Deyək ki, uğrunda döyüşməyə dəyər
bir şeylər üçün.
Deyək ki, cəbhədəyik
daha orda ilk hücumda, daha o gün
üzüqoylu yıxılıb ölmək də mümkün.
Acı bir kədərlə duyacağıq bunu,
lakin dəli bir maraqla
öyrənmək istəyəcəyik
bəlkə illərlə davam edəcək
müharibənin sonunu…
Böyük türk şairi Nazim Hikmətin məşhur “Yaşamağa dair” şeirindən bir parçanı xatırlayıram. Birinci Qarabağ müharibəsindən çəkilən onlarca filmə baxmışıq. Onların hamısının sonunda ümid var. Bütün qəhrəmanlar ümidlə baxır sabaha, bir gün qalib gələcəyimizə inanırlar. O filmlərdə düşmən gülləsi ilə vurulub düşən əsgərlərin hamısını bir şey maraqlandırır: “Qələbə yaxındırmı?”.
Bu günlərdə sosial şəbəkələrdə bir video yayılıb: əsir düşən yaralı əsgərimiz qan axan yarasına baxmayaraq, öz aqibətinin necə olacağını düşünməkdən əvvəl döyüşün nəticəsi üçün sevinir. Rus əsilli jurnalist onun yarasını sarıyıb, təskin etməyə çalışdığı vaxt o, sevinclə deyir:
– Bilirəm, orda hər şey yaxşıdır!
Yəni döyüşü uduruq! Yəni əsgər yoldaşları üstünlük əldə eləyir! Yəni qələbə yaxınlıqdadır! Tanrı neçə gündür dualar etdiyimiz, bütün fikrimizlə-zikrimizlə yanında olduğumuz o əsgərimizi də, digərlərini də qorusun!
Qələbədən yazmaq istəyirəm. Müharibədən bəhs edən milli kino nümunələrimizin, xüsusən Qarabağ mövzusunda çəkilən filmlərin hamısında müharibənin gətirdiyi bəlalardan, arxa cəbhədə insanların çəkdiyi əzab -əziyyətlərdən, ağrıdan-acıdan, fəryaddan bəhs olunur. Əlbəttə ki, biz də qələbə ilə bitən filmlər çəkəcəyik! Amma sonu qələbə ilə bitən o filmlərdə də insanların müharibə boyu nə qədər ağrı-acı yaşadığından, çəkdikləri əziyyətlərdən, verdikləri qurbanlardan da danışacağıq.
Axı qələbə elə-belə, asanlıqla başa gələ bilməz!
Mixail Kolotozovun 1957-ci ildə çəkdiyi “Durnalar uçur” filminin sonu qələbə paradı ilə bitir. İnsanlar əllərində çiçəklərlə, sevinc içində cəbhədən qayıdan döyüşçüləri salamlamağa çıxıblar. Onların arasında sevdiyi kişini, vətənpərvər, namuslu bir gənci, Borisi gözləyən Veronika da var. Son ana qədər də Veronika Borisin sağ-salamat qayıdacağına inanır. Baxmayaraq ki, ürəyində sadiq qalsa da, bütün qəlbi ilə Borisi sevsə də, Borisin qohumu Markla evlənməyə məcbur qalmışdı.
Veronika qucağında çiçəklər izdihamın içində şütüyür. Adamlar qayıdan doğmalarına sarılırlar, qucaqlaşırlar, sevinirlər. Veronika cəbhədən qayıdan Stepanı tapır, sevinclə ona sarılır. Ancaq Stepan da Borisin öldüyünü təsiqləyəndən sonra Veronika göz yaşlarına boğulur. Sevinən, çalıb-oynayan insanların fonunda Veronikanın kədəri nə qədər dərin görünür, nə qədər qabarıq nəzərə çarpır.
Ancaq Veronika təslim olmur. O, birdən-birə canlanır, qucağındakı çiçəkləri bir-bir ətrafında sevinən, şadlanan insanlara paylamağa başlayır.
“Həyatın mənası nədir?” – Veronikanın bu suala cavabı yoxdur. Hər şeyini müharibədə itirib. Evini, ata-anasını, sevdiyi adamı. İntihar eləmək istədiyi vaxt isə tale onun qarşısına valideynlərini itirmiş, tək-tənha qalmış üç yaşlı Borisi çıxardır. Deməli, hələ hər şey itirilməyib. Yaşamaq üçün ümid var. Bütün bu mənasızlıqlara, insanların didişmələrinə, göz yaşlarına, qana, ölümə rəğmən, yaşamağın həm də bir mənası varmış.
Sonu qələbə ilə bitən filmlərin hamısında qəhrəmanlar həm məğlub, həm qalibdirlər. Onların itirdiyi o qədər çox şey var ki?
“Pianoçu” (2002, Roman Polanski) filminin qəhrəmanı Vladislav Şpilman da müharibədə çox şeyini itirir. Ailə üzvlərini, cəbhə dostlarını. Ancaq nə yaxşı ki, dinləyicilərini özlərindən alıb uzaqlara aparan, insanları əsrarəngiz aləmlərə səyahətə götürən barmaqlarını itirmir. Elə müharibədə də onun həyatını xilas edən sehrli barmaqları olur. Müharibə xarabalıqları arasında, ətrafda hər şey dağılıb-tökülmüşkən, bir insan kimi öz mövqeyini, dəyərini itirmişkən (düşmənin qarşısında o, indi sadəcə qarşı cəbhədən olan əsgərdir, hər an öldürülə bilər, bir göz qırpımında onun arzuları, ümidləri, hissləri, yaratdıqları, xəyalları puç edilə bilər), hər tərəf meyit, qan-qada içində olsa belə, içindəki musiqini əsla itirmir. Düşmən zabiti ilə qarşılaşanda arxasında oturduğu pianoda möcüzələr yaradır, sanki hələ heç nə olmayıb, o, nə yaxınlarını, dostlarını itirib, nə də bütün bu əziyyətləri çəkib.
“Bizim Cəbiş müəllim” (1969, Həsən Seyidbəyli) filmindəki Cəbiş müəllim obrazı arxa cəbhənin unudulmaz qəhrəmanı kimi xatırlanır.
Cəbhədən gələn sevindirici xəbərləri şagirdlərinə, qonşularına, uşaqlarına coşqu ilə verən Cəbiş müəllim qədər qələbəni duyan, hiss edən yoxdur. O, var-qüvvəsi ilə cəbhə fondu üçün çalışır, şagirdlərini də bu işə cəlb edir, hamını qələbə üçün ruhlandırır, yaxınları döyüşdə olan qonşularının evlərinə gedir, onlara ürək-dirək verir. Cəbiş müəllim optimizmini, ümidini bir an da olsun itirmir.
“Hamı sağ qalacaq, qoşunlarımız bütün cəbhə boyu hücuma keçiblər. Demirdim ki, qalib gələcəyik? Elə də oldu! Bu müharibədə qələbə bizim olacaq!” – deyir.
Bəli, Qarabağ müharibəsi bitdi, həm də qələbə ilə bitdi! Hamımızın gözü aydın olsun! Bundan sonra biz də sonu yaxşılıqla, zəfərlə, qələbə paradı ilə bitən filmlər çəkəcəyik! Həm də o torpaqların qoynunda çəkəcəyik o filmləri!
Amma mütləq o filmlərdə yenə ağrılarımızdan da danışmağı unutmayacağıq! Biz heç nəyi unutmayacağıq! Unutmayacağıq ki, başımıza bir də bu cür bəlalar gəlməsin! Torpaqlarımızda əbədi sülh, əmin-amanlıq bərqərar olsun!
/edebiyyatqazeti.az/