Karver öz obrazlarını, adətən, Orta Amerikada işində, sevgi həyatında, ya da daxilində fərqli təhdidlərlə üzləşən şəxslərin arasından seçir. Hamısı da müəyyən zaman içində reallıqla üzləşməyə məcbur olur: ifşa, “xəstəlik”, iztirab, cazibə. Bu duyğuların başa düşülməsi və açıqlanması o qədər çətindir ki, Karverin incə və qüsursuz yazı sənətinin, səbəblərin imkansızlığını və nəticələrin mükəmməlliyini çox yaxşı ifadə etdiyini desək, yanılmarıq. Karverin hekayələrindəki cümlələr birbaşa və aydındı. Yazıçı “Cümlələr oxucuda xəyal qırıqlığı yox, sirli hisslər yaratmalıdır” deyir.
Roman əvəzinə qısa hekayələri seçməyinizin səbəbi nədir?
Həyat şərtləri. Çox gənc idim. On səkkiz yaşımda evlənmişdim. Arvadım hələ on yeddi yaşındaydı və hamiləydi. Müflis idim, işləməyə və uşaqlarımı dolandırmağa məcbur idim. Bununla yanaşı, necə yazmaq lazım olduğunu öyrənmək üçün də universitetə getməliydim, halbuki iki-üç ilimi alacaq bir şeyə başlamaq qeyri-mümkün idi. Buna görə də özümü şeir və qısa hekayələr yazmağa məcbur edirdim. Masada əyləşir və birnəfəsə başlayıb bitirirdim.
Özünüzü yaxşı şair, yoxsa yaxşı hekayə ustası kimi görürsünüz?
Hekayələrim daha məşhurdu, amma mən şeiri daha çox sevirəm. Nə əlaqəsi var desəniz, deyərəm ki, ikisi də qısadır. İkisini də eyni formada yazıram. Nəticələrinin də oxşar olduğunu deyə bilərəm. Romanlardan fərqli olaraq, hekayə və şeirlərdə bir dilə və bir duyğuya fokuslanmaq əsasdı. Tez-tez dediyim kimi, hekayə və romana baxanda, qısa hekayə və şeir bir-birinə daha yaxındı.
Fikir tapmaq haqqında da eyni cür düşünürsünüz?
Həə, fikir… Şeirlərimi və hekayələrimi bir fikir üstündə qurduğumu düşünmürəm. Fikirlər hekayələrdən doğur, hekayələr fikirlərdən yox.
Özünüzü hansı poeziya cərəyanına aid edirsiniz?
Deməli… Volles Stivensi bəyənmirəm. Uilyam Karlos Uilyamsı və Robert Frostu bəyənirəm. Qolvey Kinnel, Uilyam Stenli Mervin, Ted Hyuz, Çarlz Kennet Uilyams və Robert Hass bəyəndiyim müasir şairlərdəndi. Hal-hazırda Amerikada şeir və proza sahəsində, xüsusən də, qısa hekayə yazarları arasında inqilab baş verir.
Məsələn, hansı yazarlar?
Bugünlərdə Amerikada xeyli yaxşı əsər ortaya çıxır. Yazıçılar üçün mükəmməl dövrdü. Xeyli gənc istedad var. “Amerikanın ən yaxşı qısa hekayələri – 1986” adlı antologiyanı çapa hazırlayanda əvvəllər heç tanımadığım, amma hamısı da olduqca istedadlı olan yazıçıları kəşf etdim. Heyranı olduğum müasir yazarlar arasında Riçard Ford, öndə gedən yazıçılardan Tobias Volf, Ceyn Anna Filips, Ann Betti, Berri Hanna, Qreys Peili, Harold Brodki, bəzi hekayələriylə Con Apdayk və Coys Kerol Outz var. Üstəlik, çox gənc yazar olan Emi Hempelin hekayələrini və 1950-ci illərdə Fransada yaşamış Riçard Yetsi də bəyənirəm.
Roman yazmağı düşünürsünüz?
Bəli. Hal-hazırda sadəcə hekayə yox, nə istəsəm, yaza bilərəm, roman da. Bir qısa hekayələr antologiyası üçün müqaviləm var. Çoxunu yazmışam, yanvarda yayımlanacaq. Ondan sonra fikirləşəcəyəm. İlk antologiyadan sonra hər kəs roman yazmağımı istəyirdi. Xeyl maraq var idi. Hətta roman yazmaq üçün avans da almışdım, amma yenə də qısa hekayələr yazdım. Bilmirəm, sonradan romana çevrilə biləcək bir hekayə yazmağı düşünürəm, amma məhz roman yazmalıyam deyə bir öhdəliyim yoxdu. Nə istəsəm, onu da yazacağam. Hazırkı sərbəstliyimdən məmnunam. Şeir və esselər yazmışam, müəllimim Con Qardner və 1977-ci ildə mübarizə apardığım alkoqol aludəçiliyi barədə esselərim var. Hal-hazırda naşirim də razıdır: hekayələrim olduqca yaxşı satılır.
Sizcə, ilk və son kitabınız arasında üslub baxımından fərq var?
Var, həm də çox. Artıq yazanda daha ürəyiaçıq oluram. İkinci kitabımda (“Sevgi dedikdə nədən bəhs edirik”) hekayələr daha kobud, qısa, qarışıq və hisslərdən kasad idi. “Kilsə” adlanan son kitabımda isə hekayələrim daha uzun, daha dolğun, daha güclü, daha yetkin və daha da ümidvericidi.
Bunu qəsdən edirsiniz?
Yox, bilərək olmur. Hansısa proqramla işləmirəm, sadəcə həyat şərtlərim dəyişib artıq. İçkini atmışam və bəlkə də indi daha ümidliyəm. Yaşlanıram. Bilmirəm, bir yazıçının dəyişməsinin, təbii inkişafa doğru meyillənməsinin vacib olduğunu düşünürəm, amma bu verilmiş bir qərar deyil, kortəbii prosesdi. Buna görə də bir kitabı bitirəndən sonra, şeir və esselər istisna olmaqla, altı ay heç nə yazmıram.
Hekayələr yazanda bütövlük yaratmağı planlaşdırırsınız? Yoxsa onlar öz-özünə formalaşırlar?
Bütöv olaraq düşünürəm. Mən sadəcə yazıram, hekayələr onsuz da özləri öz formasına düşür.
Ən sevdiyiniz hekayələriniz?
“Kilsə”, “Balaca və yaxşı bir şey”. Amma sevmədiyim hekayələrim çoxdur, hansılardı deməyəcəyəm. Bir seçilmiş toplu da düşünürəm, amma əsla bütün hekayələrimi əhatə etməyəcək.
Amerikan məişət dilində yazmağa çalışırsınız?
Əlbəttə. Deyilənə görə, bu sahədə çox yaxşıyam. İnsanların mən yazdığım kimi danışdıqlarını zənn etmirəm. Heminquey kimi yəni. Onun da duyumu yaxşı idi deyirlər, amma o da yazdığı hər şeyi özü yaradırdı. İnsanlar heç vaxt o formada danışmırlar. Bu, üslub məsələsidi.
Hekayələrinizə niyə şivələr qatırsınız?
Çünki elə lazımdır. Hadisələrin gedişatını təyin etmək və obrazı ortaya qoymaq lazımdır. Lazımsız danışan insanlardan xoşum gəlmir, amma bir-birlərini dinləməyən insanlar arasındakı dialoqlar xoşuma gəlir.
Bir az da hekayələrinizin mövzularından danışaq.
Bir yazıçı özü üçün vacib olan şeylərdən danışmalıdı. Bildiyiniz kimi, universitetlərdə on beş il dərs demişəm. Başqa işlərim də olub bu sahədə, amma əsla universitet həyatı haqqında bir cümlə də yazmamışam. Çünki o dövr hisslərimdə hər hansı iz qoymamışdı. Daha çox zamanda geriyə səhayət etməyi və gənckən tanıdığım, mənə çox təsir etmiş insanlar haqda yazmağa önəm verirəm.
Hekayələriniz necə yazırsınız və sonra bir araya gətirirsiniz?
Bir hekayənin sonluğunu gətirə bilmək üçün müəllifin dram duyğusu olmalıdı. Sona çatmaq üçün möcüzə gözləməməlisiniz. Əksər hallarda hekayəyə göz gəzdirdikdə artıq sonluğu görürsünüz. Şəxsən mən on beş-iyirmi dəfə oxuyuram təkrar. Fərqli variantlarını ölçüb-biçirəm. Düzdü, əvvəllər belə deyildim, amma artıq kitablarımdan kolleksiya yığanlar var. Yazmağın fiziki iş olması xoşuma gəlir. Korrektorum yoxdu, amma təmiz və redaktə olunmuş mətnlərimi bir yerə yığan katibəm var. Hazır mətnləri təkrarən gözdən keçirirəm. Tolstoy “Hərb və sülh”ü yeddi dəfə təzədən yazmışdı və çapdan öncə son dəqiqəyə qədər də gözdən keçirirmiş.
Deməli, “Yolda” romanını makina qarşısında oturub birnəfəsə böyük bir rulon kağıza yazdığını iddia edən Cek Keruakı bəyənmirsiniz.
Düzdü, amma “Yolda” romanını çox sevirəm. Başqa kitablarını isə yox. Oxunmalı deyil, çox pis yazılıb.
Bəlkə də Keruak yalan deyirdi…
Bəli. Yazıçılar böyük yalançılardı.
Siz də?
Yox, mən yox. Tək istisna mənəm.
Hansı yazıçılar diqqətinizi cəlb edir?
Dərs dediyim dövrlərdə bəyəndiyim və mənə faydalı ola biləcək yazıçıları seçmişdim. Floberin hekayələri və məktubları, Mopassan (onun haqqında şeir yazmışam – “Ondan soruş”), Çexov, Flanneri O’Konnor, Uilyam Qasın bir romanı və tənqidi məqalələri, Eudora Uelti…
Heminqueylə sizi çox müqayisə edirlər?
Onu çox oxumuşam. 19-20 yaşımda o qədər çox oxuyurdum ki, oxuduğum hər şeydə Heminqueyi görürdüm. Hətta Folknerdən də çox cəzb edirdi məni. Şübhəsiz ki, Heminqueydən, xüsusilə, ilk əsərindən çox şey öyrənmişəm. Onunla yanaşı qoyuluramsa, sadəcə qurur duyaram. Məncə, onun cümlələri poetikdir. Harmoniya və ahəng var. Hekayələrini dəfələrlə oxumuşam və ilk günkü kimi böyük həzz almışam. Yenə də əvvəlki kimi ilhamlanıram. Mükəmməldi. O deyirdi ki, Proza memarlıqdı və Barokko dövrü başa çatıb. Flober də “Kəlmələr divarı yaradan daşlar kimidi” demişdi və əslində eyni fikirdi. Buna inanıram. Sözləri heç nə ifadə etməyən, əllə tutula bilinməyən yazıçıları sevmirəm.
Amma qapalı danışırsınız və nümunə göstərmirsiniz. Bu, oxucularda xəyal qırıqlığı yaradır. Hekayələrinizin sonluqlarındakı rabitəsizlikdən danışaq. Oxucular bundan da narazı qalırlar.
Necə hekayələr yazdığımı dərk edib-etmədiyimi bilmirəm. Sadəcə yazıram. Menyum yoxdu. “Hekayə inkişaf etməli, yüksək bir nöqtəyə çatmalıdı” kimi açıqlamalar verən yazıçılar var. Mənsə özüm haqda bunu deyə bilmirəm. Yaza biləcəyimin ən yaxşısını yazmağa çalışıram. Hekayə bəzi şeyləri ortaya çıxarmalıdı, amma hər şeyi yox. Hekayədə müəyyən sirr olmalıdı. Yox, oxucuda xəyal qırıqlığı yaratmaq istəmirəm, amma gözlənti formalaşdırdığım və bu gözləntini doğrultmadığım düzdü.
Əsərlərinizdə müşahidəçiliyə çox yer verdiyinizi düşünürsünüz? Daha çox başqalarını izləyən, qonşuların həyatından təsirlənən və bu kimi obrazları canlandırırsınız.
Haqlısınız. Bütün hekayələrim haqda bunu demək olar. Yazmaq onsuz da normal halda deyilə bilməyən şeylərin dilə gətirilməsidi.
Əsərlərinizdə cinsəllik bəsit görünür, ya da başqalarının özəl həyatlarını izlənməklə həyəcan qazanır.
Cinsəlliyə o qədər də yol vermirəm. Amma düzdü, olanda da adətən, arxa planda olur və mexaniki baş verir.
1986
Klod QRİMAL