Sim-sim.az Şəbnəm Xeyrullanın “Antidepressant resepti” hekayəsini təqdim edir.
– Doktor, məni bir məsələ də narahat edir.
– Buyurun, eşidirəm.
– Haradasa iki ay olar ki, onun adı və ya özü ilə bağlı şeylər hər addımda məni izləyir.
– Necə yəni? Başa düşmədim…
– Bax, fərq etməz, küçədə yeriyim, ya avtobusa minim, sosial şəbəkələrə baxım, ya kitab oxuyum – hər yerdə qarşıma çıxır. Təsəvvür edin, adicə bura gəlmək üçün taksi sifariş verdim. Sürücünün adı nə olsa, yaxşıdır? Bəli, adaşı idi.
– İndi mən başa düşmürəm, siz bu haldan narazısınız, ya necə? Bir saata yaxın ona olan sevginizdən danışandan sonra adının qarşınıza çıxmasına görə narazılığınız mənə o qədər də çatmadı.
– Narazılıq deməyim… Qorxudur. Hərdən elə bilirəm, hansısa qüvvələr qəsdən onun adını mənim qarşıma çıxarır, sanki kənardan idarə olunuram…
Sonuncu fikrimdən sonra psixiatrımın üzündəki təbəssüm qəribə bir qayğı ilə əvəzlənir. Bir neçə dəqiqə əvvəl yazmaq üçün götürdüyü resept kağızını yenidən stolun üstünə qoyur.
– Sizdə depressiya əlamətləri hiss etdiyim üçün antidepressant yazmağı planlaşdırırdım. Amma axırıncı cümlələriniz… Deyin ki, “hansısa qüvvə” sözü zarafat idi.
Onun narahatlığını başa düşürəm. Qorxmasın deyə, gülümsəyirəm.
– Narahat olmayın, bu, şizofreniya deyil. Hansısa qüvvə deyəndə isə kosmosu, Yaradanı, nə bilim, mümkün ola bilən ilahi qüvvəni nəzərdə tuturam. Bəlkə də mənə işarə, yol göstərirlər, nə bilim…
– Heç bir işarə-filan yoxdur. Sadəcə sizin beyniniz yalnız o insanı düşünməklə məşğul olduğu üçün qarşınıza çıxan hər şeyi onunla əlaqələndirirsiniz. Başqa sirli, mistik açıqlama axtarmayın.
Psixiatrımın üzündən bayaqkı qayğı tam çəkilməsə də, yenidən resept kağızını əlinə alır. Kağızın başında bugünkü tarixi, adımı qeyd edir.
– Üzr istəyirəm, soyadınızı unutdum…
Soyadımın qeyri-adiliyinə təəccüb edir. Ulu babamın adı olduğunu deyib qısa tarixçəsini danışıram, maraqla dinləyir. Sonra isə dərdimə dərman olacaq antidepressantı yazır. Yaza-yaza da izahını verir.
– Qorxmayın, yüngül bir şeydir. Bir ay gündə bir dəfə olmaqla qəbul edəcəksiz. İlk günlər yuxu gətirəcək. Yaxşı olar ki, istirahət günlərində qəbul etməyə başlayasınız ki, işinizə mane olmasın. Amma sonrakı günlər yaxşı olacaq. Yüngül eyforiya hissi gətirəcək.
– Hər şeyə rəğmən?
– Baxır “hər şey” deyəndə nəyi nəzərdə tutursunuz. Amma istənilən halda, köməyi dəyəcək. Elə baha da deyil. Yaxşısı budur, çıxan kimi apteklərin birindən alıb, elə sabahdan başlayasınız.
Təşəkkür edib, resepti alıram. Birdən adımın yanında, soyadım yazılmalı olan yerdə onun adını görürəm. Özümdən asılı olmayaraq şaqqanaq çəkib gülürəm. Psixiatrım heç nə başa düşmədiyi üçün mənə qəribə baxır. Əminəm, yüz faiz, yenə mənə başqa diaqnoz qoymaq haqqında düşünür. Resepti ona göstərirəm.
– Baxın, görün, soyadımın yerinə nə yazmısız. Onun adını! Sonra da deyirsiniz ki, bütün bunlar mən onu düşündüyüm üçündür.
Səhvini görüb tutulur, sonra o da gülümsəyir:
– O qədər ondan danışdınız ki…
– Hə, deməli, yenə günahkar mənim onu düşünməyim oldu.
– Elə demək istəmədim. Üzrlü bilin. Verin, dəyişim.
Resepti ona geri qaytarmaq istəyirəm. Amma həm də istəmirəm. O da bunu hiss edir.
– İstəyirsinizsə, dəyişməyə də bilərəm. Onsuz da bizim apteklərdə heç kim sizdən başqa sənəd istəməyəcək. Kimin nəyinə lazımdır, soyadınız necədir…
Əlimi adlarımızın qoşa yazıldığı resept kağızının üzərində gəzdirib çantama qoyuram. Psixiatrın kabinetindən çıxanda ağlımdan keçir ki, bu dəqiqə üzərimdə şəxsiyyətimi təyin edə biləcək heç bir sənəd yoxdur. Və bununla da başlayır… Beynim həmişəki kimi yenə bir-birinin ardınca maraqlı ssenarilər cızmağa başlayır.
Bax, elə indi minəcəyim taksi qəzaya uğrayır və mən ölürəm. Üzərimdə də heç bir sənəd yoxdur. Yalnız psixiatrımın verdiyi resepti tapırlar. Orada da soyadım səhvdir. Təbii ki, buna görə nə kimliyimi, nə də doğmalarımı müəyyənləşdirə bilmirlər. Meyitim bir neçə gün morqda qalandan sonra kimsəsizlər qəbiristanlığında dəfn olunur. Hər halda taxtadan və ya dəmir lövhədən olacaq baş daşıma adlarımızı qoşa yazırlar.
Gözümün önündə canlanan mənzərə o qədər xoşuma gəlir ki, cızdığım ssenarinin inandırıcılıq payının olmamasına belə ilk anda fikir vermirəm. Amma sonrakı versiyalar daha inandırıcı alınır.
Başqa varianta baxaq. Tutaq ki, yenə öldüm. Yenə şəxsiyyətimi təyin etmək üçün resept kağızına baxdılar. Axı orada psixiatrımın adı, soyadı, imzası, möhürü durur. Onu tapmaq ki asan olacaq. Bax, o hər şeyi danışa bilər. Yox, lap hər şeyi olmaz. Axı psixiatrların peşə etikası deyilən bir şey var. Ən azı, mənim kimliyimi, soyadımdakı yanlışlığı necəsə izah edə bilər. Necə? Hə, bu ssenaridə detallar düz gəlmir. Düşün, bir az da düşün…
…Hə, tapdım, məsələn, deyə bilər ki, bu addan çox xoşu gəlirdi, özünə təxəllüs götürmək istəyirdi, mən də xahişini yerə salmayıb, reseptdə belə yazdım. Ola bilər əslində. Görəsən, doğmalarım buna inanar? İnanarsa, son xahişim kimi məzarımda soyadım əvəzinə onun adını yazmağa nə deyərlər? Heç kimi bilmirəm, amma ailəmdəki ən həssas adam – bacım bunu təklif edə bilər. Bu təxəllüs söhbətinə inanmasa da, o adın mənim üçün əhəmiyyət daşıdığını başa düşər.
Bəs birdən ölməsəm? Birdən bütün cızdığım ssenarilər kimi bunlar da işıq üzü görməsə? Onda belə çıxır ki, adımız bu resept kağızından başqa heç yerdə qoşa yazılmayacaq? Heç qəbir daşında da?
Çantamdan resept kağızını çıxarıb aptekə daxil oluram. Kağızı gülərüz əczaçı xanıma uzadıb adım yazılan hissəni göstərirəm:
– Baxın, həkim mənə yazıb bu dərmanı. Sizdə var?
Əczaçı mənim adım yox, dərmanın adı yazılan xanaya daha diqqətlə baxır. Bir dəqiqənin içində lazım olan dərmanı tapıb mənə uzadır:
– 11 manat 20 qəpik.
Dərmanı alıb aptekdən çıxıram. Belə çıxır ki, bu əczaçı xanım məndən və psixiatrımdan başqa adımızı qoşa görən üçüncü adamdır. Bu faktın özü belə məni sevindirir. Birdən ağlıma gəlir ki, cızdığım ssenari gerçəkləşsəydi, kimsəsizlər qəbiristanlığında qoşa yazılmış adlarımızı ümumiyyətlə görən olmayacaqdı. Kimdir axı oranı ziyarət edən? Guya ailə qəbiristanlığındakı qəbrimə nə qədər adam gələcəkdi ki?!
…Əlimdəki kağızı gənc əczaçı oğlana uzadıb göstərirəm:
– Baxın, bu dərman mənə yazılıb, bu da adım… Amma indi almaq istəmirəm. Bircə qiymətini deyərdiniz…
– 11 manat 25 qəpik.
– Çox sağ olun.
…Bu neçənci oldu? Deyəsən səkkizinci… Hə, səkkiz aptek gəzmişəm. Belə çıxır ki, artıq səkkiz nəfər adlarımızın qoşa yazıldığını görüb. Görəsən şəhərimizdə neçə aptek var?
03.01.2022