Sim-sim.az görkəmli Çili yazıçısı Roberto Bolanyonun (1953-2003) “Telefon zəngləri” hekayəsini təqdim edir.
B X-i sevir. Əlbəttə ki, bu, nakam sevgidir. B həyatının elə bir dövründədir ki, X üçün hər şeyi etməyə hazırdır. Amma bütün aşiqlər belə düşünür, belə deyir, elə deyil? X ondan ayrılır. X ondan telefonda ayrılır. Təbii ki, B əvvəlcə əzab çəkir, amma vaxt keçdikcə özünə gəlir. Teleseriallarda deyildiyi kimi, həyat davam edir. İllər keçir. Bekar gecələrin birində B iki zəngdən sonra X ilə yenidən əlaqə qura bilir. Artıq ikisi də gənc deyil və bu İspaniyanın bir ucundan o birinə çatan səslərindən hiss olunur. Yenidən dostlaşırlar, bir neçə gün sonra görüşməyə qərar verirlər. Hər ikisi boşanmanın ağrı-acısını çəkir, yeni dərdlər, yeni məyusluqlarla boğuşurlar. B qatarla X-in yaşadığı şəhərə yollananda hələ ki, aşiq deyildi. İlk günü X-in evindən çıxmırlar, həyatlarından bəhs edirlər (əslində X danışır, B isə qulaq asır, arabir sual verir); gecə X ona birlikdə yatmağı təklif edir. Əslində, B X-lə yatmaq istəmirdi, amma təklifi qəbul edir. Səhər oyananda B yenidən aşiq olduğunu anlayır. Görəsən o X-i sevir, yoxsa sevmək ideyasının özünü? Münasibətləri mürəkkəb və gərgindir: X hər gün intihardan danışır, psixiatrik müalicə qəbul edir (həblər, ona heç bir faydası olmayan çoxlu həb), tez-tez və heç bir səbəb olmadan ağlayır. B X-in qeydinə qalır. O, mehribandır, əlindən gələni edir, amma eyni zamanda yöndəmsizdir. Sadəcə həqiqi aşiqləri təqlid edir. Tezliklə B özü də bunu anlayır. O, X-i depressiyadan çıxarmağa çalışır, amma bu cəhdləri X-i daha çox dalana, ya da dalan hesab etdiyi nöqtəyə sıxışdırır. Bəzən tək qalanda, yaxud yuxulayan X-i izləyəndə B də bu dalandan çıxış olmadığını düşünür. O, itirdiyi sevgililərini xatırlamağa, özünü X-siz yaşaya biləcəyinə, xilas ola biləcəyinə inandırmağa çalışır. Bir gecə X ona get deyir və B yenə qatara minib şəhəri tərk edir. X onu yola salmaq üçün vağzala gəlir. Şəfqətlə, lakin ümidsiz vidalaşırlar. B yataqlı vaqonda səyahət etsə də, uzun müddət yuxuya gedə bilmir. Nəhayət yatır, yuxuda sərhada gəzişən qar meymunu görür. Meymunun yolu çətindir, çox yəqin sonda onu uğursuzluq gözləyir. Amma meymun buna fikir verməməyi seçir, hiyləgərliyi onun iradəsinə çevrilir: o, gecələr donmuş ulduzlar səhranın üstünü alanda gəzir. Oyananda (Barselonanın Sants stansiyasında) B yuxunun mənasını (əgər var idisə) anladığına inanır və evə narahat qayıdır. Elə həmin gecə X-ə zəng edib yuxusunu danışır. X heç nə demir. Səhəri gün yenə X-ə zəng edir. Sonraki gün də. X hər dəfə daha da soyuq davranır, sanki B hər zənglə zamanda uzaqlaşır.
“Mən yoxa çıxıram”, düşünür B. O, məni silir, sildiyini və niyə sildiyini bilir. Bir gecə B X-i qatara minib gəlməklə, növbəti günü onun evində keçirməklə təhdid edir. “Bunu ağlından belə keçirmə”, deyir X. “Gələcəm,” deyir B, “daha bu telefon zənglərinə dözə bilmirəm, səninlə danışanda üzünü görmək istəyirəm”. “Qapını açmayacam” deyib dəstəyi asır X. B heç nə anlamır. Bir insanın hissləri, istəkləri necə bu qədər kəskin dəyişə bilər? B uzun müddət bunu düşünür. Bundan sonra o ya içir, ya da kitablarda təskinlik tapır. Günlər keçir.
İl yarım sonra B gecə vaxtı yenidən X-ə zəng edir. X onun səsini dərhal tanımır. “Ah, sənsən”, deyir. X o qədər soyuqdur ki, lap adamın tükləri biz-biz olur. Buna baxmayaraq, B X-in ona nəsə demək istədiyini anlayır. Məni elə dinləyir ki, elə bil aradan xeyli vaxt keçməyib, elə bil dünən danışmışıq. “Necəsən?” deyir B. “Mənə bir şey danış”. X qısa cavablar verir və bir az keçəndən sonra dəstəyi asır. Çaşbaş qalmış B yenidən X-in nömrəsini yığır. Buna baxmayaraq, X telefonu götürəndə B səssiz qalmağa üstünlük verir. Telefonun o tayından X-in səsi gəlir: “Salam, kimdir?” Sakitlik. Bir də “Alo” deyir və yenə susur. Zaman, B-ni X-dən ayıran zaman, B-nin anlaya bilmədiyi zaman telefon xətti ilə keçir, sıxılır, dartılır, öz təbiətinin bir hissəsini nümayiş etdirir. B qeyri-ixtiyari ağlamağa başlayır. O, bilir ki, X zəng edənin kim olduğunu anlayıb. Sonra B sakitcə dəstəyi yerə qoyur.
Bura qədər hekayədə bir şey yoxdur, kədərli, amma adi əhvalatdır. B bir də heç vaxt X-ə zəng etməməli olduğunu başa düşür. Bir gün qapının zəngi səslənir, gələn A və Z-dir. Onlar polisdir, onu sorğuya çəkmək istəyirlər. B sorğunun səbəbini soruşur. A ona məlumat veməkdən çəkinir; Z isə bəd xəbəri naqolay şəkildə verir. Üç gün əvvəl İspaniyanın o biri ucunda kimsə X-i qətlə yetirib. Əvvəlcə B çökür, lakin sonra şübhəlilərdən biri olduğunu anlayır və sağ qalma instinkti ilə özünümüdafiəyə keçir. Polislər yalnız konkret iki gün barədə sual verirlər. B həmin günlərdə nə etdiyini, kiminlə görüşdüyünü xatırlamır. Bilir, amma sanki bilmir. Bilir ki, Barselonanı tərk etməyib, nəinki şəhəri, heç məhəlləsini, evini tərk etməyib, ancaq bunu sübut edə bilmir. Polislər onu aparır. B gecəni məntəqədə keçirir. Soğru zamanı bir anlıq X-in şəhərinə göndəriləcəyini düşünür. Qəribə olsa da, bu ehtimal ona cəlbedici gəlir, amma belə bir şey baş vermir. Onun barmaq izlərini götürürlər, qan analizi üçün icazə alırlar. B icazə verir. Səhəri gün onu evə buraxırlar. Rəsmi qeydiyyatda B saxlanmış yox, sadəcə cinayətin araşdırılmasında polislə əməkdaşlıq təklif etmiş görünür. B evə çatan kimi özünü yatağa atır və dərhal yuxuya gedir. Yuxuda səhranı, X-in sifətini görür. Oyanmamışdan əvvəl ikisinin də eyni şey olduğunu anlayır. O, səhrada itib. Yuxudan bu nəticəni çıxarır.
Gecə çantasına bir neçə geyim yığıb birbaşa vağzala, oradan da X-in şəhərinə yollanır. İspaniyanın bir ucundan o biri ucuna çatmaq üçün gecə boyu davam edən səfər ərzində yata bilmir və X üçün edə biləcəyi halda etmədiklərini, ona verə biləcəyi halda vermədiklərini düşünür. Bir də belə düşünür: əgər mən ölmüş X olsaydım, əks istiqamətdə bu səyahətə çıxmazdım. Məhz buna görə də mən sağam. Yuxusuz keçən səyahət zamanı B ilk dəfə X-i olduğu kimi nəzərdən keçirir, yenidən X-ə qarşı sevgi hiss edir, özünü isə son dəfə, artıq həvəssiz şəkildə qınayır. O, şəhərə sübh vaxtı çatır və birbaşa X-in qardaşının evinə gedir. X-in qardaşı təəccüblənir və karıxır, amma buna baxmayaraq onu içəri dəvət edir, qəhvə təklif edir. X-in qardaşı üzünü təzəcə yuyub, hələ tam geyinməyib. B onun duş almadığını, sadəcə üzünü yuduğunu və saçına su çəkdiyini gözdən qaçırmır. B qəhvə təklifini qəbul edir, sonra X-in ölümündən təzəcə xəbər tutduğunu, polisin onu sorğuya çəkdiyini və hər şeyi izah etdiyini deyir. “Bəli, çox pis olduq”, X-in qardaşı mətbəxdə qəhvə hazırlaya-hazırlaya danışır, “Amma bütün bunların sənə nə dəxli var? Onu anlamadım”. “Polis mənim qatil ola biləcəyimi düşünüb”, deyir B. X-in qardaşı gülür. “Sənin bəxtin heç vaxt gətirməyib”, deyir. Hələ də sağ olduğumu nəzərə alsaq, mənə belə bir şey deməyi qəribədir. B belə düşünsə də, günahsızlığından şübhə etmədiyi üçün təşəkkürünü bildirir. Daha sonra X-in qardaşı işə gedir və B onun evində qalır. Çox keçmir ki, yorğunluqdan bitab düşüb dərin yuxuya gedir. Yenidən yuxuda X-i görür, bunda qeyri-adi heç nə yoxdur.
Oyananda ona elə gəlir ki, qatilin kim olduğunu bilir. Onun üzünü görmüşdü. Həmin gecə X-in qardaşı ilə barları gəzməyə çıxır, bayağı söhbətlər edir və nə qədər sərxoş olmağa çalışsalar da, alınmır. Boş küçələrlə evə qayıdanda B bir dəfə X-ə zəng edib susduğunu deyir. “Nə şərəfsizsən”, deyir X-in qardaşı. “Mən cəmi bircə dəfə zəng eləmişəm”, deyir B, “amma sonradan belə başa düşdüm ki, X tez-tez bu cür zənglər alırmış və zəng edənin mən olduğunu düşünürmüş. Anlayırsan?” “Yəni deyirsən ki, qatil o anonim zəngləri edən adamdır?” soruşur X-in qardaşı. “Elədir ki, var”, deyir B, “və X onun mən olduğumu düşünürmüş”. X-in qardaşı qaşlarını çatır. “Məncə”, deyir, “qatil keçmiş sevgililərindən biridir, bacımın çoxlu namizədi vardı”. B cavab vermir (X-in qardaşının heç nə anlamadığını düşünür) və bundan sonra evə çatana qədər danışmırlar.
Liftdə B-nin ürəyi bulanır. “İndi qusacam”, deyir. “Bir az döz”, deyir X-in qardaşı. Dəhlizi tələsik keçirlər, X-in qardaşı qapını açır və B özünü hamama atır. Amma bura çatanda artıq qusmaq istəmədiyini anlayır. Ondan tər gedir, mədəsi ağrıyır, amma qusa bilmir. Qapağı açıq qalmış unitaz sanki yekə aralanmış ağızdır, onu ələ salıb gülür. Bəlkə də onun üçün kimə güldüyünün fərqi yoxdur. Üzünü yuyandan sonra güzgüyə baxır: sifəti kağız kimi ağdır. Gecə demək olar ki, yata bilmir, gah oxumağa çalışır, gah X-in qardaşının xorultusuna qulaq asır. Səhəri gün onlar sağollaşır və B Barselonaya qayıdır. B bir də o şəhərə getməyəcəyini düşünür, çünki artıq X orada yoxdur. Bir həftə sonra X-in qardaşı ona zəng edib polisin qatili tutduğunu xəbər verir. “Bu tip X-i telefon zəngləri ilə bezdirirmiş”, deyir. B cavab vermir. “Köhnə sevgilisiymiş”, deyir X-in qardaşı. “Bu xəbərə sevindim”, deyir B, “zəng etdiyin üçün təşəkkürlər”. X-in qardaşı dəstəyi asır və B tək qalır.
İspancadan tərcümə edən: İlahə Əkbər