sim-sim
No Result
Bütün nəticələr
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70
sim-sim

Şahnaz Şahin-ŞEİRLƏR

16/09/2018 - 18:29
A A
Facebookda paylaş

Dodağım üstə səyriyir,

Demədiyim söz yeri.

Yanağımda üşüyür

Baxışının köz yeri..

 

Çıxıb damları dolaşır,

Qərar tutmur ki,kölgəm..

Bacanızdan tüstü çıxır

Yanan qəlbindi bəlkə…

 

Sığalım daşına düşür.

Bu qaranlıq ocağın.

Hələ də silkələyirəm

Bar verməyən ağacı…

 

……

…Silib süpürdü küləklər,

İtirdi  izlərini..

Daha əvida titrətməz.

Sevgi dənizlərini!…

 

Göylər də guruldamaz,

Yağmaz leysan yağışlar.

Qısqandırmaz içini.

Bir daha yad baxışlar!..

 

Bu da köhnə məktublar…

Bir kibrit çək,yandıraq..

Bu saatın gözünə

Qum atıb dayandıraq…

 

………….

XOŞBƏXT VƏ XOŞBƏXT

Biz elə dünyanın bəxtəvəriyik-

Sən və mən..

Eləcə xoşbəxt və xoşbəxt…

Bu qayıq dünyada iki nəfərik.

Sən və mən ..eləcə xoşbəxt və xoşbəxt!..

 

Sözüm səni səndən qopara bilər.

Gözlərsən.üzünə açılmaz bu vaxt.

Sözüm elçı düşər.minnətə gələr.

Döyər daş qapını bir gecə bivaxt…

 

Yuyar “Gün yağışı”,tökər içini,

Bizi bağışlamaz günahlarımız.

Şüşə gözlərini,yemlik saçını,

Hər gün yola sərər sabahlarımız…

 

Bəxtəvər sanarsan kimisə..

Heyhat!

Bilməzsən dünyanın bəxtəvəriyik!

Bu qayıq-dünyada xoşbəxt və xoşbəxt-

Sın və Mən…

Eləcə iki nəfərik!..

SƏNİ QOYMADILAR SEVƏSƏN MƏNİ

Səni qoymadılar sevəsən məni,

Səni qoymadılar mənim olasan..

Yayda başım üstə bir əlçim bulid,

Payızda dumanım,çənim olasan…

Səni qoymadılar sevəsən məni!

 

Gözümdən oğurluq yaş apardılar,

Qapına atmağa daş apardılar,

Qoyduğum hər işə baş apardılar…

Səni qoymadılar sevəsən məni!…

 

Yersiz xatirdi bizə heyif ki…

Küləklər yellədən qırmızı lentlər,

Nəğməyə dönməyən yaralı notlar…

Acı etiraflar,vədələr,andlar..

Səni qoymadılar sevəsn məni!…

 

A mənim sərhəddim,a mənim səddim,

Onsuz da qəlbinin yiyəsi məndim…

Nə səni,nə məni ovutdu dünya..

Bütün yer üzünün yağışlarını,

Çəkib sinəm üstə qurutdu Dünya…

Səni qoymadılar….

Məni qoymadılar…

…………..

YUXUNA GİRƏN QADIN

Səni nə vaxt tərk edib?-

Dadını dəyişibdi,

Şirin vaxtın,satın…

 

Yuxunda sağ-salamat,

Yuxunda dipdiridi

Yuxuna girən qadın…

 

Başında ağ örpəyi..

Örpək altdan telləri,

Rayihəsini yayır

Çiçəklərin,otların…

 

Sən heç bilə bilməzsən.

Yuxuna girənəcən,

Kimə necə yalvarır

Yuxuna girən qadın…

 

Şahnaz,yum gözlərini,

Yüzə qədər say,gözlə..,

Tanrıdan onu istə.

Bilməzsən necə gələr,

Nə mələklər gətirər..

Alıb qolları üstə,

çəkib üstə qanadın…

 

Dünyada heç  bir kəsin,

eşidib bilmədiyi

sözlərlə oxşar səni…

Yolundan daş-kəsəyi,

silib süpürən qadın-

Yuxuna girən qadın…

…………

DAR AĞACI

Fərsiz xatirədi bu dar ağacı.

Üstündə qan izi,ölüm rəngi var.

Asıblar asılıb…yoxmuş əlacı,

Yoxluğa boylanır burdakı yollar.

 

Dözməyib ağrıdan çat verib ahı.

Nə ağlaya bilir,nə gülə bilir..

Kiməsə kəfəndi bu yaz paltarı,

Nə soyuna bilir,nə geyə bilir…

 

Ağac əllərini,yarpaq telini,

Oxşayır baxışlar,yuyur yağışlar.

Hər gün pöhrə verir köhnə dərdləri,

Təzədən soyulur Nəsimi babam!…

 

Çəkilir yuxusu,qan qusur gecə,

Canı çoxdan uçub, quru bədəndi..

Yüz yol gözünü yum say birdən üçə,

Möcüzə olması bir də çətindi!…

 

…Yersiz xatirədi  bu dar ağacı,

Üstündə qan izi,ölüm rəngi var!..

Asıblar,asılıb…buymuş əlacı,

Birbaşa  yoxluğa boylanır yollar!…

 

 

HƏYAT-ÖLÜM

Həyat-ölüm arası,

Bir nəfəslik pəncərə-

Gedər,gəlməz bir dəfə..

əllərini açıq tut,

ovcundan dən götürsün

Göyün tənha quşları…

Üz-gözünü islatsın,

Günəşin göz yaşları…

Kəs uzun hörüyünü,

Ağrı kimi at yerə..

Bütün günahlarını

Yandır Ayın üzünə…

Dərindən bir ah çəkib,

Ömrünü səp havaya.

Bəlkə bir gün göyərib,

Çıxasan bu dünyaya…

…..

ÜZÜLDÜ XATIRƏLƏR

Daha yaxma əlinə,

Xına o xına deyil.

Nə sevgilər həmindi.

Nə   sevənlər o deyil…

 

Al dərdini çiyninə,

Yola düşsün şəklimiz..

Cızılsın,qanı axsın,

Kola düşsün şəklimiz..

 

Burda küləklər əsir,

Dağlardan yol sürüşür.

Hərdən sınır dalğalar,

Dərdli-dərdli gəzişir…

 

İndi bir az da tənha.

Uzaqdı xatırələr.

Ver əlini,ver mənə…

Üzüldü xatirələr!..

…..

SİNƏMDƏ AH YERİ

Necə oldu bilmədim,

Tapdı bu sevda məni.

Nə Yer idi,nə də Göy.

Haqladı yolda məni..

 

Qaranəfəs gəlmişdi.

Elə bil qovulmuşdu.

Qanı damcılayırdı,

Qəlbindən vurulmuşdu..

 

Neçə tələdən keçib,

əngəllər adlamışdı.

Bir söz söyləməyə də

Taqəti qalmamışdı..

 

Qarşılaşdıq…dayandıq…

O –mən idi,mən də O..

Son aldığım nəfəs də,

Birinci kəlməm də O…

 

Gəlib gedənlər nə çox,

Yaddaşımda yox yeri!

Bax hələ də göynəyir,

Sinəmdəki “ah” yeri…!

sim-sim

Sim-sim.az gündəlik köşə, araşdırma, esse, poeziya və nəsr nümunələri, eləcə də kino, teatr, musiqi, rəssamlıq, memarlıq və incəsənətin digər sahələrinə aid geniş spektrdə maraqlı materiallar təqdim edir.
Portalda ölkəmizdə və xaricdə çap olunmuş kitablar haqqında resenziyalar, tanınmış incəsənət xadimləriylə müsahibələr, müzakirələr və debatlar, dünya mədəni irsiylə bağlı tərcümə materialları dərc olunur.


Təsisçi: Kamal Abdulla
Baş redaktor: Qismət Rüstəmov
Şef redaktor: Ömər Xəyyam
Redaktor: Cavid Zeynallı

© sim-sim.az

No Result
Bütün nəticələr
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70

© sim-sim.az