Özünüyaratma
Universum bütün sonsuz yaradılışlarında və hər bir yaradılışının bütün mərhələlərində harmonik şəkildə öz kamilliyinin daha yüksək formalarına doğru inkişaf edir. Universum – özünütəkrar deyil, sonsuz zaman mövcudluğunun hər anında permanent-harmonik özünüyaratmadır. Qalaktika, meteqalaktika sistemlərinin, Günəş ailəsinin Yer kürəsində İnsanın yaranması ilə nəticələnən təkamülü bunu təsdiq edir.
Kainatın Günəş sistemi məkanında – yer kürəsində həyatın əmələ gəlməsi – onun özünüyaratmasında ən böyük və əhəmiyyətli hadisə olaraq dünyanın maddiliyindən mənəviliyinə (Materiyadan Ruha) və əksinə keçilişinin ilk mərhələsi kimi ona görə unikaldır ki, məhz bu təkamül prosesində təşəkkül tapan insan tarixi öz optimumunaçatma durumunda kosmosivilizasiya ilə geosivilizasiyanın daha yüksək elmi əsaslarda münasibətlərinin qurulmasına zəmin hazırlayır. Antik fəlsəfədən müasir kosmologiya və astronavtikaya qədər ardıcıl düşüncə tarixi, ideya layihələri kosmoloqosla homoloqosun bu vəhdətinə çatılmasına səy göstərmişdir. Bu vəhdət sayəsində insan – ən yüksək intellektual səviyyədə, ali mənəvi-ruhi qatda təbiətin özünəbaxışı olur. Təbiət – yaratdığı insan və onun idrakı, mənəviyyatı vasitəsilə özü-özünə baxır, özünü dərk edir. Kainat harmoniyasında kosmik subyekt olan insan – təbiətin özünüdərketməsi, kosmik (noosferik) subyektin – insanın fəaliyyəti – təbiətin özünüdərketməsinin prosesi olur. Buna görə də yer planeti üzərində homosivilizasiyanın genişlənməsi, genişləndikcə məzmunlaşması, mahiyyətləşməsi məntiqi kosmoloqosun məntiqinə proeksiya oluna bilir. Kainatın genişlənməsi (R.Tom və V.İ.Arnoldun nəzəriyyəsinə görə) homosivilizasiyanın tarixində xüsusilə qloballaşma aktı ilə özünü sosiumda təkrar edir. Biosfer sistemi ilkin birhüceyrəli orqanizmlərdən hominidlərin, həmin mürəkkəb quruluşlu canlılardan homo sapiensin yaranışınadək özünüquruluşlayıcı təkamül prosesi keçmişdir. Məhz insanın planet tarixində meydana çıxmasından sonra biosferlə antroposferin xaoharmonik sinergiyalı münasibətləri formalaşmışdır. Biosfer təkamülündən onun tərkib hissəsi, inkişaf dönəmi kimi insanın yaranışı – planetin psixoloqos-həyata başlaması, deməli, insanın özünüyaratması tarixinin, dünyanın gələcək idarəolunması, özünüidarəetmə tarixinin açılması perspektivinin, eyni zamanda, vəhşi-həyat törəmələrindən etik-həyat alternativinin seçilməsinin ilk mərhələsidir. Yer kürəsinin geoloji tarixinin indiyədək davam edən təkamül mərhələlərində noosfer dönəminin yaradıcısı insan öz sosial təbiətində bundan sonra hər iki təkamülün – biosfer və noosferin qarşılıqlı əlaqəsinin – koevolyusiya balansının strukturlaşdırıcı dominantlığını yaşatmaq zərurətini daşıyır. Beləliklə, insan tarixə başlasa da, yenə təbiət olaraq qalır. İnsan nəinki Universumun genezisini, həm də onun bütün təkamül tarixinin kodlarını öz genomunda yaşadır. Bu mənada demək olar ki, İnsan – Kainatın “son improvizasiyası” – elə o Kainatın yaşıdıdır. İnsan Kainatın harmoniyayaradıcı başlanğıcını planet həyatında Mədəniyyətin prioritetinə çevirə bilən varlıq kimi xüsusi missiyanın daşıyıcısı olur.
Harmoniya ən qədim çağlardan müasir dövrədək – mifoloji təfəkkürün yaranışından elmi təfəkkürün formalaşmasına, bundan da elm və humanitariyanın indiki səviyyəsinədək – mədəniyyət düşüncəsinin bütün mərhələlərində daim inkişaf edən, dərinləşən və təkmilləşən bir ideya, anlayış, kateqoriya, meyar, prinsip, fəlsəfi sistem, paradiqma və dünyagörüşü kimi özünü göstərmiş, tarixi təkamülündə getdikcə daha mükəmməl, dəqiq, konseptual əsaslarda meydana çıxmışdır.
Harmoniya – bir ideya kimi fəlsəfi düşüncənin ən əsas aspektlərindən olaraq, onun digər ideyaları ilə tərkiblənir, bir anlayış kimi semantik mənasını dərinləşdirərək, öz ətrafında “vəhdət”, “bütövlük”, “uyarlıq”, “orqanika”, “kanonika”, “simmetriya”, “proporsiya”, “ritm”, “ahəngdarlıq”, “meyar”, “ölçü”, “parametr”, “balans”, “tarazlıq”, “müvazinət”, “nizam”, “düzən”, “tənasüb”, “bərabərlik”, “tsiklik” və xaos, disharmoniya ilə əksqütblükdə onların antonimiyasının çoxvariasiyalı sferasını çevrələyir, fəlsəfi, estetik və elmi kateqoriya kimi formalaşır, meyar və prinsip kimi müəyyənləşdiricilik, tətbiqilik keyfiyyəti qazanır, fəlsəfi sistem kimi müxtəlif ideya və nəzəriyyələrin diasinxroniya müstəvisində konsentrasiyasını yarada bilir, paradiqma kimi müvafiq problemlərin qoyuluşunun təyinedici modeli olur, dünyagörüşü kimi fərdi və sosial mədəniyyətin etik, estetik, siyasi normalarında və psixoloji laylarında müxtəlif səviyyələrdə, əsasən elitar-birləşdirici amil olaraq təzahür edir.
Harmoniya – elmi-fəlsəfi fikrin tarixi bütövlüyünü, orqanikasını təmin edir, sağlam ideya rüşeymlərinin varisliyini qoruyur, onların böyümə, ötürülmə üsulunu, mexanizmini funksiyalaşdırır.
Kosmodialoq
Fəlsəfi fikir təkamülünün müəyyən dövrlərində və müəyyən fəlsəfi cərəyanlarda harmoniya ideyası daha mühüm yer tutmuşdur. Harmoniya fəlsəfəsinin yüksək inkişaf etdiyi epoxa və məkanlarda mədəniyyətin də hərtərəfli tərəqqisinə güclü stimul və geniş imkanlar yaranmış, maddiliyin və mənəviliyin harmoniyasından yoğurulan klassik incəsənət monumentallıq keyfiyyətləri əldə etmiş, elmi-fəlsəfi fikir, Yohannes Keplerin “Dünya harmoniyası” traktatının əsas ideyası nümunəsində – “… harmoniya özündə universal dünya qanununu əks etdirir. O, Kainat quruluşunun bütövlüyünü və qanunauyğunluğunu əyan edir” (V.П.Şestakov) – qənaətinə gəlmişdir. Ölçü və Bütövlüyün, Harmoniya və Kamilliyin təcəssümünə həssaslıq göstərən antik yunan, Hind, Çin, Şərq İntibah, Qərb Renessans və XVIII–XIX əsrlərin Avropa mədəniyyətləri və s. məhz harmoniya düşüncəsinin ifadəsində öz dərinliklərini və zamansızlıqlarını tapmışlar. Qanunauyğun və simvolikdir ki, harmoniya qanunları və simmetriya ölçüləri ilə yaradılmış klassik memarlıq abidələri bu prinsiplərlə ucaldılmayan tikililərdən müqayisəyəgəlməz dərəcədə möhkəm olur, zəlzələlərə və müxtəlif dağıdıcı “zərbələrə” davam gətirərək əsrlərdən-əsrlərə salamat qalır. Harmoniya ideyasını “substansial özək” kimi canında yaşadan mənəvi mədəniyyət abidələri də eləcə zamanları adlamaq, getdikcə daha yüksək dəyər kəsb etmək keyfiyyətinə malikdir.
Öz tarixi təcrübəsinin ən mühüm qənaətləri, makro- və mikrosistemlərin analitik və fundamental təhlilləri ilə elmi-fəlsəfi fikir Kainatın təkamül prosesinin əbədi və sonsuz bir harmoniyaya malik olduğunu təsdiq etməyə əsas verir: Materiyanın yaradılışı, varlığı, daxili və xarici quruluş və hərəkət prinsipləri, – bütövlükdə Kainatın ümumi mövcudluğu harmoniya qanunlarına tabedir; Harmoniya və xaos varlığın əbədi qarşı-substansiyası kimi bir-birindən ayrılıqda mövcud olan yox, bir-birindən törəyən hadisələrdir: harmoniya xaosu, xaos harmoniyanı doğurur. Kainatda onların kosmomonoloqu yox, kosmodialoqu baş verir; Ancaq xaos, disharmoniya yalnız harmoniya qanunlarının fəaliyyət sferasında müəyyən zaman və məkan kəsiyindəki pillələrdir. Məhz harmoniya qanunları içrə harmoniya və xaosun əbədi dialektikası təzahür edir. Yəni varlığın əbədi və başlıca mənası, mövcudluq prinsipi – xaosun harmoniyaya tabe olmasıdır. Harmoniya sonsuz, əbədi proses, xaos isə bu əbədi, sonsuz prosesin zəruri, qaçılmaz “buğumları”, “düyünləri”, “intervallarıdır”; Kainatın ümumi hərəkət və təkamülü, kosmosferin, onun daxili inkişafı kimi günəş sisteminin, bu sistemdə yer planetinin, burada biosfer və noosferin yaranışı, üzvi aləmin təşəkkülündə filogenez və ontogenez proseslərinin (bütövün və onun hissələrinin) vəhdəti, koevolyusiya sisteminin formalaşması, psixosferin idarəedici qüvvəyə çevrilməsi və onun daimi olaraq ilkbaşlanğıca – kosmosferə can atması məhz harmoniya qanunları əsasında baş verir; Dialektikanın qarşılıqlı bağlılıqda olan üç qanunu – əksliklərin vəhdəti və mübarizəsi, inkarı inkar və kəmiyyət dəyişmələrinin keyfiyyət dəyişmələrinə keçməsi qanunları – ayrılıqda və bir-biri ilə münasibətdə ümumdünya harmoniyası qanununun tərkib hissələri kimi fəaliyyət göstərir. Varlığın universal əlaqələri, interaktivliyində mövcudlaşan sistemlərin və altsistemlərin daxili əlaqəliliyi məkan, zaman və hərəkət harmoniyasının pillə, mərhələ və proseslərində sinergiyalaşır. Harmoniya qanunu əsasında (1) varlıq – dünyaya, (2) hərəkət – dinamikaya, (3) zaman – tarixə çevrilir, (4) biosferin – antroposfer, (5) kosmoloqosun – psixoloqos, (6) təbiətin – mədəniyyət fazası yaranır. Beləliklə, varlıq – dünya – insan yaradılışının bir-birini tamamlayan, homosivilizasiyanı planet həyatının mühüm təkamül aktına çevirən ilk böyük meqafazası başa çatmış və yenisinə keçilişin şərtlərini meydana gətirmiş olur. Bu günün universal aktını – qloballaşmanı da planeti piramidal siyasi məkana çevirməyə çalışan layihə deyil, bu təbii-tarixi təkamül prosesinin bir inteqral mərhələsi saymaq olar.
Təbiətin bir hissəsi olan insanın psixogenetikası elə quruluş tapıb ki, harmoniya varlıqdan təfəkkürə öz kanonikası ilə proyeksiya oluna bilir. Təbii həyat və inkişafın harmoniyasından sosial həyat və inkişafın harmoniyasına transformasiya zərurəti arasıkəsilməz olur. Onların identifikasiyası düzgün hərəkət seçimlərinə şərait əmələ gətirir. Dünyaya sistemli yanaşma ondakı harmoniyanı transsendental, nəzəri və empirik-eksperimental səviyyədə təsdiq edir ki, bu da harmonikləşmənin biososiumun bütün sferelarında əlverişli mühitini yaradır.
Harmoniya haqqında təlim, harmonikləşmə nəzəriyyəsi kimi harmonika və ya harmonistika harmoniya fəlsəfəsinin və ona dair tədqiqatların daha mükəmməl sistemləşdirilməsinə kömək edə bilər və bu istiqamətdə əldə olunan elmi nəticələrin sosial-humanitar elmlər sistemində tətbiqinə imkan verərdi.
Harmoniyanın təzahür formaları
Harmoniya əsasən aşağıdakı formalarda, özü də qoşa və əks proseslərdə onların xüsusi interaksiyası kimi təzahür tapır:
- Struktur harmoniya ([composition harmonic] quruluşdaxili nizamlama prosesində);
- Kauzal harmoniya (determinativ bağlılığın dönərliyində);
- Sinergetik harmoniya (sinergiyalaşma, özünütəşkildə);
- Simmetrik harmoniya (simmetrik forma yaradılışlarında, proporsionallıq, variativlik və kontrapunktda);
- Xaotik harmoniya (xaotik proseslərin nizamlılığında, fraktallıq kombinasiyalarında);
- Funksional harmoniya (funksiyaların yerinə yetirilməsi və onların bir-birini şərtləndirməsində);
- Diferensial harmoniya (permanent ayrılma proseslərinin qaydasında və inteqral harmoniya ilə interaktivliyində);
- İnteqral harmoniya (birləşmə proseslərinin qaydasında, bütövləşmə və vəhdətyaratmada, diferensial harmoniya ilə interaktivliyində);
- Zaman harmoniyası (ayrı-ayrı zaman tsikllərində və onun ritmikasında, məkan harmoniyası ilə uzlaşmasında);
- Məkan harmoniyası (məkan quruluşlanması qanunauyğunluğunda, zaman harmoniyası ilə uzlaşmasında);
- Statik harmoniya (statik vəziyyətlərin yaranması və dinamik proseslərə keçilişin hazırlanması, onlarla alternativləşməsində);
- Dinamik harmoniya (dinamik proseslərdə və onların statik fazalarla növbələşməsində özünü göstərir).
Harmoniyanın universal prinsipləri
- Müxtəlifliyin vəhdəti (yaxud orqanikləşmə) prinsipi.
Harmoniyanın başlıca prinsipi – müxtəlifliyin vəhdəti dünya orqanikasının quruluş xassəsi, forma- və essensiyayaradıcı təzahürüdür: “kauzal harmoniya”, “struktur harmoniya” (composition harmonic), “funksional harmoniya” özünütəşkiledən sistemlərin müxtəlifliyindəki vəhdəti şərtləndirir. Konvergensiya – divergensiya, inteqrasiya – diferensiasiya və s. birləşib-ayrılma proseslərinin və başqa tipli əks-xassəli proseslərin vəhdəti harmoniyanın həmin əsas prinsipi ilə uzlaşıqda mövcudlaşır. Bütün quruluşlanma və sistemyaradılışları proseslərinə harmonikləşmə, simmetrikləşmə xasdır. Harmonikləşmə özünəməxsus ölçü, etalon, norma və standartları ilə strukturlaşmanın daxili şəbəkəsinin və fəaliyyət parametrlərinin müəyyənləşməsində təyinedici funksiya daşıyır.
- Koordinasiya prinsipi.
Sistemdaxili quruluşlanma və sistemlərarası münasibətlər prosesi koordinasiya prinsipi ilə qaydalanır. Tərəf-subyektlərin koordinasiya nöqtəsinin tapılması onların effektli-paylaşıqlı fəaliyyətinin şərtidir.
- Loqos prinsipi.
Ümumdünya Loqosu Materiyanı – Orqanikaya çevirir. Burada dünya sisteminin hər bir subyekti özünü və dünyanı vahid loqos prinsipi ilə birgə yaşayır: Bir Ürək Bütün Ürəklər kimi, Bütün Ürəklər Bir Ürək kimi döyünür. Bu döyüntü Kainatın ümumi Loqosunun ritmində, onun ansamblındadır. Kainatın genezisi Loqos prinsipi ilə kodlaşdırılmışdır.
- Dixotomiya prinsipi.
Dünyayaradılışının təbiətdən başlayan dixotomiyası ən müxtəlif modifikasiyalarda insan düşüncəsinin və onun yaratdığı sivilizasiyanın bütün səviyyələrinə “ötürülür”, yeni keyfiyyət və parametrlər əldə edir, sonsuz budaqlanmasının yeni fazalarına keçir: üzvi aləm – qeyri-üzvi aləm, harmoniya – xaos, Allah – iblis, xeyir – şər, cənnət – cəhənnəm, ruh – materiya, həyat – ölüm, kişi – qadın, yan – in, dinamika – statika, tərəqqi – tənəzzül, sülh – müharibə, Şərq – Qərb, renessans – dekadans, tezis – antitezis… Bütün tarixi mədəniyyət düşüncəsində bu dixotomiya önəm daşıyır.
- Koevolyusiya prinsipi.
Kainatın mövcudluğu və hərəkəti koevolyusiya prinsipinə əsaslanır: onun bütün subyektlərinin inkişafı bir-biri ilə bağlıdır və bir-birini stimullaşdırır. Kainat özünüyaradan sistem kimi aramsız təkamüldədir. Yer planetində də biosfer və noosferin koevolyusiyası, ekosistem harmoniyasının qorunması onların hər birinin həyatının və vəhdətinin şərtidir.
- Proyeksiya prinsipi.
Proyeksiya prinsipinə görə sosium təbiəti, xüsusilə ondakı duallığı, məsələn, qaranlıq – işıq, isti – soyuq, varlıq – yoxluq və s.-i bu və ya digər formada özünə proyeksiya edir. Bütün fəaliyyət mexanizmləri bir-birindən proyeksiya alır.
- “Güzgü” prinsipi.
Dünya sanki “güzgü effekti” ilə yaradılıb: onun hər bir subyekti tən yarıdan “bölünəndə” (fraktal cisimlər və üzvi aləmdə canlıların daxili quruluşunun bəzi orqanları istisna olmaqla), sağ yarı sol yarının eyni olur (qabaq-arxa yarı yox, yalnız sağ və sol yarı). İnsan daxil olmaqla bütün canlıların sağ yarısı sol yarısının “təkrarıdır”. Bu proporsional biçimlənmə funksional və estetik keyfiyyətlərin vəhdətini yaradır, hərəkətə dinamika və ritm verir. “Güzgü” prinsipi atomik başlanğıcdan Kainatın quruluşunadək, toxumdan kəpənək qanadlarınadək “işləyir”. Varlıq elə güzgülənir ki, tən yarısını kənarda deyil, özündə tapır. Bu – Vəhdətin ən ideal gerçəkliyidir. “Güzgü” prinsipi bir həyat formasında onun iki ayrı qatını, mərhələsini, ritmini, trayektoriyasını, proqramını, hətta mənasını güzgüləyir: ağacın fəzada budaqlanması ilə (görünən dünya) torpaq altında kök atması (görünməyən dünya) ayrı funksiyalı oxşar prosesdir. Qışa adlayan payız yaya adlayan yazın fərqli zaman və funksiyada güzgü proyeksiyasıdır. Harmoniyanın “güzgü” prinsipi ilə varlıq daxili quruluşunda “əkizlənir” və özünə bütün həyat formalarında, kombinasiyalarında “içəridən baxır”.
- “Qızıl kəsim” (Golden ratio) prinsipi.
Harmonik nisbətin saxlanmasına əsaslanan “qızıl kəsim” prinsipi təbiət və insan yaradıcılığında, incəsənətdə harmoniyanın sonsuz dərəcədə müxtəlif forma və variasiyalarını doğurur.
- Meyarlandırma (Criteria harmonias) prinsipi.
İnsan təbiət və cəmiyyət hadisələrini, öz fəaliyyətinin nəticələrini dəyərləndirərkən, bu dəyərləndirmənin meyarlarını müəyyən etmək zərurəti ilə qarşılaşır. Bu prosesin optimal obyektivliyi praktiki, tarixi-ənənəvi, toplumsal və subyektiv yanaşmaların vektoru üzrə həqiqət anının tapılmasından asılı olur. Həmin anda harmoniyayaratma və meyarlandırma aktlarının vəhdəti criteria harmonias prinsipini doğurur. Criteria harmonias hadisənin görünənliyindən yox, mahiyyətindən çıxış etməyin böyük təcrübəsi ilə yaradılır, insanın varlığa münasibətinin bütün spektrlərində onun yaşadığı sivilizasiyanın keyfiyyətini və dərinliyini göstərir.
- Nizamlama prinsipi.
Özünütəşkilin bütün sferalarında nizamlama prinsipi təbiət və sosium iradəsinin təzahürü kimi meydana çıxır. Həmin prinsiplə subyektlərin “həyat əraziləri”, fəaliyyət hüdudları, münasibət formaları və bunlara uyğun normalar müəyyənləşir. Nizamlama prinsipi kanonik sistemlərin, normativlərin, ümumən qanun yaradıcılığının əsasını təşkil edir.
- Konsensus prinsipi.
Konsensus sistem daxilində onun hər hansı bir subyektinin mütləq üstünlüyünü istisna edən elə şərtlər dəstini yaradır ki, həmin əsasda bu sistemin həyatı və davamlı inkişafı təmin olunur. Consensus omnium (Birgə konsensus) bütün tərəflərin həyat təminatlarını və mənafelərini uzlaşdırır. Sosial-siyasi münasibətlərdə konsensus prinsipi daha böyük önəm daşıyır.
- Konvergensiya prinsipi.
- Divergensiya prinsipi.
Konvergensiya və divergensiya prinsipləri ilə sistem subyektlərinin enerjisi onun struktur proseslərinin xarakterindən (pozitivlik və neqativliyindən) asılı olaraq mobil formada idarə edilir. Məsələn, cəmiyyətdə demokratiyanın dərinləşdirilməsi prosesində sosial subyektlərin enerjisi konvergensiya olunur – gücləndirilir. Anti-demokratiyanın sərtləşməsi situasiyasında bu aktı həyata keçirən vasitələr divergensiya olunur – zəiflədilir. Konvergensiya prinsipi bu gün bəşəriyyətin planetar enerjisinin (maddi və mənəvi) tükədilmədən səfərbər edilməsində, neoimperializmə, qlobal hegemonluğa yox, dünya birliyi quruculuğuna yönəldilməsində toparlayıcı vasitədir. Qloballaşma konvergensiya prinsipinin belə bir tezisinə əsaslansa, özünün humanist-proqressiv inkişafını dominanta çevirə bilər: Dünya birliyinin gücü – dünya dövlətlərinin, bu dövlətlərin vətəndaşlarının gücü qədər artmalıdır. Bu artım planetar enerjinin getdikcə yüksələn konvergensiyası deməkdir.
- Konsentrasiya prinsipi.
Harmonik münasibətlərin inkişafı həmişə güclü və effektli konsentrasiya yaradır. Konsentrasiya prinsipi ilə sistemin periferiyalarından mərkəzinə və əks istiqamətə enerjinin hərəkəti – paylanması, toplanması və yönəldilməsi özünütənzimləyən bir proses kimi baş verir ki, bu da həmin sistemin davamlı inkişafını və orqanik bütövlüyünü təmin edir.
Harmoniyanın bu 14 universal prinsipi bir-biri ilə sıx bağlıdır və bir-birini şərtləndirir. Kainat həyatının hər zamanında və hər bir məkanında harmoniyanın bu prinsipləri ilə onun özünüyaratmasının getdikcə zənginləşən prosesi davam edir.
Harmoniya fəlsəfəsi yeni paradiqma kimi
Dialektika – Sinergetika – Harmonika
(inkişaf) (özünütəşkil) (vəhdət)
Dialektika – Sinergetika – Harmonika triadasında fəlsəfi fikir öz bütövlüyünü əldə edir. Fikrimizcə, müasir dünyanın qlobal problemləri də bu triadanın məhz Harmonikada sistemləşən metodologiyası vasitəsilə öyrənilmənin ən optimal imkanlarını qazanır. Dialektikada – varlığın ən ümumi qanunauyğun əlaqəliliyi, təşəkkülü və inkişafı, sinergetikada – özünütəşkil, xaosdan nizama doğru hərəkət, harmonikada isə – həm dialektika və sinergetikada izlənilən prosesin özü, həm də onların gəldiyi son nəticə – vəhdət əsasdır. Dialektika olmasaydı, sinergetika, sinergetika olmasaydı, harmonika yarana, daha doğrusu, ona qayıdış ola bilməzdi. Harmonika (harmoniya fəlsəfəsi) – sinergetika ilə özünü ən müasir elmi əsaslarda bir daha təsdiq etmiş dialektikadır. Bu mənada harmonika –ümumdünya vəhdətinin və onun yaranmasının fəlsəfəsi kimi daha geniş anlayışdır. Ümumən, fəlsəfi problemlərin qaynağında da vəhdət məsələsi durur.
Harmoniya anlayışı və kateqoriyası artıq antik yunan fəlsəfəsinin düşüncə predmeti idi. Onun haqqında fəlsəfi təlimi – harmonikanı Pifaqor yaratmış, pifaqorçularsa onu inkişaf etdirmişdilər. Məntiqidir ki, Pifaqor harmonikanın sinonimi kimi “kanonika” anlayışından istifadə etmiş və onu ümumdünya harmoniya qanunlarının sistemi kimi nəzərdə tutmuşdur. Əgər dialektika və sinergetika bu gün daha çox elmi metodologiya kimi maraq doğurursa, harmonika və yaxud harmoniya fəlsəfəsi bunlarla yanaşı, həm də ideya boşluğu, “loqos çatışmazlığı” aydın görünən, konseptuallaşmaqdan daha çox fraqmentallaşan, qırıntılaşan müasir dünyada planetar əxlaqi konsepsiya, fəal mövqeli dünyagörüşü sistemi kimi maraq doğurur.
Harmoniya fəlsəfəsi – fəlsəfə klassikasının harmoniya ilə bağlı ən kamil ideyalarını özündə ehtiva edərək yeni bir fəlsəfi paradiqma, metodologiya, sistemli yanaşma üsulu kimi müasir dünyanın mürəkkəb mahiyyətinin izah və dərk edilməsinin modern texnologiyasıdır. Çağdaş elmlərin konsentrasiyasında yeni bir səviyyəyə qalxan, sinergetika vasitəsilə öz tədqiqat texnologiyalarını bir qədər də təkmilləşdirən fəlsəfədə indi daha nəyi gücləndirmək lazımdır? – Əlbəttə, varlığın substansial mahiyyətinə, ümumən dünya problemlərinə harmoniya meyarları və prinsipləri ilə yanaşmanı. Bu yanaşma, vurğuladığım kimi, sinergetikada da var. Ancaq onda tam deyil, əsas prinsip deyil, metodologiya deyil. Harmoniya fəlsəfəsində isə məhz belədir. Deməli, harmoniya fəlsəfəsi müasir fəlsəfə elmində, yaradılmasına böyük zərurət duyulan ciddi bir tendensiyanın, tədqiqat istiqamətinin missiyasını öz üzərinə götürür. Harmoniya fəlsəfəsi – yalnız fəlsəfi mədəniyyət düşüncəsinin ideyası və idealı deyil, həm də müasir dünyanın yeni meqahumanist mərhələyə adlamalı olduğunu şərtləndirən zərurətdir, praqmatik konsepsiyadır.
Harmoniya fəlsəfəsinə görə, planet orqanizmi və onun üst qatı – homosivilizasiya onu destruksiya vəziyyətinə gətirə bilən bütün hallara qarşı əks-reaksiya alternativlərini hazırlamalı və onları hərəkətə gətirməlidir. Dünyanın qeyri-bərabər inkişafından onun tarazlı (harmonik) inkişafına əsaslı şəkildə dönüş strategiyası yaradılmalıdır. Milli dövlətlərin siyasəti dünya birliyinin vahid platformasında uzlaşdırılaraq gücləndirilməlidir. Transmilli kapitalın milli kapitaldan üstünləşməsi, dövlətlərüstü strukturların fövqəldövlət maraqları səmtində milli strukturları öz içərisində əritməsi tendensiyalarına yol verilməməlidir. İnsan və dövlət suverenitetinin mükəmməl beynəlxalq sistemdə qorunması təmin edilməlidir.
Qloballaşma – birqütbləşmə deyil. Dünyanın birqütblü-piramidal konstruksiyasında bir dövlətin hegemonluğu, bir sivilizasiyanın dominantlığı naminə bütün digər dövlət və sivilizasiyaların, bütövlükdə dünyanın hərtərəfli inkişaf imkanları məhdudlaşdırılır. Bəşəriyyəti ardıcıl böhranlara, təsadüfiliklərə, sistemsizliyə, deməli, idarəolunmazlığa uğraşdıra bilən amorf dünya konstruksiyası qlobal sivilizasiyanın inkişaf məntiqinə ziddir. Bu məntiq – dünya inkişafının nəzəriyyə və praktikasında piramidal qloballaşma modelini deyil, inteqral qloballaşma modelini funksionalaşdırmağı tələb edir. Harmoniya fəlsəfəsi məhz bu əsaslı dönüş strategiyasının birləşdirici xəttini irəli sürür və müdafiə edir. Göründüyü kimi, bu gün dünya özünün qlobal interhumanitariya mühitini formalaşdırmaq zərurətini yaşayır. Bu zərurət, ilk növbədə, bəşəriyyətin humanitar biliklərinin konvergensiyasında bütün real imkanların maksimal səfərbər edilməsi deməkdir.
Harmoniya fəlsəfəsi (Harmonika) – dünyanın özünüidarəedən bir sistem kimi, harmoniya meyarları və prinsipləri əsasında qlobal özünütəşkilinin yeni konsepsiyasını təqdim edir. Dünyanın qlobal vəhdətinin dərki ideyası – harmoniya fəlsəfəsinin təməl dünyagörüşüdür. İnsan fəaliyyətində, cəmiyyət həyatında harmoniyayaradıcı başlanğıcın prioritetə çevrilməsi – harmoniya fəlsəfəsinin əsas konseptual məqsədidir.
Bəşər sivilizasiyasının təməl ideyalarının qaynağı üzərində yetişən Harmoniya fəlsəfəsi xaos-həyata alternativ olaraq “harmonik özünüyaratma” və ya “özünüyaratma harmoniyası” model-paradiqmalarını inkişaf etdirməklə qlobal mədəniyyət düşüncəsinin yaradıcı proseslərinə qoşulmalı, onun öncinah hərəkatı olmalı, dünyaquruculuğu layihələrinə ideya istiqamətləri verməlidir.