Sim-sim.az Qızbəs Abdullayevanın “Şeytan apardı” hekayəsini təqdim edir.
Tez-tez rəfiqəmlə görüşürəm. Görüşməmişdən əvvəl həmişə danışırıq ki, nəsə fərqli yerə gedək və ya fərqli nəsə edək. Elə həmişə şəhərin hər hansı bir restoranında görüşürük, yemək yeyirik, sonra da çıxıb gəlirik evə. Bu da olurdu bizim fərqli görüşümüz. Bu dəfə dəqiq qərar verdik ki, bu görüşümüzdə nəsə bir fərqlilik olmalıdı. Üz tutduq İçərişəhərdə bir restorana. Təbii ki, yenə birinci yeməkdən başladıq. Restoranda oturanda gözümüz Qız qalasına sataşdı. Rəfiqəmə dedim ki, turistlər gəlir bizim Qız qalasına çıxır, hələ bir story də paylaşırlar, amma gör neçə ildi ikimiz də Bakıda yaşayırıq, bir dəfə də olsun Qız qalasına çıxmamışıq. İndi deyəcəksiz ki, mətləbə keç. Səbirli olun, mətləbə keçənə qədər xeyli sözüm var. Hə, deməli düz başına çıxdıq, əvvəlcə şəhərin görüntüsünə baxdıq, möhtəşəm idi. Özümüzü də danladıq ki, biz niyə əvvəllər bunu etməmişik. Hələ Bakımızın gözəlliyini seyr edən pakistanlı turistin şəklini də çəkdik. Bizdən xahiş eləmişdi….Bu dəfəki görüşümüzə Qız qalası fərqlilik qatmağı bacardı. Ən fərqlisini hələ axıra saxlamışam…..
Daha sonra bir az Bulvarı gəzdik. Həmişə gəldiyimiz Bulvar idi. Elə də böyük fərqlilik yox idi. Bircə kiosklarda gündən-günə qalxan qiymətlər idi. Sonra İçərişəhəri gəzə-gəzə metroya tərəf gəlirdik. Artıq görüşümüzün sonuna yaxınlaşırdıq. Metroya düşüb hərə öz evinə gedəcəkdi. Elə bu anda rəfiqəm dedi ki, gəl, Filarmoniya bağında oturaq bir az, yorulduq, xeyli gəzmişik. Söhbətləşə-söhbətləşə getdik Filarmoniya bağına. Bir gəlinlə bəy fotosessiya etdirirdi, onların yanından keçdik və gedib oturduq bir skamyada. Onlara baxıb danışırdıq ki, yaraşırlar bir-birilərinə, xoşbəxt olsunlar. Sonra gözümüz sataşdı bir qıza. Sevgilisi oturub daşın üstündə poza verir, bu da onun şəklini çəkir. Yaşları təxmini 19-20 olardı. Öz aramızda onlardan da danışdıq. Dedik ki, hələ uşaqsız, görəcək günləriniz qabaqdadır. Nəysə, sonra dedik, gəl bir az da özümüz haqqında danışaq, daha doğrusu qeybətləşək. Əslində tez-tez mesajlaşırıq, bir-birimizdən xəbərimiz var. Məqsəd həm dincəlmək, həm də vaxt öldürmək idi. Bizim də dincəlməyimiz bilirsiz də, qeybət edəndə dincəlirik. Elə ağzımı açıb nəsə soruşacaqdım ki, yanında 3-4 yaşlarında bir qız uşağı olan xala bizə yaxınlaşdı. Dedi ki, fala baxıram. İstəyirsiz? Rəfiqəm üzümə baxdı, bir az götür-qoy elədik. Xala da dayanıb bizim qərar verməyimizi gözləyir. Sonra nəsə tutdu ki, rəfiqəm həvəslidi belə şeylərə, düz gəldi oturdu yanımızda. Oturdu deyəndə ki, orda skamyalar balacadı, iki nəfərdən artıq adam otura bilmir. Mənə dedi, sən qalx, mən oturum. Mənim yerimdə, rəfiqəmin yanında əyləşdi. Rəfiqəmə dedi naz eləmə, qoy baxım, 4 manat verərsən. Aç əlini. Rəfiqəm də eləmə tənbəllik, elə bil hazır imiş əli açıq gözləyirmiş. Bu arada özü də elə əliaçıq qızdı. Falçı dedi hansı dildə deyim? Bir-birimizin üzünə baxdıq. Falçı, özü də nə falçı. Rus dilli, sarı saçlı, çiynində də böyük çantası olan bir xala. Yanındakı uşaq bilmədik kim idi. Bir çanta da onun boynuna taxmışdı. Rəfiqəmin saçından bir tük qopartdı. İlk sözü o oldu ki, niyyət elə, sonra da o 4 manatı ver saçına bağlayacam. Rəfiqəm də pulqabısını açıb 4 manatı çıxarıb verdi. Bu falçı xala o manatları rəfiqəmin saçına bağladı, nəsə oxudu, üfürdü. Sonra da dedi ki, bax bu mənim öz pulumdu, halal elə. Rəfiqəm dedi halal-xoşun olsun. Qıza dedi sənə cadu eləyiblər. Bu falçı odlu-alovlu danışdıqca, rəfiqəm də həvəslə qulaq asır. Başlayır suallar verməyə ki, bax görüm kim edib. Falçı qayıdıb dedi ki, deyərəm, amma əvvəlcə əlimin içinə pul qoy. Özü də böyük pul. Mən də göz-qaş eləməyə çalışıram ki, bəsdi, dur gedək, bu nəsə fırıldağa oxşayır. Qız təkidlə deyir ki, yox öyrənim görüm kimdi mənim qismətimi bağlayan. Çıxarıb 5 manat da verdi. Sonra falçı başladı ki, həyatında hər şey düzələcək, yaxşı olacaq, qarşına ağ atlı şahzadən çıxacaq. Qız yenə sual verir ki, indi bax, gör o şahzadə kimdi. Falçı yenə qayıdıb dedi ki, indi daha böyük pul qoy. Amma o pul mənə çatmayacaq. Niyyət edəcəm, sonra qaytaracam özünə. Qız pulqabısını elə aralayıb pul çıxarır ki, ətrafda olan hamı pulqabısında olan bütün pulları görür. Çıxarıb yenə bir dənə də 5 manat qoydu. Mənə elə gəldi ki, elə bil hiss eləmişdi nəsə ki, bu falçı o falçı deyil. Elə ona görə kiçik pullar verirdi. Bir tərəfdən də maraq onu öldürürdü. Falçı bu axırıncı 5 manatı da qızın başına fırlatdı, yenə nələrsə oxudu, dedi 15 gün ərzində qismətin çıxacaq, ərə gedəcəksən. Hələ bu qızın falına baxa-baxa arada mənə də çevrilib deyir ki, gəl sənin də falına baxım….Daha doğrusu gəl səni də hərifləyim…..Bayaq yuxarıda dedim axı görüşümüzün fərqliliyini axıra saxlamışam. İndi hazır olun fərqlilik gəlir. Hə, deməli belə. Qız axırıncı 5 manatı verəndə gözü də arxasında idi. Falçı demişdi axı, özünə qaytaracam. Falçı o 5 manatı ora çevirir, bura çevirir, rəfiqəmin də gözləri onun arxasınca ora çevrilir, bura çevrilir. Baxıram ki, həyəcanlanıb. İndi hamımız Finalı gözləyirik ki, görək nə olur. Birdən falçı hopppp elədi, neynədisə əlinin içindəki 5 manat yoxa çıxdı. Qız soruşdu ki, bəs özümə qaytaracaqdız, hanı o 5 manat? Falçı ayağa qalxaraq dedi ki, narahat olma, hər şey yaxşı olacaq sənin üçün. O axırıncı verdiyin 5 manatı da şeytan apardı…
Bax belə bir fərqlilik. 4 manat dedi, 14 manat apardı. Amma hansı şeytan apardı heç bilmədik…
Onu da qeyd eləmək istəyirəm ki, inşallah rəfiqəm bu yazını görüb gedib dilimi ağzımı bağlatmaz.