Qriqori Rabassa (1922-2016) o tərcüməçidir ki, Qabriel Qarsiya Markes “Tənhalığın yüz ili” romanını onun tərcüməsində oxuduqdan sonra bu tərcümənin orijinaldan daha yaxşı olduğunu söyləmişdi. Markes, Xulio Kortasarın məsləhəti əsasında bu romanı ingiliscəyə məhz Qriqori Rabassanın tərcümə etməsi üçün düz üç il gözləmiş və başqa heç bir tərcüməçiyə razılıq verməmişdi. Rabbassa Latın Amerikası ədəbiyyatından çoxsaylı əsərləri ingilis dilinə çevirmişdir. Bu əsərlər siyahısında Markesdən “Patriarxın payızı”, “Yarpaq qasırğası”, “Gözlənilən bir qətlin tarixçəsi”, “Dünyanın şər çağı”, Xuli Kortasardan “Xana-xana oyunu” , “Manuelin kitabı”, Xorxe Amadodan “Qum dəryasının kapitanları”, Mariya Varqas Lyosadan “Kilsədəki söhbət”, “Yaşıl ev”, Asturiasdan “Güclü külək” və.s əsərlər yer almaqdadır. 1977-ci ildə “Patriarxın payızı” romanına görə Amerikanın Pen Tərcümə mükafatına, 1982-ci ildə isə ümumi tərcümə uğurlarına görə Ralf Menheym mükafatına layiq görülən tərcüməçi öz təcrübələrini və tərcümə haqqındakı fikirlərini “Əgər bu xəyanətdirsə: Tərcümə və çatışmazlıqlar” adlı əsərində ifadə etmişdir.
Qriqori Rabassa haqqında deyilənlərdən:
Qabriel Qarsiya Markes:
Yaxşı tərcümə, bir əsəri digər dildə yenidən yazmaq deməkdir. Qriqori Rabassaya heyranlığım bu səbəbdəndir. Mənim kitablarım iyirmi bir dilə çevrilib, amma Qriqori Rabassa yeganə tərcüməçidir ki, səhifənin aşağısında qeydlər qoymaq üçün məndən nəyinsə izahını istəməyib. Mənə elə gəlir ki, mənim əsərlərim ingilis dilində yenidən yazılıb.
Maria Varqas Lyosa:
Qriqori Rabassa elə bir ustalıq nümayiş etdirib ki, onun tərcümələri, “ikinci əl” mətnlər kimi yox, eynən müəllifin öz orijinal mətnləri kimi oxunur. Biz –ispandilli yazıçılar, xüsusən də mənimlə eyni nəslə aid olan yazıçılar ingilisdilli dünyaya ayaq açdığımıza görə ona son dərəcə minnətdar olmalıyıq.
Müsahibə Tomas Hoksema tərəfindən alınmış və 1978-ci ildə “Translation Review” jurnalının birinci cildində çap edilmişdir.
“Tərcümə sadəcə diqqətli mütaliədir, ən diqqətli mütaliə növüdür”
Müsahibə
Son zamanlar üzərində işlədiyiniz layihələrdən biri Amerikada demək olar ki, tanınmayan Ekvador yazıçısı Demetrio Aqilera Maltanın tərcüməsidir. Sizcə, “Yeddi ilan və yeddi ay” əsərinin tərcüməsi Amerikanın oxucu auditoriyasına həmin yazıçını “kəşf etmək” imkanı verəcəkmi?
Dəqiq deyə bilmərəm ki, bu tərcümə Amerika oxucusunun həmin yazıçını “kəşf etməsinə” səbəb olacaq, ya yox. Çünki, Amerika oxucusunun zövqü, bəyəndiyi və bəyənmədiyi şeylər məni tez-tez təəccübləndirir. Ola da bilsin ki, sizin dediyiniz o kəşf baş tutmasın. Mənə elə gəlir ki, Aqilera önəmli yazıçıdır, çünki o, nəsillər arasındakı oxşar xüsusiyyətləri göstərir. O, yeni mərhələnin ab-havasını Asturiasdan daha çox mənimsəyib. O, öz gənc müasirlərindən müəyyən mənada bir addım qabaqdadır. Aqilerada sürrealizmin əlamətlərini tapmaq olar. Xüsusən də, diktatorluq haqqında yazdığı “Generalın qaçırılması” romanında bu, açıq-aşkar gözə çarpır. Bu əsər “Patriarxın payızından” daha əvvəl yazılmışdır, hətta, bəlkə, bir çox oxucular Markesin bəzi şeyləri həmin romandan götürdüyünü də fikirləşəcək. Aqileranın başqalarından fərqi onun teatra maraq göstərməyindədir və məncə, biz, nəhayət ki, Latın Amerikasında nəsr dalğası ilə müqayisə edilə biləcək yaxşı və yeni səhnə əsərlərini görmək ərəfəsindəyik. Bütün bu “çaxnaşmalar”ın gedişatında artıq bir neçə mükəmməl səhnə əsəri yaranıb. Onlardan bir çoxu absurd teatr üslubunda yazılıb. Aqilera öz romanında teatr məqamlarının vacibliyini göstərir. Həyat yoldaşım Klementine, Aqileranın mövqeyini o dərəcədə önəmli sayır ki, dastan ənənəsinin ölmədiyini və Latın Amerikası nəsrində gizli-gizli yaşadığını sübut etməkdən ötrü onunla bağlı araşdırma üzərində işləyir. Mən sadəcə ümid edirəm ki, amerikalılar Aqileranın dəyərini hiss edəcəklər. Bu həm də xarici ölkələrdə məşhur olmaqlarını gözləyən yazıçının həmvətənləri üçün yaxşıdır.
Tərcüməçi kimi əlinizdəki üstünlüklərdən biri də tərcümə etdiyiniz müəlliflərlə birbaşa əməkdaşlıq etmək olub. Hansı yazıçılarla bu cür əməkdaşlıq etmisiniz və onlar öz əsərlərinin tərcüməsinə necə reaksiya veriblər?
Bir neçə müəlliflə bu cür əməkdaşlığımız olub. Mənə az, ya çox köməklikləri də dəyib. Ən çox bir yerdə işlədiyim yazıçı Xulio Kortasar olub. Onun ingiliscəsi kifayət qədər yaxşıdır və özü də çox diqqətli oxucudur. Tərcüməçi əməyinə böyük hörməti var (bir tərcüməçi olaraq), ona görə də heç vaxt tərcüməçidən mümkün olmayan şeylərin xahişini eləmir. Bir çox vaxtlarda elə olub ki, Xulio ingiliscədəki hansısa ifadənin, əsasən də, hansısa jarqonun daha yaxşısı ilə əvəz edilməsini istəyib. Mənadakı səhvləri o, sərrastlıqla tutmağı bacarır. Bəzən ilk baxışdaca mənasını duyduğun elə sadə sözlərə və ya ifadələrə rast gəlirsən ki, sonradan həmin söz və ifadənin Argentina jarqonunda tamam başqa məna verdiyini görürsən. Xulio tərcüməçini tərifləməkdə xəsislik göstərmir. Bu da, təbii ki, tərcüməçinin xoşuna gəlir. Maria Varqas Lyosanın da tərcümə prosesində mənə köməyi dəyib, amma onun ingiliscəsinə etibar etmək olmaz. Çünki ingilis dilini düşündüyü qədər də dərindən bilmir. Bəzən kağız kənarında tərcümə ilə bağlı hansısa sualını yazır və ya bir ifadənin “əsl” mənasını qeyd edir. Halbuki onun yazdığı “əsl” məna elə mənim ingilis dilində yazdığımın eynisidir. Təbii ki, mən belə şeylərin üstündən sakitcə keçirəm. Bununla belə Marionun mənə yardımı da çox olur və onun təklifləri əksər hallarda işə yarayır. Əslində, onun ingiliscəsi bayaq dediyim qədər də zəif deyil. O, çox zaman uyğunsuzluqları asanca hiss edir. Qarsiya Markes tərcüməçiyə elə də dəyib dolaşmır. Axırda da işdən razı qalır. Onun üslubu elədir ki, hərdən az da olsa, bəzi suallar verməyə gərək olur. Onun söz seçimi hərtərəfli və kifayət qədər klassik yönümdə olur. Markesin hər hansı kitabında yalnız bir neçə söz və ifadə olub ki, onlar barəsində özündən soruşmalı olmuşam. Əvvəllər dediyim kimi, onun nəsr üslubu elədir ki, özü-özülüyündə tərcüməçini qabağa aparır. Əgər onun nə demək istədiyini tutmusansa, mətni tərcümədə korlamaq çətin olur. Hərdən Qaboda anlaşılmaz şeylərlə rastlaşanda ümumi savadıma arxalanıb bəzi sözləri ehtimala əsasən tərcümə etdiyim də olub. Xoşbəxtlikdən bunlar o qədər də vacib sözlər olmayıb, amma qorxuram ki, bir gün tərcümə polisi gecə yatdığım yerdəcə məni çarpayımdan düşürüb yapışa yaxamdan və başlaya sorğu-suala. Amma Qabonun əsərində belə cüzi yanlışlara yol verdiyimə görə, düzün desəm, o qədər də narahat olmuram, çünki o, onsuz da öz əsərlərinin hər cür yozulmasına öyrəşib. Yazarkən nəzərində tutmadığı şeyləri o qədər boynuna qoyublar ki, axırda o da Coys kimi öz taleyi ilə barışmalı olub.
Tərcümə prosesində xüsusi olaraq istifadə etdiyiniz strategiya və ya metod varmı?
Tam dəqiqliklə deyə bilmərəm ki, hər hansı metodum var. Yəni, elə bir strategiyam yoxdur. Bu məsələyə xüsusi yanaşmamın olduğunu da deyə bilmərəm. Məncə bu, çox sadə bir şeydir: Mən sadəcə otururam, qabağıma kağız və yaxşı bir lüğət qoyuram və başlayıram işləməyə. İlk işim isə, təbii ki, kitabı oxumaq olur. Bəzən əsəri tərcümə prosesindən bir müddət əvvəl oxumuş oluram, ona görə də tərcüməyə qədər bəzi mətləblər yaddan çıxır. Əgər mənim bu işlə bağlı üslubumu soruşursunuzsa, bəlkə, bu, faydalı ola bilər. Məsələn, etiraf edirəm ki – Xulionun özünə də bunu etiraf etmişəm – “Xana-xana oyunu”nu tərcümə prosesində oxumuşam. Sonra əvvələ qayıdıb bəzi şeylərə düzəliş eləmişəm, amma bunlar cüzi şeylər olub, o qədər də əhəmiyyətli məqamlar olmayıb. Məncə bu fakt mənim tərcümə haqqında “tərcümə sadəcə diqqətli mütaliədir, ən diqqətli mütaliə növüdür” fikrimi bir daha təsdiqləyir. Kitab tərcümə elədiyim vaxt bacardığım qədər sürətlə işləyirəm və mənanı tam dəqiqliklə əks etdirməyə çalışıram ki, ilkin qaralamanı arxayınlıqla istifadə edə bilim. Hansısa ifadənin mənasını verməkdə çətinlik çəkirəmsə, onu bir qırağa qeyd eləyib sonraya saxlayıram. Fasilə vermək üçün (əslində tərcümə edilmiş hissələri hər dəfə müəllifə göndərib, özümü çox əziyyətə salmaya da bilərəm) təxminən iyirmi-otuz səhifəlik əlyazma mətnindən sonra dayanıram və bəzi şeyləri təkrar işləmək üçün geri qayıdıb tərcüməyə ümumilikdə göz gəzdirirəm. Bu dəfə surətimi azaldıb, asta-asta işləyirəm, lüğətdə tapmadığım sözləri bir də nəzərdən keçirirəm və ilkin qaralamada yaxşı çıxmayan hissələri düzəltməyə çalışıram. Amma bu düzəldilmiş qaralama da sonuncu olmur. Qaralamanın nüsxəsini oxuyanda cavablandırması üçün mətnin bəzi yerlərində müəllifə ünvanlanmış suallar da qoyuram. Bu cür suallar, müəllifin təklifləri kimi az olur, nəticədə onları yekun qaralamaya asanlıqla daxil edə bilirəm. Hərdən soruşurlar ki, əlyazmanı komputerdə kim yığır. Düzdür, başqa kiminsə bu işi görməyi mənə kömək edə bilər, amma məncə bu, həm də ümumi prosesin ləngiməsinə səbəb olar. Əlyazmamı komputerdə özümün yığmağının əsas səbəbi odur ki, bu zaman mən yekun variant üçün yenə də bəzi dəyişikliklər edirəm. Belə vaxtlarda təbii olaraq fikirləşirəm ki, son dəyişikliklər ən yaxşı variantdır, amma hərdən əvvəlki əlyazmaya və son dəyişikliklərə göz gəzdirəndə ilk başda işlətdiyim sözlərin daha yaxşı olduğunu görüb, onlara qayıtmalı oluram. Mənə elə gəlir ki, bu, daha çox işlədiyim günlə bağlı olur. Məndə həmişə belə bir şübhə olub ki, bəzi sözlər bazar ertəsi-çərşənbə-cümə sözləri, bəziləri isə çərşənbə axşamı-cümə axşamı-şənbə sözləridir. Şübhəsiz ki, bu hisslərim akademik fəaliyyətimə görədir. Belə… Demək olar ki, bütün kitablar üstündə bu qayda ilə işləyirəm. Əgər buna üslub deyirsinizsə, olsun üslub. Mən artıq praktiki vərdişə düşmüşəm, buna görə də mənim üçün kifayət qədər rahat olur. Məncə, ən azından tərcümə prosesində (bu yazı prosesinə də aiddir) tərcüməçi bacardığı qədər rahat olmalıdır, çünki onsuz da ümumi işin özündə kifayət qədər baş ağrıdan şeylər var.
Bütün qaralamaların yekunlaşdırılmasına, bütün sualların aydınlaşdırılmasına, ümumilikdə götürsək, bir kitabın tərcüməsinə nə qədər vaxt gedir?
Buna sizin istədiyiniz kimi dəqiqliklə cavab verə bilmərəm. Çünki xarici amillər hər an öz təsirini göstərə bilir: akademik fəaliyyətim, səyahətlər, xəstəlik, noxud əkməyə sərf elədiyim vaxt və.s. Hər həftə bunların biri mənim işimə təsir edə bilər. Tərcüməyə sərf edilən vaxtı hesablamaq üçün hansısa bir ölçü vasitəsi olsaydı belə, mən yenə də bu sualınıza bir neçə saata cavab verə bilərdim. Əgər tərcümə prosesində mən bunlar haqqında düşünsəm, bu, bir növ mənim işimə müdaxilə eləyib xarici rahatlığımı pozacaq. Xarici rahatlıq isə mənim üçün çox önəmli şeydir. Dayanıb fikirləşməyə sərf edilən vaxt da kitabdan kitaba dəyişə bilər. Buna görə də mən yəqin ki, heç vaxt bilməyəcəm ki, bir kitabın tərcüməsinə nə qədər vaxt sərf edirəm. Son möhlətlə bağlı naşirlə razılığa gəldiyim vaxtlarda zamanımı yaxşı dəyərləndirə bilmirəm. Bəlkə də, optimist olmağımın yazı makinasındakı rahat iş rejimi ilə bağlılığı var, çünki bu zaman ediləsi başqa heç nə olmur. Belə şeyləri planlaşdırarkən çörək almağa, ya da Nyu York Taymz qəzetini almağa sərf elədiyin vaxtı da – bu məsələlər, xüsusilə də, bazar günləri adamın vaxtını çox alır – hesablamaq gərəkdir.
Revyu-77 qəzetinin redaktoru Ronald Kristlə son söhbətimizin birində mən belə bir fikir ifadə eləmişdim ki, poeziya tərcüməçisinə baxanda nəsr tərcüməçisinin sərbəstlik imkanı daha çoxdur. Yəni nəsr tərcüməçisinin, orijinalı dəqiqliklə əks etdirmək baxımından daşıdığı məsuliyyət nisbətən azdır. Bu fikirlə razılaşırsınızmı?
Bu, kifayət qədər nisbi məsələdir, ona görə də qərar vermək çətindir. Mənə elə gəlir ki, hər tərcüməçinin öz üslubu var, oxşar olanları çox azdır. Bunu tərcümə seminarlarında tələbələrin eyni mətni tərcümə edərkən ortaya çıxardığı tamamən fərqli-fərqli mətnlərdə də görürəm. Sadəcə onu deyə bilərəm ki, bu zaman mənim də öz versiyalarım olur və mən öz versiyalarıma daha çox üstünlük verirəm. Amma təbii ki, digərlərinin mövqelərini və arqumentlərini də anlayıram. Əminliklə deyə bilərəm ki, orijinala sadiqlik məsələsinə nəsrdə də poeziya kimi ciddi diqqət yetirilməlidir. Bu fikrimə də qəti əminəm ki, sizin dediyiniz əksi doğrudur. Yəni, şairlər forma və quruluşu saxlamaqdan ötrü daha çox sərbəstliyə yol verməli olurlar. Dantenin tərcüməsi ilə bağlı bu məqam həmişə problem yaradıb. Sinkler[1]in nəsr üslubu bu baxımdan heyranedicidir. Tədris prosesində Sinklerin tərcüməsindən çox istifadə etmişəm və bu, çox uğurlu nəticələr verib. Üçlü qafiyənin öhdəsindən Siardi[2] də məharətlə gələ bilib. Amma o, öz tərcüməsində Sinklerə gərək olmayan bəzi sərbəstliklərə yol verməli olub. Məncə nəsr tərcüməsi kifayət qədər qaydasındadır, amma şairləri ciddi şəkildə nəzarətdə saxlamaq lazımdır.
1966-cı ildə “Xana-xana oyunu” nu tərcümə etdikdən sonra sizin qarşınıza ən çox problem və tərcümə çətinlikləri çıxaran kitab hansı olmuşdur.
Hər hansı romanı seçib onun ən çətin olduğunu demək mənim üçün o qədər də asan deyil. Artıq nəşr olunmuş kitablar içində birinci yeri, bəlkə də, Kuba yazıçısı Xose Lezama Limanın “Cənnət” romanı tutar. Və bir roman da var ki, hələ ingilis dilində nəşr olunmayıb, amma mənə həddən artıq çətin görünür. Bu, Braziliyanın qadın yazıçısı Nelida Pinyonun “Bani” əsəridir. O, özünəməxsus üslubu ilə porteqiz dilinin elə dərinliklərinə varıb ki, həmin əsəri ingilis dilində ipə-sapa yatırtmaq sadəcə mümkünsüz görsənir. Porteqiz dilinin üslubi imkanlarını milli sirlərlə elə bəzəyib-düzəyib ki, əvvəllər bu dildə yazmış heç bir yazıçı buna nail ola bilməyib. Nəinki bu dildə, hətta heç bir dildə heç bir yazıçı bu dərinliyə baş vura bilməyib. Bircə Ceyms Coysdan başqa (amma Nelida Pinyon, Coys tipli yazıçı deyil). Çox adam mənim Xulio Xortasardan – bu cür çətin yazıçıdan etdiyim tərcüməyə heyran olur. Amma zənnimcə, o Asturiasdan çox-çox asan yazıçıdır, xüsusən də, Asturias “qədim və böyük dildən” istifadə etməyə girişibsə. Bəlkə də, qəribə görünə bilər, amma mən nə qədər qəliz və mürəkkəb əsər olur olsun, hər hansı keyfiyyətli mətni daha asan tərcümə edirəm, nəinki sadə və keyfiyyətsiz mətnləri. Elmi traktatları tərcümə etməməyə, demək olar ki, and içmişəm, çünki başa düşmüşəm ki, onları tərcümə etmək hər hansı yaxşı roman və ya hekayəni tərcümə etməkdən daha çətindir və tərcüməçi üçün də dəhşətli dərəcədə cansıxıcıdır. Kiməsə inandırıcı görünməyə bilər, amma tərcümə etdiklərimin arasında ən asanı Qabriel Qarsiya Markes olub. Xüsusilə də, “Patriarxın payızı” (əgər təhlillərim məni yanıltmırsa) elə bil ki, su kimi axıb gedib. Bu əsər mənim yadımda xoş və zövqlü bir mütaliə kimi qalıb.
“Xana-xana oyunu”nu tərcümə edərkən hansı metoddan istifadə etmisiniz? Fəsillər irəlilədikcə tərcümə prosesində siz də xana-xana oyunu oynamısınızmı?
Tərcümə o qədər də çətin deyildi. Yəni burdakı tək çətinlik yeniliyin və oyunun ritmini tutmaq idi. Bu isə öz növbəsində çox zövqlü bir şeydir. Xulionu tərcümə etmək mənim üçün həmişə zövqlü olub. Ona görə ki, o, yumor və pafosun, həqiqətən də, eyni şey olduğunu bilir. Bu eyni şey dediyimizi isə, bəlkə də, sevgi adlandıra bilərik. Tərcümə eləyəndə kitabla xana-xana oyunu oynamadım, amma əvvəldən axıra qədər kitabı yaşamağa, hiss etməyə çalışdım və deyəsən, bu, işə yaradı. Zənnimcə bu metod mənim üçün kitabı həm də daha zövqlü və əyləncəli elədi. Çünki həmin romanı oxumaq üçün başqa yol yoxdur, yalnız bu cür oxumalısan. Xulio, tənqidçilərin romandakı yeniliyi ciddi qarşılamağından təəccüblənmişdi. Çünki o, romanı fərqli şəkildə yazarkən, əslində, ciddi deyildi.
Tərcümə ilə bağlı bir məqalənizdə önəmli bir məsələyə toxunursunuz: “Mətnin oxunaqlı və axımlı olmağı, yoxsa dəqiqliyin saxlanılmağı daha vacibdir?” İş orasındadır ki, sizin tərcümə etdiklərinizin çoxu, elə əsərlər olub ki, mükəmməlliyi saxlamaq üçün romanın axımlı olması bir şərtə çevrilib. Orijinalın üslubi axımını və ritmini saxlamaq üçün bəzən dəqiqliklə bağlı hansısa güzəştə getmək lazım olur. Tərcümə etdiyiniz romanlar arasında sırf bu problemin öhdəsindən xüsusi formada gəldiyiniz olubmu?
Mən sadəcə ideal tərcümə haqqında nəsə deyə bilərəm. İdeal tərcümədə bu şərtlərin ikisi də ödənilməlidir. Yəni birinin naminə digərini fəda eləmək, mənə görə, doğru deyil. Səmimi desəm, bu problemlə mən elə də çox üzləşməmişəm. Ən azından şüurlu şəkildə bunu hiss etməmişəm. Bəzən elə olub ki, redaktor mətnin harasındasa yaxşı səslənməyən, ingilis dilinə uyğun olmayan bir ifadə, yaxud söz tapıb. Bu, ona işarədir ki, həmin məqamda dəqiqlik dilin axımlılığını üstələyib. Amma bu, məqsədəyönlü şəkildə edilməyib. Yəni həmin şərtlərdən hansınısa daha çox qabartmağa can atmamışam. Hər şey öz-özünə baş verib.
Bəs “Patriarxın payızı” əsərində necə? Orda bu problemlə – dəqiqlik və oxunaqlılıq dilemması ilə qarşı-qarşıya qalmısınızmı?
Yox, həmin əsərdə elə də çətinlik çəkməmişəm. Markesin digər əsərlərindəki kimi bu romanda da hər şey “avtomatik tərcümə” prinsipi ilə baş verib (avtomatik yazı da təxminən belə şeydir). Zənnimcə, Qarsia Markes nəsrinin önəmli bir üstünlüyü ondadır ki, əsərin özü tərcümənin asanlıqla irəliləməsinə yardım edir. Sonralar bəzi şeyləri təhlil etmək üçün tərcüməmə göz gəzdirəndə düşünmüşəm ki, əsərdəki hansısa məqamı ingilis dilində yalnız o cür, yəni mənim tərcümə etdiyim şəkildə vermək olardı. Əksər vaxtlarda ingilis dilində ifadə etdiyim qarşılığın çox uyğun olduğuna şahid olmuşam. Mənə elə gəlir ki, bəzən hansısa sözün yaxşı bir sinonimini tapmaqla dəqiqlik və axımlılığın hər ikisini bir arada saxlamaq olar. İkidilli lüğətlər də məhz bu zaman faydalı olur, tərcüməçiyə axtardığı sözü tapmaqda kömək göstərir. Düşünürəm ki, dəqiqlik-axımlılıq dilemması poeziya tərcüməsi zamanı daha çox üzə çıxır. Mənim poeziya tərcüməm çox azdır, amma xeyli redaktə eləmişəm. Dəqiqliyin itirilməsi hallarına mən nəsrdən daha çox məhz poeziya tərcüməsində şahid olmuşam. Məsələn, əksər vaxtlarda elə nümunələrə rast gəlirsən ki, əslində, dəqiqliyi saxlamağın mümkün olduğunu görürsən, amma tərcüməçinin özü də şair olduğu üçün əcnəbi şairin çatdırmaq istədiyi mətləbi zədələmək bahasına da olsa, öz şair eqosunu yenə bilmir. Bir qədər qəliz anlaşılan bu fikrimi yekunlaşdırarkən yenə qəliz bir incəliyi qeyd etmək istəyirəm. Dəqiqlik, şüurlu olaraq saxlanılmalıdır, mətnin axımlılığını təmin etmək isə daha çox instinktiv bir şeydir, ya da buna nə ad verirsiniz verin. Bu məsələlər strukturalistlər üçün əsl araşdırma mözusudur. Onların bəzi səriştəli nümayəndələri bu suallara cavab verməyə cəhd də göstəriblər. Amma bütün digər “incə” elmlərdə olduğu kimi onların nəzəriyyələrini, laboratoriyada tətbiq etmək mümkün olmur. Fərdi sənət olan tərcümənin özü də bu cürdür.
Tərcümələrinizin təkrarlanmaz və əvəzedilməz olduğunu düşünürsünüzmü?
Yox. Mən əminəm ki, Qarsiya Markesin əsəri əsrlərin klassik bir nümunəsi kimi qalacaqsa, məsələn, beş yüz il sonra artıq başqa bir yazıçının yeni əsəri kimi oxunacaq. Az da olsa, o məqamdan təsəlli tapıram ki, həmin vaxt o əsərin meydan sulayan yeni tərcüməsi öz zəfərini qeyd eləyəndə mən o günlərə şahid olmayacam. Zənnimcə hansısa əsərin yeni tərcümələri o əsər artıq qədim və klassik nümunəyə çevrildiyi zaman üzə çıxır. Məsələn, son onilliklərdə üzə çıxan Dante tərcümələrindən az qala sərgi açmaq olar. Tərcümə versiyalarının bu cür çoxluğu ondan xəbər verir ki, hər dəfə daha mükəmməl, daha gözəl tərcüməylə qarşılaşmaq imkanımız var. Yunan və Roma klassiklərinin tərcüməsi ilə də bağlı eyni şeyləri demək olar.
Tərcümə etdi: Təvəkgül Boysunar
[1] Con Sinkler – Dantenin “İlahi komediya”sını ingiliscəyə nəsr üslubunda çevirən tərcüməçi
[2] Con Siardi – əslən italyan olan Amerika şairi və “İlahi komediya” tərcüməçisi