sim-sim
No Result
Bütün nəticələr
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70
sim-sim

Rumın poeziyasından seçmələr – Jalə İsmayılın tərcüməsində

25/04/2023 - 21:27
A A
Facebookda paylaş

Mihay Eminesku (1850-1889)

 

 

Düşüncələr, xəyallarla…

 

Düşüncələr, xəyallarla

Səhifələr cızma-qara

Kitablarda, həyatımda

Gənclik kimi uzaqlarda

 

İzlənməsin fikirlərim,

Heç bilinməsin səhvlərim

Qaranlığın arxasınca

Bir uydurma yuxudaca

 

Yox adətlər, yox qaydalar

Dağılıb fantaziyalar

Yolunu azaraq gedir

Qara fikir, axsaq şeir

 

Gicgahlarımda döyünən

Beynimdə yanıb böyüyən

Fikrimə biçirəm libas

Çox bahalı, amma dayaz

 

Qarışıq yetişir onlar

Misirdə piramidalar:

Dağda daş məzar qalmışdı

İkonalar ağarmışdı

 

Uzun xiyabanda sfinkslər

Propilei, monolitlər

Məcbur edir inanasan

Ölü ölkə qapısındasan

 

Gir içəri, qalx pilləni

Bir bax nə gözləyir səni

Məşəlin altında tənha

Kral uyuyur tabutunda

 

 

Ana Blandiana (1942)

 

 

Yorğunam

 

Yorub məni fikirlərdən doğulmaq

ölməmək yorub məni –

bir yarpaq seçmişəm özümə,

ondan doğulacam indi.

Onun üzünə bənzəyib oxşarı olandan sonra

soyuq şirə yavaş-yavaş mənə keçəcək,

mənim sinirlərim də zərif tutyaya çevriləcək.

Titrəməyi, böyüməyi ondan öyrənəcəyəm,

ağrıdan öyrənəcəyəm parıldamağı,

sonra da dodaqdan qopan söz tək

budaqdan ayrılmağı.

Xatırladacam

yarpaqda

ölən

məsum uşaqlığı.

 

 

Sadə şeylər 

 

Ah, əgər şam olsaydım

Özüm-özümü yeyərdim

Bu başdan o başacan

Adi hesablama olardı…

Başın biri – xoşbəxtliyə bax! –

anidən yoxa çıxardı.

Dünya baxıb deyərdi:

“Bu qız nə başsız qızdır!”

Mən hər şeyi unudardım,

Anlamağa çalışmazdım nəyisə.

Sonra ürəyim əriyərdi

Bir daha sevə bilməzdim

Bir daha nifrət etməzdim

Heç bir iztirab yaxın düşməzdi mənə

Və dünya deyərdi:

“Bu qız necə ürəksiz qızdır!”

Beləcə davam edərdi.

Onda mənim heç bir arzum,

Heç bir istəyim olmazdı,

Mənim gəmi daşıyan qanım

Olardı darmadağın.

Sadəcə quru dizlərim qalardı

Ya ləyaqətlə titrəyər, ya da yerə düşərdi.

Kimsə nəsə demək əziyyəti çəkməzdi.

Sonuncu sükutda

Mum gölü donardı,

ağır cəzalandırılardı o,

işığının dünyaya gətirdiyi

bütün qorxunc kölgələrə görə.

 

 

Marin Soresku (1936-1996)

 

 

Aktyorlar

 

Ən rahat adamlar aktyorlardır!

Qollarını çırmalayıb

necə bizə çevrilirlər!

Heç vaxt belə mükəmməl öpüşmə görməmişəm

üçüncü aktda münasibətlərini aydınlaşdıran

aktyorların öpüşdüyü kimi.

 

Səhnədə o qədər təbii ölürlər ki…

Onların yanında

qəbirstanlıqdakı həqiqi ölülər,

həmişəlik faciəvi şəkildə ölənlər

sanki hərəkət edirlər!

 

Bizsə həyatın içində quruyub qalmışıq!

Hətta bilmirik necə yaşayaq.

Ya dodaqdəyməz danışırıq, ya da illərlə susuruq.

Miskin mənzərədir.

Və biz, lənət şeytana, əlimizi hara qoyacağımızı bilmirik.

 

Vaxt

 

Kəsməyə hazırlaşarkən

İbrahim İsmayıla necə baxırdısa,

elə baxıram hər yeni kitaba.

 

Mən də səni qurban edəcəm

bir-iki bilik qırıntısına

və qan axacaq hərflərdən.

Ruhlar məni bir daha görməsin deyə

onun tüstüsünə bürünəcəm.

 

Beləliklə,

hələ bir müddət

mahiyyətim dəyişməyəcək.

 

 

Bağladım

 

Ağacların gözlərini

bağladım yaşıl yaylıqla,

sonra dedim, tapın məni.

Ağaclar da dərhal tapdı

Yarpaq xışıltısıyla.

 

Quşların gözlərini

bağladım bulud yaylıqla,

sonra dedim, tapın məni.

Quşlar da məni tapdı

Bircə mahnıyla.

 

Kədərin gözlərini

bağladım təbəssümlə.

Kədər də məni tapdı

ertəsi gün sevgidə.

 

Günəşin gözlərini

bağladım gecələrimlə,

sonra dedim, məni tap.

Oradasan, Günəş dedi,

bundan sonra bir daha,

sən bir daha gizlənmə.

 

Gözlərini bağlamağa çalışdığım

hər şey, bütün duyğular

dedi mənə:

“Sən bir daha gizlənmə”.

 

 

Orijinaldan tərcümə edən: Jalə İsmayıl

sim-sim

Sim-sim.az gündəlik köşə, araşdırma, esse, poeziya və nəsr nümunələri, eləcə də kino, teatr, musiqi, rəssamlıq, memarlıq və incəsənətin digər sahələrinə aid geniş spektrdə maraqlı materiallar təqdim edir.
Portalda ölkəmizdə və xaricdə çap olunmuş kitablar haqqında resenziyalar, tanınmış incəsənət xadimləriylə müsahibələr, müzakirələr və debatlar, dünya mədəni irsiylə bağlı tərcümə materialları dərc olunur.


Təsisçi: Kamal Abdulla
Baş redaktor: Qismət Rüstəmov
Şef redaktor: Ömər Xəyyam
Redaktor: Cavid Zeynallı

© sim-sim.az

No Result
Bütün nəticələr
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70

© sim-sim.az