İyunun 30-da Akademik Milli Dram Teatrında “Şükriyyə” tamaşasının premyerası keçirilib.
Yazıçı Cavid Zeynallının “Şükriyyə” pyesi əsasında hazırlanan eyniadlı tamaşa 2023-cü ilin repertuar planına uyğun olaraq təqdim olunub.
Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Bəhram Osmanovdur.
Yeni yaradıcılıq işində əməkdar artist Münəvvər Əliyeva (Şükriyyə), xalq artisti Nurəddin Mehdixanlı (Fyodor Alekseyeviç), xalq artisti Əli Nur (Süleyman bəy), əməkdar artistlər Mehriban Xanlarova (Zöhrə), Vəfa Rzayeva (Mariya), aktyorlar Afət Məmmədova (Tamar), Rada Nəsibova (Lola), Ləman İmanova (Suğra), əməkdar artist Şəlalə Şahvələdqızı (Qadın müstəntiq), aktrisa Dilarə Nəzərova (Olqa), aktyor Rüstəm Rüstəmov (Nəzarətçi), aktrisalar Aylin Həşimova (Lali), Lalə Süleymanova (Nino), Nəzrin Abdullayeva (Ayçiçək), aktyorlar Elsevər Rəhimov və Tural İbrahimov (Nəzarətçilər) çıxış ediblər.
Tamaşanın səhnə tərtibatçısı Samirə Həsənova, geyim üzrə rəssamı Aygün Mahmudova, işıq rəssamı Rafael Həsənov, musiqi tərtibatçısı Kamil İsmayılov, rejissor assistenti Nərmin Həsənovadır.
Qeyd edək ki, tamaşa Azərbaycanın istiqlal şairi Əhməd Cavadın həyat yoldaşı Şükriyyə Axundzadənin Qazaxıstandakı sürgün həyatı haqqındadır. O, 1937-ci il oktyabrın 14-də həbs olunub. Şükriyyə xanıma 8 il həbs cəzası verilib və “xalq düşməninin arvadı” kimi Şimali Qazaxıstanın Akmolinski vilayətinə – əmək koloniyasına göndərilib.
Tamaşa haqqında paylaşılan fikirləri diqqətinizə çatdırırıq.
Kənan Hacı:
“Cavid Zeynallının “Şükriyyə” əsərinin tamamlanması teatr mühitində canlanma yaradan bu yeni ədəbi nəsil daha geniş platformanın mahiyyətini təşkil edir. Bakıda olmadığım üçün necə baxacağımı bilmirdim. Amma ən qısa zamanda baxacam. Ürəkdən Cavidi təbrik edirik!”
Mehman Həsənli:
“Akademik Milli Dram Teatrında əziz dostum Cavid Zeynallının müəllifi olduğu “Şükriyyə” tamaşasını böyük maraq və qürurla izlədim. Maraqlı ona görə ki, əsər də, quruluş da, səhnədə aktyorların performansı da çox mükəmməl idi. Qürurla ona görə ki, bu, bizim gənc dostumuzun, nəsildaşımızın ölkənin bir nömrəli səhnəsini fəth etməsi idi. Tamaşanın sonunda bunun heç də təsadüfi olmadığı hər kəsə əyani sübut olundu. Cavid Zeynallını və tamaşanın ərsəyə gəlməsində əməyi olan bütün yaradıcı kollektivi təbrik edirəm.”
Varis Yolçuyev:
“Akademik Milli Dram Teatrında “Şükriyyə” tamaşasının premyerası keçirilən gün anşlaq olacağı gözlənilən idi. Çoxu bu tamaşanı gözləyirdi. Həm tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Bəhram Osmanovdan yeni bir möhtəşəmlik gözləntisi var idi. Ən əsas da, yazıçı kimi artıq özünə ad eləmiş Cavid Zeynallının “Şükriyyə” pyesi əsasında hazırlanan eyniadlı tamaşa 2023-cü ilin repertuar planına uyğun olaraq təqdim edilirdi, Cavid Zeynallının dramaturq kimi ilk ciddi sınağı alınacaqdımı?
Bəri başdan deyək ki, alındı, özü də necə!
Bu hekayəti teatr səhnəsinə gətirmək çətinliyi, məsuliyyəti var idi ki, komanda bunun öhtəsindən məharətlə gəldi”.
Cavid İsmayıl:
“Bəşər övladının başına gəlmiş iki ən pis hadisənin adını çəkməyimi istəsələr, tərəddüd etmədən faşizm və bolşevizm deyərəm. Akademik Milli Dram Teatrında gənc yazıçı Cavid Zeynallinın istiqlal şairimiz Əhməd Cavadın həyat yoldaşı Şükriyyə xanımın sürgün həyatından bəhs edən bu tamaşa bolşevizmin xalqımıza vurduğu zərbələrin bədii dillə ifşası istiqamətində atılmış uğurlu addım sayıla bilər. Bu səbəbdən yaradıcı heyəti təbrik edirəm. Yeni mövsümdə bu tamaşanı mütləq izləməyi hamıya tövsiyə edirəm. Şükriyyə xanım isə indi təkcə Cavadın yox, həm də Cavidin Şükriyyəsi sayıla bilər”.
Aygün İbrahimli:
“Maraqlı tamaşa idi. İki saatın necə gəlib keçdiyini hiss etdirmədi. Sovet repressiyasının xalqlara yaşatdığı dəhşətlər. Əhməd Cavadın həyat yoldaşı Şükriyyə xanımın 8 illik sürgün həyatında çəkdiyi əziyyətlər, onun dönməzliyi, mübarizliyi, həsrəti və mərhəməti tamaşada çox gözəl əks olunub.
Təşəkkür edirəm və uğurlar arzulayıram müəllif Cavid Zeynallıya və heyətə.”
Ayyət Əhməd Abdullayev:
“Tək kəlmə: əhsən!
-Bəlkə də Cavadı güllələyəcəklər, amma o, eşitsə ki, mən boşanma ərizəsinə imza atmışam, bu, ona güllədən bərk təsir edər!
-Mərhəmət də cinayət sayılır!
Az qalırdım düşüb o balaca qızcığazı səhnədə bağrıma basım.
Cavid Zeynalli, əziz dost, qələminə qüvvət, zehniyyətinə şükür ki, “Şükriyyəni” qələmə almısan. Millətin tarixi geninə yeni “qan vurmusan”, yaddaşları təzələmisən. 37-ci illəri yaşadıq, mən hələ də yaşayıram, səhnədən, obrazlardan qopa bilmirəm. Təbriklər, əziz dost! Alındı!”
Kərim Kərimli:
“Çoxdandı belə tamaşada olmamışdım.
Binada isə axırıncı dəfə keçən il AYB-nin qurultayında olmuşdum. Zənnimcə, tamaşanı Azərbaycan ədəbiyyatının, teatrının və ümumilikdə Azərbaycan mədəniyyətinin növbəti uğuru hesab etmək olar.
Bu, xüsusilə də 37 yaşlı yazıçının dramaturgiya sahəsində çox yaxşı debütü sayıla bilər.
Müəllifi, rejissoru, aktyorları və bütün yaradıcı heyəti, həmçinin ayrıca Akademik Milli Dram Teatrı – nın kollektivini ürəkdən təbrik edirəm.
Hamısına Azərbaycan mədəniyyətinin inkişafı yolunda və şəxsi yaradıcılıqlarında yeni-yeni uğurlar arzulayıram.
İnanıram ki, “Şükriyyə”, teatrın həyatında mütləq yeni mərhələnin başlanğıcı olacaq.”
Cəlil Cavanşir:
“Cavid Zeynallının “Şükriyyə” əsərinin işıq üzü görməsi böyük və sevindirici hadisədir. Cavidi ürəkdən təbrik edir, bütün yaradıcı kollektivə uğurlar arzulayıram. Düşünürəm ki, teatrlarımızın yeni ədəbi nəsli çox şərəfli olacaq.
Düzünü desəm, obyektiv və subyektiv səbəblərdən tam olaraq iştirak edə bilmədim. Ancaq bu addımı ilk dəfə izləyəcəm. İnanıram ki, səhnə ömrü hələ çox uzun olacaq.”
Fərid Hüseyn:
“Gözəl yazıçı, dramaturq Cavid Zeynallının ‘Şükriyyə’ pyesi səhnə həyatına uğurla vəsiqə aldı. Bu, bizim ədəbi nəslin böyük səhnədə ilk masştablı özünüifadəsi idi. Nə xoş ki bu cür qürur duyulası ədəbi hadislər, həqiqi uğurlu başlanğıclar yaxın 15 il ərzində bizim ədəbi nəsli həm poeziyada, həm nəsrdə, həm tərcümə sahəsində, həm ədəbi təşkilatçılıqda, həm də asta-asta humanitar elmlərdə müşayiət etməkdədir. ‘Şükriyyə’ tamaşası isə səhnə qanadımızı da qüvvətləndirdi. Qoy sənət mühitimizdə fərəh duyulası, aldanışlardan, manipulyasiyalardan, öz doğmaca millətini zamanın nəbzini tutan aldatmaqdan, gözə kül üfürməkdən uzaq, xalis ədəbi hadisələrin, sıçrayışların zəncirlərinin həlqələri daim qırılmaz olsun…”
Əlisa Cabbarov:
“Bəhram Osmanov deyəsən teatrımızı qışqırmamağa öyrədir, düşünməyə, düşündürməyə öyrədir. Cavid Zeynallının “Şükriyyə”si rejissora münbit bir meydan verdi, ölkənin ən böyük səhnəsinə böyük qayıdış imkanı verdi. Məlum oldu ki, sadəcə Münəvvər Əliyevanın susması çox təsirli ola bilər, məlum oldu ki, Mehriban Xanlarova başını sağdan sola çevirməsi tufan effekti verə bilər və bunun üçün səhnədə 50 nəfərin olması, səsin işığa, küy, bağırtıya qarışması lazım deyil. Niyə Mehriban Xanlarova heç nə eləmir, uzun monoloq söyləmir mən isə kövrəlirəm, elə bil özümü görürəm, özüm kimiləri görürəm, 30 il keçdiyimiz yolu, yolun ağrısını görürəm. Xanlarova Münəvvərlə bu tamaşadakı tandemi rejissor və dramaturqun möhtəşəm qələbəsidi, iki dişi canavar səhnəni parça-parça edirlər. Rəngləri tündləşdirmədən, boğazdan yuxarıya çıxmadan, sadəcə yaşamaqla. Zöhrə-Şükriyyə xətti pyesin Fyodor Alekseyeviç-Şükriyyə xətti qədər əsas, bəzi hallara üstələyən xəttidir. Zöhrə Xanlarovanın traktovkasında Şükriyyənin qoruyucu mələyidi, Şükriyyə də elə bil İsanın həvvarisidi, Zöhrənin həvvarisidi, onun göstərdiyi yol ilə gedir, amma aktrisaların ifasında bu pafossuz təqdim edilir, elə bil qonşu evdə seyyid xanımdı təskinlik verir sənə. Tamaşadan fotoların birində sanki bir ikona təsviridi, Zöhrə xristiansayağı əlini Şükriyyənin başı üstündədi.
Rejissor ustalığı pyesin imkan verdiyi bir obrazı da maksimum istifadə edib-uşaq obrazını. Demək olar bütün tamaşa boyu səhnədə olan uşaq xanım personajların faciəsinin ən böyük nə qədər qəribədə olsa vizual (həm də dramaturji təbii) obrazına çevrilir – tamaşa boyu səhnədə lazım oldu-olmadı olan sanki bir xatırlatmadı-bu xanımlar ana səadətindən qovulublar, səadətləri əlindən alınıb, onlar bu dəqiqə bu uşağı böyütməlidirlər amma əmək düşərgəsində məhbusdurlar. Uşaq kinoda bir kadra rəng qatan başqa bir kadr kimi qadınların taleyinin faciəsinin güclü bir simvoluna çevrilir. Tamaşa boyu, xüsusi ilə anası ilə görüşdə uğurlu işıq, rəssam həlli köməyi ilə mələk obrazında canlanır. Rejissor dramaturqun ona verdiyi başqa xətləri də məharətlə həll edir: “Yılmazın əlcəkləri”, “Fyodor Alekseyeviçin ata olandan sonrakı katarsisi”, “çörəyə öyrəşən itlər” xətləri. Nurəddin Mehdixanlının ifasında Fedor Alekseyeviç adlı qəhrəmanın arkası müəllifin uğurlarındandır. Mənfi qəhrəmanın “bəraəti”, motivi dramaturgiyanın pozulmaz bir tələbdir. Bu tamaşada dramaturji kanonlara uyğun da qəhrəmanın bu dəyişməsini , katarsisini görürük. Birrəngli personajlara öyrəşmiş tamaşaçılarımız üçün bu əsil dərmandır. Burda həm də müəllifin tarixi “cəlladlar və qurbanlar” kimi bəsit traktovkadan azad etməsini görürük. Müəllif drmarturgiyamız üçün ənənvi olmayan “zaman və qurbanları” tezisini təqdim edir .
Afət (Su) Məmmədova səhnədə idi, nə yaxşı səhnədə idi, elə bil 90 ların əvvəlin qaynayan teatr enerjimizin səfiri gəlib teatra yenə də hər şey qaynayacaq.
Nə yaxşı ki, bir qəhrəman, eyni tarixi hadisələr, oxşar mövzu səhnəmizin iki tamaşasında ifadəsini tapdı, nə yaxşı ki, teatrımızda belə estetik bir polemika , ərənlər döyüşü baş verdi. Kimin qalib gəlməsi vacib deyil, udan teatrmızdı.
Tamaşa səhnəmizə gerçək etiraz enerjisini də gətirdi ( Tamarın Kobanı lənətləmə monolqu), bəlkə də teatrın ən böyük missiyası bu etiraz enerjisini küçələrdən, meydanlardan, teatra gətiməkdi.
Mən bir tamaşaya baxdım, amma mən həm də bir kamil filmə baxdım. Kinoda tez rast gəlinən xəsis musiqi həlli vardı tamaşanın, asketik ifadələrlə həll edilmiş, təkrarlanan 3-4 notlu, ilk baxışdan bəsit kompozisiyalar teatrda da güclü effekt verərmiş. Son illərin ən yaxşı musiqi həlli olan tamaşalardandır “Şükriyyə” (hələ milli rəqs musiqisi motivlərinin faciəvi çalarının kəşfini demirəm). Mən tamaşaya baxanda inanmaq istəyirəm, “inanaıram”, “tanıyıram”, “acıyıram” demək istəyirəm. Bu tamaşada mən inadım Mehribaının hər saniyəsinə, Münəvvərin, qəməti və sükutu ilə oynuna, səhnənin dəqiq obrazlarından olan, səhnədəki dəmir yol relslərinə, çamadanlara, Dilarə Nəzərovanın “Olqa”sına da inandım, gördüm o necə bir bioqrafiyadır.
Bunları yazdım tamaşada kövrəlməmin, axıtdığım 2-3 damla göz yaşlarının borcunu qaytarmaq üçün. Siz də “gedin və baxın”!”
Aydan Aydın:
“Dünən izlədiyim “Şükriyyə” tamaşasından yazmışam. Eşitmişdim ki, Azərbaycan teatr səhnəsinə daha bir nakam həyat qonaq olur: Cavid Zeynallının “Şükriyyə” pyesi səhnələşdirilir. Premyeranı qaçırmamaq üçün dərhal bilet əldə edib günləri saymağa başladım. Nəhayət, dünən yenə addımlarım məni tanış yollarla doğma məkana apardı. Şükriyyə xanımın sürgündəki məhkumluq nömrəsini göstərən yaxalığımı da taxmışdım. Yerimizə keçdik və budur: qulaqlarıma relslər üzərində hərəkət edən vaqonların çıxardığı səslər dolur.
Hələ səhnə başlamayıb.
Səslər şiddətlənir.
İlk obrazı onda görürəm: qatar relsi. Səhnənin ortasında durub.
Hə, o da bir obrazdır və ona ən dəhşətli rol yazılmışdı: bütün bu kədərli hekayəyə şahid olmaq, bütün bu ağrılı-əzablı səsləri dinləmək, özünə həbs etmək.
Son səhnəyə qədər orda qalmaq.
Çox az adam onu gördü.
Şükriyyənin taleyindən , o qatar relslərinin şahid olduqlarından az-çox məlumatı olanlar onu gördü.
Vaqon səsləri sonradan olacaqlardan xəbər verir. Zalda da hava hiss edirmiş kimi soyuyur.
Sanki hamılıqla eyni şeyə hazırlaşırıq.
“Mən çeynənən ölkənin boğulan haqq səsiyəm.”
Budur, Cavad orda olmasa da, ilk qeydimi onun sitatı ilə aparıram.
Hadisələr sürətlidir, zaman yavaş.
Ortada bir masa var.
Gah masadır, gah yataq, gah oturacaq..
Arabir zabitlər gəlir, yerini dəyişmədən olduğu yerdə fırladır, fırladır, fırladır..
Bəlkə də, o, saatın fırlanan əqrəbidir?
Bəlkə zamanı göstərirdi bu döngülər?
Masa çətinliklə yerindən tərpənir.
Sürgündə keçən illərdir elə ağır?
Fonda su səsi eşidilir.
Damcı-damcı..gözlərini yumsan, sorğu otağında olacaqsan.
Yummursan, səhnədə ilişib qalmısan.
Bir tərəfdən it hürür.
Şükriyyə deyir ki, balasından ayrı qaldığı üçün ulayır.
Sən razı deyilsən. Bilirsən, o niyə ulayır.
Bir məktub oxunur. Sonluğu belə bitir:
“Nə yaxşı ki, yaza çıxa bildik..”
Nə yaxşı ki, yaza çıxa bildik.
Cümlə o qədər ağırdır ki, göz qapaqlarına çökür.
Süleyman bəyin qızı, bəy qızı Şükriyyə!
Atasını, mülkünü, əzizlərini Cavad üçün tərk edən, O Cavadı heç nəyə dəyişməyən Şükriyyə..
Atası ilə üzləşmə səhnəsində heç bir tərəf günahkar axtarmır, bir ata ən zəif anında ən güclü addımını atır: özünü və qızını bağışlayır.
Bu əzabı necə duymayasan?
Tamaşanın adı “Şükriyyə”dir, amma sən Larini, Merini, Zöhrəni, daha neçə qadını, ananı, yarım qalmış həyatı görürsən..
Sürgün illəri barədə oxuduqlarını xatırlayırsan.
Sonra qəddar nəzarətçi səhnədə uşaqlaşır. İzləyicinin önünə mərhəmət qırıntıları sərpişdirilir amma mən doymuram!
Bu mərhəmət qırıntıları məni qane etmir.
Hətta, qəddarlaşıram.
Nəzarətçinin acınacaqlı taleyini sonradan işləyəcəyi günahların öncədən ödənilmiş kəffarəsi kimi görürəm.
Müasir “travma”lar da məni “doyurmur”. Kiməsə haqq vermək bir kənara, mən anlamaq da istəmirəm. Bu hissələrdə tamaşadan uzaqlaşıram.
Sanki daha çox Şükriyyədən, onun mərdliyindən, ləyaqətindən danışılmalıdır, düşünürəm.
Bir balaca qız övladı obrazı da var. Gah görünür, gah səslərdən diksinib gizlənir, gah əzizlənir, gah da unudulur.
Arabir öskürür, xəstədir.
Özümdən aslı deyil, onu bir uşaqdan daha çox azad düşüncə kimi görürəm.
Sanki görünən də, gizlənən də, arabir xəstələnən də azadlıq düşüncəsiydi.
Buna görə, sürgün bitəndə o anasına qovuşur.
“Zaman” da ilk dəfə onda zabitlər tərəfindən səhnədən aparılır.
Sanki o sadəcə sürgün illərinin sayğacı idi.
Budur, ənənəvi olaraq, qara şal bəyazla əvəzlənir
Şükriyyə azaddır.
Adəti pozmuram. İlk mən ayağa dururam.
Əllərim ağrıyana kimi alqışlayıram.
Kütləyə qarışmamaq, ya da hisslərim “yerə düşməsin” deyə, tələsik uzaqlaşıram.
Yol boyu ağlımda tamaşadan görüntülər, oxuduqlarım fırlanır.”
Şölət Zəki:
“Dostlar, 1 İyulda Şükriyyə tamaşasına (19/00) qatılmaq sizə unudulmaz anlar yaşada bilər. Yəqin ki, tamaşadan aldığım təəssüratı bir gün sizinlə bölüşəcəyəm.
Şükriyyə – xanım obrazı bu gün cəmiyyətimizin ehtiramla yad etdiyi, sığındığı bir ana, həyat yoldaşı, Azərbaycanı xanımı obrazıdır. Əhməd Cavad adını, ləyaqətini varlığından əziz tutan bir xanım…
Müəllifə – Cavid Zeynallı və əməyi keçən səhnə ustadlarımıza böyük və sonsuz təşəkkürlər…”
Abdulla Elşadlı:
“Akademik Milli Dram Teatrında bu gün Bəhram Osmanovun Azərbaycan teatrına “Şükriyə” adlı Ustad dərsi keçirildi.
Başda Azərbaycan Teatrı olmaqla Ustad Bəhram Osmanovu, Cavid müəllimi və bütün yaradıcı kollektivi və Aktyor heyətini təbrik edirəm.
Rejissuranın və dramaturgiyanın bütün qayda-qanunu və komponentləri ilə – Bravo! Bravo! Bravo!”
Leyla Şərifova:
“Bu gün dəyərli, əziz qələm dostumuz Cavid Zeynallinın “Şükriyyə” əsərinin möhtəşəm premyerası oldu. Tamaşadan da ötədir, tarixdir, irsdir əsl sənət əsəridir. Bizim ədəbi nəslin çox gözəl uğurudur! Cavid ürəkdən təbrik edirəm, əsərin möhtəşəmdir!”
Nahid Hacıyev:
“Cavid Zeynalli, Ronaldonun Portuqaliya millisində 200-cü oyuna çıxıb heç kimin edə bilmədiyini etməsi kimi bir şey idi sənin bu yaşda, bu ölkədə Azdramada səhnəyə çıxmağın. Tamaşanın bütün müsbət tərəfləri ilə sənin adına, öz adıma, ədəbi çevrəmiz adına çox sevindim.”
Ülvi Bahadır:
“Şükriyyə xanım tez-tez oğlu Tuqayı soruşarmış. Yalandan deyiblər ki, xaricə işləməyə gedib. Ancaq Şükriyyə xanım inad eləyir. Oğlu Aydının məzarını ziyarət eləmək istəyir. Ananı ora necə aparsınlar? Axı balası Tuqay da Aydınla birgə qoşa məzarda basdırılıb.
Dünən Cavid Zeynallının “Şükriyyə”sinə baxdıqca qırmızı bir sızıltı izlədi məni. Oturduğum rahat yerdə qeyri-iradi qurcuxmağa başladım. Tikan kimi batırdı… Sanki oturacaqda yox, bir işgəncə alətindəydim. İçimdəki ümid qatarın takkıltısının içində çırpınırdı…”
Sədaqət Kamal:
“Teatrımızın “Şükriyyə”si…
Mən teatrı operativ, yəni tamaşaçısının yaşadığı zamanın, hətta anın belə əks sədası olduğuna görə dəyərləndirə bilirəm. Kino elədir ki, ekrandakı obrazların şəkil olduğunu bilib, hiss və həyəcanlarnı cilovlaya bilirsən. Ancaq teatr başqadır, eyni havanı çəkirsən ciyələrinə; səhnədəki obrazlarla birgə. Əlbəttəki, bu mövzuyla bağlı çox danışmaq və hətta mövzunu mübahisləndirmək də olar. Ona görə də elə qısaca, 27.06.2023-cü ildə Akademik Milli Teatrda tamaşa etdiyim “Şükriyyə”əsəri haqda iki kəlmə ilə onu deyə bilərəm ki, tamaşa zamanı, o tarixi mühitdən bu gün yaşadığım mühitə ötürülən kodları izlədim və çox canlı olaraq onları kürəyimdəcə hiss etdim.
Rejissorun tamaşanı minimal imkanlar daxilində, onu özünün orjinal tapıntılarıyla səhnələşdirməsi çox xoşuma gəldi. Səsləndirilən mahnılar isə cəfakeş xalqımızın zəngin mənəvi dünyasının bir növ naləsi kimi səslənirdi; mərhum korifey müğənnilərimizin ifasında səsləndirilən mahnılar, köhnə yaralarımızdan bu gün belə axan qanın rəmzi kimi canlanırdı daxilimdə. Aktyorların, xüsusilə ağlayıb, nalə çəkən obrazları ifa edən aktyorların sarsıntıları çox təbii idi; onlar ifalarında bu günkü keşməkeşli zəmanəmizin övladları olduqlarını gizlətmək istəmirdilər. Əməkdar aktrisa Mehriban Xanlarovanın yaratdığı Zöhrə obrazı, yazıçının və həm də ifaçının faciə amilinə özünəməxsus yanaşma üslubu kimi təqdim olunmuşdu. Əsərdə balaca qız Lali də əsərin faciəvi motivini təkrarsız bir məzmunla zənginləşdirmişdi.
“Şükriyyə”…Bu adın özü artıq mənəvi zənginliyimizin rəmzi kimi səslənir həyatımızda. Tamaşadakı aktyor ansamblı da bu zənginliyə bir rəng qata bilmişdi.
Münəvvər xanım, Nurəddin Mehdixanlı, Şəhla xanım, Əli Nur, Vəfa xanım, Tamara və Rada xanımdan ibarət sevilən aktyorların elə təkcə adları tamaşanın sambalını aşkar edirdi.
Həmən o faciəvi tariximizin təkrarlanmaması arzusuyla gələcək uğurlar arzulayıram bütün truppaya.”
Xəyal Rzazadə:
“Dünən Akademik Milli Dram Teatrı ecazkar bir gün yaşadı. Gənc və istedadlı yazıçı Cavid Zeynallının “Şükriyyə”si nümayiş etdirildi. Cavid uzun illərdi gözlədiyi arzusuna çatdı. Möhtəşəm idi. Usta rejissor Bəhram Osmanovun incəlikləri də öz yerində. Əməyi keçən hər kəsə eşqlər! Təbriklər, əziz Cavid! Bu, hər birimizin uğurudu!”
Sevil Gültən:
“Dünən Akademik Milli Dram Teatrında ” Şükriyyə” tamaşasını izlədik Gültən qızımla. Cavid Zeynallının ilk böyük uğuruna şahidlik etdik. Belə bir möhtəşəm tamaşaya görə bütün kollektivi təbrik edirəm. Hər şey gözəl idi, aktyorlar, aktrisalar rollarını əla oynadılar. Tamaşaçıları iki saatlıq da olsa o dövrə qaytardılar. Cavid Zeynallı kimi cavanlara öz istedadını nümayiş etdirməyə imkan verənlərə minnətdarlığımı bildirirəm. Dostluğumda olan hər kəsə bu tamaşanı izləməyi tövsiyə edirəm.
Balaca qızın (deyəsən, adı Lari idi) oyunu məni heyran etdi. O qız gələcəyin ən böyük aktrisalarından olacaq.”
Xaqani Səfəroğlu:
“Dram Teatrının səhnəsində Cavid Zeynallının “Şükriyyə” pyesi əsasında hazırlanan tamaşanın premyerasına baxdım.
Çox gözəl quruluş və istedadlı aktyorların ifasında əla tamaşa.
Azərbaycanın istiqlal şairi Əhməd Cavadın həyat yoldaşı Şükriyyə xanımın kədərli sürgün həyatı Stalin repressiyalarının dəhşətini bir daha xatırlatdı.
Səhnə dekorları 1937-ci ilin qaranlığını və şaxtalı Qazaxstan çöllərini yaxşı ifadə edirdi. Şükriyyə xanımla birgə sürgündə olan bədbəxt qadınlar ucu-bucağı görünməyən SSRİ-nin hər trəfindən gətirilib. Bu biçarələrin günahı ərlərinə, yaşam prinsiplərinə olan sadiqliyidir.
Bu fonda NKVD nəzarətçisi (Nurəddin Mehdixanlı) qəddarlığı hüdudsuzdur.
Qəddar nəzarətçinin ürəyinin dərinliklərində dəfn etdiyi mərhəmət övladının dünyaya gəlməsi ilə sanki cücərir. O bu ikiləşmədən əzab çəkir. Tamaşaçılar reankarnasiyanın -yenidən doğuluşun şahidi olurlar. Adını İsa qoyduğu körpənin doğluşu sanki “Bibliya”nın “mühakimə etməyin, mühakimə olunarsız!” kəlamını atasına xatırladır və bu amansız cinayətlərdə əli olanları təqdisə səsləyir.
Tamaşa Stalin repressiyalarının iyrənc və qorxusunu göstərir, insan həyatının dəyərsiz bir şey oldğu zamanların təkrar yaşanmaması üçün bir mesaj verir.
Tamaşa boyu saat səsi və işıqlar görünür. Tələsən qatar isə simvolikdir. İnsanlara ağır zamanları arxada qoyub gələcəyə ümidini ifadə edir.
Qısa təəssüratlarımı qeyd etdim.
Aktyor oyunu çöx gözəl idi.
Münəvvər Əliyeva (Şükriyyə), xalq artisti Nurəddin Mehdixanlı (Fyodor Alekseyeviç), xalq artisti Əli Nur (Süleyman bəy), Mehriban Xanlarova (Zöhrə), Vəfa Rzayeva (Mariya), aktyorlar Şəhla Əliqızı (Fatma), Afət Məmmədova (Tamar), Rada Nəsibova (Lola) təşəkkür edirəm.
Balaca qız Lalini oynayan qızcığaz isə öz istedadı ilə hamını heyran etdi.
Quruluşçu rejissoru Bəhram Osmanov yadda qalan bir tamaşa hazırlaya bilib.
Cavid, təbrik edirəm. Anşlaqa və alqışlara dəyən bir əsərdir.”
Pərvin Abbasov:
“Dünən (iyunun 27-də) yazıçı dostumuz Cavid Zeynallının “Şükriyyə” pyesi əsasında səhnəyə qoyulmuş tamaşaya baxdıq. Tamaşaçı izləyərkən təkcə Şükriyyə xanımın əzablarını hiss etmir, həm də dəhşətli 40-cı illəri yaşayır sanki…
Tamaşanın ərsəyə gəlməsində əməyi olan hər kəsə, Cavid Zeynallıdan tutmuş bütün aktyorlara, işıqçıya, qapıçıya qədər hər kəsə təşəkkür edirəm.
Eşq olsun, Cavid Zeynallı ! Səninlə fəxr edirəm!
Ümumilikdə aktyor oyunu çox xoşuma gəldi. Nurəddin Mehdixanlı, Vəfa Zeynalova (Rzayeva), Şükriyyə rolunun ifaçısı Münəvvər Əliyeva, Mehriban Xanlarova və digər bütün aktyor və aktrisalar rolları yaddaqalan oldu.
Yeri gəlmişkən, səhnədə 6-7 yaşlı qız da öz məharətini göstərdi. Adını bilmədiyim qızcığazı tamaşa boyunca imkan olduqca izlədim. Öz rolunun öhdəsindən ustalıqla gəlirdi. Hiss olunurdu ki, uşağın səhnə üçün hazırlanmasına böyük zəhmət çəkilib. Bu öz yerində. Amma balaca özü də istedadlıdır.”
Əvəz Qurbanlı:
“Təbrik edirəm, Cavid Zeynallı. Gözəl tamaşa idi. İnanıram ki, sənin imzanda yeni nəslin dramaturqu yetişəcək. Bolluca uğurlar!”
Ramilə Qurbanlı:
“Akademik Milli Dram Teatrında əzizimiz, yazıçı-dramaturq Cavid Zeynallının “Şükriyyə” pyesinin ilk tamaşasına baxdıq. Cavidi və bütün yaradıcı qrupu təbrik edirəm. Dramaturgiyaya yeni nəfəs gəldi.”
Ülviyyə Heydərova:
“Akademik Milli Dram Teatrında qələm dostumuz Cavid Zeynallının müəllifi olduğu “Şükriyyə” əsəri ilk dəfə səhnələşdirildi. Bu, Cavidin ilk səhnə əsəridir. Bu münasibətlə Cavidi və bütün heyəti ürəkdən təbrik edirəm! Tamaşanın quruluşçu rejissoru Əməkdar İncəsənət xadimi Bəhram Osmanovdur. Münəvvər Əliyeva və bütün heyəti bir daha təbrik edirəm!!!”
Cavad Axundzadə:
“Milli istiqlal şairi Əhməd Cavadın həyat yoldaşı, repressiyaya məruz qalıb ləyaqətini qorumağın nümunəsini göstərən Şükriyyə Axundzadənin məşəqqətli həbs, sürgün həyatına həsr olunmuş “Şükriyyə”iki hissəli tale dramı.
Cavid Zeynallı, Nureddin Mehdixanlı, Münəvvər Əliyeva, möhtəşəm!!!Təşəkkür edirəm Sizə!!!”
Qismət Rüstəmov:
“Bu gün əziz dostum Cavid Zeynallının “Şükriyyə” pyesinə tamaşa etdik. Bizim ədəbi nəsildən ilk dəfədir ki, bir müəllifin əsəri “Azdrama”da səhnəyə qoyuldu. Qürurvericidir. Dostumu cani-dildən təbrik edirəm!”
Mirhacib Məcid:
“Azdrama”da Cavid Zeynallının “Şükriyyə” pyesi əsasında hazırlanan tamaşanı izlədik. Bütün yaradıcı heyəti təbrik edirəm. Nurəddin Mehdixanlı, Vəfa Rzayeva, xüsusən Şükriyyə rolunda Münəvvər Əliyevanın ifası uğurlu alınıb.
30 iyunda – Sevgililər günündə tamaşa yenidən təqdim olunacaq. Biletlər iticket.az-da var.”
İlham Əziz:
“Cavid Zeynallının “Şükriyyə” tamaşası anşlaqla keçdi. Sənətkarı canı-dildən təbrik edirəm! Atmosfer, quruluş, aktyor oyunu möhtəşəm idi. Gözəl işləri gənclər də başarır… Geniş yazını premyeradan sonraya saxlayıram!”