sim-sim
No Result
Bütün nəticələr
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70
sim-sim

Sevinc Elsevər. Noyabr şeirləri

06/11/2021 - 10:00
A A
Facebookda paylaş

Solğun çiçəklər

 

Güldanımda solan çiçəklər

bu dünyada məndən özgə

kimsəyə gərək deyillər;

nə qədər ki, tər

ətirliydilər

bütün qadınlar üçün eyni dərəcədə

qiymətliydilər,

onlardan ötrü ürəyi gedərdi

istənilən qadının…

 

İndi dəyərlərini bircə mən bilirəm

bu qədər solsalar da,

boyunlarını büksələr də,

evimdə yuxarı başdadır yerləri;

sonra onları qurudacam

qalın bir kitabın arasında qoruyacam.

 

Ah,

sevgilim dərən çiçəklər,

bütün gözəlliklərini səxavətlə önümə

sərən çiçəklər,

necə unutmaq olar ətrinizi,

gözəlliyinizi

göz oxşamağınızı?

İllərini ,

ömrünü

baharını-yazını verən qadın da

belə dəyərli olmalı bir kişi üçün əlbət,

solğunluğunda da,

yorğunluğunda da,

kimsənin görmədiyi gözəllikləri arayıb bulmalı…

 

 

***

payızın köçüb gəldiyi  parkda

uşaqların xışmalayıb ətrafa səpdiyi  xəzəllər

qəfil pula dönsələr,

bu qədər xoşbəxt eləməz onları

sarı, qırmızı, qəhvəyi yarpaqların

xoşbəxt elədiyi qədər…

ancaq yaşlı süpürgəçi qadının

qanını qaraldır yarpaqlar,

vahiməli süpürgəsindən qaçıb qurtulmağa çalışırlar

uşaqların ayaqları altında xışıldamaq

daha xoşdur

zibil qablarında yanıb tutuşmaqdan.

 

 

***

harayı dəhlizi başına götürən

pişiyin səsinə

çıxıram qapıya

əynim nazik olsa da,

öskürəyim kəsməsə də hələ,

sanıram ki, dəcəl uşaqdır onu incidən yenə;

görürəm başqa bir pişik üz-üzə durub onunla

acıqla əl-qol atırlar bir-birinə

başımı bulayıram: pişik pişiyin qənimidir

necə ki, insan insanın.

 

 

***

Nə qocadır,

nə ortayaşlı,

nə qadındır,

nə kişi,

əlləri toppuş,

barmaqları şipşirin

məsum bir uşaqdır Tanrı!

oturub qumsalda,

qumdan yaradır

qurur, tikir, sökür…

oyunu yarımçıq qoyub evlərinə qaçır

o səbəbdən  günlərlə unudur bəzən

hamımızı

yağışın, qarın, küləyin, tufanın altında…

 

 

 

 

Aktyor

 

Arzusu xeyirxah görünmək…

tamaşaçıların yaddaşında

bir az da elə qalmaq

yaxşı adamdır o

rejissorlar pis insan kimi görürlər həmişə

necə ki, xoşbəxtliyə layiq biridir,

ancaq tale elə bədbəxt edir onu.

 

Köhnə çamadan

 

İllərdir heç bir səfərə çıxmır,

dolabın başındakı çamadan

yaşlı sahibəsinin  arzulardakı

xəyallardakı gəlin üçün alıb içinə doldurduğu

paltarlar, ətirlər də dəbdən düşüb çoxdan.

 

Qadın uzun, soyuq, tənha  gecələr boyu

toxuduqlarını da yığıb çamadana dəli bir ümidlə;

hərdən yuxusuna girir çamadan

özü öz ayağıyla yeriyib gedir çamadan

uzaq ölkədəki oğlunun dalınca,

içində isti paltar

yun şərf

əlcəklər də aparır

biganə oğul üçün…

 

 

***

Bahalı cib telefonunu

salıb itirmək,

oğurlatmaq qorxusu daha çoxdur;

bu oğlanda

sevdiyi qızı itirmək qorxusunun yanında

onu belə öyrədiblər:

“qız tapılmır sənə?

itə daş atırsan qıza dəyir…”

“qızların minnəti olsun…

əlini yelləsən əllisi…”

 

qızsa, qızsa

gözlərinin işığını itirəcəkmiş kimi qorxur

oğlanı itirməkdən

dünya dağılacaqmış

sön nəfəsini verəcəkmiş kimi

ona belə öyrədiblər çünki:

“çalış adın heç kimlə çıxmasın”…

“papaq deyilsən ki, başdan-başa qoyulasan”

“sən gündə bir oğlanla görüşən qızlardan olmamalısan!”

o səbəbdən dözür oğlanın bütün eşşəkliklərinə…

oğlan qışqırır üstünə,

əlinin üstündən vurur

köməksiz uşaq kimi başını aşağı salır qızcığaz

üzünü çevirib ağlamsınır…

utanır avtobusdakı adamlardan,

ancaq bircə dayanacaq sonra

əl-ələ düşüb gedən görürəm yenə onları

nə ürəyinin oğlanın ürəyilə,

nə əllərinin qəddar əlləriylə barışmadığı

qəmli gözlərindən

əyilmiş üzündən  sezilir…

 

sim-sim

Sim-sim.az gündəlik köşə, araşdırma, esse, poeziya və nəsr nümunələri, eləcə də kino, teatr, musiqi, rəssamlıq, memarlıq və incəsənətin digər sahələrinə aid geniş spektrdə maraqlı materiallar təqdim edir.
Portalda ölkəmizdə və xaricdə çap olunmuş kitablar haqqında resenziyalar, tanınmış incəsənət xadimləriylə müsahibələr, müzakirələr və debatlar, dünya mədəni irsiylə bağlı tərcümə materialları dərc olunur.


Təsisçi: Kamal Abdulla
Baş redaktor: Qismət Rüstəmov
Şef redaktor: Ömər Xəyyam
Redaktor: Cavid Zeynallı

© sim-sim.az

No Result
Bütün nəticələr
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70

© sim-sim.az