Sim-sim.az yazıçı Cavid Zeynallının “Şükriyyə” pyesini təqdim edir.
İştirakçılar:
Əhməd Cavad
Şükriyyə
Yılmaz
Mircəfər Bağırov
İvan Aleksandroviç
Nəzarətçi
Anaxanım
Lola
Mariya
Ceyran
Tamar
Rezo
Qadın müstəntiq
Suğra
Zöhrə
Mədinə
I zabit
II zabit
III zabit
I qadın
II qadın
III qadın
Epizodik görünən bir neçə nəfər.
1
30-cu illərin dəbi ilə bəzədilmiş təmtəraqsız, sadə şair evi. Yemək süfrəsi açılıb. Divardan saat və Əhməd Cavadın Şükriyyə xanımla bir yerdə olduğu portret asılıb. Şükriyyə gəlir. Narahatdır, saata baxır.
Şükriyyə. Saat 10 oldu. Bu harada qaldı? Görəsən, hara gedib? Off… Ay Allah!
(Qapı döyülür. Şükriyyə diksinir. Əvvəl tərəddüd edir, sonra qapıya qaçır. İçəriyə nimdaş geyimli, yoxsul bir qadın girir. Hiss olunur ki, həyəcanlıdır. Bir qədər də dəli təsiri bağışlayır).
Şükriyyə. Zöhrə…
Zöhrə. Bağışla… Şükrü… Bağışla… (Gülür.)
Şükriyyə. Nə olub, Zöhrə, niyə gülürsən?
Zöhrə. Elə belə… Hamı demir ki, Zöhrə dəlidir? Dəli gülər də. Hi-hi… Hii-hi-hii…(Bir az da bərkdən gülür).
Şükriyyə. Gülmək sənin harana yaraşır, Zöhrə? Ehh… Yenə kim sənin könlünü qırıb?
Zöhrə. Düz deyirsən, balası ölən ana arsız olmaz. Çörəyə gəlmişəm, Şükrü. Acam.
Şükriyyə. Gözlə, gözlə, gəlirəm.
(Gedir, əlində kiçik bağlama qayıdır).
Zöhrə. Ömrün uzun olsun! Balaların pis gün görməsin, bəy qızı. Sənə sözüm var. Cavad hələ gəlməyib?
Şükriyyə. (Şübhə ilə). Yo-ox-x. Nolub?
Zöhrə. (Səsini qısır) Gələn kimi gedin başqa yerdə qalın.
Şükriyyə. Bu nə sözdür?
Zöhrə. Bu gecə tutatut olacaq.
Şükriyyə. Sənə neçə kərə dedim, belə əməllərlə məşğul olma. Mən çox dedim, sən eşitmədin. Get, get, Zöhrə.
(Onu bayıra çıxarmaq istəyir).
Zöhrə. (Qapı ağzında) Cavada yazığın gəlsin. Məni bura göndəriblər.
Şükriyyə. Çıx, çıx… Sən dinin-imanın, çıx, Zöhrə, tifağıma od salma! (Qapını bağlayır. Qayıdır. Sükut. Divara söykənir, təşviş və həyəcanla) Dayan, dayan… O nə dedi? Məni bura göndəriblər? Bu hardan gəlib çıxdı? (Gözünü silir. Qapı yenə döyülür) Cavad… Cavaddır! (Şükriyyə qapıya sarı atılır. Qapının ağzında Əhməd Cavad görünür).
Əhməd Cavad. (Şən) Ey telli yavrusu Süleyman bəyin…
Şükriyyə. (Narazı tonda) Hardasan, qurban olum. Hardasan? Bilirsən ki, hamımız iynə üstündə oturmuşuq.
(Pencəyini soyunur, Şükriyyə onu asır).
Əhməd Cavad. Şükrü, Zöhrə ilə rastlaşdım. Mənə yaman şübhəli-şübhəli baxırdı.
Şükriyyə. Cavad… (Dilini sürüyür) Başa düşürəm, həyatı acıdır, balasını itirmək onu dəli eləyib. Ancaq bilirsən, nə dedi?
Əhməd Cavad. Nə dedi? Dedi, hamınızı məhbəsə aparacaqlar?
Şükriyyə. Deyir, bu gecə tutatut olacaq.
Əhməd Cavad. Sən də deyərdin, tutatut onsuz da hər gecə olur.
Şükriyyə. Başqa şey də dedi… Məni bura göndəriblər.
Əhməd Cavad. (Gülür). NKVD-nin işi-gücü qurtarıb, Zöhrənin ümidinə qalıblar. Fikir vermə! (Süfrəyə baxır, ayaqüstü bir-iki şey yeyir) Bəh-bəh! Uşaqlar hardadır, çağır gəlsinlər.
Şükriyyə. Axşam yuxumu qarışdırmışam. Səhər də durdum ki, gülün biri solub. İndi də Zöhrə… Hər şey üst-üstə gəlir.
Əhməd Cavad. Mənim tanıdığım Şükriyyə mövhumata inana bilməz. (Onu qucaqlayır. Şükriyyə ona sığınır). Mənim tanıdığım Şükriyyə avam olub belə şeyləri ürəyinə sala bilməz. (Solan dibçək gülə sarı əyilir).
Aç, deyirəm, aç sənə,
Aç, mənim ağ gülüm, hey!
Qış günündə qar kimi
Quşbaşı yağ, gülüm, hey!
(Gülürlər).
Seyfəlidən qohumumuz gəlmişdi. Deyir, nənəsi Yılmaz üçün həyətdə gilas ağacları əkib. Bir ağ gilas, bir qırmızı. Anaxanım da deyib, Yaxşı xala hey, mən səndən fərsiz deyiləm ki… İkisini də Yılmaz balam üçün mən əkərəm. Əkib də. Çox keçməz, bar da verərlər. Biz də gedib yeyərik.
Şükriyyə. Allah Anaxanıma hər şeyi ürəyinə görə versin, Cavad. Mən kənddə olanda başımıza dolanırdı. Ürəyi qızıldır, qızıl.
Əhməd Cavad. Şamxorun, Gəncənin camaatının hamısı qızıldır.
Şükriyyə. (Zarafatla) Sən də ancaq özünüzküləri təriflə. (Gülürlər).
Əhməd Cavad. Mənim Yılmaz balam, ay balam, ulduz balam… Tez böyü, yığışıb gedək kəndə, gilas yeməyə.
Şükriyyə. O gün Dilbər dedi, “Bakkommuna” kinoteatrına kino gələcək.
Əhməd Cavad. Bilet alaram, gedərik. Müşkinaz xanım bizi gələn həftə qonaq dəvət edib. Müşfiqlə Dilbər də orda olacaqlar.
Şükriyyə. Cavid əfəndiyə də axır vaxtlar rahatlıq vermirlər.
Əhməd Cavad. Kimə rahatlıq verirlər ki? Amma keçib gedəcək, dərd eləmə.
Şükriyyə. Bacarmıram.
Əhməd Cavad. Nə mənimlə, nə Cavid əfəndi ilə, nə də Müşfiqlə işləri olmayacaq. Mircəfər ətimizi yesə də, sümüyümüzü atmaz.
Şükriyyə. Sən hələ də Mircəfərə inanırsan, Cavad? Qəribə adamsan, vallah. Ruhulla Axundov, Bəkir Çobanzadə Mircəfərin güdazına getmədilər?
Əhməd Cavad. Bəd danışma! Nə güdaza getmək? Çox keçməz, onları da azad edərlər.
Şükriyyə. Hələ də inanırsan. Bizim başımıza bütün bu müsibəti gətirən Mircəfər deyil?
Əhməd Cavad. Necə olmasa, onunla çörək kəsmişik.
Şükriyyə. Sən hələ də bunlardan mərhəmət gözləyirsən?
(Uzun sükut)
Əhməd Cavad. Bəlkə də haqlısan… Nə bilim… (Onu yenidən qucaqlayır) Xoş şeylərdən danışaq. Şükrü… Şükrü… Sən… (Onu özündən aralayır). Sən ağlayırsan? (Şükriyyə başı ilə təsdiq edir). Nədən, niyə ağlayırsan?
Şükriyyə. Sənə bir şey demək istəyirəm.
Əhməd Cavad. De, Şükrü, de…
Şükriyyə. Ancaq söz ver ki, qəzəblənməyəcəksən. (Əhməd Cavad qınayıcı nəzərlərlə ona baxır.) Atam yenə xəbər göndərmişdi.
Əhməd Cavad. Nə xəbəri? Getmək?
Şükriyyə. Hə, getmək. Cavad, bizi məhv edəcəklər. Gedək, gedək Batuma, qurban olum. Orda da keçərik Türkiyəyə. Atam kömək edəcək.
Əhməd Cavad. (Bir az əsəbi) Mən gedim xarici ölkəyə, sən get, o getsin, çox yaxşı… bəs bu bədbəxt və talesiz günləri millətlə kim bölüşsün?
(Sükut)
Şükriyyə. Söz verdin ki, qəzəblənməyəcəksən.
Əhməd Cavad. Qəzəblənmirəm, Şükrü, qəzəblənmirəm. Sən get yat. Mənim bir para yazılarım var, onlarla məşğul olum.
(Şükriyyə bir neçə addım atıb dayanır, çevrilir).
Şükriyyə. Axşam gördüyüm yuxunu danışmadım. İstəyirsən, danışım.
(Qapı döyülür. Diksinir. Qapı təkrar döyülür. Qapıya yaxınlaşır, ehtiyatla açır. İçəri üç nəfər milis zabiti girir).
I zabit. Şair Əhməd Cavad…
(Sükut)
II zabit. (Nümayişkaranə) Şair Əhməd Cavad Məhəmmədəli oğlu…
Əhməd Cavad. Bəli… Bəli, mənəm.
I zabit. Sizin evinizdə yoxlama aparmaq barədə əlimizdə order var. (Göstərir). Göstəriş belədir!
(Şükriyyə ərinin arxasında qorxu və həyəcan içində dayanır)
Əhməd Cavad. Səbəb nədir?
III zabit. Bəzi şübhəli məqamlar var. Onlar aydınlaşmalıdır. Narahat olmaya bilərsiniz.
I zabit. (Yoldaşlarına) Evi axtarın! Vaxt azdır. (İki zabit axtarışa başlayır). Yoldaş Əhməd Cavad…
Əhməd Cavad. Sizi bura səhv göndəriblər.
I zabit. (İstehza ilə) Yoldaş Əhməd Cavad, NKVD heç vaxt səhv eləmir. Artıq sübut olunub ki, siz öz əsərlərinizdə faktları təhrif edib namuslu sovet vətəndaşlarının zəhmətkeşliyinə ləkə atır, çürük keçmişin təəssübünü çəkirsiniz. Bütün fəaliyyətiniz bolşeviklərin və kommunistlərin əleyhinə olub. Bunu təkcə biz yox, qələm dostlarınız da deyir. Məlumatımız var ki, Yazıçılar İttifaqı sizə həsr olunan xüsusi iclas çağırıb.
Əhməd Cavad. Əvvəla, o iclas məxsusi olaraq mənə görə çağırılmamışdı. İkinci də, mən orda dediyim sözləri bir daha təkrar etməyə məcburam ki, bəzi yoldaşlar mənim əsərlərimi düzgün olmayaraq təhlil etmişlər. Onlara yalnız milli-şovinist məzmunu deyil, hətta əksinqilabi xarakter vermişlər. Mənim isə yeganə idealım yalnız milli hərəkat olub.
I zabit. Yoldaş Əhməd Cavad, vaxtımız çox azdır. Bütün bunları istintaqda deyərsiniz.
Şükriyyə. Nə istintaq?
I zabit. Bəli, istintaqda. (Əhməd Cavada) Axtarış başa çatandan sonra sizi də özümüzlə aparmalıyıq. Hazırlaşın!
(Zabitlər gəlir, əllərində kitablar, əlyazmalar var)
Əhməd Cavad. Əlyazmalarımı verin, mən özüm götürərəm.
II zabit. (Sərt) Hazırlaşın!
(Şükriyyə Əhməd Cavada sığınır, ağlayır).
I zabit. Sağollaşmaq üçün 3 dəqiqəlik imkan yaradırıq. Ləngiməyin, işlərimiz çoxdur.
Əhməd Cavad. Qorxmayın, nəsə düz deyil, nəsə səhv düşüb. Mənim heç bir günahım yoxdur. (Pencəyini geyinir, səhnənin arxasından Yılmazı əzizləməyi eşidilir). Mənim Yılmaz balam, ay balam, ulduz balam. Şirin-şirin yat, sabah gəlib səni çoxlu-çoxlu güldürəcəm. (Səhnənin arxasından çıxır) Uşaqlardan muğayat ol. Ağlayıb özünü zəif göstərmə. (Qapı döyülür, arxasından zabitin səsi eşidilir).
Zabit. Bir az cəld olun!
Əhməd Cavad. Şükrü, hələlik heç kimə heç nə demirsiniz.
(Qapı təpiklə açılır. Milis zabitləri qaba rəftarla Əhməd Cavadın qolundan tutub çıxarmaq istəyəndə Şükriyyə mane olmaq istəyir. Onu itələyib Əhməd Cavadı aparırlar. Şükriyyə yerə çöküb ağlayır).
Şükriyyə. Biz kimə nə pislik etmişik, Allah? Niyə qoymurlar rahat oturaq, niyə qoymurlar sakit yaşayaq? Nə etmişik ki, bizi belə sınağa çəkirsən?
(Bu vaxt qapı döyülür. Şükriyyə səksəkə içində qapıya cumur. Zöhrə ilə üz-üzə gəlir. Bir müddət heç nə demədən bir-birinə baxırlar).
Zöhrə. (Hikkəli) Dedim, başqa yerə gedin? Dedim, bu gecə tutatut olacaq? İnanmadınız mənə. Zöhrə hər şeyi hamıdan tez bilir, amma ona heç kim inanmır.
Şükriyyə. Sən hardan bilirdin, Zöhrə?
Zöhrə. Yerin də qulağı var. Deyim, gəlib məni də aparsınlar? Hə?
(Səsini qaldırır, hikkə ilə) Bunu istəyirsən?
Şükriyyə. Cavad dedi ki, qorxmayın, nəsə düz deyil, nəsə səhv düşüb.
Zöhrə. Gözləmə, onu apardılar. Gəlməyəcək!
Şükriyyə. (Qeyzlə). Ağzını bəd açma!
Zöhrə. Uşaqları götür, çıx get.
Şükriyyə. Heç yerə getməyəcəm. Cavadın yolunu gözləyəcəm.
Zöhrə. O gəlməyəcək. Heç vaxt gəlməyəcək.
Şükriyyə. (Ayağa durur, yeriyir onun üstünə). Yum ağzını! Cavad düşmən ola bilməz.
Zöhrə. Kim deyir ki, Cavad düşməndir? Hə-ə, mən elə söz dedim?
Şükriyyə. (Zöhrəni qucaqlayır, ağlaşırlar). Mən mütləq onun yanına getməliyəm. Onun bizim başımıza gələnlərdən xəbəri yoxdur. Bizi o xilas edəcək.
(Zöhrə Şükriyyəni özündən ayırıb qəşş edə-edə gülür)
Zöhrə. Xəbəri yoxdur? He-he… Məni ələ salmısan, hə?
Şükriyyə. Gedəcəm. O mənə kömək edəcək. Mütləq edəcək. Keçən günlərin xətrinə edəcək.
Zöhrə. Nə keçən günlərin, hansı keçən günlərin?
Şükriyyə. Sən heç nəyi bilmirsən.
Zöhrə. Getmə onun yanına. Sənə dedim ki, balalarını da götür, çıx Bakıdan.
Şükriyyə. Yaxşı-yaxşı. Get, sən Allah, çıx get.
(Zöhrənin qolundan tutub uzaqlaşdırmaq istəyir. Zöhrə bir qədər səhnənin dərinliyinə çəkilir, geri dönür. Məyus-məyus baxır, ağlamsınır).
Zöhrə. Hələ başımız nə müsibətlər çəkəcək. Nə müsibətlər..!
Şükriyyə. Tifağıma od düşdü!
2
Mircəfər Bağırovun kabineti. Stolun üstündəki güldanda güllər var. Mircəfər Bağırov əli cibində fikirli-fikirli ortalıqda gəzişir. Gəlib güldanın yanında dayanır, onu stolun üstündən qaldırır, gülləri dərindən, bir qədər də ehtirasla iyləyir. Sonra güldanı əlində saxlayıb güllərə uzun-uzadı baxır. Mənalı-mənalı gülümsəyir. Telefonu götürüb hansısa nömrəni yığır, sonuncu rəqəmində əl saxlayır, dəstəyi yerinə qoyur. Bu vaxt qapı döyülür.
Mircəfər Bağırov. Gəl…!
(Qapı açılır. Milis zabiti çəkinə-çəkinə otağa girir. Qapının ağzında dayanır)
Zabit. Əhməd Cavadın arvadı Şükriyyə Axundzadə…
Mircəfər Bağırov. (Onun sözünü kəsir) Çoxdan gəlib?
Zabit. Üç saata yaxındır.
Mircəfər Bağırov. Niyə bu qədər gözlətmisiniz? Çağır, gəlsin.
Zabit. Oldu, yoldaş Bağırov.
(Çıxır).
Mircəfər Bağırov. (Öz-özünə) Mənə evində süfrə açan bəy qızı… Bəy qızı…! Atan Süleyman tərsliyinə salıb neçə il sizin qapını açmadı. Nə böyük səbəbi vardı: qızılbaş şair qızını götürüb Batumdan Şəmkirə qaçırmışdı. (İstehza ilə gülümsəyir. Keçib yerində oturub hansısa kağıza baxır). İndi nə səni, nə də balalarını qorumaq təkcə mənim əlimdə deyil, bəy qızı. Özün-özünü qorumasan…
(Qapı döyülür, sözü yarımçıq qalır)
Mircəfər Bağırov. Gəlin…
(Qapı açılır. Şükriyyə qapıda görünür. Saçlarını arxadan yığıb, hüznlü, kədərli görkəmi var).
Mircəfər Bağırov. Buyurun, Şükriyyə xanım.
(Şükriyyə ağır, bir qədər də qorxaq addımlarla otağa girəndə Mircəfər Bağırov stolun arxasından qalxır, onu qarşılayır. Şükriyyə sakit səslə salam verir, başını yüngülcə tərpədir. Mircəfər Bağırov ona hörmətlə yer göstərir, özü keçib kreslosunda oturur).
Mircəfər Bağırov. Çoxdan gəlmisiniz…
Şükriyyə. Bəli…
Mircəfər Bağırov. Yəqin başa düşərsiniz, işlər çox olur…
Şükriyyə. Siz təkcə məni yox, Cavadı da qapı arxasında çox gözlətmisiniz.
Mircəfər Bağırov. (Tutulur. Amma dərhal, həm də qətiyyətlə cavab verir) Cavad təkcə mənim yox, taleyin də qapısının arxasında qalıb.
Şükriyyə. İndi taleyi də siz yazırsınız, yoldaş Bağırov. Mənim ərim, sizin köhnə dostunuz Bayıl həbsxanasında əziyyət çəkir. (Sükut. Səsi titrəyir). Bilirsiniz ki, Cavad xəstədir.
Mircəfər Bağırov. Köhnə dost… Köhnə dost… Siz güman edirsiniz ki, Cavad nə vaxtsa məni özünə dost bilib?
Şükriyyə. Bilməyib?
Mircəfər Bağırov. Mən sizdən soruşuram. Hər halda siz daha yaxşı bilərsiniz. Mənim haqqımda yaxşı şeyləri də, pis şeyləri də sizin yanınızda danışıb.
Şükriyyə. Cavad heç kimin haqqında pis heç nə danışmayıb, yoldaş Bağırov. Mənə inanmağınızı istəyirəm. Sizin haqqınızda isə birinci həbsinə qədər həmişə yüksək fikirdə olub.
Mircəfər Bağırov. Mən sizə inanıram, Şükriyyə xanım. Bu sözünüzə də şübhə etmirəm ki, Cavad mənim haqqımda ilk həbsinə qədər həmişə yüksək fikirdə olub. İlk həbsi isə 14 il əvvəl olub. 1923-cü ildə. Səhvim yoxdur ki?
Şükriyyə. Xeyir.
Mircəfər Bağırov. Özü də, hansı günahı üzündən həbs edildiyini bilirsiniz.
Şükriyyə. Mən bir şeyi bilirəm ki, Cavadın heç nədə günahı yoxdur, yoldaş Bağırov.
Mircəfər Bağırov. Mirzəbala Məmmədzadənin xaricə qaçırılmasında da günahı yoxdur?
Şükriyyə. Bilmirəm. Biz Cavadla belə şeylərdən heç vaxt danışmırdıq. Onsuz da evə yorğun, əsəbi gəlirdi. Mən onu heç vaxt bu cür şeylərə görə sorğu-sual etməmişəm.
Mircəfər Bağırov. Çox nahaq yerə.
Şükriyyə. Cavad həqiqət bilmədiyi heç bir şeyə qol qoymazdı.
Mircəfər Bağırov. Cavad hələ də Müsavat tulalarının təəssübünü çəkir.
Şükriyyə. Siz Müsavatçılara… (Sözünü yarımçıq qoyur. Susur.)
Mircəfər Bağırov. Davam edin, davam edin…
Şükriyyə. Siz müsavatçılara tula deyirsiniz?
Mircəfər Bağırov. (Səsini qaldırır. Ayağa durur, gəzişir). Deyirsiniz, heç nədən xəbərim yoxdur, amma mənə eyham vurmağınız göstərir ki, sizin çox şeydən xəbəriniz var. Yoxsa 20-ci illərdə Cavadın əksinqilabi fəaliyyətindən də xəbəriniz yoxdur?
Şükriyyə. Atakişiyev Cavadı dindirəndə …
Mircəfər Bağırov. (Sözünü kəsir) Atakişiyev yox, yoldaş Atakişiyev.
Şükriyyə. Yoldaş Atakişiyev dindirəndə Cavad 1923-cü ilə qədər “Müsavat”ın üzvü olduğunu, əksinqilabi millətçiliyi yaymaqda iştirak etdiyini etiraf edib. Amma onu da deyib ki, bütün bunlar 1923-cü ildə ilk dəfə həbs olunana qədər olub.
Mircəfər Bağırov. Bəs Türkiyədə çap olunmaq üçün gizli göndərdiyi materiallardan da xəbərdar deyilsiniz, Şükriyyə xanım?
Şükriyyə. Bunlar istintaq suallarıdır, yoxsa Cavadın köhnə dostunun həqiqəti bilmək üçün narahatlığı?
Mircəfər Bağırov. (Gülür). Mən həqiqəti əlimin içi kimi bilirəm. Cavada həqiqəti “Göygöl” şeirini yazanda başa salmışdım.
Şükriyyə. İstintaq otağında döydürməklə? Cavad bir həftə bədənindəki yaralardan ayağa dura bilmədi. Evə gələndə Yaxşı ana onu belə halda görüb özündən getdi.
Mircəfər Bağırov. Hmm… Yaxşı ana… Yaxşı ana… (Sanki peşman olur. Teatral intonasiya, daha doğrusu, artist ədası ilə). Gərək belə şeyləri ona deməyəydiniz. Yaxşı ananın bizə etdiyi dualar tez-tez yadıma düşür. Yadınızdadır, Cavadla mənə necə dua edirdi? (Şükriyyə təsdiq mənasında başını tərpədir) Deyin, deyin… Hərdən Yaxşı ananın etdiyi dualar yadıma düşür. (Sükut). Deyin…
Şükriyyə. Allah sizi namərd qapısına möhtac eləməsin. Düşmən fitnəsindən, hər dərddən-bəladan uzaq olasınız.
Mircəfər Bağırov. Yenə nəsə deyirdi…
Şükriyyə. Suyunuz sərin, çörəyiniz isti olsun. Qurban olduğumun nəzərindən uzaq düşməyin.
Mircəfər Bağırov. Hə… Hə… (Düşünür, gəzişir). İndi necədir?
Şükriyyə. Oğlu türmədə olan ana necə olarsa, elə.
Mircəfər Bağırov. İstintaq otağında olanların hamısı Cavadın ağıllanmağı üçün idi. Mən onu çox qorumaq istədim. Özü də Qusarda bir yerdə müəllim işlədiyimiz varxtlardan. Onda ağıllansaydı, indi siz də mənim yanıma gəlməzdiniz. (İstehza və şeytani gülüşlə) Nədən qorxursunuz, Şükriyyə xanım, bir az şax oturun.
(Şükriyyə qəddini düzəldir).
Şükriyyə. Ərim həbsə atılıb, balalarım evdə gözüyaşlı, özüm də ki, …
Mircəfər Bağırov. Özünüz də ki, nə? Mənimlə söhbət etməyi əzab bilirsiniz? Qorxmayın, mən sizin süfrənizdən çörək yemişəm. Belə şeyləri itirmərəm. Yadınızdadır, sizin bişirdiyiniz yeməklərdən ən çox hansı xoşuma gələrdi?
(Şükriyyə qeyri-ixtiyari göz yaşlarını saxlaya bilmir).
Mircəfər Bağırov. Ağlamayın, ağlamayın… Biz söhbət edirik.
Şükriyyə. Yadımdadır…
Mircəfər Bağırov. Hansı yemək idi?
Şükriyyə. Küftə…
(Mircəfər Bağırov mənalı-mənalı gülümsəyir. Sonra yenə fikrə gedir. Köks ötürür. Xəyalı onu uzaq illərə aparır)
Mircəfər Bağırov. Üç dost, üç müəllim… Nəcəfkənddə ilahiyyatdan dərs deyən Mircəfər, şair Cavad, bir də Hüseyn… Hüseyni yadınızdan çıxarmamısınız?
Şükriyyə. Yox. Quba Maarif Şöbəsinin müdiri idi.
Mircəfər Bağırov. Hm-hmm… Onda bu da yadınızda olar ki, Hüseynlə mən sizin yeməklərinizi tərifləyəndə Cavad nə deyərdi. (Sükut). Xatırlamırsınız?
Şükriyyə. Deyirdi ki, bəs necə, Şükriyyə Qafqazın baş aşpazıdır.
Mircəfər Bağırov. (Ona tərəf əyilir. Şeytani əda ilə) Amma sizin evinizin qonağı olduğumuz o günlərdə… hə, o günlərdə mənim haqqımda Cavada nə demişdiniz?
(Şükriyyə sanki diksinir, başını qaldırıb ürkək nəzərlərlə onun üzünə baxır. Sanki çiyinləri bükülür). Güman etmirəm ki, unutmusunuz. Demişdiniz ki, Cavad, sənin bu təzə dostun Mircəfərdən gözüm su içmir. Dostluqdan, etibardan dəm vurur, amma gözlərində qaranlıq, boşluq görürəm. O, yaxşı adama oxşamır…
Şükriyyə. (Səsi sanki quyudan eşidilir) Bu-nu sizə kim… kim deyib? Hüseyn Musayev?
Mircəfər Bağırov. Yo-x. Yox-yox! Hüseyn belə adam deyil. Cavad birinci dəfə tutulanda Hüseyn ona görə mənə ağız açmışdı.
Şükriyyə. Onda bəs kim?
Mircəfər Bağırov. Bilmirsiniz ki, indi hamı özü boyda qulaqdır? İndi mən istəyirəm, gözümün içinə diqqətlə baxasınız. (Bir qədər isterik) Baxın, baxın… (Sükut). Şükriyyə xanım, bir də deyirəm, nədən qorxursunuz? Bir az şax oturun. Həə… şax oturun.
Şükriyyə. Mən Azərbaycanın birinci katibinin qarşısında oturmuşam. Bunu yaxşı başa düşürəm. Ailəmin taleyi də o adamın əlindədir.
Mircəfər Bağırov. Əminsiniz ki, yalnız o adamın əlindədir?
Şükriyyə. Bəli, əminəm.
Mircəfər Bağırov. Nə qədər sadəlövhsünüz. Mən sizi yenə şax görmək istəyirəm. Keçmişdə olduğu kimi sözü üzə deyən, qürurlu, mərd Şükriyyə kimi…
Şükriyyə. Qoynadınız mərd qalaq.
Mircəfər Bağırov. Bax, belə… Bax belə… Davam edin.
Şükriyyə. Əri həbsdə olan, balalarının taleyi sual altında olan bədbəxt qadın necə şax otursun?
Mircəfər Bağırov. Onda gözlərimə diqqətlə baxın. Görün, o boşluq bir az da dərinləşməyib ki? Görün, o qaranlıq bir az da tündləşməyib?
(Şükriyyə cavab vermir. Hiss olunur get-gedə daha da qorxur)
Mircəfər Bağırov. Nə isə… Nə isə… Şükriyyə xanım, deyəsən, sizi çox yordum. İndi mətləbin üstünə gələk. Mənə diqqətlə qulaq asmağınızda fayda var. (Sükut. Nəsə düşünür, sonra davam edir). Sovet İttifaqı Daxili İşlər Komissarlığının qərarı var. Həmin qərarda göstərilir ki, 1937-ci ilin avqust ayının 5-dən bütün respublikalarda, diyar və vilayətlərdə keçmiş qolçomaqların, fəal antisovet ünsürlərin və cinayətkarların repressiya olunması üzrə əməliyyatlara başlanılsın. Pozuculuq fəaliyyəti ilə məşğul olan antisovet ünsürü, “Müsavat”a təəssübkeşliyi, nəhayət fəal düşmən mövqeyi ilə seçilən Əhməd Cavada qarşı çox ciddi ittihamlar var. Bütün ittiham olunan şəxslər haqqında müfəssəl və ifşaedici məlumatlar toplanılmalıdır. Bu, eyni zamanda həbs olunan şəxslərin ailə üzvlərinə də aiddir. (Şükriyyənin halı pisləşir, stolun qırağından tutur). Sizə noldu?
Şükriyyə. Heç… heç… (Özünə gəlməyə çalışır) Yaxşıyam.
Mircəfər Bağırov. Sizə su versinlər?
Şükriyyə. Yox, istəmirəm.
Mircəfər Bağırov. (Davam edir) Daxili İşlər Komissarlığının leytenant Klimençiçin Əhməd Cavadın həbs olunması haqqında IV şöbənin rəisi Çinmana göndərdiyi arayış məndədir. (Arayışı götürür) “1895-ci ildə Kirovabadda anadan olan Axundov Əhməd Cavad 1918-1920-ci illərdə “Müsavat” üzvü olub. Onun “Müsavat” partiyasının rəhbərlərindən Mirzəbala Məmmədzadənin xaricə qaçırılmasında xüsusi rolu olub. Bu səbəbdən Əhməd Cavad 1923-cü ildə həbs olunmuş və yalnız deklorasiya altında azad edilmişdir”. (Şükriyyə xanımı diqqətlə süzür və kağıza baxmadan davam edir). Arayışda o da göstərilir ki, Hənəfi Zeynallı, Ruhulla Axundov, Eminbəyli, Bəkir Çobanzadə və bir çoxlarının könüllü istintaqa verdiyi izahat materiallarında Əhməd Cavadın əksinqilabçı olduğu göstərilir. Cavad Azərbaycandakı mövcud üsyankar-terrorçu təşkilata qoşularaq, qarşısına Sovet hökumətini yıxmaq, Azərbaycanı SSRİ-dən ayırmaq məqsədini qoyub. Cavad martın 21-də Yazıçılar İttifaqının üzvlüyündən düşmən kimi çıxarılıb. Doğrudurmu?
Şükriyyə. Bəli. Öz qələm dostları da Cavada qarşı çıxdılar.
Mircəfər Bağırov. Səhviniz var. Cavadın yolunu azdığını təkcə siyasi dairələr demir. Onun ədəbiyyatçı dostları da Cavada görə əziyyət çəkirlər. Cavadı əyri yoldan təkcə mən uzaq tutmaq istəməmişəm, öz qələm dostları da onu qorumaq üçün çox çalışıblar. 1929-cu ildə Türkiyədə şeirləri çıxdığına görə hansı qəzetlər onun başına ağıl qoymağa çalışmadı? Sayım? (Barmaqlarını qatlayıb sayır) “Yeni yol”, “Gənc işçi”, “Kommunist”… (Qeyzlə) Hamı axmaqdır, bircə Cavad ağıllıdır?
Şükriyyə. Cavadı qəzetdə müdafiə edənlər də olub. Yazıçı Əbdürrəhim Haqverdiyevlə, artist Hüseynqulu Sarabski onu müdafiə ediblər…
Mircəfər Bağırov. Haqverdiyev də qələt edir, Sarabski də! Aydın oldu? Mən sizə kömək etmək istəyirəm, siz mənə hansısa yazıçı ilə hansısa mütrüfü nümunə göstərirsiniz.
Şükriyyə. Sizdən xahiş edirəm ki, Cavadın Bayıl türməsindən azad olunması haqqında göstəriş verəsiniz.
(Sükut)
Mircəfər Bağırov. Mən sizi və balalarınızı sürügündən qorumaq istəyirəm.
(Şükriyyə diksinir. Ağır-ağır ayağa qalxır, udqunur)
Şükriyyə. Sürgün?
Mircəfər Bağırov. Bəli, Şükriyyə xanım, sürgün. Əmr var. Biz də o əmrdən kənara çıxa bilmərik. Xalq düşmənlərinin ailəsi sürgünə göndəriləcək. Bu aqibət sizi də gözləyir. Amma çıxış yolu var. Mənim dediyimi etsəniz, özünüzü də, balalarınızı da qoruya bilərsiniz.
Şükriyyə. Nə etməliyəm?
Mircəfər Bağırov. (Pauza) Ərizə yazıb Cavaddan boşanmalısınız.
Şükriyyə. Necə?
Mircəfər Bağırov. Bəli, ərizə yazıb Axundzadə familiyasından çıxmalı, qızlıq familyanız Bejanidzeni götürməlisiniz.
Şükriyyə. Yəni mən Cavaddan imtina etməliyəm, hə?
Mircəfər Bağırov. Bunu necə istəyirsiniz, o cür də başa düşün.
Şükriyyə. Siz bunu mənə rəva görürsünüz?
Mircəfər Bağırov. Mən sizin süfrənizdən çörək kəsmişəm, Şükriyyə xanım. Uşaqlarınız mənə əmi deyiblər. Ona görə də sizi qorumaq üçün kömək əlimi uzatmağı özümə borc bilirəm.
Şükriyyə. Yolda Bağırov… (Susur, özünü toplayır.) Siz bilirsiniz ki, mən atam Süleyman bəyi, doğma şəhərimi, el-obamı atıb Cavadı tutdum. Ona görə atam qapımızı açmadı, qohumlarım adımı tutmadı. İndi deyirsiniz, Cavadı atacam? Siz də ərizəni Cavada göstərib ona daha bir əzab verərək öldürmək istəyirsiniz? Mənim o ərizəm Cavada atılan güllədən də betər olar.
Mircəfər Bağırov. Qazaxıstana sürgün olunanda uşaqları da sizdən alacaqlar.
Şükriyyə. Kim alacaq? Kim? Birinci katibdən böyüyü var? O istəməsə, kim ala bilər?
Mircəfər Bağırov. Mən istəsəm də, istəməsəm də, razı olmasanız, başınıza gələn bütün bədbəxtliklərə hazır olmalısınız.
Şükriyyə. (Ayağa durur) Mənim üçün Cavaddan boşanmaqdan böyük bədbəxlik ola bilməz, yoldaş Bağırov. (Ağır-ağır qapıya tərəf yönəlir.)
İşıq sönür.
3
Bayıl türməsinin istintaq otağı. İçəri yarıqaranlıqdır. Ortalığa qoyulan mizin arxasında ucaboy, bığlı kişi və sarısaç qadın müstəntiq oturub. Stolun üstündə çoxlu kağız-kuğuz var. Qadın və kişi pıçıldaşıb nəyəsə gülürlər. Sonra qadın işvəkar əda ilə ona baxır.
Qadın müstəntiq. İvan Aleksandroviç, iş başında özünüzü yaxşı aparın.
İvan Aleksandroviç. Baş üstə. (Özünü yığışdırır, kağız-kuğuzu qurcalayır). Başımız şişdi bu kağız-kuğuzdan, bu dindirmələrdən. Bədbəxt xalq, sənin nə qədər düşmənin varmış… Dünən bir şair burda başından böyük danışırmış. Dırnaqlarını çıxarıblar, yenə hikkəsindən əl çəkməyib. Təsəvvür elə, müstəntiq onun dilindən işə yarayan bir cümlə qopara bilməyib. Axmaq-axmaq qışqırırmış ki… (İstehza ilə gülür). “Mən çeynənən bir ölkənin haqq bağıran səsiyəm”. Bilmir ki, onun səsini bağırda-bağırda alacaqlar. Nə isə… Orda kim var? Buraxın, gəlsin.
(Qapı açılır. Şükriyyə içəri girib qapının ağzında dayanır. Saçları dağınıq, pərişandır).
Qadın müstəntiq. Gəlin, gəlin…
İvan Aleksandroviç. Oho, knyaz nəvəsi, xoş gəlmisən. İndi elə şairdən danışırdıq. Səni heç o şairə yaraşdıra bilmirəm. Şahzadə kimi oğlanlarını qoyub bu şairdə nə görmüsən? (Şükriyyə dinmir) Sən yeriməkdə çətinlik çəkirsən?
Şükriyyə. (Ağır-ağır yaxınlaşır). Bə-li…
Qadın müstəntiq. Niyə?
Şükriyyə. Ayaqlarım şişib. Qıçlarıma qara su yığılıb.
Qadın müstəntiq. Səbəb nədir?
Şükriyyə. 48 saatdır məni ayaq üstə saxlayırlar.
(Qadın gözlərini yumub üzünü kənara çevirir. Sonra ayağa durub stulu Şükriyyənin altına çəkir).
Qadın müstəntiq. Əyləş!
İvan Aleksandroviç. Qaydaları pozursunuz.
Qadın müstəntiq. Mənim öz qaydalarım var.
İvan Aleksandroviç. Xəbər tutarlar. İndi hər tərəfdən yüz göz baxır.
Şükriyyə. Sizi incidərlər. Götürün! İstə-mirəm.
Qadın müstəntiq. Əyləş-əyləş, dedim, əyləş!
(Şükriyyə oturur. Ağrıdan gözlərini yumur, ayaqlarını ovuşdurur, ovxalayır)
İvan Aleksandroviç. (Qovluğu açır, içindən kağız çıxarıb oxuyur). Familiyan?
Şükriyyə. Axundzadə!
İvan Aleksandroviç. Mən öz familiyanı soruşuram.
Şükriyyə. Axundzadə!
İvan Aleksandroviç. Onu yox, sən ərə gəlməmişdən qabaq hansı familiyanı daşıyırdın?
Şükriyyə. Tulumbadze.
İvan Aleksandroviç. Mən atanın familiyasını yox, sənin qızlıq familiyanı soruşuram.
Şükriyyə. Bejanidze.
İvan Aleksandroviç. Hə, bax bu oldu. Bizə göstəriş var ki, səni Axundzadə familiyasından çıxarıb təzədən Bejanidze familiyasına qaytaraq. Yəni ərizə yazıb Axundzadədən boşanmalı və azad olub evinə qayıtmalısan. Yoxsa, səni qarlı Sibirə sürgün gözləyir.
Şükriyyə. Mən sözümü Mircəfər Bağırov yoldaşa demişəm.
İvan Aleksandroviç. Cavad əksinqilabçıdır. Onunla yaşamaq, onun familiyasını daşımaq sənə əksiklik gətirər. Onsuz da o qədər tutulanların arvadları boşanıb ki, heç “uf” da deməyiblər. Sənə nə olub?
Şükriyyə. Mən Əhməd Cavada görə knyaz dünyasını atmışam. Öz doğma elimi, obamı, yurdumu atmışam. Başa düşürsünüz? Mən Cavad görə doğmalarımı atmışam. İndi bir sürgün üçün boşanım?
İvan Aleksandroviç. Balalarını düşün, onlar yazıqdırlar. Başa düş, əksinqilabçının arvadını biz azadlıqda saxlaya bilmərik.
Şükriyyə. Cavadı heç kimə dəyişmərəm. Sabah balalarım özləri məni yamanlayıb atalarından boşanmağımı başıma qaxarlar. Bəlkə də Cavadı güllələyəcəklər… (Sükut. Kövrəlir) Amma… amma mənim boşanmaq haqqında ərizəm Cavada atılan güllədən də betər olar.
İvan Aleksandroviç. Hm… Yaxşı… Yaxşı… (Ayağa durur) Məlumatı çatdırmalıyam. (Gedir. Sükut. Şükriyyə ayaqlarını ovuşdurur).
Qadın müstəntiq. Şükriyyə, o vaxt kənddə yaratdığın uşaq bağçası indi nə yerdədir?
Şükriyyə. Bunu da araşdırmısınız?
Qadın müstəntiq. (Pıçıltı ilə) Yox, mən səni çoxdan, lap çoxdan tanıyıram. Tale elə gətirib ki, mənim ögey qardaşım sənin yaratdığın bağçada böyüyüb. Ona analıq etmisən, yazıb-oxumağı öyrətmisən. Səndən o qədər razılıq edirdi ki…
Şükriyyə. Halal xoşu olsun.
Qadın müstəntiq. İndi Xarkovda həkimliyi oxuyur.
Şükriyyə. Cavadı da burda saxlayırlar? (Müstəntiq qadın susur). Burda saxlayırlar, hə? Bizim qulluqçumuz var, Mariya Sergeyevna. O da burda xırda oğurluq üstündə yatır. Dustaqlara yemək veriləndə mənə dedi ki, sənin ərini türmənin səyyar xəstəxanasına 40 dərəcə temperaturda gətirmişdilər. Başını da bintlə sarımışdılar. Nə ərimdən, nə uşaqlarımdan xəbərim var. Görəsən, balalarım indi neynirlər?
Qadın müstəntiq. Sənə bir söz deyim, amma məndən eşitməyibsən.
Şükriyyə. Deyin, deyin, arxayın olun.
Qadın müstəntiq. (Boylanır) Niyazini də bura gətiriblər.
Şükriyyə. (Diksinib ayağa qalxır). Niyazini də?
Qadın müstəntiq. Bir az yavaş, eşidə bilərlər. (Pıçıltı ilə) Bir də burda səni bir qadın tanıyır. Adı Zöhrədir.
Şükriyyə. Zöhrə… Onun günahı nədir?
Qadın müstəntiq. İnanıb iş tapşırıblar, o da xəbərçilik edirmiş.
Şükriyyə. Ay Allah, bu nə gündür…
Qadın müstəntiq. Hamı bilir ki, Əhməd Cavad yoldaş Bağırovla dost olub. Ona görə qorxularından sənə güzəşt edə bilərlər. Ərin və oğlunla israrla görüş tələb elə! Amma sənə yenə deməyi özümə borc bilirəm: Əhməd Cavaddan boşan. Balalarına yazığın gəlsin. Yetimxanalarda məhv olacaqlar. Səni də Qazaxıstana sürgün gözləyir. Qabaqdan qış gəlir. Başa düşürsən, oralar necə dəhşətli yerdir? Mən də anayam, Şükriyyə. Biz gərək bir-birimizi başa düşək. Sürgün olunan qadınların siyahısı da bəllidir. Ceyran Bayramovanın da adı var. Yəqin tanıyırsınız.
Şükriyyə. Yaxşı tanıyıram. İnqilabçı Ceyran.
Qadın müstəntiq. Ərizə yaz! (Şükriyyə başını aşağı salıb etiraz mənasında sağ-sola tərpədir. Qadın ona kağız uzadır) Hər şey hazırdır, qalır bircə imza atmaq. Al, al… Götür… Bircə imza at, xilas ol. Yazıqsan… Götür, götür… (Şükriyyə başını qaldırıb müstəntiqin gözünün içinə baxır).
Şükriyyə. Heç vaxt! Heç vaxt! (Sükut)
Qadın müstəntiq. (Qadın peşmanlıqla əlini aşağı salır. Sükut). Üzünüzdəki çapıq nədir?
Şükriyyə. Sonbeşiyim Yılmazın dırnağının izidir. Onu süddən hələ ayırmamışam. Məni aparmağa gələndə uşaq duyuq düşmüşdü ki, nəsə pis şey olacaq. Boynumu qucaqlayıb ayrılmaq istəmirdi. Onu məndən zorla qopardılar.
(Otağın qapısı qəfil açılır, İvan Aleksandroviç əsəbi içəri girir)
İvan Aleksandroviç. (Səsini qaldırır) Sənə dedim ki, daxili qaydaları pozursan?! Sənə dedim ki, məhbusun oturmağına imkan vermək olmaz?!
Qadın müstəntiq. Yavaş. Bəlkə heç ona inanmayacaqlar.
İvan Aleksandroviç. Nə inanmayacaqlar? Soğru-sualdan sonra ikimizi də yuxarı çağırırlar.
Qadın müstəntiq. (Qorxu içində) Yuxarı?! Necə… yəni yuxarı?
(Nəfəslikdən səs eşidilir: “Mənim heç bir günahım yoxdur”. Şükriyyə nəfəsliyə tərəf qaçır, yıxılır. Səs davam edir: “Heç kimlə də belə söhbətlərim olmayıb. Heç kimdən heç nə eşitməmişəm. Məni həbs etməyinizə peşman olacaqsınız).
Şükriyyə. Cavaddır… Cavaddır… Cavad, Cavad… (Üzünü onlara tutur). Yalvarıram sizə, bizi görüşdürün.
İvan Aleksandroviç. Nə Cavad? Cavad vaxtıdır? Bizi də zibilə saldın, axmaq qadın.
Şükriyyə. Cavaddır… Cavaddır… Mən onun səsini min səsin içindən seçərəm.
İvan Aleksandroviç. Cəhənnəm ol başımdan. Növbətçilər! Növbətçilər! (İki nəfər içəri girir). Aparın!
Şükriyyə. Qoyun, son dəfə onu görüm. Son dəfə… Heç olmasa, uzaqdan baxım ona. Bəlkə bundan sonra qismət olmadı bir-birimizi görmək. Yalvarıram… Sizə yalvarıram. Cavadın üzünü mənə göstərin! Göstərin, qurban olum, göstərin. Cavadın üzünü mənə göstərin. (Hayqırır, səsləyir) Cavad… Cavad… Cavad… (Onun qolundan tutub aparırlar. Qadın müstəntiq və İvan Aleksandroviç də onun ardınca çıxırlar)
İşıq sönür.
4
Bayıl türməsi. Qaranlıq, soyuq kamera. Sırıqlısını altına sərib büzüşən Zöhrə öz-özünə nə isə danışır. Rabitəsiz nitqini hərdən kəsib gülür, kədərlənir, sevinir. Onu öskürək tutur. Ayağa durub əvvəlcə nəfəsliyə yaxınlaşır, sonra künc-bucağı axtarır.
Zöhrə. Ey… Ey… Kim var orda? Mənə siqaret verin. (Gülür). Hə, siqaret çəkmək istəyirəm. (Öskürür). Görmürsünüz, sinəm göynəyir? İndi dişlərim töküləcək qarnıma ha… Siqaretim qurtaranda dişlərimi yeyirəm, sonra təzədən çıxırlar. He-he… Hi-hi… Pişiklər axşam gəlmişdilər yanıma. Mənim dişlərimi düzəltməyə. Əl atıb quyruqlarını qopardım. Hə… İnanmırsınız? Heç inanmayın! Göndərdim ərimə. Onun uşaqlıqdan pişik quyruğundan xoşu gəlir. Pişiklər də mənim döşlərimi əmirdilər. Südüm xoşlarına gəlir. Ehh… Əsəbiləşirəm ha… Siqaret tapın gətirin. Keçən həftə ərim Quba bazarından mənə kostyum alıb. Onu geyinib gedəcəm toya. Pişikləri də aparacam. Mən rəqs edəcəm, pişiklər atların belinə minəcəklər. (Gülür) Bilirsiniz, necə oynayıram? Bax, belə oynayacam. (Dilinin altında mahnı zümzümə edir, oynayır. Bu vaxt Şükriyyə kameranın qapısının ağzında görünür. Zöhrə oynayıb-oynayıb Şükriyyəyə tərəf gəlir, onu görüb dayanır). Sən kimsən? Ərimin yanından gəlirsən? Həə… Tanıdım, tanıdım. O nədir, boynunda ilan oturub mənə baxır. Vur, vur… vur sal, yerə onu.
Şükriyyə. (Öz-özünə) Zöhrə… Zöhrə mənəm… (Zöhrə ona fikir vermir) Bədbəxt Zöhrə… Yazıq Zöhrə. Səni nə günə qoydular.
(İçəri növbətçi girir. Zöhrənin qolundan tutub qapıya tərəf dartır. Zöhrə müqavimət göstərir)
Zöhrə. Hara aparırsınız? Mənim qızım yatıb. Onun cehizlərini siçanlar yeyib. Gedib o siçanları axtaracam. Pişiklər onların hamısını yeyəcəklər. Hara aparırsınız? (Onu qapıdan çıxarırlar. Çöldən səsi gəlir) Pişiklərim, hardasınız? Döşümdə süd gətirmişəm… Döşlərim ağrıyır.
(Şükriyyə sırıqlısını altına sərib büzüşür. Əlləri qoynunda, kürəyini divara söykəyir, gözlərini kameranın tavanında məchul nöqtəyə zilləyir).
Şükriyyə. Deyəsən, məni də Zöhrənin aqibəti gözləyir axı… Hardasan, Cavad, hardasan, harda? Səni evdən aparanda mənə son dəfə nə dedin? Demədin ki, uşaqlardan muğayat ol, bu yaxınlarda qayıdacam? Niyə qayıtmadın? Mən uşaqlardan muğayat ola bilmədim. Bağışla, məni!
(Kameranın qapısı açılır. İvan Aleksandroviç içə girir)
İvan Aleksandroviç. Deməli, belə… Sənə görə məni işdən çıxarırlar. (Əlindəki kağızı göstərir) Əhməd Cavaddan boşanmaq haqqında bu ərizəni imzalasan, özün də xilas olacaqsan, məni də xilas edəcəksən.
Şükriyyə. Necə yəni məni də xilas edəcəksən?
İvan Aleksandroviç. Sənə görə məni cəzalandırıb Qazaxıstana sürgün olunan qadınların üstündə nəzarətçi göndərirlər. Yəni, iş yerimi dəyişirlər. Başa düşürsən, bu nə deməkdir? Sürgün olunmaq deməkdir. Mənim həyatım tükdən asılıdır.
Şükriyyə. Axı siz nə etmisiniz? Mənim bircə oturmağıma görə sizi cəzalandırırlar?
İvan Aleksandroviç. Cəza kəsilən qadına mərhəmət göstərmək cinayətdir. Bunu heç kimə bağışlamırlar. Hökumətimiz sənə mərhəmət göstərir. Bunu imzala.
Şükriyyə. Hökumətdə mərhəmət olsaydı, mənim ayaqlarıma qara su yığılmasına razı olmazdı. Hökumətdə mərhəmət olsaydı, bir qadının ayaqlarının dincini alması üçün bir kişini cəzalandırmazdı. Deməli, o hökumət mənə mərhəmət göstərmək yox, məni əymək istəyir.
İvan Aleksandroviç. Başından böyük danışma! Söz güləşdirməyini saxla, buna imza at. Mən sənə görə işimi Qazaxıstanın hansısa cəhənnəminə dəyişə bilmərəm.
Şükriyyə. Bilirsiniz ki, imzalamayacam.
İvan Aleksandroviç. Bura imza at.
Şükriyyə. Atmayacam.
İvan Aleksandroviç. (Bağırır) Atacaqsan.
Şükriyyə. (Qorxub geri çəkilir. Sükut).
İvan Aleksandroviç. İmzala!
Şükriyyə. (Susur)
İvan Aleksandroviç. Bunu imzala, məni də qoru, özünü də.
Şükriyyə. (Susur).
(İvan Aleksandroviç onun yaxasından tutaraq itələyib yıxır)
İvan Aleksandroviç. Əgər məni cəzalandırıb sizin üstünüzdə göndərsələr, nə qədər bacarıram, sənə zülm edəcəm. (Çıxmaq istəyəndə Şükriyyə onu çağırır)
Şükriyyə. İvan Aleksandroviç… Mənə yer verən o qadının axırı necə oldu?
İvan Aleksandroviç. Sənə nə?
Şükriyyə. Mənə görə onu incitməsinlər.
İvan Akesandroviç. Sənə baxanda onun bəxti var imiş. Bir az danladılar, o da başını saldı aşağı, dinmədi. Vəssalam!
Şükriyyə. Necə yəni dinmədi? Mənə yeri o verdi, sizi cəzalandırırlar.
İvan Aleksandroviç. Bəli, məni cəzalandırırlar.
Şükriyyə. Siz demədiniz ki, stulu o verib.
İvan Aleksandroviç. Yox, demədim.
Şükriyyə. Niyə demədiniz?
İvan Aleksandroviç. Vicdanım yol vermədi, ona görə.
(Çıxır).
Şükriyyə. (Gəzişir). Heç nə başa düşmədim. Bu adam vicdandan danışır? Yəni doğrudan vicdanlı adamdır? Yoxsa məni aldadır?
(Qapı açılır, içəri növbətçi girir.)
Növbətçi. Çıx! Sırıqlını da götür.
Şükriyyə. Döşəmə nəmdir, ona görə sırıqlını altıma sərib otururdum. Bunu geymək olmaz. Evdən gətirdiyim paltarlarımla gedəcəm.
Növbətçi. (Onun saçından tutur) Sənin hələ danışmağa dilin də var? (Şükriyyəni qapıdan çölə itələyir).
(İşıq sönür.)
II HİSSƏ
5
Hərəkətdə olan qatar. Darısqal, tör-töküntülü vaqon yarıqaranlıq və soyuqdur. Sağ tərəfdə hamam-tualet kimi istifadə olunan kiçik yer var. Onu vaqondan pərdə arakəsmə ayırır. Hamam-tualetdə köhnə, kiçik stol var. Stolun üstündə vedrə, yuyunmaq üçün təkəlli qab görünür. Divardan nimdaş dəsmal asılıb. Relslərin səsi sürgünə göndərilən qadınların iniltili, ağrılı səsinə qarışıb. Qadınlar iki cərgə, alt-üst yatıblar. Şükriyyə və Ceyran səhnənin ön tərəfində yan-yana uzanıblar. Çöldən küləyin vıyıltısı eşidilir.
Ceyran. Şükrü…
Şükriyyə. Hə…
Ceyran. Bu nə işdir gəldi başımıza.
Şükriyyə. Dözmək lazımdır.
Ceyran. Vallah, yoldaş Stalinin bundan xəbəri yoxdur.
Şükriyyə. Elə olsun…
(Qatar fit verir. Vaqona nəzarətçi girir. Hamı qalxıb oturur)
Nəzarətçi. Hə… Xe-xe-xe… Necəsiniz, xalq düşmənlərinin arvadları? Deməli, belə… Stansiyaya çatmağa az qalıb. İşinizi bilirsiniz də. Üç nəfərdirlər. Yaraşıqlı kişilərdir, narahat olmayın. He-he-he… Xoşunuza gələcəklər. Xe-xe… Xe-xe-xe-hi-hiii… Sizə zəhmət, bizə xəcalət! Əvəzində kolbasamız, çörəyimiz, konservamız bol olacaq. Hi-hi-hi… (Nəzarətçi zabit arxa sıraya keçir, qadınları seçir) Sən… Sən… Bir də sən. Yox, yox, sən lazım deyilsən. Sənə it də yaxın durmaz. Üzümüzə söz gələr. (Birinci cərgəyə keçir. Şükriyyənin yanında dayanır) Həə… Bir də sən. Hazır olun.
Şükriyyə. (Oturur. Qorxa-qorxa) Mm..mə-n?
Nəzarətçi. (Hirs və istehza ilə) Yox, mən. Sənin əvəzinə mən gedəcəm. Nədi, nə baxırsan üzümə? Sən burdakılardan artıqsan? Hə? Sənnənəm, karsan?
Şükriyyə. Yo-x, eşidirəm.
Nəzarətçi. Onda hazır ol. İndi saat neçədir? (Qolundakı saata baxır). Saat düz 11. Qatar gecə 3-də stansiyaya çatacaq. (Ona tərəf əyilir) Yat, dincini al ki, heyin-hərəkətin olsun. Hi-hi-hi… Xe-xe-xe… İndi tapşıracam, suyu gətirib hazır qoysunlar ki, çatanda çimməyə vaxt itirməyəsiniz. (Başı ilə tualetə işarə edir). Bilirəm, orda çətindir. Amma gərək dözəsiniz də. Düşərgəyə çatandan sonra hər şey əla olacaq. (Baş barmağını qaldırıb göz vurur). Dünən düşdüyümüz stansiyada zabitlər qəşəng sabun da veriblər. (Cibindən çıxarıb qoxlayır) Gül iyi verir e, gül iyi. He-he-he… Dedilər ki, bizdən qabaqda ağır xidmət aparan qardaşlarımız əziyyət çəkəndə burunlarına gözəl qoxu gəlsin. Görürsünüz, bir-birini necə çox istəyirlər? Xe-xe-xe… (Gedir. Şükriyyə başını əlləri arasına alıb büzüşür).
Ceyran. Möhkəm ol… Möhkəm ol… Mən yatıram, sən də yuxu al. (Uzanır. Arxadan səslər gəlir).
I Qadın. Mən ölsəm də, qatardan düşməyəcəm.
II Qadın. Elə gedəcəksən, canın da çıxacaq… Hələ bəlkə xoşuna da gəldi.
III Qadın. Mən də getməyəcəm. Getməyəcəm! Zorla aparsalar, özümə od vuracam.
IV Qadın. Od tapsan, vurarsan.
V Qadın. (Əsəbi) Yatın, yatın…
(Səs kəsilir. Bir müddət yalnız qatarın səsi eşidilir. Şükriyyə yerin içində oturub ətrafı dinşəyir, ora-bura boylanır. Sonra ehmalca ayağa durur, barmağının ucunda “hamam-tualet”ə tərəf gedir. Pərdəni aralayır, içəri boylanıb özlüyündə nəyisə götür-qoy edir. Birdən çöldən səs gəlir. Şükriyyə tez qaçıb yerinə girir, özünü yatmış göstərir. Bir nəfər əsgər içəri girir. Əlindəki su dolu vedrəni “hamam-tualet”ə qoyur. Cibindən sabun çıxarıb əvvəl dərindən iyləyir, sonra stolun üstünə qoyub çıxışa tərəf yönəlir. Nəsə düşünüb təzədən qayıdır, sabunu bir də qoxlayandan sonra qırağından bir parça qoparmaq istəyir. Şükriyyə başını qaldırıb ona baxır. Əsgər sabunu əvvəl vedrənin qulpuna sürtür, sonra ora-bura baxır, sabunu kəsmək üçün nəsə axtarır. Gözü Şükriyyəyə sataşır. Ona yaxınlaşır).
Əsgər. (Astadan) Niyə yatmırsan? (Sükut). Deyirəm, niyə yatmırsan?
Şükriyyə. Yuxum gəlmir.
Əsgər. Səndə bunu qoparmaq üçün nəsə var?
Şükriyyə. Onu niyə qoparırsan?
Əsgər. Heç kimə deməzsən?
Şükriyyə. Yox, yox, demərəm.
Əsgər. Mən uşaq olanda atam da bu sabundan bişirirdi. Amma bu qədər möhkəm olmurdular. Anam hər gün bu sabunla bizi çimizdirirdi. Mənim atamın-anamın əlləri həmişə gül iyi verirdi.
Şükriyyə. Adın nədir?
Əsgər. Aydın.
Şükriyyə. Aydın? Mənim oğlumun da adı Aydındır. (Gülümsəyir) Sən hələ böyüməyibsən. Gəl, boyunu qucaqlayım.
Əsgər. Lazım deyil, görən olar. Səndə bunu kəsməyə nəsə yoxdu?
(Şükriyyə yaxasından balaca sancaq çıxarıb ona verir. Əsgər qorxa-qorxa ətrafa baxır, sancağı açıb sabunu kəsir, kiçik parçasını cibinə qoyur). Heç kimə deməzsən ki?
Şükriyyə. Yox, demərəm, demərəm…
Əsgər. Bunu hər qoxlayanda uşaqlığım yadıma düşəcək. Elə biləcəm ki, atam-anam uzaqda deyillər. (Sabunu stolun üstünə qoyub çıxır. Bir qədər sonra Şükriyyə ayağa durub soyuna-soyuna “hamam-tualet”ə sarı gedir. Əynindəki paltarlarla yeri silib təzədən geyinir. Yerinə girmək istəyəndə geri qayıdır. Sabunu götürüb kəsik yerini dişinə sürtür, onu sanki gəmirir. Əlini ağzına tutub öyümək istəsə də, özünü birtəhər saxlayır. Tələsik yerinə girib adyalı üstünə çəkir. Sükut. Qatar fit verir, küləyin səsi getdikcə güclənir. Nəzarətçi içəri girib ətrafı süzür. Stansiya zabitləri üçün seçdiyi qadınları gözdən keçirir, daha sonra Şükriyyənin başı üstündə dayanıb yuxudan oyatmaq məqsədilə ayağı ilə ona yüngül toxunur. Şükriyyə yerin içində oturur. Nəzarətçi gedib “hamam-tualet”i nəzərdən keçirəndə sabunu götürüb ona diqqətlə baxır).
Nəzarətçi. Əsgər… Əsgər… (Əsgər əmrə müntəzir şəkildə içəri girir). Bu sabunu kim yeyib?
Əsgər. Necə… yə-ni… yeyib?
Nəzarətçi. Sən bunu gətirəndə bütöv idi?
Əsgər. Bəli… bəli…
Şükriyyə. Mən etmişəm.
Nəzarətçi. Sənin başın çatır, ya yox? Deməli, özünü öldürmək istəyirsən, hə? Aaaa… Yaxşı… yaxşı…
Şükriyyə. Özümü öldürmək istəmirəm. Sabunu yeməmişəm… (Dilini sürüyür)
Nəzarətçi. Bəs nə eləmisən?
Şükriyyə. Dişlərimi təmizləyirdim.
Nəzarətçi. Yalan danışma, bunu kimsə kəsib oğurlayıb ki, gizlincə çimsin. Əsgər, kim edib bunu?
Şükriyyə. Yalan danışmıram. İnanmırsınız, baxın. (Dişlərini göstərir. Nəzarətçi zabit ona yaxınlaşır, baxır).
Nəzarətçi. Yaxşı, yaxşı… İnandım sənə. Hələ xoşum da gəldi səndən. Deməli, kömək etmək istəyirsən ki, bizi tərifləsinlər. Mən elə bilirdim, sən axmağın, tərsin birisən. Deməli, səhv etmişəm. İndi dur, çim hazırlaş. Siz də, arxadakılar… Hazır olun, çatmağa az qalıb. (Zabit qabaqda, əsgər qapıya sarı yönəlirlər. Çıxanda əsgər və Şükriyyə bir-birinə baxırlar. Şükriyyə ona gülümsəyir. Arxadakı qadınlar “hamam-tualet”ə sarı gedirlər, içəridən su səsi gəlir. Şükriyyə Ceyrana tərəf əyilir, onu çağırır)
Şükriyyə. Ceyran… Ceyran… Dur, dur…
Ceyran. (Gözünü ovuşdurur). Nəsə olub?
Şükriyyə. Məni iylə, gör bir şey hiss edirsən?
(Ceyran onu tərəf əyilir, burnunu tutur, çimçəşir).
Ceyran. Bu nə iydir? Sən nə edibsən? Özünü…
Şükriyyə. Nə özünü?
Ceyran. Özünü saxlaya bilmirsən?
Şükriyyə. Yox-yox. Sonra biləcəksən.
(Qatar fit verib dayanır. Zabit içəri girir).
Zabit. (Hökmlə) Adını çəkdiyim məhkumlar… Qalxın ayağa, çölə çıxın.
(Şükriyyə və qadınlar çıxırlar. Ceyran “hamam-tualet”ə sarı gedir, uzun-uzadı baxıb nəyisə başa düşmüş kimi barmağını dişləyir. Gəlib təzədən yerinə girir. Nəzarətçi zabit içəri girir. Qucağında kolbasa, konserva qabları, çörək dilimləri var. Onları qadınlara tərəf atır).
Zabit. Yeyin, yeyin. Yeyin, canıma dua eləyin. Bu gün onlar əziyyət çəkib sizi yedirdirlər, sabah da siz əziyyət çəkib onları yedirdərsiniz. He-he-he… (Başqa bir nəzarətçi Şükriyyənin qolundan tutub vaqona itələyib yıxır. Onun üz-gözü göyərib).
Nəzarətçi. Nə olub, Andrey?
Andrey. Bu qadını ac-susuz saxlamaq lazımdır. Üç gün. Stansiya rəisi bunu otağından döyüb qovdu. Murdar iy gəlir bu qadından. (Nəzarətçi “hamam-tualetə” tərəf baxıb, başa düşür. Andrey çıxır).
Nəzarətçi. Yaxşı… yaxşı… Deməli, məni aldatdın. Deməli, məni stansiya rəisinin yanında biabır elədin. Həə… (Şükriyyənin qolundan tutub onu sürüyüb bayaqkı yatağına sarı gətirir. Andrey qayıdır).
Andrey. (Nəzarətçiyə) Səni stansiya rəisi çağırır.
Nəzarətçi. Tfu… Tfuu… Ölümü-dirimi söyəcək. (Çıxır. Ceyran Şükriyyənin başının üstündə dayanır).
Ceyran. Şükrü… Şükrü… İndi nə edəcəksən?
Şükriyyə. Toxunma mənə, toxunma… Toxunma. Hər yerim ağrıyır. Sakitləşmək istəyirəm.
Ceyran. Bunların Allahı yoxdur. Dedilərsə, deməli, səni ac-susuz saxlayacaqlar. Necə dözəcəksən?
Şükriyyə. (Qalxıb oturur. Yaxasındakı sancağı çıxarıb barmağını deşir). Qanımı içəcəm, Ceyran, qanımı içəcəm. (Barmağını sorur. Uşaq kimi ağlayır). Amma imkan verməyəcəm ki, Cavadın ləyaqətinə toxunsunlar. İmkan verməyəcəm!
İşıq sönür
6
İvan Aleksandroviç əlində siyahı, səhnəyə daxil olur.
İvan Aleksandroviç. Diqqət! Hamı qulas assın. Adı oxunanlar bura gəlsinlər. (Qadınlar sıraya düzülürlər). Deməli, belə. Adları oxunanlar “mən” deyib, irəli çıxır. Volkova Mariya, Usmanova Ayçiçək, Eyyubova Sənubər, Dombrovskaya Lola, Kapanadze Tamar (oğlu Rezo Kapanadze ilə birlikdə), Axundzadə Şükriyyə… (Cavab gəlmir). Axundzadə Şükriyyə… (Sükut). Növbətçi, hardadır o? (Növbətçi çıxır, İvan Aleksandroviç oxumağa davam edir) Lebedeva Svetlana, Naumova Frida, Mehdiyeva Setar. (Nəzarətçi və Şükriyyə qayıdırlar) Harda idin? (Sükut). Eşitmirsən?
Növbətçi. Halı pisləşib özündən getmişdi.
İvan Aleksandroviç. (Şükriyyə ilə üz-üzə dayanır) Özünü tülkülüyə vurmağa tez başlamısan. Bu qədər tələsmə, hələ qabaqda çox şeylər olacaq. Heyf, məni başqa qatarla göndərdilər. Səni özüm gətirməli idim bura. Onda məni yaxşı tanıyacaqdın. (Oxumağa davam edir). Bayramova Ceyran…
Növbətçi. O, başqa dəstədədir.
İvan Aleksandroviç. Aydındı. Smirnova Olqa, Naibova Suğra. Adları çəkilənlər bu gün düşərgəyə göndəriləcəklər. Akmol düşərgəsinə. Bir yerdə çıxırıq. Mənim artelimdə olacaqsınız. (Şükriyyəyə xüsusi intonasiya ilə) Mənim ar-te-limdə o-la-caq-sı-nız! Mənim arte-lim-də…
(Adları oxunanlar və İvan Aleksandroviç çıxırlar).
İşıq sönür
7
Səhnə yarımqaranlıqdır. İt hürür. Külək yaxınlıqda bir-biri ilə qəzəblə danışan adamların anlaşılmaz qışqırıqlarını qovub gətirir. Küləyin səsi şiddətlənir, it daha yaxında hürür. Daha doğrusu, əvvəl ulayır, sonra hürür. Kimsə hıçqırır, qaranlıqdan səslər eşidilir:
– Bu nə soyuqdur, İlahi?!
– Dözə bilmirəm, vallah, dözə bilmirəm.
– Allah, bizə yuxu ver.
(Yer-yerdən növbəli şəkildə):
– Allah, bizə yuxu ver…
– Allah bizə yuxu ver…
– Allah, yuxu ver, yuxu ver, yuxu ver… (Hıçqıra-hıçqıra yalvarışla)
– Yuxu…
– Yuxu ver, Allah…
– Bu itin səsi də ki, bütün gecəni kəsilməyib.
(Kimsə dayanmadan öskürür, it daha bərkdən ulayır, külək çöldə haranısa uçurur, gurultu qopur. İşıq tədricən artır. Səhnə barak şəklindədir. Yan-yana iki mərtəbəli çarpayılar düzülüb. Şükriyyə və Mariya üstünə saman və cır-cındır döşənən alt-üst yatacağın aşağısında yan-yanadırlar. Şükriyyə nə isə toxuyur, Mariya yatacağın taxtasına söykək şəkildə yuxuya gedib. Hər ikisinin əynində qalın, üstü nömrəli düşərgə geyimi var. Başlarını qalın şalla bağlayıblar.)
Şükriyyə. Mariya… (Sükut) Mariya… (Sükut) Meri, eşidirsən məni? Meri…
(Mariya diksinib oyanır)
Mariya.Gəldilər?
Şükriyyə. Yox, Meri, qorxma. Heç kim gəlməyib.
(Mariya rahat nəfəs alır. Sükut)
Mariya. Şükrü…
Şükriyyə. Hə…
Mariya. Səndə çörək qalıb?
Şükriyyə. Hə, qalıb.
Mariya. Mən acam.
(Şükriyyə yastığını qaldırır. Parçanın arasına büküdüyü çörək tikəsini Mariyaya verir. Mariya yeməyə başlayır).
Şükriyyə. Sən çörək payını yemədin?
Mariya. Yox.
Şükriyyə. Niyə? Bəs çörəyi neynədin?
Mariya. İtə verdim?
Şükriyyə. İtə?
Mariya. Hə, itə. O çöldə acından ulayan itə. Yazıq heyvanın ayaq üstə durmağa heyi qalmayıb.
(Sükut. Mariya çörəkdən qoparıb iştaha ilə yeyir. Şükriyyə ona baxıb gülümsəyir)
Şükriyyə. Sənin ürəyinə qurban olum. (Sükut) Axı mən onun qabağında çörək gördüm. Amma yemirdi. Deyəsən, xəstədir o it.
Mariya. Şükrü, vallah, yalan demirəm. Onun balasını aparandan sonra heç nə yemir. Qabağında o qədər çörək vardı, amma heç birinə toxunmurdu. Mən öz çörək payımı atan kimi… əvvəl üzümə baxdı, zəif-zəif uladı. (Kövrəlir). Sonra yeməyə başladı.
Şükriyyə. Meri, o itlə mənim nə fərqim var ki?
Mariya. Elə demə…
Şükriyyə. (Dalğın-dalğın). O da balasından uzaq düşüb, mən də.
(Bu vaxt kimsə qapını təpiklə açır. Hər ikisi, o cümlədən barakda yatan qadınlar diksinirlər. Artel rəisi içəri girir)
İvan Aleksandroviç. (Qəzəblə) Rahat-rahat yatırsınız, hə? Yatın, yatın, qəhbə yığını, yatın…
Şükriyyə. (Öz-özünə, bir az alçaq səslə) Sənə də belə yatmağı arzu edirəm.
(İvan Aleksandroviç səs gələn səmtə çevrilir).
İvan Aleksandroviç. Kim idi o? (Sükut) Kim idi o? (Sükut. Bağırır) Eşitmədiniz?
Şükriyyə. Mən idim.
Mariya. Şükrü…
İvan Aleksandroviç. Nə dedin, sən?
Mariya. Şükrü… Suss…Ssss…
Şükriyyə. Deyirəm, sənə də, sənin arvadına da belə rahat-rahat yatmağı arzu edirəm.
(Artel rəisi ona yaxınlaşır. Sifətindən yapışıb sıxır, itələyib çarpayıya yıxır. Qadınlara üzünü tutur)
İvan Aleksandroviç. Hamınızın burnundan gətirəcəm. (Çarpayılardan birinə təpik vurur) Sizin əvəzinizə dovşanları mən qovmalıyam? (Sükut) Eşitmirsiniz? Deyirəm, sizin əvəzinizə dovşanları mən qovmalıyam? Qalxın, düzülün. Tez, tez, tez… (Hamı qalxır, sıra ilə düzülür). Deməli, belə… Açın qulağınızı, yaxşı-yaxşı eşidin. Alma bağına dovşanlar dadanıb. Mənə dedilər ki, ac dovşanlar ağacların dibini qazır… kökünü, gövdəsini yeyir… Təzə əkilən pöhrələrin hamısı qurumağa başlayıb. Başa düşürsünüz, bu nə deməkdir? Başa düşürsünüz, ya yox? Adamı bunun üstündə güllələyib leşini çölə atarlar. Hamı öz sahəsini yaxşı tanıyır. Sabah axşamdan növbə ilə alma ağaclarına qarovul çəkirsiniz. Ağacın birinə dovşan yaxın gəlsə, həmin adamın alnına güllə sıxmasam, oğraşam. Başa düşdünüz? Deyirəm, başa düşdünüz?(Qadınlar xorla, amma zəif səslə, qorxa-qorxa cavab verirlər:bə-li) Səhər açılan kimi hərə öz sahəsinə… Yarımçıq qalan işlər sabah yekunlaşmalıdır. (Şükriyyə ilə üz-üzə dayanır. Asta səs və yenə istehza ilə) Aydın oldu, Süleyman bəyin qızı? (Şükriyyə təsdiq mənasında, bir qədər də qorxa-qorxa başını tərpədir). Növbətçi…
Növbətçi. Bəli. (Qaça-qaça gəlir).
İvan Aleksandroviç. Bu həftə yandırmaq üçün barakın bütün qamışını Şükriyyə qırıb gətirəcək. Nəzarətinizdə olsun…
Növbətçi. Oldu!
(İvan Aleksandroviç gedir, növbətçi də onun dalınca çıxır).
Mariya. Şükrü, qurban olum, bunlarla dilləşmə.
Şükriyyə. Qorxursan?
Mariya. Niyə qorxmayım? Adam bunlardan qorxmaz? Bizim burda heç kimimiz yoxdur, başa düşürsən?
Şükriyyə. (Onu qucaqlayır) Başa düşürəm. Belə danışmağıma baxma, Meri, mən də qorxuram. Bəlkə səndən də çox qorxuram. Təkcə özüm üçün qorxmuram ki… Balalarım üçün qorxuram, Cavad üçün qorxuram. Onların yanına qayıtmaq üçün hər şeyə dözərəm. Hər şeyə… Təki Yılmazımı təzədən bağrıma basım.
Mariya. Darıxma. Nəsə qarışıq düşüb. Vallah, qarışıq düşüb nəsə. Bizi burda çox saxlaya bilməzlər. Sənin Yılmaz üçün toxuduğun paltar hazır olan kimi bizi buraxacaqlar. Özün də deyirdin axı… Mənə möhkəm olmağı sən öyrətmədin?
Şükriyyə. Köynəyi qurtaran kimi ona papaq da toxuyacam, əlcək də, şərf də. Amma qorxuram, ip çatmaz. Gizlədə-gizlədə güclə gətirmişəm.
Mariya. İndi Yılmaz mışıl-mışıl yatır. (Gülümsəyir)
Şükriyyə. Onu məndən bilirsən, necə qopardılar? Cırmaqlarının izi sinəmdən həftələrlə çəkilmədi.
Mariya. Amma deyirdin, sən bura düşməyə də bilərdin, hə? Səni qoruyan olub. Cavadın böyük vəzifəli dostu. Mir… Mir… Adını yadımda saxlaya bilmirəm.
Şükriyyə. (İstehza ilə) Dostu… Böyük vəzifəli olmağına, böyük vəzifəlidir. Amma… eh… Meri… (Uzaqlara baxır, gözləri yol çəkir)
Mariya. Gərək onunla razılaşaydın, Şükrü. Balalarının yanında olardın…
(Şükriyyə ona sərt nəzərlərlə, qınayıcı baxışla baxır, Mariya özünü itirir, sanki dediyinə peşman olur).
Şükriyyə. Bir də belə danışma! Hava işıqlanır. Gedim qamış gətirim. (Çıxır)
İşıq sönür.
8
Barakın kiçik pəncərələrindən solğun işıq süzülür. Ortalıqdakı böyük ləyənin içi palçıqla doludur. Sağ tərəfdə beş-altı qadın köməkləşib barakın divarını suvayırlar. Hardasa dərinlikdə bir qadın yanğılı-yanğılı rus xalq mahnısı oxuyur. Lola çəlləyin üstündə olan çaynikdən ləyənə su tökür, o biri palçığı qarışdırır. Mariya çarpayıda büzüşüb gözlərini yerə zilləyib nəsə düşünür.
Lola. Mariya… (Sükut) Eşitmirsən, Mariya? (Sükut. Qəzəblə) Mariya, karsan? Biz burda it zülmü çəkirik, sən özünü qanmazlığa vurubsan?
Mariya. Nədir, nə istəyirsən yenə? Səhərə qədər deyinibsən, səhərə qədər mənə ağzına gələni deyibsən. Nədir sənin dərdin?
(Lola çayniki yerə atır, su dağılır, gəlib dayanır Mariyanın başının üstündə)
Lola. Ona görə deyinmişəm ki, acam. Ona görə ac qalmışam ki, sənin kimi onun-bunun altına uzanıb yemək almıram.
Mariya. (Sakit-sakit, bezgin səslə) Mən də acam, Lola, vallah, mən də acam. Məndən əl çək.
Lola. Şükriyyə haradadır?
Mariya. Qamış gətirməyə gedib.
Lola. Gec gələr?
Mariya. Bilmirəm.
Lola. Onun çörəyi var?
Mariya. Bilmirəm. Özündən soruşarsan.
Lola. Yalan danışma, sənə çörək verəndə görmüşdüm.
(Oturur Mariyanın yanında. Mariya onu qucaqlayır, Lola ona tərəf əyilir, uşaq kimi başını onun sinəsinə söykəyir). Meri, mən çox qocayam, hə? Ona görə mənə yaxın durmurlar? Sən cavan, gözəl olduğuna görə o İvan Aleksandroviç səndən əl çəkmir.
Mariya. Belə danışma, Lola. Pis günün ömrü az olar. Dözməkdən başqa əlacımız yoxdur. Bir-birimizi incitməsək, hər şey yaxşı olacaq.
Lola. Uşaqsan, uşaq. 8 il bilirsən, nə deməkdir? Ərim məni çox incidirdi. Ona görə tutulmağına təəssüflənmirəm. Amma vicdanla danışsaq, partiyaya namusla xidmət edirdi. Hətta onun ayıq-sayıqlığı nəticəsində onlarla qolçomaq, əksinqilabçı zərərsizləşdirilmişdi. Həftədə ikisini NKVD-yə təhvil verirdi. Amma… nolsun? Özünü ki qoruya bilmədi. Bəlkə də indi güllələyiblər. Heç ona görə də təəssüflənmirəm. Mən qızım üçün çox darıxıram. Sənə yaxşı xəbər verim?
Mariya. Sürgündə yaxşı xəbər də olur?
Lola. Hə, əlbəttə, olur. Bu gün mənim ad günümdür.
Mariya. Hm… Tə-br…ik edir-əm.
Lola. Nəyi? Bu cəhənnəmdə ad gün keçirməyimi? Yaxşı, incimə. Bilmirsən, Şükriyyənin çörəyi var?!
Mariya. Bilmirəm. Gələr, özündən soruşarsan.
Lola. (Cəld yerindən sıçrayıb Şükriyyənin çarpayısını eşib-tökür. Yastığın, cır-cındırın altına baxır. Mariya ona mane olmağa çalışsa da, bacarmır).
Lola. Çörək yoxdur. (Axtarmağa davam edir. Şükriyyənin Yılmaz üçün toxuduğu köynəyi tapır, işığa tutur, baxır. Ağzını Mariyanın qulağına tutur). Gəl, bunu götürək. Hə, nə deyirsən? Çörək alarıq.
Mariya. (Köynəyi onun əlindən almaq istəyir). Ver, ver bura. Ver… Ver… (Alıb, çarpayının altına qoyur). Bir də bunu ağlına gətirmə. Döz, yemək vaxtına bir şey qalmayıb.
(Barakın dərinliyindən qədim rus mahnısı yenidən eşidilir. Onun ardınca yan tərəfdəki çarpayılardan birində uşaq zarıyır. Mahnı oxuyan qadının səsi ilə uşağın səsi bir-birinə qarışır. Uşağın anası onu əzizləyir, üstünü bərk-bərk basdırır. Qadın mahnını zildən oxuyur. Uşağın anası qəzəblənir, anlaşılmaz nələrsə deyir).
Mariya. Tamar, indi nəzarətçilərdən dərman istəyərik. Bəlkə Rezoya görə insafa gəldilər.
Lola. (Başını qaldırır). Həə? Nəzarətçilərlə aran yaxşıdır, hə? Sən onlardan çörək nədir, hələ dərman da istəyə bilirsən?
Mariya. Lola, axı dedim ki, belə şeylər danışma.
Tamar. Off… Mənim uşağım burda soyuqdan ölür, qızdırmadan yanır, xəstədir, bu da öz kefində mahnı oxuyur. Belə də insan olar?
Mariya. İşin yoxdur. Qoy oxusun. O da oxuyub sakitləşir.
(Uşağın səsi eşidilir: üşüyürəm. Bu vaxt qapı açılır, Şükriyyə bir qucaq qamışla özünü içəri atır. Həyəcanlıdır, az qalır nəfəsi kəsilsin. Özünü saxlaya bilmir, yaxılır, qamışlar dağılır. Tamar gəlib qamışları çəlləyə atır, alov dilimləri havada oynayır. Mariya Şükriyyənin başının üstündə dayanır, onu qaldırmaq istəyir)
Mariya. Nə olub sənə, Şükrü?
Şükriyyə. Ürəyim bu dəqiqə dayanacaq.
Mariya. Niyə, nə olub, axı? (Qadınlar hamısı onun başına yığışırlar. Mariya aşağı əyilir, onun əllərini əlinə alır) Tir-tir titrəyirsən. Nolub, axı Şükrü? Nolub? Danış də, niyə danışmırsan?
Şükriyyə. Qamışlıqda uşaq meyitləri…
Tamar. (Təşvişlə) Qamışlıqda uşaq meyitləri?
(Şükriyyə başı ilə təsdiq edir)
Lola. Neçə meyit idi?
(Rezonun səsi eşidilir. Tamar onun yanına qaçır).
Şükriyyə. Dörd-beş uşaq meyiti idi. İkisini itlər parçalamışdı. Məni görən kimi meyiti götürüb qaçdılar.
(Səhnənin dərinliyindən Tamarın ağladığı eşidilir)
Şükriyyə. (Qalxır, üzünü ona tutur) Tamar, sən qorxma, yaxşı?! Mən bunu demək istəmirdim, bağışla.
(Tamar Rezonu cır-cındıra büküb qucağına götürür və çəlləyin kənarına gətirir. Özü oturur, uşağı da qucağına alır. Bu vaxt qapı zərblə açılır, İvan Aleksandroviç içəri girir)
İvan Aleksandroviç. Sıra ilə düzülün. (Bağırır) Qalxın. Tez… tez… tez… (Qadınlar ortalıqda düzülür) Sizə nə demişdim? Demişdim ki, alma pöhrələrini dovşanlar yeyib qurudur? Demişdim ki, kimin sahəsinə dovşan girsə, məndən inciməsin? (Pauza verir, qadınlardan cavab gözləyir). Karsınız? (Sükut. Cibindən kağız çıxarıb oxuyur) Dombrovskaya Lola, Tabatadze Nino, Ağayeva Gülçöhrə… Adları çəkilənlər bir addım qabağa çıxsınlar. Cəld… (Qadınlar qorxa-qorxa qabağa çıxırlar). Sağollaşın. (Sükut) Başa düşmədiniz? Deyirəm, sağollaşın. (Qadınlar dəhşət içində bir-birinə baxırlar. Donub qalıblar) Yenə başa düşmədiniz? Deyirəm, sağollaşın. Xalq düşmənlərinin arvad olmaq bəs deyil, hələ vicdansız vətəndaş kimi sovet əmlakına ziyan da vurursunuz. Beş-on dovşanın öhdəsindən gələ bilməyən adam elə ölümə layiqdir. (Hamı içini çəkir.) Sizinki bura qədərmiş. Növbətçilər… (Dörd nəfər növbətçi içəri girir). Aparın! Tez… (Növbətçilər qadınları tutur, onlar ağlayır, qışqırır, müqavimət göstərirlər. Onları sürüyə-sürüyə barakdan çıxarırlar).
Mariya. (Şükriyyəyə) Onları doğrudan öldürməyə apardılar? Bəlkə bizi qorxutmaq üçün eləyirlər?
(Çöldən Lolanın səsi eşidilir, yalvarır)
Lola. Mən o dövşanları diri-diri yeyərəm. Qoymaram bir də alma bağına girsinlər. Qoymaram… Qoymaram… Mən alma ağaclarının dibində yatacam. Söz verirəm. Söz verirəm sizə. Qoymayacam dovşanlar ağacların dibini eşsinlər. Vurma, vurma… Bu gün mənim ad günümdür, vurma. (Güllə səsi eşidilir).
Mariya. (Başını tutub çökür, hönkürür). Lolanı ad günündə ac öldürdülər. Ac öldürdülər onu, Şükrü, ac öldürdülər…
Tamar (Gəlir). Lolaya olan gündən bizə də var.
(Qadınlar yığışırlar)
Olqa. Dovşanlara bəlkə zəhər verib öldürək?
Mariya. Razı olmazlar.
Şükriyyə. Niyə?
Tamar. Çünki zabitlər dovşanları vurub yeyib-içirlər. Bizim ölməyimizə razı olarlar, dovşanların yox.
Şükriyyə. Ağlıma bir fikir gəlib. (Yer-yerdən:Nə? Nə? Nə?) Bizə hər gün verilən bir dilim qara çörəyin yarısını pöhrələrin dibinə qoyacağıq. Dovşanlar çörəyə öyrəşib ağaclara bəlkə dəyməyələr.
Olqa. Hansı çörəyi? Bizə nə çörək verirlər ki, onu da dovşanlara yedirdək?
Şükriyyə. Bu gündən bir az artıracaqlar.
Olqa.Hardan bilirsən?
Şükriyyə. Qamış gətirəndə eşitdim.
Tamar. Ağıllı fikirdir, yaxşı fikirdir.
Mariya. Sabahdan yoxlayaq.
Olqa. Çox sağ ol, Şükrü.
(Olqa onu qucaqlayır. İşıq sönür)
9
Barak. Rezo yatıb. Narahatdır, hiss olunur ki, qorxulu yuxu görür. Birdən diksinib ayılır. Qalxıb çarpayıda oturur. Sağa-sola baxır, gözlərini ovuşdurur. Durub barakı axtarır.
Rezo. Ana… Ana… Ay ana. Hardasan? (Çarpayının altına baxır. Su bankası görür, götürüb başına çəkir. Suyu içib bankanı yerinə qoyur, təzdən anasını axtarır. Barakın qapısına yaxınlaşıb çağırır). Ana… Mən yenə qorxulu yuxu görmüşəm. Demirdin ki, yuxuda qorxsan, məni çağır? İndi hardasan? Yuxuda gördüm ki, itlər səni yeyir.
(Çarpayıda oturub ağlayır. Şükriyyə gəlir).
Şükriyyə. Rezo, nə istəyirsən, gözümün işığı?! (Başını sığallayır, öpüb üz-gözünü oxşayır. Uşaq cavab vermir, ağlamağa davam edir) Su istəyirsən? Haransa ağrıyır? (Rezo “yox” mənasında başını tərpədir). Bəs nə istəyirsən, nə edim sənin üçün?
Rezo. Anamı istəyirəm.
Şükriyyə. İndi gələcək. Sən bir az da yat, gələcək.
Rezo. Yatmaq istəmirəm. Yatanda yuxuma itlər gəlir.
Şükriyyə. İtlər?
Rezo. Hə.
Şükriyyə. İtlər nə edirdi, sənin üstünə hürürdülər?
Rezo. Yox, anamı yemək istəyirdilər.
(Şükriyyə gülümsəyib onu qucaqlayır)
Şükriyyə. Çörək verim sənə?
Rezo. Bəs dovşanlar? Hə? Çörəyi mən yesəm, dovşanlar ac qalar, axı. Sən istəyirsən ki, dovşanlar alma ağaclarını yesinlər, sonra anamı aparıb öldürsünlər?
Şükriyyə. Yox, ömrüm-günüm. Yox! Dovşanlar öz paylarını yeyiblər. (Gedib yastığının altından çörək gətirir, uşağa verir). Sən bunu ye, bir az da yat, ana gələcək. Yaxşı, ağıllım?
Rezo. Onda itlərə de, mənim yuxumdan çıxsınlar. Qorxutmasınlar məni.
Şükriyyə. İtlərə acıqlanacam, qaçıb gedəcəklər başqalarının yuxusuna.
Uşaq. Yox, heç kimin yuxusuna getməsinlər. Qaçıb getsinlər uzaqlara. Lap, lap… uzaqlara.
(Uşaq çörəyi yeyir, yerinə girir. Şükriyyə onu əzizləyə-əzizləyə yatırır. Sonra özü başını çarpayıya söykəyib nələrisə xatırlayır, gah gülümsəyir, gah kədərlənir. Pıçıltı ilə öz-özünə danışır). Rezo, ağıllım… gözümün işığı… qorxulu yuxuları tək sən görmürsən. Mən də tez-tez yuxudan sənin kimi ağlaya-ağlaya oyanıram. Balalarım yuxuma girirlər, boynumu qucaqlayırlar. Niyazini, Aydını, Tukayı, Yılmazı istəyirəm! Cavadın qoynuna girmək istəyirəm. Yılmazımın balaca əllərini, balaca ayaqlarını bilirsən necə öpüb oxşardım? Cavad məni bağışlasın. Gedəndə demişdi ki, Şükrü, uşaqlardan muğayat ol, bu yaxınlarda qayıdacam. Ola bilmədim! Uşaqlardan muğayat ola bilmədim. (Gözünü silir. Sonra gözünü yumur, xəyal onu uzaqlara aparır. Əhməd Cavadın müxtəlif vaxtlarda Şükriyyəyə yazdığı məktublar oxunur. Şükriyyə diksinir. Məktub oxunduqca sanki səsi axtarırmış, tutmaq istəyirmiş kimi ora-bura qaçır).
Əhməd Cavadın səsi: “Sevgili Şükriyyə. Mən sağ-salamat gəldim Gəncəyə çıxdım. Uşaqların yanındayam. Mən səndən çox nigaranam, Şükrü. Niyazi necə oldu? Mahmudun 100 manatını yolla. Orucquliyev sənə 150 manat versə, onu saxla, yaylaq pulu edərik. Uşaqlar necədir? Şükrü, anamın dişlərini düzəltdirmək lazımdır. Anama salam söylə. Mənə teleqrafla səlamət qurtardığını xəbər ver. Buraların havası çox yaxşıdır. Sabah kəndə gedəcəyəm. Sən qurtarmamış Akifə getməsin Batuma. Uşaqların dərsinə diqqət et. Mən gəlincə, çalışginən Bədciyyəyə 30 manatnan maaş ver. Bütün tanışlara salamım var. Öpürəm səni. Cavad. 12 may, 1935-ci il”.
Şükriyyə. Səsini çox görmə, Cavad… Yenə, yenə danış.
Əhməd Cavadın səsi: (Şükriyyə gözünü yumub, başını yuxarı qaldırıb dinləyir)
“Sevgili Şükriyyə. Mənə bağışladığın oğul övladına görə səndən çox razılıq edərək ürəkdən səni təbrik edirəm. Sən heç ürəyini sıxma, görünür, qismətimiz oğlan imiş. Təki sağlam uşaq olsun. Mən də yaxşıyam. İşləyirəm. Anama, Nəzirə xanıma, Tahirə, qonşulara səlam söylə. Öpürəm səni və təzə balamı. Cavad. 21 may, 1935-ci il”.
(Mariya qucağında odun içəri girir. Şükriyyə sanki yuxudan ayılır. Bir müddət sakitcə Mariyanın üzünə baxır).
Mariya. Ağrıyırsan?
Şükriyyə. (Barmağını dodağına toxundurub “sus” işarəsi verir. Mariya ehtiyatla odunu çəlləyin içinə atır, üstünü çırpır)
Şükriyyə. (Pıçıltı) Yox, yaxşıyam, Meri. Mən dustaqlara yemək bişirməliyəm.
Mariya. Sən niyə?
Şükriyyə. Bizim verdiyimiz suallar artıqdır. Belə istəyirlər. Hələ İvan Aleksandroviç evdən pal-paltar da gətirib.
Mariya. Sən yumalısan? Onun evinin kirli paltarlarını sən niyə yumalısan, axı.
Şükriyyə. Dedim, axı bizim suallarımız artıqdır.
Mariya. Mən ölürəm. (Çarpayıda oturur) Dözə bilmirəm.
Şükriyyə. Ölmə, dizini bərk tut. Hələ qarşıda məşəqqətli günlərimiz var. Onu biz çəkməliyik!
Mariya. (Bezgin və istehza ilə) Sən mənə təsəlli ver, mən sənə. Sən mənə, mən sənə… Off… İvan Aleksandroviç Lolanın başına güllə sıxıb öldürdü, sən də onun evinin kirli palarlarını yuyursan.
(Sükut)
Şükriyyə. (Qətiyyətli və hökmlü səslə) Meri, başını qaldır, üzümə bax. Bax, bax, qorxma… Bax, üzümə. Sən bilirsən axı, məni nə qədər döyüblər. Hər yerim yaradır. Bədənim də yaradır, ruhum da yaradır. Bunları mən deməməliyəm axı. Sən uşaq deyilsən. Baş aça bilmirəm, Meri, niyə belə tez-tez dəyişirsən? Nə olub sənə?
(İt zingildəyir, dalınca ulayır)
Mariya. Bu itin səsinə dözə bilmirəm. (Başını tutur) Balalarını qaytarıb gətirsəydilər, yazıq heyvan rahat olardı.
Şükriyyə. Sən rahat ol, o it də səsini kəsəcək.
Mariya. Demirdin ki, o itlə mənim nə fərqim var? Demirdin ki, o it də balalarından uzaq düşüb, mən də? İndi mənə niyə dərs keçirsən?
Şükriyyə. Biz bu xarabada bir-birimizi günahkar çıxarmamalıyıq. Onsuz da adımız xalq düşmənlərinin arvadı kimi bədnam olub. Gözünü yum, fikirləş: evindən, ailəndən, doğmalarından nə qədər uzaqdasan. Gör nə qədər… Bura Qazaxıstandır. Ucu-bucağı bilinməyən ölkə. Başını bayıra çıxar, hər tərəf qardır, hər tərəf çovğundur. Dörd tərəfimiz çöllü-biyabandır. Qum dənəsi kimi düşüb itərik bu çöllərdə. Öldürüb atarlar qamışlığa, itə-qurda yem olarıq. “Uff” da deməzlər! Başa düşürsən, “uf” da deməzlər! Ona görə də bir-birimizin ətini yemək əvəzinə, bir-birimizə dayaq olub yaşamalıyıq! Biz bir-birimizin təsəlli yeri olmalıyıq, Meri. İvan Aleksandroviç o güllədən birini mənim, birini də sənin başına sıxa bilər. Heç kim də ondan hesab istəməyəcək. Çünki həşərat da bizdən qiymətlidir. Görürsən, nə qədər qadınlar, uşaqlar ölür? Görürsən, qalaq-qalaq meyitlərə necə od vurub yandırırlar? Dünən bizim gözümüzün qabağında neçə uşağın meyitini yandırdılar?
Mariya. (Ağlayır. Başını Şükriyyənin çiyninə qoyur. Sükut) Bağışla… Bağışla məni.
Şükriyyə. Mən gedirəm. Tamar gələnə qədər uşaqdan muğayat ol. (Uşağın alnından öpüb çıxır. Mariya uzun müddət oturduğu yerdə məchul boşluğa baxır, sonra köks ötürüb ayağa qalxır. Daraq götürüb saçını daramağa başlayır. Bu vaxt İvan Aleksandroviç ondan xəbərsiz içəri girir, çarpayıların birinin arxasında dayanır. Mariya kiçik əl güzgüsünü götürür, özünə baxır).
İvan Aleksandroviç. (Pıçıltı ilə) Eyy… Eyy… (Mariya səsdən dikinir, ora-bura baxır. İvan Aleksandroviçi görüb qorxur). Mənim üçün bəzənirsən? (Gəlir Mariyanın yanına. Hiss olunur ki, içkilidir) İçəri nə yaxşı istidir? Bir az əvvəl səni odun gətirən gördüm.
Mariya. (Çəkinə-çəkinə) İçəri soyuq idi. Bir də uşaq xəstədir, ona soyuq olur.
İvan Aleksandroviç. (Eyhamla) Həə… Elə bildim, içərini mənim üçün qızdırıbsan ki, soyuq olmasın? (Saçlarına toxunur, onu qucaqlamaq istəyir. Mariya geri çəkilir). Kefim əladır. (Çırtma ilə boğazına vurur). İndi dovşan əti ilə kefimi düzəldib gəlmişəm. O dovşan kimi səni də yemək istəyirəm.
Mariya. Lolanı iki alma ağacına görə, iki dovşana görə öldürdünüz.
İvan Akesandroviç. (Gülür). Düşərgədə adam sayı çoxalıb. Ardı da gəlir. Böyük vətənimizi istəməyən nə qədər xalq düşməni varmış. İndi düşərgədə yeri boşaltmaq üçün hərəni bir bəhanə ilə aradan götürmək lazımdır. Yuxarıdan tapşırıqdır. Yuxarılara da “yerimiz yoxdur” demək olmur. Adamların sayının azaldılması da mənim ixtiyarımdadır. Başa düşürsən də. Kimi istəsəm, saxlayıram, kimi istəsəm,… He-he-he…
Mariya. Onda niyə öldürdünüz? Loladan ki istədiyinizi ala bilərdiniz.
İvan Aleksandroviç. (Üz-gözünü büzüşdürür) Ona heç it də yaxın durmazdı. (Yenə gülür. Mariyanı özünə tərəf çəkir. Bir qədər təhdidlə) Biz səninlə nə danışmışdıq? Deyəsən, verdiyin sözü yadından çıxarırsan. Amma qulağında sırğa elə: sən mənim adamımsan.
Mariya. Mən qorxuram. Özümü bağışlaya bilmirəm.
İvan Aleksandroviç. Qorxma! Sən nə pis iş tutursan ki, özünü də bağışlaya bilməyəsən? (Onun boynunu öpür)
Mariya. Uşaq var. Yatıb, xəstədir.
İvan Aleksandroviç. Uşaq olmayanda gəlim?
Mariya. Mən elə söz demədim.
İvan Aleksandroviç. O uşağı da bir azdan rədd edəcəyik.
Mariya. (Diksinir) Necə yəni rədd edəcəyik?
İvan Aleksandroviç. Darıxma, görəcəksən.
Mariya. Məni qorxudursunuz. Ağlıma min dənə şey gəlir.
İvan. Qorxma. Ağlına da indi ancaq bir şeyi gətir. (Pəsdən bic-bic gülür). Bilirsən ki, səndə çoxdan gözüm var. Burda itə tök qadın var. Kimi istəsəm, altıma sala bilərəm. (Onu qucaqlayıb çarpayıya yıxır, boyun-boğazını öpür, soyundurur. Mariya müqavimət göstərir). Hamı bir tərəfə, sən bir tərəfə. Onsuz da istədiyimi alacam səndən. (Kəmərini açır, Mariya çırpınır. Uşağın qəfil qışqırtısı eşidilir. İkisi də diksinir. Qışqırığın ardınca çöldən həyəcan siqnalı eşidilir. Ardınca nəzarətçinin səsi gəlir, bağıra-bağıra danışır:
Səs: Təzə gələnlər eşitsin. Vətən xainlərinin ailə üzvü kimi məhkum olunmusunuz. Siz olmayanda xalq daha rahat nəfəs alacaq. Uşaqlarınız sizdən imtina edib, ərləriniz güllələnib.
(İvan Aleksandroviç Mariyanı vurur, saçından tutub yerə yıxır, sürüyür, tapdayır. Mariya ona yalvarır. İvan Aleksandroviç durub uşağa tərəf gedəndə Mariya özünü onun ayaqlarına atır. Artel rəisi onu itələyir, yenidən uşağın üstünə yeriyəndə uşaq qaçır, Mariya yenə onun ayaqlarına sərilir).
Mariya. Yalvarıram, uşaqla işiniz yoxdur. Yazıqdır, xəstədir. Yalvarıram, ona dəyməyin. Dəyməyin ona!
(Yenidən həyacan siqnalı eşidilir. İvan Aleksandroviç ayağı ilə onu vurub tələsik çıxıb gedir. Mariya ayağa durur, üst-başını təmizləyir, paltarını səliqəyə salır. Gözü uşağı axtarır. Heysiz-heysiz çarpayıların arasını gəzir. Çarpayının birinin üstündə oturur)
Rezo… Rezo… (Cavab yoxdur). Rezo, hardasan? Eşidirsən məni? (Uşağın səsi eşidilir, ağlayır. Mariya onu yenə axtarır. Çarpayıların birinin altına əyilir, onu görür). Gəl, Rezo, gəl.
Rezo. Qorxuram. Anam hardadır?
Mariya. İndi gələcək anan. Qorxma, gəl, o getdi.
Rezo. Birdən getməz. Bəlkə qapının ağzında gizlənib? Sən bax də… Birdən getməz, çıxaram, döyər məni.
Mariya. Gedib, gedib… Gəl, gəl çıx, qorxma.
(Uşaq qorxa-qorxa çıxır. Səksəkə ilə ora-bura baxır. Sonra Mariyaya sığınır)
Rezo. O səni niyə döyürdü? Nə istəyirdi?
Mariya. Heç nə, heç nə, Rezo. Böyüyəndə biləcəksən.
Rezo. Hər yerin yaradır, hə? Üzün qızarıb, gözünün altı şişib. Ağrıdır?
Mariya. Keçib gedəcək. Tez sağalacaq.
Rezo. İstəyirəm, burdan tez gedək. Mən babam üçün, nənəm üçün darıxmışam. Mən quzularımı istəyirəm, Meri xala. (Ağlayır).
(Qapı açılır, Suğra içəri girir. Əlində torba var. Həyəcanlı və sevincli olduğu hiss olunur. Onun ardınca dörd qadın da içəri girir)
Suğra. İki yaxşı xəbərim var. Şükriyyə hardadır?
Mariya. (Maraqla ona tərəf gəlir) O torbadakı nədir?
Suğra. Sən mənim sualıma cavab ver. Şükrü hardadır?
Mariya. Dustaqlara yemək bişirməyə gedib.
I Qadın. İndi qucağında bir yığın paltar hamama tərəf gedirdi.
Suğra. Onu çağır, qurban olum. Tez ol. (Qadın çıxır).
Mariya. Axı nolub? Ürəyim partladı ki.
Suğra. Mənim də ürəyim partlayır. Şükrü gəlsin, deyəcəm. Nə yaxşı o var. O necə ağıllıdır. Şükriyyə bizi xilas elədi. Şəxsən mən onu bundan sonra Şura bacı çağıracam.
(Şükriyyə və onu çağırmağa gedən qadın içəri girir. Suğra onun üstünə atılır, bir əlində torba, o birini Şükriyyənin boynuna dolayır. Sonra qolunu açır).
Suğra. Şad xəbər… Şad xəbər. Çox sağ ol, Şükrü.
Şükriyyə. Nə olub?
Suğra. Dovşanlar çörəyə öyrəşiblər. Daha alma pöhrələrinə dəymirlər.
(Qadınlar yer-yerdən: İlahi, şükür. Nə yaxşı oldu… İlahi, bizə yazığın gəldi)
Şükriyyə. Yazıq Lola… Yazıq Lola…
Suğra. Hə, yazıq Lola… Bədbəxt Lola… (Kədərli) İndi onun da ruhu sevinir ki, biz onun aqibətini yaşamayacağıq. İkinci xəbərim də var. (Yenidən sevinir). Niyə soruşmursunuz ki, əlimdəki torbada nə var?
Mariya. Mən soruşmadım?!
Suğra. Həə… Soruşdun. Bu, o çöldəki itin balalarıdır. Anasının yanına buraxacam ki, səhər-axşam ulamasın.
Tamar. Südüm qurumasaydı, onları əmizdirərdim.
II Qadın. Qonşu arteldə uşağı ölən qadın var. Adı… Adı görüm nə idi? Hə, deyəsən, Zöhrə. Südü yığılıb, döşü ağrıyır.
Şükriyyə. Zöhrə?
II qadın. Hə, Zöhrə. Bakıdan gəlib. Gedirəm onu çağırmağa. Arxa qapıdan gətirəcəm ki, görməsinlər. (Çıxır)
(Şükriyyə çarpayısına yaxınlaşır. Balıncının altını yoxlayır. Əl saxlayır, sonra tələsik çarpayının, cır-cındırın altına baxır. Cəld qəddini düzəldir, ora-bura baxır).
Şükriyyə. Mariya… (Sükut). Mariya… (Səsini qaldırır) Mariya… Hara getdi, bu?
Tamar. İndi gələr. Nolub?
Şükriyyə. Yılmaz üçün toxuduğum əlcək yoxdur. Kim götürüb?
(Suğra gəlir)
Suğra. Deyirsən, Meri oğurlayıb?
Şükriyyə. Demirəm, Meri oğurlayıb. Bəlkə… onun xəbəri olub? Bəlkə kimsə götürəndə o görüb?
Tamar. Axı sən onu həmişə üstündə gəzdirirdin?
Şükriyyə. Qorxdum ki, dustaqlar döyüb əlimdən alarlar. Ona görə yastığın altında gizlətmişdim.
Rezo. Böyük kişi var e… nəzarətçi… Siz olmayanda o bura gəlmişdi.
Şükriyyə. (Rezonun yanına gəlir) O götürəndə sən gördün?
Rezo. O, Meri xalanı döydü. Çarpayının üstünə yıxmışdı… Mən gizlənmişdim… (Şükriyyənin əlindəki yarımçıq şərfə işarə ilə). Görürsən, bunu aparmayıb. Gözləyir, toxuyub qurtarasan, gəlib hazırını aparsın.
(Şükriyyə çarpayıya oturur, şərfi əlacsız-əlacsız sinəsinə sıxır. Zöhrə gəlib Şükriyyənin qarşısında dayanır, bir-birinə sarılırlar, ağlayırlar).
Şükriyyə. (Yavaş) Səndən xəbər tuta bilmədim. Nə vaxt gəlmisən?
Zöhrə. Başım çox müsibət çəkdi. Neçə dəfə artelimi dəyişdilər. Yenə özümü dəliliyə vurdum, xeyri olmadı. Nə isə… Nə olub sənə? Nə axtarırsan?
Şükriyyə. Yılmazın əlcəyini oğurlayıblar.
(Sükut. Zöhrə gözünü yumub bir qədər düşünür. Şükriyyənin əlindən tutub kənara çəkir) Yılmazın əlcəyini axtarma. Onu sənə gətirəcəklər.
Şükriyyə. Necə yəni gətirəcəklər?
Zöhrə. O özü sənə gələcək. Axtarma, onsuz da bu tezliklə tapa bilməyəcəksən.
Şükriyyə. Yenə falçılıq?
Zöhrə. Falçılıq deyil, Allahdan bir şeyi ürəkdən istəyəndə mənə əyan edir. Bir də əlcəyin itməyini özünə dərd eləmə. Onsuz da bizi tezliklə buraxmayacaqlar.
Şükriyyə. Bir də dilinə belə şeylər gətirmə!
Zöhrə. O vaxta Yılmaz böyük oğlan olacaq. İnan mənə. (Şükriyyəni qucaqlayır)
Bir də İvan Aleksandroviçdən ehtiyatlı ol. (Zöhrə çıxmaq istəyəndə qapı açılır, İvan Aleksandroviç içəri girir. Rezo qaçıb çarpayının altına girir.)
İvan Aleksandroviç. Sən… ? (Sükut. Başını aşağı salır. İvan onun başını qaldırır) Hə… O ruhlardan danışan boşboğaz… Burda nə gəzirsən?
(Zöhrənin saçından tutur, diz çökdürür. Şükriyyə qabağa çıxır).
Şükriyyə. Mən çağırtdırmışam.
İvan Aleksandroviç. Niyə?
Şükriyyə. Düzünü deyim?
İvan Aleksandroviç. Uzatma.
Şükriyyə. Küçüklərə analıq etməyə.
İvan Aleksandroviç. Hansı küçüklərə?
Şükriyyə. Çöldəki itin balalarına. O yazıq it balalarından ayrı düşüb, səhərə qədər ulayır. Qoymur heç kimi yatmağa. Dözmək olmur.
İvan Aleksandroviç. Onda sən niyə ulamırsan? Sən balalarından ayrı düşməyibsən?
(Sükut). Səninlə deyiləm? Sən niyə ulamırsan?
Şükriyyə. Mən ulasam, o çöldəki it də dözə bilməz.
(İvan Aleksandroviç gülür. Zöhrə sakitcə çıxıb gedir).
İvan Aleksandroviç. Əmizdirirdin? (Zöhrəyə tərəf dönür, onu görmür) Hara getdi bu? Leytenant… (Çağırır) Boqdanov… (Boqdanov cəld içəri girir) Qaytar o qadını…
Leytenant. Oldu.
(Gedir, Zöhrənin qolundan tutub geri qayıdır. İvan Aleksandroviç onunla üzbəüz dayanır)
İvan Aleksandroviç. Əmizdirirdin?
Zöhrə. Süd verirdim.
İvan Aleksandroviç. Niyə demədiniz, anasının yanına aparaq?
Şükriyyə. Sizi tapa bilmədik. Həm də Zöhrənin ağrıları var. Bakıda olanda, tutulmamışdan bir az əvvəl onun uşağı ölüb.
İvan Aleksandroviç. Hm… (Yavaşdan, həm də şeytani əda ilə) Mən də yetiməm. Atam-anam ölüb, məni də əmizdirə bilərsən?
Zöhrə. Sizin də arvadınız öləndə uşağınıza süd verərəm.
(İvan Aleksandroviç onun saçlarını əlinə dolayır.). Nə dedin, nə dedin? Sən haradan bilirsən, mən uşaq gözləyirəm? Eşitmədin? Haradan bilirsən, mənim uşağım olacaq?
(Zöhrə susur)
İvan Aleksandroviç. (Onu buraxır). Özünü şübhəli aparırsan. Gələcəyi görə bilirsən?
Zöhrə. Gələcəyi görə bilsəydim, bura düşərdim?
İvan Aleksandroviç. Amma mən sənə inanmadım.
Zöhrə. İcazə verin…
İvan Aleksandroviç. De…
Zöhrə. Qulağınıza deyə bilərəm?
(İvan Aleksandroviç çaşır, ehtiyat edir, amma maraq güc gəlir. Əyilir ona tərəf. Zöhrə nəsə deyir, İvan Aleksandroviç diksinir. Cibindən nəsə çıxarıb gözlənilmədən Şükriyyənin üzünə çırpır).
Şükriyyə. Yılmazın əlcəkləri… Özümdən istəsəydiniz, birini də sizin… (Dilini sürüyür) uşağınız üçün toxuyardım.
(Mariya içəri girir. Əlcəklərə baxıb özünü itirir. İvan Aleksandroviç zəndlə Mariyanı süzür. Mariya sakitcə, sanki günahkarcasına səhnənin dərinliyindəki çarpayıların arasına keçir).
Zöhrə. Hər şey yaxşı olacaq. Amma Şükriyyə xanımı incitməyin, o, sizə lazım olacaq.
İvan Aleksandroviç. (İstehza ilə Zöhrəyə) Çalışarıq. Gedə bilərsən (Zöhrə çıxır). Leytenant… Aparın bu küçükləri anasının yanına. Tez! Bir də bu çəlləyi götürün burdan, bu gecəlik soyuğa dözərlər.
Tamar. Mənim uşağım var. Ona soyuq olacaq.
İvan Aleksandroviç. Aparın! (İki nəfər çəlləyi aparır). Mariya ağıllananda gətirəcəklər. Ona qandırmaq lazımdır ki,… (Sözünü yarımçıq kəsib çıxır).
(Tamar onun qarşısına keçir. İvan Aleksandroviç onu itələyib yerə yıxır, gedir. Rezo anasının yanına qaçır, qadınlar Tamarı ayağa qaldırırlar. Şükriyyə Mariyaya yaxınlaşır).
Şükriyyə. Nolub sənə, niyə özünü birtəhər aparırsan?
Mariya. Nə yaxşı, o əclaf qaytardı əlcəkləri.
Şükriyyə. Əlcəkləri üstümə atanda sən niyə özünü şübhəli apardın?
Mariya. (Qeyzlə, bir qədər də əlacsız) Şükrü, deməli məndən şübhələnirsən, hə?
Şükriyyə. (Sükut). Çalış, ürəyimə xal salma. Sonra çətin olur…
Mariya. Tamar, bağışla, Rezo mənə görə əziyyət çəkəcək.
Rezo. Mən üşüyürəm. Soyuqdur, Meri xala.
(Qapı açılır, naməlum bir qadın içəri girir)
Qadın. Şükriyyə Axundzadə kimdir?
Şükriyyə. Mənəm…
(Qadın onu kənara çəkir, astadan nə isə deyir, tələsin gedir. Hamı Şükriyyənin başına yığışır).
Şükriyyə. Qonşu artellər mitinq edəcəklər. Dözə bilmirlər. Sabah səhər heç kim işə çıxmayacaq. Qərargahın qabağına gedəcəklər. Mən orda olacam, kim istəsə, gəlsin.
Mariya. Mən də gedəcəyəm. Hamımız gedək. Belə zülmə düzmək olmaz.
(Hamı yer-yerdən: “gedək, gedək…” )
Şükriyyə. Yavaş. Eşidərlər. Bundan heç kim xəbər tutmamalıdır.
(Qapı yenidən açılır, köhnə cır-cındıra bürünən bir qadın içəri girir. Hamı ona maraqla, həyəcanla baxır. Qadın üz-gözünü açır).
Şükriyyə. Ceyran?
Ceyran. Hə… Mənəm… Bura niyə bu qədər soyuqdur?
Mariya. Arel rəisi əclaf çəlləyi apardı.
Rezo. (Səsi zəif eşidilir) Mən üşüyürəm.
Ceyran. (Üst geyimini çıxarır). Uşağı buna bürüyün, barakda biri də var, onu geyəcəm. Şükrü, bura kimsə gəlmişdi?
Şükriyyə. (Ehtiyatla). Nə olub?
Ceyran. Soruşuram ki, bura kimsə gəlmişdi?
Şükriyyə. Gəlmişdi.
Ceyran. Nə dedi?
Mariya. Dedi ki, mitinq olacaq.
(Şükriyyə Mariyaya tərs baxır).
Ceyran. Hə, mən də onu bilmək istəyirdim. Şükrü, heç kim mitinqə çıxmasın. Lazım deyil, özümüz-özümüzü işə salmayaq. Hamımız onsuz da əziyyət çəkirik. Amma inanın ki, yoldaş Stalinin bütün bunlardan xəbəri yoxdur. Gəlin, ona məktub yazaq. Məktubu mən yazacam. Hamını sakitləşdirmək lazımdır.
Şükriyyə. (İstehza ilə) Əminsən ki, yoldaş Stalinin xəbəri yoxdur?
Ceyran. Hə, əminəm.
(Mariya oğrun-oğrun çıxır)
Tamar. Yoldaş Stalindən cavab gələnə kimi mənim Rezom soyuqdan donacaq.
Ceyran. Artel rəisi ilə dil tapmaq lazımdır. Bəlkə ürəyi yumşaldı, çəlləyi qaytarıb gətirdilər.
(Zöhrə gəlir)
Şükriyyə. Niyə qayıtdın?
Zöhrə. Mariya ştaba tərəf gedirdi. Nəsə olub?
Şükriyyə. (Heyrətlə) Ştaba?
Zöhrə. Hə…
Şükriyyə. Məlum oldu.
(İvan Aleksandroviç və zabitlər gözlənilmədən içəri girirlər. Artel rəisi Ceyranla ilə üz-üzə dayanır)
İvan Aleksandroviç. (İstehza ilə) Alovlu inqilabçı… Sən burda nə edirsən? İnqilab hazırlayırsan?
Ceyran. (Qorxa-qorxa. Dilini sürüyür) Yox. Günahsız olmağımız barədə yoldaş Stalinə məktub yazmaq istəyirdik.
İvan Aleksandroviç. Onda mitinqi kim hazırlamaq istəyirdi? (Növbətçilərə). Ceyranı və Şükriyyəni aparın. Tez… Tez… Təcili…
10
Məkan dəyişmir. Barakın küncündə qış geyimləri üst-üstə qalaqlanıb. Pəncərədən içəri gün işığı düşür. Rezo yatıb. Mariya içəri girir. Qorxa-qorxa ətrafa baxır. Əynində yaz geyimi var, köynəyinin qolunu qatlayıb. Şükriyyənin çarpayısına yaxınlaşır. Köynəyinin qolundan kağız çıxarıb Şükriyyənin yastığının altına qoyur. Sonra nə fikirləşirsə, yatağı dağıdır, yastığı yatağın ortasına atır. Sonra Rezoya yaxınlaşır, onu öpüb-əzizləyib tələsik çıxır. Rezo yuxuda sayıqlayır.
Rezo. Baba… (Pauza) baba… quzulara yarpaq yığım? (Gülümsəyir) Quzulara yarpaq… baba…
(Suğra içəri girir. Əvvəl Rezonun yanına gəlir, onu sığallayır. Gözü Şükriyyənin yerinə sataşır. Çarpayıya yaxınlaşır. Diqqətlə, bir qədər də şübhəli-şübhəli baxır. Sonra yatağı səliqəyə salmağa başlayır. Yastığı yerinə qoyanda kağız əlinə keçir. Şükriyyə gəlir. Onun əlində yastıq və kağız görüb yaxınlaşır. Suğra özünü itirir).
Şükriyyə. Nə edirsən, burda?
Suğra. Şükrü, gəlib gördüm ki, …
Şükriyyə. Mənim çarpayımın yanında nə edirsən?
Suğra. (Kəkələyir) Re-zoya baş çək-məyə gəlmişdim.
Şükriyyə. (Sərt). Suğra, mənim yastığım sənin əlində nə gəzir? O nə kağızıdır?
Suğra. Rezoya baş çəkməyə gəlmişdim. Gördüm sənin yerini dağıdıblar. İstədim yığışdıram.
Şükriyyə. Kim dağıdıb yerimi? Səndən əvvəl kim olmuşdu burda?
Suğra. Bilmirəm. Mən gələndə heç kim yox idi.
Şükriyyə. Kağızı ver mənə (Alır, oxumağa başlayır:) “Şükrü, məni bağışla. Hər şeyə görə. Yılmazın əlcəyini götürməyə də, ştaba getməyə də məcbur olmuşdum. Bütün bunları özümü qorumaq üçün etmişdim. Sən necə özünü qoruyursansa, mən də sənin kimi olmaq istəyirəm. Bilirəm ki, Ceyranla səni çox incitdilər. Bağışlayın. Məni uzaq artelə göndərirlər. Bəlkə də başqa düşərgəyə getdim. Aqibətim necə olacaq, bilmirəm. Darıxacam sizdən ötrü. Nə yaxşı yaza çıxa bildik. Bundan sonra ancaq sahədə işlər başlayır. Əgər nə vaxtsa rastlaşsaq, inanıram ki, məni görəndə üzünü çevirməyəcəksən. Məktubu oxu, cır. Öpürəm. Qızların hamısına salam de. Sizin Meri”. (Oxuyub, kağızı cırır).
Suğra. Hələ məktub yazmağa üzü də var.
Şükriyyə. Hamımız eyni cür bədbəxtik. Peşman olan adamı başa düşmək lazımdır. Mən Merinin günahından keçdim. Gedək sahəyə. Gecikməyək.
(Çıxırlar. Bir qədər sonra düşərgə növbətçilərindən biri tələsik içəri girir, Rezo yatan çarpayıya yaxınlaşır, onu qucağına götürür. Aparanda uşağın yuxuda sayıqlaması aydın eşidilir)
Rezo. Baba, quzulara yarpaq yığım? Quzulara yarpaq… baba… quzular…
(Bir qədər sonra Tamar içəri girir. Hiss olunur ki, gizli gəlib, həyəcanlıdır)
Tamar. (Pıçıltı ilə) Rezo… Rezo… Gör, sənə nə gətirmişəm… Bax… Yerkökü, pomidor, xiyar, bibər… Rezo… Hardasan, oğlum? Bilirəm də, gizlənmisən. Həə… Bilirəm. (Sanki uşaq kimi oynayır, əyilə-əyilə axtarır) Tapdım… Yox-ox, tapmadım. Həə… Bildim, orda gizlənmisən. Çıx, bunları sənə verim, özüm qaçım sahəyə. Bilsələr bura gəlmişəm, məni döyərlər e. Sən istəyərsən, ananı incitsinlər? Rezo, eşitmədin? Oynama, qurban olum. (Həyəcanlanır, onu axtarır. Çarpayıların arasında vurnuxur, qaçır, özünü ora-bura vurur) Rezo… Rezo… Hardasan? Məni qorxutma, oğlum .Qorxutma məni… (Hayqırır) Rezo… (Yerkökü, pomidor, xiyar və bibərlər yerə dağılırlar). Oğlum… Oğlum… Onu aparıblar… Balamı aparıblar… yetimlər evinə… Allah, Allah… Alçaqlar, əclaflar, vicdansızlar… Ananı baladan ayırırsınız? (Stalinin divardan asılan şəklinə hücum edir. Şəkli və üstünə “Za Rodinu, za Stalina!” yazılan lövhəni qoparıb yerə atır, tapdalayır) Koba, tüpürüm sənə. Tfu… Tfu… Gürcü çörəyi sənə haram olsun, Koba. Mənim balamı sən oğurlatdırdın? Hardadır o? Sənə neyləmişəm mən, Koba? Rezo sənə neyləyib?
(Nəzarətçilər səs eşidib içəri girirlər. Bu mənzərədən həm qorxuya düşürlər, həm də qəzəblənirlər, qışqırırlar. Tamarın saçından yapışıb sürüyə-sürüyə aparırlar).
11
Sürgün düşərgəsinin yeməkxanası. “Za Rodinu, za Stalina!” sözləri yazılan lövhə yuxarıdan asılıb. İki cərgə stol-stul düzülüb, qadınlardan bəziləri oturub yemək yeyir, bəziləri növbəyə düzülüb. Şükriyyə növbəyə düzülənlərin içindədir. Uzaqdan Yuriy Levitanın səsi eşidilir. Müharibənin başlanması haqqında xəbər radioda səslənir. “Внимание! Говорит Москва! Говорит Москва! (Hamı əl saxlayır, səs gələn məchul nöqtəyə diqqət kəsilirlər). “Заявление Советского Правительства. Граждане и гражданки Советского Союза. Сегодня 22 июня в 4 часа утра без объявления войны германские войска напали на нашу страну, атаковали наши границы во многих местах и подвергли бомбардировке города: Житомир, Киев, Севастополь, Каунас и другие…”.
Şükriyyə. (Sıradan çıxır, səhnənin ön tərəfinə gəlir) Müharibə başladı. Müharibə… Qara günlər hələ qabaqdadır.
(Arxada çaxnaşma düşür, qadınların yer-yerdən səsləri eşidilir: “Müharibə? Müharibə başladı? İlahi, bu nə xəbərdir? Bu nə deməkdir? Camaatın müsibəti hələ bundan sonra başlayacaq”. İvan Aleksandroviç gəlir)
İvan Aleksandroviç. (Həyəcanlı, amma mehribanlıqla) Yeməyi saxlayın! Bəd xəbəri hamı eşitdi. Müharibə başladı. Yoldaş Stalinin rəhbərliyi ilə qələbə bizim olacaq. Mənfur düşmən məhv ediləcək, Sovet İttifaqının şanlı ordusu zəfər çalacaq. Açın qulağınızı eşidin! Hamımız cəbhəyə yollanan oğul və qızlarımıza kömək etməliyik. Bizim artel bundan sonra tikiş arteli olacaq. Kim tikiş işlərini bacarırsa, bir addım irəli çıxsın. Cəld! Vaxtımız yoxdur. (Şükriyyə qabağa çıxır).Tikiş işini harda öyrənmisən?
Şükriyyə. Batumda. Evimizdə. Ailə dərzimiz öyrədib.
İvan Aleksandroviç. Çox yaxşı. Başqa kim bacarır? Nədən qorxursunuz? Heç kim bilmir ki, müharibə nə vaxt bitəcək. Cəbhəyə yollananlar bizim balalarımız olacaqlar. Təkrar edirəm: kim tikiş işlərini bacarırsa, bir addım irəli çıxsın. (Bir neçə qadın irəli çıxır). Çox gözəl. Növbətçi! Nəzarət edin, tikiş üçün ayrılan yerlərdə səliqə-sahmana başlasınlar. Axşama tikiş maşınları və parçalar gətiriləcək. (Qadınlar çıxışa tərəf yönəlirlər. Artel rəisi Şükriyyəyə yaxınlaşır) Sən gözlə, sözüm var. Bilirəm, yoldaş Stalinə yazdığın məktuba cavabı hələ də gözləyirsən.
Şükriyyə. İndiyə qədər cavab gəlməyibsə, deməli, artıq gözləmirəm.
İvan Aleksandroviç. İndi yoldaş Stalinin başı qarışıqdır. Ceyrana cavab gəlib.
Şükriyyə. Üç ildən sonra…
İvan Aleksandroviç. Bəs nə bilmişdin? Üç gündən sonra olmalı idi?
Şükriyyə. Nə yazılıb?
İvan Aleksandroviç. (İstehsa ilə) Hamısının cəzası qüvvədə saxlanılsın. (Pıçıltı ilə) O axmaq qadın da deyirdi ki, yoldaş Stalinin bunlardan xəbəri yoxdur.
Şükriyyə. (Ətrafa baxır, eyham və istehza ilə) Ehtiyatlı olun, İvan Aleksandroviç.
İvan Aleksandroviç. Mən inandığım adamların yanında belə şeyləri danışmıram, bəy qızı.
Şükriyyə. İçinizdəki yaxşılığı öldürməyin.
İvan Aleksandroviç. Bəsdir, görüm. Sən də o falçı Zöhrə kimi danışma. Nə deyirdi o? (Təqlid edir) Hər şey yaxşı olacaq. Amma Şükriyyə xanımı incitməyin, o sizə lazım olacaq. Hələlik heç nə yaxşı olmayıb. Mən yenə yol gözləyirəm. Yol… Yol… Yoldaş Stalinə nə yazmışdın? Mənə, balalarıma yazığınız gəlsin… Hə? Mənim isə… Mənim isə yazığı gəlməyə balam da yoxdur.
Şükriyyə. Olacaq.
Artel rəisi. Olacaq, olacaq… Nə vaxt olacaq? Onun yolunu bilirsən nə vaxtdır gözləyirəm? Eyy… Çoxdan. Deyəsən, yenə mərhəmətli oluram. Olmaz! Zəif görünmək olmaz. Mərhəmətli olmaq qadağandır bizim üçün. (Şeytani əda ilə) Amma öz aramızdır, yoldaş Stalinin nə sənə yazığı gəldi, nə balalarına (Astadan gülür. Gedir.)
Şükriyyə. (Öz-özünə, bir qədər astadan) İçinizdəki yaxşılığı öldürməyin! (Çıxır)
12
Artel rəisinin evi. Ortalıqda köhnə piano, stol-stul var. Divardan maral başı, dovşan dəriləri və ov tüfəngi asılıb. Arakəsmə divar var, divarın o biri üzündən doğan qadın iniltisi eşidilir. İvan Aleksandroviç həyəcanla səhnədə gəzişir. Əlində içki şüşəsi var. Hərdən başına çəkib içir. Qadının çığırtısı eşidilir. Ardınca yeni doğulmuş körpə səsi…
İvan Aleksandroviç: Gəldi, gəldi… Axır ki, gəldi… Oğlum oldu… Oğlum oldu… (Uşağı görmək üçün səhnənin arxasına keçir. Ağladığı eşidilir). Oğlum… Ay parçası… (Çıxır). Deməli, mənim oğlum 43-cü ilin 6 noyabrında rəşadətli ordumuzun Kiyevi mənfur düşməndən azad etdiyi gündə doğuldu. (Şükriyyə onun arxasında görünür) Bu Allahın lütfüdür. İnana bilmirəm, inana bilmirəm. Mən neçə illərdir onun yolunu gözləyirəm, İlahi. Sən şahidsən axı. (Kövrəlir. Çevrilir, Şükriyyəni görür, ona sarı gedir). İcazə ver, səni bağrıma basım. (Onu qucaqlayır. Şükriyyənin əli-qolu yanındadır, heç bir reaksiya vermir. Sadəcə, gülümsəyir). Çox sağ ol… Hər şeyə görə… Sən gəlməsəydin, ikisini də itirəcəkdim. Sən mənim də, ailəmin də xeyirxahısan. Zöhrə düz deyirmiş. Heyf, onu başqa düşərgəyə köçürdülər. Heyf… O düz deyirmiş.
Şükriyyə. Mənim Yılmazım da doğulanda bu qədər gözəl idi.
İvan Aleksandroviç. Sən ona mütləq qovuşacaqsan.
Şükriyyə. İnanıram. Mən gedə bilərəm?
İvan Aleksandroviç. Yox-yox. Hara? (Ona stul verir). Əyləş. Heç yerə tələsmirik. Sənə o qədər sözüm var ki…
Şükriyyə. Nə söz?
İvan Aleksandroviç. Amma inanıram ki, məni başa düşəcəksən. (Butulkanı başına çəkir). Müqəddəs kitabda nə yazılıb? Yazılıb ki, sən ey başqasını mühakimə edən kəs, sən də üzrsüzsən. Çünki başqasını mühakimə edəndə özünü məhkum edirsən. Və ey belə işlərlə məşğul olan insan, məgər zənn edirsən ki, sən Allahın məhkəməsindən xilas olacaqsan?
Şükriyyə. Mən heç nə başa düşmürəm. İçinizdə öldürdüyünüz yaxşılıqlardan danışmaq istəyirsiniz?
İvan Aleksandroviç. Hə-hə, hə… Hə… Mərhəmətdən, xeyirxahlıqdan, insanlıqdan, rahatlıq tapan ruhdan… Mən sənə çox pislik etmişəm.
Şükriyyə. Hamısını bağışlamışam.
İvan Aleksandroviç. Bunları heç İsa da bağışlaya bilməz. Tələsmə, bağışlamağa tələsmə. Bunları heç Məhəmməd də bağışlaya bilməz. Mən etiraf edib yüngülləşməliyəm. (Səsini qısır). Mən alçaq adamam. Şərəfsiz, vicdansız, natəmiz adamam. Çox yavaş dedim, hə? İstəyirsən, bərkdən deyim. (Səsini qaldırır) Mən…
Şükriyyə. Yox-yox, lazım deyil.
İvan Alesksandroviç. Lazımdır, lazımdır. Düşərgədəki bütün qadınların qarşısında etiraf etməyə kişiliyim çatmasa da, heç olmasa sənin qarşında günahlarımı etiraf etməliyəm. Çünki hamının qabağında etiraf etsəm, mənim özümü də, ailəmi də sizdən betər günə qoyarlar. Yazığın gəlmir o uşağa? Bu gün doğulub e, bu gün. Bizim işdə mərhəmətli olmaq cinayət sayılır axı, bilmirsən? Amma sənə hər şeyi danışacam. Söz ver ki, qulaq asacaqsan.
(Butulkanı yenidən başına çəkir)
İvan Aleksandroviç. Biz ikimiz də eyni cür bədbəxt adamlarıq. Sənə görə bura sürgün olunmağıma peşman deyiləm. Bəlkə də heç sənə görə deyil, nə bilim… Bəlkə də sən bir bəhanə oldun ki, məni başlarından eləsinlər. Amma həqiqət budur ki, mən də sənin kimi sürgün olunmuşam. Soruşa bilərsən ki, onda niyə pislik edirsən? Qoy cavab verim. Çünki gözümü açandan yaxşılığın qarşısında həmişə pislik görmüşəm. Atam öləndən sonra anam ikinci dəfə ərə getdi. Bizim qara günlərimiz də elə onda başladı. Ögey atamıza bal olduq, zəhər bildi, zəhər. Bazarda, toyda-yasda həmişə bizi söydü, döydü, üzümüzə tüpürdü. Anam, bədbəxt anam… Yalvarırdıq ki, boşan, bu nə vaxta qədər içib bizi söyəcək, səni aldadacaq? Bilirsən, nə deyirdi? Bəs siz nə yeyəcəksiniz, nə geyinəcəksiniz? Dəyirman arabaçısının yeməyə həmişə bir tikə çörəyi var idi… Sonra böyüdüm, qaçdım evdən. Qız sevdim, evləndim… Rahibəni yoldan çıxardım, sevdik bir-birimizi , evləndik. Mənim üçün dünya elə bil ki, təzə başlamışdı. Sonra nə oldu? Məni atıb, başqası ilə qaçdı. Amma mənim fəlakətim… yox-yox, bizim fəlakətimiz bununla bitmədi. Zəmanə dəyişdi, köhnə hökumət yıxıldı. Biz tatarların qara günləri başladı.
Şükriyyə. Tatar?
İvan Aleksandroviç. Hə, tatar. Adım səni çaşdırır? Bizə divan tuturdular. Ona görə də adımı dəyişməklə özümü qoruya bildim. O vaxt çox adam belə etmişdi. İzi itirmək lazım idi. Yoxsa, kim məni xüsusi xidmət orqanların götürərdi? İndi yaşım əllini keçib. Dostların, qohumların hərəsinin evində 7-8 uşağı… Hələ düşərgədə bic dolğulanlar… Qadınlar pişik balalayan kimi bir-bir doğub tökürdülər. Hər şey ki sənin gözünün qabağında olurdu. Beş-altı aydan sonra ölən o yüzlərlə uşağın birini, bircəciyini Tanrı mənə çox görürdü. (Səhnənin arxasından uşağın səsi gəlir). Səsinə qurban olduğum… Onun adını İsa qoyuram.
Şükriyyə. İsa…
İvan Aleksandroviç. Hə, İsa. Yolunu çox gözlədiyim İsa… Ömrümə peyğəmbər kimi gələn İsa… Bu gün təkcə İsa doğulmayıb, bu gün mən də doğulmuşam. İçimdəki bütün murdarlıqları təmizləyib doğulmuşam.
(Şükriyyə cibindən Yılmaz üçün toxuduğu əlcəyi, şərfı və corabı çıxarır, İvan Aleksandroviçə uzadır).
Şükriyyə. Bunları Yılmaz üçün toxumuşdum. İsaya bağışlayıram. İndi Yılmaz böyüyüb. Ona təzəsini toxuyacam.
(İvan Aleksandroviç onları alır, uzun-uzadı baxır, uzun-uzadı qoxulayır, sarsılır. Butulkanı başına çəkir. Sanki havalanır). İlahi, ilahi… (Ağlayır) bu boyda ürəyi olan adama pislik etməyimə niyə razı olmusan? Hə? Niyə, niyə? Bu əlcəkləri Mariyaya mən oğurlatdırmışdım.
Şükriyyə. Mariya indi hardadır?
İvan Aleksandroviç. Deyəcəm, deyəcəm. Darıxma. (Lap yavaşdan) Düşərgədə o qədər qadın zorlamışam ki… Mənə Tanrıdan işarələr gəlirdi: düz yola qayıt. Hansı işarələr? Balalarından ayırdığım quduz it məni tutdu. Hamıdan gizlətdim. Ölməkdən qorxurdum. Amma Allah öldürmədi ki, yaşa, günahlardan təmizlən. Səni də… səni də zorlamaq istəmişəm… amma həmişə çəkinəcək yerim olub. Bu nə qorxu, bu nə xof idi, bilmirəm. Səni sındıra bilmədim… Amma nə yaxşı ki, elə bu cür oldu. Kişi sındırdığı qadının qarşısında bu qədər rahat ola bilməz. Sən qorxursan ki, səsimiz ora gedər? Qorxma, heç kim bizi eşitmir. Niyə soruşmursan ki, sənə hansı pislikləri etmişəm? Niyə soruşmursan? (Şükriyyə susur) Anaxanım kimdir?
Şükriyyə. Anaxanım… (Diksinir. Ayağa durur). Nə olub? Nə olub?
İvan Aleksandroviç. Sənə məktubu var. (Məktubu cibindən çıxarır)
Şükriyyə. Nə vaxt yazıb? (Qapır)
İvan Aleksandroviç. 1939-cu ildə. Beş il əvvəl.
Şükriyyə. (Məktubu açır) Niyə məndən gizlətmisiniz?
İvan Aleksandroviç. Əclafam ona görə. Əzmək, sındırmaq istədiyim qadına uşağı haqqında yazırdılar. Uşaq… Hikkə, nifrət içimdə vulkan kimi qaynayırdı. O məktubu necə verə bilərdim? Məktubları gizlədirdim ki, atıldığını, unudulduğunu hiss edəsən.
Şükriyyə. (Məktubu tələsik, əli əsə-əsə oxuyur) “Şükrü, salam, qadan alım. Bu məktubu bağçada hərfləri öyrətdiyin Əhmədə yazdırıram. Necəsən? Özünü necə hiss edirsən? Ağrımırsan? Hələ də sənin başına gələn müsibətdən özümüzə gələ bilməmişik. Bilirəm, Şükrü, Yılmaza görə narahatsan. Sən gedəndən bir ay sonra məktub yazmaq istəyirdim, dedilər, hələ icazə verməzlər. Səndən sonra uşaqları NKVD-nin uşaq qəbulu məntəqəsinə veriblər. Niyazi həddi-buluğa çatdığı üçün qardaşlarından ayırıblar. Yaxşı ana Niyazi ilə bir yerdə Bakıdakı uşaq evlərini gəzib Yılmazı tapıblar. Şükrü, Yılmaz indi kənddədir. Lap yaxşıdır. Nigaran qalma! Özünü qoru, qadan alım. Öpürəm. Bizə cavab yaz. Kirovabadda poçtda işləyənlər Cavadın şagirdləridir. Tapşıracam, səndən məktub gələn kimi ləngitməsinlər”.
(Şükriyyə məktubu sinəsinə sıxıb, gözünü yumur. Uzun sükut)
İvan Aleksandroviç. Hələ biri də var.
Şükriyyə. Ver… Ver… Ver…
İvan Aleksandroviç. Bu məktub isə 1940-cı ildə yazılıb. (Məktubu verir. Şükriyyə oxuyur)
Şükriyyə. “Şükrü, qadan alım, sənin məktubunu gözləməkdən yorulduq. Kirovabad poçtuna tez-tez xəbər göndərirəm. Nigaranıq, qurban olum. Nəsə yaz. Yılmaz yaxşıdır. Şükrü, Yılmaza mən baxıram. Yaxşı ana rəhmətə getdi. Narahat olma, öz balalarımdan da artıq baxıram. Kefi kökdür. Dörd yaşını qeyd elədik. Yılmazın gilas ağacları da bar gətirir. Niyazidən, Aydından, Tukaydan da xəbər tuturuq. Hamımız yaxşıyıq. Bircə səndən məktub gəlsəydi, rahat olardıq”.
İvan Aleksandroviç. Niyazi ilə Aydının məktubları… (Onları verir).
Şükriyyə. (Hər ikisini tələsik açır, oxuyur, bəzi sözləri ürəyində oxuyur, bəzilərini ucadan: “Əziz anam, salam. Bizə görə narahat olma. Aydın da, mən də vətənimizi qorumaq üçün cəbhəyə yazılmışıq. Şücaətimizə görə bizi ordenlə təltif ediblər…”.
İvan Aleksandroviç. Sən əsgərlər üçün cəbhəyə göndərdiyin əlcəklərin, corabların içində məktublar yazıb göndərmisən?
Şükriyyə. Hə… hə…
İvan Aleksandroviç. (Daha bir məktub çıxarır, bu dəfə özü oxuyur). “Əsgər balam! Qəhrəman oğlum! Sənə gözlərimin işığını, əllərimin istisini göndərirəm. Saçlarını anan kimi, sevgilin kimi oxşaya bilməsəm də, səni öz balam kimi bağrıma basıram. (İçir. Sükut. Oxuyur). Bizə zəfər gətir, boyuna qurban olduğum! Sənin gülə-gülə dönüşünü həsrətlə gözləyirəm! Şükriyyə. Qazaxıstan, Akmol kəndi”. (Artel rəisi daha bir məktub çıxarır). Bu məktub ölən əsgərin cibindən tapılıb: “Şükriyyə ana! Yazdığınız məktubu göz yaşları içində oxuduq. Mənə də, əsgər yoldaşlarıma da ümid, inam verdiniz. Yağı düşməni tezliklə məhv edib xoş xəbərlə görüşünüzə gələcəyik. Əllərinizdən öpürəm. Məmmədov Qüdrət Kazım oğlu. Xarkov istiqaməti”.
(Uzun sükut. İvan Aleksandroviç gedib əlində bir qutu qayıdır. Qutunu ağzı üstə çevirir. İçindən qalaq-qalaq məktublar tökülür). Mən tək sənə pislik etməmişəm. Bu məktubların hamısı o qadınlara gəlib. Mən isə gizlədib verməmişəm.
(Şükriyyə ağır-ağır addımlarla bir qədər gedir, amma ayaqları yerimir, stula çökür. Artel rəisi onun qarşısında dizlərini yerə atır, ayaqlarına qapanır)
İvan Aleksandroviç. Bağışla məni… Bağışla məni… Bağışla məni… (Hönkürür).
Şükriyyə. Mən kiməm ki, bağışlayım! (Sükut) Mariya hardadır? Zöhrə hardadır?
İvan Aleksandroviç. Zöhrəni başqa düşərgəyə göndərdilər. Sonra necə oldu, başına nə gəldi, xəbərim olmadı. Mariyanı isə mən ələ almışdım. Söz vermişdim ki, xəbərçilik elə, sənə toxunmayacam. Çuğul olmasa, iş getməz. Axırda ona verdiyim sözü də tutmadım. O qədər zorladım ki, qaçmaq istəyəndə növbətçilər güllələyib öldürdülər.
Şükriyyə. Yazıq Meri… Yazıq Meri… Bəs Rezonu hara apardınız? Uşaq indi hardadır?
İvan Aleksandroviç. Rezonu Karaqandaya uşaq evinə göndərdilər. Onu saxlaya bilməzdim. İnan mənə! Göstəriş verilmişdi ki, beş yaşına qədər uşaqların hamısı uşaq evlərinə göndərilsin. Tamar Rezodan sonra ağlını itirdi. Onu buraxıblar. Zabitlər deyir, kənddə qapı-qapı gəzib uşağının yerini soruşur. Deyirmiş, vağzalda dilənəcəm, birdən kimsə Rezonu oğurlayıb aparmaq istəsə, alım əlindən. Bax, belə. Amma sənə bir də yaxşı xəbərim var.
Şükriyyə. Nə xəbər?
İvan Aleksandroviç. Lola ölməyib.
Şükriyyə. (Heyrətlə) Ölməyib?!
İvan Aleksandroviç. Yox. Lolanı güllələmədik. Sadəcə, sizi qorxutmaq istəyirdik ki, işinizdə məsuliyyətli olasınız, verilən tapşırıqları vaxtında yerinə yetirəsiniz. (Şükriyyə getmək üçün ayağa qalxır). Yaxşı, səni çox saxlamıram. Amma bir şeyi demək istəyirəm. Mərhəmət zərərli vərdiş kimidir. Bir dəfə ona tutuldunsa, tərgitmək çətin olur. Pis vərdişləri bədən arzulayır, mərhəməti ruh. Mənim ruhum buna yoluxdu. Ona görə yaşamaq çətin olacaq. Nə olsun müqəddəs kitab deyir ki, ruhunuzu söndürməyin. Bizdən məhz bunu tələb edirlər: ruhunuzu söndürün… Ruhunuzu söndürün… Burda artıq işləyə bilmərəm. Dustaqlara mərhəmət göstərdiyimi hiss eləsələr, özümü də, ailəmi də məhv edərlər. Bu söhbətləri heç kimə demə. Mən ərizə yazıb xahiş edəcəm ki, başqa yerdə iş versinlər. Sənə də azad olunmaqda kömək edəcəm. Moskvaya sənin adından dayanmadan məktublar yazmaq, lazım olsa, acizanə şəkildə yalvarmaq lazımdır. Söz verirəm, bunu sənin üçün edəcəm. Amma sən də söz ver ki, məni bağışlayacaqsan. Mən qorxuram.
Şükriyyə. Qorxmayın, sadəcə, inanın! (Uşaq ağlayır. Şükriyyə uşağa işarə edir) İsanın səsinə səs ver! (Bir qədər gedib geri qayıdır) Sizi bağışlayıram. Amma… söz verin ki… söz verin ki, Tamarı görsəniz, Rezonun yerini ona deyəcəksiniz.
İvan Aleksandroviç. Söz verirəm.
13
Barak. Bir qədər dəyişilib, səliqə-sahman gözə dəyir. Səhnədə dörd qadın var. Barakın təmizliyi ilə məşğul olurlar. Süpürür, silir, divarların tozunu alırlar.
I qadın. Müharibə başa çatdı. Amma heç kimi buraxmadılar.
II qadın. Axı, deyirlər buraxacaqlar? Hamı danışır.
III qadın. Mən də eşitmişəm. Özü də bu günlərdə olmalıdır.
(İçəri bir qadın girir).
Gələn. Şura bacı hardadır?
IV qadın. Yeməkxanada.
Gələn. Onu tez çağıra bilərsiniz?
I qadın. Nə olub? Nəsə xəbər var?
Gələn. Hə, var. Deyirlər, Şükriyyəni buraxacaqlar.
II qadın. Kim dedi? Haradan eşitdin?
Gələn. (Bezir). Yaxşı, özüm gedərəm çağırmağa.
III qadın. Mən çağırıram. (Qaçaraq gedir).
IV qadın. Ürəyimiz partladı. Hardan eşitdin?
Gələn. Ştabdan gələn zabitlərdən biri o birinə deyəndə eşitdim. Məni görmürdülər. Öz aralarında danışırdılar ki, tikiş artelindən Şükriyyə Axundzadə üçün göstəriş gəlib, azad olunacaq. (Şükriyyə və III qadın gəlir. Gələn qadın Şükriyyənin boynuna sarılır). Allah sənin qapını açdı… Allah sənin qapını açdı. Bir də heç vaxt buralara yolun düşməsin. Səni buraxacaqlar evə.
Şükriyyə. (Onu özündən aralayır). Sən də buna inandın?
Gələn. İnandım, Şükrü, inandım.
Şükriyyə. Mənim çıxmağıma hələ iki il var.
Gələn. Ştabdan gələn zabitlərdən biri danışırdı. Qələbəyə görə çox adamı buraxacaqlar. Sənin də adın var. Deyirlər, Moskvaya yazdığın məktublara cavab gəlib. Sənə rəhm etmək istəyirlər.
Şükriyyə. Niyə adama yalandan ümid verirlər? Niyə adamı hər şeyə inandırıb yalançı çıxırlar? Bunlar deyəsən, pislik etməyin təzə yollarını tapıblar.
III qadın. Keçmiş artel rəisinin sənə çox köməkliyi dəydi. Deyəsən, mərhəmətli adam imiş.
(Şükriyyə bir qədər qorxur. Ona sərt-sərt baxır)
Şükriyyə. Mənə heç kimin köməkliyi dəyməyib. O artel rəisi də o qədər qəddar idi ki, onun heç öz evindəkilərə köməyi dəyməzdi.
III qadın. (Yaxınlaşır. Astadan) Şükrü, narahat olma. Mən xəbərçi deyiləm. Heç kimə demərəm.
II Qadın. İndi görəsən, o hardadır? İşdən çıxarandan sonra hara göndərdilər?
Şükriyyə. Bilmirəm.
Gələn. Sənin sənədlərini hazırlayırlar. Amma bunu məndən eşitməyibsən. Birdən səni görməsəm… (Onu təzədən qucaqlayır). Sağ-salamat get. Onsuz bizi də gec-tez buraxacaqlar. Qələbə bizi xilas elədi. Salamat qal. Yılmazı çoxlu-çoxlu öp. Məni burda görməsinlər. (Qaçır)
I Qadın. Gördün, Şükrü? Təbrik edirəm. (Onu növbə ilə qucaqlayırlar. İçəri zabit girir. Birnəfəsə danışır)
Zabit. Axundzadə Şükriyyə Süleyman qızı. Hazırlaşın. Xalqların dahi rəhbəri yoldaş Stalinə yazdığınız məktublara cavab gəlib. Yoldaş Stalin müraciətinizə müsbət dərkənar qoyub. Sizi rəhmi gəlib. İndi mənimlə ştaba getməlisiniz. Axşam qatar çıxacaq. Bu gün sizi yola salmalıyıq. Hazırlaşın.
(Şükriyyə eşitdiklərinə inanmırmış kimi yerində heykəl kimi dayanır. Əvvəl heç bir reaksiya vermir. Daha sonra gözlərini yumur, başını yuxarı qaldırıb sakit-sakit ağlayır.)
Şükriyyə. İnanmıram… İnanmıram… İnanmıram.
İşıq sönür.
14
Köhnə dəmiryol vağzalı. Səs-küy, ətrafda adamlar kölgə kimi hərəkət edirlər. Radioda şən balalayka musiqisi səslənir. Qoca bir kişi yer süpürür. Uzaqda dilənçi görünür. Başı bağlıdır, üzünü gizlədib. Şükriyyə səhnənin dərinliyindən çıxır. Əlində torba ağır-ağır gəlir. Torbanı yerə qoyur, üstündə oturur. Bir uşaq ona yaxınlaşır, məktub verib qaçır. Şükriyyə təəccüblə ətrafı gözdən keçirir. Heç kimi görmür. Məktubu açır. İçindən pul çıxır.
Şükriyyə. (Səhnə arxası səs) “Salam. Səni uzaqdan gördüm, yaxınlaşmaq istəmədim. Mənim yerimi bir dəfə dəyişmişdilər, indi yenə dəyişirlər. Sibirə xidmətə gedirəm. İnanırdım ki, səni tezliklə buraxacaqlar. Dilənçi qadın Tamardır. Üzünü bağlayıb ki, tanınmasın. Sənə Rezo ilə bağlı verdiyim sözü tutmuşam. Get, Tamarla görüş. Hə, bir də İsa dil açıb. Salamat qal”.
(Dilənçi onu görür, üzünü aça-aça Şükriyyənin üstünə gəlir. Qucaqlaşırlar)
Tamar. Şükrü… Şükrü… Səni buraxdılar? Allaha şükür… Rezonu tapa bilmədim. Balamı hər yerdə axtardım. Qapı-qapı gəzdim. Sonra məni xəstəxanaya saldılar. Dəlilərlə bir yerdə yatdım. İndi düzəlmişəm. Rezomu öldürdülər. Qoymadılar balam böyüsün.
Şükriyyə. Axı, o mənə söz vermişdi ki, hər şeyi sənə deyəcək.
Tamar. O kimdi?
Şükriyyə. İvan Aleksandroviç sənə heç nə deməyib?
Tamar. Yox… yox. Nə deməli idi ki? Mən heç o alçağın üzünü də görməmişəm.
Şükriyyə. (Onun üz-gözünü oxşayır). Rezo sağ-salamatdır. Mən onun yerini bilirəm.
Tamar. (İsterik) Bilirsən? Hardadır mənim balam?
Şükriyyə. Artel rəisi mənə demişdi ki, Rezonu qoruyub saxlaya bilməzdim. Yuxarıdan əmr belə idi. Rezo Karaqandadır. Uşaq evinə qoyublar. Get Karaqandaya. Götür bu pulu. Gecikmə. Dayan-dayan… (Torbasını açır). Bunları da verərsən Rezoya.
Tamar. Yox-yox. Sən onları Yılmaz üçün toxumusan.
Şükriyyə. Hərəsindən iki cütdür. Yılmaza da aparıram. Papaqdır, əlcəkdir, şərfdir. Qış gələndə geyinər. (Tamar Şükriyyəyə sarılır).
Tamar. Nə deyim, bilmirəm… Bizi unutma, Şükrü. Bir-birimizə məktub yazaq. Batuma gələndə Tiflisdə bizi mütləq axtar. Yılmazla Rezo bir-birini tanısınlar, dost olsunlar.
Şükriyyə. Gələcəm, mütləq gələcəm. Rezoya de ki, Şükriyyə xala səni çox istəyir. (Səsi titrəyir) De ki, Tiflisə gələndə quzulara bir yerdə yarpaq yığacağıq. (Qucaqlaşırlar).
(İvan Aleksandroviç və Rezo uzaqdan görünür. Artel rəisi Rezonun əlini buraxıb, uşağı ehmalca onlara tərəf itələyir).
Şükriyyə. (Heyrətlə) Rezo? Tamar, Rezo gəldi.
(Tamar çevrilir, oğlunu görür, diz çöküb onu qucaqlayır)
Tamar. Rezo… Oğlum…
Rezo. Ana…
Tamar. Səni hər yerdə axtardım. Hər yerdə, Rezo…
(Şükriyyə İvan Aleksandroviçin itdiyi səmtə boylanır).
Şükriyyə. (Öz-özünə) Deməli, Rezonu özü tapıb gətirib. (Bir-birinə uzaqdan səssiz-səmirsiz baxırlar. İvan Aleksandroviç görünməz olur. Şükriyyə Tamar və Rezonu qucaqlayır).
İşıq sönür.
15
Seyfəli. Həmin ev. Anaxanım evi süpürür. Yılmaz yerdə ağzı üstə uzanıb nəsə yazır, oxuyur.
Yılmaz. Ana…
Anaxanım. Ay can…
Yılmaz. Müəllim mənə deyirdi ki, tətildən sonra da belə yaxşı oxusan, sənin şəklini şərəf lövhəsinə vuracağıq. Amma qələbə haqqında çoxlu şeirlər əzbərləməliyəm.
Anaxanım. Əzbərləyərsən. Mən sənə inanıram.
Yılmaz. (Yazmaqdan əlini saxlayır). Bəs sən deyirdin ki, müharibə qurtarandan sonra anan da, atan da, qardaşların da gələcəklər. Niyə gəlmədilər?
Anaxanım. Gələcəklər, ömrüm-günüm, gələcəklər. Yol uzaqdır, evə qayıdanlar çoxdur. Ona görə də gecikirlər. Sən heç nəyə baxma, ancaq dərslərinə fikir ver. Oxu ki, gələcəkdə böyük adam olasan.
Yılmaz. Məktəbdən evə gələndə kənd adamları məni yolda saxlayıb deyirlər ki, sən Əhməd Cavadın yadigarısan.
Anaxanım. Kim deyirdi?
Yılmaz. Paşa müəllim, Məmmədəli müəllim, molla Oruc…
Anaxanım. Paşa müəllim də, Məmmədli müəllim də, molla Oruc da yaxşı adamlardır.
Yılmaz. Bəs niyə deyirlər yadigarısan? Yadigar nədir? Atam davadan qayıdandan sonra mən yadigar olmayacam?
(Anaxanım tutulur. Sükut)
Yılmaz. Niyə danışmırsan?
Anaxanım. Olacaqsan, gözümün işığı, olacaqsan. Onlar sənin atanı çox istəyirlər, ona görə.
Yılmaz. Ana, prokuror nədir?
Anaxanım. Prokurorlar böyük adamlar olurlar.
Yılmaz. Onda mən də böyüyəndə prokuror olacam.
Anaxanım. Qoy prokuror balama hədik bişirim. (Gülür)
Yılmaz. Hədik istəmirəm. Fətir də istəmirəm. Qutab yemək istəyirəm. O dəfə göy qutabı bişirmişdin ha, bax ondan.
Anaxanım. Balam qutab istəmişdi… (Onu qıdıqlayır, onunla oynayır). Həə… Qutab istəyən yoldaş prokuror getsin həyətdən göyərti yığsın. Bax, qab da ordadır…
(Yılmaz qabı götürür. Getmək istəyəndə nə isə düşünür, geri qayıdır)
Yılmaz. Ana…
Anaxanım. Nədi, gözümün işığı…
Yılmaz. Bəs sən deyirdin ki… (Sükut. Yuxarıda dediyini bir də təkrar edir) deyirdin ki, müharibə qurtarsın, mənim atam, anam, qardaşlarım qayıdıb gələcəklər? Onlar niyə gəlmədilər?
Anaxanım. Gələcəklər, başına döndüyüm, gələcəklər. Şamxor çayının üstündəki körpü var ha, sənə göstərmişdim.
Yılmaz. Hə…
Anaxanım. Bax, o körpünün aşağısı sizin ata-baba yurdunuzdur. Cavad qayıdan kimi orda sənin üçün gözəl ev tikdirəcək. Evinizin sağında da, solunda da çay axacaq. Axşamlar o çay sənə layla çalacaq.
Yılmaz. Mən çayın qırağında xurma ağacları əkəcəm.
Anaxanım. Sənin çoxlu dostların da olacaq.
Yılmaz. Hə, olacaq. Yaxşı, gedim göyərti yığmağa.
(Yılmaz qapıya, Anaxanım əks tərəfə gedir. Yılmaz qapıya çatanda qapı döyülür. Duruxur. Açır. Şükriyyə qapıda görünür).
Yılmaz. (Anaxanımı çağırır) Ana… Ana… kimsə gəlib.
Şükriyyə. Yılmaz… (Pauza) Yılmaz… (Ona tərəf atılır. Yılmaz sanki qorxur, geri çəkilir. Şükriyyənin taqəti çəkilir, diz çökür). Ömrüm-günüm… Boyuna qurban olduğum… (Hönkürür) Yılmaz, gəl. Gəl… (Ona tərəf dizin-dizin sürünür) Gəl, yanıma. Gözümün işığı… Səni nə qədər arzulamışam… Səni nə qədər gözləmişəm… (Torbasını açır, əlcəkləri, şərfı, papağı çıxarır). Gör, sənə nə gətirmişəm? Gəl, qurban olduğum…Yılmaz…
Yılmaz. (Yenidən Anaxanımı çağırır) Ana… Ana… (Anaxanım çıxır. Əlində sac var. Şükriyyəni görən kimi əvvəl yerində donub qalır. Sanki yuxu görür. Sonra sacı kənara atır, qaçır ona tərəf).
Anaxanım. Şükrü… Şükrü… Şükrü… (Əyilib onu qucaqlayır, bir-birilərinə sarılırlar, bir-birini öpürlər). Allah, yuxu görürəm, Allah gözlərimə inanmıram. Allah, Allah, Allah… möcüzənə şükür… Yılmaz… Anan qayıtdı. Bax, deyirdin, anam-atam, qardaşlarım nə vaxt qayıdacaqlar? Yaxın gəl. (Yılmaz yaxına gəlir. Şükriyyə onu qolları arasına alır).
Şükriyyə. (Hələ dizləri üstədir. Onun əlini-ayağını öpür, boyun-boğazını qoxulayır). Əlinə-ayağına qurban olduğum… bu günü nə qədər gözləmişəm. Səni nə qədər arzulamışam.
(Anaxanım qaçır, səhnədən çıxır. Səsi eşidilir. Sevinclə, var gücü ilə qışqırır)
Anaxanım. Məleykə, Şükriyyə qayıtdı… Ay Sona, ay Mehriban… Qayıtdı Şükriyyə. Bu nədir, Allah? Möcüzənə şükür! Yılmazın gilasları gül açıb e… Yılmazın gilasları gül açıb… Şükriyyənin gəlişinə yer-göy sevinir, Allah.
(Qonşu qadınlar gəlib Şükriyyə ilə Yılmazın başına yığışırlar, qucaqlaşırlar. Əhməd Cavadın ruhu səhnədə görünür. Ağ paltardadır. Üzündə xoşbəxt ifadələr var. Gülümsəyərək əllərini göyə açıb fırlana-fırlana onlara yaxınlaşır. Daha sonra əllərini yana açır, sanki nədənsə qoruyurmuş kimi onların başına dolanır, dolanır, dolanır… ).
Pərdə bağlanır.
Yanvar-iyul, 2018