Kirli Realizm 1970-80-ci illərdə Amerikada ortaya çıxan ədəbi cərəyandır. Reymon Karverin “Kirli Realist”lərin atası olduğunu demək olar, amma dövrün Amerikasında baş verənlərin ədəbiyyata olan təsiri “Kirli Realizm”i bir yazıçının üslubunu təqlid edərək yazılmış qısa ömürlü cərəyan olmaqdan çıxarır.
Cərəyanın geniş vüsət alması xəyallar ölkəsi Amerikanın “Böyük Böhran”, ardınca isə Vyetnam Müharibəsindən sonra öz reallıqları ilə üzləşdiyi dövrə təsadüf edir. Necə ki, “İtmiş Nəsil” bir növ Birinci Dünya Müharibəsinin təsiriylə formalaşmışdı, “Kirli Realist”lərdə də Vyetnam Müharibəsinin təsirini və bu savaşın əleyhinə olmaqlarının izlərini görmək olar. Buna görə bu ədəbi nəsil “Yeni İtmiş Nəsil” olaraq da tanınır.
Cərəyanın adına bu istiqamətə aid edilən yazıçılar çox da fikir verməyiblər. Karver və Bartelmi bu ədəbi nəslin ən nəzərə çarpan xüsusiyyəti sayılan “minimalist yazıçılar” təsnifatından da uzaq durmağa çalışıblar.
Əlbəttə, ortaq yönləri var. Onlar daha çox sıravi insanların gündəlik həyatındakı doldurulması çətin boşluqlardan yazırdılar. Mövzu kimi, konkret bir təsnifata aparmaq yanlışlığına düşmədən, nələrdən uzaq durduqlarını sadalasaq, mövqeləri aydınlaşar: onların yazdıqlarında xeyirxah qəhrəmanlar, xəyallarının arxasınca qaçan fərdlər, ya da cəmiyyətlər, metafizik vəziyyətlər yoxdur. Onlar özünü ifadə edə bilməmək, depressiya, dəyərsizlik və tənhalıq kimi fərdin gündəlik sıxıntıları olan, bəlkə də haqqında danışılması dəyərsiz hesab edilən şeylərdən qidalanırlar.
Bu cür mövzuları seçdikləri üçün bu ədəbi nəslin yanaşmasını pessimizm kimi ümumiləşdirsələr də, “kirli” olan reallığın yazıya bu cür tətbiq edilməsi və sənətin funksiyasını qavrayışımızdakı duyğular da ola bilər. Bu sıraya “Kirli Realist”lərin sənət əsərinin insanda yaratmalı olduğu deyilən doyğunluq hissini oxucuya təqdim etməməklərini də əlavə etmək olar.
Başqa ortaq cəhətləri isə əyalət həyatının gündəlik tərəflərindən danışmalarıdır. Çoxunun hekayələrində az gəlirli işlərdə çalışan ədəbi personajlara rast gəlirik.
Yenə də ən nəzərə çarpan cəhətləri minimalist olmaqlarıdır. “Kirli Realizm” eyni qaynaqlardan bəslənən bir ədəbi nəslin ortaq fikrini ifadə edirsə, minimalizmə bu ortaq fikrin ifadəsi üçün seçdikləri ifadə forması demək olar.
Silvia Del Pozzoyya verdiyi bir müsahibədə Karver deyib ki, yazdıqlarına minimalist deyilməsini sevmir, ona fikrincə, minimalist sözü dar düşüncə, düşük ehtiraslar, məhdud mədəni üfüqlər kimi neqativ şeyləri yada salır. Başqa bir mühasibəsində isə deyir ki, minimalist sözü metodun etibarlılığına kölgə salır.
Frederik Bartelmi isə ona minimalist yazıçı deyilməsinə qarşı yazdığı bir məqaləsində belə deyir: “Ədəbi personajlarım birdən-birə irəli atılmır, ya da fikirlərini dünyaya hayqırmırlar deyə məni belə adlandırırlar. Amma bu o demək deyil ki, onların dünya görüşü yoxdur, sadəcə onların əksəriyyəti dünya görüşünün istehsal oluna bildiyindən və bunun çox da etibarlı olmadığından xəbərdardırlar. Beləcə, ədəbi personajlarım dinmirlər.”
Karver də xeyli müsahibəsində yazı metodundan bəhs edərkən sadəliyi vurğulamaq üçün Heminqueyin bu sözlərini sitat çəkir: “Proza memarlıqdır, amma biz Barokko dövründə deyilik.”
Ədəbiyyatda minimalizm haqqında illər boyu çəkən mübahisələrdən sonra, bəlkə də Karverin də razılaşacağı bir minimalizm tərifi yəqin belə olardı: sözlərin qısa, konkret, hər şeydən arınmış formada təqdim edilməsi. Lazımsız sözlərdən və cümlə içində bəyənatlardan qaçmaq. Onlar üçün ədəbi personajların hisslərini ifadə etməkdən çox, situasiyaların duru, sadə təsvirinə yer vermək daha önəmlidir. Beləcə, oxucuya doyğunluq hissindən çox boşluq, natamamlıq hissi təklif olunur. Yazıçı oxucunu dörd tərəfi ucsuz-bucaqsız bir sahəyə buraxır və aradan çəkilir.
Minimalizm “Kirli Realist”lərdən əvvəl də ədəbiyyatçıların tez-tez istifadə ifadə forması olub. Henri Ceymsin 1908-ci ildə çap olunan bir kitabında yer alan “Göstər, danışma” sözlərini, 1920-ci illərin başında Heminquey belə tamamlayır: “Və deməli olduğundan bir söz belə artığını demə.” Karverin ən çox təsirləndiyi yazıçılardan olan Çexov da öz üslubunu söz seçimindəki vasvasılıqla, qapalılıqla formalaşdırıb.
“Kirli Realist”ləri bir başlıq altında ümumiləşdirmək cəhdlərindən, “minimalizm” sözü haqqındakı mübahisələrdən, hətta onların amerikan orta sinif insanlarından yazmaqlarını da bir kənara qoysaq, belə deyə bilərik: onlar ədəbiyyatın təkamül etdiyi bir nəticə kimi ortadadırlar, son dərəcə sadə və iddiasız. Onlar böyük xəyalların bitməyinin ardınca gələn məyusluğu belə qəbul etdiyimiz vaxtda dolmaq bilməyən boşluqları sözlərlə doldurmağa çalışmırlar.
Tərcümə: Qismət