Sim-sim.az Sevinc Elsevərin yeni şeirlərini təqdim edir.
Zivələrin cırıltısı
yağış başladı
zivələrin cırıltısı
götürdü aləmi başına
qadınlar bütün işlərini atıb
zivələrə cumdular
evdə olmayanlar
evdəkilərə zəng vurdular həyəcanla
sanki rəngbərəng paltarlar
güllü, boz tumanlar qalmayacaqdı
yağışın altında
sevdikləri insanlar qalacaqdı
zivələrin cırıltısıyla başlar
yağışın nəğməsi
yağışın unudulmaz notlarındandır
zivələrin səsi…
hara getsəm,
həm də bu səslə xatırlanacaq
mənim doğma şəhərim
Çiçəklər və sevgilər
“Tez solacaq
heyf bunlara verilən pula”- deyib
ucuzlaşdırdı gözündə çiçəkləri qadın
elə ömrü qısadır deyə
bu qədər qiymətli olduğunu düşünmədi
çiçəyin, gülün…
çiçəklərdən bir az artıq yaşadı sevgisi də onun…
Çöl göyərçininə
hürküb məndən
özünü pəncərəyə çırpdı çöl göyərçini
bloka addımımı atan kimi
“vay, eləmə!”- deyə qaldırdığım əlim
qaldı havada
səsim qırıldı yarıda
kaş ki biləydi
insan olmaq istəmirəm çoxdan
özüm də yorulmuşam
belə qorxulu
belə dəhşət saçan varlıq olmaqdan
kaş biləydi
adamlardan mən də qorxuram.
İnam
bir zamanlar
tərk edildiyimdə belə
inanardım eşqə
yalqızlığımda belə…
eşqə inanmıram daha
ötdükcə zaman
bunu öyrəndim:
dünyanın ən yaraşıqlı
ən güclü
ən işıqlı kişisi tərk etsin səni
heç nə itirməmisən
eşqə inamı itirməmisənsə
həyat zindana dönəcək
eşq özü səni atıb getdisə…
***
böyük marketin qabağında
xeyirxah gənclərin yemlədiyi pişiyə
kinli-kinli baxır
dilənən yaşlı qadın
mərhəmət oyatmaqda
bir pişik qədər bacarıqlı olmadığıyçun
halbuki eyni şəkildə ağız açırdılar
pişik pişik diliylə
insan insan diliylə
yoldan ötənlər
pişiyə inanırdılar
yalanla yoldaş olmayaydı gərək
ən başından insan…
Kələkbaz insan
nəsə əldə eləməkçün
kainatı da aldatmalıymış insan
“mənə filan şeyi nəsib elə”- demək yerinə
“filan şey nəsibim oldu!”- deyə mesaj ötürməliymiş dünyaya…
“Tanrım, mənə filan şeyi ver!”- deməkdənsə
“Tanrım, şükür, filan şeyi mənə verdin!”- deyə dua eləməliymiş…
çaş-baş qoymalıymış güclü qüvvələri
öz kələkbazlığıyla
balaca uşağı həvəsləndirirmiş kimi
həvəs yaratmalıymış
arzularını həyata keçirəcək qüvvələrdə
“ağıllı balam yeməyini axıradək yedi”- deyə əzizlədiyi kimi
iştahsız uşağı
Sən də qocalacaqsan!
“Ana dili” dərsliyimizdən
bir cümləni xatırlayıram qəfil
oturduğum yerdə
avtobusdaca
“qocalara hörmət et, sən də qocalacaqsan!”
bu cümləni oxutduqları
nə qədər uşaq
uşaqkən qocaldı
müharibə meydanlarında
qaçqın şəhərciklərində
çörək növbələrində
kirli, qaranlıq küçələrdə
birçəkləri
saqqalları ağarmamış hələ
nə qədər vətən övladı
heç qocala bilmədi
nə erkən
nə sonra…
yaşlı bir qadına verirəm yerimi
kürəyimdəki ağrını vecə almadan
“sən də qocalacaqsan” – sözlərindəki o əminliyi
o hüzuru xatırlayıram bir də
yorğun gülümsəməmlə
sonra ürəyimdən keçir bir arzu:
kaş bütün uşaqlar
tələsmədən
asta-asta qocalsın
uzun, bitməz-tükənməz görünən həyatdan
zövq alsın.
Təzə iş yeri, köhnə plaş
təzə iş yerində
təkcə bir şeydən razıdır
nazlı qadın
maaşı az, hörməti az, dostu az olsa da
kimsə bilmir hələ
əynindəki paltarların
Nuh əyyamından qaldığını
ötən mövsüm
çox utandırırdı onu
əynindəki nimdaş plaş
nə payızlar, nə yazlar keçirtmişdi bu plaşla
sevincli, kədərli
yaş üstünə gəlmişdi yaş
hərdən düşünür
uyğun gəlmir plaşı daha yaşına
çoxdan hədiyyə verməliydi onu
gənc dost- tanışına
***
Təzə yazdığım şeiri
İlk oxuduğum adam
Dünyada ən doğma adamdır
Şeirimi oxuduğum zaman