Sim-sim.az Sənan İsmayılovun “Yük” hekayəsini təqdim edir.
Yer kürəsinin süni peyki sayılan Tutmak özünün sərt qruntu, enişli-yoxuşlu əraziləri baxımından daha çox balaca bir planeti xatırladırdı. Uzun illərdən bəri öz orbiti üzrə və Yerdən hər hansı idarəetmə olmadan hərəkət etməsi də bu peyki Günəş sisteminə daxil olan təbii bir göy cisminə daha çox bənzədirdi.
Tutmakın məhz süni olduğunu nəzərə çarpdıran əsas cəhət orada Yerətrafı sivilizasiyalar və kosmik obyektlərlə toqquşmalardan qorunma Mərkəzinin (qısaca – YOM-un) stansiyası idi. Yer kürəsinin kometa və asteroidlərlə toqquşmasını önləməyə xidmət edən cihazların yoxlanıb-sazlanması məqsədiylə ara-sıra Yer kürəsindən Tutmaka heyətlər göndərilirdi. Bundan əlavə, peykdə növbə çəkən bir cüt insan ayda iki dəfə başqa cütlüklə əvəz olunurdu.
Kosmosda sayı-hesabı bilinməyən kometa və asteroidlərin mövcudluğu bir vaxtlar Yer kürəsi üçün təhlükə sayılırdı, ancaq sonradan onların öz orbitləri üzrə hərəkəti həm Yerdəki, həm də Tutmakdakı stansiyada qurulan cihazların köməyi ilə nəzarət altına alındı. Sözügedən kosmik obyektlər Yerdən nisbətən təhlükəsiz məsafələrdə keçib-gedirdilər. Ancaq bəzi mütəxəssislərin qənaətlərinə görə, sayları çox olduğundan onlarla toqquşma ehtimalı hələ də yetərincə yüksək səviyyədə qalmaqda idi, bu isə bütün bəşəriyyət üçün görünməmiş müsibətlərə yol aça bilərdi.
İddia eləmək olmazdı ki, alimlər mümkün faciələri önləməkdən ötrü tədbirlər görmürlər. Bir dəfə, həm də sırf eksperiment xatirinə, Yerin orbitindən mümkün qədər uzaqlaşdırmaq xatirinə kometalardan birinin trayektoriyasını dəyişdirmək qərarına gəlinmişdi. Ancaq bu cəhd uğursuzluqla nəticələndi və həmin obyektin Yer planetiylə toqquşmasından bu eksperimenti aparanlar zorla qurtula bildilər. O əsnada ortaya başqa bir müşkül də çıxdı. Alimlərin verdiyi məlumatlara əsasən, bir qrup kometa artıq Yer kürəsinə tərəf istiqamət götürmüşdü və onlarla qarşılaşmanın doğuracağı radiasiya təhlükəsi əslində planetə onlarla toqquşmadan heç də az təhlükə vəd eləmirdi.
Təxminlərə görə, Tutmakdakı avadanlıqların imkanları həm radiasiya yayan kometaları nəzarətdə saxlamaq, həm də uzun müddətdən bəri müşahidə altında olan digər kometalarla birlikdə məhv eləmək üçün yetərli idi. Hesablamalar göstərirdi ki, kometaların məhvi Tutmak üçün təhlükəsiz sayılacaq məsafədə gerçəkləşəcəyi üçün o, öz həmişəki orbiti üzrə hərəkətinə davam eləyə biləcəkdi. Ancaq daha sonra radiasiyadan qurtulmaqdan ötrü o məhv edilmiş kometaların qalıqlarını yığmaq da vacib şərt idi. Bununla yanaşı, sözügedən əməliyyat hətta uğurla başa çatsaydı belə, stansiyada uzun illərdən bəri, həm də böyük vəsaitlər hesabına quraşdırılan bütün avadanlıq tamamilə yararsız hala düşəsiydi.
Plana əsasən, xüsusi əməliyyatın keçiriləcəyi müddətdə, Tutmakda bir kimsə qalmamalıydı, çünki radiasiya ucbatından oradakı insanların ölümü qaçılmaz xarakter qazanacaqdı. Yer kürəsindəki cihazlar onsuz da peykdə qurulan stansiyanın müəyyən funksiyalarını icra edə biləcəkdilər, buna görə də Mərkəzin komandanlığı insanları riskə atmağa hər hansı gərək duymurdu. Bu layihənin uğursuzluqla nəticələnməsi Yer kürəsi üçün də böyük təhlükə yaradacaqdı. Layihə kütləvi informasiya vasitələrində geniş müzakirəyə çıxarılsa da, alimlər bu ideyanın mümkün riskləri barədə məqsədyönlü şəkildə susmağa üstünlük verirdilər. Ancaq qeyri-rəsmi mənbələr sayəsində mümkün təhlükə barədə nələrsə öyrənən insanlar bu layihənin gerçəkləşəcəyi günü təşvişlə gözləyirdilər.
Stansiyada fasiləsiz növbə çəkilməsi rejimini Mərkəzin komandanlığı bir neçə il əvvəl tətbiq eləmişdi. Stansiya növbətçilərinin vəzifə öhdəliklərinə onların Yerdəki həmkarlarının missiyalarını təkrarlayan bir sıra məsələlər daxil idi. Onlar həmçinin peykdəki cihazların durumuna dair vaxtaşırı məruzələr etməli, Tutmakdakı avadanlığın işini yoxlamaqdan ötrü peykə ezam olunan sazlayıcı mühəndislər heyəti ilə sıx əməkdaşlıq qurmalıydılar. Növbəti sazlayıcılar heyəti Yerə qayıtdıqdan bir neçə gün sonra təcili məlumat alındı ki, bəs çox qısa müddət ərzində radiasiya saçan kometalar toplusu Yerə xeyli yaxın məsafədən keçəcəyi üçün Tutmakdan vurulmaqla, onlar məhv olunmalıdırlar.
Bu məlumat alındığı vaxt peykdə cəmi ikicə nəfər var idi: Dayak və onun köməkçisi Yüklənən. Onlar sadəcə iş yoldaşı sayılmırdılar, çünki on ildən artıq bir müddətdə yaxın dost idilər, özlərinə isə elə gəlirdi ki, dost-doğma qardaşdırlar. İş elə gətirmişdi ki, yeniyetməlik yaşlarında təzə salınan şəhərcikdə məskunlaşan Yüklənən özünün uzaq qohumu sayılan Dayak ilə həm də qonşu düşmüşdü. Həmin vaxt Texniki Universitetdə öz təhsilinə böyük həvəslə davam edən Dayak öz gələcək planlarından necə ağızdolusu danışırdısa, onun həmin sahədə mütləq uğur qazanacağına hər hansı şübhə yeri qalmırdı. Bu ilk və həqiqi dostuna heyranlıq duyan Yüklənən də öz şəxsi planlarını vaxtaşırı onunla bölüşürdü.
Kometalar barədə məlumat alınandan sonra onlar özlərinin peykdən təcili qaydada təxliyyə olunacaqlarını sanmışdılar, çünki kosmik cisimlərin məhvi üzrə bütün iş məhz Yerdən idarə olunacaqdı. Ancaq gözlənilənin tam əksinə olaraq, həm də heç ləngimədən Mərkəzdən növbəti əmr gəldi: hətta kometaların məhv olunacağı dönəmdə də əməkdaşlardan biri peyk ərazisində növbə tutmalıymış.
Tutmakdakı cihazlar onsuz da Yer kürəsindəki heyət tərəfindən idarə olunacaqdı. Ancaq belə görünürdü ki, avadanlığın işində ən kiçik xəta və riskdən yayınmaqdan ötrü komandanlıq Yerdəkilərə hər barədə bel bağlaya bilmirdi. Çox yəqin, siqnalların ötürülməsində avadanlıqda ortaya çıxacaq xətalardan qaçınmaq üçün Mərkəzdəkilər lap əvvəldən bu qərara gəlibmişlər, ancaq bu layihə bütün bəşəriyyət üçün taleyüklü bir iş sayıldığından hələlik bu barədə bilərəkdən susurmuşlar.
Üstəlik, əmrdə peykdə qalacaq şəxsin adı da çəkilmirdi: Dayak ilə Yüklənənin can dostu olduqları Mərkəz əməkdaşlarına bəlli idi deyə, rəhbərlik onların arasında hər hansı seçim də eləməmişdi. Bununla yanaşı, məhz Dayakın orada qalacağına, Yüklənənin isə özündən yaşca böyük dostunun sözünü dinləyəcəyinə Mərkəzdə heç kəs şəkk-şübhə bəsləmirdi. Otuz yaşlı Dayakı başqalarından fərqləndirən ən başlıca cəhət də – həm sözdə, həm də əməldə danılmaz həddə varan alicənablığı idi. Adamda elə təsəvvür yaranırdı ki, yeri gələrsə, hətta ən yağı düşməni də onun mərhəmətinə sığına bilərdi.
Ədəbiyyata duyduğu dərin sevgi ilə yanaşı, o, həm də gözəl mühəndis idi. Özündən beş yaş kiçik olan Yüklənən isə hələlik həyatda öz hədəfini dəqiq təyin eləməmişdi. Kosmosla bağlı peşəni də o, sırf mühəndislik təhsili aldığı üçün yox, özünə arxa-dayaq seçdiyi, insani məziyyətləri ilə daima öyündüyü bu dostu ilə daha çox birlikdə və çiyin-çiyinə çalışmaq imkanına görə seçmişdi.
Verilən əmri eşidən Yüklənən:
– Onlar seçim məsuliyyətini də bizim öhdəmizə buraxacaqmışlar? – deyib, bir ah çəkdi. O, Yerə qayıtmağa niyyətli idi, ancaq Dayak fərqli bir qərara gəlsəydi, o, heç buna da etiraz eləməzdi.
Dayak özündən arxayın və sərt bir tərzdə dilləndi:
– Bunda seçim edəcək nə varmış görəsən?! Yerə sadəcə sən qayıdacaqsan, vəssalam.
Dostunu itirməyin qaçılmazlığından duyduğu dəhşət hissini bəri başdan içində boğmağa çalışan Yüklənən susub, durdu. Üzbəüz oturmalarına rəğmən, sonrakı bir neçə dəqiqəni onlar ağır sükut içində keçirdilər və bir-birinin üzünə baxa bilmədilər. Başını qaldıran Yüklənən dostundan soruşdu:
– Bəs sənin o yükünün aqibəti necə olacaq?
Dostunu süzən Dayak hər hansı cavab vermədi. Ancaq Yüklənən həyatında ilk dəfə bu mərdi-mərdanə və qürurlu insanın gözlərində xahişə bənzər bir şey sezdi.
Sözügedən o yük Yer sakinlərinin çiyinləri üstdən geriyə atdıqları və zahirən bir-birindən seçilməyən bir cüt asqı idi. Möhkəm, amma əsnək materialdan hazırlanan bu cür asqılar alt qatda düzülən xüsusi diskləri qorumağa xidmət edirdi. Həmin disklərə onları daşıyan insanın həyatı və düşdüyü durumlara dair, onun əməlləri və nailiyyətləri ilə bağlı ən xırda təfərrüatlar yazılırdı: yəni insanın dünyaya gəlişindən, ilk dəfə əmizdirilməsindən tutmuş həyətdə oynayarkən yıxılmalarına, uğursuzluqlarının gətirdiyi pərişanlığa, nailiyyətlərindən duyduğu sevinc hisslərinə, səhhətiylə bağlı qeydlərə qədər hər şey.
İnsan yaşa dolduqca, qeydlərin yazıldığı disklərin sayı və deməli, o daşınacaq yük də durmadan artırdı. Daha bir önəmli məqam isə sözügedən yükün həyatda qazanılan uğur və nailiyyətlərin sayına uyğun şəkildə artması idi. Buna görə də bəzən ahıl yaşdakı insanın yükü xəfif, cavan birisinin yükü isə xeyli ağır gələ bilirdi. Belədə, bu, həmin cavanın elm və ya sənət aləmində, cəsur davranışlarda, kəşflərdə və dürüst əməllərdə xeyli irəli getdiyinə dəlalət edirdi. Dayak da məhz belə biri idi deyə, yaşıdlarının əksəriyyəti ilə müqayisədə daşıdığı yük xeyli dərəcədə nəzərəçarpan idi. Hər səhər o, öz ağır asqılarını çiyninin üstündən geriyə doğru atırdı.
* * *
Səhəri gün ta obaşdan Dayak öz dostunu Yerə qayıtmaqdan ötrü minəcəyi kiçikölçülü bir şattla qədər ötürməli oldu. Onlar lal-dinməz qucaqlaşdılar, Dayak gözlərini yerə dikdi. Yüklənən isə dostunun yükünü öz çiyninə almaqla, kosmik gəmiyə daxil oldu.
Öz həmkarlarıyla birgə Mərkəzdə oturan Yüklənən canlı bağlantının köməyi ilə kometaların məhv olunması prosesini izləyirdi. Gördükləri ən sonuncu və gözqamaşdırıcı partlayış nəticəsində Tutmakın yaxınlığındakı kometa məhv edildi. Bu cür işlərdən ötrü yaradılan avadanlıq bəslənən ümidləri tam mənada doğrultdu, hər hansı fövqəladə durum yaşanmadı və çox yəqin ki, Dayak da, özünün Yerdəki həmkarları kimi, uzaqbaşı bu prosesi sadəcə kənardan müşahidə etməklə kifayətləndi.
– Dostunuza görə dərindən heyifsilənirəm. Onun bütün bəşəriyyət naminə özünü qurban verməsinə dəyər biçmək üçün uyğun söz tapmaqda acizlik çəkirəm. Mənə daha çox yer edən məqam isə odur ki, onun şəxsi yükü, yəni gələcəyi də məhv oldu. Yer şəraitində məruz qalacağı hər cür təsirə qarşı o disklər bəlkə də dayanıqlı sayıla bilərdi, ancaq eyni fikri onların kosmik radiasiyaya qarşı dirənişi barədə söyləmək çətindir. Alicənab və qürurlu bir insan olan Dayak öz yükünün sizin tərəfinizdən daşınmasına əsla razı olmazdı. Sizi kiçik qardaşı qədər sevdiyi üçün o, yalnız öz yükünüzə qatlaşmanızı daha uyğun sayardı. Bəlkə də o, zamanla sizin öz yükünüzün xeyli dərəcədə artacağını da hələ nəzərə alıbmış. Əgər onun yükünü də yanınızda götürsəydiniz, onun daşınmasında bizlər sizə yardım edərdik. Vaxtilə o müqəddəs sayılan kitablarda bizə doğru yolun göstərildiyinə artıq mən də inanmağa başlamışam. Çünki hədsiz qürur bəzən ölümcül də ola bilir. Dayak isə yetərincə qürurlu biri idi.
Kometaların məhvindən bir neçə gün ötüncə, Tutmaka göndərilən avadanlıqlar peykdəki radiasiya səviyyəsinin xeyli dərəcədə artdığını xəbər verdilər. Buna görə də Dayakın həlak olduğuna, onun bədəninin də, Tutmakın səthinə çökənə bənzər bir toz yığınına çevrildiyinə hər hansı şübhə yeri qalmadı.
Gələcəkdə, yəni Tutmakda radiasiya fonunun azaldılmasına nail olunduqdan sonra, sözügedən peyk Yer kürəsi üçün təhlükəli sayıla biləcək kometaların aşkara çıxarılmaqla, məhv edilməsindən ötrü yeni avadanlıqlarla təchiz ediləcəkdi.
* * *
Yüklənəni tanıyanlar artıq diqqət yetirmişdilər ki, Tutmakdan geri döndükdən sonra o, hər yerə belində daşıdığı çanta ilə gedir. Hətta bu bel çantasının ağırlığı altında onun qamətinin əyildiyi də gözlərdən qaçmırdı. Bəziləri zarafatla ona deyirdilər: “Bu cür məşqlər sayəsində yəqin sən zamanla daha ağır yüklər daşıya bilməkdən ötrü növbəti disklər qazanacağına ümid bəsləyirsən? Hərçənd bir çox qocaların belində xəfif yük daşıdığına sən özün də şahid olmusan”. Ya da deyirdilər: “Bel çantanın kəmərləri hədsiz enli olduğundan onlar sənin o dar asqılarını da qapayırlar. Sanki sən daşıdığın yükün xəfifliyindən utanırsan. Ancaq yenə də ruhdan düşmə, bəlkə də gələcəkdə daha hansısa nailiyyətlərə imza atacaqsan”.
Amma Yüklənənin bel çantasında nə olduğunu öyrənmək nədənsə heç kəsin ağlına gəlmirdi. Hətta bu barədə ondan soruşsaydılar belə, həmin sualı cavabsız buraxardı. Yüklənənin belində daşıdığı o yük Dayaka aid olmaqla yanaşı, hədsiz ağır idi və ara-sıra o, dostunun bu yükə necə qatlaşdığına hələ də heyrətlənirdi. Dostunun ölümündən sonrakı ilk illərdə yorğun-arğın halda işdən evə döndüyü zaman ağır bel çantasını və öz yükünü yerə qoyub, çarpayısına uzandığı vaxt o, keçmiş günləri, dostu Dayakın onun üçün önəmli yerə sahib olduğu dönəmi yada salırdı.
İllər ötdükcə, dostuyla bağlı o yükün ağırlığı özünü daha aşkar büruzə verirdi: bundan hədsiz yorulurdu, hətta hərdən sanırdı ki, az sonra yerə sərələnəcək. Bəzi axşamlar, bu cür halların basqısı altında olduğu zaman, onun ağlına qəribə bir fikir də gəlirdi: “Görəsən öz borcunu yerinə yetirib, bir neçə dəqiqə içində ölməklə bir qəhrəmana dönmək, şan-şöhrət qazanmaq daha çətindir, yoxsa öz yükünə rəğmən, başqasının, doğman-əzizin sayılacaq bir başqasının yükünü də bütün ömür boyu yanında daşımaqmı? Yəni Dayak buna ümidvar idi ki? Bəs görəsən mən onun yükünü özümlə götürməsəydim, necə olardı? Bəlkə də bunu rica eləmək onun heç ağlına da gəlməzdi. Yəqin o, yükü ilə birgə məhvə sürüklənməyi, bu yolla özünü gələcəkdən məhrum etməyi daha uyğun görərdi”.
Səhəri gün oyandığı vaxt o, dünən qapıldığı fikirlərdən xəcalət çəkirdi: “Axı o, mənə həyat bəxş eləmişdi. Dayak təkcə öz həyatını yox, ondan da böyük nemət sayılan gələcəyini də qurban verməyə hazır idi. Hətta öz yükünü yanımda götürməyi də məndən rica eləməyə qıymamışdı, onun bu istəyini ələ verən sadəcə baxışlarından yağan ifadə oldu. Bu qərarı mən özüm verdim. Onun yükü özümünkündən qat-qat ağır olsa da, onu daşımaq mənə əlavə disklər qazandırmasa belə, mən yenə o yükə qatlaşacağam”.
Tutmakdan vurulmaqla məhv edilən kometalar zərərsizləşdiriləndən yeddi il sonra elan olundu ki, həmin peykdəki radiasiya fonu artıq nəzarət altına alınıb. Həm də gələcəkdə hər cür mümkün toqquşmalardan qorunmaqdan ötrü yeni qurğuların işlənib-hazırlanması və orada quraşdırılması barədə düşünməyin vaxtı gəlib, çatıbdır. Mərkəzin rəhbərliyi Tutmaka uçuş təşkil eləyəndə qurumun rəhbəri Yüklənənə təklif elədi ki, o da həmin heyətə üzv yazılsın, digər işlərlə yanaşı, orada ikən dostunun əziz xatirəsini də yad eləmək fürsəti qazansın.
Yüklənənin çalışdığı o kosmik stansiyadan və bütün əşyalardan geriyə peykdə sadəcə metal konstruksiyalar qalmışdı, həm də Tutmakın bütün səthi kimi, bunların da üzəri toz təbəqəsiylə örtülmüşdü. İlk fürsət tapan kimi öz komandasından ayrılan və köhnə stansiyanın olduğu əraziyə baş çəkən Yüklənən bel çantasından Dayaka məxsus o bir cüt asqını çıxartdı və onları vaxtilə stansiya əməkdaşlarının əyləşdiyi stulların metal konstruksiyaları ilə yan-yanaşı qoydu.
Bu asqıların üzərinə oradakı tozdan səpələdikdən sonra stansiyadan aralanmaqla, o, təkrar öz işçi qrupuna qoşuldu. Aradan heç yarım saat ötməmiş komandanın cavan üzvlərindən biri sevincək çığırdı:
– Burada Dayakın yükünü tapdım!
Əlindəki asqıların tozunu çırpmaqla, o, öz tapıntısını qrup rəhbərinə uzatdı.
Asqıları gözdən keçirərək, üstlərindəki tozu üfləməyinə davam edən rəhbər dedi:
– Asqının hazırlandığı materialın hər hansı zərər görməməsi heyrətamizdir. Disklərdəki informasiya silinsə belə, onların özlərinin məhz metal parçaları şəklində qorunacağını elə mən də təxmin edirdim, amma asqıların materialının…
Asqıları tapan qrup üzvü ruh yüksəkliyi ilə dedi:
– Bəs Dayakın həyat yoluyla bağlı bilgilər bu disklərdən heç silinməyibsə, necə olacaq? Əgər onlar qorunarsa, bu, qəhrəmanımızın gələcəyinin qorunduğu mənasına gələr!
Qrup rəhbəri asqıları həmin cavan oğlana uzadaraq dedi:
– Əgər siz bunca sadəlövhsünüzsə və möcüzələrə inanırsınızsa, onda diskləri alın, özünüz yoxlayın: əminəm ki, bu sayədə az da olsa, praktik bilgilərə yiyələnəcəksiniz, axı sizin öyrənməli olduğunuz hələ ço-o-x şey var. Ancaq hamımızın təəssüfünü ifadə edərək deyə bilərəm ki, bu disklər bomboş çıxacaq.
Asqıları rəhbərindən geri alan komanda üzvü vaxt itirmədən gəmiyə qayıtdı. Heyətin qalan üzvləri isə artıq hər hansı sürpriz gözləmədikləri üçün dağılmış stansiyanı dolaşmaqlarına davam elədilər. Asqıları tapan cavanın uca səsi eşidilənə qədər onlar bu cansıxıcı işlə məşğul oldular. Kosmik gəminin trapıyla qaçan cavan oğlan həmkarlarına müjdə verdi:
– Disklərə heçcə nə olmayıb! Onların hamısı salamatdır! Bütün bilgilər də qorunub! Dayakın gələcəyi qorunub!
Komanda üzvlərinin qapıldığı sevinc daha sonra hamılıqla Yerə qayıtdıqları kosmik gəmidə ikən də onları tərk eləmədi. Bu baş verənlərə hamı kimi, Yüklənən də hədsiz dərəcədə sevinirdi. Ancaq yoldaşlarından fərqli olaraq, o, heç özü də bilmirdi ki, nəyə daha çox sevinir: dostunun gələcəyinin qorunmasına görə, yoxsa bundan belə o əlavə yükü yanında daşımaqdan qurtulduğuna görə. Axı bu gündən etibarən o, sadəcə öz gələcəyinə məxsus yükə çiyin verəsiydi.
Gəmidə, kapitanın böyründə əyləşən qrup rəhbəri nədənsə qayğılı görünürdü. Deyəsən, təkcə Yüklənən bunun fərqinə varmışdı. Yerin səthinə enən gəmini tərk etməkdən ötrü çıxışa yönəldiyi vaxt Yüklənən qəfildən gördü ki, geri qanrılan qrup rəhbəri onun özünə dikilən baxışlarını yaxaladı və gülümsünərək… başını tərpətdi. Eyni səviyyəli insana hörmət əlaməti olaraq.
Ruscadan tərcümə – Azad Yaşar