Belə bir qənaət var ki, inkişafı dayandırmaq olmaz. İnsanoğlunun həm müsbət, həm də mənfi mənada nələrə qadir olduğunun isə bir həddi-hüdudu yoxdur. İndi sizə danışacağım bu əhvalatın da xeyirə, yoxsa şərə vəsilə olduğuna qərar vermək sırf sizin öhdənizə düşəcək. Çünki bununla bağlı özüm hələlik bir qərara gələ bilməmişəm.
* * *
Uşaqlıqdan bəri tanıyırdım onu, eyni binada yaşayırdıq. Onunla bağlı xatirimdə qalan ilk hadisə payızın əvvəlində baş vermişdi və onda cəmi on dörd yaşım var idi. Binamızın önündə futbol oynayırdıq. Top həyətdən xeyli uzağa gedib düşdü və uşaqlardan biri o ara evinə dönən Duyukdan topu bizə tərəf atmasını xahiş elədi. Amma əbəs yerə! Onun ayaq zərbəsi necə güclü alındısa, bizim meydança saydığımız şərti sahəni keçməklə, onun digər ucundan kənara uçdu. Uduzan komandanın yekəpər kapitanı Duyukun üstünə hiddətlə çımxırdı ki, tez gedib, topu geri gətirsin. O isə kapitanın qarşısında dimdik dayanıb, gözlük arxasından baxan gözlərini çırpır və… heç bir qorxu-hürkü duymadan gülümsünürdü.
Mən: “O, topa düz-əməlli zərbə vurmağı da bilmir” – deyə araya girdim və başqa bir yoldaşımızdan gedib topu gətirməsini xahiş elədim. Həyətimizdə sən deyən də güclü biri sayılmırdım deyə, heç kəs məni dəstəbaşı saymırdı. Buna rəğmən, sözümün bəlli bir kəsəri vardı. Çünki tay-tuşlarım arasında öz atasının maşınını qaçıran və onunla qəza törədən ilk yeniyetmə məhz mən idim. Yaşlı qonşulardan pul istəmək də məndən ötrü müşkül bir məsələ deyildi: bu işləklərim sayəsində biz dəstə ilə ya kinoya yollanar, ya da dondurma alıb, yeyərdik.
Bu Duyuk həyət uşaqları ilə dostluq əlaqələri qurmağa xüsusi maraq bəsləmirdi. Qəfil danışmağa başladığı zaman da ya bizim üçün maraqsız, ya da anlamadığımız mövzulardan söz salırdı. Biz hay-küylü oyunları, bir-birimizi cırnatmağı və yoldan keçən qızların ardınca şit atmacalar yağdırmağı xoşlayırdıq. O isə bizə evlərin isidilməsi üçün müəyyən parametrlər üzrə nizamlana bilən elektron sahələrin mövcudluğu, maqnitlənmə yoluyla buludları bol yağışlı ərazilərdən hədsiz quraq bölgələrə yönəltməyin mümkünlüyü barədə danışırdı. Bu söhbətləri dinləyərkən biz onu istehza dolu təəccüblə süzsək də, bundan əsla inciməzdi, öz yaşıdlarına nisbətən daha uşaq görünən bu oğlan özünü görüb-götürmüş biri kimi aparırdı.
Bir sözlə, bu Duyuk fikri-zikri tamamilə qarma-qarışıq birisi idi. Yeri gəlmişkən, ondan ötrü bu, normal ovqat sayılırdı, halbuki başqa birisi bu cür düşüncələrdən dəli-divanəyə çevrilərdi. Bir ideyasını axıra qədər ifadə eləməmiş o, bir digərinə keçər, həm də ağlasığmaz bir sürətlə danışardı.
Məktəbi bitirdiyi ərəfədə xeyli inkişaf eləsə də, o, hələ də çəlimsiz idi, açıq rəngdə cod saçları və düppədüz qaşları vardı. Gözlüyünü heç vaxt çıxarmazdı, hətta bəziləri onun gözlüklə yatdığını da söyləyirdi.
Xüsusi səylər göstərməsə də, həyatda bəxti gətirirdi. Hətta qızlar barədə də gətirirdi, onlar, tilsimlənibmiş kimi, bu oğlanın gələcək texniki möcüzələrlə bağlı söhbətlərini dinləyər, ondan öz gözəllikləri ilə bağlı komplimentlər ummağı isə heç ağıllarına da gətirməzdilər. Başqaları kimi mən də ona qibtə-filan bəsləməz və düşünərdim ki, hə də, sarsaqların bəxti həmişə gətirir axı (çünki bütün ətrafdakılar da onu məhz belə biri sayırdılar). Hərçənd o, sarsaq-zad deyildi, təkcə sinif üzrə yox, məktəb üzrə də yüksək sayılan qiymətləri bu faktı isbatlayırdı. Heç bu işdə də Duyuk özünün xüsusi səyləri ilə fərqlənmirdi, sanki onun həyatında hər şey öz xoşuyla belə alınırdı.
O vaxtlar düşünürdüm ki, bəlkə də topla bağlı əhvalata görə o, mənə rəğbət bəsləyir. Bununla yanaşı, onunla sən deyən yaxın da deyildik. Zamanla Duyuku daha yaxından tanıyanlar ona dərin hörmət bəsləməyə başlayırdılar. Ancaq o, hələ də özünü alınmaz qala kimi aparırdı. Məncə, o, yaramazlığın insana verdiyi iztirabı hələlik dadmamışdı, ancaq bunun varlığından agah idi və ona görə də o qaçılmaz görüşü bacardığı qədər ertələməyə çalışırdı.
Hər ikimiz eyni universitetə qəbul olunduq: mən Maliyyə fakültəsinə (anam mühasib olmamı arzulayırdı, çünki gəlirlərini hesablatmaq istəyən şəxslərin tapılacağına inanırdı), o isə (bu, gözlənilən idi) – Elektron texnologiyalar fakültəsinə. Nadir hallarda rastlaşsaq da, görüşlərimiz səmimi keçirdi və onun dərslərdə keçilən mövzulara dərin maraq duyduğunun fərqində idim.
Məktəbi bitirən kimi tanış olduğu yaraşıqlı bir qızla Duyuk sonralar ailə qurdu. İyirmi altı yaşına gəldiyi zaman o, artıq iki uşaq atası idi və qəribə ada malik “Eqo-mərkəz” adlı bir laboratoriyada işləyirdi. Həmin vaxt o, bizim binadan çoxdan köçmüş və şəhərdən kənarda məskunlaşmışdı. Buna görə də bir şənbə günü mənə zəng eləməsinə hədsiz dərəcədə təəccübləndim. Əvvəlkinə nisbətən o, daha iti danışır, həm də sözlərin sonluqlarını udurdu.
Qısaca hal-əhval tutandan sonra sevincək mənə bildirdi:
– Seçim edərkən mən sənin üzərində dayandım!
Onun bu qərarı da ən azından gözlənilməz idi, çünki Duyuk mənim yaxın təmas dairəmə aid birisi deyildi. Düşündüm: “Görəsən bu, nə seçim imiş belə?”. Ancaq soruşmağa heç macal tapmadım, çünki Duyuk əsl pulemyot sürətiylə hüdüləyib-tökdü:
– Yəqin deyəcəksən: işlərim necə gedir, neçə vaxtdır harada idim? Bunlar barədə sənə sonra da danışaram. Hər şey yolundadır. Odur ki, bax, indi səninlə bu xoş müjdəni bölüşürəm.
Onun monoloqunda bir fasilə yarandı. Bəs, sizcə, bu, nə qədər çəkdi, hə? Beşcə saniyə və həmin müddətdə mənim ağlıma, aydın məsələdir ki, yönlü bir fikir gəlmədi, o isə məni növbəti dəfə çaşqın vəziyyətə saldı:
– Hə, mən səni seçmişəm!
Nə deyəcəyimi bilmədiyim üçün susurdum. Bunu görən Duyuk, özünə haqq qazandırarcasına, dedi:
– Əslinə qalanda, bu, tam mənim seçimim də sayılmaz. Ancaq sənin namizədliyini ən əvvəl mən irəli sürdüm, sonrakı bir ay boyu tərcümeyi-halının və ümumi məlumatlarının araşdırılması nəticəsində sən seçilmişlər sırasına düşə bildin.
Bu yerdə özümü saxlaya bilməyib, telefonun dəstəyinə bağırdım:
– Bura bax, sənin hansı seçimdən söz etdiyini mən anlaya bilmirəm. İki il idi itib-batmışdın, indi isə kim bilir hansı hoqqa ilə zühur eləmisən! Nə danışdığını barı özün anlayırsan sən?
Kobudluq həddinə tam yanaşdığımı anlayıb, amiranə tərzdə əlavə elədim:
– Saat 16:00-da səninlə Əsas meydandakı kafedə görüşəcəyik. Bu gün. Onda hər şeyi danışarsan.
Bu Duyukun başında nələrin cərəyan etdiyini təxmin eləmək – mənasız olduğu qədər də gərəksiz bir işdir. Bu nəticəyə mən hələ uşaq vaxtımda gəlmişdim deyə, daha hər hansı cəhd göstərmədim, görüş yerinə də piyada getmək qərarına gəldim. Bu isə, öz aramızdır, bir saatlıq gəzinti demək idi. Bundan yaxşı nə olacaq – ən azından baş-beynim təzələnərdi də.
Kafeyə çatanda gördüm ki, açıq havada qoyulan masa arxasında dayanan Duyuk səbirsizliklə ayağının gah birinə, gah da digərinə dayaq verir. Məni görcək bütün çöhrəsi şux təbəssümə qərq oldu və mənə tərəf gəldi. Görünür, təfərrüatları mənimlə bölüşməyə tələsirdi. Elə mənim də səbrim daralmışdı…
Əlimi sıxandan sonra illərdən bəri yoxa çıxmasının səbəbini anlatmadan məni masaya tərəf apardı, hələ stulumu da geri çəkdi. Onun bu cür canıyananlığından xəfifcə hürkdüm. Onun səsləndiyi ofisiant qadın bir cüt fincanla bizə yanaşdı.
– Sənin qara qəhvə xoşladığını bilirəm, odur ki, sifarişi də əvvəlcədən vermişdim. Ümidvaram ki, köhnə seçimlərin dəyişməz qalıbdır.
İşə bax ha, o, mənim qəhvə xoşladığımı unutmayıbmış! Uşaq vaxtımızda – yəni mənim qonşulardan sülənərək yığdığım pullar hesabına – kafedə oturanda mən aramızda qəhvə içən yeganə adam idim (əvvəl-əvvəl bunu böyükləri yamsıladığım üçün edərdim, sonradan isə bu, bir vərdişə döndü), o biri yaşıdlarım isə ya limonad, ya da dondurma sifariş verərdilər. Şəxsən Duyuk o cür qonaqlıqlarda vur-tut iki kərə iştirak eləmiş, hətta orada da hamı ilə məsafəli davranmışdı.
Onun bu qəribə davranışları məni narahat edirdi, istər-istəməz ağlıma belə bir fikir gəldi ki, bəlkə bu son ayları o, dəlixanada keçirib? Ehtiyatı əldən qoymaq olmaz.
Bacardıqca kaqeyd bir tərzdə dedim:
– Hə, qəhvəyə üstünlük verirəm.
Dirsəklərini masaya söykəyib, barmaqlarını bir-birinə daraqlayandan sonra:
– Bu, çox vacibdir, – deyib, gülümsədi. Mən isə qət elədim: “Bu qədəri də yetər!”
– Bura bax ey, sən əvvəl-axır deyəcəksən ki, kim, harada və niyə məni seçib? Bir də axı mənim qəhvəyə düşkünlüyüm niyə səni birdən-birə bu qədər narahat eləyir axı? Bütün bunlar yetərincə qəribədir.
– Bunda qəribə heç nə yoxdur, indi hər şeyi sənə başa salaram. Laboratoriyamızın üç əməkdaşına tapşırılmışdı ki, hər birisi oxşarı yaradılacaq bir insan tapsın.
Yerimdə əgər siz olsaydınız, belədə nə edərdiniz, hə? İndi neyləyim mən? Masanı alt-üst edib, qalmaqal qoparmaqla gedim yəni buradan? Yoxsa sakitcə durub vidalaşım bununla? Variantlar çox idi, ancaq mən heç birini uyğun görmürdüm. Özümdən çıxmaqla, qəhvə fincanını çəmənliyə əndərdikdən sonramı gedim yoxsa? Yerimdən qalxmağa hazırlaşırdım ki, onun xəbərdarlığı məni dayandırdı:
– Qərara gəlməyə heç tələsmə. Bunun gözlənilməz olduğunu mən də anlayıram. Ancaq bu, elə mənim özüm üçün də qəfil bir şey oldu.
Mən stula çökərək:
– Oxşar dedin də sən? – deyə soruşdum və bu sayıqlamanı axıra qədər dinləmək qərarına gəldim.
Onun üzünə xoş təbəssüm yayıldı:
– Hə, məhz elə dedim.
Güclə seziləcək bir rişxəndlə soruşdum:
– Bəzi dövlət başçılarının oxşarı-fason?
Onun üzündəki ifadə dəyişdi:
– Hansı dövlətlərin? Hansı başçıların?
Düşündüm: “Bax, belə ha! Təkcə mən axmaq yerinə qoyulmayacam ha!”
– Sui-qəsdlərdən ehtiyatlanan və ya vaxtaşırı ölkəsini dolaşan prezidentləri də bəzən oxşarları əvəz edir axı.
O, dərindən köks ötürdü:
– Yox, canım! Mən elektron oxşarı nəzərdə tuturdum.
“Əşşi, hə də! – deyə düşündüm. – Bu axı elektronika mühəndisliyi oxuyub”. Uca səslə belə dedim:
– Onda hər şeyi sırayla anlat.
Daha öncə vurğulamışdım ki, bu Duyuk “Eqo-mərkəz” adlı bir laboratoriyanın əməkdaşıdır. Özünün dediyinə görə, həmin laboratoriya ucdantutma bütün təbiət elmləri ilə məşğul olurmuş və bundan məqsəd – insanın həyatını keyfiyyətcə yaxşılaşdırmaq imiş (bənzər qurumların hamısı kimi, bunun da məqsədi insanda pafoslu, amma standart bir təəssürat yaradırdı). Deməli belə: mənim keçmiş qonşum da daxil, bütün kiçik elmi işçilərə tapşırılıbmış ki, tanışlar (qohumlar, dostlar, tələbə yoldaşlar) arasından elə şəxslər seçsinlər ki, bunlara xas fizioloji və psixoloji özəlliklər sonradan onların elektron oxşarlarının, yəni maşınların üzərinə köçürülə bilsin. Bəzi əməkdaşlar oxşarları artıq yaradıbmışlar, ancaq ideyanın gələcək inkişafı məqsədiylə kənardan insanların cəlb olunmasına da ehtiyac varmış. Dövlət sərəncamında da məhz bu tələb qoyulubmuş.
Duyuk da məni təklif edibmiş. Əvvəla, ona görə ki, məni on beş ildən artıq bir müddətdə tanıyırdı, mənim vərdişlərimə, davranış tipimə və fiziki imkanlarıma bələd idi. İkincisi, mənim öz elektron oxşarımın yaradılmasına etiraz etməyəcəyimdən də əmin imiş (hərçənd bunun nə demək olduğunu mən hələlik tam anlamırdım).
Onu axıradək dinlədim. Qərar verməkdə tələsməyəcəyim barədə razılığa gəldik, hətta razılaşmasam belə, bütün bu söhbət öz aramızdaca qalasıydı (bunu mən yaxşı bacarırdım – uzun tanışlıq dövrümüzdə Duyuk məni lazımınca araşdırmağa imkan tapmışdı). Oxşarın yaradılması üzrə eksperimentin məğzini onsuz da tam anlamayacağımı söylədikdən sonra o, bunu da sözlərinə əlavə elədi:
– Onu da nəzərə al ki, bu sayədə sənə öz-özünə kənardan baxmaq fürsəti yaradılacaq. Sən özünü sırf düsturlar şəklində görəcəksən.
Onun bu ağlasığmaz izahlarının sonuna doğru mən artıq heç nəyə heyrətlənmirdim, odur ki, təmkinlə soruşdum:
– Bəs bu necə mümkün olacaq?
– Ətrafımızdakı hər şeyi – gördüklərimizi, eşitdiklərimizi, yediklərimizi, danışdıqlarımızı, nitqimizi, hərəkətlərimizi, qəm və kədərimizi – biz düsturlar şəklində ifadə edə bilərik. Bunlar fizika, riyaziyyat və kimya düsturlarıdır. İki fərqli insanı ifadə edən düsturlar təxminən eyni olsa da, onlar sırf detallar baxımından fərqlənəcəklər. Məsələn, onlardan birinin burnu enli, digərininki isə uzun olacaq. İnsan ilə filə aid düsturlar arasında isə daha ciddi fərq yaranacaq. Ancaq onlar arasında da uyğunlaşdırma aparmaq mümkündür.
– İnsan ilə filin düsturlarını uyğunlaşdırmaq? – deyib heyrətlənməm mənim özümə də qəribə göründü.
Duyuk karıxdı:
– Deyəsən axı mən izahlarda çox irəliyə getdim. Nə isə, laboratoriyaya dəvət etdiyimiz zaman biz səni müəyyən cihazlara qoşacaq və ekranda sənin “düsturlaşan” obrazını əldə edəcəyik.
– Ancaq mənim düsturlarla çox da aramın olmadığı sənə də bəllidir.
O, gülümsədi:
– Bunu mənə xatırladırsan?! Ancaq o ara sənin özünü monitorda görmək fürsətin yaranacaq. Müxtəlif təsirlər nəticəsində öz düsturunun necə dəyişdiyini isə əyani şəkildə görəcəksən. Birbaşa ekranda.
Və o, xahiş dolu baxışlarını mənə zillədi.
Bəlkə də mən laboratoriyaya getməkdən imtina da edərdim. Çünki praqmatik bir insanam və adətən az-çox başım çıxan işlərlə məşğul olmağa üstünlük verirəm. Ancaq nədənsə mənə elə gəldi ki, Duyukun indi köməyə, həm də mənim köməyimə ehtiyacı var. Odur ki, razılıq verdim.
* * *
Görüş təyin olunan gün səhər saat 10-da mən “Eqo-mərkəz”in laboratoriyasında idim. Duyuk ilk növbədə məni laboratoriyanın rəhbəri, cənab Öyretin kabinetinə apardı. Kresloda əyləşən bu dolubədənli, tösmərək kişinin yetmişə yaxın yaşı olardı və gözlük taxmışdı.
– Dostunuz sizin barənizdə danışmışdı, – deyəndən sonra oturacağını qaldırdığı üçün onun ayaqlarının döşəmə ilə təması kəsildi və masadan yapışmaqla, kişi öz kreslosunda sağa-sola fırlanmağa başladı. Ahıl yaşdakı insanların bu cür əyləndiyinə mən indiyədək heç şahid olmamışdım. Hərçənd bunu ona şəxsi həkimi də məsləhət görə bilərdi.
Ayaq üstə duran Duyuk divara söykənib, güclə seziləcək şəkildə gülümsəyirdi, mən isə yüngülvarı, yəni oradakıların fərqinə varmayacağı dərəcədə, narahatlığa qapılmışdım. Bu köhnə tanışıma kömək əli uzatmağa hazır idim, amma bu qəribə insan sayılacaq Öyret indi daha hansısa hoqqa durğuzsaydı, bundan imtina da eləyə bilərdim. Nədənsə mənə elə gəlirdi ki, onun bu fırlanma hərəkətlərini ancaq kənar bir qüvvə dayandıra bilər.
Zənnimdə yanılmamışdım – qəfildən o, masadan necə qüvvətli bir təkan aldısa, daha öz tarazlığını qoruya bilmədi və kresloda az qala tam bir dövrə vurandan sonra ayağının zərblə çırpıldığı şkafın üst rəfindəki rezindən hazırlanmış oyuncaq siçan yerə düşdü. Döşəməyə dəyərək, yana sıçrayan siçandan bir ciyilti səsi yüksəldi. Ayağının ağrısını üzündəki iztirabla büruzə versə də, ona hər hansı məhəl qoymayan laboratoriya rəhbəri sərt şəkildə kreslosundan sıçrayıb qalxdı və siçanı “susdurmağa” çalışdı. Bu cəhdin bir nəticə verməyəcəyini görən Duyuk cəld onun dadına yetişdi. Birgə səylər hesabına onlar bu tərs “heyvancığazın” öhdəsindən gəldilər.
Onların davranışları mənə necə alışılmış göründüsə, öz-özümə düşündüm: “Bu olay çox yəqin ilk dəfə yaşanmır. Bəlkə bu laboratoriyada qonaqları məhz belə qarşılamaq kimi bir ayin də düşünülüb?” Mənim “Siçanın məcburən susdurulması” adını verə biləcəyim bu səhnəcik onların ifasında xeyli sarsaq təəssürat bağışlasa da, yetərincə şux və gülməli idi. Bizim Maliyyə idarəmizdə bənzər halla əsla qarşılaşmazdın.
Öz kreslosunda əyləşən Öyret deyəsən, yenə fırlanmağa hazırlaşırdı, ancaq bayaq olanları xatırladığı üçün fikrindən daşındı və nəcib tərzdə dedi:
– Gördüyüm qədəriylə siz heç təlaşlanmırsınız. Bu, yaxşı cəhətdir.
– Mən durduğum yerdə niyə təlaşlanmalıyam ki?!
Burada hökm sürən və bir qədər qəribə görünsə də, yetərincə məzəli ab-havaya rəğmən, kişinin təlaşlanma ilə bağlı sözləri heç könlümə yatmadı. Ancaq əsəbiliyimi gizlətməyi bacardım. Mən özümə qarşı Duyukdan hər hansı badalaq-filan gözləmirdim. Ancaq ahıl yaşına baxmayaraq, bir uşaq qədər ağlasığmaz davranan bu qocanın ağlına hər cür fikir gələ bilərdi. Belə həriflər bir hoqqadan digərinə keçməkdə pərgar olurlar axı.
– Görünür, mən fikrimi dəqiq ifadə eləmədim. Sadəcə olaraq, üzərində baş sındırdığımız problem əksər insanlara ən azı qəribə görünə bilər.
Təmkinlə dedim:
– Sizi anlayıram.
– Ancaq sizi inandırmaq istərdim ki, bəşəriyyətin gələcəyi məhz bundan asılıdır, – deyən Öyret bu dəfə oturacağı aşağı endirmədən, kreslosundan yerə sıçradı. – Elə isə işə başlaya bilərik?
Mən özümdən tamamilə arxayın bir tərzdə dedim:
– Bilərik.
– Siz hələlik dostunuzla bir az baş-başa vaxt keçirin, mən isə avadanlığın hazırlanması barədə göstəriş verim. Hərçənd bu “avadanlıq” sözü xeyli yekəxana səslənir. Çünki qollarınıza sadəcə bir cüt qolbaq taxılacaq.
Duyuk öz müdirindən soruşdu:
– Qonaq üçün bir fincan qəhvə sifariş verə bilərəm?
– Əlbəttə ki! Bəzi qəssab həkimlər kimi, biz də müşahidə kamerasını müayinə obyektimizin mədəsinə yeritməyəcəyik ha.
Buna sevinən Duyuk bayaqdan bəri ovcunda tutduğu oyuncaq siçanı sıxdı. Rezin gəmirici də çılğıncasına ciyildədi. Bu qəfil səsdən diksinən Öyret yerindən dik atıldı və dostumun əlindən dartıb aldığı oyuncağı təntənəli şəkildə öz əvvəlki yerinə qaytarıb, qoydu.
Duyukla birlikdə biz bütün laboratoriyanı gəzib dolaşdıq – yəqin bu ekskursiya əvvəlcədən müdiriyyətlə razılaşdırılmışdı. O, mənə adını indi xatırlamadığım bir avadanlıq göstərdi, burada görülən işlərlə əlaqədar isə onu da bildirdi ki, bunlar tam mənada gizli fəaliyyət sayılmasa da, bütün hallarda onlarla bağlı orda-burda danışmaq məsləhət görülmür. Mən də belə anladım ki, eksperimentdə iştiraka razılıq verdiyimə görə müəyyən məlumatları mənimlə bölüşməyi uyğun görüblər.
İyirmi dəqiqə sonra məni otaqlardan birinə dəvət edib, elə dərin bir kresloda əyləşməmi təklif elədilər ki, onun oturacağı ilə döşəmə arasında bir elə fərq yox idi.
Laboratoriya rəhbəri səmimi şəkildə maraqlandı:
– Kreslonu bəyəndiniz?
– Rahatdır. Adam heç durmaq da istəmir. Eksperiment üçün nəzərdə tutulan bir kreslonun bu qədər rahat olacağını heç düşünməzdim.
– Nahardan sonra mən özüm də onda oturub, dincəlirəm. Ancaq eksperimentimizdəki ən önəmli ünsürlər kreslo yox, bu cihaz və ekrandır.
Təkərli cihazı irəli itələməklə, Duyuk lap kreslonun yanına gətirdi, sonra isə hansısa “ciblərdən” (hər halda onlar akkumulyasiya platforması idilər) çıxartdığı bir cüt qolbağı mənim biləklərimə taxdı. Avadanlıq masasındakı bəlli bir düyməyə basdığı an ahəngdar işləyən aqreqatın səsi eşidildi.
Öyret tövsiyələrini məndən əsirgəmədi:
– Özünüzü sərbəst aparın. İstəsəniz, hələ həyəcanlana da bilərsiniz.
Ancaq arabir dərindən köks ötürdüyündən məlum olurdu ki, əsl həyəcana qapılan – o, özüdür. Bir kənara çəkilib, əllərini qoynuna qoyan Duyuk isə baxışlarını gah müdirinə, gah mənə, gah da ekrana zilləməkdə idi.
Onun narahat baxışlarını sezən müdir eyhamla dedi:
– Yəqin sən unutmusan ki, qolbaqlar dostunun düsturlarını təyin etdikdən sonra ekranı xəttə qoşmaq lazımdır.
Əlini alnına vuran Duyuk tez dedi:
– Doğrudan ey!
Öyret mənə müraciətlə dedi:
– Məsələ burasındadır ki, bu qolbaqlar indi sizin bütün orqanizminizi oxumaqla məşğuldur. Onlar sizin nələrdən ibarət olduğunuzu hesablayırlar. Bir az da dəqiqləşdirim – onların köməyi ilə biz sizin fikir və hisslərinizi də təxmin edə bilirik. Axı insanların necə qavramasından asılı olmayaraq, düşüncə prosesi birbaşa kimya ilə, materiya ilə bağlıdır. Sizin düsturunuzun tərtibi prosesi isə təxminən üç dəqiqə sonra yekunlaşacaq və sonra mən bu ekranı açacağam.
Vaxtımız boşa getməsin deyə, Öyret mənə öz uşaqlıq dövründən danışmağa başladı və söhbətə necə aludə oldusa, qoyulan vaxt məhdudiyyətini də aşdı. Duyuk isə onun sözünü kəsməyə cürət eləmirdi. Nə isə, özüm buna əncam çəkməli oldum.
Sərt şəkildə bildirdim:
– Deyəsən, axı vaxt bitib.
Kresloda oturmaqdan bezmişdim, belə rahat oturacaq hətta daimi mühərriki də tənbəlliyə sövq eləməyə qadir idi. Həm də çəkisi yüz qramı aşmayan qolbaqlar artıq mənə zindan qədər ağır gəlirdilər.
– O-o, elə isə başlayaq, – deyən Öyret ekranı açdı. Orada əllərini və ayaqlarını yanlara doğru, geniş açan bir insan təsviri peyda oldu. Laboratoriya müdiri hırıldayaraq:
– Bu, sizsiniz, – dedi. Məni süzən Duyuk da gülümsəyirdi.
– Amma mən oturmuşam axı. Bu adam mənə “Anatomiya” dərsliyindəki bir illüstrasiyanı xatırladır, – dediyim an ekrandakı adamın üzündə və başında bir neçə işartının yarandığına şahid oldum.
Öyret soruşdu:
– Diqqət yetirdinizmi?
– Hə, – desəm də, narahatlıq duydum, çünki işartılar təkrar peyda oldu. Onlar həm sayca artmışdılar, həm də daha parlaq idilər.
– Siz daha betər həyəcanlanmağa başladınız.
– Bəs nədir?! – dedim və ekranda təkrar işartılar göründü.
– İndi məni dinləyin: ekrandakı o adam sizsiniz, bütün şəxsi məlumatlarınız da onda öz əksini tapıb. Sizin burada oturmanız ilə onun ekranda durması bir elə əhəmiyyət daşımır. Bu, elektron oxşarınızı fəaliyyətdə ikən sizə göstərməkdən ötrüdür. Əgər istəyirsinizsə…
O, bir düyməyə basdı və bu dəfə ekranda mənim oturmuş vəziyyətdəki görüntüm peyda oldu. Hərçənd altımdakı kreslo gözə dəymirdi…
– Ancaq elə düşünməyin ki, ekran sizi kamera ilə çəkilmiş obyekt kimi göstərir. Gördüyünüz kimi, təsvirdə sadəcə özünüzsünüz, kreslo isə yoxdur. Bu qolbaqlar vasitəsilə biz sadəcə sizə aid bilgiləri ötürürük. Həm də bu bilgilər sırf fizioloji səciyyəli, yəni sizin sifətiniz, dərinizin rəngi, qan qrupunuz və sair ilə bağlı deyildir. Bu, həm də nitqiniz, emosiyalarınız və fikirlərinizlə də əlaqəlidir. Bundan əlavə, o, aldığınız pozanı da özündə əks etdirir – ayaqlarınız bükülü vəziyyətdədir, qollarınız dirsəkliklərə söykənib, budlarınız və yanbızınız isə yupyumşaq kresloda özünə yer tapıbdır. Ekranda başınızdan çıxan qırmızı rəngli qığılcımlar isə fikirlərinizdir. Görünür, onlar tüğyana gəliblər, – deyən Öyret güldü və işgüzarcasına xahiş elədi: – Qolunuzu bir qaldırın, zəhmət olmasa.
– Hansını? – deyə soruşsam da, sualımın tamamilə yersiz olduğunu özüm də anladım.
– Hər hansını.
Mən sağ əlimi qaldırınca, ekrandakı adamın da eyni hərəkəti etdiyinə şahid oldum. O ara onun başından çıxan qırmızı işartılara güclə seziləcək göyümtül çalar da əlavə olundu.
– Bu göy qığılcımlar əllərin yuxarı qaldırılması ilə bağlı beyin fəaliyyətinizdən xəbər verir. Gördüyünüz kimi, onlar qırmızı şüalara nisbətən daha zəifdirlər. Yaşadığınız həyəcanlarla müqayisədə əlinizi yuxarı qaldırmaqla bağlı beynin komandası daha az əhəmiyyət daşıyır. Əgər sizin qolunuz sınmış olsaydı, o halda çəkdiyiniz ağrılar ucbatından göy qığılcımlar xeyli güclü işartı yaradardı. Ağrıyan qolunuzu qaldırmaqla bağlı fikir isə beyninizi hədsiz gərgin vəziyyətə gətirərdi.
İçimdə getdikcə artan gərginliyi yenməkdən ötrü mən candərdi zarafat etməli oldum:
– Ümidvaram ki, eksperimentinizə qollarımın qırılması da daxil deyildir.
– O nə sözdür?! Biz sizin sağlamlığınızın keşiyindəyik. Elə deyilmi, Duyuk?
Onun tərəf müqabili qəfil yaxalanmışdı deyə, cavab vermək əvəzinə çaşqın təbəssümlə kifayətləndi.
Öyret davam elədi:
– Öz qolunuzun düsturunu görmək istəyərdiniz?
Heyrətlə:
– Qolumun?! – deyə soruşdum və ekrandakı adamın başından (anladığım qədəriylə, öz başımdan) çıxan qırmızı qığılcımların parlaqlıq qazandığını və sayca artdığını aşkar sezdim.
– Hə, hə. Biz nəinki bədənin istənilən əzasının, hər hansı daxili orqanın, hətta hər bir dişin də düsturunu tərtib etmək imkanına sahibik, – deyən Öyret bir düyməni basdı. Ekranda xeyli rəqəmdən, hərfdən və riyazi işarədən ibarət bir düstur peyda oldu. Qapıldığım təlaşdan sağ əlimi qeyri-ixtiyari kreslonun dirsəkliyinə endirdim. Nəticədə qırmızı qığılcımlar getdikcə artmağa başladı ki, bu da məni daha betər qorxuya saldı.
– Bütün bədəniniz kimi, sizin qolunuz da üzvi kimyanın bir obyektidir. Bu isə o deməkdir ki, qolun quruluşunu da ona aid sümüklərin, əzələlərin, damarların və qanın kimyəvi düsturları ilə ifadə eləmək mümkündür. İstənilən materiyanın özünəməxsus bir düstura malik olduğundan siz hər halda xəbərdarsınız?
– Hə, – deyəndən sonra üzümü ekrandan çevirdim ki, oradakı qığılcımları daha görməyim.
– Bu qığılcımlar könlünüzə yatmır. Heç narahat olmayın. İzah edə bilmədiyi şeydən insanoğlunun ta xəlq olunduğu gündən bəri zəndi-zəhləsi gedibdir. Bir azca səbrli davranın. Deməli belə, qolların quruluşu – kimya elminin mövzusudur. Ancaq öz kimyəvi quruluşları ilə yanaşı, qollar həm də bir mexanizmə malikdirlər axı. Deməli, qolların hərəkətlərinin izahında fizika qanunları da köməyimizə çatacaq. Həm də təkcə hərəkətlər baxımından yox, həm də isti və soyuğun ona təsirləri baxımından. Fizikanın olduğu yerdə isə mütləq riyaziyyat gündəmə gəlir. Masadakı fincanı götürməkdən ötrü siz əlinizi hansı bucaq altında qaldırırsınız? Onun içindəki mayeni dağıtmamaqdan ötrü siz nə vaxtsa gərəkli bucağı heç ölçüb-biçmisiniz?
Mən çiyinlərimi çəkib, təkrar ekrana boylandım. Orada yaşıl qığılcımlar zühur eləmişdi.
– Siz indicə fincanı hansı bucaq altında götürəcəyinizi hesablayıb-hesablamadığınızı xatırlamağa çalışdınız. Yaşıl rəng sizin beyninizin yaddaşla bağlı qismini çalışdırmanızdan xəbər verir. Bu, yaxşı əlamətdir. Deməli, siz baş verənlərin doğurduğu narahatlıqdan uzaq durmağa çalışırsınız.
O, haqlı idi – həqiqətən də həmin anlarda mən qolumu hansısa bucaq altında qaldırmaqdan ötrü nə vaxtsa hesablama apardığımı yada salmağa çalışırdım.
Həmin suala Öyret özü cavab verdi:
– Əlbəttə ki, yox. Heç kim bunu etmir. Əlbəttə, bu, adamın sırf işi ilə bağlı deyilsə, – deyən laboratoriya rəhbəri Duyuka baxdı, o isə qaşlarını çatdı.
– Bu da bütün bədəninizin düsturu, – deyə o, düyməyə basdı, mənim görüntüm və qolumun düsturu qeybə çəkildi, cürbəcür rəqəm və hərflərdən ibarət böyük bir düstur bütün ekranı zəbt elədi.
– Bəs düstur niyə dəyişir belə? – soruşduğum vaxt fərqinə vardım ki, daxilən toxtamışam.
– Çünki sizdə daima dəyişikliklər baş verir. Elə məndə də. Duyukda da. İstənilən fərdi götürsək, insanoğlunun son dərəcə dəyişkən bir varlıq olduğunu görərik. Gəlin, insanın sırf düşünmə prosesinə diqqət yetirək – o, gah təlaşa qapılır, gah öz keçmişini xatırlayır… Ayağa durub, bir gəzişin görək! – dediyi zaman bu son sözlər mənə qəfil verilən bir əmr kimi səsləndi.
Yerimdən durub, bir neçə addım atdım. Həqiqətən də, düsturdakı hərf və rəqəmlər gah bir-birini əvəzləməyə, gah da tamamən yoxa çıxmağa başladı. Düsturun niyə dəyişikliyə uğradığını başa düşdüyüm üçün təlaşım da bütünlüklə yoxa çıxdı. Öyretin komandasını gözləmədən keçib, kreslodakı yerimi tutdum. O, razılıqla gülümsədi.
– İnsanın düsturunu ona görə tərtib eləmirlər ki, ona sadəcə tamaşa eləsinlər. Bu, adamı tez bezdirərdi. Bundan başlıca məqsəd – konkret bir fərd ilə bağlı ən optimal düsturun təyinidir, bunun köməyi ilə, məsələn, onun yoluxa biləcəyi cismanı və ruhi xəstəliklərin müalicəsində ən uyğun üsulları tapmaqdır. İnsanın elektron oxşarı da əslində onun düsturudur. Bununla bağlı daha geniş açıqlamanı sizə köhnə tanışınız verəcək. “Oxşar” sözü hər dəfə işlənəndə ağıllarda insanın əkizi, oxşarı ilə bağlı obrazın canlandığını mən də dərin anlayışla qarşılayıram. Az əvvəl isə biz sizin elektron oxşarınızı yaratdıq.
O, xısın-xısın gülərək, əlavə elədi:
– Əgər insanın həqiqətən fiziki oxşarını yaratmaq nə vaxtsa mümkün olsa və o, küçədə dolaşmağı, maşın sürməyi və sair işləri bacarsa belə, əsla dipdiri olan deyil, ürəyə, böyrəyə, qara ciyərə, damarlarda dolaşan həqiqi qana sahib olan deyil. Bəli! İnsanın misilsiz mulyajını xatırladan həmin varlıq, baxın, bu qədər kiçik – bunu deyərkən, Öyretin barmaqları arasındakı məsafə bir santimetrə qədər daraldı, – bir elektron plato ilə idarə olunacaq.
Mən heyrət içində onu süzürdüm. O, pıçıltıyla dedi:
– Yeri gəlmişkən, həm həqiqi oxşar, həm də burada gördüyünüz qalan şeylər barədə kimsəyə bir şey deməməniz daha məsləhətlidir.
Bütün bu müddətdə Duyuk da susur və sirli bir təbəssümlə gülümsəyirdi. Susmamı bir razılıq kimi dəyərləndirən Öyret sözünün ardını gətirdi:
– Məncə, bu qədəri də yetər. Qalan məqamları siz kabinetdə müzakirə edərsiniz. Duyuk ilə. Mənim iştirakım elə də vacib sayılmayacaq. Yoxsa siz mənimlə də söhbət etməyi arzulayırsınız?
“Əlbəttə ki, Duyuk ilə söhbətləşərdim” – deyə düşünsəm də, səsli olaraq qarma-qarışıq nələrsə üyüdüb-tökdüm. Laboratoriya rəhbəri şux və uca səslə dedi:
– Sizi anlayıram. Bu seçim lap yerinə düşdü, çünki nəvəm də oturub, indi mənim yolumu gözləyir. Bu gün o, məktəb tamaşasında səhnəyə çıxacaqdı axı.
– Bəs qolbaqlar necə olsun?
– Tamamilə vaxtında verdiyiniz bu sual da göstərir ki, siz öz çaşqınlığınızdan bütünlükdə qurtulubsunuz. Buna görə də qolbaqları daşımağı haqq edirsiniz.
* * *
Duyuk maraqlandı:
– Müdirimi bəyəndin?
Onunla kabinetdə oturmuşduq. Qəfildən ağlıma gəldi ki, indiyədək onun qəhqəhə çəkdiyini heç görməmişəm. Nə uşaq vaxtı, nə də sonralar. Hətta indi, yəni uğurla bitən eksperimentdən sonra da, sevincini o, sadəcə təbəssümüylə bildirirdi. Sanki gözəgörünməz bir sədd onun təbəssümünün bir qəhqəhəyə çevrilməsinə maneçilik törədirdi. Müdirinin məndən razı qalmasının onun canına yağ kimi yayıldığından agah idim. Bugünkü eksperimentdən elə mənim razı qalmam da onun ürəyincə idi. Bütün bunlara rəğmən, onun ürəkdolusu gülməyi özünə niyə qıymadığını mən heç cür anlaya bilmirdim – bu cəhət ya onun hədsiz kübar davranışlarından irəli gəlirdi, ya da həyatın etibarsızlığına hərtərəfli bələdliyindən.
– O, misilsiz insandır. Əsl hal əhlidir, – deyərkən səmimi idim. – Hərçənd qəribə xasiyyətləri də kefin istəyən qədərdir.
– Sən bir də onun başqa xasiyyətə sahib olacağını təsəvvürünə gətir. Məsələn, hədsiz zəhlətökən və ya əsəbi olacağını. Elədə o, burada işlənib-hazırlanan ağlasığmaz dərəcədə qəribə, bəzi hallarda isə hətta gicbəsər görünəcək layihələrin öhdəsindən heç cür gələ bilməzdi axı.
Bu laboratoriya barədə daha nələrsə öyrənməyə maraq duyurdum:
– Bəyəm sizin başqa araşdırmalarınız da var ki?
Həm də yarım saat əvvəl keçirilən eksperiment mənə son dərəcə məsum görünmüşdü. Hətta qolbaqların nəyə xidmət etdiyini mənə izah etsəydilər belə, onları üzərimdə daşımaqdan imtina eləməzdim.
O, başıyla dəhlizə işarə edərək dedi:
– Ancaq elə düşünmə ki, bizim bütün layihələrimiz o cürdür, necə deyərlər, asan dərkolunandır.
Məni gülmək tutdu:
– Deyəsən, burada işləyə-işləyə sən fikir oxumağı da öyrənibsən ha. Sən gəl, mənim üçün bir fincan qəhvə sifariş elə.
Qəhvəmi içərkən elektron oxşarımın nəyə və necə xidmət edəcəyi barədə onun danışdıqlarını dinləmək ürəyimcə idi. Səsində xüsusi bir həvəs duyulmasa da, o, özünə güvənməklə necə danışırdısa, söylədiklərinin eynən reallaşacağına adam zərrəcə şübhə bəsləmirdi. On beş il qabaq da, yəni həyətdəki tay-tuşlarına nadir hallarda qoşulduğu vaxtlarda da o, məhz bu cür danışardı. O vaxt biz ona inanmaz və ardınca baxıb, gülərdik. İndi isə o, öz hədəflərinə, hələ də əksər insanlar üçün anlaşılmaz sayılan hədəflərinə heç şübhəsiz xeyli dərəcədə yaxınlaşmışdı.
– Elektron oxşarın necə işlədiyi sənə təxminən bəllidir. O da bəllidir ki, hər şeyi – cismləri, hərəkətləri, hətta fikirləri də – düsturlar şəklində ifadə eləmək mümkündür, şəxsən mən onlardan bir şey anlamıram, hətta cəhd etsəm belə, bundan bir şey çıxan deyil. Elə isə bunlar nəyə lazımdır, hə?
– Hər insanın özünəməxsus bir düsturu var. Hərçənd ideal, kamil insan heç bir düstura sığmır.
Təəccüblə soruşdum:
– Kamil insan nə olan şeydir?
Duyuk xəfifcə üz-gözünü bürüşdürdü:
– Bu, heç bir zəif bir damarı olmayan insandır, o, nə xəstələnir, nə yaşlanır, nə təlaşa qapılır, nə də xiffət çəkir…
Onu bir azca cırnatmaq üçün dedim:
– …Heç haraya da tələsmir.
Duyuk gülümsədi:
– Gördün də, özün hər şeyi anlayırmışsan. Prinsipial baxımdan ideal insanın mövcudluğu mümkün görünmür. Buna görə də bizim laboratoriya sübut eləməyə çalışır ki, istənilən, belə deyək də, normal insana aid düstur həmin insandan ötrü ən uyğun və ya təməl düstur sayıla bilər.
– Bəs birdən mən astma xəstəsi olsaydım, necə? Astma mənim təbiətimə niyə uyğun sayılmalıdır ki?! Mən astmadan uzaq durmağı arzulayıram, çünki xalaoğlum ömrü boyu ondan əziyyət çəkir.
Duyuk yenə üz-gözünü bürüşdürdü:
– Əgər indi burada, sənin əvəzinə, o, olsaydı, onda biz ekranda əvvəlcə onun cari düsturunu çıxarardıq. Sonra həmin düstura başqa elementlər – deyək ki, antibiotik və hormon düsturları – əlavə edərdik. Ya da əksinə – onları düsturdan çıxarardıq.
– Anladım, – deyə başımı tərpətdim.
– Odur ki, bənzər cəhdlər sayəsində biz elə bir düstur tərtib edə bilərdik ki, xalaoğlun onun hesabına özünü daha yaxşı hiss eləsin. Bu yeni və ya yeniləşən düsturun əsasında sənin qohumunun müalicəsinə də başlamaq olardı. Hətta onu tamamən sağaltmaq ehtimalımız da istisna olunmazdı. Elektron oxşar da buna xidmət edir. Başqa sözlə desək, öz orqanizminin dəyişikliklərə uğramasına ehtiyac duyan istənilən şəxs üçün əlimizin altında təcrübə üçün maşın olacaq. Gələcəkdə elektron oxşarlara da – eynilə tonometrlər qədər – addımbaşı rast gəlinəcək. Ayrıca götürülmüş istənilən insana, onun elektron oxşarı əsasında, dərmanlar yazılacaq.
Mən ona inanır və bilirdim ki, hər şey məhz onun təsvir elədiyi kimi olacaq.
– Bəs daha sonra başıma nə gələcək? Sizin eksperimentdə mənim iştirakım elə bununla da yekunlaşacaq? Bir onu de görüm, bu qolbaqları mən niyə taxmalıyam?
O, yerindən qalxıb, üzü pəncərəyə dayandı və sanki öz-özüylə danışmağa başladı:
– Yox, sənin iştirakın bununla bitməyəcək. Sən o qolbaqları taxdığın müddətcə sənin düsturunla bağlı dəyişikliklərdən biz də xəbərdar olacaq və müvafiq təhlillər aparacağıq.
– Amma siz xalaoğlumu da bu sınağa cəlb edə bilərdiniz. Onun köməyə daha çox ehtiyacı var. Bəlkə hələ onu müalicə də edərdiniz. O, vaxtaşırı astma böhranları keçirir, bu isə sizin təhlillər üçün daha faydalı olardı.
– Biz belə də edə bilərdik. Ancaq hökumət tərəfindən bəlli bir reqlament qoyulub və biz hələlik ondan kənara çıxa bilmirik. Ancaq bunda da bir üstün cəhət var.
– Hansıdır o, elə?
– Eksperimentdə iştirakına görə sən hər ay müəyyən bir məbləğ alacaqsan. Həm də yaxşı bir məbləğ.
Gözlərim bərələ qaldı. Yatsam, heç yuxuma da girməzdi ki, hər cür məişət qayğısından uzaq biri sayılan Duyuk mənim pul qazanmam üçün hansısa fürsət yaradar.
Zarafata keçdim:
– Belə olan halda, sizin digər layihələrə də qatılmaq istəyərdim.
Duyuk təkrar gülümsədi, ancaq bir söz demədi.
* * *
İki həftədən bir yolumu laboratoriyadan salır, qolbaqları başqaları, yəni enerjiylə doldurulanlar ilə dəyişirdim. Hərdənbir Öyretlə rastlaşsam da, əsasən həkim və psixoloq ilə söhbət edirdim, onlar isə səhhətimlə bağlı sualları ilə məni tamam bezdirirdilər. Duyuk da həmişə yanımda olurdu. Hətta bir kərə son on gündə nə yediyimlə bağlı ətraflı danışdırmaqdan ötrü məni sorğu-suala da çəkdilər. Prosedurlar bəsit səciyyə daşıdığından, mən bu cür yüngül yolla pul qazanmağa əsla qarşı deyildim. Növbəti dəfə orada olduğum zaman Duyuk qulağıma pıçıldadı:
– Müdirlə danışmışam. Hazırda incələdiyimiz və tənzimləyici qurumlara baxılmaq üçün təqdim olunan cihazın sınağında sənin iştirakına o, etiraz eləmir. Sabah saat beşdə bura gəl.
Səhəri gün Duyuk məni bir divarı tamamən ekrandan ibarət olan kiçik bir otağa apardı. Məkanın tən ortasında bir cihaz qoyulmuşdu, ona eynilə avtomobil salonundakına bənzər bir sürücü kreslosu, sükan, sürət ötürücüsünə məxsus bir dəstək və pedallar quraşdırılmışdı. Məni gic gülmək tutdu:
– Əcəb həngamədir! Yoxsa mənim hansı yaşdan bəri maşın sürdüyümü sən unutmusan?
– Unutmamışam. Ancaq yolda əsas məsələ – təhlükəsizlikdir və indi yararlanacağın bu cihaz isə sənin sürəti artırmaqla bağlı həvəsini uzun müddətə buxovlayacaq. Hələ bəlkə də həmişəlik. Mərc gəlməyə hazıram.
Mən dəbilqəni başıma taxdım – onun rezin kənarları qulaqlarımı qapadı, binokl şəklində hazırlanan üz qismi isə gözlərimə kip oturdu və mən sükan arxasına keçdim. Duyuk işığı söndürüncə, mən özümü sürücü rolunda hiss elədim. Cihazın əsas qayəsinin sürücünü qayda pozuntusu əsnasında yaxalamaq olduğunu bildiyimdən, virtual yoldakı xəbərdarlıq nişanlarına uyğun davranıb, sürət həddini əsla aşmadım. Maşın gah əhalinin sıx məskunlaşdığı şəhər küçələri, gah da qəsəbə yolları ilə şütüyürdü. Bənzər mərkəzlərdə adətən qarşılaşdığımız hallarda virtual sürücülük real şərtlərdəki sürücülüyə hədsiz dərəcədə bənzəyirdi.
Əvvəl-əvvəl vəziyyət yetərincə cansıxıcı idi, ancaq bəlli bir məqamdan sonra fərqinə vardım ki, başqa maşınlar məni ötüb-keçir və sürət məhdudiyyətinə hər hansı məhəl-zad qoymurlar. Həmin sürücülər yarışdaymış kimi, böyük sürətlə yanımdan ötür, siqnal verir, bəziləri isə xeyli acıqlı baxışlarla məni süzürdülər. Həm də bütün bu mənzərə mənə nə qədər real təəssürat bağışlayırdısa, özümü gerçək bir maşının sükanı arxasında hiss edirdim. Mən bu yanılğı ilə mübarizə aparır, onu hər vəchlə başımdan qovub çıxartmağa çalışırdım. O ara hansısa boynuyoğunun arxadan mənə fasiləsiz siqnal verdiyinə şahid oldum, halbuki onun məni ötüb-keçməsi üçün yol yetərincə enli idi. O, çılğınlıqla siqnala basırdı, böyür-başımızdakı maşınlar isə dəli sürətlə irəliləyirdilər. “Əşşi, cəhənnəm olsun! Belə bir axmağa baş qoşmağa dəyməz!” – deyə düşündüm və əvvəlcədən dönmə işığımı yandırmaqla, yolun ehmallıca sağ zolağına keçmək qərarına gəldim.
Köhnə bir sedanın burnu qəfildən maşınımın sağ cinahından irəliyə doğru uçdu və mən idarəetməni zor-bəla qoruya bildim. Qorxudan bədənimi tər bürüdü, ancaq məsələ aydınlaşsın deyə, maşını saxlamalı olduğumu da tezliklə anladım. Ancaq gördüm ki, əyləcə basmaq əvəzinə sedanın sürücüsü sürəti bir az da artırdı və arxa şüşəyə vurduğu “Yüz faizlik metaldır!” yazısı ilə sanki mənimlə məzələndiyini büruzə verdi. Virtual yolda irəlilədiyimi xatırlayınca, hər hansı çək-çevirin olmayacağından əmin oldum və əlimi yelləməklə, arxayınlıqla öz yoluma davam elədim.
Yaşanan olayın stresindən tezliklə qurtulum deyə, radioda bir musiqi dinləmək həvəsinə düşdüm, ancaq o ara daha bir yekəpərin öz maşınının burnunu mənim maşınıma dirəyərək, fasiləsiz siqnal verdiyini gördüm. Bu səfər yol zolağını dəyişməyə artıq məni heç nə məcbur eləyə bilməzdi. “Tüpürüm o məhdudiyyətlərə!” – deyib, ardımca düşən növbəti mərdiməzardan qurtulmaqdan ötrü qaz pedalını lap axıra qədər sıxdım.
Görünür, bu qərarı qəbul edərkən, mən harada – real, yoxsa virtual aləmdə – olduğuma dair artıq özümə hesabat-filan vermirdim. O ara qəflətən qaçaraq yolu keçməyə çalışan bir iti vurdum. Öz-özümə: “Axı o, burada olmamalıydı” – deyə düşünsəm də, artıq iş-işdən keçmişdi. İtin başı maşınımın virtual bamperinə çırpılmışdı və əminəm ki, o sümük taqqıltısı ta ömrümün sonuna qədər məni qarabaqara izləyəcək. Maşının ön şüşəsi qana boyanmışdı və mənə elə gəlirdi ki, həmin qan sıçrantıları arasında özüm də boğuluram. İtin cəsədi haradasa on metr uzağa düşmüşdü: mən var gücümlə əyləc pedalını bassam da, dayandıra bilmədiyim maşınla cəsədin üzərindən düz iki kərə, həm də ətürpədici xırçıltı qopararaq keçmişdim. Bu, mənim həyatım boyu unutmayacağım ikinci səs idi. Şaxtaya çıxan lümlüt biri kimi bütün bədənim titrəyirdi.
Dəbilqəni çıxartmağa cəhd göstərdim, ancaq əllərim əsim-əsim əsdiyindən bunu bacarmadım. Duyuk köməyimə yetişdi. Yerimdən sıçrayıb, özümü tualetə çatdırdım, orada qusub, batırdım. Nəhayət, özümə gəldiyimdə güclə dedim:
– Əcəb oyuna düşdüm! Siz hələ bir də insanın maşınla vurulmasını imitasiya edəydiniz – çünki o, daha betər dəhşət hissi aşılayardı.
– Biz belə bir təklif göndərmişdik, hərçənd imtina cavabı alacağımız bəlli idi. Əslində özümüz də insanları qurbana çevirməyin əleyhinəydik. O təklifi vermək isə bizə bundan ötrü lazım idi: birincisi, imtinanın nəyə əsaslanacağını bilmək istəyirdik; ikincisi, özümüzün bu cür cəhdlərə iddialı olduğumuzu isbatlayacaqdıq. Nə bilmək olar, bəlkə də sürücülərin müəyyən kateqoriyası üçün həqiqətən də insan obrazından yararlanmamıza gərək varmış.
– Bəs imtinanın səbəbi nə oldu?
– Səbəb kimi bu kursu keçənlərin psixoloji cəhətdən zədələnəcəyi göstərilmişdi. Deyilirdi ki, bu, gələcəkdə belə sürücülərin piyadaları məhz qəsdən vurmasına yol aça bilər.
– Bəyəm maşını heyvanların üstünə sürmək insanda zədə yaratmır ki?
Şəxsən məndən ötrü bu, heç şübhəsiz, bir zədə idi.
– Bu səbəbdən də məsələ hazırda tənzimləyici qurumun araşdırmasındadır. Oradan cavab gözləyirik. Daha sonra heyvan hüquqlarının müdafiəsi təşkilatı ilə də bu sənədi razılaşdıracağıq.
Zədə zədəliyində qaldı, ancaq mən sonradan virtual sürücülük üzrə daha beş seansa qatıldım və yalnız sonuncu seansdan sonra sürət məhdudiyyətini aşmamağı öyrəndim: o ara nə digər sürücülərin mənim ardımca hərzə-hədyan yağdırmasına məhəl qoydum, nə də atılan daşlarla qırılan şüşələrimə. O vaxtdan bəri mən real sükan arxasında da heç yerə tələsmədim və deməli, yüksək sürətlə maşın sürməyin gətirdiyi stresdən qurtula bildim.
“Sürücülük” eksperimentindən sonra biz dostlaşdıq. Hətta Duyukla uşaqlıq dövrümüzdə yetərincə yaxın olmadığıma heyfsiləndim də, hərçənd məhz onun hamı ilə məsafəli davrandığı da xatirimdən hələ silinməmişdi. Duyuk özü də mənimlə daha səmimi davranmağa başlamışdı. Hərdən mənə elə gəlirdi ki, uşaq vaxtı mənimlə o cür məsafəli davrandığına görə özü də peşmandır. Ancaq bir xüsus da vardı: əgər vaxtilə o da bizlərdən biri olsaydı, çox yəqin, indiki Duyuka çevrilə bilməzdi.
Vaxtaşırı mənimlə əlaqə saxlayan Duyuk qolbaqlarla da maraqlanırdı. Gözlənilmədən ağlıma belə bir fikir gəldi: “Bəlkə də o, özünə dost seçərkən ehtiyatı əldən qoymurmuş və hələ uşaq vaxtlarından bəri beynini gərgin durumlara kökləyibmiş”.
Bir gün oxumaqdan ötrü mənə şəxsiyyət ikiləşməsinə dair kitab verdi. Bunu məqsədli şəkildə etdiyini sezmişdim. Başqa eksperimentlərlə maraqlandığım zaman o, deyəcəyi sözləri yüz ölçüb, bir biçərək belə dedi:
– Əlbəttə, biz daha bir sınaq da keçirə bilərdik. Ancaq o, insanı tarazlıqdan çıxara bilər.
–”Tarazlıqdan çıxmaq” nə deməkdir ki?
– Belədə tamamilə fərqli birisinə çevrilən insan öz-özünə bir kənardan baxmaq fürsəti qazanır.
– Deməli, o kitabı mənə elə-belə verməmisən?
– Hə. Ancaq sən yenə düşün. Əgər razılaşsan, mənə de.
– Bəs bu təcrübə necə, mənə nələrsə öyrədəcək?
– Heç şübhən olmasın. Bu da elə beyin üçün bir məşqdir də.
* * *
Yenə o virtual sürücülüklə məşğul olduğum otaqda idik, amma avtomobilə məxsus atributlar ortadan qaldırılmışdı. Ekranda divarları şəffaf şüşələrdən ibarət bir kabinet, içində isə iki nəfər vardı. Onlar ayaqlarını aralı qoymaqla, kürəklərini divarlardan birinə tutub, oturmuşdular. Hədsiz sadə görünən geyimləri necə kirli və əzik-üzük idisə, onları səfil-sərgərdan saymaq olardı. Konfet yeyirdilər. Qarasaç adam ayağa qalxıb, konfeti ağzından çıxartdı, yerə atdıqdan sonra onu çəkməsiylə döyəcləməyə başladı. Sonra yerə oturdu, çəkməsini soyundu, onun altına yapışan konfeti qopardıb, təkrar ağzına atdı. İkinci, yəni sarısaç adamın isə ayaqqabısı yox idi, ancaq o da birinci adamın hərəkətlərini eynən təkrarladı. Aradakı yeganə fərq bu idi ki, o, konfeti çəkməsinin altından yox, öz pəncəsinin altından qopartmalı oldu. Və bu məqam ona yamanca yer elədi. O, acığından ağladığı vaxt yoldaşı qəhqəhə çəkib, güldü.
– Bu iki nəfər – gerçək insanların oxşarlarıdır. Həm də onlara birə-bir bənzəyirlər. Biz onları virtual aləmdə öz düsturları əsasında yaratmışıq. İndi sən onların yanına gedəcəksən. Bu gediş də virtual olacaq: elə ki, sən orada zühur etdin, ətrafındakı hər şey sənə, eynilə sürücülükdə olduğu kimi, real görünəcək. Buna özün şahid olacaqsan. Beyin üçün məşqin məğzi də elə ondadır ki, ətrafdakı hər şey insana maksimum dərəcədə gerçək təsir bağışlasın. Əks halda, həqiqi beyin üçün heç bir məşq baş tutmaz.
Mən susub, durmuşdum: o bir cüt kirli səfilə tamaşa eləmək heç könlümü açmırdı.
– Onların dünyasına boylanmadığımız müddətcə biz onlar üçün hər hansı maraq kəsb etmirik. Təsəvvür elə ki, iki ay əvvələ qədər bu iki nəfər yetərincə imkanlı insanlar idilər. Bir həftə əvvəl onlar müayinə üçün yanımıza göndəriləndən sonra biz onların müalicəsinə başladlq.
Bir istədim soruşum ki, bu adamlar niyə ağıllarını itiriblər axı? Ancaq ekrandakı mənzərə necə çarəsiz idisə, buna cürət eləmədim, həm də Duyukun onların həyatının da mənimkinə bənzədiyini deyəcəyindən ehtiyat elədim.
Soruşdum:
– İndi mən neyləməliyəm ki?
Bundan imtinaya hazırlaşırdım, ancaq Duyukun qarşısından qaçmağı özümə yaraşdırmır, mənə bəslədiyi rəğbəti itirməkdən çəkinirdim.
– Bir dəqiqədən sonra sən virtual mənada o kabinetə girəcəksən. Qapını döyüb, içəri keç. Orada isə hər şey gerçək həyatdakı kimi olacaq. Onlar səni də özlərindən biri sayacaqlar.
Duyukun dediyi kimi elədim, kabinetin qarşısında ikən qapını döydüm və konfet gəvələmələrinə ara verən o iki nəfərin baxışları bu şəffaf qapıya dikildi. İçəri keçdiyim zaman onlar öz aralarında pıçıldaşmağa başladılar. Sonra bir-birindən aralanaraq, oturmaq üçün mənə yer göstərdilər. Elə təzəcə həmin yerdə əyləşmişdim ki, qarasaç adam salamlaşmaqdan ötrü əlini mənə uzatdı. Ancaq barmaqlarına konfet yapışdığına diqqət yetirincə, tez digər, amma yenə də kirli əlini mənə uzatdı.
– Mən İsgəndərəm.
Mən də adımı dedim.
O, əlavə elədi:
– Makedoniyalı.
– Nə?
– Mənim adım Makedoniyalı İsgəndərdir.
Adamı çiyrindirən görkəmi – yan tərəflərdən salxan cod saçları, saç-saqqalına gah ordan, gah burdan yapışan və mənşəyi bilinməyən yapışqan tikələr, yara basan və danışdığı zaman kirli dişlərinin görünməsinə səbəb olan qalın dodaqları olmasaydı, bəlkə də mən bu sözlərə gülərdim.
Maraqlandım:
– Bəs niyə məhz Makedoniyalı İsgəndər?
O, sarısaç yoldaşını nişan verdi:
– Bunu ondan soruşun.
Mən sarısaça tərəf qanrıldım:
– Onun adı niyə Makedoniyalı İsgəndərdir ki?
– Çünki mən də Teymuram.
Mən öz suallarımı verməkdən heç yorulub-usanmırdım:
– Bəs siz niyə Teymursunuz?
Sarısaç izah elədi:
– Çünki onun adı Makedoniyalı İsgəndərdir, ona görə, – bunun ardınca ikisi də uğunub getdi. Güldükləri zaman ağızları necə geniş açılmışdısa, sanardın ki, öz kirli dişlərini bilərəkdən mənə nümayiş etdirirlər.
Maraqlıdır: görəsən onlar nə vaxtsa dişlərini fırçalamışdılar? Üzlərini basan tük örtüyü sən deyən də qalın deyildi, deməli, kim isə onları təraş edir. Bunların iki aydan bəri müaliçə keçdiyi və belə tiplərə heç kəsin ülgüc etibar eləməyəcəyi fikri gəldi ağlıma. “Məntiqli düşünürəm ha” – deyə sevindim, elə o an da öz fikirlərimdən diksindim – axı mən şəxsi düşüncə tərzimlə bağlı hələlik heç bir problem yaşamamışdım. Bir də əgər mən öz razılığımla bu iki psixi xəstə ilə baş-başa qalmışdımsa, niyə özümü onlarla müqayisə eləməliydim ki?! Onlara bir daha sual verməmək qərarına gəldim, çünki başdanxarabların verdiyi cavablar ancaq onların özlərinə gülməli gələ bilərdi, mənə görə isə onlar hər cür məna yükündən məhrum idilər. Ancaq bu cütlük məni rahat buraxmaq niyyətindən tamamən uzaq idi:
Özünü Teymur adlandıran tip maraqlandı:
– Bəs sənin adın nədir?
Mən cırnadım:
– Adımı demişdim axı.
Teymur narazı halda dilləndi:
– Sən adını İsgəndərə dedin, mənə isə – yox.
Mən bizim ölkədən kənarda da geniş yayılan adımı təkrar səsləndirdim. Onlar uğunub, getdilər.
– Heç belə ad var ki?! – deyə İsgəndər heyrətləndi. Bu müzakirəni çox uzatmamaqdan ötrü ona nə cavab verəcəyimi kəsdirə bilmədim.
Konfetin dolğusunu barmağının ucunda tutmaqla mənə uzadan Teymur soruşdu:
– Alə, ingilis, de görək, mənim konfetim daha çox ürəyinə yatır, yoxsa İsgəndərinki?
Soruşdum:
– Nəyə əsasən mənim ingilis olduğumu qət elədin?
Dodaqları səyriyən İsgəndər cavab verdi:
– Çünki sən bizlə ingiliscə danışırsan axı.
Mən cırnayıb, özümdən çıxdım:
– Xeyr, mən ingiliscə danışmıram, – deyə, kirli pal-paltarıyla təmas etməməkdən ötrü onlardan aralanmağa cəhd göstərdim. Onlar isə hər iki cinahdan məni qəsdən sıxışdırmağa başladılar. Qapıldığım hiddətdən Teymurun ənginə bir yumruq ilişdirməyə hazırlaşdığım məqamda kim isə qapını döydü.
Bir himə bənd imişik kimi, üçümüzün də baxışları şəffaf qapıya zilləndi. Həmin dəm anladım ki, əvvəlki dəfə, yəni özüm qapını döydüyüm zaman, bunların etdiyi hərəkəti indi özüm birə-bir yamsıladım. Bu xüsus məni gərginliyə vadar elədi. Bir cüt iyrənc hərifdən canımı qurtarmaqdan ötrü yerimdən sıçramaq istəsəm də, qapını döyənin kimliyini öyrənmək marağı – bəlkə gələn növbəti psix idi? – məni səbirli davranmağa məcbur elədi.
O heyndə qapı açıldı və kandarda… mən özüm peyda oldum.
İlk anlarda düşündüm: yəqin mənim də ağlım çaşıb. Ancaq sonra ağlıma batdı ki, yəqin bu yolla seansın artıq bitdiyini mənə bildirmək istəyirlər. Cəld yerimdən qalxıb, silkindim və buranı tərk etməzdən öncə bu ağ-qara ikilini qəzəbli baxışlarla süzdüm. Onlar təkrar hırıldaşdılar, İsgəndər isə ardımca hələ bu sualı da səsləndirdi:
– O, kimdir elə, ay ingilis?
Teymur da dinc durmadı:
– Sənsiz darıxacağıq ha.
Geri dönüb, əlimin orta barmağını onlara göstərmək üçün sinov getsəm də, belə qərara gəldim ki, ağılları dabanlarında olan bu cütlük həmin ədəbsiz jesti burada mənə göstərilən qonaqpərvərliyə görə bir minnətdarlıq kimi dəyərləndirəcək.
* * *
İlk seansdan sonrakı saat yarım ərzində mən bu “beyin məşqi” ilə bağlı təəssüratlarımı dostumla bölüşdüm. Təkrar o “kabinetə dönmək” fikri məni dəhşətə gətirirdi, ancaq bu barədə Duyuka açıq etirafa da cürətim yetmirdi. Həm də o, mənə ürək-dirək verməyə girişmişdi:
– Tezliklə onların səni cırnatmaq həvəsi get-gedə lap azalacaq.
Dilimdən bir sual çıxdı:
– Bəs bu, qorxulu deyil ki?
– Əsas odur ki, sən eynilə həyatda olduğun kimi qalırsan. Son nəticədə sən real aləmdə mövcudsan və bu seans sırf məşq xarakteri daşıyır.
Onunla tanışlığımızın bütün ötən dövrü ərzində ilk dəfə mən onun sözlərinə şübhə ilə yanaşdım.
* * *
Duyuk haqlı çıxdı: hər seans sonrası o Teymur və İsgəndərlə baş-başa qalmaq məni daha az əsəbləşdirməyə başladı. Həyatda ən azı bircə kərə başqalarının özü barədə nə düşündüyünə tüpürmək belə istəməyən adama rast gəlinir: axı, hər insanoğlu ara-sıra mövcud şərtiliklərdən qurtulmağa can atır.
Beləliklə, mən şəffaf kamerada təşkil olunan seansları özümlə baş-başa keçirdiyim zaman kimi dəyərləndirməyə başladım. Buna yamanca alışdım: “kabinetdən” çıxmaq vaxtım çatanda hiss edirdim ki, Teymur və İsgəndərdən sarı darıxacağam. Oranı tərk etməzdən əvvəl zənn ilə onları, özümün bu həqiqi dostlarımı süzür və düşünürdüm ki, bu insanları ta uşaqlıqdan bəri tanıyırmışam və yalnız indi onlarla rastlaşmışam. Yeri gəlmişkən, mən özümü gerçəkdən bir ingilis saymağa başlamışdım, hətta bu dildəki o məşhur nöqsan – “necəsiniz?” sualının “how you are?” kimi yox, “how are you?” şəklində səslənməsi – ilə bağlı qənaətimi də qızğın tərzdə öz yeni dostlarımla bölüşürdüm. Bu ifadədə “you” və “are” sözlərinin yerini niyə dəyişmişdilər axı?! Təzə dostlarım da bu dəyişikliyə qarşı öz etirazlarını bildirirdilər.
Seanslar dövründə mən nəinki iş yerimdən məzuniyyət götürdüm, hətta Duyukdan xahiş elədim ki, hər seansın vaxtını bir az uzatsın, çünki Teymur və İsgəndər ilə vaxt keçirmək yamanca könlümə yatırdı. Onlarla ünsiyyət şux və səmimi xarakter daşıyırdı, baş-başa qaldığımız vaxt fərqinə varırdım ki, qarşıma heç bir hədəf qoymamalıyam, mənim hər hansı hədəfə-zada ehtiyacım yoxdur. Yuyunmağa, dişləri fırçalamağa, üzümdə öz-özünə uzanan tükləri qırxmağa nə hacət olduğunu anlamaqda da acizlik çəkirdim artıq.
O şəffaf kabinənin dışındakı yaşam tərzi mənə maraqsız və süni görünməyə başlamışdı. Sarsaq vərdişlərdən imtina isə məni əsla bezdirə bilməzdi! Hər seansın əvvəlində mən dostlarımın olduğu o kabinəyə, öz doğmalarıma baş çəkərmiş kimi, qapını döymədən girmək istəsəm də, Duyuk buna izn vermir və elə hey təkrarlayırdı: “Sən burada, yəni real həyatdasan! Qapını döyəndə isə sən virtual aləmə keçməkdən ötrü icazə istəyirsən, hərçənd yenə də bu biri dünyada qalmağına davam edirsən”.
Bu fikirləri söylədiyi vaxt onun üzündə qayğı dolu və gərgin bir ifadə yaranırdı, indiyədək onu heç vaxt belə görmədiyimdən mən də heyrətlənirdim. Onun nəyi qəsd etdiyini başa düşürdüm – əgər qapını taqqıldatmasaydım, onda mənim iki fərqli “mən”im arasındakı sərhəd itə bilərdi. İtir, itsin də! Axı sırf Teymur və İsgəndər ilə vaxt keçirəndə mən özümü əsl insan kimi hiss edirdim. Zaman ötdükcə, qapıdan gələn və seansın bitdiyini bildirən o ikinci taqqıltı daha zəif eşidildi, mənim öz sifətim (biz üçlükdə oturarkən otağa daxil olan sifətim) isə daha çətinliklə sezilməyə başladı.
Mənim bu beyinlə bağlı “məşqlərim” hüznlü bitdi. Ən nəhayət, mən seansların sonuna doğru özümü yerli-dibli görməməyə başladım. Sonuncu seansda isə kabinəni tərk etməkdən ümumiyyətlə imtina elədim. Qışqırdım, başımı divarlara çırpdım, haradansa peyda olan yekəpər adamları yumruqladım, hətta onları dişlədim də. Teymur ilə İsgəndər isə mənim qollarımdan yapışıb, durur, o yekəpərlərin məni kameradan zorla çıxarmalarına mane olurdular. Mənim xilasım üçün onlar var gücləriylə mübarizə aparırdılar…
Aradan iki gün ötəndən sonra özümə gələ bildim. Yəni mən huşumu-filan itirməmişdim, əynimdə “dəli köynəyi” də yox idi və məni divarları yumşaq materialla üzlənmiş otağa da qapatmamışdılar. Sadəcə üçüncü gün şüurum özünün o əvvəlki şəffaflığına qovuşa bildi. Mən o şəffaf otağı, Teymur ilə İsgəndəri, hətta ingilis dilindəki qaydalarla bağlı öz hiddətimi və bunun ardınca necə uğunub-getdiyimi də xatırlayırdım. Ağlımı itirməyin lap kandarına qədər gəldiyimin fərqində idim. Düşünürdüm ki, əgər eyni eksperimentə təkrar qoşulmağı təklif etsələr, hər halda bundan qəti şəkildə imtina edərəm.
Üzündə sınaq nəticələrindən aşkar razılıq ifadəsi oxunan Duyuk soruşdu:
– O şəffaf kameradakı təcrübədən sonra hansı dəyişikliklərə məruz qaldığını heç görmək istəyərdin?
Mənə nədənsə elə gəlirdi ki, bu son günlər ərzində o, özü də dəyişibdir. Yəqin mənə görə narahatlıq keçirdiyi üçün.
Səmimi etiraf elədim:
– Çox da gözüm atmır. Ancaq içəridəki o iki nəfərə yazığım gəlir. Onların müalicəsi mümkündürmü?
– Onlarla bağlı biz daha sonra danışarıq. İndi isə hər şeyə rəğmən, mən o eksperimentin nəticələrini sənə göstərmək istəyirəm.
– Necə göstərəcəksən ki?
– Elə həmin o düsturun köməyi ilə.
Düsturun budəfəki təyini prosesində psixiatr da iştirak elədi. Mənim nabələd olduğum terminlərdən yararlanmaqla, o, ilk gəldiyimdə çıxarılan beyin düsturum ilə son “məşqlər” nəticəsində alınan düsturu bir-biriylə tutuşdurdu. Dediklərini normal insan dilinə çevirəndə məlum olurdu ki, əvvəlki vaxtla müqayisədə mən gərginliyə qarşı indi daha dayanıqlıyam. Ola bilsin, bu, məhz belə idi. Daha doğrusu, mən inanmaq istərdim ki, durum həqiqətən də belədir. Ancaq yenə də özümü taqətsiz hiss edirdim, üstəlik, məni o şəffaf kabinetdən buraxmamaqdan ötrü dirənən və hazırda orada saxlanan həmin iki nəfəri heç cür unuda bilmirdim.
Bir neçə gündən sonra mən Duyukla əlaqə saxlayıb, onların vəziyyəti ilə maraqlandım.
– Onları müalicə edirik, – dedi. – Buna söz ola bilməz. Yeri gəlmişkən, bu məsələdə sənin mənə əməlli-başlı köməyin dəydi.
Onun bu cavabı ürəyimcə oldu, hərçənd o zavallılara hansı yolla kömək edə bildiyimi heç təsəvvürümə də gətirə bilmirdim. “Qolbaqlara nəzarət” üzrə məlum qrafikdən kənara çıxaraq, mən laboratoriyaya baş çəkdim. O ara özümü böyüklərdən uyğun bir məbləğ qopartmağa nail olan, indi həmin pulla öz dostlarını dondurma və limonada qonaq etməyə tələsən balaca bir oğlan kimi hiss edirdim.
Oraya gedərkən sanki yeldən qanad taxmışdım. Həqiqətən də, zaman hər şeyi dəyişməyə qadirmiş – uşaqlıqda hamı ilə sırf məsafəli davranması ilə yaddaşımda qalan bu adam indi mənə hədsiz maraqlı gəlirdi, vallah.
Laboratoriyanın kandarından içəri ayaq qoyan kimi mən onu sual yağmuruna tutdum:
– Onları necə müalicə edirsiniz ki? Həm də mənim buna nə dəxlim varmış?
O ara özümə heç bənzəmirdim, ancaq bunu sonradan anladım. Bunu başa düşmək olardı, çünki qatıldığım o eksperimentlərdə iştirak eləmək hər kəsə nəsib olmur axı.
– Sənin o kabinəyə məhz virtual ziyarətlərinin onlara hədsiz köməyi toxundu. Virtual aləmdə bulunduqları üçün hər seansın sonunda o iki nəfər sənin onları necə tərk elədiyinin şahidinə çevrilirdilər. Hətta ağılları başlarından çıxsa belə, onlar özlərinin varlığını unutmağa macal tapdıqları normal həyata məhz sənin qayıda bildiyini başa düşürdülər. Hər gedişindən sonra onların sənə bəslədiyi həsəd hissi güclənirdi. Bu isə onları da normal yaşam tərzinə cəzb edirdi.
– Ancaq sonuncu dəfə onlar mənim gedişimə qarşı müqavimət sərgiləmişdilər.
– O günə qədər də onlar tədricən geri dönməyə başlamışdılar. Onlara nəzarətdən ötrü biz mövcud vəziyyətə uyğun dəyişdirilən düsturlardan – onların elektron oxşarlarından – yararlanırdıq. Sonuncu görüşünüz isə onların geriyə dönüşünə güclü bir təkan verdi. Son mərhələdə biz onların virtual obrazlarını yaxın vaxtlara qədər sakini olduqları mühitə yerləşdirəcəyik. Müsbətə doğru dəyişikliklərə uğrayan həmin obrazlar həqiqi xəstələrə də gərəkli təsiri göstərəcək. Hər şeyin yolunda gedəcəyini vəd edirəm. Bununla yanaşı, biz hələ uzun müddət onları müşahidə altında saxlayacağıq. Hər necə olsa, bunlar yeni çalışmalarımızdır axı.
Həyatda Duyuk kimi bir insanla tanış olduğum üçün özümü bəxtəvər sayırdım. Hətta tamam sağalacaqları zaman Teymur və İsgəndərlə görüşmək istəyimi də dilə gətirdim.
O, bu adamların gerçək adlarını mənə söylədi.
– Bir-biriylə virtual aləmdə tanış olan insanların real dünyada da qarşılıqlı ünsiyyət qurmasını elə biz də istəyirik. Düşünürəm ki, bütün bu işlər yekunlaşanda, vaxtilə özlərinə seçdikləri adlara onlar da səninlə birgə ürəkdən uğunub-güləcəklər.
Söhbətimiz son dərəcə səmimi alındı, zehnim heç olmayan kimi açıq idi. Bütün suallarıma cavab aldıqdan sonra maraqlandım:
– Siz virtual oxşarların yaradılması ilə məşğulsunuz. Bəs həqiqi bənzərlərin necə? Müdirinizlə söhbətdə o, buna bəlli bir eyham vurmuşdu.
O, barmağını dodaqlarının üstünə qoyub, pəsdən dedi:
– Bunu da bacarırıq.
Sonra isə sirr gəldi ki, artıq belə bir layihə mövcuddur. Həm də oxşarın yaradılmasındakı başlıca məqam – onun təkcə düsturu olmayacaq və bu işə də artıq başlanıb.
– Fiziki oxşarın zahiri görkəminin süni materiallardan ibarət mulyajı xatırladacağına dair Öyretin dediklərini, yəqin ki, xatırlayarsan. Həmin mərhələ xeyli bəsitdir. Onun yaradılmasında əsas məsələ – məhz Eqonun “maddiləşdirilməsi” idi.
Mən təəccüblə onu süzürdüm.
– Misal kimi, gəl, iki metr hündürə hoppanmağı götürək. Məsələn, şəxsən sən buna heç cəhd də göstərməzsən. Çünki özünün olimpiyaçı atlet olmadığını və bu cəhdin sənə xəsarətdən başqa bir şey gətirməyəcəyini dəqiq bilirsən. Bu zaman sənin daxilində özünüqoruma instinkti, yəni sənin Eqon ön plana çıxır. Öz fiziki imkanlarına görə sən o sıçrayışa qadir deyilsən və bununla da artıq barışmısan. Halbuki eyni şey bir yüngül atletin Eqosu üçün problem sayılmır. Yəni o, özünü qorumağa cəhd eləməz: iki metrlik yüksəklik ondan ötrü boş şeydir. Buna görə də o atlet sıçrayışdan əvvəl özünü uyğun məqama və yerə rahat enişə kökləyir. Yəni bu məsələdə onun Eqosu səninkindən tamamilə fərqlənir. Hər insanın Eqosu – qəliz bir sistemdir və onun məqsədi – insanı hər cür hücumdan qorumaqdır. O, fərdi səciyyə daşıyır. Halbuki ona qarşı hücumlar (fiziki zərbədən tutmuş ta sözlə aşağılamalara qədər) müxtəlif ola bilir. Bizim bütün daxili orqanlarımızın fəaliyyəti də Eqomuzu dəstəkləməyə hesablanıbdır. Kiminsə ürəyində ağrılar yaranırsa, beyni buna bir çarə qılmaqdan ötrü tez onu həkimin yanına göndərir. Əgər insan qaranlıqdan qorxursa, beyni ona məsləhət görür ki, görəcəyi işi sabaha saxlasın və ya itini də öz yanında götürsün. Hətta tələbə yoldaşlarımızın lağlağılarından necə qurtulmağın yolunu da beyin bizə məsləhət görə bilir. Bizim müdir də, bax, bunu nəzərdə tuturdu. Fiziki oxşardan ötrü insanın bütün eqo-sistemini özündə cəmləşdirən elektron plata, yəni süni beyin yaradılmalıdır. Eqonu “maddiləşdirmək” deyərkən də məhz bu qəsd olunurdu. Bundan ötrü isə insanın yalnız fizioloji imkanları və onun dünyanı duyumu əsas götürülməlidir.
Onu necə dərin diqqətlə dinlədiyimi görüb, soruşdu:
– Bu izahlarım sənə qəliz gəlmir ki?
– Ola bilsin, bütün təfərrüatları tam anlamadım, ancaq yenə nələrisə dərk elədiyimi düşünürəm. Oxşarı yaradılacaq insanın, başqa məqamlarla yanaşı, təlaş və həyəcanlarının səbəbini, nələri xoşlayıb, nələrdən uzaq durduğunu, konkret addım və hərəkətlərə sövq ediləcəyi durumlarda onun nələr düşündüyünü bilmək də vacibdir.
Duyuk razılıqla:
– Haqlısan, – dedi.
Həqiqətən səbrim daraldığı üçün maraqlandım:
– Bəs bunu biz hələ çoxmu gözləyəcəyik?
Sınayıcı nəzərlərlə məni süzən Duyuk:
– Sən bunu istərdin ki? – dediyi zaman onun özünün bunu praktikada sınamaq eşqiylə alışıb-yandığını anladım.
– İstəyərdim.
– Sən üç aydan artıq bir müddətdir o qolbaqları daşıyırsan. Bu səbəbdən də sənin Eqonu “maddiləşdirmək” elə də uzun sürməz.
* * *
Sonra biz ilk istirahət gününün gəlişini gözlədik. Hər ikimiz riskə gedirdik, ən çox da Duyuk. Bu cür qayda pozuntusuna o, ilk dəfə gedəsiydi. Məncə, o, bu işə sırf mənə görə qol qoymamışdı. Daha doğrusu, təkcə mənə görə qol qoymamışdı. O, bütün ömrünü həsr elədiyi məsələnin həllinə can atırdı.
Biz eksperimentə mənim elektron oxşarımın yaradıldığı həmin otaqda başladıq. Bu dəfə otaq yarıqaranlıq idi və Duyukun istifadə elədiyi avadanlıq bir şirmanın arxasında idi.
Mən adamı tənbəlliyə sövq eləyən o kresloda təkrar əyləşib, alçaq səslə çalışan cihazın səsini dinləyirdim: sanki bir tozsoran elektron tozları öz içinə çəkməklə məşğul idi. Ən nəhayət, Duyuk şirmanın ardından çıxdı.
– Onu görməyi arzulayırsan? – dediyi zaman səsi titrədi.
Ürəyim sinəmdə quş kimi çırpınırdı – sonuncu dəfə o, ilk övladım dünyaya gələndə bu cür döyünmüşdü.
O, ehtiyatla şirmanı araladı və mən alaqaranlıqda duran insanı gördüm. Üzü seçilmirdi. Sağ əlimi qaldırdım. O da bunu təkrarladı. Aşağı saldığım zaman onun da qolu endi. Öz-özümə: “Bəlkə bu, bir oyundur?” – deyə düşünəndə, qəfil gördüm ki, Duyuk işığı yandırmağa gedir. Bunu etməsin deyə, ona səslənmək istəsəm də, gecikdim.
…O, eynən mənə bənzəyirdi. Yadıma düşdü ki, o, plastikdən yığılıb və sadəcə bir mulyajdır. Məni narahat edən tək şey – onun başında hansı fikirlərin dolaşması idi. İşarət barmağımı alnıma söykədim. O da eyni hərəkəti etdi. Görəsən o, məni yamsılayır, yoxsa həm də fikirlərimi oxuyur? Hətta daha betəri – yoxsa eynən mənim kimi fikirləşir? O ara nəfəsim daraldı, hərçənd dəqiq bilirdim ki, əslində ikimizdən biri real şəkildə mövcud deyildir. Ancaq hansımız? Dəhşət içində düşündüm: orijinal bir fərdin bütün fikir və duyğularına yiyələnən o oxşar əgər mənəmsə, bəs onda necə olsun?
Sonrakı saniyələr ərzində mən hər şeyə rəğmən, qət elədim ki, o – mənim şəffaf otaqdakı görüntümdür. O, bir dəlidir, mən isə həmin kabinədəyəm və əgər indicə buranı tərk eləməsəm, həqiqətən də ona, yəni öz oxşarıma çevriləcəyəm.
Geriyə doğru bir addım atdığım zaman onun ehtiyatla mənə göz qoyduğuna şahid oldum. Qapıya tərəf bir neçə addım atınca, fərqinə vardım ki, o, üstümə cummağa hazır vəziyyətə gəlib.
Var gücümlə oradan sivişdim. İki-üç pilləni birdən çıxmaqla, bütün bədənimin ağırlığıyla giriş qapısına çırpıldım və küçəyə çıxdım. Nəfəsimi dərməkdən ötrü aşağı əyildiyim zaman onun da ardımca qaçdığına və dayanım deyə, mənə elə öz səsimlə yalvardığına şahid oldum. Maşınlara heç bir məhəl qoymadan küçəni keçdim. O isə maşınların arasıyla burularaq daha qıvraq, hətta zənnimcə, məndən ustaca irəliləyirdi. Bu minvalla qaçmağa davam elədik.
O cür başılovlu qaçdığım anlarda xəyal gücümü itirmədiyimə mən özüm də təəccüblənir və düşünürdüm: “Duyukla ünsiyyətdə keçirdiyim o aylarda yəni ağlım daha da artıb ki?” Görünür, məhz belə idi, çünki əks-təqdirdə oxşarımın ardımca düşməsinin dəqiq səbəbini mən başqa heç nə ilə izah edə bilməzdim: panikaya qapıldığımı anladığı üçün mənim aradan çıxacağımı sezmişdi, bu isə onun mövcudluq faktını onsuz da maneəsiz bir şəkildə bütün aləmə açıb, göstərəcəkdi. Ona görə də oxşarım, nəyin bahasına olursa-olsun, məni saxlamağa can atırdı.
O, özünü qoruyurdu. Eynilə mənim kimi, onun da içində özünə xas bir Eqo baş qaldırmışdı. Başqa cür ola da bilməzdi, biz hamımız – mən də, Duyuk da, oxşarım da – başa düşürdük ki, o, var ola bilməz. Ən azından bu – bir qanun pozuntusu idi, bu səbəbdən də oxşarı ya mütləq aradan götürməli, ya da gizli bir laboratoriyaya qapatmalı idilər.
Mənim məhz mən olduğumu, arxamca düşənin isə ümumiyyətlə insanoğlu olmadığını ən azından sübuta yetirə biləcəyim polis bölməsinə və ya telestudiyaya tərəf qaçmırdım. Arvadımla uşağımın bir həftədən bəri qohumlargildə olduğunu xatırladığım üçün evimizə üz tutmuşdum və onlar geri qayıdana qədər öz oxşarımı mənzilimdə tuta biləcəyimə inanırdım. Bu qərarı Duyukun da bəyənəcəyindən ümidvar idim, çünki hadisələrin hər an nəzarətdən çıxmaq təhlükəsi vardı və əgər bununla bağlı məlumatlar KİV-ə yol tapsaydı, o halda onun laboratoriyadakı karyerası da bitəcəkdi. Qaçanın da, onu qovanın da mən olduğuma illah şahid olmasınlar deyə, dua edirdim ki, həyətimizdə hansısa tanış-bilişə rast gəlməyim. Çünki əkiz qardaş barədə uyduracaqlarım bu durumda dadıma yetən deyildi!
Yarım saat sonra mən təngnəfəs halda, qan-tər içində öz kreslomda oturduğum vaxt oxşarım da qarşımda dayanmışdı.
Önümdəkinin insan övladı olmadığını bir daha dəqiqləşdirməkdən ötrü maraqlandım:
– Yorulmamısan ki?
O, pəsdən və təmkinlə dilləndi:
– Sualın heç də yersiz sayılmaz.
Belə sarsaq suala bu cavabı verəcəyini heç gözləmirdim, odur ki, gəlmiş olduğu qənaətlə o, məni heyrətləndirdi. Sonra arxayınlıqla sözünün ardını gətirdi:
– Mən birə-bir sənin surətinəm. Ona görə də yorulmalıydım. Ən azından zahirən. Bu, belə düşünülüb. Mənim xarici görkəmim isə səninkini özündə sadəcə əks etdirir. Yoxsa sənə də bəllidir ki, mən əzələ və ağ ciyərlərdən məhrumam, deməli, nəfəs daralmalarım və yorulmam da mümkün görünmür.
– Bəs yolda ikən niyə məni haqlamadın?
– Küçədə həngamə durğuzmaqdan ötrü?! Belədə biz diqqətləri boşu-boşuna üzərimizə çəkərdik. Mənə isə bu, lazım deyildi. Amma əgər səni Duyukun laboratoriyasında ikən tuta, saxlaya bilsəydim, bax, onda söhbətləşərdik…
Bu sonuncu kəlmələri deyərkən, onun üzündə peşmanlıq ifadəsi sezildi. Özümü aynada süzərkən bənzər ifadəyə mən də dəfələrlə şahid olmuşdum.
Onun bütün danışıq və davranış tərzi, ən əsası isə, məntiqli qənaətləri duyduğum qorxu-hürkünü nisbətən azaltdı və anlamağa başladım ki, onun mövcudluğu sırf məndən asılıdır. Bir də az sonra özünü mütləq buraya yetirəcəyinə şübhə bəsləmədiyim Duyukdan asılıdır. Köksümü ötürüb, yarıciddi, yarızarafatla soruşdum:
– Məni öldürməyə necə, niyyətlisən?
Sualım onu zərrəcə təəccübləndirmədi:
– Mən bütün variantları saf-çürük edirəm. Səni öldürməklə guya nəyə nail olacam ki?! Mən sənin birə-bir kopyanam. Öləcəyin təqdirdə mənim başıma nələrin gələ biləcəyi heç bəlli deyil. Çox yəqin, onda mənim süni idrakım da fəaliyyətdən qalacaq. Həm də ki, qanunazidd istənilən əmələ görə mən mütləq cəza alacağam. Sənin həyatdakı yerini tutmağa çalışsam, onda doğmaların tezliklə bunu sezəcəklər. Ona görə də səninlə dost olmam daha məsləhətlidir.
Mən tamamilə arxayınlaşmaq istəyəndə o, qəfil soruşdu:
– Sənin ailən qohumlargildə hələ çox qalacaq?
Bunu haradan bildiyini soruşmaqdan ötrü ağzımı açmağa hazırlaşsam da, macal tapmadım – o, dilə gətirmədiyim sualın cavabını verdi:
– Mənim yaddaşım da səninkiylə eynidir.
– Hə, – dedim. – Onlar on gündən sonra qayıdacaqlar.
– Bu yaxşı oldu, dəqiqləşdirmək istəyirdim, – deyərək, o, digər kresloda əyləşdi. Yavaş-yavaş könlümə yatmağa başlamışdı – axı o, mənim daha təkmil versiyam idi. Kaş özüm də onun kimi ola biləydim.
Az sonra özünü yetirən Duyuk təlaşlı idi. Gözlüklərindən tər damlaları dığırlanırdı. O, daima sakit, özündən arxayın və mühakimə yürüdən biri idi deyə, qismən özündənrazı adama bənzəyirdi. Ancaq indi bu özəlliklərdən onda heç bir əsər-əlamət qalmamışdı. İrəlidə necə davranmaqla bağlı o, hər ikimizlə məsləhətləşdi (özünüz düşünün də – robotla da məsləhətləşərmişlər!) O, mənim və oxşarım üçün Eqonun önəmini başa düşürdü. Mən oxşarıma laboratoriyada məskunlaşmağı məsləhət gördüm. Ancaq o, buna arxayın tərzdə etiraz elədi: “Orada məni parçalara ayırarlar deyə, riskə gedə bilmərəm”. Heç Duyuk da bu təklifimlə razılaşmadı. Belə qərara gəldik ki, oxşarım bir həftə mənimlə “yaşasın”, o vaxta qədər isə Duyuk öz müdiri ilə danışmağa fürsət tapar. O, əmin idi ki, Oyret həm qalmaqaldan qurtulmaq, həm də yeni ixtiranın davamlı tətbiqi üçün bir çıxış yolu tapmağa çalışacaq.
Üç gün ötdü. Öz oxşarımla baş-başa qalmaq mənə məzəli gəlirdi. Hətta xəyallar qururdum ki, sırf eksperiment xatirinə bəlkə onunla yaşamama hələ izn də verərlər. Həm də rəsmi! Ancaq hər səfər arvadımın bununla əsla razılaşmayacağı qənaətinə gəlirdim.
Dördüncü gün, işdə olduğum vaxt, arvadım evə qayıdıb. Sən demə, axşam süfrəsi arxasında qohumlardan birisi xatırlayıb ki, arvadımın babasının həyatı vaxtilə sığortalanıbmış və kişinin ölümündən sonra yaxınları sığorta məbləği üçün hələ də müraciət etməyiblər. Arvadım deyib ki, o sənədi bizim evdəki digər kağız-kuğuzun arasında görüb və onu götürməkdən ötrü elə gecəyarı maşınla evə dönüb – onda belə hallara rast gəlinir. Üzü səhərə doğru evə çatınca isə oxşarımla qarşılaşıb və işdən qalmağım onda təəccüb doğurub. Oxşarım mənim adımdan bildirib ki, bəs xəstələnmişəm. Arvadımı aldatmaq asan iş deyil – bunun ardında bir hoqqa sezdiyi üçün o, mənə… yəni işə zəng etmək qərarına gəlib.
Dəstəyi qaldırıb: “Hə, mənəm” – dediyimdə buna cavab olaraq mən onun dəhşət dolu qıyyasını eşitdim.
* * *
Həmin gün oxşarımla mənim işləyim bütün şəhəri bir-birinə vurdu. Nəinki bütün şəhəri, hətta bütün ölkəni də! Yaxalayandan sonra oxşarımı ya məhv etdilər, ya da gizli laboratoriyaya qapatdılar: ölkənin bütün elmi ictimaiyyətinin və ən nüfuzlu vəkillərinin səylərinə baxmayaraq, bunu dəqiqləşdirməyə heç cür imkan tapmadım.
Bütün bu yaşanan olaylar oxşarların yaradılması işinə gizlicə izn verən hökumətin nüfuzuna ciddi zərbə vurdu. Duyuk və onun müdiri Oyret sərt cəzalardan yayına bildilər. Ailəsi ilə birlikdə ölkəni tərk edən Duyuk hazırda xaricdə pedaqoji fəaliyyətlə məşğuldur və onunla əlaqə qurmaqla bağlı bütün cəhdlərimə əngəl yaradır. İnsult keçirən Oyret isə qalmaqallı hadisədən bir il sonra dünyasını dəyişdi. Ən uyğun müalicə üsulunun təyini üçün öz düsturunun tətbiqi üçün icazə verilsə də, o, bundan imtina elədi.
* * *
Şəffaf kabinədən tanıdığım o iki nəfərlə ara-sıra görüşürəm. Keçmişi yada salır, öz hərəkətlərimizə gülürük. Onlar bir neçə ay davam edən o psixi sıxıntılarını təfərrüatlarına qədər mənə təsvir edirlər. Bunu qollarındakı qırıqlar bərpa olunandan sonra insanların bütün yaşantılarını başqalarıyla rahatca bölüşməsi ilə müqayisə etmək olar. Biz Duyuku da xatırlayırıq. Axı ona çox şey borcluyuq. Həddindən çox şey.
İnkişafı dayandırmağın imkansız bir şey olduğunu dəqiq bilsəm də, bəşəriyyətin öz inkişafındakı növbəti addımı mənsiz də atacağından tamamilə əminəm. Həmin addımın hansı yöndə – xeyirə, yoxsa ki, şərə doğru – atılacağının qərarını isə artıq bizim övladlarımız və nəvələrimiz verəcək.
Və mən onlara zərrəcə qibtə bəsləmirəm.
Rus dilindən tərcümə – Azad Yaşar