Rollan Seysenbayev. OLLJJJAAAAAASSSS!..
1
Çingiztau düzənliyi kəndimizin arxasından başlayır. Günçıxanda Çin düzənliyi, Rusiyanın dağlıq rayonu, quzeydə Ulıtau düzənliyi, sonra Betpakdala, Moinkum, Üstyurt uzanıb gedir.
Jidebay qoruğu – ucsuz-bucaqsız Dəşti-Qıpçaq çölünün kölgəli guşəsidir. Abayın aulu burada yerləşir.
Axşamın sakitliyində qəfildən həyəcan dolu bir hayqırtı eşidildi: “Olljjaaaaassss!”.
Aulun kənarında bütün dünyanı unudub top qovan uşaqların yad qışqırtı nə vecinə?!
Gözlənilməz hayqırtıdan heyrətlənmişdim. Məni qəfil səs yox, qeyri-adi AD heyrətləndirmişdi.
“Olljjjaaaaassss!”
Ucaboy, yaraşıqlı bir gənc məzarlarımız önündə baş əyir, Allaha dua eləyir, salavat çevirib yaxınlıqda dayanmış yük maşınına tərəf getdi.
Başım yenə oyuna qarışdı. Əllinci-altmışıncı illərdə çöl uşaqlarının sevimli məşğuliyyəti xizəklə sürüşmək, aşıq-aşıq oynamaq, top qovmaq, dombra çalmaq, at çapmaq, ox atmaq, berkut öyrətmək idi.
Yeddiyaşlı oğlan gecələr şam işığında kitab oxuyardı. Bu da çöl uşaqlarının əsas məşğuliyyətlərindən biriydi. Top qovur, oyun başa çatanda elə yorulurdular ki, özlərini aula zorla yetirirdilər.
Ah, müqəddəs torpaq, müqəddəs yurd yeri, o aulda yaşayan qazax və sərt, amansız tərbiyə üsulu. Auldakı kiçik kitabxana bizə adam olmağı, gündə qırx dəfə salamlaşmağı, uşaqlara əl qaldırmamağı, böyüklərə söz qaytarmamağı öyrətmişdi.
O çağları unutmaq olarmı?! Nə vaxt gözlərimi yumuram, iç dünyamda doğma aulumuz və uşaqlıq günlərim canlanır!..
Gecə yuxudan məni canlı hayqırtı oyatmışdı.
Gözlərimi açanda divara düşmüş işığı, tutqun tavanı gördüm.
Bir də qulaqlarımda uzun əks-səda vardı: Olljjjaaaaassss!.
2
Bu hadisənin baş verdiyi ili xatırlamıram. Güman ki, əlli altıncı, ya əlli yeddinci il idi. Amma ay yadımdadı: bürkülü avqust ayı idi.
Sübh tezdən oyanırdım. Səhərlər işim göy atımı örüşdən tutub evə su daşımaq idi. Həmişə olduğu kimi, atın belinə sıçradım, yalına yatdım, xeyli çapdım. Ona gecə gördüyüm yuxunu danışdım, dünən oxuduğum nağılları söylədim. Ağıllı göy atım qulaqlarını şəkləyib danışdıqlarıma qulaq asırdı. Aramızda möhkəm dostluq vardı. Bir-birimizdən ayrı düşəndə çox darıxırdıq!..
Amma o gün qulaqlarımda yalnız bir AD qalmışdı: Olljjaaaaassss!
Nadir addı. Qeyri-adi, bənzərsiz, sehrli bir ad. Uşaqlıq çağlarımı və Dəşti-Qıpçaq çölünü sarsıdan bir ad…
Yeganə addı. Qısa zamanda bütün dünyanı heyrətə salan, parlaq ulduz kimi kəhkəşanda bərq vuran müqəddəs bir ad…
3
Atam hər dəfə Semipalatinskə gedəndə, az qala, bir kisə kitab alırdı. Kitabların arasında itib-batır, gecə-gündüz mütaliə eləyirdim. Qalınların hamısını oxumuşdum, əlimin altında yalnız nazik bir kitab qalmışdı. Üz qabığı canımı lərzəyə saldı: Oljas Süleymenov. Arqamaklar. Kitabdakı şeirləri birnəfəsə oxudum. Sonra bir də, bir də oxudum. Misraları ruhumu qidalandırdı. Ehtiraslı, müdrik, orijinal fikirlər düşüncələrimi tüğyana gətirdi.
Olljjjaaaaassss!
Yaddaşımdan heç cür silinməyən sehrli, bənzərsiz ad yenə rastıma çıxmışdı. Şeirlərin hər misrası iti qılınc kimi qəlbimə sancılmışdı.
Əziz oxucum, onda Oljasın şeirləri yalnız rus dilində idi. Rus hökmranlığı dövründə yaşayırdıq. Babam da, mən də rus dilində sərbəst danışırdıq. Babam Çingiztaudakı aclıq illərində sağ qalmış, uzun illər Semeydəki ət kombinatında işləmişdi. O, rus mühitində yaşamışdı. Sənədli əsərdə faktlardan qaça bilmərəm. Məni günahlandırmayın. Oljasın qazaxca düşündükləri rusca dərc olunmuşdu:
…Эй, половецкий край,
Ты табунами славен,
Вон вороные бродят
В ливнях сухой травы.
Дай молодого коня,
Жилы во мне играют,
Я проскачу до края,
Город и степь
Накреня.
Ветер раздует
Пламя
В жаркой крови аргамака,
Травы
Сгорят под ногами,
Пыль
И копытный цок.
Твой аргамак узнает,
Что такое
атака,
Бросим
Робким тропам
Грохот копыт в лицо!..
Şeiri heyrət içində üç dəfə oxuyub əzbərlədim. Qəlbimi fərəh bürüdü, gözlərim yaşardı. Bu, ağlagəlməz sarsıntıydı.
Hər dəfə “Arqamak” şeirini oxuyanda gözlərimin önündə Ər Tostik və Batır Kambar minən artlar canlanırdı.
– Məktəbə getməyi də unutma, – atam xəbərdarlıq elədi.
Həssas atam bütün kitabı əzbərləmək niyyətində olduğumu başa düşmüşdü. Məktəbdən və atamdan uzaqda, aulda üzbəüz əyləşib Qurani-Kərim oxuyan sərt xasiyyətli babamın yanında yaşayırdım. Daim qəribə, naməlum bir aləmə düşürdüm. Oljas məni başqa dünyaya, başqa aləmə aparırdı:
…Сырдарья погоняет ленивые жёлтые волны.
Белый город Отрар, где высокие стены твои?
Эти стены полгода горели от масляных молний,
Двести дней и ночей здесь осадные длились бои.
Перекрыты каналы.
Ни хлеба, ни мяса, ни сена,
Люди ели погибших
И пили их тёплую кровь...
– Ata, bu gün məktəbə getməyəcəm…
– Bilirəm, Oljasın şeirləri ağlını başından alıb.
Sən cənnətlik oldun, mənim ruhumsa göylərdə uçur, ata.
– Məktəbə getmək istəmirsənsə, getmə, – atam gülümsəyə-gülümsəyə dilləndi. – Oljas çox məşhurlaşıb. Oxumuş qazaxların hamısı ondan danışır. “İnsana təzim et, Yer kürəsi!” kitabını tapa bilmədim. Gələn dəfə gətirərəm. O cavan oğlan bütün dünyanı lərzəyə salıb. Deyilənə görə, şeirlərini Amerika da oxuyurlar.
İlk dəfə məktəbə getmədim. Oljasın kitabı varsa, məktəb nəyimə gərəkdi? İndi gizlətməyə ehtiyac yoxdu, Oljasın şeirləri məndən ötrü universitet, heyrətəmiz bir aləm idi.
Babam Quranı üç dəfə öpüb alnına qoydu, atlaz parçaya bükdü, sonra məni soyuq nəzərlərlə süzüb dedi:
– O kitabdakı şeirlərdən birini oxu görüm…
…ты собаку ударил при мне,
чем собака тебя обидела?
Знай же –
не по моей вине
чабаны твой удар не видели.
Не положено бить
Детей
и собак –
по закону степей.
Так поймёшь ли,
за что тебе
я, как волку, в глаза гляжу?
– Sən şeiri əzbərdən söyləyirsən?
– Şeir özü yaddaşıma həkk olunub. Çox təəccüblüdü, baba.
– Sən də ağıllı arqamaksan, – babam gülümsədi.
– Elə kitabın adı da “Arqamaklar”dı.
– Bəs o cavan şairin adı nədi?
– Oljas Süleymenov.
– Bir şeirini də oxu görüm.
Вблизи Чингизских гор его могила,
Исколотая жёлтыми цветами;
Голодными, немилыми, нагими
К могиле приходили на свиданье.
И пили, усмехаясь, горечь песен,
И, колыхаясь, колебались травы,
Цветы желтеют грустно,
Как отрава…
Вблизи Чингизских гор его могила.
Babam susur, mən də heyrətlə onun üzünə baxıram. Sonra cibindən qəlyanını çıxarıb asta-asta doldurmağa başladı.
– Onun neçə yaşı var.
– Deyirlər, iyirmini təzə adlayıb.
– Jidebayda dəfn olunmuş Abay da babasına şeirlər oxuyarmış. Cəmi iki ağızdan-ağıza keçən şeirdə qazaxların iki yüz illik dərdini söyləyib. Qazaxların dərdini söyləyən bir oğlan da dünyaya gəlib! – O, bir qədər susub dilləndi. – Bir-iki gün məktəbdən qal. İndi dur, Jidebaya gedək, Abay babanı ziyarət eləyək, məzarının üstündə Quran oxuyaq. Allaha dua eləyək. Cavan şairə xoşbəxt gələcək, dilimizi qoruyub saxlamağı arzulayaq.
4
Jidebayda bir həftə qaldıq. Babam hər səhər Abayın qəbri üstünə gedib Quran oxuyur, uzun müddət susub qalırdı. Sonra öz ata-anasının qəbrini ziyarət edir, orda da Quran oxuyur, dinməzcə otururdu.
Axşamlar yenə qəbirlərə baş çəkir, günəş qüruba enənəcən orada əyləşirdi.
Yeddinci günün səhəri yenə obaşdan durub Abayın qəbrini ziyarətə yollandı. Məni oyatmamışdı, tək getmişdi. Mən yola hazırlaşmalı idim.
Bir müddət sonra babam qayıtdı. Göy otluqda diz çöküb Quran oxudu. Ucadan, xüsusi ahənglə oxuyurdu.
Sonra arabayla geri qayıtdıq.
Kunekenin (Kunanbay Hacının) qəbrini ziyarət eləyə bilmədim. Yolu uzaqdı, gedib çıxa bilmərəm. Təəssüflənməyin də xeyri yoxdu. Kuneken əcdadlarıma daim ehtiramla yanaşırdı. Namuslu və ləyaqətli olduqlarına görə. Bunu unuda bilmərəm. Jidebayda Abayın qardaşı Ospanın, Zere babam və Uljan nənəmin də ruhuna dua oxuduq. Allah ruhlarını şad eləsin! Yaradan da mərhəmətini əsirgəmədi, sağ-salamat geri qayıtdıq, ocağımıza çatdıq.
Qəlbimi isə Oljasın şeirləri əsir eləmişdi. Mən onun bütün kitabını əzbərləmək istəyirdim.
О казахи мои, молодые и древние!..
Степь тянула к себе
Так, что ноги под тяжестью гнулись,
Так, что скулы – углами,
И сжатое сердце лютей,
И глаза раздавила,
Чтоб щелки хитро улыбнулись.
Степь терпеть не могла
Яснолицых высоких людей.
Кто не сдался,
Тому торопливо ломала хребет,
И высокие камни валила тому на могилу,
И гордилась высоким,
И снова ласкала ребят.
Невысоких – растила,
Высоким – из зависти мстила.
Şair, sənin şeirlərini oxuyanlar öz ölkəsi üçün doğulmuş uşaqlar olmalıdır! Sənin sözlərin kəskindi, fikirlərin alidi!.. Dil – daşların gözləridi. O cavan oğlan indi mənim dualarımda yaşayır, İlahi!
Geri qayıdanda babam dinib-danışmadı, dərin düşüncələrə daldı.
Səhəri gün məktəbə gedəndə heç kəs bir həftəni harada olduğumu soruşmadı.
Atam da soruşmadı. Heç anam da maraqlanmadı.
Təəccübləndim.
5
1975-ci ildə Oljas Süleymenovun “Az i Ya” monoqrafiyası çapdan çıxan kimi bütün ölkəni silkələdi. Azadlıq həsrətində olan ziyalılar sevindiklərindən papaqlarını göyə atırdılar. Sovet İttifaqının yaradılmasından əlli səkkiz il sonra sosializm qurmağa çalışan ölkədə ilk dəfə “Həqiqət” kəlməsi, Həqiqət haqqında fikirlər səslənməyə başlamışdı.
Hakimiyyət yuxudan ayılıb “Az i Ya”nı da həbsə atdı. Yüz min tirajla çap olunmuş kitabı doğrayıb yandırdılar. Rejimin özbaşınalığı mütərəqqi nə vardısa, boğmağa çalışırdı. Amma qabaqcıl düşüncə artıq insanların şüuruna yerimişdi. Artıq onu boğmaq mümkün deyildi.
Həqiqətin bayrağı enmədi.
Oljas Süleymenov “Az i Ya” kitabının oxucularından on mindən artıq məktub aldı. Dünyada şair çoxdu, amma yalnız Oljas öz kitabına görə on mindən çox məktub alıb. O məktubların çox hissəsini Oljekeyə Moskvada şəxsən vermişəm.
Bu, Oljas Süleymenovun zəfəriydi.
Həm də qazax xalqının zəfəri.
Hətta bəşəriyyətin qabaqcıl nümayəndələrinin zəfəri…
6
İyirmi doqquz yaşında oxumaq üçün Moskvaya getdim, sonra iyirmi il SSRİ Yazıçılar İttifaqının məsul katibi işlədim.
Şənbə və bazar günlərimi Lenin adına kitabxanada keçirirdim. Adi adamlar üçün əlçatmaz olan bağlı fondları açdırır, ağlagəlməz sirlərlə dolu əlyazmaları oxuyurdum.
Heyrətamiz illər idi. Qədim əlyazmalarda xalqımın qan-qadayla dolu tarixi, şərəf və cəsarətinin sirləri, türk dünyasının Stalinin əmrilə dağıdılan tarixi əlaqəsi öz əksini tapmışdı. Yalnız bircə ağlagəlməz həqiqət qeyd olunmamışdı: qırmızılar türk mədəniyyətini, adət-ənənəsini, ədəbiyyatını və qəhrəmanlıq salnaməsini məhv eləmişdilər. Onlar ruh qazanının üzərini qurğuşunla örtmüşdülər.
O, türk dünyasını görmək üçün gəlmişdi.
O, rus aləminə yol açmaq üçün gəlmişdi.
Bu gün türk dünyasının tarixi get-gedə daha geniş yayılır. İndi yalnız o həqiqəti yazmaq və bütün dünyaya göstərmək lazımdı. Onlar bilmirdilər ki, Həqiqət nə qədər təzyiqə məruz qalsa da, ölməz. Rus çarları, sonrakı 70 il ərzində dünyaya hökm eləməyə can atan qırmızılar üç yüz il ərzində türk dünyası ilə mübarizə aparıblar. Adət-ənənələrimizi, dünyagörüşümüzü, mədəniyyətimizi, dilimizi məhv eləməyə çalışıb və bu döyüşdə böyük qələbə qazanıblar. XXI əsrdə belə qazaxlar doğma dillə yanaşı, rus dilində danışırlar. Ən böyük faciə budur ki, qazax anaların bətnində əcnəbi dildə danışacaq uşaqlar böyüyürlər.
Otuz illik müstəqillik ərzində yox olmaq həddinə çatmış qazax dilini dirçəldə bilməmişik. Bəyəm qazaxların faciəvi taleyi doğma dillərinə bu cür münasibətdə əks olunmayıbmı?!
Lenin adına kitabxanada xalqımın tarixini oxumağa başladım. Öz xalqımın, eləcə də türk aləminin keçmişini öyrənmək istəyirdim.
Səhərlər kitabxanaya can çəkə-çəkə gedir, axşamlar əcdadlarımın məruz qaldığı təhqirlərə görə göz yaşı tökürdüm.
Yatmazdan əvvəl əl-Fatihə surəsini yeddi dəfə oxuyurdum. Yalnız bundan sonra ruhum canlanır, azadlığa çıxır, sehirli dincliyə dalırdı. Moskva vaxtıyla saat 6-da oyanır, yataqdan durmazdan qabaq Allaha dua eləyirdim: “Səhərin açıldı. Dünyaya baxmaq üçün bir gün də verdin. Bunun üçün sənə minnətdaram, Tanrım”.
Qazaxıstanda səhər saat doqquzdu. Qazax xalqı iş başındadı. Mən də qələmimi götürüb qarşıma ağ vərəq qoydum. Öz xalqımla birgə olmaq istəyirdim.
İnsan üçün öz xalqıyla birgə olmaq, birgə nəfəs almaq, birgə çalışmaq xoşbəxtlikdir. Moskvada iyirmi il işlədiyim müddətdə bu duyğunu və qavrayışı mənimsədim. Moskvadan sonra uzun illər xaricdə yaşadım. Amma öz vərdişimdən əl çəkmədim. Bu mənim həyat prinsipimə çevrildi.
Qazaxıstanın tarixilə bağlı çox oxusam da, az yazmışam.
Qırmızıların qanlı zülmü altında “yaşayan” qazaxlar haqqında həqiqəti qələmə almışam. Bu, təhlükəli yol idi. Belə qorxulu yolla məhz Allahın himayəsində irəliləmişəm. Amma hədələrdən çəkinməmişəm. Həqiqət saydığım yolla getməyə borclu olduğumu hiss eləmişəm.
Babam qazax çöllərindəki aclıqdan çox danışıb. Bu barədə söz açanda həmişə gözlərindən yaş axırdı. Onun bütün doğmaları aclığın qurbanı olublar. Arvadını və iki oğlunu da götürüb Jidebaydan Semeyə piyada gəlib. İki balasını saxlamağa imkanı olmadığına görə üçyaşlı böyük oğlunu yetimxanaya verib. Bir gecə yetimxananı Sibirə köçürüblər, bütün gecəni göz yaşı tökən arvadı səhər oğlunu götürməyə gedəndə heç kəsi tapmayıb. Bu dərdə dözə bilməyib, canını tapşırıb. Babam böyük Semipalatinsk şəhərində kiçik oğluyla – atamla tək qalıb. Aclıqdan əziyyət çəkən şəhərdə ata-oğul zülm içində yaşayıblar.
Babam danışırdı ki, Jidebaydan Semipalatinskədək olan təxminən iki yüz kilometrlik yolda ölənlərin sümükləri ağarırdı. Onları kim torpağa basdıracaqdı axı? Yağış, külək, qar həmin sümükləri otuz-qırx il ərzində toza döndərdi.
Babam məni çöllərdə gəzdirə-gəzdirə o faciələrdən söz açırdı.
Səkkiz milyon qazaxın yarısı 1930-cu illərdə baş verən aclığın qurbanı oldu. Yalnız doxsan ildən sonra sayımız on milyona çatdı.
Nə Lenin kitabxanasının məxfi zalı, nə də çöldə yaşamış babam yalan danışırdı. Oljas da yalan söyləmirdu.
Aclıq qurbanları hələ də Ana Yerin bətnində həqiqəti gözləyə-gözləyə susurlar.
Aclıq Ukraynada da baş verib. İndi ölkənin hər bir şəhərində qurbanların xatirəsinə ucaldılmış nadir abidələr var. Qazaxıstanda, Astanada, “Turist” mehmanxanasının foyesində isə bədbəxt uşaqların və ölüm ayağında olan insanların fotoları asılıb. Şərəfsiz və qaba hakimiyyətdən nə gözləyə bilərik axı?!
Если прав, будь с гордым горд,
он не отец пророка.
Будь с робким робок, он тебе не раб.
Я так и поступал, клянусь, дорога,
не всем, кто ждал, помог,
ведь я не Бог,
что в силах одинокого поэта?
На все вопросы не нашел ответа,
но людям я не лгал,
Хотя и мог.
Səksəninci illərdə Oljas poetik toplularını çap etdirmək istəmirdi. O, dil haqqında “Müqəddəs yazıların dili” adlı trilogiya da yazmışdı. Moskvada, ümumiyyətlə, kitabları işıq üzü görmürdü. Ölkə oxucuları şairin poeziyasının intizarında idilər. “Xudojestvennaya literatura” nəşriyyatıyla Oljasın sanballı bir kitabını çap eləmək barədə razılığa gəldim. Almatıya zəng vurub ona kitabdan söz saldım.
– Buna ehtiyac varmı? – Oljas soruşdu.
Dedim, çoxdandı Moskvada kitabınız çıxmır. Necə düşünürsünüz, bu çatışmazlığı aradan qaldırmaq lazımdı. Oxucu gözləyir.
– Özün bilərsən, – dedi. – Kitabı hazırlayın, sonra mündəricatını göstərərsiniz.
– Çox gözəl. Kitaba ön söz lazımdı. Kim yazsın? – soruşdum.
– Dostum, Almatıda gecədi, mən də birinci yüzildəyəm. Sizsə Moskvada XX yüzili yaşayırsınız.
Hiss elədim ki, bu məsələ xoşuna gəlmədi.
– Yevgeni Sidorova deyərəm.
– Lap yaxşı. Əlyazmanı ona verin. Mən də birinci yüzildən canımı qurtarandan sonra zəng vuraram. O, dostumuzdu.
– Oldu, – dedim.
– Hələlik, – öz bariton səsiylə dillənib yenə birinci yüzilliyin tozuna batdı və Almatıda tək-tənha qaldı.
7
Bir həftədən sonra Qorki adına Ədəbiyyat İnstitutuna getdim. İnstitutda qırx yaşlarında olan istedadlı yazıçı yaşıdlarım Anatoli Kim, Vladimir Liçutin və mənim xüsusi emalatxanalarımız açılmışdı. Həmin emalatxanada nasirlərə dərs deyəcəkdik. Mənim emalatxanamda nasirlərlə yanaşı, şair və tərcüməçilər də təhsil alırdılar. Onlar həm doğma dillərində, həm də rus dilində yazırdılar.
Məşğələni başa vurub institutun rektoru Yevgeni Sidorovun yanına getdim. O, çox istedadlı, təmkinli və savadlı insan idi.
– Dərdini de görüm, Rollan.
– “Xudojestvennaya literatura” nəşriyyatında Oljas Süleymenovun bircildliyini çap etdirmək istəyirik. Kitaba ön söz yazsanız…
– Elə bundan ötrü gəlibsən?
– Elə bundan ötrü…
– Oljas necədi?
– Hər şey qaydasındadı, Almatıdadı.
– Kitabın içində nə var?
– Seçilmiş şeirləri, bir də “Gil kitab” poeması.
Yevgeni Aleksandroviç katibəsini çağırdı.
– Bizə çay ver. Bəlkə, konyak içək?
– Olar, – dedim.
– Əlyazmanı mənə gətir. “Gil kitab”ı da yaxşı seçmisən. Dünyada yüz böyük əsər olar, “Gil kitab” da onlardan biri. Ümumdünya musiqisinin bir hissəsi olan nəğmədi. Oljas öz nəğməsini yazanda neçə yaşı vardı?
– Otuz.
– Ən yaxşı yazıçılarımızdan kim otuz yaşında böyük əsər yazıb, hə? Oljas nəhəng adamdı! Gəl “Gil kitab”ın sağlığına içək.
– İçək, Yevgeni Aleksandroviç.
– Mənə on gün vaxt ver.
– Əlyazmanı gətirməyə ehtiyac var?
– Ehtiyac yoxdu. Kitabxanamda Oljasın bütün kitabları var. “Az i Ya”nı da verib. Avtoqrafla. Sizin emalatxananıza birinci kursdan üç nəfər göndərmək istəyirəm. Biri Leninqraddan, ikisi Moskvadandı. İstəyirəm ki, türk poeziyasını, türk dünyasını öyrənsinlər. Biz Oljasın yaradıcılıq qüdrətini etiraf eləmək istəmirik. Bu, çox yanlış fikirdi. Əlbəttə ki, siyasətdi. Dünyada ən başlıca şeylər – Həqiqət və Sənətdi. Ağlımız inkişaf eləməsə, Həqiqəti də itirəcəyik, Sənəti də. Biz vicdanımızın axırına çıxmışıq.
Yevgeni Aleksandroviç gözlərini üzümə dikib susdu. Belə bir məqamda söylədiyi fikirlər çətin ki təsadüfi olaydı.
– Sən hələ cavansan, – dedi. – Oljasa salam söylə. Sağ olun ki, bu işi mənə etibar eləmisiniz. Sənə Oljasın çox sevdiyim bir şeirini oxuyum:
Андрей! Мы с тобой кочевники,
нас разделяют пространства
культур и эпох,
мы бродяжим по разным маршрутам,
как бог и религия.
Я хочу испытать своим знанием
веры великие,
о которых мой гордый рубака
и ведать не мог.
Я пишу по-этрусски о будущем,
ты расшифруй
голоса и значенья
в стены вонзаемых рун,
невегласам учёным доверь
истолкованный бред,
да мудреют они,
узнавая познания вред.
Я брожу по степям не сгибаясь,
как указательный палец
(указательный палец сгибается
только курком).
Это кажется мне: Аз и Я – Азия,
Ошибаюсь,
мы кочуем навстречу себе,
узнаваясь в другом.
Son sətirlərdə Oljasın böyüklüyü var. Dərin biliyi var. Əcdadlarının müdrikliyi var. Müdrik dostum Oljasın sağlığına içək! Əhsən!
8
SSRİ Yazıçılar İttifaqı Moskvanın Sütunlu zalında Muxtar Auezovun 90 illik yubileyini qeyd edirdi. Məclisi Oljas Süleymenov aparırdı. Çıxışı yeni, çox ciddi, sanballı fikirlər üzərində qurulmuşdu. Heç bir şişirtmə yox idi. İdarə Heyəti o fikirlərlə razılaşdı. İştirakçılar qazax müğənnilərin konsertinə qaldılar.
Oljas məni “Moskva” mehmanxanasına apardı. Yolda dostum dinib-danışmadı. Tədbirin necə keçdiyi barədə fikrimi də soruşmadı. Müdrik adam bunu özü də bilir. Bütün ölkənin bildiyi barədə nə demək olar?! Tədbir barədə mən də danışmadım. Oljeken düşüncələrə dalmışdı. Dillənmirdi.
Yalnız otağa girəndən sonra danışdı.
-Muxtar Auezov barədə bir fikrimi ifadə eləyə bilmədim. Bilirəm ki, hələ vaxtı çatmayıb, – dedi.
Yenə əlini siqaret qutusuna atdı.
– Sən restorandan yemək sifariş elə.
– Bəlkə, konyak da gətirdim?
– Yox, qırmızı çaxır gətirt. Mən duşa girirəm. Telefonun dəstəyini götürmə. Bu gün kimsəylə danışmaq istəmirəm
Həmin axşam telefon dəfələrlə zəng çaldı. Amma Oljeken dəstəyi götürmədi.
Şairin başını qatmaq üçün çoxlu suallar verdim. Suallarım ədəbiyyat və sənət haqqındaydı. Arabir qazaxların mənşəyi, öz əcdadları və şəxsi həyatı barədə söz salırdı.
İyirmi il əvvəlki o axşam Oljas Süleymenovun da, mənim də vaxtımız çox idi. Sualları bir-birinə calayırdım. Saysız-hesabsız hadisələr, çoxlu əhvalatlar danışdı. Sualları bir neçə qrupa ayırıb hərəsinə bir kitab həsr eləmək olardı. Bilmirəm, vaxtım çatmadı, həyat imkan vermədi, yoxsa qazaxlara xas başısoyuqluq, yaxud tənbəllik mane oldu. Bu gün o fürsəti buraxdığımı bağışlanmaz səhv, daha doğrusu, günah sayıram. Bağışlanmaz günah.
– İndisə evə get. Yaxşı oturduq. Sabah dincələcəyəm. Mənə görə narahat olma. İşə getmə, evdə yazı-pozunla məşğul ol, – o, axırda dilləndi.
– Mukan haqqında məruzəniz çox gözəl idi…
– Bir fikrimi ifadə eləyə bilmədim. O fikri söyləməliydim. İnsan – zəmanənin quludu… Əsl insan qul olmamalıdı. Sosial quruluş bizi köləyə çevirməyə çalışır.
Bir müddət dinməzcə oturdu, sonra yenə siqaret yandırdı.
– Ədəbiyyat tarixində müəlliflərin deyil, qələmə alınan əsərlərin adı qalmalıdır. Həqiqət o əsərlərdədi, qardaş. “Hərb və sülh”, “Hamlet”, “Madam Bovari”, “Qara söz”, “Abayın yolu”, “Yüz ilin tənhalığı”, “Qoca və dəniz”…
Evə qayıdanda onun xatırlatdığı böyük əsərlərin siyahısına əlavələr eləyirdim: “İliada”, “Mahabharata”, “Xəmsə”, “Səs-küy və hiddət”, “Böyük Getsbi”, “Gil kitab”…
Siyahı uzun idi. Zamanın və məkanın girdabında itib-batmayan, unudulmaz mütəfəkkirlərin və yazıçıların qələmə aldıqları canlı siyahı…
9
Moskvada, SSRİ Yazıçılar İttifaqının növbəti plenumlarının birində Yazıçılar İttifaqının böyük restoranındakı masalardan birinin arxasında Oljas Süleymenov, Tacikistan Yazıçılar İttifaqının birinci katibi Mümin Kanoat, Qazaxıstan Yazıçılar İttifaqının birinci katibi Anuar Alimjanov və mən əyləşmişdim. Plenum bir az əvvəl başa çatmışdı, nahar eləməyə gələnlər növbə gözləyirdilər. Onların arasında məşhur tacik şairi, Muxtar Auezovun dostu Mirzo Tursunzadə, Qırğızıstanın ağsaqqal yazıçısı Aalı Tokombayev, ölkədə tanınan Rəsul Həmzətov və Qaysın Quliyev də vardı. Mirzo müəllim növbəyə durmuşdu.
– Gəlin yerimizi onlara verək, – Oljas dilləndi.
Hamımız qalxdıq. Oljas başını tərpədib ağsaqqalla salamlaşdı:
– Müəllim, – dedi, – gəlin bizim masamızda əyləşin, əbəs yerə vaxt itirməyin.
Həmişə zarafat eləməyi sevən Rəsul Həmzətov dilləndi:
– Oljas, nə içdiyinizi bizə də deyərsiniz?
O, süfrədəki iki şüşə konyaka işarə vururdu.
– Cavanları yetişdirmək lazımdı, – Rəsul Mirzə Tursunzadəyə baxa-baxa dilləndi. – Oljas, üçünüz də qalın.
Yerimizi ağsaqqallara verdiyimizi görən məşhur rus şairi Yevgeni Yevtuşenko qışqırdı:
– Asiya yerini ağsaqqallara verir. Ruslar yenə öz işlindədi. Şərqin müdrik insanları. Qədim mədəniyyət, qədim ənənələr… Mənasızcasına araq içməkdənsə, bundan dərs almaq lazımdı, – o, qədəhini doldurub başına çəkdi.
Biz restorandan çıxanda Gürcüstan Yazıçılar İttifaqının birinci katibi Nodar Dumbadze də arxamızca gəldi. Yevtuşenko əl eləyib qışqırdı:
– Əlvida, Asiya!
Bu məqamda Nodar Dumbadze geri baxmadan:
– Əlvida, kirli Rusiya! – deyib restorandan çıxdı.
Restorandakılar gülüşdülər.
Həmin gün o restoranda ağlagəlməz miqdarda araq içildi. Bu sovet yazıçılarının növbəti plenumu yox, yazıçılar üçün araqiçmə günüydü. Tarix – saxtalığı sevmir. Bu cür düşünənlər saxtakardılar. Tarixin anası – Həqiqətdir.
Cənablar, ayaq üstdə müdrik ağsaqqalların şərəfinə badə qaldıraq!
…И вышел раб
на снег в январский вечер,
и умер бог,
схватившись за живот…
Он отомстил, так отомстить не смог бы
ни дуэлянт, ни царь и ни бандит,
он отомстил по-божески:
умолк он,
умолк, и всё. А пуля та летит.
В её инерции вся злая сила,
ей мало Пушкина, она нашла…
Мишеней было много по России,
мы их не знали, но она –
нашла.
10
Oljas Süleymenovun yanına gəlib ona öz dərdini söyləyən saysız-hesabsız adamlar vardı. O hamını səbirlə dinləyib əlindən gələn köməyi göstərirdi. Cibindəki son rublu belə bölüşürdü. İyirmi il ərzində bir çox belə hadisələrin şahidi olmuşam. Nə qədər adamın mənzil, maşın almasına, övladlarını məktəbə yerləşdirməsinə, günahsız dustaqların həbsxanadan buraxılmasına yardım göstərib.
Oljasın “yox” dediyini heç eşitməmişəm.
Gecədi. “Medeo” mehmanxanasının eyvanında dayanmışam. Almatıda koronavirus tüğyan eləyir. Gündə iki yüz nəfərdən artıq insan ölür. Amma Almatının restoranları ağzınacan doludu. Mən də müştərilərdən biriyəm.
Pulunuz varsa, cibinizdə saxlamayın – bu, XX əsrin əllinci illərinin məşhur şüarı idi.
Amma onda insanlar mərhəmətli, şəfqətli, xeyirxah idilər.
Qazaxlar yalana və tərifə, pula və hökmə nifrət bəsləyiblər. Həmişə belə adamlardan uzaq durmağa çalışıblar.
İndi bunu deyə bilərikmi?
Kaş ötən illərə qayıtmaq mümkün olaydı!..
11
Bu gün ədəbiyyatın can çəkişən zamanıdı.
Ümidlər üzülüb. Ümidləri də öldürdük.
Bizim gənclik çağlarımızda isə ümid diri idi. Həmin ümidin sayəsində Ana Yerdə həyatı saxlaya, insanlığımızı qoruya bildik. O ümid vulkan kimi püskürürdü. O vulkan dünya cəngəlliyində yolumuzu azmamaq üçün bizə bələdçi oldu.
İndi vulkanlar sönüb. Yalan ayaq tutub yeriyir. Amma əminəm ki, o yalanlar vulkan atəşilə yanacaq.
Sevgi də öldü.
Sevgi bazara çevrilib. Qızlar əcnəbilərə ərə getmək üçün növbəyə durublar. Ya da milyonçuların qarşısında baş əyir, zənginləri ələ keçirməyə can atırlar.
Sevgi aləminin möcüzə dolu sirləri keçmişdə qalıb.
Sehr duyğusu yoxa çıxıb. İndi Dəşti-Qıpçaq çölündə onu tapmaq müşkül məsələdi.
Satqınlıq adi hadisəyə çevrilib. Əvvəllər insanlar satqınlığa nifrət bəsləyirdilər. Biz belələrinə yuxarıdan-aşağı baxırdıq. İndisə satqınlar bizə yuxarıdan-aşağı baxırlar.
Alaq otları bir göz qırpımında dünyanı basıb!
Xidmətçiliyə yarayanlar bu gün alimdilər. Əsl alimlərsə iş tapa bilmirlər.
Bəşər sivilizasiyası artıq ölümün qoxusunu duyur. Ana Yerin bütün zənginlikləri tükənir. Yer kürəsi şeytan yuvasına çevrilib.
Yunan mədəniyyəti hanı?.. Bəs Roma mədəniyyəti hara yox olub? Türk mədəniyyətinin başına nə gəlib? Bilən yoxdu, hamısı itib-batıb.
Gecə-gündüz teatra bilet tapmaq, kitab almaq üçün düşündüyümüz vaxtlar harada qalıb?!.
Mədəniyyət anlayışı var. Amma qədim mədəniyyət çatışmır.
…Fas еst – Все дозволено.
Римские полководцы посылали солдат
На варварские города,
вооружив легионы правом:
фас!
Fas – погружайте клыки:
мир для вас.
Fas – на чужую жизнь и имущество
Нет запрета.
Fas – это блеск суженных злобой
глаз,
расчеловеченье это.
И вспыхнули в Риме ХХ века
скрещенные молнии фразы fasist.
Да, первый философ в черной рубашке
был – лингвист.
В наследство от предков ему достался
варварский мир (он был историк).
Он – в черной рубахе,
Он – против черных (он был истерик).
Нам –
все дозволено!
12
Oljas Süleymenov – XX əsr qazax poeziyasının arqamakıdır.
“Gil kitab” – dünyanın ən yaxşı eposlarından biridir.
“Az i Ya”, “Müqəddəs yazıların dili” – yüzillərin Həqiqətini günümüzə çatdıran əsərlərdir.
Oljas Süleymenov – bəşər düşüncəsinin nadir hadisəsidir.
Oljas Süleymenov – mənim həyat və sənət müəllimimdir!
Oljas Süleymenov – həyata və sənətə xəyanət eləməyən qazaxdır.
Oljas Süleymenov – kimsəyə baş əyməyən qazaxdır. O, xahiş eləməyib. O, aman diləməyib. O, həqiqəti söyləyib. O, ləyaqətli, sanballı, təmkinli, coşqun bir ömür yaşayıb.
Qoy onun insani və ədəbi məktəbi Dəşti-Qıpçaq çölündə əbədi yaşasın!
Türk mənəviyyatına yol salan Böyük Şairə türk dünyası naminə uzun ömür diləyirəm.
Qoy qazaxların özünəməxsus mənəviyyat yolu əbədi olsun!
Qoy Dəşti-Qıpçağın vulkanları qazaxların qanını coşdursun, şərəfini ucaltsın, ovqatını yüksəltsin!
Qoy vulkanlarımız püskürsün!
Qoy qazaxlar püskürən vulkanlarımızı görsünlər, tanısınlar, qiymətləndirsinlər!
Tənha olsan, Oljas kimi ol!
Müdrik olsan, Oljas kimi ol!
ОLLJJJAAAAASSSS!..
Çevirəni: Nəriman Əbdülrəhmanlı