çıxan konsepsiyaların elmilik statusu qazandığı bu dövrün reallığını artıq XIX əsrin “ənənəvi-realizm” estetikasının prinsipləri ilə ifadə etmək mümkün deyil.
Həmkarlarıma deyəndə ki, tutalım, Borxesdən sonra klassik realist əsər yazmaq anaxronizmdir, qıcıqlanırlar. Təəssüf ki, bizim yaradıcı, intellektual mühitimizdə realizmlə bağlı təsəvvürlər hələ də XIX əsr düşücəsi ilə məhdudlaşır. Bir mətnin içindəki materialın real olması hələ onun realist olması demək deyil. Bu elementar məsələni bilmədiyi üçün romantik Hüqoya realist deyənlər var bizdə… Bütün əsərlərin materialı reallıqdan qidalanır, Marsdan da əsər yazsan, oranı burda gördüklərinə əsasən qurursan, amma sual budur: bunu necə yazırsan? XIX əsrin ənənəvi realist manerasındamı? Ənənəvi realist mətnlərin içinə bir-iki modernist fənd dürtüşürür və gözlə ki, bu mətnləri modernist mətnlər kimi təhlil edilməlidir, belə olmur. “Modernizm” ənənəvi realizmə üsyandır. Bu vacib məqamı göz ardı edərək yazılan bütün mətnlər anaxronizmdir.
Bu yerdə terminoloji xaosdan qaçmaq üçün kiçik bir haşiyə çıxım. Biri var XVIII əsrdə elmi, intellektual kəşflərlə yüksəlişə keçən, insanın fərdiyyətinə, ağlına fokuslanan, maarifçiliyi də əhatə edən dövr kimi, hərəkat kimi modernizm, biri də var XX əsrin əvvəllərində sənətdə, ədəbiyyatda ortaya çıxan, maarifçi modernizmdən fərqlənən estetik modernizm. Bunların kəsişdiyi yerlər olsa da, ayrı-ayrı şeylərdir. Sizə deyim ki, estetik modernizm hətta maarifçiliyin tərbiyələndirən, öyrədən, əks etdirən mimetik-katartik kriterilərə tənqidi yanaşır, onun ənənəvi realist prinsiplərinə savaş açır. Qərb ədəbiyyatşünaslığında bu cür termin qarışıqlığının qarşısını almaq üçün bəzi nəzəriyyəçilər maarifçi modernizmə “moderniti” deyirlər. Məncə, biz hələlik “moderniti” dövründəyik, hər halda mətbuatın gündəminə baxanda belə görünür.
Bütün modernistlər üçün forma məsələləri önəmlidir. Bizdə bu məsələ ümumiyyətlə müzakirə mövzusu deyil. Bəraət üçün adətən deyirlər ki, oxucular eksperimentalizmə, forma oyunlarına, fiksiyaya hazır deyil, tənqidçilər də 50-ci illərin diliylə, ən yaxşı halda belə deyirlər: “forma axtarışları…” Elə bilirəm, bu məsələyə azca aydınlıq gətirmək lazımdır. Əvvəla ordan başlayım ki, ənənəvi realist ədəbiyyatda yazıçı ilə oxucu arasında xəyali bir müqavilə var, bu xəyali müqaviləyə əsasən yazıçı reallıqda gördüklərini oxucuya bacardıqca, olduğu kimi, birəbir formada çatdırmalı, onun beyninə proyeksiya etməlidir. Bu anlayışa görə, müəllif nəyi görüb ifadə edirsə, oxucu üçün də gerçəklik elə bundan ibarətdir, yəni ədəbiyyat dünyanı birbaşa təmsil edir. Bax bu “təmsil etmək” məsələsi modernizmlə birlikdə problematikləşir. XX əsrin elmi-texniki kəşflərindən sonra ədəbiyyatın dünyanı birbaşa “təmsil etmək” məsələsi aradan çıxır, onun yerinə “ədəbiyyat dünyanı təkbaşına, özü özlüyündə, öz bildiyi kimi, alternativ formada” qurur fikri ortaya gəlir. Adətən deyirlər ki, modernist ədəbiyyat çətindir, qəlizdir. Doğrudur. Amma bu qəlizlik biz nə verir? Bu mətnləri niyə oxumalıyıq? Bax, bu sualların cavabında biz bir xeyli sosial, ədəbi bəlanı aşkarlaya bilərik. Demək belə, psixologiyada məşhur bir təcrübə var: Buna “Milqramın İtaət Eksperimenti” deyirlər. Sıravi insanların avtoritetə, gücə necə asanlıqla təslim ola bildiklərini, sakit insanların necə rahatlıqla qəddar işgəncə verənə çevrildiyi elmi yolla isbat edən Milqramın araşdırması, 1963-cü ildə çap olunanda sonra müxtəlif mədəniyyətlərdə sınaqdan keçirilib. Nədən ibarətdir bu eksperiment? Burda sıravi bir adama deyilir ki, sən təhsil prosesində tələbəyə cəza verməyin mənfi-müsbət tərəflərinin test edildiyi bir eksperimentdə müəllim rolunu oynayacaqsan. Tələbə kimi seçilən adam isə sıravi adam yox, peşəkar aktyor olur, amma testə razılıq verən sıravi adamın bundan xəbəri olmur. Təcrübə başlayır, “tələbə” öyrənmədikcə, suallara cavab vermədikcə, araşdırmanın rəhbəri “müəllim”ə deyir ki, elektrik ver, get-gedə tələb edir ki, elektrikin dərəcəsini artır, əslində, ortada elektrik filan yoxdur. Müəllimliyə razı olmuş sıravi insanların demək olar ki, hamısı “tələbə” elektrik şokundan çığırmağa başlasa da, ona əmrlər verən rəhbərin sözündən çıxmadan testi axıra qədər davam etdiriblər. Bu sarsıdıcı təcrübə təkcə psixologiyada yox, sosiologiyadan tutmuş sənətə qədər xeyli şeyə təsir edib. Bu təcrübəyə söykənən sənətşünaslar deyirlər ki, ənənəvi realizmin hər şeyi bilən (öz personajlarından da, oxucusundan da ağıllı olan) təhkiyəsi ilə yazılan realist mətnlər oxucunu passivləşdirir, şərh vermək qabiliyyətini oxucunun əlindən alır və bu vəziyyət avtoritetə sorğu-sualsız təslim olmağı asanlaşdırır. Ənənəvi realist ədəbiyyatın bütün prosesə mühafizəkar valideyn kimi nəzarət edən dünyasında israr etmək, təkcə müəlliflər üçün yox, bütövlükdə cəmiyyət üçün təhlükəlidir. Son vaxtlar bircə Aqşin Yeniseyin bir neçə yazısında bu mövzuları düşündüyünü görmüşəm və deyim ki, bir xeyli qənaətini bölüşürəm.
Bəlkə də ötəri, mövsümi depressiyadır, amma indilərdə bizim mühitdə gördüyüm budur: simvolun içi çoxdan boşalıb, amma şərhi hələ davam edir.
Sualınızı Nabokovun məşhur frazası ilə bitirmək istəyirəm: “Realizm dırnaq içində yazılmadıqca, mənası olmayan yeganə sözdür.”
Çox adam bədii əsərlərdəki açıq-saçıqlıqdan narahatdır. Ədəbiyyat milli-mənəvi dəyərlərə bağlı olmalıdır deyirlər. Ədəbiyyatda millilik və bəşərilik vacibdirmi? Varsa, bu müvazinət necə qorunmalıdır?
Deyəsən, bu haqda da vaxtilə yazmışam, neynək , qoy yenə “təkrar biliyin anası” olsun. Dünyanın bütün ədəbiyyatları ən azı dil qatında millidir. Bəşərilik vitrində görüb oxşamağa çalışdığın yox, özündə aşkarlayıb dərinləşdirdiyindir, yəni ədəbiyyat milli olanın içində bəşərini görmək, özündə özgəyə vətəndaşlıq vermək sənətidir.
Qaldı açıq-saçıqlıq məsələsinə, bütün dövrlərdə bu axmaq söhbət azadlıq ərazilərini nəzarətdə saxlamaq istəyən rəsmi ideologiyanın sənətə burnunu soxmaq cəhdi olub. Əxlaqsızlıq açıq-saçıqlıq yox, pis əsər yazmaq, pis kino çəkməkdir. Sənətin öz qaydaları olan bənzərsiz dünyasında əxlaqa çağırdığını iddia edən pis yazılmış, yəni “açıq-saçıq” əsərlərdənsə, əxlaqsızdan bəhs etsə də, yaxşı yazılmış, yəni “tərbiyəli” əsərlər üstündür. Bu, insanı azadlaşdıran aktdır. Elə buna görə də Floberdən Nabokova qədər xeyli yazıçını məhkəmə yoluyla “əxlaqa” dəvət ediblər.
Bu söhbətdə riyakarlıq olduğunu çox sadə bir şeydən bilmək olar. Fikri verin, adətən erotik, seksual səhnələrlə bağlı deyirlər ki, əxlaq əldən getdi. Amma, tutalım, hamının bir-birini doğradığı, şaqqaladığı, güllələdiyi döyüş filmləri, kriminal məzmunlu seriallar haqqında çox danışmırlar. Nədir iki adam sevişən kimi əxlaq əldən gedir, amma hər səhnədə əlli adam öləndə bu olur milli-mənəvi dəyər? Bax, bu kəlləmayaq məntiqə görə, oğlanlarımız gözəl qız görəndə belə özlərini partlayıcı maddə adıyla ifadə edirlər: Bomba şeydir! Yox bir kalaşnikov gözləriylə adamın üstünə tank kimi gəlir. (gülür) Bahar gəlir, yaxşı olar.
Ədəbiyyat müqəddəslər yaratmalıdır, yoxsa yıxmalıdır? Bu konteksdə Kamal Abdullanın “Yarımçıq əlyazma” romanına necə baxmaq olar?
Mənə görə ədəbiyyat sıravini müqəddəsləşdirməklə, müqəddəsi adiləşdirmək arasındakı tarazlıq axtarışıdır.
Kamal Abdulla “Yarımçıq əlyazma” romanı ilə filminə baxıb özünü oxumağa ehtiyac görmədiyimiz, yəni bir növ servantın başında saxladığımız, qonaq gələndən gələnə üzə çıxardığımız “Kitab-i Dədə Qorqud”u dekor olmaqdan xilas etdi. Bu romana qədər biz servantın başındakı dastanın qəhrəmanlarına altdan yuxarı, onlar da bizə yuxarıdan aşağı baxırdı. İlk dəfə Kamal Abdulla bu dastanla, bu dastanın personajları üz-üzə oturmaq cəsarətini göstərdi. Və onların aynasında biz, bizim aynamızda onların təzə ştrixləri ortaya çıxdı. Kamal Abdullanın son illər fundamental bir kitabı çıxıb: “Dədə Qorqudun poetikası.” Yadıma gəlir, 2016-cı ildə Orxan Pamuk sonuncu kitabı “Qırmızı saçlı qadın”la bağlı “Hüriyyət” qəzetinə verdiyi müsahibədə Freyddən, Yunqdan, ata qatiliyi, Edip kompleksi və s haqqında danışarkən demişdi ki, avropalılar öz ana kitablarını dərindən analiz ediblər, bizim ana kitabımız “Dədə Qorqud”dur, mən onun freydist şərh olunması çox istəyərdim. Bax, Kamal Abdulla sonuncu akademik kitabında elə bunu edib və təkcə Freyd, Yunq kontekstində yox. Son illərdə yazılmış ən dəyərli araşdırmadır.
Xırda para ədəbi mühitimizdə böyük çatlar, yəni qruplaşmalar var. Orxan Pamuk, Oğuz Atay kimi adamlar özlərini heç bir qrupa qatılmayıblar, amma belə bir qruplaşmadan şikayətləniblər. Bəs bu Avropada necədir? Bizdə necə olsa yaxşı olar?
Onların şikayəti qruplaşmaların estetik yox, siyasi-ideoloji olmasıyla bağlıydı. Məsələn, Oğuz Atay “Gündəlik”lərində “solculukla edebiyyat yapanlar…” yazırdı. Zaman göstərdi ki, Oğuz Atay düz deyir. Onun yazdıqlarına ağız büzənlərin heç biri ədəbiyyat tarixində qalmadı. Çünki həqiqi sənətçinin hansısa siyasi ideologiyanın tərəfdarı olması başqa şeydir, ortabablığı ideologiyanın içində gizlətmək başqa şey.
Dünyanın hər yerində ədəbi cərəyanlar, hərəkatlar, eyni cür yazmasalar da, ortaq estetik dəyərləri bölüşən rəsmi, yaxud qeyri-rəsmi qrupların, jurnalların ətrafında yaranıblar. Düşünürəm ki, bizdə qruplar yoxdur, dəstələr var. Mənim aləmimdə qrup – estetik prinsiplər ətrafında birləşməkdir, dəstə – say çoxluğuna görə topalaşmaq. XX əsr dünya ədəbiyyatına baxın, görün nə qədər qruplar olub. Argentinada Borxes və dostları “Sur” jurnalının ətrafında ideyalarını yayırdılar. İngiltərədə ötən əsrin 50-ci illərdə Filip Larkin “Movement” adlı qrupu təmsil edirdi və tərtib etdiyi antologiyaya romantik şeirin düşməni, estetik olaraq qarşı cəbhəni təmsil edən Tomas Eliotu xala-xətrin qalmasın salırdı və s. Siyahını uzatmaq olar. Bizim yaxın tariximizdə bircə “Alatoran”ı qrup hesab etmək olar, əfsus ki, o da öz gücünü qoruya bilmədi. Bacardığım qədər bizim saytda – sim-sim.az-da müəyyən estetik istiqaməti şaxələndirməyə çalışıram. Ədəbiyyatçının təkcə ədəbiyyatçılarla, rejissorun təkcə rejissorla, rəssamın ancaq rəssamla görüşməyinin axırı yoxdur, sahələr arasında inteqrasiya olmalıdır. Mən bunu arzulayıram, buna çalışıram. Uzun sözün qısası, yayğın fikrin əksinə qrupların olmasının tərəfdarıyam. Vahid konsepsiyası, estetik platforması olan çoxlu jurnallar, ədəbi saytlar, birliklər, qrup yaranmalıdır. Böyük sənət bir-birini dəf edən və təsdiqləyən tərəflərin tarazlığında doğulur.
Özünüzü bir yazıçının ehtiyacı olan qədər azad hiss edirsiniz?
Bizimki kimi cəmiyyətlərdə status-kvonu nəzərə almamaq mümkün deyil, amma söhbət sənət kontekstindən gedirsə, yazmaq istəyib yaza bilmədiyim heç nə yoxdur. Şübhəsiz ki, demokratik təsisatları daha dərindən oturuşmuş cəmiyyətimiz olsaydı, mövzularımızın repertuarı da, azadlığımızın sərhədləri də başqa cür olardı.
Prezidentlə incəsənət xadimləri görüşdü. Orda olsaydınız, siz nə təklif edərdiniz?
Birincisi, bizə yaxın coğrafiyada, məsələn, Gürcüstanda, Türkiyədə kitab üzərindən ƏDV götürüldü. Bu məsələni qaldırmaq olardı, düşünürəm ki, bu, kitab bazarına çox ciddi təsir edəcək məsələdir.
İkincisi, müəllif hüquqları ilə bağlı məsələlər çox problemlidir. Sənədlərdə nələrsə öz əksini tapıb, amma faktiki bunların heç biri işləmir.
Üçüncüsü, ISBN məsələsi. Bu, nəşr məhsullarına verilən beynəlxalq seriya nömrəsidir. Bizdə bu işlə “Xəzər Universiteti”i məşğul olur, bütün nəşriyyatlar bu nömrəni ordan alır. Amma vəziyyət yaxşı deyil, əvvəla bütün çap məhsulları bunu almır, yəni illeqal nəşrlər də çoxdur, ikincisi, çıxan kitabların çoxu da İSBN agentliyinin beynəlxalq bazasında görünmür. Yəni elə bil, kitab çıxıb, amma şəxsiyyət vəsiqəsi yoxdur, heç harda qeydiyyat deyil, eləcə çıxıb. Bütün dünyada bu proses ya mərkəzi kitabxanada aparılır, ya da nazirliyin nəzdindəki müfaviq şöbələrdən birində. Biz nəsə belə əndrabadi şəkildədir.
Dördüncüsü, ölkə başçısının da dediyi kimi, özəl sektor mədəni layihələrə dəstək göstərməlidir. Bütün dünyada özəl şirkətlər üçün bu prestij sayılır, onların imici həm də belə şeylərə görə müəyyənləşir. Bizdə isə tragik vəziyyətdir. Şəxsən bizim sayt üçün reklamla bağlı bəlkə də yüz yerə məktub yazmışam, ya heç cavab verməyiblər, ya da deyiblər ki, mədəni sektora maddi dəstək bizdə nəzərdə tutulmayıb.
Bir əhvalat yadıma düşdü. Bir dəfə əlində tammetrajlı film ssenarisi olan dostlarımızdan biri sponsorluqla bağlı bir biznesmenin yanına gedib. Biznesmen deyib ki, filmdə mənim məhsullarımın da reklamı olsun. Dostumuz deyib ki, əlbəttə, olacaq. Amma sonra biznesmen başlayıb ssenarini redaktə etməyə, ona müdaxilə etməyə, sujeti dəyişməyə, öz qohumlarını, sevgilisini, tanışlarını aktyor kimi təklif etməyə. Ssenari dönüb bir az klip, bir az da reklam çarxı olub. Axırda kişi qayıdıb ki, filmin qəhrəmanı mənim tanışımın bərbər salonuna getsin. Dostumuz udquna-udquna deyib ki, axı bizim qəhrəman keçəldir. Biznesmen deyib, lap yaxşı, saç əkdirər, təzə metodla saç əkirik. Bu əhvalatı eşidəndən bəri harda sponsor sözü eşidirəm, gözümün qabağına əlində qayçı-daraq tutmuş, qızıl dişlərini itiləyib təzə ssenarilər gözləyən bir dayı gəlir.
/fabula.az/
Müsahibəni götürdü: Qəfər Rüstəm
Şəkil: Fəhmin Mirzə