Sim-sim.az gürcü yazıçısı Qoderzi Çoxelinin “Yabanı gül dəstəsi” hekayəsini təqdim edir.
Payız hər tərəfi sarı rəngə boyayıb Qudamağari vadisindən getdi. Qar yağdı, dağların zirvələri ağ örtüyə büründü.
Qar sonra aşağılara da yağdı. Soyuq düşdü, gün gödəldi. Qudamağarilər payız işlərini qurtarıb təzə yağmış qarda ov dalınca düşdülər. Belə vaxtlarda ov eləmək asan olur. Msaira Mekabeauri ayı izinə rast gəldi. İz köhnəydi, yuxarıdakı kolluğa tərəf gedirdi. “Deyəsən, yatmağa gedib”, – Msaira fikirləşdi. Kolluğun yuxarısında bir yekə mağarada yaşayırdı, iz də elə o tərəfə uzanırdı.
Ayı, deyəsən, artıq yatmışdı, çünki iz mağaranın qabağında itirdi. İçəri qaranlığıydı. Msaria girəcəkdə ot yandırıb alovun işığında yatmış ayını aydınca gördü. O, tüfəngin qundağıyla ayını qurdaladı, amma ayı qımıldanmadı. Sonra tüfəngə güllə qoydu, ayıya baxıb fikirləşdi:
“Yazıqdı, yata-yata necə öldürüm?!”
“Əgər öldürməsəm, gərək yazda oyananacan gözləyəm”.
“Oyananda da çıxıb gedəcək, sonra da kim bilir, rastlaşıb öldürəcəm, ya yox?!
Vurmaq üçün tüfəngi qaldırdı, amma yazığı gəlib aşağı endirdi. Evə qayıdıb öküzləri arabaya qoşdu, yuxarı, kolluğa tərəf sürdü. Arabanın qabağına uşaq qoydu ki, öküzlər qaçmasın, özüsə mağaraya qalxdı. Fındıq ağaclarından xərək düzəldib üstünə də yumşaq olsun deyə qalın ot tökdü. Sonra mağaraya girdi, ayının qulaqlarından yapışıb eşiyə sürüdü. Ayı gözünün birini açdı, sonra yenə yumub yatmağına davam elədi. Msaria onu düzəltdiyi xərəyin üstünə qoyub arabayacan sürütlədi.
Öküzlər qorxurdular, uşaq da gendən hərlənirdi. Msaria güc-bəlayla, birtəhər axır ki, ayını arabaya qoydu.
Yolda öküzlər yenə də hərdən bir qorxub-səksənirdilər. Msaria arabanın qabağınca gedirdi. Oğlan uşağı isə yenə aralı hərlənirdi.
Kənddə camaat onu hay-küylə qarşıladı:
– Hardan gətirirsən, ay Msaria?
– Doğrudan, diridi?
Maraqlanan kəndçilər sorğu-sual eləyirdilər, amma onlar da arabaya yaxın durmurdular.
– Yatır, – deyib Msaria arabanı otla dolu xırmana sürdü. Orda otdan yer düzəldib ayını içinə uzandırdı.
Qarılar xırmanın ağzında durub ayıya qarğış yağdırırdılar:
“Bu canı çıxmış mənim o yekəlikdə inəyimi yedi!”
“Yığdığımız tayaları da bu başıbatmış dağıtdı!”
“Vur, öldür bu murdarı” – qarılar minnətçi düşdülər.
– Kəsin səsinizi! – deyib Msaria xırmanın qapısını örtüb kilidlədi.
– Yaxşı, bunu neyləyəcəksən? – qorxmuş arvadı soruşdu.
– Neyləməliyəm ki?
– Öldürməyəcəksən?
– Yuxulu-yuxulu necə öldürüm? Günahdı…
– Oyat, sonra öldür.
– Necə oyadım? Yazacan oyanan deyil.
– A kişi, bəlkə sən evdə olmayanda oyanıb uşağa, heyvana cumdu. Onda neyləyəcəksən?
– Nə vaxt oyanacağını təxmini bilirəm. – Msaria özündən razı halda cavab verdi, xırmana girib yapıncı ilə ayının üstünü örtdü.
Ayı bu vaxt uzun yuxu görürdü: balla dolu kötüyü öz yuvasına aparırdı, amma yol qurtarmaq bilmirdi. Yolun uzunluğu həm də onun xoşuna gəlirdi, gülümsünürdü. Onun bu təbəssümünü Msaria da gördü.
Qonşuları yenə də əl çəkmirdilər:
– Doğrudan öldürməyəcəksən?
– Yatır, necə öldürüm? Yazıqdı…
– Eh, sən də nəyin dərdini çəkirsən!
– Sənin yazığın gəlirsə, qoy mən öldürüm, – deyib Çğuna öz tüfəngini hazırladı.
Amma Msaria incidi:
– Sənin mənim ayımla nə işin qalıb?!
– Niyə sənin olurmuş? – Çğuna soruşdu.
– Hələlik mənimdi, mən gətirmişəm, mənim xırmanımda yatır, heç nəyim olmasa da, qonağımdı. Heç kimin ixtiyarı yoxdu onu öldürməyə.
– Birdən qalxıb hamımızı bir-birimizə qatsa, arvad-uşağı teyldi, onda?
– Oyananda özüm gülləylə öldürərəm. – Msaria cavab verdi.
Çğunanın acığı tutdu, geri dönüb hirsini soyutmaq üçün gülləni havaya atdı.
Güllə səsinə ayı diksindi, amma oyanmadı.
***
Msarianın arvadı yavaş-yavaş ayıya öyrəşdi, daha onu öldürməyə ərini məcbur eləmirdi. Qonşularsa dincəlmirdilər. Çğuna da küsmüşdü, daha onları danışdırmırdı. Ayı da uzanıb yuxu görürdü, hərdən bir barmağını yalayırdı, gah da tənbəl-tənbəl gözünü açıb yenə yatırdı.
Bir neçə dəfə gözünü açanda Msariayla arvadını gördü, amma nə elədiklərini başa düşmədi, elə bilirdi, yenə yuxu görür.
Günlərin birində yenə bir gözünü açıb gördü ki, onun üstündə Msaria arvadını sığallayır. Arvad dartınırdı, ərini yaxın qoymurdu:
– Dayan görüm, ayıbdı, görən olar? – arvad yalvarırdı.
– Kim görəsidi, heç kim yoxdu, – Msaria onu sakitləşdirir, özünə sıxırdı.
– Ayıdan həya eylə! – arvadı ona dedi.
Msaria ayıya baxdı, onun sağ gözü doğrudan da, açıq idi, onlara baxıb, harda olduğunu, nə baş verdiyini anlamırdı. Ayının açıq gözünü görüb arvad tez yaxasını düymələdi. Ayı ərinə-ərinə yenə gözlərini yumdu, yatmağına davam elədi.
Msaria isə yenə arvadını sığallamağa başladı.
Ayı yatır, ləzzətli yuxu görürdü: Msarianın əvəzinə qadını özü sığallayırdı. Qadın – görərlər, – deyə qımıldanırdı, amma ayı – heç kim görməz, – deyib onu sakitləşdirirdi, arvad çabalıyırdı, onun xurmayı rəngli hörükləri ayının boğazına dolanırdı.
Bu şirin yuxu heç qurtarmırdı. Ayı gözlərini yummuşdu və Msarianın arvadının bədəni onun içində müqəddəs varlıq kimi uzanmışdı.
Beləcə, ayı hey gülümsünürdü. Onun təbəssümünü Msaria da tez-tez görürdü.
***
Qış çıxırdı. Dərələrdə böyük yarğanlar guruldayırdı – ana torpaq oyanırdı. Ayı isə hələ də yatırdı, yaddaşında qalmış qadın vücudunu unuda bilmirdi.
– Daha vaxtıdır, öldür! – qonşuları Msarianın yadına saldılar.
– Hə, artıq bu günlərdə oyanmalıdır. – Msaria cavab verdi, tüfəngi yağlayıb güllələri hazırladı.
– Bircə güllə bəs edər, çox zəifləyib, – Msarianın arvadı dedi.
Çğuna hirsli-hirsli oyan-buyana vurnuxub güllələri göyə boşaldırdı.
***
Gün qızdıqca qar suya dönüb axırdı. Komaların dibindən bənövşələr, novruzgülləri çıxmışdı. Bulaqlar da oyandı. Su gülləri də açılmağa başladı.
Həmin gün Msaria qonşu kəndə – Pasanauriyə gedəndə, arvadına tapşırdı:
– Ayıda gözün olsun, heç kəsi öldürməyə qoyma.
Qadın bir neçə dəfə ayıya baş çəkdi. Birdən ayı oyanıb qadını gördü, nədənsə, elə xoşbəxtcəainə gülümsündü ki, qadın bunu görüb eşiyə qaçdı.
Ayı sövqi-təbiiylə harda olduğunu başa düşdü, bildi ki, bura onun yeri deyil, həm də qadın qaçır. Tez durub ona çatdı, qabaq ayaqlarıyla qadını qucaqlayıb dağa tərəf qaçırtdı.
Kənddə bu əhvalatı heç kəs bilmədi.
Axşam düşürdü. Ayı var gücünü toplayıb, qadını öz yuvasına qaçırırdı.
Xoş bir yaz havasıydı.
Ayı qorxusundan titrəyən qadının ətrafına fırlana-fırlana onu sığallayırdı. Hərdən bir əri kimi qucaqlayır, gəlib üzünü yalayırdı. Sonrasa başını qadının dizinin üstünə qoyub şirin yuxuya getdi.
Yenə həmin ləzzətli yuxusunu görürdü: qadınla birgə gül-çiçəkli çəmənlikdə qaçırlar. Sonra təpənin başında dururlar. Ayı Msaria sığallayan kimi, qadını sığallayır. Arvad acıqlanır, – görərlər, – deyir, ayı onu sakitləşdirir, – heç kim yoxdu, görən olmaz, – deyir. Arvad göydəki ayı göstərir, – bax, ondan ayıbdı, o görür. Ayının aya acığı tutur. Aysa daha da yuxarı qalxır.
Ay çıxdıqca, arvad yavaş-yavaş ayının başını dizinin üstündən götürüb yerə qoyur. Ayı isə yatır, kim bilir, yuxusunda qadına necə sığal verir. Msarianın arvadı qorxmuş halda kəndə tərəf qaçır. Yaxınlıqdan gələn səs onu haraylayırdı. Onu gəzirdilər. Msaria Pasanauridən lap gec qayıtdı. Arvad isə həmin gecə heç yatammadı.
Səhər açılanda eşiyə çıxmış Msaria dəli kimi içəri yüyürdü, tüfəngini götürüb yenə bayıra qaçdı. Arvad nəsə duydu, titrəyə-titrəyə küncə sıxıldı.
Pəncərədən onların evinin qabağında iki dal ayaqları üstünə qalxmış ayı görünürdü, qabaq ayaqlarıyla iri yabanı gül dəstəsi tutub bərk-bərk sinəsinə sıxmışdı, qəmli-qəmli evə tərəf baxırdı. Güllə açıldı, arvad ayının necə silkələndiyini, bir azdansa necə yıxıldığını gördü. Amma elə yıxıldı ki, yabanı gül dəstəsini buraxmadı, sinəsinə daha da bərk sıxdı, eləcə də öldü.
Gül dəstəsini ondan zorla qopardılar.
Aradan xeyli vaxt keçəndən sonra, qocalanda, Msarianın arvadı ürək ağrısıyla xatırladı ki, o yabanı güllərdən başqa ona gül bağışlayan olmayıb.
Gürcü dilindən tərcümə etdi: Nəriman Əbdülrəhmanlı
/kulis.az/