On-on iki yaşım olardı. Yayın isti günləri çoxdan başlasa da, atam işlərindən vaxt tapıb bizi hələ yaylağa apara bilməmişdi. Anam hər gün atam evdən çıxanda:
– Gör bu gün neyləyirsən, işlərini yoluna qoy, heç olmasa, bu həftə gedək, istidən pörşələndik, – deyirdi.
Həmin il yay çox isti keçirdi. İmkanı olanlar on günlüyünə də olsa, sərin yaylaqlara köç edirdilər.
Biz getdiyimiz yaylağa təkcə bizim kəndin camaatı getmirdi, qonşu kəndlərdə yaşayanlar da bizimlə eyni obada köçlərini töküb çadırlarını qururdular. Dağın döşündə, yaşıl otların üstündə bir – birinə çox yaxın qurulan alaçıqlarda yaşayanlar orda daha da mehribanlaşardılar. Kəndin iş – gücündən qısa müddətə də olsa canları qurtaran qadınlar burda yaxşıca gəzib dincəlirdilər. Bir – birləriylə doyunca danışmağa vaxtları çox olurdu.
Uşaqlar da burda daha azad, sərbəst olurdu. Günümüz dağlarda çiçək yığmaqla, qonşu kəndlərdən gələn yeni tanış olduğumuz uşaqlarla oynamaqla keçərdi.
Atam iyul ayının sonlarında bizi yaylağa aparmağa vaxt tapa bildi. Biz gec gəldiyimizə görə həmişə çadır qurduğumuz yerdə- balaca bir təpənin ətəyində, bulağa yaxın yerdə qonşu kənddə yaşayan, o vaxta qədər tanımadığım adamlar çadırlarını qurmuşdular. Atam məcbur olub bir az aralıda- təpənin dikinə yaxın bir yerdə çadır qurdu. Bizi yerləşdirib sabahı gün gəldiyi maşınla kəndə qayıtdı. Bir də bir aydan sonra bizi aparmağa gələcəkdi. O, əvvəllər arada işdən vaxt tapanda bizə baş çəkməyə gəlirdi, amma bu il işləri çox olduğundan gələ bilməyəcəkdi.
Bizim yurd yerimizdəki alaçıqda yaşayan ailə qonşu kənddən gəlmişdi. Qonşularımız mehriban, mədəni adamlarıydı. İki oğluyla yaylaqda dincələn Əsmayə xalanın dediyinə görə onun əri də atam kimi işdən vaxtı olmadığına görə ailəsini yerləşdirdikdən sonra arana qayıtmışdı. Əri mühasib işləyən Əsmayə xala özü müəlliməydi.
Qonşu oğlanların böyüyünun iyirmi beş- iyirmi altı, kiçiyinin on dörd- on beş yaşı olardı.
Oğlanlar heç kimə qaynayıb- qarışmırdılar. Hara getsələr ya analarıyla, ya da özləri- iki qardaş gedirdilər. Əsmayə xala arada bizə anamla söhbət etməyə keçirdi. O, bizə gələndə hərdən kiçik oğlu Namiqi də özüylə gətirirdi.
Namiqlə sonradan dostlaşdıq. Obanın uşaqlarıyla yaxınlıqdakı meşəyə, dağda gəzməyə gedəndə, indi o da bizə qoşulub gedirdi. Çox danışmağı sevirdi. Namiq az vaxtda liderliyi ələ aldı , demək olar ki,iyirmiyə yaxın uşaqdan ibarət dəstəyə başçılıq edirdi.
Əsmayə xalanın böyük oğlu- hündür, arıq, çənəsində dərin batıq olan Sadıq axşamüstü obamızın yaxınlığındakı təpənin üstünə qalxıb,yastı daşın üstündə otururdu. O, həmişə dalğın görünürdü. Bu yaşda onun nəyin fikrini çəkdiyi, niyə həmişə kədərli olmağı o vaxt məni maraqlandırmırdı. Məni maraqlandıran, sehirləyən onun barmaqlarındakı möcüzəydi. Sadıq çox gözəl qarmon çalmağı bacarırdı. O vaxta qədər kiminsə ifasını belə yaxından, canlı görməmişdim. Sadıq gözlərini yumub qarmon çalmağa başlayanda arxa tərəfdən təpəyə çıxıb qayalıqda gizlənirdim. Məni görmədiyinə əmin olanda, ona lap yaxınlaşırdım. Qarmonun dilləri üzərində gəzişən barmaqlarının hərəkətini izləyirdim. Şirmayı dillərdən qopan yanıqlı musiqi məndə ağlamaq duyğusu oyadırdı. O,çox vaxt radioda eşitdiyim bir mahnını çalırdı.Mahnının sözləri təxminən beləydi:
Qadan mən alım, körpə maralım,
Ayrılığından qoyma saralım…
Sadıq çalıb qurtarana qədər gizləndiyim yerdə gözləyirdim. İfasını bitirəndə gözlərini bir nöqtəyə zilləyib baxar, sonra başını qarmonun üstünə əyib bir müddət oturduğu yerdən tərpənməzdi.
Sadıq təkcə gözəl qarmon çalmırdı, o, çiçəklərdən çox gözəl buket düzəldirdi. Meşəyə qədər uzanan böyük bir düzənlikdən hər rəngdə ətirli çiçəkləri bir – bir dərib onları sırayla elə düzürdü ki, sonda gözəl bir buket alınırdı. Ən gözəl çiçəyi sonuncu sıranın üstünə qoyub, sanki işinə nöqtə qoyurdu. O, çiçəkli düzə gedəndə Namiqə qoşulub onun ardınca gedirdik. Bilirdik ki, yenə gözəl bir buket düzəldəcək. Düzəltdiyi buketləri heç kimə vermirdi. Dərdiyi çiçəkləri yanına yığıb, sanki ilmə – ilmə toxuyurdu, hazır olan kimi heç kimə məhəl qoymadan, çadırlarına tərəf üz tuturdu. Çiçəklərdən yaratdığı əsərlərinin hamısını anasına bağışlayırdı. Yaşda məndən böyük olan qızlar Sadığın o yan – bu yanına nə qədər keçib onun diqqətini cəlb etməyə çalışsalar da, o heç kimə məhəl qoymurdu.
Sadığın hər addımını güdən Aygün adlı qız bir dəfə ona:
– Anan bu qədər buketi neyləyəcək, birini də bizə versən nə olar, – dedi. Sadıq qıza iti nəzər salıb heç nə demədi. Buketi əlində sanballayıb çadırlarına tərəf istiqamət götürdü.
Sadığın düzəltdiyi buketlər hamı kimi mənim də xoşuma gəlirdi. Çiçəkləri yanına yığıb onları cərgəylə düzəndə heyranlıqla ona baxırdım. Qarmon çalanda kövrəlirdim,çiçək buketləri isə məndə xoş hisslər, gözəl əhval-ruhiyyə yaradırdı. Ona heç vaxt yaxınlaşmırdım. Kənarda, bir tərəfdə dayanıb çiçəklərdən rəssam kimi gözəl bir tablo yaratmasına maraqla tamaşa edirdim. Sadıq da mənə fikir vermirdi, mənə elə gəlirdi ki, o , məni ümumiyətlə görmür, mənim varlığımdan bəlkə də xəbəri yox idi. O, qəribə adam idi. Sadığın anasından,bir də qardaşından başqa kiminləsə danışdığını görməmişdim.
Avqust ayının sonlarıydı.Yaylağa gələnlər yavaş – yavaş arana qayıtmağa hazırlaşırdılar. Havalar isti keçdiyindən, dağlarda, düzdə çiçəklər azalmışdı, istidən ləçəkləri quruyub tökülmüşdü . Qayaların kölgəsində,otların arasında orda – burda yeni açmış çiçəklər gözə dəyirdi. Arana qayıtmağa sayılı günlər qaldığından, biz də çiçək yiğıb qurutmağa başlamışdıq. Gül – çiçəyin bol olduğu vaxtlar gəzib – oynamağa başımız qarışdığından bir də onda ayılmışdıq ki, yaylaq mövsümü qurtarır, biz hələ də çiçək yığıb qurutmamışıq. Qurutduğumuz çiçəkləri yaylağa gələ bilməyən uşaqlara verirdik.
Uşaqlarla çətinliklə tapıb yığdığımız çiçəkləri dəstə bağlayıb dağın yamacında oturmuşduq. Namiq onunla bir sinifdə oxuyan oğlanı necə döyməyindən danışıb qürrələnirdi. Qızların ona maraqla qulaq asdığını görüb bir az da üstünə qoymuşdu. Sadığın bizə tərəf gəldiyini görüb sözünü yarımçıq qoydu. Qardaşının onun dalınca gəldiyini düşünürdü, amma Sadıq ona fikir vermədi. Deyəsən, çiçək yığmağa gəlmişdi. Bizim çiçək yığdığımız meşəyə qədər uzanan böyük bir düzənlik idi. Sadıq çiçəklərin harda olduğunu hiss edirdi. Dizdən yuxarı qalxmış otların arasından bizim görmədiyimiz çiçəkləri tapıb dərirdi. Özünə lazım olan qədər yığdığı çiçəklərlə qayıdıb bizdən bir az aralıda oturub işə başladı. O, bu dəfə hər zamankından cidd- cəhdlə çalışırdı. Həm də indi düzəltdiyi əvvəlkilərdən tamam fərqlənirdi. O,çələng düzəldib sonra onun üstünə tac kimi bir şey hördü. Gözümüzün qabağında rəngbərəng çiçəklərdən yeni bir əsər yaranırdı. İşini tamamlamağa az qalırdı, nə isə düşünüb ayağa qaıxdı, çox uzaqda-düzənliyin lap qurtaracağında qızaran laləyə tərəf qaçdı. Bayaqdan sakitcə onu izləyən uşaqlardan biri:
– Bir lalədən ötrü bu qədər yolu qaçdı, yəqin yenə anasına bağışlayacaq.
Aygün gözlərini əlində lalə uzaqdan bizə tərəf gələn Sadıqdan ayırmayaraq rişxəndlə:
– Yox , sənə bağışlayacaq! Bir lalədən ötrü bu boyda yolu kimdən ötrü qaçacaq ki! Onun kiməsə çiçək bağışladığını görən olub? – dedi.
Sadıq laləni tacın ortasına hörüb bərkitdi. Gördüyü işdən zövq aldığı hiss olunurdu. Ağ, sarı çiçəklərin fonunda qıpqırmızı lalə buketə xüsusi gözəllik verirdi. Gözümüzü Sadığın əlindəki çələngli buketdən çəkə bilmirdik. Aygün dərindən ah çəkib öz bağladığı dəstəni əlində o üz- bu üzə çevirdi. Mən uşaqlardan azca aralıda -xınalı daşın üstündə oturub ayaqqabımın ucunu otluğa sürtürdüm. Sadığın çələngi anasına yox,hansısa qıza düzəltdiyini düşünürdüm. ”Arana qayıtmağımıza az qalır,yəqin ona aparacaq,anasına çələng düzəltməz”
Sadıq oturduğu yerdən ayağa qalxıb üst – başına tökulmüş otları,torpağı çırpdı. Yerə qoyduğu çələngi ehtiyatla götürüb qardaşı Namiqin də aralarında olduğu uşaqların yanından ötüb keçdi. Yığıb bağladığım çiçək dəstəsini yanıma qoymuşdum. Sadığın düzəltdiyi çələnglə müqayisədə bizim bağladığımız dəstə çox miskin, yoluq görünürdü. Ona tərəf baxmırdım, keçib getməsini gözləyirdim.
Aygünün içini necə çəkdiyini, uşaqların içinə xəfif bir çaxnaşma düşdüyünü eşitdim. Başımı qaldıranda Sadığı qarşımda gördüm. Öz möhtəşəm əsərini mənə tərəf uzadıb gülümsəyirdi. Gözlərimdən ürəyimə iki damla minnətdarlıq yaşı süzüldü.
Sadıq mənim yaddaşımda belə qaldı. Bir də toyda, qarmonda çaldığı havaya gözucu ona baxıb oynayanda, dostcasına mənə göz qırpmağıyla.
Sadığı sonralar bizim kəndə toylara gələndə görürdüm. Kiminsə toyu olanda “çalan kimdir?” sualıma “Sadıq” cavabını eşidəndə mütləq o toya gedirdim.Kənddə toy qapısı böyüklü – kiçikli hamının üzünə açıq olduğundan, toya getməyimə maneə yoxuydu. Uşaq idim deyə, kiminsə məni oynamağa dəvət etməsini gözləmirdim, oyun meydanında özüm yaşda uşaq görən kimi mən də oynayanlara qoşulurdum.
Bir dəfə toyda yanımda oturan iki qadının təsadüfən eşitdiyim söhbətindən onun niyə həmişə kədərli olmasının səbəbini başa düşmüşdüm: onun sevdiyi qız nişanlanmalarına bir həftə qalmış gözlənilmədən ölmüşdü.
Şəhərin ən izdihamlı mərkəzi küçəsində yerləşən geyim mağazasına gedirdim. Çox yaxın qohumumun toyu olacadı.Bu toya xüsusi hazırlaşırdım. Şəhərdəki bütün geyim mağazalarını ələk – vələk eləsəm də, hələ ki axtardığımı tapa bilmirdim. Vitrinləri göz qamaşdıran mağazadan xoşuma gələn bir şey tapmadığıma görə yolun o biri tərəfindəki mağazalara getməyi qərara aldım. Eskalatorla yeraltı keçidə düşüb çıxış pilləkənlərinə tərəf addımladım. Yaşlı bir qadın əlində tutduğu lalələri almaları üçün qarşısından keçənlərə yalvarırdı: ”nolar, məndən bu gülləri alın, dilənmirəm, ehtiyacım var”. Yaşlı qadının fəryadına ürəyim ağrısa da, mağazaları əlimdəki güllə necə gəzəcəyimi fikirləşib qadının yanından keçib getmək istədim.”yalvarıram, ayaqlarım ağrıyır, dayana bilmirəm, sonuncu dəstə qalıb, alın, nə olar…”
“Alım,yolun kənarında bir yerə qoyaram” deyə fikirləşib gülün pulunu qadına verib aldım.
Keçiddən çıxıb hər iki tərəfində geyim mağazaları olan küçəyə buruldum. Bura şəhərin mərkəzi küçələrindən biriydi. İnsanların gəzməyə,alış – verişə çıxdıqları çox məşhur küçəydi. Bir az irəlidəki mağazanın vitrinində, maneken qızın əynində gördüyüm paltarı gözaltı edib mağazaya tərəf istiqamət götürdüm. Mağazaya çatmağa az qalmış eşitdiyim musiqi məni yana baxmağa vadar elədi. Bir az aralıda,səkidəki skamyanın üstündə oturub qarmon çalan kişini gördüm. Gözlərində qara eynək olan nimdaş geyimli qarmonçalan mənim uşaq vaxtı eşitdiyim bir mahnını çalırdl. Bu mahnını mən Sadığın ifasında dinləmişdim. Çox qəribədir ki, mən bu mahnını Sadıqdan başqa kiminsə qarmonda çaldığını heç vaxt eşitməmişdim.
Bir neçə dəqiqədən sonra qarmonçalanın qarşısında dayanmışdım. Qara eynəyinin altından gözləri görünmürdü. Saçları gümüşü rəngdəydi. Əynində qəhvəyi rəngli köhnə pencək , ayağında çirkli idman ayaqqabısı vardı. Qarmonunun çiyninə keçirdiyi ipləri də didik – didik olmuşdu. İfasını bitirib eynəyini gözündən çıxardı.Diqqətlə mənə baxırdı. Daha doğrusu, əlimdəki lalələrə. Çənəsindəki dərin batıq,bir də nüfuzedici dalğın baxışları onu tanımağıma kömək elədi. Bu, Sadıq idi. Mənə baxır, sanki nəyisə xatırlamağa çalışırdı.
Əlimdə tutduğum lalələri ona uzatdım. Gözlərini tez- tez qırpdı,dodaqları səyridi. Udqunub gülləri məndən aldı. Çantamdan paltar almaq üçün ayırdığım pulu çıxarıb skamyanın üstündəki dəyirmi kasaya qoydum.
Onun nəsə deməyinə imkan verməmək üçün cəld geri çevrilib getmək istədim. Birdən pulu götürməz,ya da nəsə soruşar deyə ehtiyat edirdim. Bir neçə addım atandan sonra qeyri- ixtiyari dönüb arxaya baxdım. O, hələ da arxamca baxırdı. Yanaqlarında iki damla yaş donub qalmışdı. Baxışlarımız qarşılaşanda uzun illər bundan qabaq toyda mən onun çaldığı havaya oynayanda elədiyi kimi- dostyana gözlərini qırpdı. Onun bu jestinə cavab olaraq gülümsədim. Skamyanın üstünə qoyduğu qarmonunu götürüb sinəsinə sıxdı, qarmonun yanıqlı səsi qulaqlarımı dəlib ürəyimə işlədi. Sadıq yenə o mahnını çalırdı:
Qadan mən alım, körpə maralım,
Ayrılığından qoyma saralım…