Biz insanlar ona görə yaradılmışıq ki, həm tək,
həm də birgə varlığımızla Həqiqət dərk olunsun.
Cəlaləddin Rumi
İnsanlığın Birlik idealını bütün tarixi boyu, böyük mənəviyyat və mədəniyyət düşüncəsi ilə inkişaf etdirən Şərqin ideya xəzinəsi Qərbin rasional əsaslı sivilizasiyasında özünəməxsus dəyər və keyfiyyətdə dərk olunaraq, daha praqmatik məzmunda və yaradıcı yanaşmada yenidən bəşəriyyətə təqdim edilir. İyirminci əsrin iki böyük mütəfəkkiri – alman filosofu Karl Yaspers və italyan alimi Aurelio Peççei insanlığın tərəqqisində onları vəhdətə gətirən proseslərin elmi-rasional təməlini yaratmağa çalışırlar.
Dünyanın qlobal vəhdəti ideyası üzərində xüsusi səylə işləyən Karl Yaspers planetin ümumbəşəri məzmunda universallaşmasının daha çox tarixi-fəlsəfi problemlərinə aydınlıq gətirib. İlk növbədə, o, yer planeti üzərində homosivilizasiyanı vəhdətə gətirən təbii-tarixi və sosial-tarixi amillərə diqqəti yönəldir. Göstərir ki, insan təbiətən identiklik keyfiyyətləri ilə vəhdətə doğru can atan və bu vəhdətdə öz individual xüsusiyyətləri ilə yerini, mövqeyini müəyyənləşdirməyə çalışan bir varlıqdır: fenomenlərin sintez nöqtəsinin tapılmasında, imkanların inkişafının ümumi, fəqət müxtəlif səviyyələrinin dərk olunmasında insan təbiətinin bütövlüyü açılır.
Filosof insanları və onların daxil olduqları mədəniyyətləri bir-birindən ayıran, uzaqlaşdıran, ziddiyyətə gətirən səbəbləri mütləqləşdirməyin əleyhinə olmaqla yanaşı, onları zahirən universallaşdıra bilən cəhətləri də mühüm saymır. Onun qənaətincə, ümumbəşəri vəhdət daha köklü amillərlə şərtlənir: “Bəşəriyyətin vəhdəti öz aydın ifadəsini bu şübhəolunmaz faktda tapır ki, yer kürəsinin hər məkanında dini təsəvvürlərin, təfəkkür formalarının, ictimai həyatın vasitə və şəkillərinin yaxınlığı meydana çıxır. Bütün müxtəlifliyi ilə insanların bənzərliyi olduqca böyükdür. Psixoloji və sosioloji faktlar elədir ki, onlar insan təbiətinin psixoloji və sosioloji aspektində onun əsas strukturlarının xarakteri haqqında şəhadət verən müqayisəni aparmağa və qanunauyğunluqların çoxluğunu müəyyənləşdirməyə imkan verir. Bəşəriyyətçiliyin əsası tarixdə yalnız o uyarlıq ola bilər ki, o öz mahiyyətinə görə yayınmadan deyil, ilkin pozitiv məzmundan ibarətdir, ən ümuminin çərçivəsində təsadüfilikdən deyil, bəşəriyyətin hər şeyi əhatə edən vahid tarixiliyinin ayrılmaz həlqələrindən ibarətdir.”
Karl Yaspers əsasında harmoniya dayanan vəhdət ideyasını “tarixin məna və məqsədi kimi” dəyərləndirir: “Tarixin yolu istər sülh, istər müharibə vaxtında dağınıqlıqdan faktiki əlaqəliliyə doğru, sonra isə hüquqa əsaslanan əsl vəhdət daxilində birgə həyata doğru gedir. Belə bir vəhdət nizamlı mövcudluq çərçivəsində insan qəlbinin və insan ruhunun bütün yaradıcı imkanlarına meydan açardı.”
Ümumdünya tarixinin inkişafının alternativində isə seçilməsi mümkün olmayan – “səpəli-təcrid olunmuş mövcudluq” dayanır. Ancaq filosof konstruktiv nizamlılığın faktiki dəlillərinə müvafiq gələn dünya tarixindəki axtarışlara istinad edir. Bu nəticəyə gəlir ki, vəhdət ideyası nizamlılığa doğru yol açmağa imkan verir: “Bu vəhdət öz dayağını bizim məkanı və mənbəyi bir olan planetimizin qapalılığında tapır. Vəhdətin ən önəmli əsası bundan ibarətdir ki, insanlar ümumi anlaşma qabiliyyətinin birgəlik ruhunda ünsiyyətdə olurlar… Vəhdətin ən böyük aşkarlığı öz ifadəsini vahid Allaha inamda tapır. Vəhdət ideyası konkret olaraq universal imkanların dərk olunmasında özünü göstərir.” Hər şeyin özünəməxsus yerə malik olduğu bütövün nizamlılığı ideyasını inkişaf etdirən Karl Yaspers yazır: “Bəşəriyyətin dünya tarixi burada (mehvərli zamanda) öz strukturunu əldə etmişdir.” Tarixi vəhdətin əsasında – mehvərli zaman dayanır: Mehvərli zaman – o ideal oxun təcəssümüdür ki, onun orbitində birləşmiş bəşəriyyət hərəkət edir. Tarixi inkişafın nizamlı hərəkət prinsiplərinə görə bəşəriyyətin vəhdəti getdikcə daha böyük miqyas alır və dönməz olur: “Biz vəhdəti daha yüksək səviyyədə – bəşəri varlıq və yaradılış dünyasının bütövlüyündə axtarırıq.” Bu proses tarixin başlıca məntiqi olaraq daha qlobal təzahüründə davam etməkdədir. Yaspersin fikrincə, tarixin vəhdəti bəşəriyyətin tam birləşməsi olaraq heç zaman başa çatmayacaq… Tarix – vəhdət ideyasına və təsəvvürlərinə malik olan birlik işarəti altında daim hərəkətdədir.
Dünya tarixinin qlobal problemlər epoxasına daxil olduğunu göstərərək, həmin problemlərin uzlaşıqlı həlli yollarını axtaran, məşhur “Fiat” avtomobil şirkətinin İdarə Şurasının üzvü, “Olivetti” Korporasiyasının vitse-prezidenti, professor Aurelio Peççeinin əsasını qoyduğu Roma klubu, bir çox parametrlərinə görə qlobal sivilizasiyanın ideya-fəlsəfi platformasını özündə ehtiva edən yeni fundamental elmi düşüncə və yanaşma sistemini formalaşdırmağa təməl qoymuşdur. Aurelio Peççeinin konsepsiyasına görə, qlobal problemlərin çoxistiqamətli həlli yolları planet üzərində həyat formalarının təbii təkamülü ilə elmi-texniki tərəqqinin üzviləşə bildiyi müasir sivilizasiya düşüncəsi meyarları üzrə müəyyən edildikdə perspektivli ola bilər.
Çünki tarixdə elə bir məqam yaranmışdır ki, bəşəriyyət öz fəaliyyətinə planetar kontekstdə, homosivilizasiyanın yeni mərhələsinin vahid hərəkətverici qüvvəsi, noosferyaradıcı faktoru kimi baxmağa başlamışdır. Bəşəriyyətin taleyi – yer kürəsi insanlarının taleyinin ümumi ifadəsi, onların vahid iradəsinin bəliri olmuşdur; dünya getdikcə qloballaşırsa, deməli, onun problemlərinin kəskinlik, aktuallıq dərəcəsi də artır və özünə kompleksli münasibəti zərurətə çevirir. Ümumiyyətlə, qloballaşma sivilizasiya prosesləri ilə hansı dərəcədə uyuşur? Onların interaksiyasında biri digəri tərəfindən udulurmu? Dünyanın müvazinətli inkişaf qanunauyğunluğu tələb edir ki, bəşəriyyətin məqsədyönlü fəaliyyəti ilə həmin proseslərin bir-birini harmonik şəkildə tamamlaması mümkün olsun. Qlobal-sivilizasion inkişafın bu mütərəqqi istiqamətində bəşəriyyət öz məram və məqsədləri, perspektivləri ilə birgə hərəkət edən çoxölçülü yeni noosferyaradıcı qüvvəyə – “Dünya Birliyinə” çevrilir.
Dünya Birliyinin fəaliyyəti – özünüstrukturlaşdıran qlobal dinamik mexanizm səciyyəsi alır. Dünya Birliyində milli dövlət strukturları da tamamilə yeni keyfiyyətlər əldə etməli olur: “Bəzi müasir qurumlardan fərqli olaraq insanların əksəriyyəti indi tamamilə aydın şəkildə dərk edirlər ki, milli dövlət zamanın hərəkəti ilə bərabər səviyyədə gedə bilməz. Böyük dövlətlər istisna olmaqla, o, qlobal sosial-siyasi sistemin əsas nüvəsini təşkil etsə də, indiki halda həmin sistemin tənzimləyici beynəlxalq həyatından hətta hissolunan bir fayda əldə etmək iqtidarında deyil. Digər tərəfdən, o, dünya siyasi sistemində suverenitet hüquqlarından istifadə edərək, çox zaman necə olursa-olsun millətlərüstü qurumların mövcudluğuna əhəmiyyət verməyi zəruri saymır və milli səviyyədə tənzimlənməsi tələb olunan problemlər haqqında eşitmək istəmir.” Buna görə də Dünya Birliyinin o şəkildə formalaşmasına ehtiyac duyulur ki, burada qlobal problemlərin milli və beynəlxalq səviyyədə həlli üsulları bir-birini tamamlasın və koordinasiyasını getdikcə təkmilləşdirsin. Belə olduqda, dünya səviyyəsində struktur islahatların həyata keçirilməsi labüdləşir. “Dayanıqlı və effektli Dünya Düzəni” yalnız beynəlxalq əməkdaşlığın yüksək prinsiplərinin yaradılması və ona əməl olunması şəraitində mümkündür.
Aurelio Peççei qlobal problemlərin həlli istiqamətində milli sistemlərin beynəlxalq sistemlərə transformasiyasının modellərini təklif edir ki, gərək burada da lokal səviyyədən tutmuş qlobal səviyyəyədək hər şeyi əhatə edən beynəlxalq qurumların fəaliyyəti mükəmməl əlaqələndirmə mexanizminə malik olsun: “Beləliklə, məsələ mahiyyətcə o məxsusi və eyni zamanda ierarxik sistemin düşünülməsinə gəlib çıxır ki, həmin sistem müxtəlif təbiət və strukturların nisbi olaraq avtonom elementlərindən və həm də sıx şəkildə bağlı olan və fəal şəkildə qarşılıqlı fəaliyyətdə olan – özü də bütün bunlar dünya miqyasında baş verir! – elementlərindən ibarətdir.”
Bu kontekstdə Aurelio Peççei dünya dövlətlərini konsensusa gətirə bilən proseslərə harmoniya meyarları ilə yanaşmanın örnək nümunəsini təqdim edir: “Əlbəttə, burada müxtəlif çoxsaylı mərkəzlər tərəfindən qərar qəbul edilməsinin coğrafi və funksional koordinasiyasının elə formalarını tapmaq lazımdır ki, onlar dəhşətli, ağlasığmaz bir struktura, nəsə monumental bir xaosa çevrilməsin, əksinə, ötəri, yanakı və şəxsi maraqları təmin etməyə deyil, bütün bəşəriyyətin uzunmüddətli maraqlarına uyğun gəlməyə qadir, idarə edilə bilən bütöv bir vahid olsun.” Ancaq bu ideyanın reallaşması artıq bu gün hiss olunan çox böyük çətinliklərlə müşayiət olunmaqdadır. Üçüncü minilliyin ilk iki onilliyi “qlobal separatçılığı” beynəlxalq həyatın liberal həqiqəti kimi qəbul edir.
Vaxtilə qəbilə-qəbilə, tayfa-tayfa bölünmüş xalqlar kimi bu gün də dövlət-dövlət, millət-millət bölünmüş dünya cəmiyyətləri BƏŞƏRİYYƏT olmağın ağrısını çəkir.