Sim-sim.az yazıçı Sinə Ərgünün “Kirli realizm və Reymon Karver” yazısını təqdim edir.
“Kirli Realizm” – 1970-80-ci illərdə Amerikada ortaya çıxan ədəbi cərəyandır. Reymon Karverin “Kirli Realist”lərin atası olduğunu demək olar, amma dövrün Amerikasında baş verənlərin ədəbiyyata olan təsiri “Kirli Realizm” cərəyanını eləcə bir yazıçının üslubunu təqlid edərək yazılmış qısa ömürlü cərəyan olmaqdan çıxarır.
Cərəyanın geniş vüsət alması xəyallar ölkəsi Amerikanın “Böyük Böhran”, ardınca isə Vyetnam Müharibəsindən sonra öz reallıqları ilə üzləşdiyi dövrə təsadüf edir. Necə ki, “İtmiş Nəsil” bir növ Birinci Dünya Müharibəsinin təsiriylə formalaşmışdı, “Kirli Realist”in mətnlərində də Vyetnam Müharibəsinin təsirini və bu müharibənin əleyhinə olmaqlarının izlərini görmək olar. Buna görə sözügedən ədəbi nəsil “Yeni İtmiş Nəsil” olaraq da tanınır.
“Kirli realist” adına bu istiqamətə aid edilən yazıçılar çox da fikir verməyiblər. Karver və Bartelmi bu ədəbi nəslin ən nəzərəçarpan xüsusiyyəti sayılan “minimalist yazıçılar” təsnifatından da uzaq durmağa çalışıblar.
Əlbəttə, ortaq yönləri var. Onlar daha çox sıravi insanların gündəlik həyatındakı doldurulması çətin boşluqlardan yazırdılar. Konkret bir təsnifatla məhdudlaşmaq səhvinə düşməmək üçün, onların mövzu kimi nələrdən uzaq durduqlarını sadalasaq, mövqeləri aydınlaşar: onların yazdıqlarında xeyirxah qəhrəmanlar, xəyallarının arxasınca qaçan fərdlər, ya da cəmiyyətlər, metafizik vəziyyətlər yoxdur. Onlar özünü ifadə edə bilməmək, depressiya, dəyərsizlik və tənhalıq kimi fərdin gündəlik sıxıntıları olan, bəlkə də haqqında danışılması dəyərsiz hesab edilən şeylərdən qidalanırlar.
Bu cür mövzuları seçdikləri üçün bu ədəbi nəslin yanaşmasını pessimizm kimi ümumiləşdirsələr də, bunun səbəbi “kirli” olan reallığın yazıya bu cür tətbiq edilməsi və sənətin funksiyasını qavrayışımızdakı duyğular da ola bilər. Bu sıraya “Kirli Realist”lərin sənət əsərinin insanda yaratmalı olduğu deyilən “doyğunluq, tamlıq” hissini oxucuya təqdim etməməsini də əlavə etmək olar.
Başqa ortaq cəhətləri isə əyalət həyatının gündəlik tərəflərindən danışmalarıdır. Çoxunun hekayələrində az gəlirli işlərdə çalışan ədəbi personajlara rast gəlirik.
Yenə də ən nəzərəçarpan cəhətləri minimalist olmaqlarıdır. “Kirli Realizm” eyni qaynaqlardan bəslənən bir ədəbi nəslin ortaq fikrini ifadə edirsə, minimalizmə bu ortaq fikrin ifadəsi üçün seçdikləri ifadə forması demək olar.
Silvia Del Pozzoyya verdiyi bir müsahibədə Karver deyib ki, yazdıqlarına minimalist deyilməsini sevmir, ona fikrincə, minimalist sözü dar düşüncə, düşük ehtiraslar, məhdud mədəni üfüqlər kimi neqativ şeyləri yada salır. Başqa bir mühasibəsində isə deyir ki, minimalist sözü metodun etibarlılığına kölgə salır.
Frederik Bartelmi isə ona minimalist yazıçı deyilməsinə qarşı yazdığı bir məqaləsində belə deyir: “Ədəbi personajlarım birdən-birə irəli atılmır, ya da fikirlərini dünyaya hayqırmırlar deyə məni belə adlandırırlar. Amma bu o demək deyil ki, onların dünya görüşü yoxdur, sadəcə onların əksəriyyəti dünya görüşünün istehsal oluna bilməsindən və bunun çox da etibarlı şey olmamasından xəbərdardırlar. Beləcə, ədəbi personajlarım dinmirlər.”
Karver də xeyli müsahibəsində yazı metodundan bəhs edərkən sadəliyi vurğulamaq üçün Heminqueyin bu sözlərini sitat çəkir: “Proza memarlıqdır, amma biz Barokko dövründə deyilik.”
Ədəbiyyatda minimalizmlə bağlı illər boyu davam edən mübahisələrdən sonra, bəlkə də Karverin də razılaşacağı bir minimalizm tərifi yəqin belə olar: sözlərin qısa, konkret, hər şeydən arınmış formada təqdim edilməsi. Lazımsız sözlərdən və cümlə içində bəyənatlardan qaçmaq. Onlar üçün ədəbi personajların hisslərini ifadə etməkdən çox, situasiyaların duru, sadə təsvirinə yer vermək daha vacibdir. Beləcə, oxucuya doyğunluq, tamlıq hissindən daha çox boşluq, natamamlıq hissi təklif olunur. Yazıçı oxucunu dörd tərəfi ucsuz-bucaqsız bir sahəyə buraxır və aradan çəkilir.
Minimalizm “Kirli Realist”lərdən əvvəl də ədəbiyyatçıların tez-tez müraciət etdiyi ifadə forması olub. Henri Ceymsin 1908-ci ildə çap olunan bir kitabındakı “Göstər, danışma” sözlərini, 1920-ci illərin əvvəlində Heminquey belə tamamlayıb: “Və deməli olduğundan bir söz belə artığını demə.” Karverin ən çox təsirləndiyi yazıçılardan olan Çexov da öz üslubunu söz seçimindəki vasvasılıqla, qapalılıqla formalaşdırıb.
“Kirli Realist”ləri bir başlıq altında ümumiləşdirmək cəhdlərindən, “minimalizm” sözüylə bağlı mübahisələrdən, hətta onların amerikanın orta təbəqədəki insanlarından yazmağını da bir kənara qoysaq, belə deyə bilərik: onlar ədəbiyyatın təkamül etdiyi bir nəticə kimi ortadadırlar, son dərəcə sadə və iddiasız. Onlar böyük xəyalların bitməyinin ardınca gələn məyusluqla barışdığımız vaxtda dolmaq bilməyən boşluqları sözlərlə doldurmağa çalışmırlar.
Tərcümə edən: Qismət