Yaddaşımı qurdalayanda dartıb oradan nələrisə çıxarda, onunla bağlı nələrisə dumanarxası xatırlaya bilirəm.
Yaydır. Çarpayıda uzanıb. Çılpaq sinəsindəki ağ tüklərə baxıram. Əlimlə toxunarkən barmaqlarım kələ-kötür, dərialtı bərk vəzə dəyir. Adamı qeyri-ixtiyari diksindirən, bu əcaib sərt dəri toxumaları sinəsinin adda-budda, müxtəlif yerlərində var.
Təəccüblənirdim, o isə “mən dəmir babayam, sinəmdəki də faydalı qazıntı yatağıdır” deyib, ürəkdən gülürdü. Bunlar müharibənin qoyub getdiyi izlər, şırımlar idi – onun ömrü boyu özüylə daşıdığı metal qəlpə parçaları.
Artıq öyrəşmişdi dəmir-dümürünə, təsbeh dənəsi kimi barmaqlarının altında o tərəf- bu tərəfə sürüşdürürdü, oynadırdı.
Onun kəndimizdə həm güzəştə getməyi bacaran, barışdırıcı missiyalı insan kimi, həm də qanlı-qadalı döyüş yollarını şərəflə keçmiş müharibə iştirakçısı kimi böyük hörməti var idi. Sanki müharibənin amansızlığı, ölüm- itimi, çəkilən min bir əziyyət, hərbinin sərt qanunları onun həlim xasiyyətini bir az da mülayimləşdirmiş, yumşaltmışdı.
Mübahisə edənlər, dava-dalaş salanlar, qovğa içərisində olub da, bir-biriylə yola getməyənlər, barışmaq üçün həmişə ona üz tutardılar. Hər kəsin könlünü alıb, ziddiyyətli fikirləri ortaq məxrəcə gətirməyi ustalıqla bacarırdı.
Bir dəfə yanına bir dəstə adam gəldi. Onlar bir-birini qəzəblə süzən iki nəfəri göstərib, “ağsaqqal bunları barışdır” söylədilər.
Əvvəlcə, sağındakı nisbətən cavan, üzü tüklü, gözləri oynayıb hədəqəsindən çıxmış qayışbaldırı dinlədi, xırıltılı səslə “sən düz deyirsən” dedi. Həmin adam, “gördün?” söyləyərək, istehzalı təbəssümlə rəqibinə tərəf baxdı.
Hər kəs təəccübləndi, axı qərar birtərəfli, digərini dinləmədən verilmişdi?! Lakin, halını pozmadan üzünü orta yaşlı, yoğun barmaqlarını dəri ekzeması olan adamlar kimi bir-birinə sürtən kişiyə tərəf döndərdi. Yəni, indi səni dinləyirəm. O da danışıb qurtardı.
Babam “sən də düz deyirsən” söylədi. Hamı yüz qat təəccübləndi. Mübahisə edənin hər ikisi haqlıdır. Bu necə ola bilər axı!? Hamı diqqətini ona yönəltmişdi.
O, isə “hər kəs özünə görə doğru deyir” söyləyib, bir anda gərgin, sıxıcı ab-havanı gülüş, mehriban ab-havaya yönəltdi. Az əvvəl, bir-birlərini didib-didişdirməyə hazır olanlar, indi onun evindən qol-boyun, köhnə tanış kimi çıxırdılar.
Süvari dəstəsində döyüşmüşdü cəbhədə. Odlu silahın, tankın, top-tüfəngin, qumbara, minomyotun olduğu yerdə atla döyüşmək, Berlinə qədər getmək, üstəlik də sağ-salamat qayıtmaq, bilirsiniz nə deməkdir!? Bu mümkünsüzü mümkün etmək, əfsanəni gerçəkliyə çevirməkdir məncə.
Adi əsgərin belə, sığınacaq kimi uzanmağa torpağı, arxasında duracağı daşı, binası, gizlənəcəyi səngəri olduğu halda, süvari döyüşçünün güllənin, mərminin üzərinə birbaşa, birnəfəsə şığımaqdan başqa əlacı varmı görəsən?
Qılıncını, hərbi libasını saxlayırdı. Rəhmətlik Sovet İttifaqının müxtəlif yerlərinə səpələnmiş cəbhədaşları ilə hərdən məktublaşar, onlarla arabir Soçidə, yaxud ittifaqın müxtəlif sanatoriya və kurortlarında görüşərdi.
Müharibədən qayıtdıqdan sonra bir müddət sovxozda baş mühasib işlədi. O vaxtlar böyük bir təsərrüfatın pul-para, maaş-maliyyə işini hər adama həvalə etməzdilər, gərək hamının, hər-kəsin, camaatlın etibarını, inamını qazanaydın.
Atamın işi ilə əlaqədar biz başqa rayonda yaşayırdıq, o isə kənddə. Onu ancaq məktəb tətillərində görə bilirdim. Bir dəfə atam, qanıqara, kefsiz gəldi, rəngi ağarmışdı. Yır-yığış edib kəndə getdi.
Səhərisi gün isə, qohumumuz bizi aparmağa gəlmişdi. Həmişə deyib-gülən, üzügülər, zarafatcıl qohum, qaşqabaqlı və susqun görünürdü. Mənimlə çox soyuq görüşdü.. Maşıma minib yola düzəldik. Anam ağlayırdı. Babam dünyasını dəyişmişdi. Bu həyatımın ilk itkisi idi.