İkinci hissə
Sən tarixdən xəbərsizsənsə, dünyanı – gerçək kimi deyil, yuxu kimi qavrayacaqsan, sən fəlsəfədən xəbərsizsənsə, dünyanı – mahiyyət kimi deyil, hadisə kimi qavrayacaqsan, sən incəsənətdən xəbərsizsənsə, dünyanı – duyğusal aləm kimi deyil, quru materiya kimi qavrayacaqsan, sən elmdən xəbərsizsənsə, dünyanın içində deyil, qırağında yaşayacaqsan.
Dostoyevski ədəbiyyatda realizmi gərginliyin o həddinə çatdırır ki, insan öz varlığını həyatının, yaşadığı çağın (konkret situasiyaların) və ümumdünya tarixinin birgə sınağına çəkə bilsin. Məhz bu optimumda İnsan – faciəni hadisə kimi deyil, tale kimi yaşayır.
Bethoven və Dostoyevski. “Doqquzuncu simfoniya” və “Karamazov qardaşları”: kütlə yox, tək olan, silahı deyil, ruhu qaldıran, intiqamla deyil, sevgi ilə alışıb yanan, heç kimi ittiham etməyib dünyanın bütün yükünü öz çiyninə götürən insanların vəhdətindən yaranan böyük qüdrətin gurlayışı – bəşəriyyətin həyatını dəyişdirəcək gerçək mənəviyyat inqilabının iki möhtəşəm dalğası. Bu dalğalar möhtəşəm olduqca həm də o qədər zərif ki, bir körpənin qana boyanmış telini, qorxudan titrəyən barmaqlarını, məsum göz yaşlarını da üzərində saxlayır – müqəddəs kitab kimi!
Dostoyevskinin “gülən adam”ı: “Mən istəmirəm və inana bilmirəm ki, şər insanların normal vəziyyəti olsun.” – Şər bu statusu qazanmaq üçün min illərlə vuruşub. Hətta siyasətdə öz apologiyasını tapıb. Onun üzdə görünmədən reallığı mahiyyətcə fəth etməsinə qarşı bu şəkildə çıxmaq – sadəcə, xeyirin əks-paradiqma kimi irəli sürülməsi deyil, əslində, homo-sapiensin vəhşiyyətdən qurtuluş cəhdinin substansial ifadəsidir. Miladın iki minilliyinin son iki yüzilliyində ayaqyalın insan xaos sivilizasiyasından harmoniya sivilizasiyasına beləcə qanaya-qanaya, ancaq daha qətiyyətlə çıxmağa çalışır.
Qabriel Qarsia Markesin “Yüz ilin tənhalığı”: insan dünyasından ayrı düşmüş Makondo kəndində Buendia nəslinin yüz illik hədər canfəşanlığı. Təbii-tarixi inkişafında çat əmələ gəlmiş bu nəsil qopduğu sivilizasiyaya yenidən qovuşmaq istəyir. Fəqət artıq ondan çoxdan aralanıb irəliyə sıçramış “yetkin” sivilizasiya geri dönüb heç ona baxmaq da istəmir. Makondo isə bu gün də sivilizasiya tərəqqisindən kənarda qalmasından üşənməyən, narahatlıq keçirmədən öz natural-arxaik həyatını yaşayan rudiment qəbilələrdən deyil. Onda, heç olmasa, sivilizasiyanın ətəyindən yapışmaq yanğısı var. Çünki onunla vaxtilə bir yerdə olub!.. Nəhayət, nazəndə sivilizasiya öz “desant-elçilərini” Makondoya göndərməyə başlayır. Melkiadesin buraya gətirdiyi “yeniliklərə” yerlilər ağlasığmaz kəşflər kimi baxırlar. Buendia nəslinin başçısı Xose Arkadio hesab edir ki, maqnitlə yerin altından qızılı tapıb çıxartmaq, foto vasitəsilə Allahın mövcudluğunu sübut etmək olar. Arkadio başqa bir qaraçının gətirdiyi buz külçəsinə əlini vurub deyir: “Bu – bizim zəmanəmizin ən böyük kəşfidir…” “Yetkin” sivilizasiya özü bu kəndin ayağına gəlir və yüz il həsrətlə, çırpına-çırpına ona can atan bu məkanı murdarlayır… Yüz il yaşayan Ursula qarı ilə həyatını başlamış Buendia nəsli cəmi bir gün yaşayıb qarışqalara yem olan körpə ilə sona yetir. Markes Taleyə tarixi inamın Buendia faciəsini də artırır. Meşə cəngəlliyindən çıxmaq istəyən Makondolular sivilizasiya cəngəlliyinin kandarında qırılıb qurtarırlar… Hə. Yalnız bir nəfər xilas olur: gözəl Remedios göyə uçur!..
Əsərində müəllif iki halda görünməyə bilər: ya – əsər ustad qələmindən elə çıxır, yaradıcı yaratdığına, onun ideyasına elə süzülür ki, burada müəllif tam görünməz olur; ya da – əsərin öz mövqeyi olmadığından orada “gizlənmiş” müəllifi Diogen çırağı ilə də, İNTERPOLla da axtarsan, tapa bilmirsən. Əsərlərinin bataqlığından şou-sənət dünyasına sıçramış belə müəlliflər, gör ki, həmişə vağ kimi göz qabağındadırlar.
Universal yazıçı: qarşıdan realist, arxadan naturalist, altdan postmodernist, üstdən romantik, soldan sağçı, sağdan solçu, divar dalından nihilist, süfrə başında xaşist, uzaqlaşanda nida, yaxınlaşanda nöqtə kimi görünür.
“Şair xalq”: yalnız poeziya sənətinin ucuzlaşdığı, bayağılaşdığı, məsuliyyətsizləşdiyi, bütövlükdə isə cəmiyyətin özünü tanımadığı, mahiyyətinə həssaslığını itirdiyi, şairin xalq, xalqın şair yerində oturduğu bir məmləkətdə belə cahil hökm çıxarmaq olar.
Bir məmləkətin ki 5 min dənə şairi, 5 min dənə aşığı, 10 min qaramollası, 50 min çalıb-oxuyanı, yalnız bir dənə siyasi qibləgahı ola, onun görən gözünün, eşidən qulağının, danışan dilinin, kəsən ağlının olduğuna kimi inandıra bilərsən?!
Canis lupus hallstromi cinsli universal itlər var Yeni Qvineyada: quşlar və balinalar kimi oxuyur, hərdən bir it olduğunu yadına salıb hürür də – həm biznes, həm elm, həm poeziya, həm musiqi.., həm də hökumət işləri ilə məşğul olan universal məmurlar kimi.
Kleptokratlar nə qədər cidd-cəhdlə özlərini göz qabağında parladırlarsa da, haram var-dövlətlərini bir o qədər gizlətməyə məcburdurlar: dərdə bax, ağlasığmaz pulların ola, ancaq qanuni şəkildə böyük kapitala sahib varlı təbəqə statusunun aclığını çəkəsən! Ona görə də xalqın firavan dolanışığına imkan verməyən kleptokratlar onun içərisindən varlı və nüfuzlu insanların irəli çıxaraq, qüdrətli sosial sinif kimi formalaşmasına düşmən münasibət bəsləyir və bunda özlərinin sonunu görürlər.
Əbədi məmurlar diyarında başqa ölkələrdən yüksək təhsil alıb qayıtmış gənclərin çox böyük perspektivi var: onlar dəryaz çalmağı, dana otarmağı, eşşək çullamağı, at-araba qoşmağı, kələm daşımağı, xışla yer şumlamağı, xaralla pambıq yığmağı, qəlyan tüstülətməyi.., zəmanəmizin və s. aktual əməllərini bacarsalar, dala soxulub irəli gedə, cəmiyyətimizin layiqli vətəndaşı ola, dədələrinə papaq, nənələrinə tuman, özlərinə də arvad ala bilərlər.
İnsan Vətənində kirayənişin kimi yaşamasına davam etdikcə və buna həyat tərzi kimi özünü öyrəşdirdikcə, onu əzib-sıxan qəliblərin getdikcə daralması ilə daha da yumrulanıb-kirpiləşəcək, təpiklənib-kənara itələnəcək, səssizcə qısılıb-marginallaşacaq.
Nəinki anlamır, yanlışa çökür, hətta anlamadıqlarını, yanıldıqlarını gerçəyin yerinə soxur, bərkidir, doğrunu azdırır, həqiqəti düşüncə məkanından sürgün edir, sağlam mühakimənin kökünü kəsir: bax, budur, funksional yekəbaşlıq.
İstər fərd olsun, istər milyonlar – kütün sərhədləri olduqca dardır: o özündən, mənafelərindən kənar həyatı heçnəlik, zibillik sanır. Ona görə də oranı batırır. Küt heç zaman canlı, yaradıcı həyat sferasına daxil ola bilmir. O daim həyatla qarşıdurmada, onu tapdalamaqda, zibilləməkdədir.
Boşluğu doldurmağın həmişə cürbəcür üsulları tapılıb – “selfie”də olduğu kimi: məsələn, ekstravaqant pozalarda dayanan bu yelbeyin elə zənn edir ki, o hər çəkilişində özünün yeni bir səhifəsini açır, nə qədər qeyri-adi incəliklərlə süslənməyi bacardığını nümayiş etdirir. Cəmiyyət bu sayaq çoxdəlikli formalizmin içində itib-batması, sürtülüb ovalanması ilə həyatın dərin mahiyyətindən nə qədər uzaqlaşdığını heç təsəvvürünə belə gətirmir…
Hamı tökülüşüb İnternet şəhərinin küçələrinə. Tora düşən balıq xilas olmaq üçün çırpınır, “www” toruna düşən insan-balıqlar isə qəlsəmə dolusu qonuşur, üzgəcləri ilə bir-birinə “salyut” verir, bütövlüyünü itirmiş kəsik-kəsik həyatın bəxtiyarlığını yaşayırlar. Fəqət “www” – özünün bütün genişliyi, informasiya arsenalı, yastı münasibətlər palitrası ilə bir sufi hücrəsinin miqyasında və substansiyasında deyil.
Yaponlarda təzim (odziqi) və onun mərasim praktikası ənənəvi ehtiramlı münasibətlərin örnəyidir. Amma skepsis yenə dinc qalmır: bəlkə də onlar salamlaşanda təzim edərkən tamam əks-yanaşımı anladırlar: “Mən Səndən yüksəyəm. Mən qarşında qat-qat əyilərkən, öz ucalığımdan Sənin səviyyənə qat-qat enməyə çalışıram.”
Slavyansoylu slovaklar “dobre” sözünü kəlməbaşı, az qala nəfəs kimi, nəcib mental və fizionomik keyfiyyətlərini yoğururcasına, tez-tez işlədirlər. Hər bir xalqın belə çox işlətdiyi aparıcı sözlərin dəsti onun milli mənəviyyatının arxitekturasının əsas sütunlarını yaradır.
“Dəli şeytan deyir…”: deməli, biz azərbaycanlılar şeytanın da ağıllısına yox, dəlisinə qulaq asırıq. Ona görə də bizim milli genofondumuzda dəliqanlılar çox, cəsarətli insanlar azdır. Biz deyinirik, amma sözümüzü kəsərində demirik. Biz dalaşırıq, amma dirənmirik. Bizim bütün qapılarımız içəri açılıb özümüzə dəyir.
Yeni coğrafi parametrlərlə Azərbaycan ərazisinin təxminən 88 %-i Asiya, 12%-i Avropa qitəsinin payına düşür. Bizim transkontinental ölkəmiz təxminən elə bu faiz nisbətində “asiyalı Azərbaycan” və “avropalı Azərbaycan” mahiyyətimizi əks etdirir.
Adamlar əksəriyyətlə “mənəviyyat dilində” deyil, “münasibətlər dilində” danışır. Sosial psixologiyada etiket formalizmi belə daşlaşır. Nəticədə, qıtlıq çəkən davranış mədəniyyəti öz təbii dərinliyinə və dolğunluğuna çatmadan öləziyir. Nə soyuq təbəssümlər, nə şit zarafatlar, nə sıx ziyafətlər adamları “qaynaq etmək” gücündə deyil. Beləcə, ürək hərarətindən, həqiqi səmimiyyətdən, sayğılı etimaddan qızınmayan cəmiyyət – doğmaların yox, yadların otarılmış oylağına çevrilir. Millət birlik amaclarında həm də bu nöqtədən – psixoloji oynaqlarının duzlaşmasından ağrıyır.
“Hamı yatıb, Cırtdan oyaq”. Bizim ictimai-siyasi düşüncəmiz gərək bu paradiqmadan ibrət ala: bütün dünya yatanda, bizim Cırtdan oyaqmış! Bəs indi niyə yataq?! Budur gerçək: Cırtdan –bizim xalq qəhrəmanlarımızın ən ucasıdır, Bayraqdarıdır!
İnsan düşünürsə ki, onsuz da ölüncəyədək dünyanı dəyişməz görəcək, nəinki qısa ömründə, heç uzaq gələcəkdə də ümumdünya harmoniyasına çatılmayacaq və idealların dəfn olunduğu tarixdə ona doğru atılan bütün addımları da ilğım sayaraq şüurlu şəkildə qınına çəkilir, – amansızca yanılır o!
_____
* “Çarpımlar”
– “Reflektiv Deyimlər” (“Reflection Quotes”) anlamında