sim-sim
No Result
Bütün nəticələr
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70
sim-sim

Şərab şüşələrini ətir qutularında saxlayan qadının kitabçası – Ələsgər Əhməd

28/04/2021 - 12:29
A A
Facebookda paylaş

Jonathan Galindonun qətliamı

Ruhun daima çılpaqdır
Paltarlar sadəcə insanların əynini,
qardirobların içini dəyişir

Ələsgər Əhməd

Gecə işıqları,
mərmi qığılcımlarının ucbatından
lampa qırıntılarını da süpürüb, küçəni dəyişir

Çatdırılan ayaqlarla,
ünvan başları əzilir “mən bunu istəyirəm” sıçrayışıyla
Mavzoleyin divarlarından, Reç-Pospalita süzülür,
Leninin ayılışıyla

Oyuncaq tanklar böyüyüb,
şüşələrindən qaçdıqları mağazaları hədəf alırlar
O zaman tüfənglərə,
ingiliscə öldürməyi öyrədirdi, Karllar.

Kilsədə dua edənlər,
xaçı qucaqlayan rahibənin
ehtiraslı səsini, koridordan eşidirdi

Münaqişələr hisslərə uduzmuşdu
Bir gənc pravoslavla,
digər bir gənc katolik sevişirdi

Bıçaqların qandan qorxmaqları,
kəskin şəkildə söylənərdi.
Barmaqlar,
bədənsiz başların, saçlarından iyrənərdi

Onda sən də,
mənə danışacağın yalanı əzbərləyərdin
Tənbəlləyərdin,
düşünərdin, bu ağ yalanlar nə vaxtsa,
öz üstünə də qara salar

Həyatı dəyişdirmişdin
Hətta,
günəşə gülümsəyirdi yarasalar

Kəpənəklərin ömrü,
Qüdsün azadlığını görməyə də yetəcəkdi
Sui-qəsdçi sehrbazlar,
öz şlyapalarında itəcəkdi

Güllənin gəlişini,
barmağın ucuyla dayandırmaq mümkün idi
Məhkumu edamsız və qandalsız
məhkəmədən çıxarmaq üçün edilmişdi
– hakimin ümidi –

Torpağın bir addımdan bir,
məzar quruluşu
Sanki bütün əfsanələri caynaqlayırdı
Mifologiyanı dimdikləyən peri quşu

Qapının dəstəyindən,
alo deyirdi
Evdəki təklikdən həyacanlananlar
Tərbiyəvi danlananlar,
birdəfəlik getmək üçün cəsarətini toplayıb,
pəncərəni çırpırlar

Cənazə mövsümü başlayır,
onlar payız yarpaqlarını yamsıladıqca.
Bura nə marafon,
nə faytondu və sən atı sürətləndirmirsən
Ürək döyüntülərini zəiflədib,
öldürürsən. Qamçıladıqca.

Heç kim içməyib,
lakin kimə baxsan, görərsən ki, sərxoşdu

Qıfıllı qapıların üstündə,
elə bu cür də yazılıb:

“Bağlı qutu gördükdə,
içində nə var? sualından öncə
Özünüzdən soruşun, bəlkə boşdur” ?

Hər şey belə ola bilərdi
Hikkənə qalib gəlsəydin,
gəlsəydin.

Lakin indi.

Göbələklər papaqlarını qabaqlarına qoyub,
gileylənir
Dostum,
narkoman atasının sayəsində
Narkotikdən uzaq durmağı öyrənir

Yəni,
iki mənfini atmaqdansa,
onları birləşdirib bir müsbət yaratmaq ixtiradı
Telefonu söndürmək,
bəzən əcəl zəngindən də imtinadı

Sənin də
bu ərəfələrdə gözəllik salonunda özünü sevməyin,
Saç uclarını əsdirməyin,
dərini yumşaldıb, cizgilərini tələsdirməyin,
Necə də təsadüfi,
zaman toqquşmasıdı

Ən maraqlısı da,
pişiyinin mırıltısı uğrunda, itlərin boğuşmasıdı

Birdən gözünə həqiqət görünür

Baxırsan ki;

Səbəbsiz yerə,
oyunçuya verilən qırmızı kart da
Qumar masasına qalibiyyət gülüşü ilə çırpılanlardandı

Dünya möcüzəvi bir şey deyil
Üzünü görmədiyimiz tanrının,
başındakı ilanlardandı.

Təkrarlayırsan:

Ölmək – xatırlaya bilməmək
Yaşamaq – xatırlanmamaq

Özü də bir neçə dəfə,
2
3
4
Soyuqlar pinqvinlərin nəfəsidi
Ona görə də üstünü,
inandığın əjdahalar tərəfə ört.

Çünki iblisin sevdiyi musiqi,
başını yellətməklə təsdiqlənir.

Bizim də vərdişimiz,
musiqiyə sitayiş etməkdir
İfa təkdir,
bizim əllər, dinləyən qulaq dartmırlar

Əfsus ki,
içinə qapandığın dünyanı gözəlləşdirə bilmərik

Heç bir danışıq mədəniyyətində
Lalochezianı sağaltmırlar.

Səni boş verək eeee.

Zarafat edirəm, gözlə.
Mən gələnədək, göyə bax

Qızla oğlanın ayrıldığı serialın,
sonuncu bölümünə söyə – söyə bax.

“Əziz oğlum,
bəlkə bir gün doğuldun.
Həyatı vicdanlı yaşayarkən
üsyankar inadın,
atandan miras qalan savaşın

və gecəli yolları işıqlandıracaq maşın olsa,
yolun kənarında özünü də itirmiş,
qadın olsa

Sarsaqlama.

Dayan, mədəni şəkildə de:
Yolu tanımırsınız,
mən də tanımıram, əyləşin tapaq.
Əyləşsə,
ehtirasına qapılıb, əlini sükandan savayı yerdə saxlama.”

Aha, gəldik sənə
sənin qərarlarından daha azaddı
İnsanafobiyalarda,
zəncirlənən bədənlər.

Fikir vermisən?

Hündürlüyü buludlara dəyən binaların,
boynundan intihar edənlər,
Havadan boğulub,
ölürlər.
betonu qidalandıran
Cəsəd və qan
Hərəsi ayrı-ayrılıqda qatillərə baxıb, gülürlər

Həzzin sonuncu anında,
təcrübəsizlikdən çaşarsan
Əllərin,
ayaqlarında sürünər

Marixuananın gözəlliyi:
Hamı səni lal düşünər,
amma sən, öz beynində səs çıxmadan danışarsan

Tofananın zəhəri,
sevdiyi kişini öldürsəydi, sadəcə ağlayardı

düşüncəmin qolları olsaydı
Təhdid oyunlarında,

yalnız qalan uşaqları qucaqlayardı.

 

Şərab şüşələrini ətir qutularında saxlayan
qadının kitabçası

Konstantinopolun işğal olunduğu ərəfə idi
Ya da bir az keçmişdi
Elə birinci qədəhimi,
Piafın şərəfinə qaldırırdım,
ev sahibi qapını döydü.
Kilidi açanacan,
düşünürdüm bu əclafdan bədənimi gizlədərəm haçanacan
Yazılarını sevmədiyim Aqata da,
kirayə həyatından ayın sonu köçmüşdü.

Loğman əyilib, möhürü öpməklə
Bir xeyli qan itirən torpağın, təzyiqini ölçmüşdü.

Afrika qəbilələrində aclıq rəqs edirdi
Amerika bombadansa,
ərzaq endirə bilməzdi mi təyyarələrdən?

“Casinolar böyük borclara aparan yoldur”
oxunurdu
Qara, yaxud da qırmızı don rəngiylə
yazılan işarələrdən

Hətta məktəbli formasında,
bir az əllərinə yaxın,
bir az da saçlarından uzaq – ehtiras normasında
Dırnağıyla dodağında təhlükə xəritəsi cızar,

Saçları ilə boğazında,
hörümçək toru hörər

Kişini sevindirmək çətin deyil
Açığı, qadında elə yerlər var ki,
kor kişiyə də göstərsən, görər.

İşıqlar möcüzəyə gecikirdi,
gecələrdə
Ona görə də,
Zəhranın çarşabı,
naməhrəmliyə sərhəd çəkirdi düşüncələrdə

Sub-Zeronun ürəyi olsa,
əllərini cibində isindirəcək dərəcədə donmaz
Parkların ayağı revmatizmadan sızıldayar,
Yağış musiqisi dinləyən tanrılar,
qüdrətsizliyindən mız-mızlayar

Barı, odunlar islansın ki,
ikinci tonqal geciksin, küləyin istiqamətindən heyifdi

Dənlədiyim,
psixopat göyərçinlər də müxalifdi
Diktator rejimli ölkələrin, ulu öndər heykəllərinə qonmaz.

Bəzən sənin etdiklərini bağışlamaq:
Dünyanın müharibəyə,
alman hesabı ödədiyi yəhudi holokostudur.

Gecənin yuxusuzluğunu alqışlamaq
Zombilərlə qan bağlılığı.

Qan demişkən;
vampirlərlə, ağcaqanadlar uşaqlıq dostudur.

Nəfəs alan hər nəsnə
xoşbəxt olmaq istədikcə,
Hərflər yerlərini dəyişib, həbs etməyə hazırlaşır asudə.

Qəfəs nə?
Göyərçinə qanadını unutmağa vasitə.

Hərdən telefonu götürüb,
cavabsız zənglərdə nömrəni axtarıram
Mesaj bölməsinə baxıram

Lotereya biletlərini aldıran, illüziyanist şanslarla
İçkiləri daha da ağır edirəm,
Kapitalist marketlərdə, 
qadağan olunmuş marganslarla

O qədər yorğunam ki,
intihar etməyə halım yoxdur.

Xoşbəxtliyi,
şalvarını islatmağa bənzədirdi Sigmund
Əgər istiliyi hiss etmirsənsə,
dəvətlilərin üzlərindəki joker gülüşləri unut

İntihar hər yaşda kövrəldir,
Ölmək istəyəndə şəkilləri qarışdırıram
Atamın şəkildə olmamağı,
necə də solğun düşüb anamın üzündə

Eşitdim,
22 yaşlı şair, intiharın suyunu çıxarıb,
4 tərəfdən mühasirəyə alınmış, Xəzər dənizində.

Şeirlər və şairlər
daş atan uşaqlarla, qurbağaların uzlaşması
Bir gün qurbağa olsan,
səni öldürmək istəsələr,
uşaqları qorxutma, ürəyin buzlaşmasın.

Çünki istənilən mətbəxdə,
soyuducudan qurbağa ürəyi götürəcək,
aşpaz mütləq olacaq

Valyutaya bel bağlama
Bir gün Escobara ehkam üçün, yandırdığın vərəq olacaq

Alışqanı söndürmədən,
cəsədimdən iz saxlama
Tutalım, dəfn etdin
Qurdlar məni yeməklə, doyacaqlar mı güya?

Sən Mayokoviçki deyilsən,
lakin 2-3 gecə sevişmişik.
Mən isə ona bənzəyirəm,
külümlə küləklər əylənsin demişdi; Lilia.

Heç vaxt böyük danışma.
Ağacın meyvəsinə layiq olmadığından,
qurdunu axtarmağa məcburdur ağacdələn

Mənim ağaclığım meyvəmdədir.

Üzülmə.

Sezar da,
Kleopatranın qəlbini fəth etmədən getdi, məsələn.

Bizim udduğumuz yaşantıları,
gəmirmək mümkün olsa, siçovullar yeməzlər

Şüalarını günəşin ikinci qatında,
Dualarını dilinin altında gizlət

Danışdıqda anlayışlı,
bir o qədər də mərhəmətli ol.
Məscidin qapısı açıqdırsa,
üşüyən itin etdiyinə həyasızlıq deməzlər.

Labirintlər sərkərdələri çaşdıranda,
Piramidalar dünyaya gəlməmişdi

Firon sırğalarını,
yerin qulaqlarına taxardı
Yaşlıların əsaya söykənən alqışlarında
O ki sənə,
əhv olunmaq istəyindən baxardı, yanlışlarında

Niyə inanca fasilə verdin,

tanrıdan məni istəyəndə:
sənə “mən yoxam” demişdi?

Heç bilirsən,
Hüseynin seçim qarşısına qoyulan taleyində,
nələr vardı?
Övladının oxlanmağı,
həm də sənin qucağında
Qızının bədənsiz başına ağlaması,
qardaşının kəsik qollarını,
atların ayağlaması

Nizə alnına dəyəndə,
arxasınca gələnlər, geriyə qayıdardı.
Bunu da,
yanmağa razılaşan odun misali fərz et
Və sən də yan, tərk edilmiş mağara ocağında

Qəbirlər, tarixin ayaq izləridir
Təbii fəlakətləri,
əyləncə xarakterli sıçrayışlarla ifadə etmək olar

Xətainin,
qanına qəltan etdiyi Hürrün yarasına əl basaram ki,

soxulcandan balığı yemək üçün yox,
yedizdirmək üçün də istifadə etmək olar.

Susuzluqdan,
sənin aclığına itaət ediləcəksə, eqoistsən

Deyəsən, tanıyıram.
Silahları dünyanın o tərəfinə tullayıb,
pambıqla baş kəsən terroristsən.

Dorian Greyin portreti,
Adəmin lal olduğunu göstərdikdə
Aləmin kal olduğunu,
dişləmədən qavradım, buğda kisələrində

Nəfəsim çatmırdı,
Serbləri üsyankar,
bosniyalı müsəlmanları günahkar qeyd edirdin –
Srebrenitsa hadisələrində.

Tələsdiyində,
çənəni betonlara “Yunan xatirəsi” buraxacaq
ayaqqabındakı bağlar
Üzünə dəyəndən ölməzsən,
bu qədər qar topunun yükünü tək daşıyırsa, dağlar.

Elə, bu saatlar idi,
Dəstəyinə, bir də toxunmayacağını
deyərcəsinə qapını çırpdı.

Bilmədim, bu əsəb
mənədir, yoxsa qapımadı?

Və bir gün “gülümsə” dedilər
Öz halıma gülməkdən başqa nəsə tapmadım.

Bunu güzgünün qarşısında,
özümə dəfələrlə demişəm.
Ona aşiq olan qadınlar,
səs olanda yata bilmirəm desələr də

Həmişə
“mən deyəsən xoruldayıram” deyərdi

Yaşasaydı,
hər şeyə rəğmən
onu, bu sadiqliyinə görə sevməyə dəyərdi.

sim-sim

Sim-sim.az gündəlik köşə, araşdırma, esse, poeziya və nəsr nümunələri, eləcə də kino, teatr, musiqi, rəssamlıq, memarlıq və incəsənətin digər sahələrinə aid geniş spektrdə maraqlı materiallar təqdim edir.
Portalda ölkəmizdə və xaricdə çap olunmuş kitablar haqqında resenziyalar, tanınmış incəsənət xadimləriylə müsahibələr, müzakirələr və debatlar, dünya mədəni irsiylə bağlı tərcümə materialları dərc olunur.


Təsisçi: Kamal Abdulla
Baş redaktor: Qismət Rüstəmov
Şef redaktor: Ömər Xəyyam
Redaktor: Cavid Zeynallı

© sim-sim.az

No Result
Bütün nəticələr
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70

© sim-sim.az