Aydın Talıbzadə — teatrşünas, tənqidçi:
– “Sim-sim” dağ qapısıdır, qaya qapısıdır, arxasında qızıl, gümüş, zinət gizlədilir. İçəri daxil olmaq üçün gərək sehrli sözü biləsən. Bu söz bəlkə də, sirri zəmanədir: onu da sirri-xuda Kamal Abdulla bilir. Məhz o, “sim-sim”i günümüzün bədii-intellektual qapısı kimi müəyyənləşdirib və bu qapının cah-cəlalını qorumağı “tazə söz” sahibləri Qismətlə Ömər Xəyyama tapşırıb. Beş ildir ki, Ömər Xəyyamla Qismət dünya ədəbiyyatını, fəlsəfi fikir tarixinin incilərini qarışqa kimi daşıyıb “sim-sim”ə yığırlar.
Sizə yeni cığırlar, yeni uğurlar! Beşiniz əlli beş olsun, xəzinəniz dolsun, sizin təqdiminizlə Azərbaycan ədəbiyyatı aləmə faş olsun!!!
Rəşad Məcid – yazıçı, AYB-nin katibi:
– Sim-sim.az saytının 5 yaşı tamam olur. Düzü, bu rəqəm mənə iki cəhətdən qəribə gəldi. Əvvəla, düşünəndə nədənsə bu 5 ilin çox tez ötüşdüyü duyğusuna qapıldım. İkinci tərəfdənsə, Sim-sim.az-ın 5 ildən xeyli artıq zaman ərzində fəaliyyətdə olduğunu zənn etdim. Çünki bu sayt öz sanbalı, fəallığı ilə belə bir yüksək təəssürat doğurur. 5 yaşı münasibətlə saytın bütün əməkdaşlarını və oxucularını təbrik edirəm. Sim-sim.az saytı yaranan gündən bəri öz fərqliliyi və ciddiliyilə seçilib. O, ədəbiyyat ətrafında olan hansısa qalmaqalları şişirdib süni hay-küy yaratmağa yox, ciddi ədəbiyyatı təbliğ etməyə, ədəbi dəyərləri öz oxucusuna geniş tanıtmağa və həm Azərbaycan, həm də dünya ədəbi prosesində baş verən ən yaxşı hadisələrin təbliği ilə məşğul olmağa çalışıb. Orada bizim səviyyəli yazarlarımız, müasir ədəbiyyatımızın istedadlı, intellektli nümayəndələri fəaliyyət göstərirlər. Bu sayt öz təmkinli, ciddi mövqeyini bu illər ərzində qoruyub saxlamağı bacarıb. Düşünürəm ki, bundan sonrakı beşilliklərdə də bu cür davam edəcək. Sim-sim.az-çılara yeni uğurlar və yeni yubileylər!
Şərif Ağayar – yazıçı:
– Sim-sim.az mənə iki tərəfdən doğma saytdır. Əvvəla, seçilmiş, sırf intellektual zənginliyə hesablanmış materiallar verir, ikincisi, bu yazını verənlər, tərcümə edənlər və yazanların əksəri mənim yaxın dostumdur. Bəzən deyirlər, öz dostlarınızı yayımlayırsınız, təbliğ edirsiniz, daha düşünmürlər ki, biz ədəbi mühitin insanları istedadlı saydığımız adamlarla dostluq edirik. Yəni, dostluğumuzda meyar yazıdır, yazımızda meyar dostluq deyil. Bu mənada sim-sim ölkənin ən dostbaz, qrupbaz saytıdır. Orda yayımlanmaq – dəyərlər sistemi o qədər də aydın olmayan ədəbi mühitimiz üçün bir prestijdir. Və sim-simçilər bu uğura elə saytın fəaliyyətə başladığı ilk aylarda nail oldu. İndi isə beş yaşlarını qeyd edirlər.
Mübarəkdir!
Ömrünüz uzun olsun!
Ədəbiyyatda dost bildiklərinizin yeni yazıları ilə bizi sevindirin!
Yeni dostluqlar arzusu ilə, 50 yaşınızı qeyd edək!
Seyfəddin Hüseynli – redaktor, esseist, tərçüməçi:
– 5 yaşının tamamında inanılmaz dərəcədə yetkin, sanballı, öz yerini çoxdan tapıb oturuşmuş görünən sim-sim.az portalı ədəbi-mədəni mühitdəkilərin böyük əksəriyyətindən ötrü, yəqin ki, ən çox Ali Zövq ifadəsi ilə assosiasiya olunur. Bu ifadə sim-sim.az üçün onun fəaliyyətinin hər bir yönü, bütün təzahürləri baxımından tam mənada uyğundu, keçərlidi. Nədən ki, əvvəla, sim-sim.az özünün diqqət dairəsində olan, ədəbiyyatla, sənətlə, elmlə… əlaqəli mövzulara, məsələlərə münasibətdə lap ilk gündən Ali Zövq sərgiləməyə çalışıb. İkincisi, bu portal qaldırıb qabartdığı problemlərə, ilk növbədə, Ali Zövq sahibi sayılanların baxışını, yanaşmasını öyrənib təqdim etmək kimi çətin, ancaq gərəkli bir yol seçib. Üçüncüsü, sim-sim.az həm də üzünü Ali Zövq sahiblərinə, ya da belə bir zövqə yiyələnmək, özünü bu mövqedə görmək istəyənlərə tutub… Sim-sim.az-a bu 5 yaşına görə ünvanlanan hər təbrikə, yaxın-uzaq perspektivlə bağlı aid hər xoş arzuya qoşulmaqla bərabər, bir konkret diləyimi də çatdırmaq istərdim: Kaş, ötən 5 ildə portalda yayımlanmış materiallar (elə bundan sonrakılar da!) tədricən ekrandakı səhifələrdən kağız vərəqlərə də köçə, kitab, toplu halında da işıq üzü görə! Onları bir də bu müstəvidə oxuyanlar sevinib, alqışlayıb, ustadın dilincə deyələr ki: “Nə Ali Zövq ilə, gör, ağə qarə yazmışlar!”
Sevda Sultanova – kinoşünas:
– Ölkədə keyfiyyətli, işinə məsuliyyətlə yanaşan ədəbiyyat, mədəniyyət portallarının sayı təəssüf ki, azdır. Sim-sim.az bu azlıqdadır. Zamanla saytın materiallarından bəhrələnirəm. Buna görə yaradıcı kollektivə təşəkkür və saytın beş yaşını təbrik edirəm. Arzulayıram ki, ölkədə ədəbiyyat, sənət portallarının sayı çoxalsın və ciddi rəqabət olsun.
Qismət – sim-sim.az saytının baş redaktoru:
– Dəqiq yadımdadır, 2015-ci ildə yenidən aktiv fəaliyyətini bərpa edən Azərbaycan Yaradıcılıq Fondunda qurumun sədri, akademik Kamal Abdulla ilə söhbətləşərkən, bir ədəbiyyat, mədəniyyətyönümlü sayt yaratmaq ideyası ortaya çıxdı. Xatırlayıram, əvvəlcə saytın adıyla bağlı müzakirələr getdi, dünya mifologiyasından tutmuş öz mifik personajlarımıza qədər xeyli adlar sadalandı, abreviatura variantları təklif olundu. Bu maraqlı müzakirənin bir yerində Kamal Abdulla “sim-sim” adını təklif etdi. Bu, həm yığcam ad idi, həm də ədəbiyyat tarixindəki simvolik bir məqama işarə vurmasıyla müəyyən mənada elə abreviatura funksiyası görürdü: “sim-sim” açar sözdür, “Əli baba və qırx quldur” nağılında xəzinələrlə dolu mağaraya girmək və çıxmaq üçün şifrədir. Avropa dillərində bu söz “Sezam” kimi ifadə olunur, türklər “susam” deyirlər, mənası “küncüt” deməkdir. Nağılın sujetinə əsasən Əli babanın qardaşı küncütü başqa sözlərlə qarışıq salır deyə, mağaradan çıxa bilmir. Düşündük ki, sözlə işləyən adamlar üçün bundan yaxşı, bundan çoxmənalı işarə tapmaq çətin olar: ədəbiyyatın, bilginin sirli dünyasına daxil olmaq və orda məhbus qalmamaq üçün həmişə doğru sözü bilmək və sözün doğrusunu unutmamaq!
Bugün 5 (beş!) yaşı tamam olan saytımızın daxili ritmi də adındakı mənalar dəstinə uyğun şəkildə oturuşdu: o, gah aktivləşərək öz gücü daxilində həqiqi xəzinə olan bilginin gözqamaşdıran, amma kor etməyən işığını boşluqda titrəşən zülmət parçalarına salmağa çalışdı, gah da öz qaranlığına çəkilərək Qırat kimi qanadlarının çıxmasını gözlədi. Ötüb keçən beş ilə baxanda mənə elə gəlir ki, biz təkcə öz imkanlarımız daxilində Azərbaycan və Dünya ədəbiyyatının mənzərisini ifadə etməyə çalışmamışıq, həm də bir növ ədəbiyyata və ədəbiyyatçılara “belə də yanaşmaq olar” demək istəmişik. Əgər internet əsrində kimsə çağdaş bilgi mağarasının – adres sətrinin qarşısında bizim adımızı təkrarlayırsa, nə mutlu bizə!
Aqşin Yenisey – yazıçı:
– Bəri başdan deyim ki, mən Sim-sim.az saytını intellektual müəlliflərin yazdığı bir kitab kimi oxuyuram. Adətən, gündə bir və ya iki yazı. İctimai mühitimiz kimi ədəbi mühitimiz də intellektual, estetik baxımdan bir az yoxsuldur. Sim-sim.az yayımlandığı gündən bu yana bizi bu baxımdan zənginləşdirməklə məşğuldur. İntellektual aristokratiyaya cəmiyyətimizin, ölkəmizin hava, su kimi ehtiyacı var. Sim-sim.az-ın bu ehtiyacı qarşılamaq cəhdi alqışa və hörmətə layiqdir. Sizi təbrik edir, bir yazıçı və bir oxucu kimi həmişə yanınızda olduğumu söyləməkdən qürur duyuram.
Emil Bakuvi – Akademik Milli Dram Teatrının rejissoru:
– XIX əsr Amerika ədəbiyyatının sevimlisi Uitmen deyirdi ki, “böyük qəhrəmanlıq poeziyasının yaranması üçün bizə qəhrəman oxucular lazımdır – auditoriya qəhrəmanlığa susamış olmalıdır.” Bu gün Sim-sim. az saytı o qəhrəman oxucuları ətrafına yığmağı bacaran və Azərbaycanın intellektual çevrəsini bir araya gətirən mədəniyyət saytıdır. Beş yaşını qeyd edən saytla tanışlığım bizim sevimli müəllimimiz Aydın Talıbzadənin Xaqani Hass barədə yazısı ilə başladı və bu günə qədər davam edir. İstər müasir Azərbaycan ədəbiyyatı, istərsə də dünya ədəbiyyatından əsərlərlə oxucuları sevindirən Sim-sim.az bizim yetişən və formalaşan gənc nəsil üçün miqyasagəlməz işlər görür. Azərbaycan elminin və ədəbiyyatının beyin qladiatoru, əsərlərini sevə-sevə oxuduğumuz Kamal Abdulla başda olmaqda əziyyəti keçən hər kəsə təşəkkür edirəm. Təbriklər, Sim-sim.az!
Cavid Zeynallı – yazıçı:
– Sim-sim.az öz doğru yolu, aydın istiqaməti, uğurları ilə bu beş il müddətində yaddaqalan işlərə imza atıb. Ən vacibi öz auditoriyasını formalaşdırıb. Bu gün sənət cameəsi – xüsusən ədəbiyyat, teatr, kino mühiti Sim-sim.az haqqında yüksək fikirlər səsləndirir. Buna şəxsən şahid olmuşam. Bu rəğbətə nail olmaq, ətrafına bəlli oxucu kontingenti yığmaq günümüzün reallığında o qədər də asan məsələ deyil. Sim-sim.azı başqa platformalardan fərqləndirən ən vacib keyfiyyət onun arxasında duran intellektual bazadır. Özünü inkişaf etdirmək istəyən, dünya sənət prosesini öyrənmək istəyən hər bir insan bir nəfəslik kimi Sim-sim-dən istifadə edə bilər. Bu günlərdə “Mənim sevimli hekayəm” layihəsinə qəbul başa çatdı. Bu ölkəmizin mədəni həyatı üçün olduqca vacib layihədir. İnanıram ki, Sim-sim bu layihəni də uğurla başa vuracaq, hamımız bu uğurlu işə sevinəcəyik. Təbriklər!