Hər kitab adama yeni bir təcrübə qazandırır; bəziləri yüksək mənəvi zövq, intellektual ləzzət verir, bəziləri isə sadəcə olaraq vaxt itkisi ilə bağlı dərs. Vaxt isə elə şeydir ki, onu kreditə götürmək hissə-hissə ödəmək olmur, itirdinsə, vəssalam. Bu mənada, indiki sürət əsrində vaxt ən bahalı şeydir. Həyatımızın hər millimetrinə yayılmış qaçaqaçın, tələskənliyin, daha dəqiqi, ötəriliyin içində, xırda bir səhv çox böyük vaxt itkisi bahasına düzəlir. Gündə biri də yox, bir neçəsi çap olunan səthi, primitiv kitabların keyfiyyətsizliyi, bəlkə də təkcə qeyri-peşakarlıq, dəb azarı, dünyagörüş azlığı deyil, bir az da tələskənlikdir, səbrsizlikdir. İndiki dünyanın ritmi elədir ki, mənə görə, bu zamanda, mətn öz həqiqətindən başqa həqiqətlərə işarə vurmursa, işarə etmirsə, istiqamət vermirsə, ölümə məhkumdur.
Bir də qəribə səslənsə də, indiki ədəbiyyat praktik olmalıdır. “Praktik” sözü sizi çaşdırmasın, söhbət mətbəx cihazlarının praktikliyindən getmir. Söhbət düşüncənin praktikliyindən gedir. Bu da görünür ayrıca bir yazının mövzudur.
Ötən aylarda sevdiyim bir neçə yazıçının müsahibəsində adını ilk dəfə eşitdiyim bir müəllifə rast gəldim: Robert Pirsiq. Kiçik bir araşdırma apardım və məlum oldu ki, Pirsiqin ən məşhur kitabı “Dzen və motosiklet qulluq sənəti”dir. Ötən həftə kitabı əldə edib oxumağa başladım və çox bəyəndim.
Robert Pirsiqin kitabı roman deyil. Bu kitaba esse kitabı da, səyahətnamə də, özünüinkişaf kitabı da, fəlsəfə kitabı da demək olar, halbuki kitabı bu “qovluq”lardan heç biri qoymaq olmaz.
Orxan Pamuk bir müsahibəsinedə kitab haqqında çox dəqiq deyib: “Bu gözəl kitab ucsuz-bucaqsız Amerikada fərdin öz həyatının mənasını tapmaq çabası və dəyər axtarışı haqqındadır. Çox romantik kitabdır. Roman deyil, amma bütün ciddi romanların etdiyini edir, özü də bunu xeyli romandan daha yaxşı edir: gündəlik həyatın detallarından fəlsəfi nəticələr çıxarır.”
Robert Pirsiqin oğlu, bir dostu və onun xanımı ilə çıxdığı motosiklet səyahəti, əslində, klassik dillə desək, bir iç səyahətdir.
Səyahət boyunca daha çox, kələ-kötür, kəşf olunmamış yerlərə can atan qəhrəmanlarımız, sanki sivilizasiyanın onlara bəxş etdiyi nəqliyyatla – motosikletlə sivilaziyadan qaçmaq istəyirlər. Daha dəqiqi, Robert Pirsiq buna can atır, dostları isə başqa cür düşünür. Elə birinci səhifədəcə belə yazır Pirsiq: “Bura elə bil ki, heç haradır, məşhur heç nə yoxdur burda, elə buna görə də gözəldir”.
Bəs niyə motosikletlə? Avtomobillə səyahət etmək daha praktik deyilmi? Ya da uzaq məsafəli qət etmək üçün təyyarə daha yaxşı olmazmı? Pirsiq yazır: “Motosikletlə gəzərkən hər şeyi maşındakından fərqli görürsünüz. Avtomobildə həmişə qapalı yerdə olursunuz, pəncərədən gördüklərinizlə televizorda gördükləriniz arasında elə də fərq olmur. Avtomobildə passiv müşahidəçi olursunuz və maşınınız sizinlə birgə hərəkət edən darıxdırıcı qəfəsdən başqa bir şey deyil.”
Pirsiq əsər boyu insanın özünə yaratdığı problemləri çox sadə misallarla darmadağın edir, məsələn, evindəki su kranını düzəltməyə həvəsi olmayan, amma dünyanı dəyişmək istəyən dostlarından danışır və onları anlamağa çalışır.
Müəllif eyni yerə baxan, eyni şeyi görən, eyni şey haqqında danışan, amma başqa cür baxan, düşünən adamların arasındakı fərqlərdən danışır.
Yazıçı həyatla bağlı bir tərəfi ilə Dzen kimi müdrik olan, o biri tərəfi ilə olduqca praktik olan qənaətlərini bölüşür.
O düşünür ki, dünyanı politik proqramlarla düzəltmək mümkün deyil, bu yalnız təməldə olan dəyərlərin düzgün olması ilə mümkündür. O deyir ki, dünyanı düzəltmək üçün hamımız əvvəla ürəyimizi, qafamızı, qafamızın içindəkiləri, əllərimizi və əllərimizdən çıxanları düzəltməliyik.
Pirsiq deyir ki, ən böyük həqiqət MOTOSİKLETDİR və ona qulluq etməyi bacarmaq lazımdır.
Bu kitab oxuyub bitirmək üçün deyil, bu kitab bəlkə də nadir kitablardandır ki, eləcə oxumaq üçündür, həmişə oxumaq, təkrar-təkrar oxumaq…
(2013)