…Ən çətini fikir qamışlıqlarını aralaya-aralaya getməkdir. Indi yetmişinə çatmış Niyazi Mehdi lap çoxdandır ki Azərbaycan fəlsəfəsində bu yolu seçib…
Son yüzillikdə fəlsəfəyə humanitar və hətta qeyri-humanitar elmlərdən, incəsənətdən belə o qədər ideya, baxış, metodoloji yönəltilər axıb ki və tərsinə, fəlsəfədən onlara o qədər fikir, tendensiya, yanaşma üsulları sellənib ki, az qala fəlsəfə predmetsizləşib, metodologiyasızlaşıb və yenə də tərsinə, o az qala nəinki bütün dünyanı və dünyanı öyrənən elmləri əvvəlki klassik metodu ilə öz predmetinə çevirib, hətta bütün elmlərə onun «virtual» təsiri son dərəcə güclənib, xüsusilə humanitar elmlər sezdirməsələr də, xeyli dərəcədə fəlsəfiləşib, universallaşıb, fəlsəfənin bir sıra metodoloji keyfiyyətlərini bu və ya digər dərəcədə mənimsəyiblər. İndi hətta müəyyən etmək olmur, məsələn, kulturologiya fəlsəfənin əlindən çörək ağacını alıbmı, ya əksinə?! Hər halda ictimai-fəlsəfi elmlərin diferensiasiya və inteqrasiyası (budaqlanması və gövdələnməsi) bu alanlarda çox maraqlı və effektli metodoloji səmtlər, yönlər yaradıb. Sabit atributları dəyişkən moduslarına, dəyişkən modusları sabit atributlarına çevrilə-çevrilə, fəlsəfənin günbəgün yeniləşən metodologiyası təzə-təzə çalarlar qazanır. Paradoksların qabarığı budur ki, fəlsəfənin bəzən toz basmış əski, qartı bir ideyası yeni çağda birdən-birə silkinib ortaya çıxır, aktuallıq kəsb etməyə başlayır və ya əksinə, dəbdə olan, meydan oxuyan başqa bir ideyası, təlimi, metodu köhnəlib sıradan çıxmış olur (sanki haçansa gərəkliyini qaytaracağı ehtimalını itirmədən…). Bu nədir? Yəqin ki, fəlsəfənin ruhuna xas olan əbədi özünüyenilətmə.
Bu gün fəlsəfə klassikası bəşəriyyətin ən dəyərli sərvətlərindəndir. Azərbaycanın yaradıcı intellektualları fəlsəfə klassikasını, (şübhəsiz, həm də milli fəlsəfi irsi), çağdaş dünya fəlsəfəsində gedən prosesləri daha miqyaslı öyrənməsi, mənimsəməsi ilə araşdırma imkanlarını xeyli dərəcədə artırmış olur. Bu prosesləri mənimsəyib yaradıcı şəkildə əks etdirən professor Niyazi Mehdinin fəlsəfi araşdırmaları həmin çalışmalar arasında daha önəmlidir.
Son yüzil dünya fəlsəfəsində baş verən inqilabi hadisələrin bir özəlliyi də bundadır ki, ən müxtəlif fikir cərəyanlarını özünə sığdıran, nə qədər dağınıq görünsə də, vəhdəti duyulan bu fəlsəfə varlığın, demək olar ki, bütün laylarına baş vurub, bütün bütlərdə bir yarımçıqlıq tapıb, daşlaşmış kanonikanı söküb, avtoritet kristallarını dağıdıb, bir sözlə, öz aqnostikasında zirvəsinə çatıb. Özünəqədərkiləri alt-üst edən Nitsşe və Freydin tənqid obyektinə çevrilməsi indi heç kimi təəccübləndirmir. XX əsrin və XXI əsrin əvvəllərinin ictimai-fəlsəfi fikrində populyar olan «ekzistensializm», «demokratiya», «postmodernizm», «virtuallıq»… da indi əvvəlki baxışlardan fərqli olaraq ən müxtəlif yönlərdən tənqid olunur, dəyər qazanır. Adətən imperativlər yaradan fəlsəfədə bu «tənqidi tənqidin tənqidi» onun mütəhərrikliyini xeyli artırıb. Zamanın gərginliyinə tən gəlməyə çalışan fəlsəfənin bu çevikliyi, əlbəttə ki, yaxşıdır. Şərqdə doğulan ideyaları mənimsəyib ondan rasional fəlsəfə yapan, sonra da o rasional fəlsəfəni irrasionallığa qədər vardıran Qərb sivilizasiyasının da təcrübəsi Qoca və Körpə Şərqdə, eyni zamanda, Şərq-Qərb sivilizasiyalarının qovşağında – Azərbaycanda yeni düşüncələr oyatmalıdır. Qərb Şərqə nə qədər heyran olsa da və əksinə, onu primitivlikdə suçlasa da, onu imitasiya etsə də və əksinə, öz orijinallığını, «realizmini» ona sırımaq istəsə də, nəsə bütün variantlarında bir «təhrif səciyyəsi» görünür. Yavası isə odur ki, Şərq Qərbi xırdalamadan, bütöv-bütöv, loxma-loxma udmaq istəyə.
Yəqin ki, Qərb Şərqdən ideyanı götürəndə, Şərq isə Qərbdən faktı alanda, praktikanı mənimsəyəndə daha çox təhrifə, əyriyozuntuya yol verir. Ayrı-ayrı varislik dövrlərində Şərqdə də, Qərbdə də fəlsəfə panteon şəklində olsa da, indi belə deyil. Fəlsəfədə cürbəcür ideyalar sayrışıb sönür. İdeyaların praktikada kara gələnləri uğurlu sayılır. Buna baxmayaraq, nə pozitivizm, nə praqmatizm, məsələn, fenomenologiyadan üstünlüyünü təsdiq edə bilər. XX əsr Avropasının patriarx filosofları da fəlsəfənin praktisizmə ifrat meylləndirilməsinə, varlığın utilitar həddə endirilib qavranılmasına sinə gərə bildilər. Fəlsəfi düşüncə mədəniyyətinin bir əzəl mahiyyəti də həm gerçək həyatda, həm də ideyalar aləmində «harmoniya nöqtələrini», konsensus məqamlarını tapmaqdan ibarət olduğu üçün, o, tarix boyu öz ləngərini saxlaya bilir. Şərq və Qərb sivilizasiyaları arasında isə həmin «harmoniya nöqtələrinin», konsensus aktının tapılması üçün ən optimal «geostrateji», dəngəyaradıcı məkanlardan biri — Azərbaycandır ki, burada yaranmış intellektual mühitdə yetişən Niyazi Mehdinin fəlsəfi yaradıcılığı həm bu amaclarına, həm də çoxlu ayrı özəlliklərinə görə və xüsusilə, yuxarıda ilkin olaraq qeyd etdiyimiz kimi, çağdaş dünya fəlsəfəsində gedən prosesləri mənimsəyib yaradıcı şəkildə əks etdirməsinə görə diqqətəlayiqdir.
Azərbaycan düşüncəsi ilə dünyaya, dünya mədəniyyətinə girmək, üzmək və sahilə çıxmaq – özü də hər hansı bir okeandan, göldən, çaydan deyil, məhz Xəzərdən sahilə çıxmaq! Bu, hər şeydən öncə, olduqca maraqlı, sərgüzəştli və çətindir. Niyazi Mehdi bu fəlsəfi gəzintiyə ilk dəfə hazırlıqlı şəkildə orta əsrlər Azərbaycan mədəniyyətini araşdıra-araşdıra çıxdı. Niyazi Mehdi Orta çağ İslam və Azərbaycan mədəniyyətinin semiotik – struktur təhlilini ilk dəfə olaraq Şərq və Qərb estetik təfəkkürünün təcrübəsindən çıxış edərək aparmağın uğurlu sınanışını etdi. Mürəkkəb estetik məzmuna, semiotik qatlara malik olan, çox zaman da tendensiyalı araşdırılan, içəri mahiyyətinə o qədər də dərindən varılmayan Şərq (İslam) mədəniyyətinə bu təkcə yeni metodoloji yanaşma deyildi, həm də Azərbaycan fəlsəfi-estetik düşüncəsində yeni parametrlərin görsəntisi, yeni cilalı, novator üslubun bəlirtisi idi. Niyazi Mehdi Orta çağ Şərq (İslam) incəsənətinin semantik dərinliyindən işarələrə düzülmüş estetik harmoniyanı, işarə həssaslığı ilə duyulan üzün, mənalar bildirən bədənin, davranış işarəsindən görünən insanın, olacaqları bildirən işarələrin və onların ziddiyyətlərinin gizlinclərini çəkib üzə çıxara, klassik poeziyadan miniatürlərədək sənət dürlərinin simvolikasını müsəlman dünyagörüşünün fəlsəfi paradiqmaları ilə tutuşdurmalarda aça bilmişdi. Bu, Qərb tarixçi, sənətşünas və filosoflarının Şərq mədəniyyətinə baxışlarından xeyli dərəcədə fərqli idi və həmin mədəniyyəti fəlsəfəsindən incəsənətinədək, dini dünyagörüşündən memarlığına, xəttatlığınadək bütöv halda dərk etməyin yeni üsulu, cılxa Türk (Azərbaycan) çəmi idi və təbii ki, bizə daha doğma, daha dadlı görünürdü.
Niyazi Mehdi Azərbaycanda milli hərəkatın gəlişməsi istiqamətində artıq çoxdan başladığı və xeyli təcrübə, səriştə topladığı bir alanda da tarixi missiyasını cəsarətlə həyata keçirməyə başladı. – Fəlsəfi düşüncə mədəniyyətində də milli hərəkatın bir istiqamətini yaratmaq: fəlsəfi metodologiyanı köhnə ideoloji qəliblərdən, dar mühafizəkar baxışlardan qurtultmaq; bu fəlsəfənin düşüncə praktikasını genişləndirmək və modernləşdirmək, ərəb-fars kəlmələrinin («gəlmələrinin»!) yerinə türkköklü sözləri axıdaraq fəlsəfi dili yeniləşdirmək, təbiiləşdirmək, milli ruhun daha duyarlı ifadəsinə çevirmək.
Niyazi Mehdi fəlsəfi düşüncə məkanını xeyli genəldib. Azərbaycan fəlsəfi düşüncəsindən dünya fəlsəfi düşüncəsinə və əksinə yol çəkib.
Niyazi Mehdi klassik və çağdaş fəlsəfədən, humanitariyadan qazandığı təcrübə ilə dünyanı sanki bir mexanizm olaraq virtual şəkildə, «söküb yığır», dekonstruksiya edir – usta maşını söküb yığan kimi.
Niyazi Mehdinin fəlsəfi yaradıcılığı analitika yönündə çox dəyərli keyfiyyətlər kompleksi qazanıb. Niyazi Mehdinin analitik metodologiyası alt düşüncədən alp düşüncəyə qalxma prinsipindədir. O, bilincaltını (şüuraltını) qurdalaya-qurdalaya insan psixologiyasından ictimai-siyasi həyatın ən müxtəlif problemlərinə, ən çox da insanı döyükdürən, şaşıran və əksinə, onun bilməzcə, saymazca yanından ötdüyü yüklü nəsnələr, olaylar qatına, buradan da qutsal dəyərlər, ümumbəşəri fəlsəfi dəyərlər qatına çıxır. Yaxud da bu yol tərsinə gedilir. Əgər Niyazi Mehdinin analitik metodologiyasının ümumi prinsiplərini, fəlsəfi-kulturoloji araşdırma üsullarını (çəmlərini) sistemləşdirmək mümkündürsə, yəqin ki, bu biryerəyığışmaz çəmlər kompleksini belə görükdürmək olardı:
1 – Prosesdə izləmək. (Və ya Buğumlar prinsipi). Niyazi Mehdi olay və nəsnələri statikası və dinamikasında da, durğunluğu, dəbərişməzliyi və hərəkətində də izləyərək, onların çevrim və dəyişmələrindəki sürəcliliyin, sürəkliliyin, iç bağlantılarının – buğumlarının mahiyyətini incəlikləri ilə aça bilir. Bu fəlsəfi təhlillərdə proses hadisələrin «fiziki» axarı deyil, iç mənaları saçılan canlı həyatdır. Proses – buğumlarda «bitişir», buğumlar növbəti proseslərə təkan verir. İdeya məhz bu buğumlanan aramsız sürəcin dialektikası üzərində qurulur.
Niyazi Mehdidə fəlsəfi nəzəriyyənin dialektikası, vital oynarlığı belədir: «…Mədəniyyəti cürbəcür modeldə anlayanda cürbəcür də informasiya alırsan»…
2 – Tərsini çevirib baxmaq. (Və ya Şum prinsipi). Niyazi Mehdi gözəgörükənliyin tərsindən baxıb, onun antitezisini əlüstü üzə çıxarır. Niyazi bəydə o fikir yoxdur ki, təhlil gedişində antitezisi ilə qarşılaşmasın. Bəzən də olur ki, o, müəyyən bir ideyanı antitezisləri ilə vuruşdura-vuruşdura, həqiqiliyini sınağa çəkir. Burada hətta metafizik görünən «oturaqlaşmış» bir fəlsəfi ideya da özünü təsdiq etmək üçün gərək çox əlləşə. Tənqid sürəclərinin çoxsaylı dişli çarxlarından keçən bir fəlsəfi tezis yalnız tərs üzünün «hə»sindən sonra doğruya çıxır, ya da çıxmır…
Şum – torpağın altını üstünə çevirməklə onun verimli homos qatının daimi məhsuldarlığını təmin edir. Niyazi Mehdinin fəlsəfi yaradıcılığı da belə anım doğurur: burada da eydos, olay və nəsnələrin avandı tərsinə çevrilib baxılanda, onlar əks görüntülərində daha dolğun mənzərə yaradır. Burada yeni fikir zəmisinin əkilməsi, yeni nəzəriyyənin becərilməsi üçün münbit zəmin yaranır. Avand və tərs, erkək və dişi, Çin fəlsəfəsincə desək, in və yan arqumentlərin «cütləşməsindən» yeni ideyalar, arqumentlər, definisiyalar nəsli törəyir, ürüyüb artır…
3 – Bütün yönlərdən analiz etmək. (Və ya Kələf prinsipi). Çətin və dolaşıq durumların kulturolojisini incələyən Bilgə, fəlsəfəsinin predmeti etdiyi obyektə təkcə avand və tərs üzlərindən deyil, bütün yönlərindən baxır: o, bütün modifikasiyalarında, şəffaf keçirgənliyində görülür. Niyazi Mehdinin analitikası yumaq dünyanı kələf prinsipində açmaq gücündədir. Dünyanın bir dəst problemi düyünlü-düyünlü yumaqlanır, miniatürləşdirilir, sonra da kələfin açılma prinsipi ilə çözələnir. Niyazi Mehdi mədəniyyət üzrə araşdırmalarında məhz bu kələf prinsipinin gücünə maraqlı bir ideyanı ortaya qoymuş və onun problemlərini bütün yönlərdən analiz edə-edə çox dəyərli kültür yozumlarına gəlib çıxmışdır. Yumaq dünyaya oxşayan mədəniyyət dağarcığında nə var? Bu kələf açıldıqca, bütün tədqiqat boyu irəli sürülən və təsdiqini gərəksəyən əsas kulturoloji düstur mahiyyətini saxlamaqla müxtəlif rakurslarda formal çərçivəsini dəyişə-dəyişə deyir ki: «Mədəniyyət çətinlikləri, mürəkkəblikləri özü törədən, sonra da onları çözmək, onların öhdəsindən gəlmək üçün araclar (alətlər, vasitələr) «ixtira» edən maşındır».
Niyazi Bilgənin gözündən heç nə yayınmır: o, son dərəcə abstrakt bir ideyadan adi məişət detalına, işartılı bir həyat olqusundan da miqyaslı epoxal hadisəyə virtuozcasına keçə, onları sıralaya, fokuslaşdıra bilir…
4 – Şərq və Qərb sivilizasiyalarının düşüncə bucağından baxmaq. (Və ya Total prinsip). Şərq və Qərb sivilizasiyaları tarix boyu özlərinə topladıqları özəlliklərin sayəsində oxşarlıqları, ortaqlıqları ilə yanaşı, fərq və ayrıntılarını da böyüdüblər. Araşdırılan nəsnə, olay və ideyaya bu sivilizasiyaların düşüncə bucağından baxanda Niyazi tutuşdurmalarının effekti həqiqətən böyük olur, təsirli olur. Bir kültür məkanından o birinə total dönüşlər, sıçrayışlar hər qütbün bənzərsiz fəlsəfi-estetik cizgilərini çevrələyir. Bir faktın bu iki sivilizasiya düründə çözülməsi və onların düşüncəsi baxımından dəyərləndirilməsi həmin faktı ən ziddiyyətli qatları, ən nizamlı layları ilə açır.
5- Qurdalamaq. (Və ya Kəşfiyyat prinsipi). Bu, Niyazi Mehdinin ən çox önəm verdiyi çəmlərdəndir: Fakta (nəsnəyə, olaya) oğrun-oğrun girmək, onun genetik strukturunu rüşeymlərinə, qımıltılarına qədər öyrənmək, dalamaq. Fəlsəfədə modelləşdirmə və sistemləşdirmə, adətən, bir çox xırdalıqlardan vaz keçilməsi, qəlibə sığmayanların sayılmaması və yaxud zorla bu qəlibə pərçimlənməsi hesabına başa gəlir. Niyazi Mehdi isə daha çox standarta girməyənlərin modelləşdirilməsinə, istisna təşkil edən, ögey, «kriminal» qrupların, çöçün dürlərin xaotik davranışından, ipə-sapa-yatmazlığından mütəhərrik sistemlər düzəldilməsinə və bu cür dəbərtili, oynağan model və sistemlərdə fəlsəfi düşüncə kəşfiyyatı aparmağa üstünlük verir.
Bilgə həm də azərbaycanlının düşündüklərinə ən xəlvət istehkamlardan, səngər və bürclərdən göz qoyur, azərbaycanlının hələ düşünmədiklərinə məkan açır…
6 – Üç zaman bucağından baxmaq. (Və ya Zamanlama prinsipi). Niyazi Mehdi nəsnə, olay və ideyaya üç zaman bucağından – onların yaranış vaxtının, gəlişmə sürəcinin və indisinin gözündən baxır. Onların bu zaman dəyişmələrində modifikasiyaları fəlsəfi bilincə dürlü sayrışmalar verir. Zamanlama prinsipi tarixin ritmini, nəfəslənməsi və sönükməsini duydurur, kültür taxçalarından nəyin düşüb sındığını, nəyin antikvara çevrildiyini, mədəniyyətin tarixi yaddaşından nələrin milli mentalitetə süzüldüyünü, boş süxurlara hansı yad elementlərin dolduğunu bəlli edir. Bu diapazonda biz davranışlarımızın bəzi sahmansızlıqlarını, nahamarlığını, çürük, eyməndirici ibnə və caymaların haradan, necə, hansı dalğalarda gəldiyini də sezə bilirik. Niyazi Bilgə bir vaxtlar səcdə edilənlərin bu gün niyə ayaqlar altına sərildiyinin, heybətli təpəgöz ideologiyaların necə vağam olduğunun da psixolojisini çil-çil açır. Bir vaxtlar yeni idi, bəs niyə indi köhnəldi? – sualı bu gün bərq vuranların sabah işıq saçmayacağına da işarə verir və ümumiyyətlə, köhnəlmə və yeninin yaranıb yayılması, populyarlaşıb qabarması prosesinin anatomiyasını açmağa kömək edir.
7 – Dəyər baxımından yanaşma. (Və ya Dəyərləmə prinsipi). Niyazi Mehdinin fəlsəfi metodologiyasında varlığa ontoloji yanaşma ilə aksioloji yanaşma ayrılmazdır. Varlıq – cəmiyyət – incəsənət hadisələrinin ümumi arxitektonikasının ontoloji araşdırılması mütləq onun aksiologiyasının açılması ilə sonuclanır. Bilgə, çağdaş mədəniyyət düşüncəsindən dürlü varlıq problemlərinə, incəsənət fenomenlərinə, ictimai-mənəvi, sosial-siyasi duruma baxaraq və sanki onları bu düşüncənin nüvəsində fokuslaşdıraraq, onların özündən, gerçək kombinasiyasından – əl-ələ tutmasından çağın əxlaqi-estetik dəyərlər külçəsini yoğurur. Yəni hazır, mütləq dəyər konsepsiyası varlığa müncər edilmir, varlığın ontolojisi dəyərini özü doğurur. Varlığın substansial mahiyyətinə bu dərəcədə sadiqlik, təbii ki, filosofun dəyərləmə özülünü qayım edir. Dünyagörüşlərinin aşırı sosiolojiləşməsi, cəmiyyətin bədii-estetik mədəniyyətdən daha çox texnogen sivilizasiyaya meyllənməsi, sığınması çağında filosofun dəyər estetikasına bu qədər önəm verməsi, sayğı yaratması Təbiətin ölməz Ruhunun istəklərindən, onun doyulmazlığından, tükənməzliyindən, gözəlliyinin daşdanmasından, bütün zamanlarda əxlaqi sərvətlərin, ictimai harmoniyanın qaynağı, mənbəyi olmasındandır.
Niyazi Mehdinin fəlsəfi metodologiyasının çəmləri işlədiyi yazı dilində də devrim yapmağı gərəksəmişdi. Hər dil fəlsəfənin yükünü çəkə bilmir. Öz doğma dilinə bu yükü çəkdirmək hər xalqın filosofunun müqəddəs işidir. Bu işin son, böyük nəticəsi – fəlsəfi dilin yaranması olur. Fəlsəfi dildə milli təfəkkür özünün ən yüksək qatına çatır. Möhtəşəm poeziya dilini yaratmış xalq elm və humanitariya dilini ərsəyə gətirə-gətirə fəlsəfi dil yaratmağa yetir. Uzun zaman Türk və İslam mədəniyyəti içrə bulunan, son iki yüz ildə Qərblə ilişkilənən Azərbaycan mədəniyyətinin tarixi spesifikası elə olub, təqribən min il ərzində türkcəmizə ərəb-fars sözləri, sonra da Avropa mənşəli sözlər elə axıb ki, az qala, onlar milli elmi-ədəbi dilimizin böyük hissəsini fəth etmiş olub. Ancaq gəlmə sözlər dilimizi nə qədər zənginləşdirsə də, onların dilimizə təbii oturmuşlarından indi də istifadə etmək gərəksə də və ümumiyyətlə, dünyanın heç bir dili alınma sözlərsiz keçinmirsə də, Azərbaycan elmi-humanitar, fəlsəfi dilinə türkköklü sözlərin təbii içirilməsi zərurəti dərindən duyulur, yaşanır. Bu zərurəti daha özüllü duyub, yarım əsrə yaxın bir müddətdə həmin məqsədi sistemli şəkildə həyata keçirməyə çalışan Niyazi Mehdi, yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycan türkcəsini milli ruhun daha duyarlı, daha dərin fəlsəfi ifadəsinə çevirməkdə həqiqətən sayğıya dəyər işlər görüb. Öncə onun və bir neçə Azərbaycan düşünərinin məqsədyönlü çalışmaları sayəsində Azərbaycan türkcəsi fəlsəfiləşməsini, elmiləşməsini, humanitarlaşmasını gücləndirib, etgiləndirib. Bilgə özü dildə türk kökünə qayıdışı belə nədənləyir: «…Ərəb-fars sözləri dilimizdə qısır olduqları üçün də dilə az enerji verirlər. Belə sözlərlə yüklənmiş dil azərbaycanlı düşüncəsinə enerjili, sistemtörədici vasitə vermir. Tərsinə, düşüncənin açılıb budaqlanmasına əngəllər qoyur… Azərbaycan elm dili öz energetik sözlərimizlə təpər qazanmalıdır…» «Azərbaycan türkcəsini biliyin, düşüncənin dili kimi güclü etmək» amacı güdən düşünər öz sözlərimizin törədicilik, budaqlanma funksiyasından çıxış edərək onların nə qədər təzəsini, yenisini yaradıb, işlədib. Bu sözlərin bir qismi Türkiyə türkcəsinin praktikasından götürülüb. Xeylisi əski türkcədən, oğuzcadan dirildilib. Bəziləri dialektlərdən toparlanıb. Ümumiyyətlə, Türkiyənin XX yüzilin I yarısında dil devrimi təcrübəsindən bir örnək olaraq Azərbaycanda da yaradıcılıqla istifadə edilməsi qaçılmazdır. Biz də toparlama və darama üsulları ilə doğma türkcəmizin yatırından nə qədər inciləri üzə çıxarıb işlədə bilərik. O sözlər sərrast məqamında işləndikcə, yerini tapıb oturuşur, semantik mənasını dərinləşdirib düşüncə üsuluna çevrilir. Məsələn, əvvəllər dil praktikasında çöçün görünən «soy», «çağ», «örnək», «görk», «yatırım», «bilgi» və s. çoxlu sözlər artıq indi onun ayrılmaz tərkib hissəsinə, ötüşməz dil təfəkkürü elementinə çevrilib. Dil, tarixi yaddaşının və etnososial psixologiyasının təbiətinə görə, bir yandan yeni sözlərə (xüsusilə dildən düşüb təzədən dilə qayıtmış sözlərə) qısqanır, onları asanlıqla qəbul etmir, bir yandan da yeni söz yaradıcılığına açıq qalmağa məcbur olur.
Dil – azad bir meydandır. Qoy ona istənilən qədər təzə söz qonub uçsun. O, yalnız təbii mənimsədiklərini, özünə doğma saydıqlarını tutub saxlayacaq. Yəqin ki, biz dirəniş etsək, dilimizə pərçim olmuş çoxlu sayda gəlmə sözlər də milli düşüncənin bəhrəsi olan təpərli sözlərin qarşısında duruş gətirməyib qısırlığında yoxalacaq. Ancaq, əlbəttə, indi nə dilimizdən gəlmə sözləri zorla sürüb çıxarmağa, nə də yeni yaradılmışları zorla dilimizə yeritməyə ehtiyac var.
Azərbaycan türkcəsinin yeniləşməsi, elmi-fəlsəfi təpər qazanması yalnız milli düşüncənin gəlişməsinə tay, qoşaq (adekvat) olaraq təbii bir sürəclə getməlidir. Buna görə də dil təbiətinin qanunlarına həssaslıqla əməl edən Niyazi Mehdinin işlətdiyi yeni sözlərin böyük əksəriyyəti elmi-fəlsəfi dilin materialına çevrilə bilib. Çöçün görünənlər də yavaş-yavaş öz yuvasını tapacaq. Şəxsən mən Niyazi Mehdinin işlətdiyi yeni sözlərin gərəkliyini, ləzzətini (sanki bir uğurlu poetik obraz, metafora, estetik nəsnə kimi!) sinirlərimlə duyuram və rahatca da işlədirəm. Həmin kəlmələrə ayrı-ayrı yazarların yazısında, hətta efirdə də rast gələndə xoşlanıram ki, bizim çoxlu-çoxlu ulu sözlərimiz yeni törədicilik bacarığı ilə dil praktikasında gerçəkləşir. Ən maraqlısı və sevindiricisi odur ki, bir neçə intellektual elə eyni vaxtda dildə bir yenilik yapır. Mədəniyyət həyatının bir estetikası da budur ki, dilin təbii stixiyasında yaradıcı şəkildə bulunasan.
Bilindiyi kimi, modernləşmə prosesləri dil təfəkkürünü də güclü etgiləyir. Sosiumda, iqtisadiyyatda olduğu kimi, bir dil bir neçə dilin enerjisini özünə çəkir. Deməli, böyük sürətlə inkişaf edib genələn və hazırda Azərbaycanda da nüfuzlu olan dillərin (faktiki olaraq ingilis, rus və digər qərb dillərinin) basqısına məruz qalmamaq üçün, Azərbaycan türkcəsinə onların sosial, elmi, texnoloji terminologiyasının necə gəldi doldurulmaması üçün, doğma dilimizin yaradıcı qaynaqlarını, impulslarını tam gücündə, oyaqlığında saxlamalıyıq. Dövlətin milli dil siyasəti də Azərbaycan türkcəsinin gücləndirilməsində əski türkcədən onun bugünəqədərki inkişafının bütün mərhələlərində qazandığı dil sərvətlərini, dil təfəkkürü irsini, bu dilin törədicilik texnologiyasını – özül saymalıdır. Artıq bu texnologiyanın Azərbaycan elmində, fəlsəfəsində, publisistikasında müəyyən təcrübəsi qazanılıb. İndi onu yetərli həddə çatdırmaq gərək.
Niyazi Mehdinin kulturoloji araşdırmalarında fəlsəfi fikirlərin (hətta ən mürəkkəb, dolama, qəliz, mücərrəd) yeni çalarlarda işlənmiş və yaxud tamamilə təzə anlayışlar doğurmuş təmiz türkcəmizdə ifadə edilməsinin bir parlaq effekti də budur ki, həmin fikirlər bu cür dəqiq və sərrast çatdırılma potensialı ilə azərbaycanlı düşüncəsinə də yaradıcı impulslar ötürür, axtarış həvəsi verir. Ancaq etiraf edək ki, ərəb-fars və qərbmənşəli sözlər nə qədər zəngin mücərrədliyə, terminoloji semantikaya malik olsalar da, milli fəlsəfi düşüncəni bu effektdə oyandıra, tərpədə bilmir. Niyazi Mehdi mətnin bilgəlik gücünü, intellektual ağırlığını, cümlələrindəki fikrin məna yükünü yavaş-yavaş, ehmalca alınma sözlərdən sürüşdürüb Azərbaycan türkcəsinin içinə yüklədikcə, onun yazıları həm forma, həm də məzmununa görə qat-qat güclü potensiya, yetənək qazanır. Buna görə də Niyazi Mehdinin stilistikası bir düşünərin tam orijinallığı yetərində seçilir. Çünki burada həm fikrin özü, həm onun ifadə arsenalı klassik və yenidir. Bir sözlə, ovxarlı siyirmə qılınc gümüş qından çıxır… Biz Bilgənin düşüncəsinə qoşulub, ona ortaq olub kürəmizin intellektual fəzasında süzdükcə (bu romantik olduğu qədər də rasional bir gəzintidir), Azərbaycan kültüründən dünya mədəniyyətinə uzanan və qovuşan yolları yaxşı-yaxşı, birər-birər görə bilirik.
Niyazi Mehdinin düşüncə texnologiyası, stilistik seçimi sırf polemika üzərində qurulub. Bilgənin, demək olar, bir cümləsi də yoxdur ki, polemik olmasın. O, həmişə sanki sıldırımın qırağı ilə yeriyir… Buna görə də Bilgənin düşüncələri daim əzələli, qıvraq olmağa, adlayışlarında çevik tərpənməyə, arqumentlərinə etibarlı ayaqyeri qoymağa, yeni ideya təqdimatlarında uru durmağa gərək duyur.
Araşdırmaya aldığı problemlərin işlənmişliyindən və işlənməmişliyindən asılı olmayaraq Niyazi Mehdinin onlara yanaşması və açımı tamamilə yeni, gərəkli, oyadıcı və düşündürücüdür. Onun çətin və dolaşıq durumların kulturolojisi – Qərb və Şərq mədəniyyətlərində virtual örtüyün «kosmoqoniyası» üzrə apardığı və fikrimizcə, Azərbaycan fəlsəfi düşüncəsini xaricdə yüksək səviyyədə təmsil etməyə layiq olan araşdırmaları bütün özəllikləri ilə yanaşı, xüsusilə problemlərin qoyuluşu və düşüncə texnologiyasına görə olduqca orijinal və təzədir.
İlkində Niyazi Mehdi aksiomatik təhlil modelindən analitik, seçimli, tutuşdurucu araşdırma modelinə keçməyin gərəyini açır: «Peyğəmbərlik arxetipindən çıxış etmək istəyənlər eyibləri göstərib sağaltma yolları cızırlar». Fəqət bu yetərli olmur. Çünki Vitgenşteynin dediyi kimi, «fəlsəfə öyrəti (təlim) deyil, işdir». Moizlərlə öyrətməkdən daha çox, insanı düşüncəyə qoşub, daldırıb inandırmaya yol açmaq, təbii ki, daha yetərlidir.
Bilik və bilgəlik çətinlik və mürəkkəblik qarşısında duruxa-duruxa, anlaya-anlaya, mifik qavrayışdan rasional qavrayışa keçə-keçə təbiətdən və öz yaratdıqlarından iki üz-üzə dayanan anlayışı proyeksiya edə bilmişdi: xaosu və harmoniyanı. Varlığın xaos və harmoniyasının bir-birindən törəməsinin (sadə düzümdə dünyanın qarışıb təzədən düzəlməsinin) qnoseoloji dərki mədəniyyət strukturunda da möhkəmcə yerləşməklə, dünyanın sonsuzluğunu maraqlı, yaşamlı etdi. Dünya bitib-tükənməzliyində dönə-dönə buğumlanır, bulanıb durulur, mədəniyyət də inkişafının hər dönəmindən yeni ideyalar ürüdüb törədir. «Yaşamaq dolanışığa çevrilir». Mədəniyyət – dağıdıb qurma prinsipi ilə yaratmaq funksiyası əldə edir. Tarix hələ dağıtmadan qurmaq sənətinin texnologiyasını ovxarlamayıb.
Niyazi Mehdi mədəniyyətin tarixi gəlişməsindən içinə yığdıqlarını araya-araya onun özü-özlüyündən çətinliklər, mürəkkəbliklər doğurub törətməsinin, sonra da onları aradan götürmək və ya onlara qarşı dura bilmək üçün yollar, instruksiyalar tapmasının mexanizmini açır, nədənləyir ki, nə üçün «mədəniyyət yaranışından düz cizgi prinsipi ilə əyri cizgilər prinsipini uyuşdurmaq, barışdırmaq axtarışlarına düşmüşdür». Düşünər göstərir ki, mədəniyyətlərin stixiyasındakı dəyişmələr və dəyişmələrə açıqlıq onların dirilik enerjisini sozalmağa qoymadığı kimi, onları yaradan ulusları, toplumları da daim çevik formada qalmağa, təpgilərə çevik reaksiya göstərməyə vadar edir. Çətinlik və mürəkkəbliklər qarşısında öz ulusal enerjisini toplayıb yönəltmədə, bir axara salıb gücləndirmədə yetərli təpər göstərə, başqa çəmlər araya bilməyən azərbaycanlılar üçün dolaşıq durumların bu bicliklərini bilmək çox zəruridir. Bu xüsusda Niyazi Mehdi görk olası bir olayın bilgisini verir: «Suqırağı mədəniyyətlərdə su və külək müqavimətləri önəmli əngəllər olandan sonra axın strukturuna (eləcə də turbulentliyə, yəni fırtına tipli hərəkətlərə) gözlər açıldı və buradan sükan ixtirası ortaya çıxdı. Sonucda sükanda yönəltmək ideyası o qədər universallaşdı ki, hətta toplumda yönətimçilik prinsipinə çevrildi. İspan filotiliyası iri gəmilərlə (onların kütləsi, ağırlığı ilə) müqaviməti yenməyə kökləndiyi bir durumda Britaniya filotiliyası xırda çevik gəmiləri ilə ona qalib gəldi: bu, su stixiyası və su döyüşlərində yeni strukturlara və həmin strukturlarda bic çevikliyə Britaniya gözünün açılışı idi. Britaniya siyasi bilinci torpaq, quru düşüncə biçimlərindən, struktur prinsiplərindən qurtulub su biçimlərində dünyanı mənimsəyəndə isə Yeni İmperiyanın özülünü qoyan uğurlara yol açıldı».
Mədəniyyət çətinliyə, dolaşıqlığa sinə gərməyin nəinki şüurlu, ölçülü-biçili çəmlərini, variantlarını, hətta şüursuz, instinktiv dirəniş, mübarizə üsullarını da meydana çıxarır: «Macalsızlıq yaradan mürəkkəbliklərin qorxusuna qarşı durmağın başqa metodunu Kon-fu verirdi. Burada döyüşçüyə buyurulurdu ki, bədəni şüurla idarə etməkdən uzaqlaş: bədən öz-özünə, şüursuz reaksiya verməyi öyrənməlidir, onda qarşıdakı döyüşçünün yaratdığı çoxəlli, çoxcizgili hərəkətlərə bədən sinxron, əlüstü cavab verəcək». Dünya stixiyasına adekvat olaraq çətinlik və mürəkkəbliklər hörgüləyən, sonra da bu hörgünü açmaqla məşğul olan mədəniyyətlərdə çevrilmə, dəyişmə, «entropiya qarşısında duruş gətirmək yolunu bulmuş toplumlar» ümumdünya savaşlarından qalib çıxır. Buna görə də «…Yeni çağ Batı toplumları «pazı pazla» prinsipindən çıxış edərək entropiyanın mürəkkəbliyi qarşısına sadə donmuş strukturları qoymaq əvəzinə entropiya ilə yarışan mürəkkəblik rejimini yaratmışlar». Çətinliyin, mürəkkəbliyin fəlsəfəsini anlamağın praktikası – onların içində bulunarkən çaşbaş qalmamağın instruksiyasını, çəmini yaradıb güvəncli edir. Yenilməmək, basılmamaq, sinməmək üçün, «primitiv mədəniyyətlər qatına» düşməmək üçün gərək daim uru durasan, gərilmiş yayda ox kimi olasan! Çağımızdasa mürəkkəblik rejiminə alışmadan yaşamaq, gərilmədən irəli sıçramaq mümkün deyil.
…Varlıq – sayılmaz variasiyalarında izah oluna bilər. Belə izahlar, açımlar müəyyən istiqamətlərdə aparılıb dərinləşdirilir. İstiqamətlər qabardılıb cərəyanlara çevrilir. Qüvvətli fikir cərəyanları o birilərini yenir. Sanki təbii seçmədə uduzan və sıradan çıxan fikir, düşüncə istiqamətləri isə, olsun ki, gerçək həqiqətləri daha düzgün ifadə edirmiş… Çünki adətən yanıltma və illüziyaların cərəyanlaşması onların dediklərindən əlçəkməzliyinə, sərt dirənişlərinə görə alayarımçıq, basmaqəlib olsa da, daha tez reallaşır, beləliklə, fiziki və bioloji həyatda olduğu kimi, fikir həyatında da milyon dürün bir neçəsi o birilərini basmarlayıb yeyərək yoğunlaşır, istiqamətə, cərəyana, doktrinaya, ideologiyaya çevrilə bilir. Sonra da həyatın təbii qarşıtlığından üz-üzə gələn bu yozum dürləri bir-biri ilə vuruşur. Bəlkə də həmin cərəyanlar, yönlər arasında itib batmışları rekonstruksiya edibən, Dünya Yozumları arasında olan sərt ayrıntıları yumşatlmaq, fikirlərarası, ideyalararası harmoniyanı, uzlaşımı tapmaq olar… Niyazi Mehdidə biz bu yönümlərin hər ikisini görürük: həm bir fikir xəttini, dəstini dərinləşdirib o birilərindən seçilməyərək üstün tutmaq, həm də aralarında tarixi çatlar yaranmış ideolojiləri, düşüncə boylarını «barışdırmaq», doğmalaşdırmaq, bir-birinə düşmən gözü ilə baxmamağın aracına, üsuluna tapındırmaq. Bu – əlbəttə, həyatın təbii harmoniyasını virtuozcasına duyan bir düşünərin seçimidir. Çətin və dolaşıq durumların kulturolojisi məhz buna görə də müxtəlif nəzəriyyələrin ona cürbəcür mövqelərdən yanaşması kontekstində açılır.
Bilgə, zamanın ən aktual problemlərini bu kulturoloji çevrədə araşdıra-araşdıra gəlib onların ən çətininin və dolaşığının – demokratiyanın üstünə çıxır. Düşünər, demokratik dünyagörüşünün tarixi təməllərini müəyyən edərək, onların cəmiyyət həyatında bünövrələşməsinin nədənlərini üzə çıxarır. Demokratiyanın yaranışını əhəmiyyətinə görə Kopernik devrimi ilə müqayisə edən və ondan özül qazandığını irəli sürən filosof göstərir ki, demokratiyanın Kopernik devrimi – dünya mədəniyyətində çoxculluğun özünə haqq qazandırması idi: «Uzun çəkən dönəmlər boyu həm Batı, həm Doğu ənənəvi toplum modelində bulunmaq istəyi ilə mürəkkəbliyə qarşı divarlar çəkməyə başlamışdı. Həm Batı, həm Doğu imperiyalar vasitəsilə etnik müxtəlifliyin ağır yükündən qurtulmağa can atmışdı. Hərçənd yenə də sonucda feodal pərakəndəliyi öz işini görmüşdü. Uzun müddət həm Batı, həm Doğu kültürdə yasaqların, «olmaz!»ların sayını artırmaqla azsaylı, rahat «olanlar» dünyası əldə etməyə çalışmışdır. Ancaq sonda Şərqdən fərqli olaraq məhz Avropa kültürü yasaqları artırmaqla sadə, rahat dünya əldə etmək illüziyasından əl çəkdi, mürəkkəbliyə açıq toplum rejiminə, bu proses nə qədər ağır olsa da, keçdi». O, demokratiya devriminə qədərki teoloji-fəlsəfi dünyaanlamının konstruksiyasını belə açıqlayır: «Tanrı varlıq «konusunun» zirvəsi kimidir, dünya isə aşağıya doğru pillələrin genişlənməsidir (genişlənmə isə çoxluğun artmasıdır). Bu fəlsəfi «tikilidə Tanrının simvolu bir, dünyanın bildiricisi isə çoxluq idi». Bu «tikili» prinsipində də cəmiyyət sahmanlanmışdı. Teokratik hakimiyyətlərdən avtoritar rejimlərə qədər bütün tarixi idarəetmə sistemləri də məhz Piramida prinsipi ilə qurulmuşdu. Tarixi gəlişmədə isə dövlət yönətiminin, idarəçiliyin Piramida forması getdikcə özünü doğrulda bilmir. Beləliklə, cəmiyyət və dövlət tədriclə «idarəçiliyin eninə-uzununa səpələnmiş dairələrə paylanması ilə razılaşmağa» məcbur olur: «Demokratiyada Piramida prinsipi ilə idarə edilən cəmiyyətin yerini… özünü idarəedən cəmiyyət tutur». Bu halda «çoxculluğun artması problemlərin tapılmasını dolaşdırmır, tərsinə, daha tez və effektli çözümünə imkanlar açır.» Cəmiyyət başa düşür ki, öz-özündən başlamağı öyrənməlidir. Demokratiyanın bünövrələndiyi vətəndaş toplumunda cəmiyyətin müxtəlif mürəkkəb həlqələrə toplanıb «səpələnmiş gücləri» hər hansı Monopolisdəki gücdən qat-qat böyükdür, davamlıdır, tükənməzdir, çünki həmişə öz çevrələrində azad şəkildə hərəkət edərək qaynaqlanmaq imkanları var, buna görə də onların lazımi situasiyalarda (məsələn, seçkilərdə, müharibələrdə) mobil toplanmaq şansları da çoxdur: «Demokratik toplumun Bircə kimi yox, mürəkkəbliyi özünə yığmış Bütöv kimi oluşu» var!
Niyazi Mehdi demokratik cəmiyyətdə sosial güclərin dinamikasını açıqlayaraq yazır: «Vətəndaş toplumu ayrı-ayrı qurumların quruluşları ilə qurulur. Ona görə də vətəndaş toplumu amorf, yəni formasız insan yığını deyil. Vətəndaş toplumu insanların dağınıq hərəkatı da deyil. Vətəndaş toplumu insanların bir iş uğrunda səf-səf düzülməsi, nizamlı hərəkatıdır. O bu mənada qurulmuş, quruluş biçimini almış topluluqdur». Demokratiyada makina prinsipi işə düşür və təsisatlanmış instruksiyalar mədəniyyəti yaranır. Cəmiyyət yuxarıdan amiranə hökmlər və diqtələrlə deyil, öz iradəsinin, həyat zərurətlərinin cızdığı instruksiyalarla hərəkət edir.
Demokratiyanı həm də böhran mədəniyyəti kimi xarakterizə edən Niyazi Mehdi demokratik cəmiyyətdə böhranın dərk olunmasını, böhran içrə yaşamaqdan başqa ayrı yolun olmadığını bu cəmiyyətin həyat prinsipi, dolanım prinsipi sayır. Demokratik cəmiyyət eyni zamanda onu anlayır ki, heç vaxt böhrandan qurtula bilmədiyi kimi, konfliktlərdən də qurtulmayacaq, konfliktləri zorla söndürmək cəhdi yeni konfliktlər düyününün vurulmasına gətirib çıxaracaq. Ona görə də elə etmək lazımdır ki, «konfliktlər bir-birini yox etmə savaşına çevrilməsin», «konfliktlər zamanı qarşı tərəfi məhv etmək illüziyasından əl çəkilsin».
Demokratiyaya ən müxtəlif yanaşmalardan, eləcə də Xaos nəzəriyyəsi və Sistem nəzəriyyəsindən dalan Azərbaycan düşünəri onun içərisini və çevrəsindəki kulturoloji məkanın həm maddi, həm də mənəvi qatlarını aça-aça Qərb və Şərq mədəniyyətində virtual örtüyün «kosmoqoniyasına» varır: «Mifoloji və ənənəvi dünya maddi dünyadan uzaqda duran semantik yumrucuqlar, laylar qatında çətinliklər və onları yenmək araclarını icad edirdi. Sonra isə bu dünya maddi dünyanı aşağıdan özünə qaldırıb orada «fırladırdı». Yeni çağda isə düşüncə, semantikləşdirmə, maddi dünyaya duman kimi çöküb onu bürüdü, Hegelin sevdiyi Varlıqla Düşünüşün bir olması, yəni iç-içəliyi, eyniliyi yeni çağda özünə ən güclü arqumenti qazandı. XX yüzildə Virtual məkan maddi dünyanı virtuallaşdırmaq əməliyyatına keçdi». XX əsrin əvvəllərindəki noosfer nəzəriyyəsi (V.Vernadski) Yerin virtual örtüyü, virtual sferasına təməl oldu. 1960-cı illərdə yaranan Virtual Gerçəklik (VG) texnologiyası isə virtual obyektlərlə işləməyin ən rəngarəng üsul və prinsiplərini hazırlayaraq insan fəaliyyətində yeni üfüqlər açdı…
Dünya – stixiyadır, əgər stixiyadırsa, deməli, virtualdır. Maddi dünyanın həcmi qədər həcmi, dərinliyi qədər dərinliyi, gizlincləri qədər gizlincləri var virtual dünyanın. «Virtuallıq olasılıqla, ola bilərliklə olmuşluğun bir-birinə adlamasının, Ruh, Qut aləmini çıxsaq, ən intensiv, ən gur məkanıdır».
Maddi substansiyalar qatından, onun həm ağırlığı, bərkiliyi, statikliyi, həm də yüngüllüyü, yumşaqlığı, narınlığı və dənəvərliyindən mənəvi substansiyalar qatına, onun yüngüllüyü, dinamikliyi, yumşaqlığı, narınlığı və dənəvərliyinə (və tərsinə) sayılmaz kombinasiyalarda keçim, dönüm varlığın ən mənalı fiziki, estetik və qutsal harmoniyasıdır. Bu keçim, dönüm sferalarından oluşan virtual məkan insana həm atomik, həm kosmik miqyasda əngin manevr imkanları açır. Bilgə bu imkanların çoxunu – həm sınanmışlarını, həm də sınanılacaqlarını, yeni texnolojinin potensial mümkünlüklərini, virtual gələcəyini axtarış və aranış predmetinə çevirir. O, «dayanıqlı substansiallığa qarşı qiyam», «olasılıqla çulğalaşmış məkan» kimi səciyyələndirdiyi virtuallığın böyüyən sferaları ilə çağdaş sivilizasiyada hansı köklü dəyişikliklər yapmasının sonuclarını da bəlli etməyə çalışır. Azərbaycan düşünəri «Konfliktlərin virtuallaşması XX-XXI yüzilliklərin tendensiyasıdır» paradiqması ilə onu da bəlli edir ki, Virtual Gerçəklik (VG) texnologiyası bəşəriyyətin oyun (əyləncə) praktikasından siyasət praktikasına qədər ən qlobal tutarda hər cür işinə, bütün nəsnələrə yaramaqdadır. Qalıb ondan neçə, hansı səviyyədə bəhrələnməyə.
Virtuallığı, əlbəttə, məhz belə dərin assosiativ düşüncə, total görüm fəlsəfəsi, metafizik qapsamla əhatələmək, öyrənmək, incələmək olardı ki, onu da düşünərimiz edib.
…Azərbaycan fəlsəfi mədəniyyətini dünya fəlsəfi mədəniyyətinə ən təbii qaynaqları ilə qovuşduran Niyazi Mehdinin fəlsəfi yaradıcılığı indi ən verimli, barlı çağındadır. Sözünün barı, hikmətinin varı tükənməsin Niyazi bəyin!