“Mənim sevimli hekayəm” rubrikasının növbəti qonağı Samirə Əşrəfdir.
Qeyd edək ki, bu rubrikada müəllif özünün ən uğurlu hesab etdiyi hekayəsini təqdim edir.
Ayaqlarımı sürüyə-sürüyə, yorğun-arğın bir az da deyinərək çarpayıya sərilib yatdığımı yaxşı xatırlayıram. Amma indicə, lap qulağımın dibində eşitdiyim səs həm yuxudan kənarda, həm də yuxunun içərisindədir.
– Ana, bu yumurtalar donub!
– …
– Ana, eşidirsən, donub e, bu yumurtalar.
Hansı yumurtaların nə üçün donmasını yuxulu düşüncələrimin qaranlığında çək-çevir edirəm. Qəfildən elə yumurtanın sarısı kimi günəş işığı kirpiklərimin arasından gözlərimə hücum edir.
Rayondakı evimizin həyətindəyəm. Xankəndindən Ağdama qədər qapı-qapı sülənən işğal hələ ki, buralara gəlib çıxmayıb. Atamın toyuq-cücə hininin qarşısına səpələdiyi yaşıl soğan, göyərti qıçalarını yeyib bitirən toyuqlar pətənəkləri tox şeşələnə-şeşələnə gəzişirlər. Tox olduqları üçün heç biri o birinin təpəsini dimdikləmir. Lap yaxında qolları, qılçaları köklükdən qat bağlayan qızım dayanıb. Amma o, indiki yaşında yox, uşaqlığındadı. Ağ biserli donunun əhatəli ətəyi onu bir az da toppuş göstərir. Qızım yerə düşüb dağılmış yumurta sarısına, bir də əlində bərk-bərk tutduğu salamat yumurtaya baxıb deyir:
– Ana, bu yumurtalar donub.
Ona yaxınlaşıb əlindən düşüb sınan yumurtaya baxıram. Haqlıdır, yerdəki yumurta ağının üzərində xırda buz kristalları günəş şüaları altında bərq vurur. Qızım sağ qalan yumurtanı da mənə tərəf yaxınaşdırır:
– Buna əlini vur, bu da buz kimidi.
Donmuş yumurtaları yumurtlayan toyq bir kənarda büzüşüb qalıb. Əlimi yumurtaya toxundururam. Üşüyürəm, elə bil canımı soyuq alır. Gözlərimi açıram.
Ağ tavan düz üzümə zillənib, divarlar da həmin köhnə divarlardı. Səhər yenicə açıldığından dənizdən əsən sərin meh çılpaq qollarımı üşüdür. Qollarımı tez adyalın altında gizlədirəm. Gözlərimi yummaq istəyəndə qızımın səsi yenidən eşidilir:
– Ana, bu yumurtalar donub!
Aman allah, axı yumurtalar yuxuda qalmışdı. Elə indicə başımın üstündən sallanan tavana baxdığımı da dəqiq xatırlayıram. Səs isə yenə də dinc dayanmır. Səsə tərəf çevrilirəm. Qızım əlində tutduğu boşqabla düz başımın üstündə dayanıb. Boşqabın içərisinə çırpılmış iki yumurta sarısı bir-biri ilə qolboyun olub ağır-ağır ləngərlənir.
– Bu yumurtalar donub e. Mən indi nə bişirim?
– Necə yəni donub?
– Donub də. Baaax.
Boşqaba bir də nəzər yetirirəm. Doğurdan da yumurtaların ağı bir az bərkiyib. Deyəsən soyuducumun şaxtası bu dəfə də bütün ərzaqlarımızı dondurub. Yataqdan qalxıb ayaqyalın, başıaçıq on beş illik soyuducumun üstünə gedirəm. Lap bar verməyən ağaclar kimi ona hədə-qorxu gəlməyə başlayıram. Bircə əlimin baltası kəmdir:
– Sən yenə bu kasıbın hər şeyini dondurdun?! İçinə nə qoyuruqsa, ya xarab edirsən, ya da dondurub heçə çıxarırsan. Səni tezliklə burdan rədd edəcəm. Günü bu gün səninlə olan haqq-hesabımızı çürüdəcəyik.
Başı mədəsinin hayına qarışmış qızım soyuducunun üzünə döşədiyim təhər-töhmətə qulaq kəsilib, öryəncəli halda gülümsəyir.
Səhər yeməyindən sonra günün ən aktual mövzusu soyuducunu yeniləməkdən ibarət olur. Biz daha köhnə soyuducunun əllaməlikləri ilə bacarmırıq, evə yeni soyuducu alınmalıdır!
Köhnə soyuducumuz haqqında ən amansız fikirlər səslənir, keçmiş yada salınır, onun üstünə gətirdiyimi ustalar xatırlanır, çəkilən xərclər üçün təəssüf hissi keçirirk.
Beləliklə yekdil gərar verilir. Kreditə, lap ac qalmaq bahasına olsa da yeni soyuducu alınmalıdır. Müxtəlif təkliflər səslənir, telefon bağlantısı ilə anam canlı yayıma, müzakirələrimizə qoşulur:
– Alırsınız, bir dəfəlik alın, yaxşısını alın. Bir az da mən kömək edərəm. Amma yaxşısı olsun.
Gəlinimiz anamın böyründən yarı ciddi, yarı zarafat xəttə girir:
– Üstü açarlı soyuducular da var. Ağzını bağla, açarını da at cibinə.
Hamı bir-birinə baxır. Təbii ki, bu qərar qəbul olunmur. Bizə qıfıllı soyuducu lazım deyil. Soyuducumuzda qızıl balıq saxlamayağıq ki. Nəyimizə lazımdır açarlı soyuducu?!
Əlqərəz yeni soyuducu iki gündən sonra zülüm-zillətlə beş mərtəbə yuxarı qalxır. Əllər üzərində bəh-bəhlə evin dəhlizinə qoyulur. Hər şeyi donduran, bizi ac-sussuz qoyan, hörmət-izzət qanmayan köhnə soyuducu isə eyvana atılır. Ona bu da azdır! O heç doğranıb ulduz olmağa da layiq deyil. Hələ yatıb-durub şükr etsin ki, onu dəmir yığanlara satmamışıq.
Artıq köhnə soyuducunun yerini tərtəmiz silib süpürmüşəm. Onun paslı ayaqlarının izini də atestonla aparmağa nail olmuşam. Qoy, bu qoca əbləhdən heç bir iz qalmasın. Bir saatdan sonra isə mətbəxin podimunda nəhəng, par-parlayan soyuducu özü üçün cilvələnir.
Bir gün keçir. Soyuducumuz yavaş-yavaş özünə yer edir. Onunla bağlı ordan-burdan müxtəlif əfsanəvi fikirlər cücərməyə başlayır. Sən demə bu soyuducu əti, balığı, meyvəni lap bir il də təzə saxlaya bilirmiş. Bacım qaranəfəs xəbər yollayr ki, yaxşı baxsın soyuducunun qapısının işərisində suyu sərin saxlamaq üçün balaca “bak” olmalıdır. İki, üç litr suyu ora boşaldandan beş dəqiqə sonra buz kimi su hazır olur.
Qapını açıb diqqətlə baxıram, gözümə içəridən vurulan ağ plastmasdan başqa heç nə dəymir. Gəlinimiz yenə xəttə qoşulur:
– İndi alça, gilas, ərik vaxtıdır. Yığ, qoy, buz yerindəki qabın içərisinə. Qışa qədər necə var, elə də qalacaq. Ləzzətlə yeyərsiniz.
Ardınca da əlavə edir:
– Nə qədər bacarırsan o qədər çox yığ.
Soyucudunu açıram. İçərisindəki süd kimi parıltı gözümü qamaşdırır. Bu qədər yad təzəliyin içərisindən doğma köhnəliklər də boylanır. Nənəmin anama, anamın da mənə cehiz verdiyi yağ kasası, on beş, iyirmi illik mürəbbə bankaları, anamın Cəbrayıldan Bakıya qədər gətirib çıxardığı pendir qabı xeyir-şər məclislərində hər cür yeniliyə ağız büzən ağbirçəklər kimi yan-yana düzülüblər. Soyuducu da sanki onları özündə saxlamağa minnət edir. Amma məndən çəkinir.
Qapını örtürəm. Bir az mətbəxdə get-gəl edirəm, sonra dəhlizə çıxıram. Hiss edirəm ki, mətbəxlə dəhliz arasındakı məsafədə nəsə yerində deyil. Soyuducunun duruşunda qəlbə narahatlıq gətirən qəribəlik var. Bir, neçə addımdan sonra tapıram. Kölgə! Soyuducumun kölgəsi hər tərəfi bürüyüb. Mətbəxin pəncərəsindən düşən işığın da qarşısını alıb. Tədbir görmək isə az qala mümkünsüzdür. Bir neçə gün ötür. Nəhəng kölgə, yaratdığı qaranlıqla yeni məkanına uyğunlaşır. Boz rəngli soyuducumun özü ilə gətirdiyi soyuqluq, kölgə məni ondan uzaqlaşdırır. Onun zadəgan görünüşünün, sanbalının qarşısında bizim təmirsiz evimiz, yerə sərilmiş nimdaş xalça-palazımız, çox kasıb görsənir. Bu mənzərəni ədalı soyuducumuza bağışlaya bilmirəm. Yəqin elə bu cür düşüncələrə qapılmayım deyə heç vaxt varlı qohumlarımızın, tanışlarımızın evinə qonaq getməmişəm. Hər tərəfin var-dövlətin yaratdığı zənginliklə bəzənməsi həmişə qəlbimi sıxıb. Rus rejissoru Andrey Zvyagintesvin az qala bütün filmlərində burjuaziyanı, kapitalizmi simvolizə edən bu boz rəngli interyer yadıma düşür. Görünür rejissor tamaşaçıya həmin cansıxıcı ab-havanı rənglər, əşyalar vasitəsi ilə çatdırmaq istəyir. Hələ “Elena” filmindəki otaqların, mətbəxin dizaynı ilə ərini övladına görə zəhərləyən qadının qəlbindəki düşüncələr necə də həmahəngdir.
Beləliklə köhnə soyuducudan yaxa qurtarsam da, təzəsi ilə də yollaşmıram. Xeyli narahatlıq yaradan soyuducunun təzəliyindən, bozluğundan xilas olmağın müxtəlif yollarını axtarıram. Əvvəlcə mətbəxin işıqlarını artırıram. Daha sonra köhnə soyuducunun üzərindəki yapışqanları gətirib yenisinin üzərinə vururam. Hətta onun üzərinə qoyduğumuz ləyənlərə də yeni soyuducunun başında yer edirəm.
Eybi yox, biz sənə oxşaya bilmiriksə, sən bizə oxşayarsan düşüncəsi ilə yeni soyuducumuzü özümüzə oxşatmağa başlayıram. Hətta bunun üçün onun içərisini günlərlə silib təmizləmirəm. Qoy, ilk günlərdə özü ilə gətirdiyi o parlaqlıq, təzəlik solub getsin, yox olsun deyə düşünürəm. Bəzən gec-gec işlətdiyim ərzaqları onun içərisindən çıxarıb köhnə soyuducuya daşıyıram. Daşıdıqca da yeni soyuducuma yandıq verirəm. Bəs nə bilmişdin cənab soyuducu?! Biz köhnə adamlarıq e, sənin bizə gücün çatmaz!
İndi aradan düz dörd ay keçib. Havalar da xeyli soyuyub. Soyuducum çox yox, amma bir az köhnəlib. Bizə, evin bütün əhvalına uyğunlaşıb. Elə bizim də üz-gözümüz ona öyrəşib. Səhərlər günəşsiz pəncərədən mətbəxə dolan qaranlığın yanında soyuducumun kölgəsi zəifləyərək tamam yoxa çıxır. Təbiətin möcüzəvi kölgəsi qarşısında insan əlinin yaratdığı kölgə çox acizdir deyə düşünüb xeyi təsəlli tapıram.
Noyabr 2019