Rumıniyada Azərbaycan Multikulturalizm Mərkəzinin açılışı olub
Yassı şəhərindəki Rumıniyanın ən qədim universiteti olan Aleksandr İohan Kuzi adına
Yassı Universitetində Azərbaycan Multikulturalizm Mərkəzinin açılışı olub. Açılış mərasimində Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla, ölkəmizin Rumıniyadakı səfiri Hüseyn Nəcəfov, Rumıniya Parlamentinin Azərbaycan-Rumıniya dostluq qrupunun sədri Daniel Kristian İvanitse, Yassı Universitetinin rektoru Tudorel Toader, universitetin prorektorları və professor-müəllim heyəti iştirak edib.
Qeyd edək ki, artıq beş ildir Yassı Universitetində Azərbaycan Multikulturalizmi fənni tədris olunur. Fənni universitetin professoru Lüdmila Bejenaru tədris edir. O, Azərbaycan mədəniyyətini, tarixini, dilini sevən mütəxəssis kimi həmin mərkəzin sədri vəzifəsində fəaliyyətini davam etdirəcək.
Xalq yazıçısı Kamal Abdullanın “Yarımçıq əlyazma”, “Sehrbazlar dərəsi” romanlarının, “Bir, iki, bizimki…” pyesinin rumın dilinə tərcüməçisi Lüdmila Bejenaru Azərbaycan ədəbiyyatının ölkəsində təbliği üçün vacib işlər görür.
Mərkəzin açılış mərasimindən əvvəl isə akademik Kamal Abdulla və rektor Tudorel Toader arasında görüş keçirilib. Görüşdə ölkəmizin Rumıniyadakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Nəcəfov da iştirak edib.
Görüş zamanı ADU və Yassı universitetləri arasında Memorandum imzalanıb. Memoranduma əsasən, iki təhsil ocağı arasında tələbə-müəllim mübadiləsi aparılacaq, elmi konfranslar təşkil olunacaq, müxtəlif müstəvilərdə səmərəli əməkdaşlıq qurulacaq.
Həmçinin səfər çərçivəsində Kamal Abdullanın rumın tələbələrlə görüşü də baş tutub. Rumın tələbələrin Azərbaycana olan marağı bu gün ölkəmizin dünya miqyasında tutduğu mövqe ilə bağlı son dərəcə vacib və faydalı məqamdır.
Xalq yazıçısı Kamal Abdulla tələbələri Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin ildə iki dəfə – yayda və qışda keçirdiyi Multikulturalizm məktəbinə dəvət edib.