Rubi Gerra Venesuela yazıçısı və jurnalistidir. Tənqidçilərin “90-cılar nəsli” adlandırdığı yazıçılardan hesab edilir. O, “Şahidin tapşırığı” və “Kalidas Ruinas” kimi romanlarla yanaşı, altı hekayə kitabının müəllifidir. O, “Salvador Qarmendiya Qısa Roman Mükafatı”nın, “Rufino Blanko Fombona Mükafatı”nın laueratıdır. Yazıçının bu hekayəsi Servantes İnstitunun təşkil etdiyi Benengeli 2023 (ispandilli yazıçıların görüşü) tədbirində təqdim olunan “Benengeli Hekayələri”ndən biridir.
On iki yaşım olanda tibetli rahib Lobsanq Rampanın (ən azından onda belə olduğuna inanırdılar)[1] kitablarına aludə olmuşdum. Məsələn, “Üçüncü göz” adlı ilk kitabında lama olanadək keçirdiyi uşaqlıq və gənclik çağlarından bəhs edirdi. Bu cür sehrli, ezoterik təcrübələr mənim üçün həm ambisiya, həm də məyusluq mənbəyinə çevrilmişdi; amma əslində siam pişiklərinin məbəd gözətçisi olduqlarını öyrənəndə ilk dəfə dərindən sarsılmışdım, zövq və qəbuletmə təcrübəsini eyni anda yaşamışdım. Qəddar siamlılar normal pişiklərdən iki dəfə uzun barmaqlara sahib idilər və məbədlərdə tapılan çoxsaylı ləl-cəvahirə mühafizəsiz yaxınlaşan istənilən adamın üstünə hücum çəkirdilər. Bu, pişik sevgimə və itlərə duyduğum nifrətə bəraət qazandırırdı. İkinci maraqlandığım mövzu isə astral səyahət və gümüşü ip idi. Əvvəllər nə bu mövzu, nə də Tibet buddizmi barədə eşitmişdim və hər şey mənə çox heyrətamiz gəlirdi. Astral bədənin fiziki bədənə saf psixi enerjidən ibarət gümüşü ip ilə bağlı olduğunu öyrənəndə o qədər təəccüblənmişdim ki, bunun doğruluğuna inanmaqdan başqa yolum yox idi.
Məktəbdə bəzi dostlarımla bu mövzulardan danışmağa çalışırdım, amma mənə çox baş qoşmurdular. Onlar daha çox idman, televiziya və qızlarla maraqlanırdılar. Anam söhbətlərimə daha çox maraq göstərirdi. O, yemək bişirərkən və ya “Singer” maşını ilə tikiş tikərkən mənim mental proyeksiya, gümüşü ip, Çinin Tibetə hücumu barədə danışdıqlarımı lütfkar təbəssümlə, başını yelləyərək dinləyirdi, arabir də sual verirdi. Mən isə bu sualları oxuya bildiyim kitablardan əldə etdiyim biliklər əsasında cavablandırmağa tələsirdim. Deyəsən, bir neçə həftə ərzində əksər ailə üzvlərimi bu mövzu ilə bezdirmişdim. Vaxt keçdikcə anladığımı düşündüyüm şeyləri paylaşmaq ehtiyacım azalmağa başlamışdı. Səssizliyimi qoruyurdum, amma marağım qəti azalmamışdı.
Bütün diqqətimi mürəkkəb astral səyahət sənətinə yönəltmişdim. Şüurumu bədənimdən ayırmaq və məsafə məhdudiyyəti olmadan istənilən yerə, dağlara, dənizlərə səyahət edə bilmək… Divarlardan keçə bilmək… Mən mistik, çoxəsrlik sirrlərin üstünü açmağa ümid etmirdim, sadəcə orda-burda gəzişmək, ruh kimi süzülmək istəyirdim. Bir də bəzi qızların otaqlarına girməyi, bəxtim gətirsə, onları yataqda yarıçılpaq görməyi arzulayırdım.
Həftələr, hətta aylar boyu sakitcə yuxuya getməli olduğum zamanlarda qarnımdan çıxan gümüşü ipi, onun o biri ucuna bağlı astral bədənimi təsəvvür etmişdim. Guya dumanlı əksim yataqla tavan arasında süzülürdü. Saatlar keçirdi, ay səmadakı yolunu izləyirdi, pişiklərim pəncərədən girib-çıxırdı və mən qeyri-müəyyən bir anda xoş röyalar aləminə keçənədək yatağımda hərəkətsiz, yuxusuz, məyus halda uzanırdım. Ancaq ümidimi itirmir, hər gecə səylərimi təkrarlayırdım.
***
Günəşin hər şeyin üzərində acı-acı bərq vurduğu bir gündə prospektlə liseydən evə qayıdırdım. Temperatur çox yüksək olmalıydı, ancaq isti məni bezdirmirdi. Bizim evə aparan küçəyə çatmağıma bir neçə məhəllə qalmışdı ki, əks tərəfdən mənim yaşlarımda, mənə bənzəyən bir oğlanın gəldiyini gördüm. O, sürətlə, düz mənim irəlilədiyim trayektoriya ilə hərəkət edirdi. Artıq onun üzünü aydın görə bilirdim, hədsiz qətiyyətli və ədavətli görünürdü. İçimdə həyəcan baş qaldırırdı; yox, bu qorxu deyildi, sadəcə özümü qorumalı olduğumu hiss edirdim. O, ayaq saxlamadan sağ qolunu mənə tərəf uzadanda aramızda on metrdən az məsafə qalmışdı; indi demək olar ki, qaçırdı. Mən də öz yolumdan yayınmırdım, sanki toqquşmağımız qarşısıalınmaz idi.
Amma bundan sonra həqiqətən qəribə şeylər baş verdi. Onun sağ qolu maviləşməyə başladı, əvvəlcə solğun, sonra parlaq mavi oldu və yetişmiş meyvə kimi şişməyə başladı (əgər bu rəngdə meyvə var idisə). Buna cavab olaraq çox düşünmədən əllərimi sinəmin qarşısında tutdum, onu itələməyə hazırlaşırdım. Onun əlindən çıxan mavi şimşək – qarışıq enerji axını – mənim açıq ovuclarıma çırpıldı. Ətrafımdakı hər şeyi yox edən bəyaz partlayış baş verdi. Bu, bir saniyə, bəlkə də əsrlər çəkdi – bunu heç vaxt bilə bilməyəcəm, çünki şüurum da bu gözqamaşdırıcı bəyaz işıqda yox olmuşdu.
Sonra hər şey yenidən normallaşdı. Rəqibim ortalıqda yox idi. Başları gündəlik qayğılarına qarışmış insanlar həmişəki kimi səki ilə addımlayırdı, havaya karbon monoksid qazı buraxan avtomobillər isti asfaltda şütüyürdü. Qəfil anladım ki, əslində hər şey normal deyildi. Hər yeri mülayim sübh işığına bənzəyən parıltı bürümüşdü.
Mən səkinin ortasında ilişib qalmışdım, çaşsam da, yola davam etməli olduğumu anlayırdım. Yalnız bundan sonra ilk addımlarımı atanda yaşadıqlarım qarşısında kifayətsiz qalan heyrətlə ayaqlarımın yerə dəymədiyini anladım. Hesablamaq çətin idi, lakin məncə ayaqqabılarımın dabanı yerdən təxminən on beş santimetr hündürlükdəydi. Deyəsən, ayaqlarımın altındakı beton yoxa çıxırdı, amma mən havada süzüldüyümü hiss etmirdim, dəfələrlə yuxularda yaşadığım o bir qədər xoş, bir qədər qorxulu natarazlıq hissi yox idi. Məndən aşağıda dünya möhkəm idi, sadəcə artıq bildiyim dünya deyildi.
İlk təəssürat keçəndən sonra evə çatmağa tələsdim, yəqin artıq anam məni gözləyirdi. Bu barədə aydın düşünməyə cəsarət etməsəm də, ümid edirdim ki, anam bu başıma gələnə bir çarə tapacaq.
Heç kimin bu vəziyyətimin fərqinə varmayacağına ümid edərək sürətlə irəliləyirdim. Tezliklə anladım ki, nə qədər irəli getməyə çalışırdımsa, bir o qədər yüksəlirdim, sanki görünməz pandusla üzüyuxarı qalxırdım. Üstəlik bu pandus məni əhatələyən və mənə fikir verməyən insanların məsum-məsum addımladığı yer səthindən ayırmaqla yanaşı, həm də məni bir qədər sağa doğru yönləndirirdi. İstədiyim istiqamətdə hərəkət edə bilmirdim; məcbur qalıb havada yol nişanları, ya da aeroport işıqları kimi parıldayan solğun qırmızı xəttləri izləyirdim.
Qaçmağa başladım. Ümid edirdim ki, sürət məni düzgün yola qaytaracaq, amma bunun da bir faydası olmadı. Hələ də xaotik hərəkət edirdim, evlərin, binaların divarlarına, ağac budaqlarına dəyməmək üçün enib-qalxırdım, sanki görünməz əl məni əngəllərdən qorumaq üçün bələdçilik edirdi. Buna görə də həmin an mənə məntiqli gələn yeganə şeyi etdim: ayaq saxlamadan sürətimi normallaşdırdım. Ətrafı seyr etməyə başladım. Düşmənimin, mənə çox bənzəyən o oğlanın harada gizləndiyini öyrənməyə ümid edirdim. Lakin onu nə göydə, nə yerdə görə bildim və bu məni heç arxayınlaşdırmadı.
Qəfil yoldakı döngə məni yenidən evimizə yaxınlaşdırdı. Tezliklə sevincim narahatlıqla əvəzləndi: yerlə aramda az qala iki metr qalmışdı və mən düz üzü divara gedirdim.
***
Əvvəlcə bağımızın çəpəri üstündən, sonra anamın bir neçə il əvvəl əkib sonra da diqqətsiz yanaşdığı qızılgül kollarının və atamın səyahətlərin birindən gətirdiyi kauçuk ağacının yarpaqlarının üstündən keçirəm, evin divarlarından birinə çırpılmağıma az qalıb. Gözlərimi bağlayıram və özümü zərbəyə hazırlayıram; amma qorxuduğum başıma gəlmir, nə divara çırpılıram, nə burnum qırılır; heç bir titrəmə, əsməcə, sancma hiss etmədən divardan keçirəm.
Gözlərimi açanda evimizin qonaq otağında olduğumu görürəm. Qırmızı xəttlər yoxa çıxıb. Heliumla doldurulmuş rezin kukla kimi havada süzülürəm. Məni tanış əşyalar əhatələyir. Köhnə mebellər, ilk baxışdan həssas görünən dörd ayaq üstündə dayanmış nəhəng televizor (günlərimi onun qarşısında keçirərdim); televizordan da böyük, qəhvəyi (hətta demək olar ki, qara) taxtayabənzər materialdan hazırlanmış və məndən başqa heç kimin yandırmadığı səs sistemi. Başım tavana həmişəkindən daha yaxın olduğu üçün künclərdə yığılmış hörümçək yumurtalarının yumruluğunu, bəyazlığını detallı şəkildə görə bilirəm.
“Deməli ölmək belə olurmuş?” – yas duyğusunu belə üstələyən uyuşma hissi ilə soruşuram.
Hələ də bu dünyada olduğumu, amma həyatımdan və sevdiklərimdən həmişəlik ayrıldığımı, iqtidarsız şahidə çevrildiyimi anlayıram.
Ruhumu böyük kədər bürüyür. Yox, ruh olduğumu düşünmürəm. Paralel kainatda, ya da qaydalarını bilmədiyim aralıq həyatda olduğumu hiss edirəm.
Bu an anam otağa daxil olur. İlk dəfə onun əslində düşündüyüm qədər qoca olmadığına fikir verirəm. Yaşı əllidən azdır; saçları qapqaradır, qamətlidir, hətta mebellərin tozunu alanda belə çevik hərəkət edir. Onunla danışıram, amma məni eşitmir. Bu, qəlbimi hər şeydən çox qırır. Sonra düşmənimin gəldiyini görürəm; mənim lisey uniformamı geyinib; mənim kitablarımı şkafın üstünə qoyur və mənim anamı salamlayır. Anam ona gülümsəyərək cavab verir. Bax buna dözə bilmərəm; qutuya həbs olunmuş canlı həşərat kimi havada çırpınıram. Anama onun saxtakar olduğunu qışqırıram, amma sözlərim ona yüngül meh kimi çatır, saçlarını oynadır və üzündə xoş təbəssüm yaradır.
İspancadan çevirən: İlahə Əkbər
[1] Lobsanq Rampa – Kiril Henri Hoskin adlı yazıçının təxəllüsü idi.