Sim-sim.az Simran Qədimin “Pi” hekayəsini təqdim edir.
Xalidin gündəlik iş rejimi çox gərgin idi: ardı-arası kəsilməyən qızğın telefon danışıqları, bitib-tükənməyən elektron yazışmalar, kompüter arxasında görülməli vacib işlər, dalbadal qatılmalı olduğu toplantılar, konfranslar və… işgüzar səfərlər!.. Həm ölkədaxili, həm də xaricə.
Hərdən Xalid yuxudan oyanıb harada, hansı ölkədə olduğunu, gözlərini evdə, ya hoteldəmi açdığını anışdıra bilmirdi. İşlərinin çoxluğundan ailəsinə, yaxınlarına zaman ayırmağa imkan tapmırdı. “Kaş bircə həftə dincəlib, özümə gələ biləydim!” – Xalid tez-tez düşünürdü. Axırıncı dəfə nə vaxt başındakı fikirləri atıb musiqi dinlədiyini, filmə baxdığını, ya sadəcə, boş dayanıb səssizliyin ruhunu dinlədiyini unutmuşdu.
Axır vaxtlar Xalidin yuxusu pozulmuşdu. Gözlərini yuman kimi qarşısında rəngarəng nöqtələr, xətlər, zolaqlar oynaşır, yanıb-sönürdü. Bu, sözsüz, nəfəs dərmədən işləməyin fəsadı idi. Xalidin beynində daim işlə bağlı qatma-qarışıq rəqəmlər, saysız fikirlər uçuşurdu. “İmkan tapan kimi filankəsə zəng vurum, vədələşdiyimiz vaxtda bəhmənkəslə görüşüm, yolüstü beşməkan yerə dəyim…” – fikirlər az qala başında dəlik açıb çölə sıçrayacaqdı.
Xalidin qrafiki bu həftə də həmişəki kimi yetərincə sıx idi. Həftəsonu yenə xaricə işgüzar səfər planlaşdırılmışdı. Hava limanında yoxlamalardan keçib təyyarəyə minəcək, göyün yeddinci qatında iki-üç saatlıq yol gedəcək, enəcək, görüşlər keçirəcək, daha bir kontrakt imzalayıb, geri dönəcək. İllərlə gördüyü işin üzü sonsuzluğa, bilinməzliyə uzanan yeni bir halqasını qapayacaqdı. Xalid bozluqdan, sayalıqdan hədsiz usanmışdı, ən sadə iş də ona ağır yük, yorucu yol kimi gəlirdi.
Son günlər onu çuğlayan, içinə qəribə bir təşviş, anlaşılmazlıq hopduran hansısa bir hiss vardı. Xalid gah nəyin bahasına olur-olsun, bu səfərdən imtina etmək, ya səfəri başqa vaxta keçirmək fikrinə düşür, gah da mütləq getməli olduğunu düşünürdü. Niyə hər vəchlə bir bəhanə tapıb ya elə, ya da belə qənaətə gəldiyini heç özü də bilmirdi.
Xalidi təlaşlandıran bir məqam da vardı; elə bil neçə gün idi, kimsə, ya da kimlərsə onu qarabaqara, bir an belə gözdən qoymadan izləyirdi. Konkret nə vaxtdan, necə və niyə təqib edildiyini deyə bilməsə də, hisslərində yanılmadığına əmin idi. Vahimələnib tez-tez arxaya çevrilsə də, ətrafa göz gəzdirsə də, gözünə şübhəli kimsə dəymirdi.
***
Uzun çəkən darıxdırıcı bir tədbirdən gecəyarısı evə dönəndə, daha dəqiqi, maşınını binalarının qabağında saxlayıb düşəndə kimsə yüksək səslə onu çağırdı:
– Xalid bəy, bir dəqiqə… Bir dəqiqə dayanın, zəhmət olmasa…
Ayaq saxlayıb, həyətin qaranlığında asta addımlarla ona tərəf gələn adama nəzər saldı. Salonun işığını yandırdı. Gələn hündür boylu, orta yaşlı, görkəmcə ciddi təəssürat oyadan bir adam idi. Gur saçları arxaya daranmışdı. Gözləri parıldayırdı. Dodaqlarının küncünə yüngül təbəssüm qonmuşdu. Əyninə qutu kimi oturan qara kostyum geyinmiş, bahalı odekolon vurmuşdu.
– Bağışlayın, gecə vaxtı sizi narahat edirəm, Xalid bəy. Amma vacib bir məsələ var, sizinlə danışmaq istəyirəm… mümkünsə.
Xalid rəsmi tonda danışan bu adamı gözucu bir daha süzdü, onun kimliyini, nə istəyə biləcəyini düşünüb, eyni ciddiyyətlə, ağır-ağır dilləndi:
– Buyurun, eşidirəm sizi.
– Söhbətimiz uzun çəkə bilər. Həm də istəmirəm ki, bizim söhbəti eşidən olsun. İcazə versəniz, maşınınızda danışardıq.
Xalid başını tərpədib, razılığını bildirdi, salona keçdilər. Özü sükan arxasına keçdi, naməlum adam isə yandakı oturacaqda yerini tutdu.
– Vaxtınızı çox almaq fikrim yoxdur, diqqətiniz məndədirsə, sözü uzatmadan birbaşa mətləbə keçim.
– Buyurun, danışın.
Şübhəli adam dərindən nəfəs aldı, baxışlarını Xalidə zilləyib aram-aram, təmkinlə danışmağa başladı:
– Yəqin, deyəcəklərim sizə qəribə gələcək, amma fikir bildirməzdən öncə axıracan dinləməyinizi xahiş edirəm. Onsuz da yekun qərarı özünüz verəcəksiniz, kimsə sizə hökm edə bilməz. Deməli belə: mən bura həyatınızı xilas etməkdən ötrü gəlmişəm. Bəli, səhv başa düşmədiniz, həyatınız böyük bir təhlükə altındadır. Amma qorxmağa, təlaşlanmağa dəyməz, söyləyəcəklərimə əməl edəcəyiniz təqdirdə hər şey yaxşı olacaq. İnsanlar, adətən, taleyi dəyişməyin mümkünlüyünə inanmırlar, elə düşünürlər ki, həyatlarının “ssenarisi” əvvəlcədən yazılıb. Mənsə fərqli fikirdəyəm. Nəyin tale olub-olmadığını kim deyə bilər ki?! Bəzən hadisələrin gedişinə mütləq müdaxilə edilməlidir, necə deyərlər, işi şansa buraxmaq olmaz. Adam gərək ağlını əldən verməsin. Uzun sözün qısası, indi sizin taleyiniz öz əlinizdədir.
Şübhəli adam baxışlarını yayındırmadan danışığına ara verdi. Xalid hövsələsini basıb sözün mətləb üstə gəlməsini gözləyirdi.
– Həftəsonu planınızda xaricə səfər var, bilirəm, – şübhəli adam qısa sükuta son qoyub sözünə davam etdi, – amma siz gərək bundan imtina eləyəsiniz. Belə deyək, səfəri təxirə salın. Bu, çox vacibdir. Əsas odur, həmin gün gecəyarısına qədər ölkə daxilində olasınız. Bu zaman başınıza heç bir hadisə gəlməyəcək. Əks halda, faciə qaçılmazdır. Əgər xəbərdarlığıma məhəl qoymasanız, öləcəksiniz, Xalid bəy! Bəli, ömrünüz yarıdaca qırılacaq… İnanın mənə, çox ciddi, həyati məsələdir bu. Özünüzü fikirləşmirsinizsə, heç olmasa ailənizi, uşaqlarınızı düşünün.
Xalid təəccüb və çaşqınlıq içində donub qalmışdı, hipnoz altındaymış kimi nəzərlərini qarşısındakı adama zilləyib nə söyləyəcəyini, necə davranacağını anlamırdı. Axı kim idi bu adam? Həyatının təhlükədə olduğunu haradan bilirdi? Ən əsası, ona kömək etməkdə məqsədi nə idi?
Axır, birtəhər özünü toparlayıb, ağlındakı sualları verdi. Dediklərini necə sübut edə biləcəyini, ona niyə inanmalı olduğunu, nə vaxtdan onu izlədiyini soruşdu. Amma “sirli adam”ın sualları cavablandırmaq fikri yox idi. Məharətlə mətləbdən yayınırdı. Az sonra sifəti tutqun, donuq bir ifadə aldı:
– Mənim kimliyimin, sizə niyə kömək etmək istəməyimin məsələyə dəxli yoxdur. Buna baş sındırmaqdansa, diqqətinizi əsas məsələyə yönəldin: səfərə gedib-getməyəcəyinizə qərar verin. Əlbəttə, sizin mənə inanmayacağınızı təxmin etmişdim. Ona görə də, icazənizlə, bir sıra məqamlara toxunum.
“Sirli adam” Xalidin keçmişindən, hətta kimsəyə məlum olmayan bəzi hadisələrdən söz açdı. Uşaqlıqda sındırdığı büllur qabı gizlədərkən anasının onu iş üstündə tutmasından, universitetin ilk günlərində tələbə yoldaşıyla aralarındakı münaqişənin səbəbindən, üç il öncə ad günündə qızına aldığı hədiyyədən, hətta dünən gecə gördüyü yuxusundan danışdı. Hamısı həqiqət idi, sanki ona aid hər şeydən, ən incə nüanslardan belə xəbəri vardı. Xalidin nitqi tutulmuş, gözləri bərəlmişdi:
– Axı bu… bu nə deməkdir belə?! Siz… siz bunları hardan bilirsiniz?!
– Bilirəm, Xalid bəy, bilirəm. Mənə sizin barənizdə çox şey məlumdur, – “sirli adam” üzündə istehza qarışıq qələbə sevinciylə dedi. – Kim olmağıma, sizə niyə kömək etməyə çalışmağıma gəlincə isə, nə istəsəniz, düşünə bilərsiniz. Bəlkə, mənim çox güclü, fövqəltəbii hisslərim var, falçı, öncəgörən, ya da ekstrasensəm. Telepat qabiliyyətimlə ağlınızdan keçənləri oxuyuram. Ola da bilsin, insan deyiləm, adam cildinə girmiş bir məxluqam, yadplanetliyəm. Fərq etməz, əsas odur, mənim sözlərimə inanasınız, başqa çarəniz yoxdur onsuz da. Yenə içinizdə şübhə varsa, qoyun bunları da deyim.
“Sirli adam” indi də öncəgörmələrini dilə gətirdi. Bildirdi ki, Xalid səhər üzünü qırxanda çənəsini yaralayacaq, ofisdəykən həyətdən gələn maşın siqnalına diksinəcək, telefonla danışanda dostunun başına bir iş gələcək, su içəndə stəkan əlindən düşüb çilik–çilik olacaq… Dedikləri düz çıxdıqca Xalidin ona inamı artacaq, əminliklə səfərə getməməli olduğu qənaətinə gələcək.
“Sirli adam” sözünü bitirib, maşının qapısını açdı, “Gecəniz xeyrə qalsın, Xalid bəy!” – deyib salondan çıxdı.
Xalid yerindəcə quruyub qalmışdı. Mürgüdən ayılıbmış kimi, həyatla əlaqəsi bərpa olunanda həmsöhbəti çoxdan küçənin qaranlığında yoxa çıxmışdı…
Səhərəcən yata bilmədi, yerində qıvrıla-qıvrıla qalıb, gecə boyunca eşitdiklərini beynində çək-çevir etdi. Bəlkə, işlərinə mane olmaq istəyənlərin – düşmənlərinin oyunu idi bu? Axı Xalidin düşməni-filanı yox idi. Bəs onda kim, niyə belə bir iş tutmuşdu, bu cür müəmmalı, mistik, cəfəng yolla ona əngəl törətməyə çalışırdı? Guya səfərin təxirə salınmasıyla nə olacaqdı? Amma keçmişi haqda deyilənlər düz idi. Bəs bu necə ola bilərdi? Mümkün idimi belə bir şey? Hətta Xalidin kimsəyə danışmadığı yuxusundan da xəbər verilirdisə, görəsən, gələcək barədə söylənilənlər necə, onlar da düz çıxa bilərdimi?
***
Dirigözlü açdığı səhəri günü Xalid ruh kimi keçirdi: tikan üstə oturubmuş kimi, özündə-sözündə olmadı, hər an, hər saniyə nəsə baş verəcəyini, “sirli adam”ın kəhanətlərinin gerçəkləşəcəyini gözlədi. Nə qədər ağlasığmaz, inanılmaz olsa da, öncəgörmələr tək-tək reallaşdı: səhər taraşında üzünü yaraladı, ofisdə olanda həyətdən gələn maşın səsinə bərk diksindi, dostu onunla telefonla danışa-danışa pilləkəndən enəndə ayağını burxutdu, su içmək istəyəndə stəkan əlindən düşüb çilik–çilik oldu…
Xalid təşviş içində idi, vurnuxur, neyləməli olduğunu götür-qoy edir, konkret bir rəyə gəlməyə çalışırdı. Yaşananlara inanmaq mümkün deyildi, hər şey çox mənasız, cəfəng, absurd idi. Təkcə kitablarda, filmlərdə rast gəldiyi belə şeylərə necə inanaydı?! Bununla belə, fakt faktlığında qalırdı, reallığı, həqiqəti kimsə dana bilməzdi.
Hansısa bir izah tapmaq ümidi ilə internetdə beyin xəstəlikləri, şizofreniya, hallüsinasiya barədə oxudu. Əsas da “deja-vü” hissinin üstündə dayandı: insan bəzən həyatının bəlli bir anını, hansısa epizodunu əvvəllər olmuş kimi hiss edir, ona elə gəlir, bu anı yaşayıb. Əslində isə, bu, gerçək deyil, yanılsamadır. Ola bilərdimi ki, Xalid deja-vüyə bənzər başqa bir halla üzləşib, ona görə də yaşadığı hadisələrin, başına gələn hadisələrin öncədən deyildiyini zənn edir. Bəlkə də, bir kimsəylə görüşüb eləməyib, məsələn, hamısını yuxuda görüb. Bir sözlə, ağlı çaşıb.
Həftəsonuna doğru nisbətən sakitləşdi. Səfərə hələ iki gün vardı, hər halda, bir qərara gələcəkdi. Ürəyinə şübhə düşmüşdüsə, yaxşısı bu idi, getməsin. Bir gün gec, bir gün tez – səfəri təxirə salsa, dünya dağılmazdı ki! Bəs əgər taleyində ölmək vardısa necə? Təyyarəyə minməməklə sağ qala bilərdimi? Ümumiyyətlə, alın yazısını, qisməti dəyişmək olarmı? Bəlkə, “sirli adam”ın əliylə “taleyi”nə taleyindən qaçmaq yazılmışdı?
…Yenə maşınını binalarının qabağında saxlayıb düşəndə kimsə yüksək səslə onu çağırdı. Ürəyi şiddətlə çırpındı, canını vahimə qarışıq həyəcan sardı. Onun, həmin o “kabus adam”ın gəldiyini düşünsə də, yanılmışdı; tamam başqa biri idi yaxınlaşan:
– Xalid bəy, bir dəqiqə… Bir dəqiqə dayanın, zəhmət olmasa…
Yenə eyni sözlər, eyni danışıq tərzi, eyni səhnə. Bu adamın da hündür boyu, orta yaşı, ciddi görkəmi vardı. Arxaya daranmış gur saçlar, parlaq gözlər, dodaqlarının küncündə yüngül təbəssüm; şıq kostyumu, bahalı odekolonu da öz yerində! Amma üz cizgilərinə görə fərqlənirdi, səsi də azca dəyişik, elə bil bir qədər kobud, xırıltılı idi.
“Bəlkə, odur, sadəcə, qrimlənib?” – Xalid düşündü.
– Bağışlayın məni, gecə vaxtı narahat edirəm, Xalid bəy, amma vacib bir məsələ barədə sizinlə danışmaq istəyirəm… mümkünsə.
“Yox, tamam ayrı adamdı bu!..”
Keçəndəfəki “ssenari” eynən təkrarlandı, ogünkü kimi maşına keçib söhbətə girişdilər. Sən demə, bu adam da Xalidə kömək etməyə gəlibmiş. Həyatı böyük bir təhlükə altında imiş, amma bu dəfə səfərə getməməsi yox, əksinə, mütləq getməli olduğu deyilirdi. Əgər səfərdən imtina etsə, ya bir başqa vaxta, ayrı günə keçirsə, geridönüşü olmayan faciə baş verəcəkdi – öləcəkdi Xalid! Sağ qalmaqdan ötrü həftəsonu ölkədən çıxmaqdan başqa çarəsi yox idi.
Az qala havalanacaqdı! Kimə və nəyə inanacağını bilmirdi, gicgahları guppuldayır, nəfəsi çatmırdı. Xalid bu dəfə hirs-hikkəsini, qəzəbini gizlətmədi, suallarını kəskin, sərt şəkildə verib, qarşısındakından konkret cavablar istədi. Hətta bir ara əl atıb həmsöhbətinin yaxasından bərk-bərk yapışdı da. Amma nə xeyri, bu adamdan da düz-əməlli cavab almaq mümkün olmadı.
– Bu nə rəftardır, sakitləşin, yığışdırın özünüzü, Xalid bəy! – “ikinci sirli adam” köynəyinin yaxasını, pencəyini düzəldib amiranə tərzdə dedi. – Mən sizə kömək etməyə, həyatınzı qurtarmağa gəlmişəm, təşəkkür əvəzinə, görün neyləyirsiniz?! Hay-həşir salmaqdansa, ağıllı-başlı düşünün: səfərə gedib-getməyəcəyinizin qərarını verin. Yox, əgər inanmırsınızsa mənə, icazənizlə, bir sıra məqamlara da toxunum…
Yenə keçmişdən misallar, gələcəyə dair öncəgörmələr. “İkinci sirli adam” da avtomobili tərk edəndə Xalid yerindəcə quruyub qalmışdı: sanki dərin mürgüyə dalmış, həyatla əlaqəsi tamam kəsilmişdi…
Səhəri gün hər şey elə gözlədiyi kimi də oldu: yeni kəhanətlərin hamısı gerçəkləşdi!.. Arvadı səhvən tosteri iki dəfə işə salıb çörəkləri yandırdı, işə gedərkən arxadan gələn “Ford” avtomobilini azca sürtdü, ofisdəki yaşlı xadimənin təzyiqi qəfil qalxıb halı pisləşdi, evə dönəndə az qaldı qəflətən yola çıxan qara pişiyi vursun… Artıq sözə ehtiyac yox idi, hər iki adam dəqiqliklə, ən xırda səhvə belə yol vermədən gələcəyi görə bilmişdi.
Təlaş içində, əlacsız-çarəsiz oyan-buyana gedir, nə qədər düşünsə, düşünməkdən az qala başını çatlatsa da, bir qərara gələ bilmirdi. Səfərə getsə – birinci, getməsə – ikinci “sirli adam”ın xəbərdarlığı gözardı ediləcəkdi. Belə çıxırdı ki, hər iki halda ölümdən qaçmaq mümkün deyildi. Ya da əksinə, hər iki halda onlardan birinin sözünə əməl etmiş olacaq, dolayısıyla, sağ qalacaqdı.
Ortada Xalidin gicgahını güllə kimi dələn dəhşətli, ölümcül bir paradoks vardı. Təyyarəyə minmək, ya minməmək… ölkəni tərk etmək, ya etməmək… olum, ya ölüm… İki yol arasındakı get-gəllərdən, ölümün ölümdən betər qorxusundan, vahiməsindən qurtulmaqdan ötrü Xalid indi hər şeyindən keçməyə hazır idi.
***
Hava limanında həmişəki kimi iynə atsan, yerə düşməzdi. Cavanı, qocası, səbirlisi, hövsələsizi, gülərüzlüsü, qaşqabaqlısı – hamı yoxlamalardan ən qısa vaxtda, tez-bazar keçib təyyarəyə minməyə tələsirdi. Xalidin üzündən yorğunluq yağırdı. Yuxusuzluqdan gözləri şişmiş, rəngi avazımışdı. Vurnuxur, təşvişlə oyan-buyana baxır, mızıldanırdı, tez-tez diksinir, dəlitək gülümsəyirdi.
Az sonra sərnişinlər gözləmə zalına toplaşdılar. Vaxtı hərə bir cür ötüşdürməyə çalışırdı: yenə gözünü smartfonun ekranına zilləyənlər, qızğın mübahisə edənlər, gözlərini bir nöqtəyə dikib dərin fikrə dalanlar, kitab oxuyanlar…
Minik elan edildi, sərnişinlər qapıya yaxınlaşdılar. Xalid də onların arasında idi, hələ də özündə-sözündə deyildi, dərin qorxu-təlaş, həyəcan, tərəddüd keçirirdi. Bir qərara gələ bilmir, dala-qabağa gedirdi.
Axır, təyyarənin salonuna girdi, çantasını yerbəyer edib, illüminatorun yanındakı yerini tutdu. Gözlərini bayıra zillədi, fikrə dalıb dünya-aləmdən təcrid olundu. Təyyarə sürət yığıb yüksəlməyə başladı. Artıq gec idi, qərarını dəyişə bilməzdi.
Xalidin bu səfərə getməsinə səbəb “ikinci sirli adam”a inanması, ona güvənməsi deyildi. Bu addımı atmasına təkan verən tamam başqa, əslində, özünün də tam anlamadığı bir hiss idi: o, sadəcə, həyatına qaldığı yerdən davam edird