Metamodern dövrlə bağlı ilk yazıda postmodernizmin “post-postmodernizm”i, metamodern dövrün başlanğıcı, postmodern dövrün isə tənəzzülünün işartısı olduğunu, bunun isə postmodernizmin metamodern dövrün həm əvvəli, həm də sonu anlamına gəldiyini, yəni davamiyyət prosesini yaradan inkaretmə funksiyasının özünün də davam etməsi üçün formal olaraq davametmə funksiyasına çevrildiyini qeyd etmişdim.
Təbii ki, bu dəyişkən hərəkətliliyin və çevrilmə prosesinin dayanacaq nöqtəsi şərti olaraq modernizm ilə postmodernizm arakəsməsidir.
Vermyulen və Robin van den Akker də “Metamodernizm haqqında qeydlər” adlı essədə, metamodernizmin modernizm və postmodernizm arasında, qeyri-sabit hərəkətdə olduğunu qeyd edirlər. Yəni ontoloji prizmadan metamodernizm modern ilə postmodern: modern coşğu ilə postmodern ironiya, ümidlə melanxoliya, saflıqla müdriklik, empatiya ilə apatiya, təklik ilə çoxluq, tamlıq ilə parçalanma, şəffaflıqla bulanıqlıq arasında dəyişir. Nəticədə modern dövr ilə postmodern dövrün kəsişməsindən (bu kəsişmə birləşən məfhumların kəsişdiyi nöqtə anlamına gəlməməlidir, bu sadəcə unutmamaq, quşbaxışı nəzərdən keçirmək anlamındadır) istəklərini alan, yeni epoxanın dünyaya qatmaq (oxu: qaytarmaq) istədiklərini, xəyali Eyler-Venn diaqramı yaradaraq təxmin edə, həmçinin metamodernizmin qeyri-sabit dünyanın tarazlığı üçün tarazlıq mərkəzindəki sabitləyici rolunu oynama cəhdi olduğunu anlaya bilərik.
Metamodernizm istəklərini ümumiləşdirdikdə, modernizm və postmodernizm arasındakı keçid etmə zamanı hadisələrin kulisində qalan “insan”ın yenidən səhnəyə qaytarılması ən təməl istək kimi görünür. Bir zamanlar səmimiyyət yaradacaq kimi görünən “postmodernizm sərbəstliyi” cərəyanın düşüncəyə işləmiş inkaretmə xüsusiyyətini kənara ata bilmədiyindən, səmimiyyətin əksinə olaraq öz xüsusiyyətlərinə – absurd çərçivəsinə tabe oldu. Bu isə fərdi insan təcrübəsininin arxa plana, şəxsiyyət parçalanması, irreallıq, intertekstuallıq və s. kimi anlayışların ön plana keçməsiylə nəticələndi. Metamodernizm isə ölmüş müəllifi, mifləri, mənəviyyatı, romantizm və realizmi yenidən drijorluğa dəvət edərək öz afişasını yaradır.
İlk yazıda “Metamodernizm haqqında qeydlər” adlı esseyə görə, “meta” aralığının qütblər arasındakı hərəkətliliyi və zaman kəsiklərində, onun mərkəzdə yerləşməsini ifadə etdiyini qeyd etsəm də, “meta”nın qədim yunancadan, latınca olan “post” kimi “sonra” anlamına gəldiyini də deməliyəm. Bu zaman metamodernizmin postmodernizmlə eyni anlama gəldiyini, yaxud “alter-postmodernizm”ə bənzədiyini düşünənlər ola bilər, lakin, zənnimcə, bu, epoxaların isim eyniliyi, səthi formada hələ də “modernizm sonrası”na ən uyğun alternativin tapılmamasına və ya postmodernizmin itirdiklərini qaytarmaq üçün postmodernizmin əvvəlinə, modernizmin sonrasına – şərti kəsişmə nöqtəsinə bir işarədir.
Bu kəsişmə özündə divardan asılmış tüfəngdən sonda güllənin nə açılağına, nə də açılmayacağına dair simvolika barındırır. Ümumiyyətlə, bu haqda düşünmək məcburiyyətini oxucu və müəllif təhtəlşüurundan kənarda tutmağa çalışır. Məryəmi diskotekaya yox, qonağına adekvat sayılacaq məkana dəvət edir. Keçmişi bu günə uyğunlaşdırmaq məcburiyyətini hiss etmədən, sənət prizmasından ən uyğun variantları nəzərdən keçirməyi təklif edərək mənəviyyat axtarışına çıxmasına rəğmən, postmodernizm üfüqünü unutmamağa, modernizmdən isə yararlanmağa çalışır.
Luk Törner “Metamodernist manifest”ində “meta oskilasiyası”nın dünya nizamının təbiətinə uyğun saydıqlarını, hər şeyin maksimal entropik uyğunsuzluğa doğru geri dönüşü olmadan süründüyünü, yaradıcılığın yalnız bu fərqdən doğulmaq, və ya bunun aşkarlanması şərtilə mümkün olduğunu yazaraq, quşbaxışı vizyona sahib metamodernizmin dünyanın doğru ekoloji sistemə, ənənəvi psixoanalizə aparacağını qeyd edir.
Metamodernizmin təməl “qütb oskilasiyası” quşbaxışı izləmənin metamodern proseslərin aparılması gedişatında, metamodern dövrün əsas özəyi olduğunu təsdiqləyir.
Metamodernistlətin fikrincə, metamodernizmin izləri Miranda Culayın, Spayk Conzun filmlərində, Zeydi Smitin, Roberto Bolanonun romanlarında, Sofi Kollinsin, Melinda Broderin şeirlərində görünməkdədir. Hanzi Freynaxt isə gələcəyin siyasi modernizm olduğunu yazaraq, siyasi modernizmi 3 hissəyə (“Dinləməyi bacaran toplum”, “Birlikdə inkişaf”, “Skandinaviya ideologiyası”) bölür.
Əlbəttə ki, metamodern epoxanın gedişatı yaxın gələcəkdə daha aydın görünəcək. Hazırda yürüdülən mülahizələr müəyyən qədər bənzərlik təşkil etdiyindən, sonda eyni yerə qayıdan uzunçuluğa, çox güman ki, ehtiyac yoxdur. Lakin dəqiqdir ki, metamodernizm də digər, qısa müddətli dövrlər kimi modernizmin sonuncu oyunu olmayacaq.