II hissə
İ n s a n ç a ğ ı
İnsan! Ey Kainatın Şeyxi, dünyanın paslı qıfıllar açarı!
Keçə bilərsənmi sən özün bağladığın qapılardan içəri?!
Özünə çatmaq heç deyil asan:
Dərin bir yolun lap sonundasan.
Özünü yaratmadan söndürdünsə əgər sən –
Çalıb göyün bətnindən Günəşi dəfn edirsən!
Selin gurhagurunda hamı üzür axınla, biri axına qarşı:
Axırsa damarında sel tək həqiqət qanı, yürü axına qarşı!
Hər budağı bar dolu həyatın cövhəri olmadınsa –
Sən o balıqsan ki, okeanda susuzluqdan yanırsan!..
Öncə deyərmiş peyğəmbərlər – olacaqlar qopacaq kimdən, necə, hardan:
Bəlkə odur əsil peyğəmbər – verə dünyaya xəbər olmayacaqlardan!
Budda deyir sön, Zərdüşt deyir yan!
Qopur sükutun ardınca tufan!
Bilgə boylanır “qızıl orta”dan:
Tapsın dünyanın nizamın tutan!
Cahil hara gedirsə, şər əlində piyalə.
Müdrik hardan gəlirsə, nuru başında halə.
Çilik-çilik çatlayar, cahil nəyə toxunsa,
Daşı çiçək çırtlayar, müdrik nəyə yaxınsa!
Nədir olmaq – adi adam
Nədir olmaq – dahi adam
Ötüb keçir yanlarından
Tək özünün şahı adam.
Gözü görməzə görünməz onlar –
Dünyanın görən gözü insanlar.
İnsan İnsana yanarsa gilə-gilə,
Axar gözündən yaşı da gülə-gülə.
Maddə hiss edib ki, doğulur Ruhdan –
Tanrının dünyanı yaratdığı An!
Nəyə toxunarsa, Can verə-verə –
O Anın qüdrətin yaşayar İnsan!
Nə vurnuxursan – sirr otağında:
Dünyada hər şey – göz qabağında.
Günəşi yandır – əl çırağında:
Bu körpə Özün – öz qucağında…
Həyatın ən yüksək həzzindən yaranır, ən dibsiz ağrısından ölürük:
Ən böyük təzad içrə həzin-həzin, kükrək-kükrək çırpınmaqda dirilik…
Qan tapır bir yaranış nöqtəsini sümüyün iliklərində,
Ruhsa toplar özünü hətta sınmış canın çiliklərindən!
Danışa-danışa ürəyinlə sən:
Dünyada yeni dil öyrənəcəksən.
Tanrı payı var bir ömürə onun hər saniyəsində:
İtirməzsənsə özün, kimsə ala bilməz ki əlindən!
Bir dəfə üzünə ayağım dəyən torpaqlar –
Min ilin doğması tək məni yadında saxlar.
Həyatın gündəlik qəhrəmanlığı üstün tək-tək olaylar çərəyindən:
Can yoğrulur günəşdən – hər gün yediyin, doymadığın təndir çörəyindən.
Əsrin əvvəlində doğulanlar daha dəymir gözə sonunda əsrin:
Amma gərəkdir tapsın zamandaş yerini hər kəs canında əsrin.
Vermədinsə dünyaya dalğa-dalğa əks-səda,
Heç qalmayacaq səndən bir quruca eks-səda!
Zərrə misalında özünü dərk et –
Tikanlı dünyanın gülünü dər, get…
Yerində bərk duran anlar:
Dünya buz üstə bərqərar.
Qaramat tökmə tale yazına:
Gül ki üzünə, gülsün üzünə.
Qalxar zirvəsinə pillə-pillə, təzə qanla –
Hər gün yenidən, hər gün özündən doğulanlar!
Qırılsın zəncirlər, sökülsün bağlar:
Kainatla bir döyünən qəlbim var!
Bulanıq dünyamızı kim duruldacaq?!
Yerdə Günəş tək doğan insanlar ancaq!
Eşələ özünü, qazı özünü –
Dərinliyindən mütəfəkkir çıxacaq.
İçinə yerisə pası üzünün –
Püzəsi süzülmüş həsir çıxacaq.
Fit çalıb ötsən dünya burulğanında, harmoniya yaratmasan,
Sən – xaos çınqıllığında divanə əsgər çapan yəhərsiz atsan.
Qazındıqca qat-qat üzü, içindən bəlirlənir insan cövhər-cövhər:
Zibil qutusuna baş soxan kişi! Elə özünsən – axtardığın zər!
Kim kimdən artıq yaşadı, kim kimdən əskik:
Hamının taxıldığı yer bir boyda üskük.
Sökülməyincə içərində ruhunun zəncirləndiyi zindan,
Nə çıxar boyunduruqdan qurtulub buxova taxılmağından?!
İçində həşəratlar niyə oynaşsın ki sənin,
Gömüləndə çayana yem olacaqsa bədənin?!
Həqiqəti dilinə gətirməyən bir insan
İstəməz də eşitsin onu başqa ağızdan.
Görməməkdən də betər:
Qorxur ki, birdən görər!
Açılırsan – suyun axar və gur olmasını görəndə.
Qapanırsan – gözün baxar və kor olmasını görəndə.
Zaman sənin üstündən yox, içindən keçir.
Heçlik sənin hisindən yox, südündən içir.
Qafasına taxsa ki, bu dünyaya gəldi-gedər qonaqdır insan –
Al günəşin qızmarında bir köpəyin içdiyi yalaqdır insan!
Qaldıqca çat verəcək hər tərəfindən –
Olduqca başın bədən əsarətində.
Özün özündən əskiksən –
Adamdan artıq deyilsənsə.
Hər yeriyən İnsan olsaydı, nə vardı…
Addımları qaranlığa işıq salardı…
Bütöv bir can: fəqət edir bir-birini gör necə inkar –
Başının içindəkilərlə dilinin ucundakılar.
Nə üçün yararlanmadın, ey kəs, insan tək doğulmağından:
Bircə daşından nişangah belə özünə umma çağından.
Ölənədək ömrünü keçirdin qarma-qarışıq –
Həyat axdı yanından, içmədin ondan bir qaşıq.
Tərsinə yerimək kimidir yanlış yaşanmış həyat –
Son uçuruma çatanda səsin tanımaz səni: “ey dad!”
Qaranquş İnsana dedi:
Fəlsəfə fəzasında uçmağı öyrənsən məndən,
Dostum, mən də bir şey taparam öyrənməyə səndən.
Qılınc İnsandan soruşdu:
– Parıldayır bu üzün, parıldayır o üzüm: sən itisən, mən iti?
– Sən qınına girərsən, heç kim ram edə bilməz quduz dişli mən iti.
Diriykən boğuşur insanlar diz altda, dam üstdə, at yəhərində
Daşlar da daşlardan hündürə qalxır qəbiristanlıq şəhərində.
Bilməm ki, nədəndir: yatır-durur insan – dönüb olur cin şəklində.
Bircə addım qalıb buna: düzəltsin atomu göyərçin şəklində.
İnsanlığın qurtardığı yerdəcə başlar – cahillik:
Azadlığa zindan olacaq – orda nə tikirsən tik!
Dünyaya anlamaz gəlib qanmaz gedənlərin yasında yamacdan bir daş götür qucaqla.
Daşı basdır kol dibində, lal oluban qal dibində, çətirlən üstünə, doyunca ağla…
Yalana alışdıqca, bütün rənglərə daltonik olur insan.
Bir dərəyə doluşur şumal insan, çopur insan, qotur insan.
Harda dəmir varsa – nəmində pası varmış…
İnsan varsa da orda – tullantısı varmış…
Başqa adın yox sənin, yalnız Əzələ:
Bədən dilində danışırsansa hələ.
Qoşa gedən iki adam bir boyda-bir buxunda:
Birinin içi Kainat, birinin içi Zindan.
Özü vağ, söz qaqqası lax,
Sənəti guya siyasət…
Ekranda bu vücud ancaq –
Pencək-qalstukdan ibarət…
Heç görmüsənmi özü yeriyən əsa,
Əlüstü yıxılar, tutanı olmasa.
Bir damcı qanını qıymırsan ditdili dada,
Dolça-dolça qanını içirirsən cəllada.
Qapandığın yerdən qopmamaqdasan…
Toyuğa çevrilər qus da – uçmasa.
Cırlaşmağa məhkum
Qoltuqdakı hər kim.
Dayaz həyatın üzünə çıxandan bəri,
Üz də alır düşüncəsizlik cizgiləri.
Bir tikə saf yerindən səni diddikcə didər:
Təmizdirmi vicdanın barı dişlərin qədər?!
İncimə nə Arazdan, nə Kürdən:
Axacaqsan – deşildiyin yerdən.
Qazanarsan, pul üstünə pul gələr
Xərcləməkçün yer tapmağa var nələr
Sümükləri mərmər daşın heyranı –
Bahalı məzarda ucuz ölülər…
Dünyanın qulağından özünü brilyant sırğa tək asır
Onun yel təkəbbürdən cırılan ən cındır personası.
Toxunulmaz kimsələr var dərində: ölülər.
Başına dirilərin hər döngədə daş dəyər.
Etsəydi hər ağaran saqqal insanı ağsaqqal,
Sığallı quyruğundan Kəbə yapardı hər çaqqal.
Varlığı bilinmir heç: başdır bu, yoxsa qarın –
Sinəsi qalxıb yatır nəfəs alan yoxların.
Ey Şir!
Alovundan keçdiyin burum-burum halqaların sonunda yal var.
Səni ram etmiş pişiklərin sürün qabağında, əlinə yalvar.
Böyük savaşlardan çallaşaydı kaş:
Amma ki, dığ-dığdan ağarıb bu baş.
Necə mükafatlandırılacaqsan:
İblisi yolundan çıxaran insan?!
Dünyanın böyründən sürüşür –
Pəncərəsiz dünyagörüşü.
Tutmasan, sənin deyil göydən düşən üç alma:
Ağacını ək ki sən, gözü göydə qocalma.
Zaman bütöv, əlindəki parası
Ağ günlərin gözəyində qarası
Həyat elə bu cızığın içində –
Aldığınla verdiyinin arası.
Hədəf dörd tərəfində, bəlkə deyil uzaqda:
Məqsədə yetmək üçün çatmır iki ayaq da.
Həyatı – yaşayır, ömrü – sürürsən:
Ömrü Həyata yüksəldə bilsən…
Bu sual həmişə qarşında dik:
Tikdiyin evdirmi, yoxsa evcik?
İnsanın yanıq iyi gəlir havadan
Deyəsən, dərisi yox, içidir yanan.
Qapılar döydün, açan olmadı
Səni döyməyən qapı qalmadı.
Hələ də İnsan –
Tələdə İnsan.
Çətin olduğunu mümkünmü danmaq?!
– Baş-ayaq dünyada dim-dik dayanmaq.
Sayğın, dolğun ömrün sonuna yetəcək dilək:
Təhlükələr dünyasında sağ-salamat ölmək.
Böyük ümidlərim var gələcəyinə bu qocanın!
Yenər qat-qat cavanları damarında daşan qanı!
Naşı-naşı çalınan yaşıl səsi kəsik qamış
Canı pərçim qəfəsə didərgin ruhu sığmamış
Var qutsallıq odası salmağa hey onda, axı,
Göydən düşməmişsə də insan, yerdən də çıxmamış.
Səndən öncə dünya vardı, səndən sonra olacaq,
Yoxluğuna səndən cövhər, yoxsa palçıq dolacaq?!
Sən Ansan ki zaman qayasından qopan bir çınqıl:
Doğacaqmı Ana – Əbədiyyət qazandıran çağ?!
Gəlmədin ki dünyaya – əl-ayağa dolaşıb künc-bucaqda qalasan.
Gəldin ki dünyaya sən – onun Can-orkestrində Ruh-dirijor olasan!