Sim-sim.az Şəbnəm Xeyrullanın “Balaca Kazım” hekayəsini təqdim edir.
Hər dəfə babamın məzarını axtaranda qəbristanlığın ortasında azıram. Təəccüblü deyil, ümumiyyətlə, mənim yol yaddaşım yox səviyyəsindədir. Evimizə gedən yolu belə hələ də işarələrlə yadda saxlayıram. Rəngsiz avtobus dayanacağının yanından keçirsən, qapağı qırılmış zibilqabının yanından sağa dönürsən, mavi darvazası həmişə açıq olan evdən sonra bizim dalan başlayır. Əgər günlərin biri həmin dayanacaq rənglənsə, zibilqabına qapaq düzəltsələr, mavi darvazanı bağlasalar, mən evimizə gedib çıxmaya bilərəm.
Qəbristanlıqda da belə işarələr var. Heykəlli məzar olan cərgədən yuxarı qalxırsan, əlində kamança tutmuş qız şəkilli məzar arxada qalır, ərəb hərfləri ilə adı yazılmış qəbir isə sağında. Amma burada dəyişikliklər məhəlləmizdəkindən daha sürətlə gedir. Babamın ziyarətinə aparan bu balaca cığır boyu dörd yeni məzar peyda olub. Zibilqabına qapaq düzəltmək daha çox vaxt alardı, nəinki bu dörd məzarın yolumun üstündə “baş qaldırması”.
Bu gün məzarı tapmayıb geri qayıtmağı düşünürəm. Birinci dəfə deyil, lazım olan ünvanı tapmadığım üçün kor-peşman geri qayıtdığım o qədər vəziyyət olub ki. Hələ bir dəfə çox vacib bir iş görüşməsinə ünvanı tapmadığım üçün gedə bilməmişdim. Qayıdandan sonra evdə bunu deməyə cəsarət etməyib, sadəcə, həmin işi bəyənmədiyimi bildirmişdim. Əslində isə bəlkə də taleyimi dəyişə biləcək bir iş idi.
Taleyimizi dəyişən o qədər nöqtələr, məqamlar, detallar olur ki… Bəzən bilə-bilə, bəzən bacarmadığımız üçün, bəzən də heç fərqinə varmadan onlardan imtina edirik. Bax, elə indi məzar ziyarətinə getmədən geri qayıtsam, nə dəyişəcək? O məzarın başında məni hansı qeyri-adi hal, taleyimi dəyişən vəziyyət ola bilər ki? Amma bu dəfə geri qayıtmaq istəmirəm. Bu inadkarlıq deyil. Babam neçə gündür yuxuma girir, elə bil, narahatdır. Kimə görə, nəyə görə? Bəlkə elə narahat olan mənəm, bu məzar ziyarəti o narahatlığı aradan qaldıracaq.
Nəhayət, tapıram. Məzarın ayaq tərəfində təxminən doqquz-on yaşlarında oğlan uşağı əyləşib, yabanı halda bitmiş sarı çiçəkləri qoparır. Bu kimdir? Qohumdur? Tanımıram. Sima yaddaşım yol yaddaşıma nisbətdə daha yaxşıdır axı. Bəlkə dilənçidir? Yox, oxşamır. Mənim gəlişim onu heç narahat etmir. Amma mən onun burada olmasına görə narahatam. Elə bilirəm, babamla “söhbətimə” mane olacaq.
– Qaqaş, sən kimsən?
– Tanımadın? – Başını belə qaldırmadan sualıma sualla cavab verir.
– Qohumsan? Babamı tanıyırdın? – Sualım özümə də mənasız görünür. Babam dünyasını dəyişəndə bu uşağın yəqin ki iki-üç yaşı olardı, haradan tanıyacaq.
– Səni tanıyıram. Sən də məni, – ikinci şəxsin təkində danışmağı açığı məni qıcıqlandırır.
– Sənə böyüklərlə necə danışmağı izah etməyiblər?
– Böyük? Məncə, biz yaşıdıq. Hə, dəqiq yaşıdıq. Sənin səkkiz yaşın olanda mən də ikinci sinfə getməyə hazırlaşırdım.
Bu nə danışır? Bəlkə ruhi xəstədir? Ən yaxşısı, baş qoşmayım. Amma düzü, üzdən olmasa da, danışığından tanış gəlir. Kimdir bu yaşından böyük danışan uşaq?
Fikir vermədən babamın məzarı başında “Fatihə” surəsini oxuyuram. Salavat çevirəndə o da mənə qoşulur. Ona fikir vermədiyimi görüb özü söhbətə başlayır:
– Kazımam da. Balaca Kazım.
Kazım… Bu adda tanışım heç vaxt olmayıb. Amma bu ad… Balaca Kazım… Hə… Bildim…
– Yenə tanımadın? Mən elə bilirdim, sən ilk qələm təcrübəni heç vaxt unutmazsan, – uşağın üzündəki kinayəli təbəssüm olduqca ürküdücü görünür.
Axı mən onu həqiqətən də tanıyıram. Özü də təxminən 30 ildir… Elə bunu demək istəyirəm ki, fikrimə düzəliş edir.
– İyirmi səkkiz il. Özünü qocaltmağa tələsmə.
Balaca Kazım mənim ilk hekayəmin qəhrəmanıdır. Uydurduğum, yaratdığım qəhrəman. Həmin hekayənin adı da “Balaca Kazım” idi. Səkkiz yaşında yazdığım, fəxrlə hamıya oxuduğum, “oxucularımın” tərifli rəylərindən sonra “yazıçı olacağam” fikrinə gəldiyim hekayənin.
– Bilirsən, niyə buradayam?
– Hə… Hekayəmi babamla birlikdə yazmışdıq…
…Əlifbanı öyrənib yenicə kitab oxumağa başladığım vaxtlar idi. Mənə elə gəlirdi ki, dünyada ən xoşbəxt insanlar yazıçılardır. Yazdıqları kitablar tanımadıqları evlərin əziz əşyası olur, sevilirlər, məşhurlaşırlar. Onlar kimi olmaq istəyirdim. Kitabımın çap olunmasını, oxunmasını arzulayırdım. Bunun üçün yazmaq lazım idi. İlk qələm təcrübəm ikinci sinfə getməyə hazırlaşan, amma ailələrinin maddi vəziyyəti yaxşı olmadığı üçün kitab-dəftəri alınmayan, köhnə geyimlərinin ümidinə qalan Balaca Kazım haqqında hekayə idi. Doxsanıncı illərin uşağı bəxtəvər həyatdan yazası deyildi ki?! Amma hekayənin sonu bəxtəvərliklə bitirdi. Balaca Kazım sehrli üzük tapırdı. Üzüyün qaşına əlini sürtüb arzunu dilə gətirəndə gerçəkləşirdi. Kazım da özü üçün məktəb ləvazimatları istəyirdi. Xoşbəxt sonla bitən balaca hekayə…
Hekayəmi babama oxuyanda yazdığımın nağıl olduğunu demişdi. Hekayə üçün daha real çıxış yolu lazım imiş. Məsələn, Balaca Kazım yoldan pul kisəsi tapır… Beləcə, hekayəm babamın redaktorluğu altında fantastikadan reallığa keçid etmişdi.
– Niyə o vaxt axıra kimi fikrinin üstündə durmadın? Niyə sehrli üzük variantının qalmasına çalışmadın?
– Mən nağıl yox, hekayə yazmaq istəyirdim.
– Nağılın nəyi pisdir ki? Nə qədər qorxulu olsa da, həmişə xoşbəxt sonluq var. Hələ üstəlik, göydən düşən üç alma da. Amma sən neylədin? Məni pul kisəsi tapmağa, ondan sonra da sahibini axtarmağa məcbur elədin.
Hə, pul kisəsini tapan kimi sahiblənmək də yaxşı hərəkət olmadığı üçün babamla belə bir çıxış yolu tapmışdıq. Balaca Kazım həmin pul kisəsinin sahibini tapır, həmin adam da Kazımın hərəkətindən məmnun qalıb, kisədən məktəb ləvazimatları almağa çatacaq qədər pul çıxarıb ona verir…
– Qəhrəmanım vicdanlı hərəkət eləmişdi də. Nəyi pisdir ki?
– Mənim üçün heç bir fərqi yoxdur. O pulu dünyanın o başından da, kosmosdan da tapa bilərdim. Burada söhbət səndən gedir.
– Məndən? Bura bax, axı sən kimsən?
– Hələ də elə bilirsən ki, əsas sual budur?
“Balaca Kazım”dan sonra başqa hekayələr də yazmışdım. Hətta o hekayələri topladığım dəftərin üzərinə iri çap hərfləri ilə adımı və “Seçilmiş əsərləri” sözlərini də yazmışdım. Amma indi onların heç birini xatırlamıram. İlk hekayəm isə hələ də yadımdadır.
– Gəl, təsəvvür edək ki, hekayəni ilkin variantda saxlamısan. Yəni sehrli üzük var, – Kazım oturduğu yerdən qalxıb məzar ətrafında var-gəl etməyə başladı.
– .. Sən üzükdən məktəb ləvazimatları almaq üçün pul istəyirsən…
– Niyə ancaq məktəb ləvazimatları? Niyə daha böyük düşünməmişdin ki? Məsələn, valideynlərimi kasıb vəziyyətdən çıxaracaq qədər pul istəyə bilməzdim? Ya da niyə üzük yalnız bir arzunu gerçəkləşdirsin ki? Niyə fantaziyanı işlətməmişdin ki?
– Sənin əsas qayğın nə olur-olsun, məktəbə getmək idi axı.
– Mənim? Bəlkə sənin?
– Ola bilər. Səkkiz yaşım var idi, başqa nə düşünəcəkdim ki…
– Ya da sən demişkən, reallıqdan uzaqlaşmadan ikinci variantı fikirləşək. Pul kisəsinin sahibini niyə axtarmalıydım ki? Olmazdı ki oradakı çoxlu pulun hamısı mənim olsun?
– Axı bu ədalətli olmazdı…
Xatırlamağa çalışıram, “ədalətli davranış” kimin təklifi idi – mənim, ya redaktorum olan babamın? Yadıma düşmür. İstənilən halda, hekayənin müəllifi mən idim…
– Sən təkcə hekayənin müəllifi deyildin. Bu hekayə həm də sənin gələcək həyat yolunun qısa izahı idi. Sən məni yox, özünü yaradırdın. Asan yoldan imtina edən, çətinliklərə qatlaşan, aza qane olan, məsləhətləri dinləyən özünü. İndiki özünü.
Yox, bu sözləri səkkiz yaşlı uşaq deyə bilməz. Bu nə cümlələrdir…
– Axı sən kimsən?
– Hələ də tanımadın?
–
14.08.2023