sim-sim
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70
Reading: Şərq, yoxsa Qərb?
sim-simsim-sim
Font ResizerAa
Axtar
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70
© sim-sim.az
sim-sim > Blog > Köşə > Şərq, yoxsa Qərb?

Şərq, yoxsa Qərb?

Published 21/11/2021
Paylaş

Mən İran ölkəsini yenidən qura bilmərəm. Mənim xəncərim Bakı qalasının daşında itilənmişdir. – Əli xan Şirvanşir

 

Əsər Əli xan və Ninonun məktəb həyatı ilə başlayır. Hər ikisi həyatın ən sadə və ən xoşbəxt anlarını keçirirdi. Bunu dərk etmələri isə onlardan xeyli illərini alır. İmtahanlarla çabalayan bu iki gənc məktəbi bitirdikdən sonra özlərini siyasi  çaxnaşmaların tam ortasında tapırlar. Qəribədir, insan oğlu dəyərbilməz məxluqdur. Məktəb həyatından şikayət edərkən, çətinliklərlə dolu bir  həyatın onları məktəbdən kənarda gözlədiyini yalnız onunla vidalaşanda bilirlər. Və o andan məktəbin qayğısız günləri üçün darıxırmağa başlayırlar…

İki fərqli dinin və xalqın nümayəndəsi olan bu iki gənc  həyat yollarını birləşdirməyi qərara alır. Tək fərqləri din və mənsub olduqları xalqlarda deyildi. İkisi də dünyaya tamam fərqli pəncərələrdən baxırdılar. Əli xan Şirvanşir mərd bir gənc idi. Rus məktəbində oxusa da, öz vətəninə bağlı, milli dəyərlərini bilən biri idi. Nino gözəl, şıltaq gürcü qızı idi. Hər qadının içində Nino kimi şən, bəzən şıltaq balaca bir uşaq var. Lakin bəzi qadınların içindəki o balaca uşaq ya vaxtsız böyüməyə məcbur edilir, ya da qarşısındakılar tərəfindən məhv olur. Nino şanslı idi, Əli xan Ninonun uşaq qəlbini incitmədi, onun nazını ömrünün axırına kimi çəkdi. Əli xan da şanslı idi. Çünki Nino ona çox gözəl bir həyat yoldaşı oldu. Onunla hər bir çətinliyə tab gətirdi. Aralarındakı eşq bütün fərqliliklərə qalib gəldi. Onların fərqlilikləri bir-birini tamamladı.  Lakin bir gün aralarındakı bu hissin önünə başqa bir hiss keçdi. Və Əli xan Ninoya son dəfə sadəcə bir qatarın ardından baxa bildi…

“Əli və Nino” nə sadə bir eşq hekayəsidir, nə də sadəcə bir eşq hekayəsi. Əsər Azərbaycanlı Əli xan Şirvanşirlə, Gürcü qızı Nino Kipiaginin məhəbbət hekayəsi üzərində qurulsa da, cərəyan edən digər hadisələr də olduqca əhəmiyyətli idi.

Əsərdə hadisələr rəngarəng şəkildə əks olunub və hər xalqın öz portreti hazırlanmışdır. Həmişəki kimi isə erməni saxtakarlığı, rəzilliyi lazımınca əks olunmuşdu. Real obrazların: Musa Nağıyev, Fətəli xan Xoyski, Şəmsi Əsədullayev və başqalarının dilindən deyilən ifadələr olduqca maraqlı idi. Çünki oxucu o hissələrdə sanki özünü vətənin aqibəti üçün toplaşan ziyalılarla bir müşavirədə hiss edirdi.

İnsanı ən çox yoran qərarsızlıqlardır. Hansı yaxşıdır? Hansı düzgündür? Bunlar sağlam düşüncə sahibi insanların beynini yoran düşüncələrdir. Əsərdə isə qoyulan ən çaşdırıcı sual belə idi: Şərq yoxsa Qərb? Bu sual ən çox da Əli xanı düşündürürdü. Bir tərəfdən şərqə mənsub ailəsi, digər tərəfdən qərbin gözəl təmsilçisi Nino. Əli xan Nino üçün qərb adətlərinə öyrəşməyə  çalışdı. Ancaq çalışdığı qədər də boğuldu. Çünki Əli xan qərbin bir hissəsi deyildi. O bir müddət şərqdə əmisinin yanında qaldı. Bura onunçün daha rahat idi. Ancaq vətən sevgisi şərq  və ya qərb məsələsindən irəlidə gəlirdi. O, Azərbaycanlı idi. Vətənin dar günündə rahat otura bilməzdi…

İlk atışmalar xristian ölkələrinin arasında başlayır. Hər kəs müharibəyə yollanır. Lakin Əli xan müharibəyə getmək istəmirdi. Qorxaq idimi? Xeyr, əsla. O, Azərbaycanın igid oğlu idi, ancaq, eyni zamanda çox ağıllı biri idi. Bu atışmalarının ölkəsinə aiddiyyəti olmadığını bilirdi. İlk öncə müharibədən yayındığı üçün xeyli tənqid olundu. Lakin az sonra bu ağıllı fikrin əsası hər kəsə aydın oldu. Digər qırğın isə artıq Azərbaycanı əlaqələndirirdi. Əli xan isə bütün mərdliyi ilə döyüşürdü…

Əli xan ömrü boyu ən çox Ninonu sevdi. Heç kəsin nə dediyinə fikir vermədi. Ninonun qarşısına heç kəsi, heç nəyi qoymadı. Ancaq Vətənini Ninodan da önə qoydu. Çünki o, bu vətəndə doğulmuş, boya-başa çatmış, Ninosu ilə məhz bu torpaqlarda qarşılaşmışdı. Vətəninə qarşı borcu çox idi. Və onu ardında qoyub gedə bilməzdi, gedə bilmədi də…

 

Məryəm Şixəliyeva

ADU-nun Filologiya fakültəsinin tələbəsi

Paylaş
Facebook Twitter Whatsapp Whatsapp Telegram Email Copy Link

Sim-sim.az gündəlik köşə, araşdırma, esse, poeziya və nəsr nümunələri, eləcə də kino, teatr, musiqi, rəssamlıq, memarlıq və incəsənətin digər sahələrinə aid geniş spektrdə maraqlı materiallar təqdim edir.
Portalda ölkəmizdə və xaricdə çap olunmuş kitablar haqqında resenziyalar, tanınmış incəsənət xadimləriylə müsahibələr, müzakirələr və debatlar, dünya mədəni irsiylə bağlı tərcümə materialları dərc olunur.

Təsisçi: Kamal Abdulla
Baş redaktor: Qismət Rüstəmov
Şef redaktor: Ömər Xəyyam
Redaktor: Cavid Zeynallı

 © sim-sim.az

Welcome Back!

Sign in to your account

Username or Email Address
Password

Lost your password?