sim-sim
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70
Reading: Sevinc Elsevərdən yeni şeirlər
sim-simsim-sim
Font ResizerAa
Axtar
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70
© sim-sim.az
sim-sim > Blog > poeziya > Sevinc Elsevərdən yeni şeirlər

Sevinc Elsevərdən yeni şeirlər

Published 03/08/2021
Paylaş

Sevinc Elsevərdən yeni şeirlər

 

 

Qarışqalar

Hafizə nənənin xatirəsinə…

Kədərli evlərə

hücum çəkər qarışqalar,

kədərli və yoxsul evləri işğal edərlər.

Kədərli uşaqların şəkərlərinə daraşarlar

tənha və yorğun qocaların

sandığına doluşarlar.

Xəstələrin yuxusuna

unudulmuş ölülərin,

qəriblərin məzarına

yığışarlar.

Şirini sevməkləri yalandır

dərdi, acını axtarıb taparlar hər yerdə qarışqalar…

Anamın yaşlı nənəsini xatırlayıram

konfetə daraşmış qarışqaları görəndə.

Tez-tez bizə gələrdi

qarışqa daraşmış konfetlərlə

bəy qızı olmuşdu ulu nənəm.

Qızıldan kəmər bağlamışdı bir zamanlar

başına qızıldan tac qoydurmuşdu atası

bəy atasını, bəy qardaşlarını damlamışdılar,

sürgün etmişdilər.

Kədərini bürüb-büküb toxuduğu

                        xalılarda gizləmişdi ulu nənəm

toxuduğu xalılarla ayaqda qalmış

müharibədən çıxmışdı

xəstə və yorğun anasıyla.

“Harda gizlədirəm, qarışqalar yenə tapır” –

soyduğumuz konfetlərin arasından qarışqalar töküləndə

deyinərdi pərt olaraq…

Qarışqaları çırpıb təpişdirərdim üzü daşdan möhkəm konfetləri,

çünki anamın nənəsindən başqa,

bizə konfet gətirən yox idi o illərdə

müharibə gedirdi.

Atalarımız-analarımız işsiz idi

qarışqalar da

qarışqalar da acıya gəlirdi…

 

Quba Memorial Soyqırım

kompleksində

Günahsız yerə qətl edilən

qadınların, uşaqların,

kişilərin, qocaların

toplu məzarı önündə

bir dəqiqəlik susuruq,

susuruq məktəbli uşaqlarla böyüklər.

Ancaq quşlar,

cırcıramalar oxuyur

ağacların yarpaqları xısınlaşır bir-biriylə.

Qulağımdakı çığırtılar, ah-nalələr,

qışqırtılar kəsilir.

Təbiətin hüzurlu səsini dinləyirəm

indi, bu anlarda

sanki insanların

təbiətə dəxli yoxdur.

Azan səsi ucalır hardasa

yaxında.

Bir xoruz banlayır

günorta olsa da,

sükut sona çatır.

Uşaqların səsi

quşların,

cırcıramaların,

yarpaqların səsinə qarışır.

Təbiətin xoşbəxt balasına çevrilir insan güləndə

qalan bütün vaxtlarda

təbiətə yaddır o.

 

Üç meymun

Utananda,

qorxanda gözlərini bağlayır

toppuş əlləriylə uşaqlar.

Onlara görünmürsə, yoxdur

qorxu da, utanmaq da…

Böyüklər də göz yumur qorxularına,

utanclarına.

Qulaqlarını tıxayır,

dillərini qıfıllayırlar,

amma

qorxularıyla “cicco oynayan” uşaqların

əyləncəli hüzuru olmur

“üç meymun”u oynayan adamlarda.

 

Zibil qutusu

Ayrıldılar.

Qız telefonunun

yaddaşındakı şəkilləri

yoxluğun qoynuna yollamağa tələsdi.

telefonsa onları “zibil qutusu”na göndərirdi

yaxşı düşmədikləri birgə şəkillərini belə,

“zibil qutusu”na yollamağa əli gəlməzdi əvvəllər.

“Zibil qutusu” bütün anlamıyla ürəyini sıxırdı

bu sıxıntını nə zamansa yaşadığını xatırladı:

uşaq vaxtı anası ölmüş pişiyini

zibil qutusuna atanda.

 

Yay

Ana qucağı kimi istisən, ey yay,

məni də öz balan say,

al qoynuna

başımı qat,

əzizlə.

Qoyma darıxmağa bu qədər,

qoyma yaxın gələ mənə kədər.

 

 

/edebiyyatqazeti.az/

Paylaş
Facebook Twitter Whatsapp Whatsapp Telegram Email Copy Link

Sim-sim.az gündəlik köşə, araşdırma, esse, poeziya və nəsr nümunələri, eləcə də kino, teatr, musiqi, rəssamlıq, memarlıq və incəsənətin digər sahələrinə aid geniş spektrdə maraqlı materiallar təqdim edir.
Portalda ölkəmizdə və xaricdə çap olunmuş kitablar haqqında resenziyalar, tanınmış incəsənət xadimləriylə müsahibələr, müzakirələr və debatlar, dünya mədəni irsiylə bağlı tərcümə materialları dərc olunur.

Təsisçi: Kamal Abdulla
Baş redaktor: Qismət Rüstəmov
Şef redaktor: Ömər Xəyyam
Redaktor: Cavid Zeynallı

 © sim-sim.az

Welcome Back!

Sign in to your account

Username or Email Address
Password

Lost your password?