Sim-sim.az yazıçı Sara İbrahimin “Malyutka” hekayəsini təqdim edir.
“Malyutka…bircə qutu, cəmi bir qutu ala bilsəm, üç günü yola verə bilərik. Ondan sonra Allah Kərimdir.” Evdən çıxandan sınıq val kimi elə bu sözləri təkaralayırdı. Təkrarladıqca da, öləziyib sönməkdə olan ümidlərinin üstünə sanki işıq düşür, o ümid ürəyində cücərib boy vermək istəyirdi.
Əlini cibinə saldı. Barmaqlarının ucuna dəyən dəmir pulların soyuqluğu dumanlı beynini ayazıtdı. Şalvarının cibində cəmi iki iyiymi qəpiklik vardı. Bir qutu uşaq yeməyi səkkiz manataydı. Onunsa cəmi qırx qəpik pulu qalmışdı.
“Pandemiyanı qara gəlsin, günümüzü qara etdi. Günəmuzd işləyən adamam. İki aydır iş yerim bağlanıb, əlimdə olan qəpik- quruşu da xərclədik. Görəsən, necə olacaq bu işlərin sonu?”
Tərliydi, qısaqol, nazik köynəyi kürəyinə yapışmışdı.
Evdən az qala qaça-qaça çıxdı. İki aylıq oğlunun çığırtısı sanki onu qapıdan çölə itələdi. Uşaq ac olduğunu çığıra- cığıra ağlamaqla anladırdı. Oğlu yatanda sevinir, nəfəsi genişlənirdi. Uşaq daim yemək istəyirdi. Hər üç-dörd saatdan bir oyanıb barama qurdu kimi ağzını sağa-sola uzadıb yemək axtarırdı. Əvvəl yavaşdan mıqqıldayır, yeməyi bir az gecikəndə əti kəsilmiş kimi çığırırdı. Əl boyda uşaqdan adamın qulağını dələn bu səs necə çıxırdı, ona məəttəl qalırdı.
“Hər şeyin başı qarındı, qarın qardaşdan irəlidir”. Atası anasının əlindən dolu boşqabı alıb öz qabağına qoyanda bu sözləri deyirdi. Hər dəfə atası belə deyəndə ürəyində ona acığı tuturdu. Necə yəni, qarın qardaşdan irəlidir, qarın hər şeydən üstündü? Qarın niyə hər şeydən üstün olsun?
Atası savadsız olsa da, ağıllı adam idi. Boşuna söz danışmazdı. Yəqin bir bildiyi vardı.
Yeməkdən ötrü də belə qaraçılıq etməkmi olar? Beş dəqiqə tez, ya gec yeməyini verəcəklər də, daha niyə boğazını yırtırsan? Uşaq ki uşaq! Qanıb qandırmır da! Onun nə vecinədir, pandemiyadır, atası işləmir, pul yoxdur. Anası da elə uşaqdan geri qalan deyil. Üç gündən bir boş qutunu ona göstərib:
- Qurtarıb, iki dəfə yeməyə ancaq çatacaq, almaq lazımdır,- deyirdi.
Kasıba Allahdan yoxdu; ana südünü də çox görüb. Arvadının südü olsaydı, qazandığını başqa ehtiyaclara xərcləyər, üç gündən bir qarnına sancı dolmazdı. Allaha şükür ki,uşaq sağlam doğulmuşdu; xəstələnib eləsəydi, həkim, dərman pulu da bir dərd olacaqdı. “Sağlamlıqda özümə çəkib oğlum. Nə vaxtsa xəstələndiyim yadıma gəlmir. Anam həmişə deyirdi ki, mənə heç vaxt əziyyət verməmisən. Yedizdirib atırdım beşiyinə; o qədər sakit idin ki,bəzən başım iş-gücə qarışıb unudurdum səni. Ac olanda da səsim çıxmırmış; barmağımı sormaqla özümü ovundururmuşam”
Anası deyirdi ki,qardaşı onun əksinə zəif uşaq olub;altı- yeddi yaşına kimi tez- tez xəstələnirmiş. Amma böyüdükdən sonra daha xəstələnməyib,sağlamlıqda vurub qardaşını da keçib.Qardaşı uzun müddət üzgüçülüklə də məşğul olmuşdu. Atası çox istəyirdi ki,oğlanları ikisi də ali təhsil alsın. Özü bənnalıqda çox əziyyət çəkmişdi.
“ Daş qaldırmaqdan,palçıq qarışdırmaqdan pəhləvan kimi bədənim xəstə düşdü. Barı siz oxuyun,mənim kimi əlləriniz qabar bağlamasın” deyirdi.
Alnının tərini ovcunun içinə silib addımlarını bir az yavaşıtdı. Avtobus dayanacığına çatırdı. Bayaqdan tələsə- tələsə getsə də, indi ayaqlarını sürüməyə başladı.
“ Qardaşım məndən fərasətli çıxdı; oxumasa da, yaşamağın çəmini tapdı. Özünə qismət, o cür ev-eşiyi, dolanışığı…
O, dayıma çəkib,zirəkdi,ticarətdən başı çıxır. Mən atama oxşadım,onun kimi mən də zülümkeş oldum”
Dayanacaqda adam az idi. Boş skamyada oturub ayaqlarını irəli uzatdı. Yerini elə rahatlamışdı ki, guya indicə durub avtobusa minməyəcək. Qardaşı evi beş dayanacaq sonraydı.” Gənclik” metrosunun yaxınlığında yeni tikilmiş binaların birində yaşayırdı. “Barı evdə olaydı”. Qardaşından yaşda böyük olsa da, onu böyük kimi sayırdı. Böyüdükcə bir-birindən uzaqlaşmışdılar. Bəlkə də, ata-ana yaşasaydı, bu qədər soyuq olmazdılar. Evləndilər, hərənin başı öz ailəsinə, qayğılara qarışdı.
Qardaşı arvadıyla heç üz- üzə gəlmək istəmirdi. Ərə gedənə qədər uşaq baxçasında müəllimə işləyən qardaşı arvadı qaynı,qaynı arvadıyla isti münasibət saxlamağa o qədər də meyil göstərmirdi. Ayyamda-sayamda bir dəfə qapısından girəndə də onlara üz vermirdi. Ona elə gəlirdi ki,qardaşı arvadının turşumuş alnının tən ortasında “bircə siz çatmırdınız” sözlərini açıq-aydın oxuyur.
Kaş ki qardaşı evdə tək olaydı. Arvadının yanında ondan pul istəyə bilməyəcəkdi. Bir dəfə qardaşı, ona arvadının yanında pul vermək istəmişdi. Qadın pula baxa- baxa qapqara qaralmışdı. Qardaşının ovcundakı kağız pula zillənmiş gözlərində qığılcımlar oynaşırdı. O qığılcımlar qardaşı arvadının gözündən qardaşıyla onun arasına tökülürdü. Ona görə nə qardaşı pulu ona uzada bilirdi, nə də o qardaşının əlindəki pulu ala bilirdi. Qardaşı arvadı baxışlarıyla qardaşını asıb-kəsirdi, onu isə indicə ordan çıxıb getməyə təhrik edirdi.
O baxışlar onu məcbur edirdi ki, desin: “Pulum var, qardaş, Allah artıq eləsin, qaytar qoy cibinə. Heç nəyə ehtiyacımız yoxdu”
Bu baxışların nəyə qadir olduğunu o çox görmüşdü.
Xəyalı onu bir neçə il əvvələ apardı. Qardaşına o zaman üçün çox bahalı sayılan televizor hədiyyə etmişdilər. Evində təmir getdiyindən qardaşı əşyalarının bir hissəsini onun evinə yığımışdı. Əşyaların içində biri çox böyük,ikisi nisbətən kiçik üç televizor da vardı. Hədiyyə edilən televizoru da onun evinə qoydular.
Yeganə, köhnə markalı televizoru neçə vaxtdı ki, yaxşı işləmirdi. İki gündən bir yol ekranı qaralıb sönürdü. Sonuncu dəfə təmirə aparanda usta bir az qurdalanıb şəhadət barmağını televizorun ekranına döyəcləyib:
- Ömrünü sizə bağışlayıb bu, burdan çıxanda apar zibilliyə tulla,- dedi, -bizimkilər öyrənib köhnə sovet televizorlarına; yiyəsiylə ömür sürürdü o vaxtın televizoru, xarab olmaq bilmirdi, keyfiyyətliydi çünki.
- Heç on il deyil işlədiyi, – ustaya etiraz etmək istədi.
- Evin tikilsin, on il azdı ki?- usta saralmış dişlərini göstərib güldü.
Başlarını televizorla qatırdılar, bu da belə. Yeni televizor almağı yalnız xəyal edə bilərdi. Qazandığı pullar ancaq arvadının müalicəsinə gedirdi. Neçə illərdi arvadı həkimlərdə qalmışdı.
Hər işi daşdan çıxırdı; uşaq da neçə il müalicədən sonra oldu. Bu qoxutluqda televizor dərdi də bir yandan çıxmışdı.
Qardaşının televizorları evin bir küncündə üst-üstə qoyulmuşdu. Axşamlar evdəki səssizlikdən yorulanda arvadıyla nəzərləri küncdəki qutuların üstündə birləşirdi. Dörd televizor qutunun içində əllərinin altında ola- ola onlar televizor həsrəti çəkirdilər. Bilirdi ki, onun ürəyindən keçənləri arvadı da fikirləşir. Bircə dəfə də olsun, bunu nə o, nə də arvadı dilinə gətirməmişdi. Qardaşı da iki gündən bir onlara nəsə gətirirdi.Təmir olunan evinə hər gün nəsə alırdı. Aldığını qapının ağzına qoyub:
- Bunu qoy dursun sizdə, təmir qurtaranda götürəcəm,- deyib tələsik çıxıb gedirdi.
Neçə dəfə ürəyinə gəlmişdi qardaşına desin ki, televizorun birini heç olmasa müvəqqəti onlara versin. Amma hər dəfə söz dilinin ucuna gəlib qayıtmışdı. Televizorları olmadığını bilirdi, istəsəydi özü verərdi.
Təmir qurtaranda əşyaları aparmağa qardaşıyla arvadı da gəlmişdi. Əşyaları həyət qapısında gözləyən yük maşınına daşıdılar. Növbə televizorlara çatdı. Dördüncü, sonuncu televizora tərəf gedəndə qardaşı onun qolundan yapışdı.
- Bunu götürmə, qoy qalsın, – udqunub yavaş səslə dedi.
Televizora uzanan əlini geri çəkdi. Hər şey maşına yüklənəndə nəyinsə yaddan çıxmadığını yoxlamaq üçün içəri girən qardaşı arvadının gözü televizoru aldı.
- Bu niyə qalıb burda,- səsi pulemyot kimi şaqqıldadı.
Qardaşı qorxaq baxışlarını arvadının qəzəbli gözlərindən qaçıraraq dodağının altda nəsə mızıldandı. İndiyə qədər də onun o vaxt nə deiyini bilmirdi. Onun dodaqlarının arasından çıxan sözlər elə bil ki,qorxudan bir-birinə qarışıb sözlükdən çıxmışdılar.
Onda qardaşına yaman yazığı gəlmişdi. O boyda kişi arıq, çəlimsiz, çəkisi çox olsa əlli kilo olan bu qadının nəyindən qorxurdu görəsən?
- Bu dəqiqə, bunu da apararam,- deyib televizoru yerdən qaldırdı, qutunun bir təfindən də tər basmış qardaşı yapışdı.
Qapının zəngini basıb gözlədi. Deyəsən, qapının o üzündəkilərin açmaq fikri yox idi. İçəridən işləyən televizorun səsi gəlirdi. Ürəyi tez-tez döyünməyə başladı; elə bil, indicə imtahana girəcəkdi. Gəlməyinə peşiman olmuşdu.
”İki dəqiqə gözləyim açmasalar, çıxım gedim”
Bu qapıya niyə gəlmişdi axı? İndi başa düşdü ki, daş qaldırmaq, beton qarışdlrmaqdan da ağır iş kimdənsə borca pul istəməkmiş. Lap doğma qardaşın olsun, fərqi yoxdur.
Üzünü döydüyü qapıdan gəldiyi pilləkənə çevirdi, amma bir addım atmışdı ki, qulağına gələn çığırtı səsinə diksindi. Oğlunun çığırığı gürz kimi gicgahlarına dəyib qayıdırdı. Bu çığırtıya arvadının da səsi qarışmışdı: “Qurtarıb, ikicə qaşıq qalıb…Malyutka, malyutka lazımdı”
Geri qayıdıb zəngi bir də basdı. Bu dəfə gözləmədi; iki dəqiqə sonra qapını qardaşı açdı.
- Ayrı nə var, nə yox salamatçılıqdır?, -qardaşının evinə ayaq basdığı iyirmi dəqiqədə bu sualı, bəlkə də dördüncü dəfəydi ki verirdi.
- Hə, salamatçılıqdı, şükür,- o da eyni cavabı verib yerində qurcuxurdu.
Uşaq vaxtı söz-söhbətləri bitməzdi,indi danışmağa söz tapmırdılar.Nə vaxt qurtardı sözlər, haçan aralarına sükut çökdü? Bunu yadına salmağa çalışsa da, tapa bilmirdi. Niyə bu qədər uzaqlaşdılar bir- birindən? Uzaqlaşdılar deyəndə ki, o elə yerində saymışdı,atasından qalma evdə necə yaşamışdısa yenə də elə yaşayırdı. Qardaşı getmişdi o evdən. Əlinə pul gəldi, özünə ev aldı, evləndi, evi ona qoyub getdi. Deyəsən, gedəndə böyüdükləri ata evində keçmişə aid nə vardısa hamısını qoyub getmişdi.
Qardaşı arvadı onunla ağuzucu salamlaşıb bir stəkan çayı qabağına atıb evin dərinliyində yoxa çıxmışdı. Özünü bir neçə dəfə toplasa da,hələ ki mətləbə keçə bilmirdi. Demək istədiyi söz boğazına tıxanıb qalırdı.
Qardaşı arvadı boşalmış stəkanları götürmək üçün geri qayıtmışdı. Onun qabağındakı stəkanı götürəndə axır ki dilinin qıfılı açıldı.
- Uşaq necədir, neçə ayındadı indi?
- Yaxşıdı, iki ayı təzə tamam olub,- gəlinin sualı lap yerinə düşmüşdü; bəlkə nəsə andıra bildi, -yaman da iştahlıdı, maşallah, bir qutu süd üç günə güclə çatır, alıb çatdırmaq olmur. İş yerim də pandemiyaya görə bağlanıb, evdəyəm neçə vaxtdı.
Sözünü bitirib ehtiyatla qardaşına,sonra qardaşı arvadına baxdı. Qardaşı dodağının ucunda gülümsəyib başını yüngülvarı yellədi. Qardaşı arvadı boş stəkanları götürüb getdi; onun da qaşları yüngülvarı çatılmışdı; yəqin, söhbəti çox uzatsa, növbəti cavabın ona sərf etməyəcəyini anlamışdı.
Qardaşı qolundakı saata baxıb növbəti dəfə: “Ayrı nə var, nə yox” deyəndə getməli olduğunu düşünüb ayağa durdu. Qapıya qədər ötürəcək onu, orda deyər.
Qardaşı onu qapıya qədər ötürdü; dayanıb onun ayaqqabılarının bağıyla necə əlləşməsinə baxırdı. Belini dikəldib qalxdı,əlini qardaşına uzatdı:
- Di sağ ol, Allah amanında.
Qardaşı onun havada sallanan əlini sıxdı, sonra əlini şalvarının cibinə saldı. Ürəyi tez- tez döyündü, baxışları qardaşının cibindən çıxacaq əlini güddü. Marketdə sırayla düzülmüş, üstündə qəhvəyi rəngli ayı balası şəkli olan qutulardan biri artıq əlindəydi. Oğlunun səsi qulaqlarından uzaqlaşmağa başladı.
Qardaşı əlini cibindən çıxarıb qapının dəstəyindən yapışdı; qapı açıldı və arxasınca bərkdən örtüldü.
Küçəyə çıxanda bir anlıq haraya, necə gedəcəyini unutdu. Elə bil ki, düşünmək qabiliyyəti itmişdi. Qarşı səkidən sağ- soluna baxa- baxa uşaq arabasıyla keçən qadını görəndə oğlunun çığırtısını yenidən eşitdi. Bu səs onu evdən itələyib küçəyə çıxartmışdı,indi də kütləşmiş beyninə iynə kimi sancılır,onu irəli getməyə təhrik edirdi.
Avtobusa verməyə pulu qalmamışdı,piyada getməliydi.Başı yüngül hərlənir, mədəsi quruldayırdı. Yadına düşdü ki,səhərdən heç nə yeməyib. Heç olmasa, yemək təklif etmədilər, gör nə qədər yolu piyada getməliydi. Acqarına indi get görüm, necə gedəcəksən.
“Qarın qardaşdan irəlidi” Atası sağ olsaydı, deyərdi ki,ay ata,təkcə qarın yox, çox şey qardaşdan irəliymiş. Bacısı olsaydı, görəsən, o necə olardı? Bacılar ürəyiyumşaq olur, yəqin o başqa cür olardı; qardaşının halına yanar, dara düşəndə əl uzadardı.
“28 may” metrosu ərazisinə çatmışdı, ayaqlarını ardınca güclə çəkirdi. Ticarət mərkəzinin qarşısındakı yolu keçib üzüyuxarı addımladı. Səkkizmərtəbəli binanın birinci qatındakı supermarketin şüşəli vitrininin qarşısından keçəndə ayaq saxladı. Şüşənin o üzündə vitrinə sırayla uşaq yeməkləri düzülmüşdü. Sarı qutulu “Malyutka”nın üstündəki qəhvəyi rəngli ayı balası ona baxırdı. Bu marketə neçə dəfə girmişdi,başqa mağazalarda tapa bilməyəndə bura gəlirdi. Oğlunun yediyi uşaq yeməyini burda həmişə tapmaq olurdu.
Birinci dəfə qutunun altındakı qiyməti görəndə ürəyi düşmüşdü: on səkkiz manat yazılmışdı. Marketin işçisindən soruşanda məlum oldu ki, başqa malın qiymətidi, dəyişməyi unudublar.
Marketdən əllərində dolu torbalarla çıxan adamlar yanından ötüb keçirdi.
- Bacı,ay bacı,sizdən bir xahiş edə bilərəm, evdə uşaqlarım acdı, mənə də bir qutu makaronla bitki yağı alın, nə olar.
Cavan bir kişi marketə girməyə hazırlaşan orta yaşlı, sadə geyimli bir qadının qabağında dayanıb boynunu bükmüşdü. Qadın bir anlıq duruxub dayandı, sonra mağazaya girdi. On dəqiqədən sonra əlindəki dolu torbanı onu qapıda gözləyən kişiyə uzatdı.
Bəlkə, o da…
Əliindəki şəffaf torbada sarı rəngli qutular görünən qara, iri eynəkli, ağ paltarlı gənc qadın marketdən çıxıb bir az bundan əvvəl ondan xəcalət çəkə-çəkə “Malyutka” almağı xahiş edən qarabuğdayı, arıq oğlanı axtardı. Kassada növbə çox olduğundan, özüyçün də alış- veriş etdiyindən marketdə ləngimişdi. Oğlanın onu gözləməyib getdiyini düşündü. Ətrafa göz gəzdirib əlindəki torbayla nə edəcəyini düşünüb çiyinlərini çəkdi.
On addım aralıda, iki polis marketin şüşəli vitrinin qarşısına toplaşmış adamları dağıtmağa çalışırdı.
- Kənara çəkilin, irəli getmək olmaz, təcili yardım çağırmışıq,yolu açın.
- Ən birinci mən gördüm, düz səkkizinci mərtəbədən özünü aşağı atdı, -kimsə həyəcandan səsi tutula-tutula ətrafdakılara hadsəni hamıdan əvvəl gördüyünə inandırmaq istəyirdi.
Qadın izdihama yaxınlaşanda qarşısındakı adamlar aralanıb onu irəli buraxdılar. Onların bunu niyə etdiklərini düşünməyə vaxtı olmadı. Gördüyü mənzərə qadının qanını dondurdu. Cəmi qırx dəqiqə əvvəl gördüyü gənc asfalta yapışmışdı. Çəkməsinin bir tayı cəsəddən iki metr aralıda görünürdü. İpləri topuğuna dolaşan çəkmənin o biri tayı sanki sahibini sona qədər tərk etmək istəməmişdi. Qolları yana açılıb arxasıüstə düşən cansız bədəndən axan qan tay çəkmənin yanında göllənmişdi. Gözləri marketin pəncərəsindən görünən sarı qutulara zillənmişdi.