Mənim Səni Ona uduzduğum Telefon oyunu
“Mən, sən, o və telefon” tamaşası haqqında təəssüratlar
Səməd Vurğun adına Rus Dram Teatrında Anarın “Mən, sən, o və telefon” hekayəsi əsasında tamaşa olacağını biləndən baxmaq üçün səbirsizlənirdim. İllər əvvəl oxuyub sevimlilərim arasına əlavə etdiyim hekayənin film həllini görsəm də, səhnə əsəri kimi izləməyin də zövq verəcəyini təxmin edirdim.
Düzünü deyim ki, hadisələrin təxminən 50-60 il əvvələ təsadüf etdiyi hekayənin müasir yozumunun fərqli olacağını güman edirdim. Nə bilim, hər halda, ağlıma gəlirdi ki, həyatında bircə dəfə belə avtomat telefonla danışdığına inanmadığım aktyorlar hadisələri müasir dövrə daşıyacaqlar. Məsələn, telefon tanışlığı yerinə internet yazışmaları ola bilərdi. Amma nə yaxşı ki, olmadı. Əsərin orijinallığına zərrə qədər də xələl gətirmədən hazırlanmış, geyimindən danışığına kimi hər xırda detalı olduğu kimi qoruyub saxlayan bir səhnə əsəri izləmək qismət oldu.
Tamaşaçı əsərin qəhrəmanı olan Seymur (Rüstəm) ilə birlikdə həyəcanlandı, sevindi, kövrəldi. Elə onun kimi də düşüncələrində ikiyə bölündü – real və platonik sevgi dəstəkçilərinə. Adım kimi əminəm, hər tamaşaçının beynində məhz Rüstəm – platonik sevgi qəhrəmanı daha üstün yerdə durdu. Çünki o bizi öz sevgisinə daha çox inandıra bilmişdi.
Sevdiyi qadına yalan danışsa da, oyun qursa da, Rüstəm daha səmimidir. Axı görmədən, fiziki varlığını duymadan, uzaqdan-uzağa, məqsədsiz, gözləntisiz sevir. Yox, əslində onun da gözləntiləri var – ara-sıra görüşə dəvət cəhdləri də, qurduğu xəyallar da bundan xəbər verir. Amma yenə də o öz xəyalları ilə belə, Mədinənin fiziki olaraq yaxınlığındakı, görüşə dəvət etmək, əlindən tutmaq, kinoya getmək imkanları olan Seymurdan daha üstündür. Rüstəm Seymurla müqayisədə yel dəyirmanlarına müharibə açan Don Kixota bənzəsə də, tamaşaçı onu daha çox sevir. Bəlkə elə Mədinə də.
Bu qarşıdurma insanın “real mən”i ilə “ideal mən”inin savaşıdır və heç də 50-60 il əvvəl başlamayıb. Ədəbiyyat üçün də belə məsafəli sevgiləri mövzu etmiş əsərlər yenilik deyil. Şah İsmayıl Xətainin “Dəhnamə”sindən başlayan (bəlkə də daha əvvəl) bu yaradıcılıq nümunələrinin sayı-hesabı yoxdur. Bəs nədir belə əsərləri sevdirən?
Bəşər övladının yaddaşında maddi olanın günaha daha yaxın olması kimi bir fikir kodlaşıb. Hissi yaşantılar isə bizim üçün sanki daha pakdır. Bəlkə də buna görə cismən qovuşmayan Leyli ilə Məcnunun sevgisi daha təmiz, daha müqəddəsdir. Hər bir insanın içində elə bir sevgini realizə etmək duyğusu ilə bədbəxt olmaq qorxusu ömür boyu mübarizə aparır. Qorxduğumuz və qibtə etdiyimiz münasibətləri yaşamaq üçün bir zona varmı?
İnsan daim öz “ideal mən”ini yaratmaq, nümayiş etdirmək, tanıtmaq, ən nəhayət sevdirmək üçün məkan, fürsət axtarır. Nə zamansa bu fürsət məktublar olub, daha sonra telefon danışıqları, indi isə internet üzərində yaşanan onlayn həyat. Artıq bu imkanlar getdikcə daha da genişlənərək “Metaverse” səviyyəsinə çatıb. Yəni indi ideal məninə təkcə gizli ad verməklə yekunlaşmayıb, maddi şeylər də ala bilərsən. Başqa sözlə, maddiyyatdan virtuallığa qaçdığımız vaxt yenə qarşımıza maddiyyat çıxır.
Elə izlədiyim tamaşada da bu var idi. Rüstəmlə Mədinənin ünsiyyəti yalnız telefon danışıqları ilə məhdudlaşsa da, səhnədə başqa münasibətlər yaşanırdı. Xəyalən bir-birinə toxunur, qucaqlaşır, öpüşürdü obrazlar. Onların xəyalları tamaşaçını Mədinə ilə Seymurun real görüşlərindən daha çox həyəcanlandırırdı. Nəticədə bu şablon reallıq həyəcanlı illüziyaya qalib gəlsə də.
“Səni görməyə də bilərdim, amma məsafədən belə duyurdum. Sahil kəndlərinin sakinləri dənizi görməyəndə belə onu duyduqları kimi. İndi isə dəniz qeyb oldu. Yoxa çıxdı”.
Yaxşı yadımdadır, hekayənin sonunda mən ağlamışdım. Tamaşadan da oxşar gözləntim var idi. Bəlkə elə rejissor və aktyorların da. Amma tamaşaçıların əksəriyyəti gülürdü. İkiyə bölünmüş baş qəhrəmanın ikinci məninin zəngini gözləməsinə, ikinci məninə olan qısqanclığına, qəzəbinə. Bu gülüş bəlkə də özümüzə yönəlmişdi. Maddiyyat tərəfimizin mənəviyyat tərəfimizə üstün gəldiyi özümüzə.