Rejissor Mətləb Muxtarov “12/35” adlı sənədli filmini onlayn təqdim edib.
Sim-sim.azın verdiyi xəbərə görə, film Sumqayıt şəhərindəki 12/35 nömrəli binanın itmiş nəsli haqqındadır. Onların qəribə və faciəvi həyat tarixçəsi var: 1960-70-ci illərdə bu binada doğulmuş və uşaqlığı birlikdə keçmiş kişilərin əksəriyyəti erkən yaşda vəfat edib, çoxunun ölüm səbəbi isə narkotik və içkidir. Bu kişilərin ard-arda vəfat etməsi binanın da, sakinlərin də taleyinə pis təsir edib. Bir vaxtlar bir-biri ilə sıx bağlı olan köhnə qonşuların çoxu son 20 ildə məhəllədən köçüb. Ortaq ağrıları olsa da, köhnə qonşular keçmiş xoşbəxt günləri yada salmaq üçün tez-tez məhəlləyə baş çəkirlər.
“12/35” sənədli filmi gənc yaşda vəfat edənlərin həyatlarını və yaşayanların xatirələrini araşdırır. İndi 50-60 yaşlarında olan bu kişilər həmyaşıdlarının başına gələnləri, əksər dostlarının, qohumlarının niyə gənc yaşda öldüyünü, yəni bir binanın fonunda bütöv bir nəslin hekayəsini danışırlar. Ölənlərin səsləri və həyatları 90-cı illərin həvəskar videoçəkilişlərindən çıxarılmış kadrlarda yer alır. Köhnə dostların ölüm səbəblərini anlamaq cəhdləri fonunda çəkilən film həm nostalgiya, həm də ev məfhumuna olan xüsusi sevginin xatirələr vasitəsilə necə oyanmasından bəhs edir.
Özü də həmin binada doğulan rejissor filmi haqqında bunları söyləyir:
“Doğulub-böyüdüyüm mikrorayon Sumqayıtda təhlükəli yerlərdən biri sayılır, amma mən özümü burda həmişə təhlükəsizlikdə hiss etmişəm. Hər çatışmazlığı ilə bu mikrorayon mənə doğma gəlib. Atam, əmilərim burda böyüyüb, mən burda doğulub-böyümüşəm və vaxtilə atama dərs deyən müəllimlər sonralar mənim də müəllimlərim olub. Qonşularımızla bir ailə kimi olmuşuq. Çətin və xoşbəxt uşaqlıq xatirələrim, darıxdığım günlər bura ilə bağlıdır. Keçmişlə yaşayan adamam və mənimçün vətən keçmiş, uşaqlıq və yaddaşla assosiasiya olunur. Qısacası, altı bloklu 12/35 nömrəli bina mənimçün vətəndir.
Bu film yaddaşımızdakı vətənə geri qayıtmaq haqqındadır. Bu insanlar bir binanın sakinləri yox, daha çox bir dövrün, yaddaşın, xatirələrin sakinləridirlər, bina sadəcə maketdir, boş bir maket. 12/35-də yaşayan insanları birləşdirən bir bina yox, bir xatirə, bir yaddaşdır”
Filmi bu linkdən izləyə bilərsiniz: