“Çağlar” silsiləsindən ayrıclar
S ö z ü n Ç i ç ə k l ə m ə s i
Biz insanlar harda oluruqsa olaq, necə yaşayırıqsa yaşayaq, nə düşünürüksə düşünək, hansı əməldə bulunuruqsa bulunaq, kimlə qonuşuruqsa qonuşaq, mütləq şəkildə müəyyən zaman qatında – onun bir bənzərsiz çağındayıq. Biz, əslində, çağdan çıxıb çağa giririk: bir-birinə körpü, bir-birinə uçurum olan çağlara. Çağlar nəfəs kimi bir-birinə calanıb bizim ömrümüzü yaradır. Saat, təqvim, salnamə ilə ölçülməyən Çağ – Ana Əbədiyyət qazandırmaq gücündədir. Tarixi Zamanın mahiyyəti, əslində, belə oyandırıcı çağların yüklənə-yüklənə buğumlanmasından ibarətdir. Əlbəttə, zamanın bütün çağları dəyər törətmir. Dəyər qatında mənəviyyat, duyğusallıq, dərinlik, əxlaq, idrak, bar… yetişdirən çağ ömrü Həyat pilləsinə qaldırır. Biz bəşəriyyət bütün gəlib-getmişlərimizlə birgə ya Həyat pillələrinin yan-yörəsində girələnənlər, ya da onun aşağıdan yuxarı hansısa yüksəkliyində dayananlarıq. Çağı – yüksəklər, yüksəkləri – Çağ yaradır. İnsanla Zamanın ali müttəfiqliyi məhz yaradıcı məqamdadır. Şeh damlaları qızmar səhrada buxarlanan, yumurtalarını kərtənkələ yeyən zamandan bizə nə. Gəlin, Zamanın Söz çiçəklədən, Poeziya ilə Fəlsəfəni mənim ayrıclar adlandırdığım yığcam poetik biçimlərdə vəhdətə gətirərək atomik fikir toxumlarını ərsəyə yetirən çağlarını birgə yaşayaq!
1
Varlıq Çağı
Təbiətin cövhəri toxumdan başlanğıcın:
Dünya sənə hamilə: güc ver doğulmaq üçün!
Endir Kainatı – açılan qəlbinə endir!
Hər qatında gizlənən dürlü həyatı dindir!
Uğruna vardığın yolun Həqiqəti mübarək:
Sən Tanrının Qəlbisən – Tanrı Sənin Qəlbindir!
Dünya, sənin hər dənən, hər yarpağınla dostam!
Hər damlan dəryam olar – ömrümcə içdiyim cam.
Dağlar və okeanlar: biri yerdən, biri göydən yaranıb!
Bəs İnsan? – Varlığın od Qəlbinin çaldığı neydən yaranıb!
Göylərdən görünən nə ilahi mənzərə:
Yer-zərrə üzərində saçılan mən-zərrə.
Açılsan yazın ilk çiçəyindən də qabaq –
Tiksən, sənə məxsus göyün altındakı tağ!
Duzlu göz yaşımız okeandan yadigar.
Dünyaları bağlayır simlərində bu sitar.
Doğmalıq cazibəsində deyilir içdən: qan qanı çəkir,
Kainatda törə dünyalar da eləcə: can canı çəkir.
Dağın dibindən qaynar – zirvədəki bulaq da.
Görünməyən köklərin bar-bəhəri – budaqda.
Rişələnsən qınını yırtan toxum tək:
Görəcəksən – Ruh Cisimdən daha gerçək!
Kosmosu dərk etməyəcəksə bu çocuq, fərqi olmayacaq:
İstər kosmonavt tək göyə çıxsın, istər meymun tək ağaca.
Gündüzlər ulduzlar işləmir, gecələrsə günəş:
Sənə sadiq – dayanmadan döyünən ürək-atəş!
Varmı Təbiətdə anlamı bunun:
Sahil – dənizindir, yoxsa qurunun?!
Xatırlaya bilərsənmi gördüklərini bətn teleskopundan?!
– Kainat yaddaşın oyanır canında oradan qopan andan!
Doğum-ölüm həyatın nisbi sərhədləridir – bildim işıqkən:
Ayrı bir görsənişində varlığın biz haçan olmamışıq ki?!
Okean toxumundan göyərmədikmi, qardaşım balina, bacım zürafə.
Görüşərik ana yurdda doğmalarla – yerdən-göydən gələnlərlə bir dəfə.
Axır dünya enerjisi çaylardan və damarlardan…
Bu dövrəmin sonu harda çatar, başlanğıcı hardan?!
Hər uyuyan zərrədə bir Günəşin atəşi vardır,
Haçan od tutub yandığını sordunmu ki qardan?!
Hər yarpağında tökülər, hər çiçəyində açarıq
Yaranışından dünyanın hər görsənişində varıq
Bir ömrün nəqşi – kəpənək qanadlarındakı hər xal
Suya-günəşə-torpağa çatınca, dən tək çırtlarıq…
Ünlər içrə şırıltısı həyat bəslər, tanı, su.
Axar, buxar, donar olsun, aləmin dövranı su.
Damla-damla yol arar okeanından şehinə,
Dolanır damarlarımda, Kainatın qanı – su!
Hərə öz dünyasında yaşarkən nə tərpətdi səni:
Göylərdə uçan quş da duyar yerdəki zəlzələni.
Çaylar və şəlalələr qoymur ki, yatsın meşə:
Mənim də varlığımda meşə kükrər həmişə.
…Dedin, hansı janrda yazılıb dünya? – Bütün janrların qarışığından.
Onda gəl xizəklə sürüşüb keçək: dərəli-təpəli qırışığından.
Yarğanları yarır dalğa-dalğa səs
İnsan – nəsil-nəsil buğumlanan kəs
Pıçıldanır Təbiətin Ayəsi –
Bütöv bir həyatı al nəfəs-nəfəs.
Torpağın azına bəsindiyindən
Fəzanın çoxunda var səltənəti.
Qardaş-ağacların hər haqqına tən
Kökündən ucalır sərv ləyaqəti.
Sonuncu qaranquş üzüldü göydən
Köksün son ahı da süzüldü neydən
Səmanın bu səssiz toranlıqdakı
Oxudum apaydın kitabəsin mən.
Gün batdı, ömürdən çaldı bir günü
Daddınsa, gül ömrün baldı hər günü
Hopdusa illərin çatlağa, bəlkə,
Bir ömrə dəyəni – qaldı bir günü?!
Qanadları necə endirər yerə, uçarkən ürəyi dayanan quşu?!
Meteor əfsanəsi cızılır göyə: bir zamanlar ürəyi varmış daşın…
Seçmək olmur toranlıqda baxınca,
İki kölgə bir-birinə yaxınca:
Bu ölümmü çapır qoca yalınca,
Ya qocamı qaçır ölüm dalınca…
Ey Qar! Ağı çaş çalarıyla asimandan sən əndərməzdin yerə:
Səadətdən kəfənə, çiçəkdən yalana, duvaqdan da zəhərə…
Nə qədər yüksəkdə uçsalar da, dünyanı güzgüsündə əks etdirməsindən tanıyar suları quşlar:
İstər qürbət, istər vətən olsun, ana qucağı tək doğmaca yurda enər qanadından vurulmuşlar!
Qışqırtılı dünyada tək balıq ölür səssiz,
Yumub-açır ağzını sanki yuxuda vaiz.
İti qarmaq ucunda çırpınsa da quruda,
Dəryaların sirrini ondan ala bilməzsiz.
Duymaq olur qabar Yerin hər nəfəsindən –
Qurtulmaq istəyir yazıq insan hisindən.
Yarısını itirmiş Təbiətdən qopanda,
Yarısını itirmiş Tanrıdan ayrılanda.
İndi deyin siz mənə, sıfır olmuş adamla
Necə dil tapmaq olar donqarlaşmış zamanda?!
Bir çöllüyün yavrusu ətyeyənlə otyeyən.
Parçalasın bir-birin, yırtsın gödəni gödən.
Burda suç axtarılmaz – ayrılmaz su ilə qan.
Özümə yer axtarım?! Nəyə üsyan edim mən?!
Üzü buz bağlayan gölün suyu qalıb əsarətdə:
Xilasına yol axtarır bircə nəfəs hərarətdən!
Qarmağına balıqçının balıq deyil, düşüb dünya:
“Bu da itin payı” – deyir, götürüb atır torbaya.
Epoxaların da bir gün tək gecəsi, gündüzü var:
Var gecəni aydınladan, gündüzləri qaraldanlar.
Görəsən, necə görsənəcək gələcək?!
Dündən bugünə necə dönmüşsə eləcə?!
Dəyişən baş olacaq, yoxsa papaq?!
Fəqət baş barmaq olmayacaq çeçələ.
Axtaraq görək, harasında qalıb dünyanın durusu:
Tapmasaq, bil, lil yalağından heç it də içməyəcək su.
Azında həyat, çoxunda daş planetlər Günəş başında dolanır:
Kimi qurur ölkəsini bağrında Günəş, kimi də qurdalanır.
Ondanmı yüz iyirmi dörd min qurban kəsilmiş dizimiz altda:
Bəlkə bir halal süd əmmiş peyğəmbər yetişsin bu Kainatda.
Yeni bir kainat inşa edərdi Yaradan
Dünyada indiyədək çəkilən ağrılardan.
Kükrəyən-çalxalanan şər-okean ortasında bir damla insanlıq adası.
Bu adanın ortasında yazılır onun odası, tikilir onun odası.
Yadına gəlirmi qırx il öncə yediyin o dadlı yemiş:
Yox damağın daddığından cana sinməmiş, ruha köçməmiş.
Qaranlıqlar içrə şüası iti, yarıb-keçən bir qaranlıq da var:
Bütün qaranlıqlara sipər İşıqla becərilmiş Nur-Qaranlıqlar!
İlahi! Bu səhər Sənin üzünə açılan çiçək kimiyəm…
Dumduruyam, İlahi, bütün Kainatı şəffaf görürəm mən…
Yanılmaram, İlahi, minmərəm bir daha batacaq gəmiyə…
Dünyanın ən tünd, Nuhdan qalma şərabını son günümdə gərək içəm Kainatın sağlığına!
Qurtulub kvadrat zamanın əsarətindən çıxam sonsuzluğa – sfayros zamanın süd ağlığına!