sim-sim
No Result
Bütün nəticələr
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70
sim-sim

Səttar Timuçin: “Həqiqət əməldir, söz deyil…”

31/05/2022 - 11:31
A A
Facebookda paylaş

Sim-sim.az Yaradıcılıq Fakültəsinin tələbəsi Səttar Timuçinin şeirlərini təqdim edir.

 

HƏQİQƏT

 

Kölgəmin ayaqlarını kəsib atmışam,

özüm qaçmışam

And olsun ki, sürünərək çıxa bilsin deyə

qapını açıq buraxmışam.

Ayaqlarını kəsəndə işıq axdı yatağa,

kölgəm nur içində yatdı

Əllərini kəsmədim,

dedim, hər əl kölgələr aləminə salavatdı.

Halbuki kölgəmə deyildi nifrətim, işığaydı

Köhnə qapımdakı cırmaq izlərim mixi yazılarıydı.

Şükür sənə, İlahi,

yalanlarım salamatdı.

Nə qaldı indi məndən, hə?!

Bir quru ağacdan fərqim nə?!

Heç nə.

Hətta ona belə mütləq rəhmət var Tanrıdan, əvəzsiz,

diz çökmək insana məxsus,

kölgəm bundan xəbərsiz.

Bu ayaqsızlıqla Tanrının hüzuruna çıxa bilməzsiniz.

İndi qəddimi can verən ağaca söykəyib

həddimi bilirəm,

cəddimi ulu babama geri verirəm,

etdiyi dualardan torpaq qoxusu gəlirdi…

Köküm Allahın palçıqlı əllərindən gəlib, bilirəm.

Sönürəm, hər ulduzu bir insan ömrü bilib,

silib özümü göy üzündən, ayın gözündən yaş kimi,

məzarlığa gedişim, körpə məzarlara böyük qardaş kimi,

mənim halım xatırladar torpağa küsmüş yosunu,

necə ki, intiqamı axirətdir, su, dəniz qoşunu

Bax, həqiqət buna görə də əməldir, söz deyil,

insan nə deyirsə, ana bətnində düz deyir.

Yəni, yalanam mən, yalansan sən, yalandı bu şeir də.

Tapdalanan qarışqa, yuvaya yem olar qarışqa dinində.

Demək həqiqət qurbansız olmazmış, yalanmış mərasimlər.

Bəs tapdalanan insanları nə edək?

 

Günahkaram

 

Mənə “dinsiz” deyən Allahın bəndəsi,

mənə Allahsızlıq etdi.

O anda vicdanım əsasını əlinə aldı

dedi:”Mənəm bəşəri-dövranın peyğəmbəri”

“Mənəm dövrü-cahan sahibinin ən ali qulu”

“Mənəm haqqın yolu”

“Mənəm onun oğlu”

Məni daşla, öldür ümmətinlə birlikdə

Bilirsən axı biz sonda dirilirik də

Sonda payız günü tapdaladığım xəzan da,

Anamın mənə bişirməyə heç nə tapmadığı,

başında səssizcə ağladığı qazan da,

Məni “demokratik” dar ağacından qoruyan,

başımdan yekə yazılarımı silən pozan da diriləcək.

Başını tumarladığım pişiklər də gələcək,

mənə sığal çəkəcək.

İsanın çarmıxa çəkildiyi ağacın toxumu

onu bəsləyən yağış, günəş kimi günahkaram

Günahkar günahsız, günahsız günahkaram.

Ağac belə vicdansızkən, günəş belə alçaqkən,

Yağış belə yağarkən, mən kiməm ki, görəsən?

Nuhun gəmisində xilas olan heyvanın

Tanrı insan əliylə kökünü kəsibsə,

demək, nə gəmilər, nə də sellər xilasdır.

Son insanın əvvəli, sonsuzluqsa mirasdır.

İndi dəniz və əsa dalğalanır uzağa

Bir hörümçək və dua, evim yurdum mağara

Dərin quyu və yuxu, yəqin burdan çıxaram,

Tanrı ola bilmərəm, çünki bağışlamaram…

 

sim-sim

Sim-sim.az gündəlik köşə, araşdırma, esse, poeziya və nəsr nümunələri, eləcə də kino, teatr, musiqi, rəssamlıq, memarlıq və incəsənətin digər sahələrinə aid geniş spektrdə maraqlı materiallar təqdim edir.
Portalda ölkəmizdə və xaricdə çap olunmuş kitablar haqqında resenziyalar, tanınmış incəsənət xadimləriylə müsahibələr, müzakirələr və debatlar, dünya mədəni irsiylə bağlı tərcümə materialları dərc olunur.


Təsisçi: Kamal Abdulla
Baş redaktor: Qismət Rüstəmov
Şef redaktor: Ömər Xəyyam
Redaktor: Cavid Zeynallı

© sim-sim.az

No Result
Bütün nəticələr
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70

© sim-sim.az