“Hər şeyi bildiyini düşünən, başqalarına necə yaşamağı öyrədən mən–heç nə bilmirəm…” –Sergi Ata
İnsan varlıqların ən mürəkkəbidir. Nə hər şeyə nail olduqda tam xoşbəxt ola bilir, nə də uğursuzluqlarını qəbul edir. Bəzən hər şey normal axarındaykən belə şər və ya xeyir nələrinsə çatışmadığını düşünür. Çünki axtardığının bu dünyada olmadığını çox çətin dərk edir. Zabit Kasatski və ya rahib Sergi ata… Kim idi bunlar? Bəs Kasatski həqiqətən Sergi ata ola bilirmi? Və ya bu nə zaman baş verir?
Tolstoyun qələminə müraciət ediriksə, ağlımızdan keçən sualları dayandırmaq olduqca çətindir. Onun belə şedevr əsərlərindən biri Sergi atadır. Sergi atanı əsərdə ilk öncə öz amalları üçün səylə çalışan zabit Stepan Kasatski kimi tanıyırıq. İçindəki sönməyən şöhrətpərəslik alovu onu daim nələrinsə üzərində çalışmağa məcbur edirdi. Bilmədiyi nəyləsə üzləşmək onun üçün dözülməz idi. Hər daim birinciliyə can atır, bütün təriflərin yanlız özünə yönəldilməsini istəyirdi.
Kasatski kimsəni sevmirdi. Hərçənd ki, əsərdə onun | Nikolayı sevdiyini, ona rəğbət bəslədiyini görürük. Lakin dərinə baxsaq görərik ki, heç onu da sevmirdi. Bu “sevgi, rəğbətin” kökündə də şöhrətpərəstliyə can atmaq dayanırdı.
Çox çalışması, insanın özü üçün daha yaxşısını arzulaması eqoistlik idimi? Əslinə baxsaq xeyr. İnsan dünyaya bir dəfə gəlir. Özü üçün yaxşısını arzulaması oluqca təbii idi. Lakin hər hiss kimi bu da həddini aşdıqda insanın mənfi nəticələrlə üzləşməsinə səbəb olur.
İnsan əgər içində, dünyasında özü üçün inqilab ola biləcək dəyişikliklər istəyirsə, məhz buna görə də inqilabi addımlar atmalıdır. Kasatski də eynilə belə edir. İşini, uğurlarını, gələcəyini, yüksək zümrədən olan adaxlısını geridə qoyub gedir. Monastrın birində rahib olma yolunda addımlamağa başlayır. Və özüylə illər uzunu davam edəcək böyük bir savaşa başlayır.
İnsanın doğrudan da ən böyük savaşı daim özüylə olur. Beynindən keçən fikirləri nizamlamaq, nəyin düzgün , nəyin yanlış olduğunu ayırd etmək hər zaman çətin olub. Bu savaş hər insanın qəlbində başlamır. Yanlız ölmədən əvvəl oyanmış insanların cəhənnəmiydi bu savaş. Savaş cəhənnəm ağırlığı versə də qəlbə, haqqın qələbəsi insanın qəlbini bir anda cənnət baxçasına çevirir. Tanrını axtarmağı vəsiət edən Tolstoy bu əsərlə çatdırmağa çalışır ki, bu yol çox çətindir. Lakin yolun sonuna bəslənilən ümid, bütün əzabların bir anda yox olmasına səbəb olurdu.
Sergi ata ruhunu təmizləmək üçün hər kəsdən qaçdı və elə qaçdıqlarına da məğlub oldu. Əslində onun qorxduğu insanlara qarşı göstərdiyi şöhrətpərəstlik hissi idi. Buna görə də qaçdı. Lakin ilk qarşılaşmada ağ bayrağı qaldıran da özü oldu. İlk öncə şöhrətpərəslik hissinə məğlub oldu, daha sonra digər nəfsani istəklərinə. Sonda anladı ki, nə qaçmaq lazım imiş, nə də insanlara qarşı nifrət duymaq. Qalıb savaşmalı idi. Çünki insanın sadəcə qəlbiylə savaş verməsi onu qələbəyə aparmırdı.
Dünyada heç kəsin qalmadığını düşünün. Böyük dünyada yanlız sizsiniz. Nə mənfi yola sizi aparacaq insanlar var ətrafınızda, nə də mənfi düşüncələrinizin yaranmasına səbəb olacaq amillər bürüyüb ətrafınızı. Tam günahsız yaşaya bilərsiniz doğrudurmu? Lakin başqa bir hal da düşünək. Ətrafda doğru yoldan sapmağınıza səbəb olacaq hər cür amil var. Lakin siz çətin də olsa, doğru bildiyiniz yolda addımlayırsınız. Hansı daha çətindir? Əlbətt ki, ikinci çətindir. Lakin dəyəri də məhz bu halda daha böyükdür. Sergi ata da digər yolun dəyərini anladı və o yolu tutdu. Nəticəsi isə onun üçün həm çətin, həm də hüzur dolu oldu. Çünki gerçək iman hissini yanlız bu vaxt daddı…
Məryəm Şixəliyeva
ADU-nun Filologiya fakültəsinin tələbəsi