sim-sim
No Result
Bütün nəticələr
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70
sim-sim

“…saitlərin rəngi” – Artur Rembo

22/04/2020 - 19:31
A A
Facebookda paylaş

Sim-sim.az Cavanşir Yusiflinin tərcüməsində Yeats William Butler, Elis Osvald və Artur Rembonun şeirlərini təqdim edir.

 

Yeats William Butler

 

***

Getdikcə genişlənən çevrədə fırlanan

Şahin ovçunun səsini eşitməz;

Dağılmış hər şey, tutacaq yer qalmamış

Özbaşınalıq hər yerdə, hər  qarışda…

Qan dənizi gah qabarır, gah çəkilir beləcə

Saflıq batmış bu çirkabın içində.

Yaxşılar inancsız, pislərsə

Həvəs, şövq içində…

***

Savaş açdı bədəninə,

Məğlub oldu, bədənsə dim-dik tutdu başını.

Ürəyiylə döyüşdü sonra;

Saflıq köç edib getdi.

Ağlına savaş açdı

Qürurunu itirdi.

İndisə Allahla…

Səhər açılmamış gedəcək…

 

 

Modern ingilis poeziyası

 Elis Osvald (Böyük Britaniya)

 

***

Haçansa yarı güldüm, yarı mən,

Görünmürdüm, yoxluğum güzgülərdə

yaşardı,

O görünməyən gül ki var… içimdə qalıb

həmişə,

Kor kimi əlləriylə gəzib itik düşəni,

Susub qalıb ömürlük, adına yorğunluq deyək, üzücü…

Haçansa yarı qarğı, yarı səsdim,

İçimdəki mağaradan çıxıb söz olmaq istəyirdim,

Həmişə,

Həmişə gözlərimi axan çaya zilləyib,

Başımı yana əyib,

Böyrü üstə uzanıb,

Baxır, baxır, susurdum…

Hə, nə vaxtsa yarı yara, yarı ahdım

Bir zamanlar nə o oldum, nə də bu,

Alovdum, su içində

Dərya kənarı – qəlbin tufanında

Sonuncu əksimi geyinib çıxıb getdim

Qəlbim damcı-damcı axdı qaranlığın təkinə

Yorğun, arğın, sustalmış… oturdum,

Gördüyüm yuxunun sahilində

Qan laxtası…

 

***

 

Bu gün ölmək istəmirəm,

Ancaq kiminsə ardınca gedib dünyaya

Qocaların gözüylə baxasan

Bilirəm ki, göylərdəki nöqtələr arasında

Orta əsrlərin

Varlıqları yaşayır…

 

Sakitcə hesab elə ki, gecə də bir sığınacaqdır

Qocalmış adamlar üçün,

hesab elə ki

Bu olsa-olsa Kadillakın* örtüsüdü

Faraları Kembri işığıdı və

Roma İmperiyası kimi çökür

On yeddimin tamamında…

 

*Cadillac- amerikan avtomobil markası

 

İngiliscədən tərcümə – Cavanşir YUSİFLİ

 

 

Artur Rembo – Söz kımyagərliyi

 

Bir az özüm haqqında.

İndiyəcən uğradığım dəliliklərinin yalnız bircəsinin tarixi…

Lap çoxdan dünyanın bütün mənbələrini

özümdə cəmləşdirməyimlə fəxr edirdim

və çağdaş rəssamlıqla poeziyanın

ən məşhur örnəkləri məndə gülüş doğururdu.

Qapıların üstündən asılan səfehcəsinə çəkilmiş şəkillərdən,

avara komediantların divarlarındakı afişa

və dekorlarından ləzzət alırdım;

moddan düşmüş ədəbiyyat,

yalnız kilsədə “yaşayan” latın dili,

bisavad müəlliflərin qələmə aldığı

erotik romanlar,

sehrli nağıllar,

əcdadlarımızın keçmişinə ayna tutan nəsr əsərləri,

xırda uşaq kitabları,

əski operalar,

səfeh nəqarətlər,

sadəlövh ritmlər… məni çəkən bunlar idi…

 

Səlib yürüşləri,

izi-tozuyla birgə qeybə çəkilən ekspedisiyalar,

tarixsiz – quru yerdə qurulan respublikalar,

qan içində boğulan dini müharibələr,

kökündən dəyişən adətlər, insanların köçəri həyatı,

qitələrin iqlimcə bir-birinə qarışması…

bunların  sadəcə adı gələndə uçunurdum.

Bütün bu möcüzələrə mən cani-dildən inanırdım.

 

Mən saitlərin rəngini uydurdum:

A – qaradır, E-ağ, İ-qırmızı, O-mavi,

U isə yaşıldı.

Mən hər bri sait üçün ayrıca hərəkət

və forma müəyyənləşdirdim

və bu hərəkət edən ritmlərin üstündə,

mənə elə gəlirdi ki,

poeziyanın əsas qanununu kəşf etmişəm – demək,

bir gün tez, ya bir gün gec

insan hislərinin bütün mövcud rənglərini üzə çıxaracam.

Əvvəl-əvvəl bu bir məşq idi.

Məçq edə-edə mən sükutun da,

gecələrin də səsini “yazırdım”.

Mən ifadəsi mümkün olmayan şeylərin ifadəsinə çalışrıdım.

Başım gicəllənə-gicəllənə dünyadakı bütün “başgicəllənmələri” qeydiyyatdan keçiridim.

 

Fransız dilindən çevirdi – Cavanşir YUSİFLİ

sim-sim

Sim-sim.az gündəlik köşə, araşdırma, esse, poeziya və nəsr nümunələri, eləcə də kino, teatr, musiqi, rəssamlıq, memarlıq və incəsənətin digər sahələrinə aid geniş spektrdə maraqlı materiallar təqdim edir.
Portalda ölkəmizdə və xaricdə çap olunmuş kitablar haqqında resenziyalar, tanınmış incəsənət xadimləriylə müsahibələr, müzakirələr və debatlar, dünya mədəni irsiylə bağlı tərcümə materialları dərc olunur.


Təsisçi: Kamal Abdulla
Baş redaktor: Qismət Rüstəmov
Şef redaktor: Ömər Xəyyam
Redaktor: Cavid Zeynallı

© sim-sim.az

No Result
Bütün nəticələr
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70

© sim-sim.az