Biri vardı, biri yox. İki qız vardı. Bu qızlar… Yoox, fikrimi dəyişdim, bu hekayəmi nağıl kimi yazmayacağam, qoy necə olub elə yazım, belə daha yaxşıdır.
Neçə müddətdir ki, işsiz idim. Universiteti bitirdiyim bir ili keçsə də, iş tapa bilmirdim.
Bir rəfiqəmin təkidilə çox məşhur şirkətə iş üçün müraciət etdim. Belə nüfuzlu yerdə işə düzələcəyimə inanmırdım.
Bu şirkətin tələblərindən biri də xarici görünüşlə bağlıydı. Bunu bildiyimdən, iş müsahibəsinə ciddi hazırlaşırdım. Ofis işinə uyğun geyimlər almışdım. Ümidim olmasa da, bəxtimi sınamaq istəyirdim.
Heç gözləmədiyim bir şey baş verdi: məni şirkətin müştərilərə xidmət bölməsinə işə götürdülər.Hərdən həyatın sənə hazırladığı xoş sürprizlərə hazır olmalısan.
Heç vaxt xarici görünüşümdən razı qalmamışam, hər dəfə güzgüyə baxanda özümdə yeni, indiyə qədər görmədiyim nöqsan, qüsur axtarıb tapmışam. Buna görə güzgüyə baxmağı sevmirəm.
Bir gün şirkətə yeni işçi qəbul etdilər. İnsan resursları şöbəsinin əməkdaşı Minarə adlı bu qızı bütün bölmələrin işçiləriylə tanış edirdi.Burda qayda beləydi; yeni gələn köhnələrlə tanış olmalıydı.
Minarəni yardımçı ofisdə işə götürsələr də, bizə-ön ofisin işçilərinə də onu təqdim edəndə içi özüm qarışıq üzümüzün heyrətdən necə əyildiyini, gözümüzün necə bərəldiyini görmək lazımıydı. Yanımda oturan qız dirsəyilə böyrümə dürtmə vurmağa da macal tapdı.
Bu, iyirmi iki- iyirmi üç yaşlarında, çiyinlərinə qədər düşən qara saçlı, hündür, şişman bədənli kötük kimi bir qızıydı. Qızın bədəni yoğun olsa da, qolları, ayaqları çöp kimi nazik idi. İri, qonur gözləri qaşlarının ucu tərəfdən əyilib üzünə qorxunc ifadə verirdi. Qız danışanda görünən dişləri qaranlıq kahanın divarlarına sancılmış ağ, əyri payalara bənzəyirdi. Güləndə bu dişlər üstündə durduğu damaqla birlikdə ağzından bayıra çıxaraq onu filmlərdəki qorxulu personajlara bənzədirdi.
Onlar bizdən aralanmağa macal tapmamış köhnələr yeni gələni müzakirə etməyə başladılar. Qızlardan biri ağzını büzüb:
– Bu görkəmlə onu bura necə işə götürüblər! Nə olsun ki yardımçı ofisdə çalışacaq, axı bura indiyə qədər zahiri görünüşü bu qədər xoşagəlməz olan işçi götürməyiblər.
Başqa biri daha irəli gedib:
-Müştərilər onu görəndə qorxub qaçacaq, – deyə şit- şit güldü.
Minarə nahamar vücuduyla təzad təşkil edən incə, məlahətli səsiylə hər səhər bizimlə salamlaşıb yanımızdan ötüb keçirdi. O, keçəndə zal boyu sırayla düzülmüş iş stollarının şüşəli arakəsmələrnin arasından neçə göz maraqla onu müşaiyət edir, pıçapıç başlanırdı.
Bir dəfə qəbul etdiyim müştərinin işini nahar vaxtı çatsa da, yekunlaşdırıb qurtara bilmədim. Ona görə də yeməyə bir az gec getdim. İşçilərin həmişə yemək yediyi kafeyə çatanda yoldaşlarım yeməklərini bitirib getməyə hazırlaşırdılar. Mən zala göz gəzdirib birlikdə oturmaq üçün tanış adam axtardım. Küncdə ikiadamlıq mizin arxasında təkcə oturub yeməyə hazırlaşan Minarədən başqa gözümə tanış adam dəymədi. Tək yeməyi xoşlamadığımdan qız oturan mizə yaxınlaşıb “ icazə versəniz mən də burda oturardım” deyəndə o, bunu gözləmədiyindən cəld ayağa qalxıb yanındakı boş stulu çəkərək oturmağı təklif etdi.
Minarə ilə o gündən sonra ünsiyyətimiz yarandı. İşçilərin çoxu ondan qaçsalar da, ilk tanışlığımızdan sonra bu qıza qarşı məndə rəğbət yaranmışdı. Söhbət əsnasında onun haqqında bir çox şeylər öyrənə bilmişdim. Beş xarici dil bilən,maraq dairəsi çox geniş, intellekti zəngin olan Minarəylə hansı mövzuda istəsəydim rahat söhbət edə bilirdim. Hərəkətləri, səs tonu,danışığı çox sərbəst,rəvan idi.Minarəni yaxından tanıdıqca nə qədər güclü zəkaya , dərin biliyə sahib olduğu məni heyrətləndirirdi.
Məni heyrətləndirən təkcə zəkası, biliyi deyildi; görünüşündə bu qədər nöqsan, qüsur olan Minarədə kompleks yox idi.
Onunla dostlaşmışdım. Hər gün yeməyə gedəndə onu gözləyir, birlikdə nahar edirdik. Minarənin tez- tez çantasından çıxarıb baxdığı balaca güzgüsündə özünə məmnun nəzərlərlə baxmağı diqqətmi cəlb eləmişdi. O, hər dəfə güzgüdəki əksinə gülümsəyib dodaq boyasını yeniləyəndə üzündə xoşbəxt təbəssüm yaranırdı. Minarə mənə daha əvvəlki kimi çirkin görünmürdü, əksinə onda gözəlliklər kəşf etməyə başlamışdım.İlk dəfə görəndə mənə çəp görünən gözləri indi çox qəşəng, mənalı görünürdü. Hələ dalğalı, qara saçları, dolğun dodaqları məncə onu çox cazibədar göstərirdi.
Bir dəfə yenə adəti üzrə güzgüyə baxıb üzü xoşbəxt, məmnun ifadə alanda mən ona:
– Bu gün çox yaxşı görünürsən, – deyə kompliment dedim.Minarə özünə arxayın, xoş təbəssümlə:
– Sağ ol, ancaq yaxşı yox,gözəl görünürəm. Ona necə baxdığımı görüb yenə gülümsəyib məlahətli, incə səslə:
– Ağlım kəsəndən anam hər gün məni bu sözlərlə bağçaya, məktəbə, universitetə yola salıb. Mənə “ sən dünyanın ən gözəl,bacarıqlı qızısan. Sən istədiyin hər şeyi əldə edə bilərsən, buna sənin istedadın, bacarığın çatar” deyib. Mən anamın bu sözlərinə həmişə inanmışam, o mənə güc verib, özümə inanmağı öyrədib.
Nədənsə, onun bu sözləri məni çox kədərləndirdi, qeyri- ixtiyari öz uşaqlığımı, anamı xatırladım. Anam heç vaxt mənə sevgisini bildirməzdi, əksinə ağlım kəsəndən onun həmişə məndə hansısa qüsurlar tapıb bunu üzümə deməyini, əlimi nəyə atsam” eləmə,s ən bacarmazsan, sındıracaqsan, bu sənin gücün çatan iş deyil “deməsini xatırladım.
Çox çəkmədi Minarə bütün kollektivin sevimlisinə çevrildi. O, yanımızdan keçəndə daha arxasınca boylanıb pıçıldaşmırdılar, onun salamına ehtiramla, hörmətlə cavab verirdilər. Hətta bir çoxları mənim kimi onda gözəlliklər kəşf edib ona təriflər, xoş sözlər söyləyirdilər.
Bir ildən sonra Minarə müştərilərə xidmət bölməsinə rəis təyin edildi. O, indi hamının gözündə şirkətin ən bacarıqlı və cəlbedici qızlarından biri sayılırdı. Minarə hamını ovsunlamışdı.Keçən bu bir il ərzində möcüzə baş vermiş, çirkin qız gözələ çevrilmişdi.
Hətta şirkətimizin ən yaraşıqlı oğlanlarından biri Minarəyə aşiq oldu. Çox çəkmədi ki, toylarına dəvət olunduq.
Belə…həyat gözləmədiyimiz sürprizlərlə hər gün bizi təəccübləndirir.
Mən bu hekayəmi nağıl kimi bitirmək istəyirəm; belə daha yaxşıdır.
Biri vardı, biri yox. İki qız vardı. Birini anası sevib oxşayar, tərifləyər, o birini…
Birinci uğurlar qazanıb həyatın yoxuşlarını asanlıqla qalxanda, o biri güzgüyə baxmaqdan qorxub yerində sayırdı.