(ixtisarla)
Çox uzaq tarix deyil, yaxın illərdə “Gözlənilən yazıçı niyə gəlmir?” adlı bir yazı yazmışdım və bu, xeyli müzakirələrə səbəb olmuşdu. Sualımın mənası bəlkə də yaxşı başa düşülməmişdi. Əslində mənim yazımda yeni və gənc yazarların yoxluğundan söhbət getmirdi, yazılmasını gözlədiyimiz hekayələrin, romanların niyə gecikdiyini vurğulamaq istəyirdim. Məncə, hələ də bu mövzunu müzakirə etmək olar. Həmin sualı bu gün soruşsaq, belə bir problemin olmadığını deyənlər də tapılacaq.
Son illərdə hər il təxminən 1000 roman, 300 hekayə kitabı çap olunur, artıq saysız-hesabsız romançı və hekayəçi var. Bəzilərinin əksinə olaraq, düşünürəm ki, nə qədər çox yazılsa, o qədər çox sayda keyfiyyətli roman və hekayə yaranacaq, yaxşı yazıçılar da eyni ölçüdə çoxalacaq. Buna görə də yazılanların çoxluğuna mənasızcasına ağız büzmək yersizdir.
Bundan başqa, bugünə qədər kəsə yoldan nəticə əldə etmək, işin asanına qaçmaq azarı ucbatından, ədəbiyatımızın problemlərini müzakirə etməyə yetərincə vaxt ayrılmayıb. Fəqət müzakirə olunmalıdır ki, inkişaf toxumlarının cücərməsi üçün normal ədəbiyyat mühiti var, ya yoxdur.
Şübhəsiz ki, ədəbiyyatımız bugün məhsuldar dövrünü yaşayır, amma öz zənginliyini parlaq şəkildə inkişaf etdirə bilməməyinin səbəbləri var. Bir-birinin yaxınlığında dayanan, bu yaxınlığı nəzarətdə saxlayan, ayrılmağı gözə almayan yazıçı və əsərlərin arasından bütün Cumhuriyyət dövrünə damğasını vuran, ana ədəbi axından tamamilə uzaqlaşıb ona göz vuran yaradıcıların və əsərlərin özlərini göstərməkdə çətinlik çəkməsi bu səbəblərdən biridir. Bunu müzakirə olunası bir şərh kimi qəbul edə bilərik.
Bu gün durduğumuz yerdən ədəbiyyatımızın keçmişdəki yarımçıq tarixinə baxanda, özünü yeniləmə əndişəsi hiss edən hər bir gənc yazarın qabağına əvvəlcə ana ədəbi axının (meynstrim) içindəki yazarlar çıxacaq. Xüsusilə gənclərə, həmişə deyirlər ha – “keçmişi bilmədən olmaz”, bunu bir doğru tərəfi var, bir yanlış. Öz kimliyini çağdaş türk ədəbiyyatının meynstrimini formalaşdıran müəlliflərdən alan gənc yazıçı, orjinallığını qazanmaq üçün bu ana axından kənara çıxmağa məcburdur.
İndi haqqında danışdığımız ən yeni və gənc yazar nəslindən iki nəsil əvvəlki ədəbiyyatçılar, yəni bizim nəslimizin yazıçıları da ana ədəbi axına qoşulub onu möhkəmlətdi. Şübhəsiz ki, ədəbiyyatımızın son dönəminin yükünü çəkən bu nəslin içindən çıxan çoxsaylı yazarlar da çağdaş türk ədəbiyyatının kanonuna əlavə olunacaq.
Yenilənmə və axtarış
Əlbəttə, bu da bir həqiqətdir ki, öz modernizmini yaşaya bilməmiş, amma ədəbiyyatın nə olduğu ilə bağlı suallara özü cavablar tapmış bütün böyük yazıçılar ilə modernizmi öz ədəbiyyatının içində həll olunmuş ədəbi gerçəklik kimi yaşayan, onu aşmağa çalışan, ya da aşacaq yazıçılar üçün tranplin olan azlıqdakı yazıçılar arasında da qarşıdurma var.
Bu qarşıdurma olmadan ədəbiyyatımızın özünü yeniləməsi qeyri-mümkündür. Bugün düşüncə yaratmaqdan uzaqlaşan, öz problemlərini müəyyənləşdirib həll etmək ayıqlığını və bacarığını göstərə bilməyən ədəbiyyatımız gənc yazıçılar üçün kifayət qədər yaradıcı nümunələr yarada bilmir.
Bundan başqa, gənc yazarların öz ədəbi irslərini kifayət qədər oxuyub öyrənmədikləri ilə bağlı tənqidlərdə haqlılıq payı var. Belə demək olar ki, bu çatışmazlıq fundamental sıçrayışlara cəhd etmək üçün yetərli yanacağın tapılmamasına gətirib çıxarır, amma bu da var: oxunması tövsiyə olunan irs də əsasən ana axının içindəkilərdir.
Ənənəvi olan istər-istəməz ədəbiyyatın özünüformalaşdırma prosesinin özülüdür. Ənənəvi olan ana axını müəyyənləşdirir, daim ona apelyasiya edir, onun döşəməsinə daşlar düzür, status-kvonu təmsil edir. Buna görə də ədəbiyyatın ənənəvi dəyərləri qorunub saxlanarkən və biz onların faydalı tərəflərindən öyrənərkən onların öz yerində qalmağı daha faydalıdır. Onlar durduqları yerdə ağırlıqlarını hiss etdirsin, amma bugün əvvəlki kimi qabağa çıxmaq istəsələr, məlum olacaq ki, yeni arayışlardan çox geridirlər.
Xüsusilə 1990-cu illərdən başlayaraq ədəbiyyatımızda yenilənmə və axtarış arzusu bütün qəlibləri qırmağa başladı. Görünür, yeni nəsillər öz yollarını özləri tapır və bunu edərkən, xüsusilə, köhnə nəsillərin kölgəsindən çıxmağı seçirdilər. Üstəlik, çox vaxt pozitiv olmayan tənqidlərə tuş gələn bu proses, təsnif edilməsi, az qala, mümkün olmayan (heç ehtiyac da yox idi) bir yığın yaratdı. Bəlkə də saf-çürük olunmalıdır, onu da ədəbi ictimaiyyətin xüsusi yanaşması və zaman öz-özünə həll edəcək, narahat olmağa dəyməz.
Bu proses bugün ən yeni və gənc nəsillərlə davam etməkdədir. Prosesin hərəkət dinamikası da, xüsusiyyətləri də 90-cı illərdəkinə bənzəyir. Sayca daha çox yazıçı var, bəlkə də çoxu hekayəçidir. Roman çoxluğun maraq dairəsində olsa da, hekayənin dominantlığı daha çox hiss edilir.
Əlbəttə ki, romanın bugün get-gedə daha möhkəm bağlarla bazara pərçimlənməsi ürəkaçan deyil. Çünki populyar maraqların içində özünü formalaşdıran və onun içində istehlak edilməyə başlayan roman bu prosesdə tənqidin obyekti olmaqdan çıxır. Roman populyar dünyanın pilləkənlərini sürətlə çıxarkən, tənqidlə arasındakı körpüləri də yandırmağa başlayır. Bu şəraitdə tənqid populyar romanın qarşısında əlacsız qalır. Nə müəllif, nə oxucu, nə də naşir tənqidlə maraqlanmır. Beləcə, bütün bağlar qopur. Bugün ən yeni və gənc yazıçıların arasında yaxşı romançıların yaxşı hekayəçilərdən daha az olmağının səbəbi, deyəsən elə bu prosesdir.
Yeri gəlmişkən, xeyli romançının və hekayəçinin ayrı-ayrı dəyərləndirilməsi qeyri-mümkün olan oxşarıqlar və məhsuldarlıqla ortaya çıxması, zaman-zaman bir yorğunluq və durğunluq krizinin də xəbərdarlıq siqnalını çaldı. Fəqət gözlənən durğunluq baş vermədiyi kimi, maraqlananları düşünməyə vadar edən bir məhsuldarlıq və fərqlilik sürətlə artmağa davam etdi.
Yeri gəlmişkən, deyəsən bu da var: ədəbiyyatı populyarlaşdırmaq və bazarı canlandıraraq bəzi kitabları yüz minlərlə satmaq artıq elə də asan deyil. Bunun müxtəlif səbəbləri var. Yazıçının siyasi, ideloji hökmlər və önhökmlərlə əhatə olunması romanlarının satışına təsir edə bilir. Bəzən də oxucunun gözləntisini azaldan səbəblər ortaya çıxır. Bunun müsbət tərəfi odur ki, dar çevrələrə sığışmayan, get-gedə böyüyən oxucu kütləsi yığmağa imkan tapan romançıların sayı çoxalır.
Romanla hekayə arasında müqayisə aparmaq çətindir, çünki satılan yeganə növ olan roman, təkcə yazıçılar üçün yox, naşirlər üçün də cəlbedicidir. Nəşriyyatlar hekayə kitabı çap etməkdənsə, roman çap etməyi seçirlər. Düşünmürəm ki, daha çox roman yazıldığı üçün daha çox roman nəşr edilir.
Əksinə, hekayə daha çox yazılır, amma hekayə kitabı hazırlamaq çox vaxt bir romanının bitməsindən daha uzun müddətə başa gəlir. Bu, qəribədir? Tək-tək hekayələrə xərclənən vaxtı düşünəndə, bir kitabın əmələ gəlməsi üçün yazılacaq hekayələrə sərf edilən vaxt əksərən roman yazmaqdan daha uzun çəkir.
Deməli, hekayə kitablarının fəhləliyi daha çox vaxt tələb edir. Yaradılış prosesi kimin əlində olur-olsun, bir neçə səhifəlik hekayə üçün göstərilən diqqət, məsuliyyət, neçə yüz səhifəlik romanın hər səhifəsi üçün göstərilmir.
Forma xüsusiyyətləri
Hekayə janrının son dönəmi ilə bağlı bir neçə konkret qeyd deyə bilərik. Bunu ədəbiyyatımızın konkret bir hekayə anlayışına yaxınlığı, yatımlı olması ilə açıqlamaq olar.
Birincisi, sadə ifadə tərzinin xeyli yayğın şəkildə mənimsənilməsidir. Bizim ədəbiyyatımızın dünəndən bugünə seçdiyi ifadə forması da, əslində, budur. Bu ana yoldan ayrılan və bəzən qapalı, analiz edilməsi çətin, bəzən mənanı təkcə dil içində əmələ gətirən axtarışlar, geri çevrilib baxanda, nə hekayədə, nə romanda, elə də çox təcrübədən keçirilməyib. Bunun da bizim ədəbiyyatın məxsusi hal olduğunu deyə bilərik. Deyə bilərək ki, bədii forma axtarışları Səid Faiq Əbasıyanıqdan, eləcə də 1950-ci illər ədəbi nəslindən bugünə qədər özünü daha çox hekayənin dünyasında göstərib. Yeri gəlmişkən, sadə ifadə tərzi Səid Faiqdən, Çexovdan və gec kəşf edilən amerikan hekayəçilərindən güclü şəkildə bəhrələndi. Bugün dünyada hekayə ən çox harda yazılırsa, çağdaş gənc yazarlarımızın da üzünü ora tutması normaldır. Buna müsbət təsir dairəsində olmaq deyə bilərik.
İkinci əsas xüsusiyyət, daxili səsin bütövlükdə hekayəni əmələ gətirməsi, beləcə, əhvalatın arxa plana atılmasıdır. Bunu da müsbət saymaq olarmı? Şübhəsiz ki, daxili səs (daxili monoloq) qaçılmaz ifadə formasıdır. Eyni zamanda, daxili səs bir imkandır. O, personajları və hekayənin yükünü daşıyan gücü gün işığına çıxarmaq üçün istifadə oluna biləcək açarlardandır. Belə ki, çox vaxt hekayənin əsas personajının həm də təhkiyəçi olması yox, təhkiyəçinin bütün hekayəni öz beynindən keçirərək təsvir etməsi adətən vacib bir problem, yarımçıqlıq kimi ortaya çıxır. Şübhəsiz ki, bu hekayənin strukturunu bütöv saxlamaq üçün işin asanına qaçmaqdır. Hər şey təhkiyəçinin şüuru və baxış bucağı içində nəql olunursa, nəql edilənlərin ayrıca yaşanmasına ehtiyac qalmır. Bu problemi həll edən gənc yazıçıların yazdıqları həmişə bir addım öndə olacaq.
Yeri gəlmişkən, vacib bir problem daha: detallardan yox, gündəlik həyatın hamıya məlum münasibətlərindən və davranışlarından yararlanmaq. Tezcə ağlagəlməyən detallar yazının keyfiyyətini artırır. Bunun üçün həm həyat təcrübəsi, həm güclü müşahidə qabiliyyəti, həm də masa arxasında keyfiyyətli düşüncə istehsalı lazımdır. Halbuki başqalarının da görə biləcəyi detallar üstündə qurulmuş hekayələr get-gedə uzanmaqda olan ortabab bir xəttin yaranmasına səbəb olur. Bundan xilas olmaq üçün təhkiyəni başqalarının yazdığından fərqləndirmək üçün ciddi mətn fəhləliyi lazımdır.
Tənqid çatışmazlığı
Ədəbiyyatımızın indiki səviyyəsinin ağıllı-başlı müzakirə olunmamasının səbəblərindən biri tək-tək kitablardan və bir neçə populyar yazıçının bestsellerləri ilə yaratdığı həvəs qarışıqlığından çıxa bilməməkdirsə, digər səbəb əsas problemləri müzakirə etmək istəyənlərin azlıqda olmasıdır. Nəticədə sözügedən azlığın başlatdığı keyfiyyətli mübahisələri və yazdığı kitabları müzakirə edərək daha irəli aparan yazıçılar da çıxmır.
Ədəbiyyatımızın bəzən sürətlənərək, bəzən yavaşlayaraq keçirdiyi çevrilmə onun bu gününü fasiləsiz şəkildə dəyərləndirməyi labüd edərkən, yaxın gələcəklə bağlı proqnozlara da yeni pəncərələr açır. Şübhəsiz ki, bugün ötən dövrlərdən fərqlidir, ədəbiyyatımızın keçmişdə yaşananlara oxşamayan bir dünyası var. Kimlər üçün belədir? O dünyanın yaradıcısı olan yazıçılar, ədəbiyyat kitablarının çapa hazırlanıb nəşr olunmağında əməyi olan naşirlər və redaktorlar, çap olunan kitabların mütaliə və qiymətləndirmə prosesinə qoşulan aktiv oxucular üçün.
İndiki dövrü, bu yeni zamanın mədəniyyətini, söz gəlişi, həmişə 1980-ci illərdən əvvəlki dövrlə müqayisə edənlər var, gəlin qəbul edək ki, bunun mənası yoxdur. Get-gedə bugünü 1980-1990-cı illər arasındakı keçid dövrü ilə yan-yana qoymaq da artıq qeyri-mümkünləşib. Bizim nəslimiz elə bir mədəni dövrü ifadə edir ki, onda yaşayış forması tamam başqaydı, ədəbiyyat kültürü yazıçıların və kitabların bir yerdə yaşamağından qidalanırdı, bədii həmrəyliklər dostluqlarla birgə ortaya çıxırdı. Bundan sonra həmin mədəniyyətin dağılmağa başladığı, yeni nəsillərin öz kültürlərini diqtə etdikləri, ədəbiyyatımızın parçalanma prosesi ilə yeni anlayışların və axtarış müxtəlifliyinin tək-tük örnəklərlə çoxaldığı bir dövrünə qədəm basdıq.
Çağdaş ədəbiyyat deyəndə, onu əvvəla yeni nəsillərin yaratdıqları ilə ifadə edirik. İndi yaşadığımız anı nəzərdən keçirəndə, onun keçmişiylə gələcəyi də gözümüzün qabağından keçir. Əgər bu günün ədəbiyyatı dünənin bir versiyasıdırsa (çox vaxt belə olur), onda onun bizə ancaq müsbət mənada təsir edəcəyini demək kifayət deyil. Bu günün yazıçısı hansı müsbət xüsusiyyətlərdən faydalanır? Bütün parlaqlığına, həm tarixi, həm də ədəbi dəyərlərinə baxmayaraq, özündən sonrakılara təsir etməyən yazıçılar yanında bəlkə də əsas parlaqlığını təsiretmə gücündən alan yazıçılar bəzi dövrlərdə daha çox aktuallaşırlar.
Son on ildə yazılanlara baxsaq, əsas məhsuldarlığını 1980-ci illərdə göstərməyə başlayan bizim ədəbi nəsildən sonra gələn və ən çox bizim ədəi nəslə yaxın olan, amma ədəbiyyatımızın hər hansı bir dövrünə bağlanmaq əvəzinə, özü-özlüyündə müstəqil yollar axtaran bir nəslin formalaşmağa başladığını görmək olar. Deməli, bir islahat dövründəyik. 1980-ci illərin ortalarından başlayıb, 1995-ci illərə qədər çəkən, əvvəla yeni romançıları ilə özünü ortaya qoyan islahat dövrü, 1995-2010-ci illər arasından da fasiləsiz davam etdi. Son iki nəslin yaratdığı islahatın sərhədləri xeyli genişləndi, yeni forma və üsul axtarışları get-gedə çoxaldı, amma ələgələn bir anlayışdan danışmaq hələlik çətindir.
Gənc yazıçılar bəzən şüurlu seçimlərlə keçmiş dövrlərdəki ustalardan fərqli, özünəməxsus bir yol yaratmağa çalışırlar, bəzən isə keçmişlə düz-əməlli ünsiyyətə girərək ondan qidalanmadan öz bacardıqlarıyla öz yollarını formalaşdırırlar. Ədəbiyyat ənənəmizin ən vacib çatışmazlığı novator axtarışların məhdud olmasıdırsa, gənc yazıçıların keçmişdən əvvəl özlərinə, daha doğrusu, öz gələcəklərinə baxması ehtimal ediləndən daha vacib olmalıdır.
Ən yeni nəslin müsbət yüksəlişi
Nəhayət bu gün deyə bilərik ki, bu yenilik axtarışlarının bütöv effekt yaratmadı. Bu səviyyədə effekt yaratmaq üçün ya gərək həmin anlayış geniş yayılsın, ya da o anlayışı təmsil edən yazıçının çoxluğu maraqlandıracaq aktivlikdə olsun. Vacib olan öz orjinallığını israrla davam etdirən hekayə və romançıların çoxalmasıdır.
Qabığını dəyişən orqanizmin ölməyini istəmiriksə, 2000-ci illərin başında yaşanan çevrilmədən sonra, ikinci çevrilmənin də bu illərdə baş tutmalı olduğunu deyə bilərik. Artıq o qədər çox yazılır və istedadlı gənc yazıçılar o qədər artır ki, bu çevrilmənin keyfiyyətli şəkildə baş tutacağına inam artır. Deməli yeni bir qorunma dövrünə, güc toplamağa ehtiyac var. Bəlkə də kəmiyyət baxımından güc toplamağa ehtiyac yoxdur, əsas məsələ keyfiyyətin yeni anlayışlarla gücləndirilməsidir.
Digər tərəfdən islahat dönəmləri həmişə uzun, qorunma dövrləri (həmin ədəbiyyatı bütövlükdə böhrana salacaq qədər mənfi şərtləri, ya da basqı dönəmlərini çıxsaq) isə qısa çəkir. Bunun əksinə, bir ədəbiyyat üçün sıxıntı, gövdənin ötəri də olsa qırılması, gələcəklə bağlı layihələrin örtülməsi deməkdir. Ədəbiyyat ən yüksək səviyyədə yaradıcılıq məhsuludursa və yaradıcı düşüncənin içindən keçərək özünü ifadə imkanı tapırsa, onun çevrilməsi fasiləsiz şəkildə yaşayacaqdır.
Bu gün xüsusilə bir problemdən danışa, ya da problemləri bir başlıq altında toplaya bilərik. Ədəbiyyatın populyar kültürün və bazarın tələblərinə uyğun olaraq aşağı çəkilməsi, nəşriyyatların böyük ölçüdə bu prosesə dəstək verəcək formada dəyişməsi, belə görünür ki, təkcə bizim yox, başqa ölkələrin də problemidir. Bu elə prosesdir ki, qabağını almaq, az qala, mümkün deyil.
Gəncləri təqdim edərkən, əvvəla ən çox iki kitabı çap olunanları seçməyə qərar verdik. Sonra təkcə öz hökmlərimizə yox, son illərdə seçdiyimiz müəlliflərin haqqında yazılan yazıları da nəzərə aldıq. Həmişə olduğu kimi burda da əyər-əskik olacaq. Vacib olan bu gəncləri tanımaq, onları oxumaqdır. Buyurun, tanış olun!
Murad Özyaşar (1979, Diyarbakır)
Murad Özyaşarın yazdıqlarını ilk dəfə oxuyan kimi, onun öz ədəbi nəslinin hekayəçiləri arasında çox keçməmiş fərqlənəcəyini düşünmüşdüm. Onun mətnlərində şərqin içindən çıxıb ədəbiyyatın kapilyar damarlarında yerimək cəsarəti var. Ən tez o başa düşdü ki, oçindən çıxdığı kültürlə öz ədəbiyyat anlayışını yan-yana qoymağın yaratdığı problemlərdən bədiiliyin dərinliyinə baş vurmaqla xilas olmaq mümkündür. Bəzəkli cümlələrlə yazmır. Açıq görünür ki, dili və təhkiyəsi ustadı saydığı müəlliflərdən gəlir. Öz nəslinin ən yaxşılarındandır, amma az yazır. Az yazmaq sizi həmişə ucaltmaz, unutdura da bilər. Məhsuldarlaşdıqca, dəyəri daha da artacaq.
Sinə Ərgün (1982)
Sinə Ərgün qısa, hadisəsiz, amma şeirin ərazisinə də keçməyən hekayələr yazır. Hekayənin bu ərazisində dolaşmaq təhlükəlidir; çünkü, məncə, uğurlu alındıqca, onun yazdığı tam da bugünün, çağımızın hekayəsidir. Az yazır, deməli yazdıqlarının fərqindədir.
Handə Gündüz (1973, Ankara)
Handə hekayə seçimində də (hekayə fikri də deyə bilərik), yazısında da fərqli, özünəməxsus yollarda gəzir. Dünyaya da, hadisələrə də, yazıya yanaşması da, ictimaiyyət üçün bir az “tərs”dir. Bu tərslik, yabanılıq gündəlik həyatla onun yazıçılığı arasındakı ziddiyəti qidalandırır.
Nəslihan Öndəroğlu (İstanbul)
Sadə dillə və mürəkkəb kompozisiyası olmayan hekayələrində ifadə etdikləri personajların gündəlik həyatlarından balaca, qısa parçalardır, amma bu parçalarda bəşəriyyətin əsrlərdir içindən çıxa bilmədiyi böyük məsələr gizlənib. Məsələn bu sual: etdiklərimiz, qərarlarımız, hətta başımıza gələnlər, iradi seçimlərimizin, yoxsa məcburiyyətlərimizin nəticəsidir? Seçimlərimizdə həzzə, yoxsa uyğunluğa meyillənmək daha doğrudur? Bu cavabsız sualların verildiyi hekayələr bizi narahat etsələr də, onları ittiham etməkdə mümkün deyil.
Bahri Vardarlılar (İstanbul)
Qapalı, anlaşılmaz yox, gücünü sadəlikdən alan yazıçıdır. Onun sadəliyi çətin sadəlikdir. Əyləncəli, qeyri-adi hekayələr yazır.
Kərəm İşıq (1976, İzmir)
Yazıçı və tərcüməçi Kərəmin hekayələri son dörd ildə bir xeyli jurnalda çap olundu. Hekayələrin ana mövzusu üsyan duyğusudur. Söz oyunlarını, ironiyanı çox sevir. 2012-ci ildə “Cəmiyyət böcəyi” adlı kitabı ilə “Haldun Tanər” mükafatını qazandı.
Özləm Akıncı (1966)
O, təsadüfən seçilmiş konkret bir anın personajların dünyasında adekvat qarşılığı olan daha geniş bir zamanı əks etdirdiyini, altdan alta baş vermiş, amma fərqində olmadığımız üçün səsləndirilməmiş şeylərdən bəhs edir.
Mahir Ünsal Eriş (1980, Çanakkale)
Onda yazmaq iştahı var. Həyatın künc-bucağında qalmış anları bir kolleksioner həssaslığı ilə toplayır. Təbiiliyini, saflığına toxunmur həyatın. Heç kimə təsir etməyə çalışmır. Heç nəyi şişirtmir. Sadə olanın gücündən istifadə edir.
Türkər Ayulduz (1972)
Şeirlə başlayıb. Ardınca səs-küy yaradan “Vapurlara küsmək” adlı hekayə kitabını çap etdirdi, sonra isə 2011-ci ildə “Orxan Kamal” hekayə mükafatını qazandı. Realist üslubla adi insanın həyatını yazır. İnsanın faciəsini melodrama keçmədən yazmağı sevir. Xarakterləri özünü heç yerə aid hiss etməyən, həyatda axtardığını tapmamış adamlardır.
Semih Ərəlvanlı (1975, İzmir)
Uşaqların məsumluqla dəcəllik arasındakı dünyasında ikisindən birini seçməyi yox, ikisini də birdən seçir. Qaydaları riayət etməkdənsə, onları dağıtmağı sevir. Eksperimentallığa meyllidir. Tabu tanımır.
Şənay Əroğlu Ağsoy (1968, Kayseri)
Şənay cümlələr, paraqraflar, ya da hadisələr arasında asanlıqla bağ qura biləcəyimiz sözləri ixtisar etməyi sevir. Əvvəlcə aralarında heç bir əlaqə olmayan cümlə və görüntülərin dağınıq bir beynin məhsulu olduğu təəssüratı yaransa da, oxuduqca bağlar qurulmağa başlayır. O, daha çox evlərin içində kənardan görünməyən, gizli savaşları yazır.
Haqqı İnanc (1984, Ankara)
Minimalistdir. Bəzəksiz yazır. Hər hekayəsində siyasi duruşunu hiss etdirir.
Nazlı Karabıyıkoğlu (Ankara)
Yazmağı sevir. Sənətçi depressiyasını da yaza bilir, bir maralı da.
Fərat Əmən (1972)
Anarxist, narahatedici, şillə kimi hekayələr yazır. İllərdən bəri yığılmış öfkəsini çıxarır, elə bil. Küçədən gələn dili var. Bu, protest dildir.
Birgül Oğuz (1981)
Qarşılaşdırmalı ədəbiyyat üzrə təhsil alıb, tərcümələr edir, nəzəri yazılar yazır, iki hekayə kitabı çıxıb. Frankfurt kitab yarmarkasında hər il bir yazıçıya verilən Avropa Birliyini Ədəbiyyat mükafatını “Hah” kitabı ilə qazanıb.
Tərcümə: Qismət