“Biz ağlayaraq doğulur, səssizcə ölürük. Öhdəmizə düşənsə gülüşlə yaşamaqdır”.
Viktor Hüqo
Öskürə-öskürə bloka girdi, sanki canındakı üzücü yorğunluğu bir andaca çıxarıb havaya sovuracaqmış kimi nəfəsini dərdi. Ağır-ağır titrəyən əlini uzadıb liftin düyməsini basdı, gözlədi, gözlədi… Qocanın ürəyində saydığı saniyələr sürətlə irəliləsə də, liftin tayları açılacaqmış kimi görünmürdü. Qəfildən ağrılı bir təlaş hissi sardı canını, ürəyi bərk sıxıldı, əlini atıb təkrar-təkrar düyməyə basmağa başladı: “Yəqin, indi açılar, bu dəqiqə açılar. Axı niyə işə düşməsin ki?! İndicə gələcək lift – həmişəki kimi ehmalca, yavaş-yavaş aralanacaq tayları…” Nə qədər öləziyən ümidini diri tutmaq istəsə də, bunun heç bir önəmi yox idi. Sonuncu təmirdən bəri problemsiz işləyən lift yenə xarab olmuşdu…
Qoca – əsəbi-əsəbi başını bulayıb – səssizcə köks ötürdü, əlini cibinə salıb siqaret qutusunu çıxardı. Amma siqaret çəkməyin faydası yox idi, indi nə tarıma çəkilmiş əsəbləri sakitləşəcək, nə də lift işə düşəcəkdi. Fikrini dəyişib qutunu cibinə qaytardı, daha bir köks ötürüb, həvəssiz-həvəssiz çoxdan köhnəlmiş, sınıq-sökük pilləkənə sarı addımladı. Başını qaldırdı, gözlərini yuxarı zillədi. Liftin işləməməyi canına vəlvələ salmışdı. Elə bil nədənsə qorxub-çəkinir, nəsə olacağından, hansısa bədbəxtliyin yaşanacağından ehtiyatlanırdı.
“Bu yaşımda sağ-salamat yuxarı çıxmağa gücüm çatarmı görən?” – öz-özünə verdiyi sual ona çox yersiz gəldi. Altı ay əvvəl də – lift işləməyəndə – bir neçə gün beşinci mərtəbəyə piyada qalxmışdı. Niyə də indi pilləkənləri çıxa bilməsin ki? Mənasızlığını, bir xeyrinin olmayacağını bilə-bilə dönüb təzədən liftə tərəf getdi, böyük həvəslə, təkrar-təkrar yenə düyməyə basıb ürəyindəcə: “açılacaq, açılacaq…”, – dedi. Amma donub qalan taylar aralanmadı, illərdir xarab olubmuş kimi, heç yerindən qımıldanmadı da. Nə bir titrəyiş, nə bir səs…
Qocanı fikrə salan vacib bir məqam vardı: axır vaxtlar səhhətində yaranan problemlər, nasazlıqlar! Altı ay qabağa baxanda xeyli geriləyib haldan düşmüş, gücü-qüvvəti, hey-hərəkəti zəifləmişdi. Ayaq üstə çox dura bilmirdi. Son dövrlərəcən yorulub-eləmədən evindən avtobus dayanacağınadək rahatca gedən adam, axır günlər ayaqlarını zorla sürüyür, addımını atmaqda güclük çəkirdi. Süngərdəki su kimi taqətini canından çəkib çıxarmışdılar sanki. Huşu-zehni da özündə deyildi, tez-tez başı dumanlanır, halı qarışırdı. Vaxtaşırı kövrələrək çox yaşlandığını – ölməyə gecikdiyini desə də, doğmaları etiraz edirdilər; deyirdilər, yaşına görə cavandır, gümrahdır, uzun illər yaşayacaq hələ.
Qoca – lənətə gəlmiş liftin işləmədiyinə əmin olub – pilləkənlə qalxmağa qərar verdi. Boş yerə gözləməyin mənası yox idi, nə qədər əziyyət də olsa, yavaş-yavaş, ehtiyatla qalxacaqdı. İlk altı pilləni geridə qoyub bir anlıq ayaq saxladı: “Bəlkə, yenə yoxlasam, gələr lift, açılmaq istəməyən tayları tərpənər yerindən? Ola bilərmi ki, düyməyə yaxşı basmadım: liftin özü deyil, düyməsidir xarab olan?” Qoca acı bir təbəssümlə gülə-gülə ah çəkdi: “Yox, əlbəttə ki, yox! Gör mən bu başabəla liftin düyməsini neçə dəfə basdım…”
Yenə taqətsiz ayaqlarına güc verib pillələri qalxmağa davam etdi. Amma tez də dayanmalı oldu: bir uşaq durmuşdu qarşısında. Hələ məktəb yaşına çatmayan azyaşlı, kiçik bir uşaq… Dörd-beş pillə yuxarıda mıxlanıb, nəzərlərini ona zilləmişdi. Niyəsə yaman qaşqabaqlı idi; eləcə dayanıb qar kimi ağappaq saçları, orta boyu, cılız bədəni olan qocaya baxırdı.
– Salam… gəl… gəl, ay bala… gəl bir sənin üzündən öpüm. Hardan çıxdın belə? De görüm, sən kimin oğlusan?..
Qoca dərinlərdən bir yerdən gələn xırıltılı, cod səsiylə dillənib, gülərüzlə əllərini uzatdı. Uşağın isə yerindən qımıldanmaq fikri yox idi: qabağındakını eşitmir, görmürdü elə bil.
– Nə olub sənə, hə? Danış, de görüm, kim dəyib xətrinə? Nədir, niyə üzünü turşudub, qaşlarını çatmısan?..
Uşaq – qocaya yanaşmaq əvəzinə – qaşlarını lap düyünlədi, üzündəki ifadəni daha da qatılaşdırıb donuq-donuq baxdı. Təəccüblənmişdi qoca, amma həlim, mülayim baxışlarını olduğu kimi saxlayıb özünü o yerə qoymadı, hətta daha çox gülümsündü. Sonra diqqətlə, başdan-ayağacan uşağı süzdü: yaşına xas olmayan mənalı, dərin baxışlar, büzüşmüş incə dodaqlar, anlaşılmaz üz ifadəsi.
Qoca daha iki pillə qalxıb qayğılı, mehriban bir səslə dedi:
– Gəl, gəl görüm kim incidib səni, mənim əziz balam, gözəl balam…
Birdən, uşağın üzündəki ifadə büsbütün kəskinləşdi. Özünü tamam kənara çəkdi, gözəgörünməz bir varlıq kimi, cəld, qıvraq hərəkətlərlə qocanın yanından ötüb, kiçik ayaqları üçün böyük olan pillələrlə aşağı düşməyə başladı.
“Axı məni tanımır, ona görə danışmadı yəqin, yanaşmaq istəmədi”
Qoca ayağını növbəti pilləyə qoyub yuxarı çıxmağa hazırlaşırdı ki, bədənindən şiddətli bir cərəyan keçdiyini hiss etdi: onu diksindirib, sanki dərin yuxudan ayıldan, bütün vücudundan gur işıq kimi süzülən sərt, soyuq bir cərəyan! Uşaq ətrafındakılardan – valideynlərindən, nənəsindən, babasından, qardaşından, bacısından, bəlkə də, dayəsindən xəbərsiz evdən çıxmış ola bilərdi. Tez dalınca düşmək, özünü həyətə atmamış saxlamaq lazım idi!
Dönüb arxaya baxdı. Gözləri təlaşla var-gəl edib uşağı axtarsa da, oğlan yoxa çıxmışdı. Axı bir göz qırpımındaca hara getmişdi belə? Bəlkə, aşağı düşmüşdü artıq? Amma yox, ola bilməzdi, çünki bir, uzağı ikicə saniyə keçdi; bu vaxta uşağın pillələri enməsi mümkün deyildi. Bəlkə də, səbəbi heç yerdə yox, özündə axtarmalı idi: ötən 5-10, ya 15-20 saniyə 1-2 saniyə kimi gəlmişdi. Ya da sadəcə qarabasma, hallüsinasiya görmüşdü. Məsələn, qəfil təzyiqinin qalxıb halının qarışmasına, ağlının çaşmasına görə.
“Çox yorulub əldən düşmüşəm, yaşlanmışam, burda nə var axı?! Hə, lap da ki, çaşıb ağlım!” – qoca hirslə əlini yelləyib, başını buladı. Möhkəmcə məhəccərdən yapışdı, elə bil get-gedə hündürləşən pilləkənlə qalxmağa davam etdi. Bir pillə… iki pillə… üç pillə… Bədəni sanki çəkisi artıbmış kimi, tədricən ağır gəlir, ayaqları, əzələləri heydən düşüb yavaş-yavaş sözündən çıxmağa başlayırdı.
İxtiyarsız, altı ay əvvəl də lift xarab olanda yenə pilləkənlə qalxmağını yada saldı. O gündən bu günə səhhətinin pisləşməsi açıq-aydın gözə çarpırdı. Əvvəl üçüncü-dördüncü mərtəbədə keçirdiyi yorğunluq hissi, indi ikinci mərtəbəyə çatmamış əmələ gəlmişdi. Günbəgün, saatbasaat geriləyirdi qoca. Bir yandan da, axır vaxtlar tez-tez təzyiqinin oynayıb halının qarışması, yeriyəndə təngnəfəslik, bəzənsə ürəyinin bulanıb, başının gicəllənməsi…
İkinci mərtəbəyə çatanda ayaqları sözünü eşitmədi, yenə dayanıb nəfəsini dərmək məcburiyyətində qaldı. Təzədən tərpənmək istəyəndə isə, bayaqkı kimi: dörd-beş pillə yuxarıda donub qalan bir uşaq… yeniyetmə yaşlarında, birinci mərtəbədəkinə çox bənzər, demək olar, onun əkizi bir uşaq!.. Bu dəfə qoca bərk diksindi, yenə ağlının çaşdığını, halının qarışdığını düşündü. Təkrar-təkrar gözlərini yumdu, açdı… yumdu, açdı… Heç olmadığı qədər gerçək, həqiqi idi hər şey!
– Gəl, gəl sən düş aşağı. Nədir, nolub, a bala?! Niyə dinib-danışmırsan, qardaşın səni gözləyir axı…
Bu uşaq da reaksiya vermədi, sakitcə, dinməz-söyləməz dayanıb, yerindən qımıldanmadı da. Birinci mərtəbədəki oğlan kimi, o da qabağındakını eşitmir, görmür, saymırdı elə bil. Eynilə çatılı qaşlar, yaşına xas olmayan mənalı, dərin baxışlar, büzüşdürülmüş incə dodaqlar. Uşağın üzündə qəribə, anlaşılmaz bir kədər də vardı.
– Bəs niyə qardaşını tək buraxmısan? Yaxşı, day neyləyək, eybi yox… get, get onun dalınca… Tez elə, indi həyətdə səni gözləyir, yəqin…
Üzücü bir sakitlik, sükunət.
– Eşitmirsən məni?! – qoca sifətini turşudub yüksək səslə, bir az da acıqla qışqırdı.
Oğlan tarım çəkilmiş yaydan çıxan ox kimi, qəfil yerindən götürüldü, sürətlə aşağı düşdü. Heç nə anlamaq olmurdu: axı nə demək idi bütün bunlar?! Qoca arxaya çevrildi, təəccüb və çaşqınlıq içində yoxa çıxmış yeniyetmənin dalınca baxdı. Hər ikisində nəsə vardı. Bu tutqunluğun, donuqluğun səbəbi nə ola bilərdi? Uşaqlar qəlbində sözlə ifadəsi mümkünsüz, izaholunmaz hisslər oyatmışdılar.
“Görən nə olub? Niyə belə miskin, qəmgin idilər ki?”
Uşaqların əvvəlcə səssiz-səmirsiz dayanmaları, sonra da qəfil yerlərindən götürülmələri beynində çoxlu suallar doğurmuşdu. Əsas da, üzlərindəki qəm-qüssə, nisgil… Bəlkə, onun halına acıyırdılar: pillələri zorla çıxmağı, xəstəliklərdən arıqlayıb büzüşməsi, üzündəki qırışlar… Hər ömrün sonu var, yəqin, gec-tez bir gün özlərinin da bu hala düşəcəklərini fikirləşirdilər. Qocanın özünə bərk acığı tutdu. Axı hansı uşaq belə şeylər fikirləşər? Gərək ki, qardaşlar aralarındaca dalaşmışdılar, ya da anaları danlamışdı onları, vəssalam. Bu qədər sadə və bəsit!
“Deyəsən, çox şişirdirəm, burda nə var axı? Sadəcə azacıq kefsiz idilər, başqa heç nə…“
Qoca – büsbütün bədənini bürüyən qan-tərin içində – birtəhər özünü üçüncü mərtəbəyə çatdırıb yenə dayandı. Bu dəfə isə nə diksindi, nə də təəccübləndi; elə bil kiminsə qabağına çıxacağını hiss etmişdi, ürəyinə dammışdı. Dörd-beş pillə yuxarıda yenə bir oğlan vardı: iyirmi yaşlarında, yaraşıqlı, eynilə o birilərə bənzəyən bir oğlan! O da bərk-bərk qaşlarının düyününü sıxıb, dodaqlarını büzüşdürmüş, heykəl kimi donmuşdu.
– Salam.
Ağzından başqa söz çıxarmayıb, heç nəyə məhəl qoymadan pillələri qalxmağa davam etdi. Bu oğlan o birilərlə müqayisədə lap kədərliydi, hətta gözləri də yaşarmışdı.
“Hər üçünün nəsə dərdi var, bəlkə də, evlərində gözlənilməz, ağır bir faciə olub. Yoxsa durduq yerə niyə belə hala düşsünlər ki?”
Bu gənc də, o birilər kimi qəfildən, sürətlə aşağı düşdü. Qoca isə ona fikir verməyib, tövşüyə-tövşüyə, nəfəsi təngiyə-təngiyə yuxarı qalxırdı.
“İndicə təqatim kəsiləcək, yerə yıxılıb qalacam, deyəsən. Əl-ayağım, qabırğalarım sınıb çilik-çilik olacaq, axırıma çıxacaq üstümə-üstümə gələn pilləkənlər!..”
Qoca tamam heysizləyib gücdən düşsə də, birtəhər ayaqlarını işləməyə məcbur edir, durub nəfəsini dərmək barədə heç fikirləşmirdi də. Hər növbəti pilləni çıxdıqca isə, sol qolunda və sinəsindəki ağrılar lap şiddətlənirdi.
“Təki bir azca da dözüm, təki qapını açıb girim evimə!”
Bu dəqiqə onun ən böyük arzusu beşinci mərtəbəyə sağ-salamat çıxmaq, evinə girib “əldən-ayaqdan düşənə” – bezənədək yatıb-dincəlmək idi. Nəinki saatlarla, hətta günlərlə qımıldanmasa, yorğunluğu, halsızlığı çıxmazdı canından.
“Bir də gördün, ürəyim tab gətirməyib qəfil dayandı, dözməyib partladı birdən-birə…”
Dördüncü mərtəbəyə qalxanda elə yorulub heysizləmişdi ki, artıq gözünə heç nə görünmürdü: nə yuxarıda durub ona baxan 40-45 yaşlı kişi, nə onun ağlamaqdan qıpqırmızı qızarmış gözləri, nə də bu adamın o birilərlə hədsiz oxşar olması… Dayansa, dursa, yıxılacaqdı qoca. Zamanla yarışırmış kimi tələsir, dayanmadan, durmadan yuxarı qalxırdı. Sağ, sol, sağ, sol…
“Mən bacaracam, bir şey qalmayıb, özümü çatdıracam evimə!..”
Bədəni fırtına dalğalarındakı gəmi kimi, oyan-buyana ləngər vurur, ətrafındakı hər şey başına dörd dolanırdı. Amma qoca təslim olmayıb axıracan gedirdi. Təkcə yuxarı, yuxarı…
“Lap az qaldı… Evə çatım dincələrəm. Təki bir azca da dözüm!..”
Nəfəsi demək olar, kəsilsə, aramsız çırpınan ürəyi kəskin ağrı versə də, pillələri qalxırdı, öhdəsindən gəlirdi hələ ki.
“Bircə pillə də… qurtarır daha, çatmışam artıq…”
Nəhayət, pillələrin hamısını geridə qoyub beşinci mərtəbəyə çatdı. Qoca daha bir addım atıb qapıya yaxınlaşdı və bu anda… birdən, sanki kimsə sinəsinə ağır, möhkəm bir xəncər zərbəsi endirdi. Ürəyindən ağrı qopdu: adamın ağlını başından çıxaran – çox şiddətli, dəhşətli, qorxunc bir ağrı!!..
“Onsuz da çıxmışam pilləkənləri… çatmışam evimə…”
Qoca – yorğunluqdan, heysizlikdən, ya bəlkə, ürəyindəki amansız, dözülməz ağrının təsirindən – bədəninin sanki ondan ayrıldığını hiss etdi. Müvazinətini itirdi, yıxılıb yerə sərələndi…
“Əsas odur, çıxdım, sonacan qalxdım yuxarı…”
İndi üst mərtəbədən ağır-ağır, ehmal addımlarla çox yaşlı bir kişi düşürdü aşağı. Eynilə digərləri kimi, onun da üz-gözü kədərdən, qəm-qüssədən büzüşüb tanınmaz hala düşmüşdü. Hətta əməlli-başlı ağlayırdı da: gözlərindən yanaqlarına, oradan da üzüaşağı iri yaş damlaları süzülürdü.