Sim-sim.az Sənan İsmayılovun “Çəkic” hekayəsini təqdim edir.
Çəkic bəxtəvər və qayğısız bir ömür sürmüşdü. Ən azından, özü belə düşünürdü. Onun sahibi xarratlıq və dülgərlik işləri üzrə bir usta idi: nadir hallarda bu aləti işsiz qoyar, ən müxtəlif işlərdə daima ondan yararlanardı. İndiyədək o, haralarda olmamışdı! Bahalı evdə parket döşəmişdi, muzey eksponatını təmir əsnasında zərif zərbələrə üstünlük vermişdi, sərt palıd oduncağına həddini bildirənə qədər xeyli hiddətlənmişdi, mehriban və həlim xasiyyətli şam taxtasıyla isə səmimi dostluq qurmuşdu. Sahibinin özüylə daşıdığı yeşik idi məskəni və çəkic bu yeri digər alətlərlə əsl ürəkaçıqlığı ilə paylaşırdı.
Kimisə tərifləmək istəyərkən insanların: “Sən ki əsl çəkicsən!” – demələri onun ürəyinə çim yağ kimi yayılırdı. Öz adının bu mənada işlənməsi ilə qürrələnərdi. Bir sözlə, bəxtəvər alət idi o.
Ömrünün sonuna qədər bu cür yaşamaq – istənilən çəkicin arzusudur. Ancaq bir gün o, necə bir işə ürcah oldusa, sonrakı həyatı əsl cəhənnəmə çevrildi.
Həmin gün qocaman ustanın nəvəsi özüylə iki xırda qutu dolusu elə əyilmiş və burulmuş mismarlar gətirdi ki, onları görənlər heyrətdən dəhşətə qapılırdı.
Babası soruşdu:
– Bunları niyə gətirmisən bura?
Nəvə dedi:
– Sən yararlanasan deyə.
Qoca ötkəm şəkildə dedi:
– Bircə bu çatmırdı elə – gərək indi də bunlara vaxt sərf edim! Yaxşısı budur, at bunları, getsin. Mənim vaxtım həm müştərilərim, həm də özüm üçün daha dəyərlidir. Sən bu zir-zibili at ki, məsələ də bitsin.
Ancaq nəvəsi yaşına uymayan tərzdə mızıldandı:
– Amma mismarlar onlardan yararlanaq deyə, mövcuddurlar.
Qoca dedi:
– Bunlar artıq mismar yox, metal yığınıdır, hətta səndən təhvil alsınlar deyə dil açıb, yalvaracağın şəxslər də bunun qarşılığında pul-zad ödəməz. Məntiqi cəhətdən yanaşsaq, deməliyik ki, bu mismarların bəxti, taleyi heç gətirməyib. – Ancaq nəvəsinin qüssələndiyini görüncə, usta nəvazişlə əlavə elədi: – Onları metal yığını kimi təhvil verməyi sənə tövsiyə edərkən, mən ciddi idim. Bəlkə bunlara görə sənə qəpik-quruş verər, sonra mismarları əritməklə, daha faydalı işlərdə yararlanarlar. Ya da onlardan təkrar mismar hazırlayarlar.
Kövrələn uşaq lap hönkürmək həddinə gəlmişdi:
– Bəs bunlardan mismar yox, başqa nə isə hazırlasalar, necə olacaq?
Nəvəsini belə qanıqara görmək babanın heç könlünü açmadı:
– Onda özün bir düşün: onları harasa vurmaq imkansızdır, çünki hamısı əyri-üyrüdür, çoxusunun heç fərli-başlı “papağı” da yoxdur. Durub, bunları hamarlasan belə, əksəriyyətindən normal şəkildə faydalana bilməzsən. Bunların qüsuru saymaqla bitən deyil və öz əvvəlki güclərini itiriblər artıq.
Oğlan sevincək bildirdi:
– Onda özüm onları düzəldib-hamarlayaram!
Qoca heyrətləndi:
– Sənmi? Bu iş əsnasında, qorxuram, sən barmaqlarını şil-küt edəsən!
Ancaq oğlan dediyindən dönməyincə, qoca fikirləşdi: “Eynən mənim uşaqlığımdır!”
– Yaxşı, sən deyən olsun, – dedi. – Onda mən də öz köhnə dostum sayılan çəkici sənə əmanət edərəm. Birgə işləsəniz, bəlkə bir nəticə alınar. Axı o alət məni heç vaxt üzümü qara eləməyib.
– Elə isə sən də iş görərkən məhz bu mismarlardan yararlanarsan! – deyən nəvə sevincək babasının boynuna sarıldı.
Qoca: “Əlbəttə ki, yararlanaram” – deyə qət elədi və hansı səbəbdənsə yaşaran gözlərini sildi. Çəkic isə bütün bu baş verənlərə çaşqınlıq içində tamaşa edirdi. Axı ömründə ilk dəfə o, bu qədər mismarı düzəltməyə girişəcəkdi.
Mismarları düzəldib-hamarlamaqdan ötrü oğlan sonrakı iki həftə boyu hər gün həyətdəki köhnə gürzü babasının çəkiciylə döyəcləməli oldu. İlk vaxtlar onun zərbələri hədəfdən yayındığı üçün çəkic onillər boyu yoldaşı saydığı gürzə vaxtaşırı üzrxahlıq eləməyə məcbur qalırdı. Ancaq yavaş-yavaş işlər öz axarına düşdü və oğlanın zərbələri də sərrastlıq qazandı. Bununla yanaşı, düz hədəfə dəyən zərbələr onsuz da taleyindən narazılıq edən mismarlara dözülməz ağrı-acı bəxş eləməkdə idi.
Oğlanın işdən heç başı ayılmırdı, mismarların qatlaşdığı ağrılar isə getdikcə artırdı. Onlar bağırırdılar, ancaq nalələrini sadəcə çəkic ilə gürz idi eşidib-duyan. Bunlar gürzün çox da vecinə gəlmirdi, çünki daha betər hallara şahid olmuşdu. Halbuki çəkic o ətürpədici fəryadlardan heç cür özünə gələ bilmirdi. Hətta oğlan bu məşğuliyyətindən daşınsın deyə, bir neçə dəfə onun barmaqlarına tuş gəlmək niyyətinə də düşmüşdü. Ancaq öz ahıl sahibini məyus etməsin deyə, bundan çəkinmişdi. Həm də uşaq o dərəcədə tərs biri idi ki, hətta barmaqlarını əzsəydi də, yenə öz bildiyini edəsiydi.
Mismarların iztirablarını görən çəkicin ürəyi yamanca sıxılırdı. Yeşikdə gecələdiyi saatlarda digər alətlər – yastıağız kəlbətin, bir neçə buraç, mismar kəlbətini, künclüklər, iskənə, hətta işləndikcə eybəcər şəkilə düşən, zəhlətökən dülgər yapışqanının sırtıq tübiki də – yola saldıqları gün ərzində yaşanan məzəli əhvalatları ara vermədən paylaşırdılar. Öz aləminə qapılan çəkic isə o ara qüssələnirdi.
Çünki ustanın nəvəsinin niyyətləri hər nə qədər nəcib olsa da, onun əlində ikən çəkic özünü iradəsiz bir işgəncə aləti kimi hiss edirdi. Bu durum baş verənlərin mahiyyətini əsla dəyişdirmirdi, həm də ustanın sifarişçilərindən birinin dediyi bir kəlam çəkicin yaddaşına yamanca həkk olunmuşdu: “Elə Cəhənnəmə aparan yol da nəcib niyyətlərdən keçir də”. “Cəhənnəm” deyərkən haranın nəzərdə tutulduğundan çəkic xəbərsiz idi. Ancaq ondan bəhs edən adamın üz ifadəsi oranın fərli bir yer olmadığını bildirirdi.
Bəs onda neyləyəydi? İnsanlardan fərqli olaraq, o, yəni çəkic, metaldan hazırlanmışdı, odur ki, özüylə eyni materialdan hazırlanan digər əşyaların fəryadını eşitməsin deyə, qulaqlarını qapaya bilməzdi axı.
Zərbədən zərbəyə də fərq var. Bunu o, dəqiq bilirdi. Təcrübəli ustanın əlində ikən üzü üzlər görmüş bir çəkiclə təzə mismarı taxtaya vurmaq elə də müşkül iş sayılmırdı. Onun “papağına” endirilən zərbə bir az ağrılı olsa da, bu hiss tezcənə ötüb-keçirdi və bunun ardınca oduncaq liflərinin xoş, nəvaziş dolu əhatəsinə düşən mismar öz əhəmiyyətini tam anlayır, özünün gərəkli sayıldığı bir mühitə düşdüyünü, önəmli rol daşıdığını görüncə, fəxarət hissləri yaşayırdı.
Çəkic fikir yürütməyə məcbur idi. Əvvəla, mövcud şəraitlə hesablaşmalıydı, çünki əyri mismarları düzəltsin deyə, usta özü onu nəvəsinə vermişdi. Deməli, qaçacaq bir yeri yox idi – bu iş artıq öhdəsinə düşmüşdü. İkincisi, o, sınaqlardan çıxmış alət sayılırdı, buna görə də hətta təcrübəsiz birisinin əlinə düşsə belə, tapşırılan işin öhdəsindən mütləq gələsiydi. Üçüncüsü, (bu, həm də daha vacib məqam idi) duyğuları bir kənara qoyaraq, gələcəyə inamla baxmalıydı. Aldıqları zərbələrdən mismarların duyduğu o ağrı-acı ötəriydi, əsas o idi ki, peşəkarlığına hər hansı şübhə yeri olmayan usta ən uyğun şəkildə və yerdə onlardan istifadə etsin. Bu sayədə düzəldilib-hamarlanan mismarlar da özü kimilərinin daima can atdığı yerə, istənilən mismar üçün ən rahat sığınacaq sayılan oduncağın daxilində özünə yer tapacaqdı.
Həm oğlanın sözündən dönməzliyi, həm də sahibinin ustalığı barədə çəkic haqlı çıxdı. Oğlanın təkrar həyat verdiyi bütün mismarlar ən müxtəlif şərtlərdə özlərinə tətbiq yeri tapdılar. Ustanın alət yeşiyində ora-bura daşındığı zaman çəkic həmin mismarlarla vaxtaşırı rastlaşırdı. Çünki onlardan günəşli səhərləri salamlayan pəncərələrdə, qonaq-qara üzünə açılan qapılarda, körpələrin bütün günü üzərində oyuncaqlarla oynadığı isti döşəmələrdə, kiçicik quşların ara-sıra uçub-girdiyi çardaqlarda istifadə olunmuşdu.
Beləcə hüzura və bəxtəvərliyə qovuşan mismarlara elə gəlirdi ki, onlar elə əzəldən öz varlıqlarını bu cür sürdürüblər, odur ki, çəkiclə ratlaşanda onun simasında öz zülmkarlarını görmürdülər. Öz aralarında söhbətləşərkən, çəkici görən mismarlar hərdənbir onu hələ lağa da qoyurdular. Yerli diyarşünaslıq muzeyinin taxta pəncərələrinin çərçivə qisminə vurulan xırda bir mismar bu barədə xüsusilə seçilirdi (dülgərin qızı sözügedən muzeydə işlədiyindən usta ara-sıra ora baş çəkirdi). Hamarlanmaqdan ötrü çəkicin altına qoyulduğu zaman həmin mismar hədsiz əyri-üyrü halda idi. Həm də o vaxt bu xırda mismarın gövdəsində xırda kəlbətin dişlərinin izləri də gözə dəyirdi. “Bu qartımış və insafsız çəkic də ələ salıb, aşağılamaqdan ötrü özünə elə bir mismar axtarır ha. Yaxşı ki, indi mən zərif oduncağımın qoynunda özümə rahat bir yer tapmışam. Hətta mənim papağım da necə dərinlərə gömülübsə, tam görünməz olub, hətta o zəhmli qocanın gözünə sataşsam belə, daha onun əlindən heç nə gələn deyil”. Nəvənin istəyinə əsasən hamarladığı o mismarları ümumiyyətlə görmək istəməzdi. Ancaq, təəssüf ki, zərbələr endirdiyi, öz ah-zarları ilə onun qulağını yağır edən mismarları görüncə, hər birini tanıyırdı, çünki onları əsla unuda bilmirdi. Həmin fəryadlar çəkicin yaddaşını daima dara çəkirdi, sahibinin əlində işləyərkən isə o, sevinirdi, çünki qısa müddətə də olsa iztirablardan xilas olurdu. Xatirələri necə cansıxıcı idisə, tez-tez o, özünün də metal toplayanların əlinə düşərək, bir ərintiyə çevrilməsini arzulayırdı. Ancaq dostunun iztirablarından xəbərsiz olan usta onunla çalışmaqdan doymur, daima onun qeydinə qalırdı. Ancaq çəkic onun alət yeşiyində ora-bura getməyi diləmir, vaxtilə döyəcləyib-düzəltdiyi mismarların necə şad-xürrəm yaşadığını görmək istəmirdi. Çünki bunu görərkən duyduğu həzz onun yuxularda gördüyü kabusları əsla azaltmırdı. Buna görə də o, bütün bu məşəqqtlərdən birdəfəlik qurtulacağı anın həsrətiylə yaşayırdı.
Günlərin bir günü sakit axan, enli bir çayın üstündən salınan köhnə körpünün xırda-para təmir işləri ilə bağlı ustaya sifariş gəldi. Metaldan tikilsə də, körpünün bir çox elementləri taxtadan idi. Artıq heç kəsin keçmədiyi bu körpü sırf tarixi abidə kimi qorunurdu. Ya güclü küləklər, ya da cavanların şıltaqlığı ucbatından bu körpünün vaxtaşırı ya məhəccərləri qırılıb-tökülürdü, ya da qalın döşəmə taxtalarında yarıqlar açılırdı. Bu səfər də üstü naxışlı bir neçə köhnə taxta lövhə öz həmişəki yerindən oynamışdı və istənilən an çaya düşə bilərdi.
– Bunları əvvəlcə gərək biz məftilin köməyi ilə dartıb, yerinə oturdaq. Sonra isə əlavə dəliklər açmaqla, boltlar vasitəsilə bərkidək. Oradan bir cüt möhkəm qısqac tap görüm, – deyə usta öz şəyirdinə üz tutdu. Bütün alətləri çıxarıb, körpünün qalın taxta döşəməsinin üstünə düzdükdən sonra şəyird yeşiyin dibində bir cüt qısqac tapdı. Lövhələri çətinliklə öz yerlərinə oturdan usta məhəccərin ətrafını məftillə sarımağa başladı, köməkçisi isə bunun ardınca qısqacları yerinə taxdı.
Çəkic döşəmə taxtalarında açılan iri bir yarığın lap böyrünə qoyulmuşdu, odur ki: “Çaya atılmağın əsl məqamı yetişib, bu yolla bəlkə mən öz gecə kabuslarımdan da qurtularam” – deyə düşünürdü. Onu çayın dibindən tapıb, çıxartmaq isə yəqin heç kəsin ağlına gəlməzdi. Həm də ustanın köhnə körpünü lərzəyə gətirən addımları yerdəki alətləri hər dəfə həmin yarığa tərəf bir az da sürüşməyə məcbur edirdi. Ancaq bu vaxt o, körpünün altından kiçik bir qayığın keçdiyinə şahid oldu. İçində adamlar vardı. Çəkic düşündü ki, əgər indi aşağı atılsa, həmin insanlara xətər yetirər – axı hər necə olsa, xeyli ağır idi. Və beləcə, fürsəti fövtə verdi.
Çəkicin içindən keçənləri anlayıbmış kimi, usta öz şəyirdinə acıqla dedi:
– Axı kim alətləri bu cür düzür? Birdən onlardan hansısa aşağı düşsə, necə olacaq?! Qısqacı sıx, qurtar və adamlar ta keçib gedənə qədər yerindən tərpənmə!
Ancaq qayıq ləng irəliləyirdi, sanki onu hərəkətə gətirən mühərrik yox, zəif bir meh idi. Qanı qaralan çəkic özünü çaya atmaq istəyindən artıq tamamilə əl çəkmişdi. Qısqacı burmaqla taxta lövhəni metal dayağa kip sıxan cavan şəyird bir gözünü qayıqdan heç çəkmirdi. O, soruşdu:
– Hə, usta, axır ki, qayıq keçib, getdi. İkinci qısqacı bərkitməkdən ötrü ora yanaşa bilərəm?
Çəkic çaya tərəf boylandı – həqiqətən də, qayıq artıq aşağılarda gözə dəymirdi. Aşağı, aşağı atılmağın vaxtı idi – beləcə, kabuslarıyla vidalaşacaqdı o.
– Bilərsən. Amma ehtiyatlı tərpən ki, alətlərə toxunmayasan, – deyən usta narazı halda mızıldandı. – Həm də onları o taxtanın üstündən götür.
Çəkic öz-özlüyündə düşündü: “Eh, fürsəti qaçırtdım! Yenə kabus görməyə davam edəcəyəm”.
Cavan oğlan şən və özündənrazı halda:
– Sən fikir eləmə, usta, – deyib, ona tərəf bir neçə addım atdı. Əyilib, dreli götürmək istədiyi an… hələ də uzaqlaşmaqda olan qayıqdan güclü bir siqnal yüksəldi. Bu səs çayın üzərində hökm sürən sükutu yarıb, keçdi: siqnaldan diksinən cavan oğlan qəddini dikəltdi ki, qayığa tərəf boylansın və həmin dəm istəmədən çəkicə toxundu. Və alət bayaqdan bəri arzuladığı o hüzurun qoynuna cumdu, nə cumdu.
Qocaman usta əsəbiliklə ona çımxırdı:
– Ay səni, sarsaq! Az qala əlli il olar, mən o çəkiclə yoldaş idim və ölənə qədər də buna davam edəcəkdim. O, heç vaxt mənim üzümü qara eləməmişdi. Arada sapını dəyişmişdim, vəssalam. Sənin ucbatından öz sadiq dostumdan oldum mən. Eh-h…
Oğlan ağzını açmaq istəyirdi ki, özünə haqq qazandıra, ancaq ustanın çöhrəsindəki dərin qüssəni görüncə, xəcalət içində başını aşağı salıb, susdu.
* * *
Aradan uzun illər ötdü, zamanla həmin köhnə körpü və meşəylə əhatələnən vadi turistlərin ən sevimli oylaqlarından birinə çevrildi. O həndəvərdə kempinqlər inşa olundu, kiçik meşə baxımlı bir hala gətirildi, körpünü isə elə təmir elədilər ki, sanki o, bir il qabaq salınıbmış, hərçənd öz köhnəliyini də qoruyurdu. İndi də baxım, təmizlənmə növbəsi çaya gəlmişdi.
Çayın dibindəki zir-zibili bir kənara yığan dalğıc dəstəsi lil və pasla örtülmüş çəkicə rast gəldi. Çaydan çıxarılanlar bir tərəfə qalaqlanarkən, dalğıclardan biri çəkici əlinə alaraq dedi:
– Yaxşı çəkicdir ha bu. Hələ də işə yarayar. Xatirimdədir, atam danışırdı ki, uzun illər öncə o, öz ustasının çəkicini məhz burada bilmədən suya salıbmış. Çox yəqin, bu, elə həmin çəkicdir. Bu hadisəni yadına salan atam onda da məyus imiş, elə indi də dilxor olur. Bunu aparıb ona verəcəyəm.
Dalğıc yoldaşı zarafatla dedi:
– Yəqin bu çəkic vaxtilə minlərlə mismarın təpəsinə amansızlıqla enməklə, onları yerinə oturdubmuş.
– Hə, çox yəqin, sən deyən kimi olub. Ancaq, məncə, illər uzunu dibində yatdığı bu çay artıq onun bütün günahlarını yuyub-aparmış olar.
Bundan bir həftə sonra o köhnə çəkic qocaman ustanın məzar daşının ayaq qismində və onun səthinə yapışqan ilə bərkidilmiş halda peyda oldu.
Beləcə, çəkic öz rahatlığına qovuşdu, çünki köhnə dostlar yenidən baş-başa idilər.
Ruscadan tərcümə – Azad Yaşar