AMEA Fəlsəfə İnstitutunun əməkdaşı, fəlsəfə üzrə fəlsəfə doktoru
Şölət Zeynalovun “Yuxu” essesini təqdim edirik.
Yuxuda bir bazar gördüm, qorxub ayıldım. Orada böyük, ciddi alış-veriş gedirdi; hamı nə isə alır, nə isə satırdı. Səs-küy, haray-həşir içində iki ruhabənzər varlığın başına çoxlu adam yığışmışdı. Birinin başına yığışanlar oradan tez uzaqlaşır, onu dodaqlarının altında deyinərək məzəmmət edirdilər. Hiss etdim ki, onun alveri sönükdü; fikrən sordum nə satırsan belə, nədən çöhrən bu qədər məyusluq içində? Dedi, satmıram, insanlara hədiyyə etmək istəyirəm, onlarsa məni ələ salır, gətirdiyim hədiyyələrə məsxərə edib uzaq qaçırlar, məyusluğuma səbəb bu…
“Hədiyyə boxçanın içinə baxmaq olar?” – “Əlbəttə,” – dedi…
İlahi, burada nələr yox idi… mərhəmət, şəfqət, sevgi, məhəbbət, ucalıq və comərdlik, təmiz əqidə və ilahi eşq, ilahi nizam, pak insani duyğular… Amma heç kim bu hədiyyələrə doğru belə baxmaq da istəmirdi!!! Bazar əhli boxçaya yaxınlaşan kimi, oradan üzlərini turşudaraq ilan vuran adam kimi qaçırdı…
Heyrət edib mən də oradan uzaqlaşdım, hiss etdim ki, burada ləngiməyim artıq diqqət çəkir, üzümdə kütlənin məzəmmətini hiss etdim, elə bil hamı mənə deyirdi: “Ağ qarğa olmaq istəyirsən”? Yoxsa sən də dəllallıq eşqinə düşmüsən?
Tez ikinci tüccarlıq edən ruhabənzər varlığa tərəf döndüm, burada basabas idi, səs-küy, haray-qışqırıq aləmi bürümüşdü, alverin lap şıdrığı vaxtı idi: satan da, alan da xoşbəxt idi, hər kəsin üzü gülürdü. Kimdən soruşurdum “ey adam nədən bu qədər, səs-küy, nədən bu qədər mutluluq?”, heç kim cavab vermir, aldıqları şeyi qoyunlarının ən dərin yerində bərk-bərk gizləyərək oradan uzaqıaşırdılar. Birtəhər özümü kütlənin içinə dürtməyə başladım. İlahi, burada kimlər, kimlər yox idi… Hamı burada idi, oxumuşundan avamına, imkansızından varlısına, tacirindən məmuruna, dindarından ateistinə, sənətkarından çobanına, əfəlindən diribaşına, qadınından kişisinə kimi bir sözlə, hamı burda idi. Moizə edən qarğaya, qadağa yaradan begomota, yubkası 15 sm olan dovşana, xəbər çarçısı sağsağana, hiyləgər tülküyə kimi hamı birada idi, hamı əlində pul irəli can atırdı…
Nə isə, mədəniliyin burada keçməyəcəyini duyub mən də keçdim zor və biclik vaiantına… birtəhər lap yaxına, boxçanın lap dibinə yaxınlaşdım, əlimi zorla cibimə salmaq istədim ki, pul çıxardım. Alınmadı, bir də əlləşdim, gördüm yox, alınmır, əlim başqalarının cibinə girir, istədim bismillah deyim, alınmadı, hiss etdim ki, burada müqəddəs sözlər yox, şeytani kəlmələr, kəndirbaz fəndgirliyi lazım, onda, bəlkə alınar. Birdə iradəmi son dəfə toplayıb cəhd etdim. Gördüm yox e, alınmır. Birdən hiss etdm ki, cəhdim əbəsdir, sən demə, mənim nə pulum var, nə də cibim, təsəvvür edirsiz, nə qədər məyus oldum. Bu qədər döyüşəsən sirli dəllalın sirli boxçasına, insanların ölüm-qalım mübarizəsiylə yaxınlaşdığı hədəfə çatasan, nə cibin ola, nə pulun, bu ki, əsl faciədi. Məyusluğum sonsuzluğa qədər uzandı, düşündüm, ilahi, bu nə sirdir, bu qədər də uzantı olar? Hardansa hiss etdim ki, uzaqlardan bir işıq gəldi, o mənə sanki, kömək etmək istəyirdi. Deyəsən, bu onda alındı da, ətrafdakı izdiham bir anlıq qeybə çəkildi. Hər yer sonsuz zülmətə büründü, uzaqda ulduzlar sayrışdı, sonsuz, əsrarəngiz qalaktikalar, milyonlarla rənglər, işıq çalarları ətrafımızda dövr etməyə başladı. Bu elə bil zaman yolçuluğu kimi bir şeydi… satan dəllal, sirli boğça və mən baş-başa qaldıq. Düşündüm, necə də gözəldi, sən demə, iradə, güc, əzm, bilik… bunlar hamısı bunun üçünmüş? Dəllal sehrlə üzümə gülür, mənə bu böyük sonsuzluqda boxçadan alver etməyə səsləyirdi. Nəzərlərimi bu buz kimi soyuq, “al” deyərək israr edən dəllalın baxışlarından yayındırıb, boxçaya tuşladım, baxdım.. baxdım… matım qurudu. İlahi, burada nələ yox idi; burada hər şey qalaq-qalaq idi; oğurluq, yalan, iftira, paxıllıq, dəhşətli və qorxunc nifrət, yalançı tabular, yalançı bütlər, hər kəsi didib parçalamağa hazır olan dişlər… hamısı burada, bu boxçada idi… bu dişlərdə hansı izlər yox idi…. məsum körpələrin, saf qəlblərin, bakirə Məryəmin, müharibələrdə inildəyən günahsız insanların təmiz qanlarının izləri hamısı bu dişlərə hopmuşdu… Sarsıldım, Tanrıya yalvardım, kaş ki, bütün bunlar yuxu olaydı…
Sən demə bütün bu səs-küy, haray, qışqırıq, qan-tər bundan ötrü imiş?… Düşündüm. Axı havayı və təmənnasız verilənləri, hədiyyələri qəbul etməməyə israrlı olan bizlər hansı əsasla müdriklik, sevgi, mərhəmət, böyük elm və s. adına iddialar uydururuq? Yuxudan ayıldım, gördüm, hamı yatır, hər tərəf sükutdadır, əbədiyyət kimi. Təzədən yatmağa hazırlaşdım, ümid etdim ki, nəhayət bu dəfə birinci boğçanın ətrafında bizləri – hər kəsi görəcəm… Ümid heç zaman ölmür deyirlər, axı. Günəş doğacaq… qəlbimizin dərinliyində gizlətdiyimizləri ruhabənzər qaranlıq dəllalının satdıqlarının hamısını yandıracaq, pak edəcək. Bu bizim sivilizasiyamızın, insanımızın, sonuncu insanın Sonuncu Şansıdır. Bunu mənə birinci boğçanın sahibi yuxuda fikrən dedi.