Ədəbi qalmaqalları – düşmən qruplaşmaların ölüvay xəlvəti davalarını yox, oxucuların laqeyd qalmadığı nəzərəçarpan sarsıntıları və debatları – xatırlamaq istəyəndə, yaddaşımız həvəslə bizə yalnız kifayət qədər köhnə misalları təklif edir. “Ernani”nin premyerasındakı dava, “Madam Bovari”nin qadağan olunması, “Şər çiçəkləri”nin səbəb olduğu böyük narazılıq, ötən əsrdən “Uliss”, Henri Miller, “Lolita”. Əslində bütün qalmaqallar “yeni roman”la bitir. Daha sonra sanki ədəbiyyatı ciddi qəbul etməməyə başladılar: bir çoxları üçün müəllif artıq ölüb, bütün mümkün süjetlər yazılıb və təsnif edilib. Belədirsə, bədnam ədəbiyyatın buluddan qəsrləri uğrunda nizə qaldırmağa dəyərmi? 1998-ci ilin avqustunda Mişel Uelbekin “Elementar hissəciklər” romanı çap olunanda Fransa əhalisi az qala yekdilliklə qərar verdi ki, DƏYƏR!
Fransızların özləri deyir ki, son üç-dörd onillikdə heç bir roman ictimaiyyətdə – özü də onun ən müxtəlif qatlarında – belə coşqun reaksiyaya səbəb olmamışdı. Müasirləri arasında Uelbekə yalnız öz “Xryuizmlər”i ilə Mari Daryessek bir qədər yaxınlaşa bilmişdi. Amma onunla bağlı mübahisələr yalnız dar çevrədə qaynayırdı, üstəlik, o qədər də gərginləşmirdi. “Elementar hissəciklər” isə Qonkur komitəsini belə çaşbaş salmışdı. Nəticədə, Uelbeki ölkənin əsas kitab yarışında “qabağa çəkdilər”, bu, aranı daha da qızışdırdı. Qəzetlərin ədəbiyyat səhifələrində adətən siyasi təsirlə yazılmış rasizm, homofobiya və hətta faşizm ittihamları çıxmağa başladı (Uelbek özünü bu hücumlardan qorumağa çalışmır, “demokratiyaya soyuq münasibət”ini açıq etiraf edirdi). “Uelbekin Dostları Cəmiyyəti” adlı həvəskar sayt açılandan sonra düşmənlərindən ibarət analoji forum da fəaliyyətə başladı. Yazıçının kitabda təklif etdiyi ideyalara görə məsuliyyət daşıması barədə mübahisələr ayda-ildə bir dəfə “özümüzünkülər üçün” nəzərdə tutulmuş mətbuatdan və ədəbi məclislərdən kənara çıxıb küçələrə, metrolara yayıldı. Uelbekin, belə desək, bir o qədər də fotogenik olmayan siması televiziya ekranlarından və jurnalların üz qabığından düşmürdü. İndiyədək heç kimin tanımadığı şair, “Mübarizə məkanının genişlənməsi” romanının (“Elementar hissəciklər”in proobrazı) və (Uelbek kimi mizantrop və açıq-aşkar reaksioner olan) Hovard Lavkraft haqqında essenin müəllifi bir anda fransız homo legens-lər (oxuyan adam – deməkdir) tərəfindən həm təklənən, həm də sevilən adama çevrildi.
Bəs indi, iki il yarım sonra nə baş verir? Heç nə. Ya da demək olar ki, heç nə. Uelbek bu yaxınlarda “Fiqaro”ya verdiyi müsahibədə etiraf etdi ki, “Hissəciklər” nəinki heç vaxt aşa bilməyəcəyi, hətta yenidən çata bilməyəcəyi zirvədir. O, indi ya ani şöhrətin bəhrələrindən faydalanaraq vaxt qazanmağa, ya da karıxmış halda bundan sonra nə edəcəyini anlamağa çalışır. Əvvəlcə “Çay” (“La Riviere”) adlı qısametrajlı film çəkdi, sonra rok müğənnisi (!) kimi bir neçə konsert verdi və birmənalı qarşılanmayan “İnsanın iştirakı” (“Presence humaine”) diskini buraxdı. Bu payız isə Kanar adasındakı şəkillərindən ibarət “Lansarote” adlı albom çap etdirdi, düzdür, şəkillər müəllif mətni ilə müşayiət olunurdu.
Şayiələrə görə, o, “Canal+” kanalı üçün çəkilən erotik filmin rejissoru kimi çıxış edəcək. Filmdə iştirakı təsdiqlənmiş yeganə aktrisa isə onun həyat yoldaşıdır. “Flammarion” nəşriyyatı istintaqa cəlb olunacaqlarından çəkinərək onu yola gətirməyə çalışır ki, çapa hazırlanan yeni hekayəsində Kanar adalarında həqiqətən mövcud olan yadplanetlilərin pərəstişkarları kultuna toxunmasın (“Elementar hissəciklər”də təsvir olunmuş “naturist” düşərgələri ilə bağlı oxşar iddialar kitabın taleyini xeyli çətinləşdirmişdi). İrlandiyanın ucqar bir yerində (“Hissəciklər”in qəhrəmanı da ömrünün sonuna yaxın ora köçür) könüllü inzivaya çəkilmiş Uelbeki ziyarət edən “Nyu-York Tayms” müxbirinin sözlərinə görə, yazıçı qutu-qutu siqaret tükədir, hər gün axşam çağı içir, istirahət günləri isə romanında kəskin şəkildə lağa qoyulan intim görüşlər üçün swingers club-a gedib vaxt öldürür.
Ola bilsin, bu məqamlar oxucunu çox maraqlandırmır. Uelbekin və onun məşhur övladının ədəbi taleyi barədə məlumat almaq daha yaxşı olardı. Məsələn, dost və düşmən forumlar hələ də mövcuddur, lakin forum iştirakçıları əvvəlki həyəcanlarını çoxdan itiriblər. İngilisdilli mətbuatda da bir neçə resenziyaya rast gəlmək olar. Çox yəqin ki, bu, “Hissəciklər”in və “Mübarizə məkanının genişlənməsi”nin (bu roman əsasında Filipp Arelin çəkdiyi film keçən payız Londonda “Whatever”, yəni “Nə fərqi” adı ilə nümayiş edilirdi) bu yaxınlarda tərcümə olunması ilə əlaqədardır. Amma “Liberasyon” və “Mond” kimi “ciddi” fransız nəşrlərinin elitanın həyatına yox, ədəbi prosesə həsr olunmuş kitab rubrikalarına göz gəzdirəndə bir neçə pərakəndə xatırlatmaya rast gəlmək olur. Bu zaman Uelbekin adı ya müqayisə üçün istifadə olunur (“…Uelbek kimi yazır”), ya da söhbət yuxarıda adı çəkilən disklərdən və fotolardan gedir. Onun ulduzu niyə belə tez söndü? Yoxsa ani ədəbi şöhrət belə olur? Yəqin hər şey bir qədər daha mürəkkəbdir.
Sırf bu və ya digər ideyanın təbliği üçün yaradılan kitablar – “Elementar hissəciklər”də də bu cür “qərəzli” ədəbiyyatla qarşı qarşıyayıq – bir qayda olaraq uzunömürlü olmur. Yeri gəlmişkən, maraqlıdır ki, Uelbek müsahibələrindən birində bu cür şikayətlənirdi: fransız yazıçıları “romanlarına ideya yükləməyə öyrəşməyiblər”. Lakin fransız ədəbiyyatında nə çatışmasa da, bu sarıdan bolluqdur. Təkcə Maarifçilik dövrünün fəlsəfi nəsrini və ya Sartrın məşhur fikrini xatırlamaq kifayətdir: “filosofluq etmək istəyirsənsə, romanlar yaz”. Digər məsələ isə budur ki, fransız romanları heç də həmişə aktual ideoloji problemlərlə səsləşmir: Əlcəzair müharibəsi, Fransada çoxirqli cəmiyyətin formalaşması və s. Lakin bu başqa söhbətin mövzusudur.
Uelbekin kitabının dəstək ola biləcəyi ideyalara gəldikdə isə qeyd etmək lazımdır ki, inqilabi mahiyyətlərinə baxmayaraq, onlar kifayət qədər sadə idilər və çox yeni deyildilər. Üstəlik, onları mənimsəmək üçün uzun vaxt tələb olunmurdu. Qəzəblənmiş solçu yazar müasir istehlak cəmiyyətini tənqid edərək ideal utopik cəmiyyət layihəsini təqdim edir. Amma bu cəmiyyətdə totalitar antidemokratik tendensiyalar aydın nəzərə çarpır (təəccüblü deyil ki, kitabın qəhrəmanları səmimi söhbət etdikləri anlarda Hakslinin “Cəsur yeni dünya”sını həvəslə xatırlayırlar, müəllifə qarşı faşizm ittihamları da təəccüb doğurmur – antikapitalizmlə antiliberalizmin vəhdəti istənilən faşizm ideologiyası üçün xarakterikdir. Ən azından Fransada, bu, belə idi).
Uelbekə görə, ümumi bərabərlik və açıq demokratiya imkanı, əslində, qeyri-bərabərliyə gətirib çıxarır, həyatı bütün sahələrdə (əsasən də seks və karyera) sadə iqtisadi yarışa çevirir. “Elementar hissəciklər” etiketi altında isə bir-birində ayrılmış orta individlər, bir-birindən heç nə ilə fərqlənməyən və burjua cəmiyyətinin əsasını formalaşdıran atomlar gizlənir. İstehlak dövründə reklam və marketinq qələbə çalaraq sahib olma həzzini öldürdü və yeni məhsullara qarşı doyumsuz istək yaratdı. Din olmadığı halda bu dalandan yeganə çıxış yolu insanı genetik modifikasiyaya məruz qoymaq və emosiyalardan məhrum edərək bu istəyi yox etməkdir.
Uelbeki şüurların yeni hakimi mərtəbəsinə qaldırmadan etiraf etmək lazımdır ki, onun ideyaları öz istehlakçısını asanlıqla tapır. Gənclər onları tükədən bu boşluğa, təfriqəçiliyə seksual inqilabın və 68-ci ilin May barrikadalarının coşqusu ilə eqoistik individualizmi təhlükəli həddə çatdıran valideynlərinin səbəb olduğu fikrini bəyəndilər (və yaxud əksinə, bir çox hallarda məhz bu tezis valideynlər nəslinə aid olan və o vaxtki düşüncələrinin tənqid edilməsinə yol verməyən intellektualların narazılığına səbəb olmuşdu). Ruhsuz olan və ruhsuzlaşdıran kapitalın tənqidi karyera iearxiyasına uyğunlaşmayanların və ya standart ofis masasında çürüyənlərin könlüncə idi. Çox az adam Uelbekin nadir müşahidə qabiliyyətini, hamının bildiyi aktual detalları tutmaq bacarığını, həmçinin, kəskin və kobud yumorunu inkar edər. Həm də guya məhvə gedən sivilizasiyanın şirintəhər qoxusu bütün dövrlərdə rəvacda olub.
İdeoloji anlamda “Elementar hissəciklər” Fransa üçün aktual olan siyasi staqnasiya və “vasitəçi” Mitterandan qalan ideoloji təknövlülük problemləri ilə çox fransızsayağı kitabdır. “Respublikaçılıq” mifləri dağıldıqdan sonra fransızların gələcək barədə fikirləri ümidsizliklə kölgələnib. Gələcək boş məkanda dövr edən, tarixə, millətə, ailəyə və ya dostlara bağlılığı olmayan ayrı-ayrı individlərin hissəciklərə bölünən atomik dünyası kimi təsəvvür edilir. Bu ruhsuz, sevgisiz dünyaya bazarın qəddar qüvvələri və texnikanın idarəolunmaz inkişafı hökmranlıq edir. “Elementar hissəciklər” fransız ədəbiyyatında ən yeni esxatoloji mifin ilk nəzərəçarpan təcəssümüdür.
Lakin Uelbek böyük peyğəmbər maskasını həvəslə geyinərək hədsiz canfəşanlıq etmişdi; bir dəfə oxuculardan biri onu Lotreamon-Dükassın maarifçi filosofların sentensiyalarını qara ironiya ilə tərs üzünə çevirən “Şeirlər” dərsinə etinasız yanaşmaqda qınamışdı.
Uelbekin özü çox ciddidir, lakin onun ideyalarını – çıxılmaz vəziyyətə gətirən və həll yolu təklif etməyən ideyalarını – ciddi qəbul etmək çətindir (bu barədə onun müsahibəsinə baxın, “Ex libris NQ”, 5 avqust 1999-cu il). O, zəngləri çalıb səs-küy saldı, lakin bir anlıq başlarını qaldırıb növbəti “moralizator”un turşumuş sifətini görən piyadalar yollarına davam edərək işlərinin dalınca getdilər (görəsən buna görə piyadaları, yoxsa zəng çalanı qınamaq lazımdır). Bu günlərdə tənbəllik etməyən hər kəs əxlaq və şəxsi seçim problemindən yazır. Görünür, oxucu artıq belə mülahizələrdən bezib. Dünyanı qəbul etməli, yoxsa etməməli, simasızlaşdıran sistemdən təcrid olunmalı, yoxsa olunmamalı –hamı özünə uyğun seçimi edəcək. Vahid qərar ola bilməz – müasir dünyada həqiqi üsyan mümkün deyil. Üstəlik, istənilən növ birgə hərəkət üçün məhvedici olan şəxsi azadlıq (biz də Uelbekin demokratiyanın bostanına atdığı daşlardan istifadə edək) hər hansı güzəşt imkanını puç edir. Nəticədə cəmiyyətin ittifaqsızlığı arta bilər. Bundan başqa sistemə qarşı hər hansı etirazın mövcud “köhnəlmiş” sistemi əvəzləməyə və dominant olmağa can atan sərbəst sistemə çevrilməsi qaçılmazdır.
Süni əlavə edilmiş ideya ötəri felyetonların işidir. Belə bir düşüncə var ki, bədii ədəbiyyatda bu və ya digər formada ideyaya əsaslanan mətn, yazı, nə qədər uzunömürlü olsa da, onların mahiyyəti dəyişilməzdir. Məsələn, indilərdə Russo təbiətə etiraz apologeti kimi yox, hər şeydən əvvəl mükəmməl üslubçu kimi qiymətləndirilir. Bu sahədə peşəkar olmayan çox az adam Coysun irland milliyyətçiliyinə münasibətini aydın formalaşdırmağa qadirdir, lakin “Uliss”in nadir rastlanan, bəlkə də bundan sonra heç rast gəlinməyəcək bir abidə olduğunu az qala hamı deyə bilər. Hətta “Bəşəri komediya” epoxasının nəhəng freskası kimi yadda qalsa da, bunda Balzakın ədəbi istedadının böyük rolu var. Yəqin sürətlə dəyişən müasir dünyada və onun qədər məqsədyönlü ədəbiyyatda həqiqətən maraqlı və sağ qala bilən bir şey (scripta həqiqətən manent olsun deyə) bu təkrarsız, özünəməxsus təşkil olunmuş və sözlə sındırılmış dünyanın yalnız yazılı səviyyəsində mövcud ola bilər. Və elə bu mənada “Elementar hissəciklər” yeni yazı növünün kəşfi cəhdi kimi müəyyən maraq təşkil edə bilər.
Həyatın tədricən simasızlaşdırılması (IKEA-dan eyni cür mebellə, eyni dondurulmuş qidalarla və bir-birindən fərqlənməyən teleproqramlarla), insanın son emosiyalarını boğması, başqa sözlə həqiqətin romantik tərəfinin silinməsi belletristikanın da problemidir. “Biz, belə desək, “Gurultulu aşırım”dan çox uzağıq, – Uelbek müsahibələrinin birində qeyd edir, – roman forması laqeydliyin və ya mənəvi boşluğun təsviri üçün kəşf olunmayıb. Bizim daha səthi, neytral diskurs kəşf etməyə ehtiyacımız var”. “Elementar hissəciklər”də bu cür diskursun yaradılışı iki istiqamətdə gedir. Bir tərəfdən Uelbek bütün emosional obertonları aradan çıxarır; bu ehtirassız yazı forması bizim öz xeyrini güdən dünyamızın portretinin yaradılması üçün idealdır (yeri gəlmişkən, Uelbek həyatda da belə danışır: monoton, hərəkətsiz baxışlarla həmsöhbətini dəlib keçərək). Bundan başqa, romanın sonunda belə “səthi” yazıya eleqant süjet döngüsü ilə də haqq qazandırılır: biz öyrənirik ki, kitabı arzudan və həyəcandan məhrum fövqəl-insanlardan, romanın əsas qəhrəmanının yaratmağa çalışdığı klonlardan biri “yazıb”; ümumiyyətlə, “Elementar hissəciklər” “tanıdığımız dünya”nın rekviemi kimi çıxış edir. Buna paralel olaraq, Uelbek öz mətninə psixoloji, tarixi, sosioloji və hətta kvant fizikası elementləri hopdurur, üstəlik, təkcə məzmun (“nə barədə?”) yox, həm də diskursiv səviyyədə: sanki öz təhkiyəsini dəqiq elmlərin qaydalarına uyğun quraraq və əsaslandıraraq.
Uelbek yeni yazı növü yarada bildimi? Yəqin bu suala cavab vermək üçün hələ xeyli vaxt keçməlidir. Yazıçının bu yaxınlarda verdiyi müsahibəsində dediyinə görə, hələ özünü yeni məktəbin banisi kimi görmür, lakin artıq kimisə onunla əlaqələndirməyə başlayıblar: məsələn, tez-tez Frederik Beqbederin “99 frank” romanını qeyd edirlər. Onun əsərlərinin ruhunda komikslər də yaradılır: “Klerin qəşəng qız olmadığı aşkardır, – biz rəsmlərə yazılmış qeydləri oxuyuruq, – Allah (əgər mövcuddursa) və ya bizim təbiət qüvvələri adlandırdığımız şey onu təbii lətafətdən tamam məhrum edib…” və s. Əlbəttə, burada parodiya payı da var, lakin məhz parodiya üslubun yetişdiyini, möhkəmləndiyini və tanındığını göstərir. Amma artıq qeyd edildiyi kimi əksər hallarda, Uelbekin adı yalnız Tarantino, Pelevin və s. kimi rahat etiket qismində çıxış edir. Bu etiketin arxasında nəyin dayandığını isə – dəbli mövzular və süjetlərlə məharətlə oynayan kompilyator bacarığı, yoxsa öncəgörmə qabiliyyəti – yəqin ki, zaman göstərəcək.
Tərcümə etdi: İlahə Əkbər